İranın Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib. İran səfirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edib. “Şəhidlərin ruhu şad olsun”, - deyə paylaşımda bildirilib.
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Butov.az xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Butov.az xəbər verir ki, Səlcuq Bayraktar bu barədə "Twitter"də paylaşım edib.
"Dursa qarşımda bütün cəhan, vermərəm öz torpağımdan”.
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2. İl dönümü mübarək. Müqqəddəs Şəhidlərimizin ruhu şad olsun", - paylaşımda bildirilib.
Pakistanın məşhur qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Butov.az xəbər verir ki, “Minar-e-Pakistan”ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub. “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.
Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib. Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlayıb. Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən "Tarix yazan Ordu" filminin nümayişindən sonra açılış çıxışları edilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan -Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərcə azərbaycanlı torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər. Azərbaycan - Türkiyə Parlamentlərarası Əməkdaşlıq qrupunun sədri Əhliman Əmiraslanovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışlarında 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyə toxunulub, Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.
Zəfərlərin daim olsun, Can Azərbaycan! - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”, - Çavuşoğlu yazıb.
"Sovetski"də kompensasiya bazar qiymətlərinə uyğun veriləcək
2014-2019-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb. Bunu açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib. Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir. "Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq. "Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - deyə icra başçısı əlavə edib.
Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Daxili İşlər Nazirliyi (DİN) Zəfər Günü ilə bağlı paylaşım edib. Butov.az-ın məlumatına görə, paylaşımda deyilir: "8 Noyabr – Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunduğu gün, həm də Zəfər Günüdür! Daxili İşlər Nazirliyinin kollektivi adından bu münasibətlə qalib xalqımızı təbrik edir".
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!