İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib. Bu barədə Səfirlik məlumat yayıb. "İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - məlumatda qeyd edilib. Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.
Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri yaradıldı
Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb. Nazirlikdən verilən məlumata görə, qurumun yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub. Yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb. Qeyd edək ki, bu ilin fevral ayında Sahil Babayev maliyyə naziri vəzifəsinə gətirilib. Onun təyinatından sonra Nazirlikdə bir sıra islahatlar aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib. Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib. ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.
Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb. Hadisə Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində qeydə alınıb. Naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb. Araşdırma aparılır.
Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq. Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb. Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub. Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub. Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir. Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Daha bir məktəb direktorunun səsyazısı yayıldı - Araşdırma BAŞLADI
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səsyazısı yayılıb. Sosial şəbəkələrdə paylaşılan səsyazısında direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, səsyazısı ilə bağlı araşdırma aprılır. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. "Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - BŞTİ-dən bildirilib. Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son zəng"ə görə pul yığmağı tapşırır.
21 may 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. 11 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilmişdir. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdir.