Sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri həbs ediliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Noyabrın 26-da Bakıda alı təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb.
Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər.
Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.
Yasamal rayon Polis İdarəsi və 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər.
Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər.
Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa bu barədə Yasamal rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
APA-nın əldə etdiyi məlumata görə, sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilərək Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb.
Qeyd edək ki, Səlim Müslümovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.
Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyənləşib.
Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncamla Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər yollanacaq.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib. Ərdoğan Qətər Əmiri əl-Tani ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.
Tərəflər ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!