"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-01-2025, 11:45
İranda "pantomim" etiraz aksiyasının yaradıcısı Qulamhüseyn Saedi


Maşallah Rəzmi

Fars dilindən çevirəni: Səməd Bayramzadə

İranda "pantomim" etiraz aksiyasının yaradıcısı Qulamhüseyn Saedi
(və onun həyatı haqqında danışılmamış faktlar...)

Gövhər Murad təxəllüslü Qulamhüseyn Saedi (15 yanvar 1935 - 23 noyabr 1985) həkim, yazıçı, şair və siyasi fəal idi. O, Tehranda İran Yazıçılar Cəmiyyətinin və Parisdə Sürgündə olan İran Yazıçılar Cəmiyyətinin yaradıcılarından, çağdaş Azərbaycan mədəniyyət və incəsənətinin ən görkəmli nümayəndələrindən biridir. Saedi Təbriz şəhərində orta səviyyəli bir ailədə dünyaya gəlib, atası dövlət işçisi, anası isə dərzi olub. O, 12 yaşında olarkən Azərbaycanın Milli Hökuməti dövründə bir il öz ana dilində, Azərbaycan türkcəsində təhsil almış və o vaxtdan ana dilinə sevgisi daha da artmışdır. Sonralar ana dilində bədii əsər yarada bilmədiyi üçün həmişə təəssüflənmişdir. O, yeniyetmə ikən məqalələr və qısa hekayələr yazmağa başlayıb. Saedi özü belə izah edirdi: “Yeniyetmə yaşlarında olanda bəzi yazılarım Təbriz qəzetlərinin birində çap olunurdu. Bir gün fars dili müəllimim mənə inşa mövzusu tapşırdı və mən də yaxşı bir inşa yazdım. Həmin inşa dərhal qəzetdə təxəllüslə dərc olundu. Ertəsi gün müəllim məndən inşamı oxumağımı istədi. Mən inşanı oxuyanda o, yazı taxtasının önündə qulağımın dibinə bərk bir şillə vurub dedi ki, get, bir də qəzetdən yazı köçürməyi dayandır. Mən də təxəllüsümün tanınmasını istəmədiyim üçün heç nə demədim, qəzet yazısını özüm yazdığımı demədim, sonra yerimə geçib sakitcə oturdum.
O, ləqəbi ilə bağlı belə yazır: "O zamanlarda bir gün Təbrizin Tobaiyyə qəbiristanlığında qəbirlər arasında gəzib məzar daşlarının üzərindəki yazıları oxuyurdum. Bir məzar daşının üzərində toz var idi, onu sildim. Orada “Gövhər Murad qızı” yazılmışdı, bu adı bəyəndim və təxəllüs seçdim. Ondan sonra pyeslərimi “Gövhər Murad”, hekayələrimi isə “Saedi” adları ilə imzaladım”.
Saedi Azərbaycan Demokrat Firqəsini həmişə yüksək qiymətləndirirdi və Demokrat Firqəsinin gənclər təşkilatının üzvü olduğu üçün fəxr edirdi. Firqə məğlub olduqdan sonra onun gənclər təşkilatı 1953-cü ilə qədər gizli fəaliyyət göstərmişdir. Saedi Firqənin cavanlar qəzetində məqalələr yazdığına görə 1953-cü ildə 19 avqust dövlət çevrilişindən sonra bir il həbsə məhkum edilərək zindanda qaldı. O, 1954-cü ildə azadlığa çıxandan sonra Təbriz Universitetinə daxil olur.

Bu sətirlərin müəllifi, yəni mən, Qulamhüseyn Saedini 1967-ci ildə Təbrizin ziyalı və Səməd Behrənginin dostları çevrəsinə cəlb olunduğum vaxtlarda Manaf Fələki Təbrizi ilə dostları arasında bir neçə dəfə görmüşdüm. 1971-ci ildə Tehranda edam edilən Manaf Fələki Təbrizi mənimlə qohumdur və Saedi çoxsaylı müsahibələrində Təbriz Universitetinin tələbəsi olmuş xalçaçı Manaf Fələki adlı dahi şəxsiyyəti necə kəşf etdiyini dəfələrlə açıqlayıb. Səməd Behrəngi Araz çayında boğulmazdan əvvəl Saedi Təbriz və Tehran ziyalıları arasında əlaqə vasitəsi idi və hər dəfə Təbrizə gələndə adətən Tehrandan olan bir-iki nəfər dostunu, o cümlədən Calal əl-Əhmədi özü ilə gətirərdi. Mən Saedinin Təbrizə gələn dostlarını zarafatcıl insanların toplaşdıqları “Eşşəklər qəhvəsi” adlanan qəhvəxanaya aparması barədə 2000-ci ildə “Təbriz qəhvəxanaları” adlı məqaləmdə ətraflı yazmışam.
Saedi Təbriz Universitetində tibb təhsili alıb. Sonra Tehranda psixiatriya üzrə ixtisaslaşıb. 1961-ci ildə Təbriz Universitetində “Azərbaycanda psixonevrozun sosial səbəbləri” adlı dissertasiya işini bitirmişdir.
O, digər gənc həkimlər kimi zabit rütbəsi almaq əvəzinə, hərbi xidmət keçərkən siyasi mənşəyinə görə cəzalandırılıb və Tehranın İşrətabad qarnizonunda sadə bir əsgər kimi qarnizon komandirlərinin mühafizə xidmətinə təhkim edilmiş, itaətsizliyinə görə Saedini müntəzəm olaraq cəzalandırılmışlar. Saedi iki illik hərbi xidmətini başa vurduqdan sonra bir müddət həkim olan qardaşı ilə birlikdə çalışdı və sonra Tehranın cənubunda öz tibb məntəqəsini (mətəb) açıb insanlara hər cür tibbi xidmət göstərməyə başladı. Hətta o, həmin ərazidə kasıb ailələri üçün mamallıq xidməti də göstərmişdir. Saedinin dediyinə görə öz əli ilə dünyaya gətirdiyi uşaqlardan biri inqilabdan sonra təsadüfən onu Xomeyni mühafizəçilərinin əlindən xilas etmişdir. Saedinin həm də öz evi olan tibb məntəqəsi 1970-ci illərdə yazıçıların, ziyalıların və siyasi fəalların görüşdüyü yer idi. Saedinin özü də Xalq Fədai Partizanları təşkilatı ilə sıx əlaqədə idi və Xalq Fədailərinin bəzi bəyanatlarını yazdığını da etiraf edirdi. Saedi Məhəmməd Rza şahın dövründə bir neçə dəfə həbs olunub. Mən özüm ilk dəfə Mərziyə Əhmədi Eskuidən eşitmişəm ki, “Saedi Evində məhbusdur”. O zaman Evin zindanı haqqında məlumatım olmadığından fikirləşirdim ki, yəqin Saedini öz evində həbsdə saxlayırlar və bilmirdim ki, illər sonra Evin həbsxanası mənim də şəxsi işgəncə evim olacaqdır.
O dövrün əksər siyasi fəalları ilə Saedinin şəxsi və siyasi əlaqələri var idi. Saedi şah rejiminə qarşı silahlı mübarizə aparan Xalq Fədai Partizanları təşkilatı ilə Fətəli Pənahiyan vasitəsilə əlaqə saxlayırdı. Fətəli Livanda partizan təlimi almış və silahla İrana qayıtmışdı, lakin 1975-ci ildə Tehranda SAVAK agentləri ilə silahlı toqquşmada öldürülmüşdü. Fətəli Pənahiyanın əmisi general Mahmud Pənahiyandır. General Mahmud Pənahiyan şah ordusunun polkovniki olub, 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinə daxil olub.
O, Təbriz qarnizonunun komandiri olub. Firqə məğlub olduqdan sonra Bakıya gəlib və illər sonra İraq hökumətinin dəvəti ilə həmin ölkəyə gedərək Bağdadda məskunlaşıb. General Pənahiyan Bağdadda “İran Xalqlarının Milli Cəbhəsi Radiosu” adlı farsdilli radio stansiyasını idarə etmiş və bu radiostansiyanı şah rejiminə müxalif olan qüvvələrin ixtiyarına vermişdir. 1978-ci il inqilabından əvvəl radio siyasi təbliğatın ən təsirli vasitəsi idi və buna görə də Məhəmməd Rza şah 1978-ci ildə müxalifəti qızışdıran və inqilabı alovlandıran BBC Radiosundan narazı idi. Həmin dövrdə Bağdad radiosunu dinləyən, hərbi təlim keçmək və şah rejiminə qarşı silahlı mübarizəyə qalxmaq üçün İraq üzərindən İordaniyaya və ya Livana getmək istəyən iranlı inqilabçı gənclər gizli şəkildə İraqa daxil olduqdan sonra İraq hökuməti onları general Pənahyanın ixtiyarına verirdi. General Pənahiyanın vəzifələrindən biri də bu gənclərə rəhbərlik və onları Livan və ya İordaniyadakı partizan təlim düşərgələri ilə tanış etmək idi.
Səməd Behrənqinin ölümündən sonra mən Saedini görmədim, amma onun bəzi pyesləri əsasında hazırlanmış tamaşalara baxmaq üçün bir neçə dəfə Tehrana getdim, Saedinin çap olunan hər əsərini oxudum. 1960-cı illərin sonlarında Saedinin pyesləri çox populyarlaşdı. Yadımdadır, onun bir neçə əsəri şəhər teatrında nümayiş etdirildikdən sonra Tehran qəzetləri Səttar Xandan sonra Tehranı fəth edən ikinci azərbaycanlının Saedi olduğunu yazırdılar; Səttar xan Tehranı silahla, Saedi isə qələmlə fəth etdi.
Həmin illərdə mənim Mərziyə Ahmadi Eskui ilə siyasi münasibətlərim olub. O, Tehranda Qulamhüseyn Saedi ilə görüşərdi və hər görüşdən sonra onun özü və fəaliyyəti barədə xəbərləri mənə danışardı. Mərziyə Eskui 1974-cü ildə Tehranın Fövziyə meydanında SAVAK agentləri ilə silahlı toqquşmada öldürüldü.
1960-cı ilin yayında Urmiya yaxınlığındakı Quşçu kazarmasında İran Ordusunun Maarif Korpusunda (Sütununda) xidmətə hazırlaşmaq üçün təlim keçərkən hərbi bayramda mən və digər kurs yoldaşlarım birlikdə Saedinin mim (pantomima, lal oyunu) ifalarını təqlid edərək “Eşitmirik” adlı mim tamaşası göstərdik. Qarnizon komandirləri rəsmi təbliğata zidd olan bu lal (mim) oyununun siyasi əhəmiyyətini dərk etmirdilər.
Saedi yorulmaz bir yazıçı idi. O, “Hava əhli”, “İlxıçı”, “Xiyav”, “Meşkinşəhr” də daxil olmaqla, 40-dan çox pyes, ssenari, hekayə və iri həcmli monoqrafiyalar nəşr etdirmiş, Tehran və Təbriz qəzetlərində, xüsusən də özünün Tehranda nəşr etdiyi “Əlifba” Dərgisində saysız-hesabsız məqalələr yazmış, çoxsaylı söhbətləri, müsahibələri və şifahi tarix qeyd etmişdir. Qulamhüseyn Saedi özü nəinki davamlı olaraq yazırdı, həm də ətrafındakıları şeir, hekayə, monoqrafiya yazmağa, folklor araşdırmalarına, bir sözlə bacardıqları qədər yazmağa və döyüşkən bir şəkildə nəşrin imkanlarından və imtiyazlarından istifadə etməklə onları dövri mətbuat və aylıq jurnallarda çap etdirməyə təşviq edirdi.
Saedi Parisə gəldikdən sonra sürgündə “Əlifba”nın 6 nömrəsini nəşr etdirdi. Parisdə yaşayan azərbaycanlılar Saedidən “Əlifba”nın bir nömrəsini Azərbaycan türkcəsində çap etdirməyi xahiş etmişdilər. Saedi isə onu çap edəcəyinə söz vermişdi (nəşrin məzmunu “bir”, “iki” ünvanlı başlıqlarla çapa hazırlanmışdı, lakin nəşr olunmamışdı, çünki son redaktənin keçirilməli olduğu gün Saedi xəstəxananın anesteziya otağına girdi), lakin o, çox yaşamadı və Parisdə 50 yaşında, 23 noyabr 1985-ci ildə qürbət ağrısından öldü. Saedi Parisdə Pere Laşez qəbiristanlığının 85-ci hissəsində dəfn edilib.
Məncə, Saedinin əksər əsərləri ədəbi-bədii şedevrlərdir. Səbəbsiz deyil ki, bəzi teatr sənətçiləri Saediyə “İranın Anton Çexovu” ləqəbi vermişlər. İnqilabdan sonra (İrandakı 1978-1979-cu illər inqilabı nəzərdə tutulur) Saedi bir neçə ədəbi və siyasi xadimlə birlikdə “Milli Demokratik Cəbhə” adlı siyasi bir qrup yaratdı. Xomeyninin agentləri o cəbhənin yaradıcılarının əksəriyyətini edam etdilər. Cəbhənin qurucuları və Saedinin yaxın dostlarının edamından sonra Xomeyniçilər Saedini həbs edib edam etməyə çalışsalar da, o, bir müddət gizli yaşadıqdan sonra 1981-ci ildə Bəlucistan vasitəsilə Pakistana, oradan da Parisə qaça bildi.

Saedi İranı tərk etdikdən sonra gələcək nəsillər, hətta İrandakı teatr tələbələri belə Saedinin adını belə eşitməsinlər deyə, onun bütün kitabları satışdan toplanaraq məhv edildi və əsərlərinin nəşri qəti şəkildə qadağan olundu. Yalnız Saedini tanıyanlar və kitablarından bəzilərini özlərində saxlayanlar onları gizli şəkildə maraqlananlara verirdilər. İran Yazıçılar Cəmiyyətinin üzvləri də hərdən bir Saedinin adını çəkirdilər. Necə də ağrılıdır ki, İran sənətçilərinin yeni nəsli öz ölkələrinin ən böyük yazıçı və dramaturqunu tanımır. Bu, bir xalqın mədəni təcrübəsini əlindən almadan, onu qiymətli bədii irsdən məhrum etmədən mümkün ola bilməzdi. İndiyə kimi İslam Respublikası rəhbərliyinin öz mədəniyyət xadimlərinə etdiklərini heç bir diktatura hökuməti öz mədəniyyət işçilərinə etməmişdir. Kino sənətinin şedevrlərindən sayılan və dünya şöhrəti qazanmış “İnək” filmi Saedinin “Bəyəldə yas tutanlar” pyesi əsasında çəkilmişdir. Həmin filmin baş qəhrəmanı rolunu Nəsiriyan oynamış, ssenari müəllifi və rejissoru isə Dariyuş Mehrcuidir. Hətta anti-sənətçi olan Ruhulla Xomeyni kimi bir adam da İraqda olarkən bu filmi görüb tərifləmişdi, amma inqilabdan sonra həmin Xomeyniçilər Saedinin qanına susadılar.
1986-cı ilin sonunda mən Parisə gələndə Qulamhüseyn Saedi artıq bir il idi ki, ölmüşdü. Mən və həyat yoldaşım onun vəfatının birinci ildönümü ilə əlaqədar Parisdəki “Georges Pompidou” (Jorj Pompidu 1962-1968-ci illərdə Fransa Respublikasının Baş naziri, 1969–1974 illərdə isə Prezidenti olmuşdur) adına kitabxanada Mühacirətdə olan İran Yazıçılar Dərnəyinin səyləri nəticəsində keçirilən mərasimdə iştirak edə bildik. Hətta öz adına belə etiraz edən və özünü heç kimin qulu hesab etməyən Qulamhüseyn öldüyü gün xəstəxanada həmyerlisi, doktor Homa Natiqə demişdir:

Açıq qoy pəncərəni, gözüm görsün gələni,
Necə qəbrə qoyarlar qürbət yerdə öləni?


Saedinin həyatının son illəri çox əzablı keçmişdi. Əslində, onun həyatı bir pantomimaya çevrilmişdi, yəni o yaşamırdı, daha doğrusu, əlacsızlıqdan özünü canlı kimi göstərirdi. O, qürbət acısına, vətəndən uzaq olmağın acısına dözə bilmədi. Boşboğaz, başıboş və heç bir sənətin yiyəsi olmayan insanlardan kənar gəzərdi. Şair demişkən, “Cin (şeytan) qovanlar ondan üz döndərmişdilər, O da bütün ömrü boyu zəlillərdən (cin vuranlardan) qaçardı”. Parisdə İran Xalq Mücahidlərinin rəhbərlik etdiyi Milli Müqavimət Şurası Saediyə mənzil tapmaqda kömək etmişdi. O, İslam Respublikasına müxalif olan bütün siyasi fəallarla əlaqə saxladığından, Xalq Mücahidlərinə də yaxınlaşmışdı. Lakin onun ifrat solçu ətrafı və Xalq Mücahidlərinin əleyhdarları Saedini tənqid edərək ona əzab verirdilər.
Özü də deyir ki, vaxtımı boş yerə alan zəhlətökən qonşuların, tanışların əlindən qaçıb canımı qurtarmaq üçün Pere Laşez qəbiristanlığına sığınıb, məzar daşları üzərində yazılar yazardım. Günün sonunda gözətçi qəbiristanlıqda heç kimin qalmadığına əmin olmaq üçün qəbiristanlığın müxtəlif hissələrinə baxış keçirər və sonra giriş qapılarını bağlayardı. Mən də qəbirlərdən birinin arxasında gizlənərdim və mühafizəçi gedəndən sonra səhərə qədər Pere Laşez qəbiristanlığının elektrik işıqları altında yazardım.
Vətənini tərk edəndən sonra Saedi sudan çıxmış balıq kimi olmuşdu, onun ölümü qəti idi. Nəhayətdə Saedinin siqaret və alkoqoldan zədələnmiş ağ ciyərləri irinləyir və onun əzablı ölümünə səbəb olur.

Burdan bir atlı keçdi,
Atını oynatdı keçdi,
Gün kimi işıq saldı,
Ay kimi batdı keçdi.


Saedinin haqqında yazan farsdilli dostlarının çoxu onun həyatında iki əsas məsələyə bilərəkdən toxunmayıblar. Bu iki mövzudan biri Saedinin ana dilidir. Saedi həmişə öz ana dilində yazmaq eşqi ilə yaşayıb və bu nisgili də özü ilə qəbrə aparıb. İkincisi isə Saedinin Azərbaycan Demokrat Firqəsinin Gənclər Təşkilatına üzv olması idi. Yeniyetməlik illərindən bəri bu üzvülük Saedinin həyatının mənası və şəxsiyyətinin bir parçası olub. Senzuraya qarşı çıxdıqlarını iddia edən adamların Saedinin şəxsiyyətinə açıq senzura tətbiq etmələri onların İran millətçiliyinə xas olan anti-türk mentalitetlərini əks etdirir.


Gövhər Murad. Pantomim oyunları

Saedinin kitablarında olmayan bir çox əsərlərinə qəzetlərdə, jurnallarda və ya bəzi dostlarının əlində olan əlyazmalarında rast gəlmək olar. Bundan əlavə, Saedinin çoxlu sayda əlyazmaları və nəşr olunmamış əsərləri də həbsdə olduğu müddətdə şah rejiminin SAVAK təşkilatı tərəfindən müsadirə edilərək məhv edilmişdir. Nə yaxşı ki, Saedinin dostlarından olan cənab Bağır Murtəzəvi onun bir sıra dağınıq əsərlərini, həmçinin Saedi haqqında yazılmış məqalələri toplayıb xaricdə gözəl bir kitab halında nəşr etdirmişdir.
Saedinin "Pantomimlər" kitabı dialoqsuz yazılmış 10 qısa pyesdən ibarətdir. Saedi öz pyeslərində insanların acizliyini və əlacsızlığını, insan cəmiyyətlərində insanlar arasındakı balanssız münasibətləri göstərir. Kitabındakı pantomim pyeslərin adları belədir: “Qara geyim”, “Səhra adamı”, “Kasıb”, “Dəvət”, “Kədərli”, “Quyu ruhu”, “Gözləmədə”, “Meşə”, “Tale”, “Qayçı və kəndir”.
Qulamhüseyn Saedi nitqsiz teatr tamaşasının spesifik bədii janrı olan pantomimanı “lal oyunu” kimi tərcümə edib. Başqaları isə pantomimanı “əda çıxarmaq” yansilamaq kimi tərcümə etmişlər. Saedi Azərbaycanda və xüsusilə Təbriz şəhərində bu sənətin məşhur nümunələrindən istifadə edərək özünəməxsus etiraz pantomima üslubu yaradıb. Saedidən əvvəl İranda heç kim danışıqsız pyes yazmamışdı. Buna görə də Saedinin lal oyunları iranlılara pantomima sənətini tanıtdı. O həm də İranda siyasi və etiraz pantomima sənətinin yaradıcısı və banisidir.
Dəfələrlə dostları və teatr aktyorları Saedidən lal oyunlarını (pantomima) yaratmaq motivasiyasını soruşublar. Saedi ana dilində təhsilin qadağan edilməsinə toxunaraq deyib: “Lal oyunu (pantomima) ana dilindən başqa bir dil bilməyən, xarici ölkələrdə dolanmaq üçün öz istəyini jest və baş, əl, bədən hərəkətləri ilə ifadə etməyə məcbur olan insanların iztirablarının ifadəsidir. Dilsiz pyeslərin yazılmasında əsas motiv teatrlaşdırılmış lal tamaşalarda dilsiz insanların dərdinin ifadəsi olmuşdur. Daha doğrusu, teatrlaşdırılmış lal oyunları (səssiz) pyeslərinin yazılmasında əsas motivasiya məhz dilsiz insanların dərdini ifadə etmək idi”.
Əslində Saedinin lal oyunları (pantomimləri) dilsizlərin və dili hakimiyyət tərəfindən kəsilənlərin etirazı və üsyanıdır. Bu insanlar lal oyunları (dilsiz dil) vasitəsilə hökumətin onların dilinə qarşı olduğunu göstərirlər. Dili haram olan şəxs dili kəsilib danışa bilməyən məhkuma, qanadları qırılıb uçmaq gücü əlindən alınan quşa, dərd çəkən, ancaq dərdini dilə gətirə bilməyən, ağrı çəkib qışqıran, amma səsi eşidilməyən, fəryadları görünməyən və içinin dərinliklərinə axan birinə bənzəyir.
Saedinin pantomima sənətinin kökləri Azərbaycandakı lal oyunları (kukla) sənəti ənənəsinə söykənir. Bunun bariz nümunələrindən biri çörəkçinin səngək (daşda pişən çörək) çörəyinin xəmirini necə yoğurduğunu və bişirməsini bənzərsiz pantomima ilə təsvir edən Şateri rəqsidir. Mənim yeniyetməlik illərimdə, toylarda, milli şənliklərdə Təbrizin hər yerində Şateri rəqsi ifa olunurdu və demək olar ki, böyük-kiçik hamı bu rəqsi öyrənib hər dəfə onu ifa edirdi.
Mən 1971-ci ilin iyununda ilk dəfə həbs edilərkən 7 ay karserdə saxlanıldım, qışda isə Evin həbsxanasındakı karserdən daha 15 məhbusun saxlandığı ümumi kameraya köçürüldüm. Artıq sorğu-sualın və dindirilmənin olmadığı gecələrdə əksəriyyəti ziyalı olan və Xalq Fədai Partizanları ilə əlaqədə həbs edilmiş, işgəncələr nəticəsində yaralanan və xəstələnən Evin əsirləri öz müqavimət ruhlarını artırmaq üçün yaradıcılıq işləri ilə məşğul olurdular və hər bir məhbus kiçikliyinə və təkrar olunmasına baxmayaraq, öz sənətinə aid bir nümunə ilə çıxış edirdi. Bu zaman Evin həbsxanasının hərbi mühafizəçiləri əsgərlər belə onlara mane olmurdular. Məhkumların əksəriyyəti xatirələrini danışır, bəziləri şeir deyir, bəziləri isə Səməd Behrəngiyə oxşar əhvalatlar söyləyir və ya xalq mahnıları oxuyurdular. Pantomima sənətini siyasiləşdirmiş və səssiz etirazı ifadə etmək üçün yeni üsul kimi yaradan doktor Saedinin böyük əməyini xatırladan pantomimi ifa etmək də hər gecə həmin kiçik qrupun fəaliyyətlərindən biri idi. Artıq 40 ildir ki, Saedi bizi tərk edib.
Paris, 1 yanvar 2025-ci il


Paylaş



Bölmə: Siyasət / Güneyin sesi / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!