Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.
“Xalqımızın həsrətinə son qoyan və torpaqlarımızı işğaldan azad edərək tarixə Müzəffər Ali Baş Komandan kimi adını yazan, Dövlətimizi yalnız inkişaf yolu ilə aparan Prezident İlham Əliyevi bir vətəndaş olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik”.
Əslində nə deyiləcək söz var, nə də yazılacaq. Çünki o, özü elə bir tarix yazdı ki, qalan bütün yazılar sadəcə faktların sadalanması olacaq. Amma bəzi şeylər var ki, onları hər dəfə yadına salanda qürurlanırsan. Qürurlananda da özünəinam hissin artır.
Biz “perestroyka” uşaqlarının ən böyük əyləncəsi divardan asılan xalçanın naxışlarını canlandırmaq olub. Psixoloji durumumuz isə bərbad idi. Müharibə uşaqları olan biz tez-tez “rus-erməni bizi qırdı” ifadəsini eşidirdik. Yəni kimlərsə bizdən daha güclüdür, o da bizi məhv edir. Və bunu gözümüzlə görürdük. Hər gün şəhidlər gəlirdi cəbhədən.
Nə qədər ağır olsa da, etiraf etməliyik. Bütün qurbanlara, qəhrəmanlıqlara, ölüm-qalım savaşlarına baxmayaraq I Qarabağ müharibəsində yaşadığımız məğlubiyyət bizi çökdürmüşdü.
Normal silah yox, ordu yox. Könüllü batalyonlardan başqa heç nə yox. Üstəlik ölkə də bərbad gündə. Xarici siyasət yox, Rusiya ilə münaqişəli münasibət. Avropadakılar heç bilmir ki, Qarabağ haradadır...
Bizdə isə daha yaşlı nəslin nümayəndələri açıq deyirdi ki, “Qarabağ getdi, daha geri dönən deyil”. Bəlkə də o vaxt ölkənin yarısı buna inanırdı, bilmirəm... Açığı bu ritorika son illər də səslənirdi. “O qədər silah alınıb, niyə?”. “Qarabağ getdi” və s.
Hər zaman dillənməsini arzu etdiyimiz dünya birliyi isə bütün bu haqsızlığa həmişəki kimi “ay əqri viz yu” və “yalnız danışıqlar yolu mümkündür” ifadəsini səsləndirirdi. Həyasız, qırmızı sifəti ilə.
Minsk qrupunun həmsədri Anjey Kasprşik də hər dəfə regiona səfər edirdi, yeyib-içib qayıdırdı xarabasına. Hər dəfə onu televizorda müsahibə verən yerdə görəndə, elə bilirdim mən qazanıram o yeyir.
Bütün bu, açıq və gizli, daxili və xarici təsir və təzyiqlərə baxmayaraq o səbirlə, məqsədyönlü surətdə atasına verdiyi sözü planlı şəkildə həyata keçirirdi.
İlk növbədə ən müxtəlif yollarla Azərbaycanı dünyaya tanıtmağa başladı. İdman, mədəniyyət, mümkün olan bütün vasitələri həyata keçirtdi. Güclü ordu yaratmaq üçün güclü infrastruktur qurdu. Ən son hərbi texnikanı, ən son silahları əldə etdi. Uzaq və orta mənzilli, super dəqiq raketləri, havadan müdafiə qurğularını və heç kimin ağlına gəlməyən vaxt o, PUA-ları əldə etdi.
II Qarabağ müharibəsində XXI əsrin müharibəsinin necə olmalı olduğunu dünyaya göstərdi, ustad dərsi keçdi.
Son model silahlardan istifadə edə bilən yeni, güclü, hərbi biliyi yüksək olan, vətənpərvər, möhkəm ruhlu nəsil yetişdirdi.
Torpağı, Vətəni hər şeydən üstün tutan qəhrəmanları tərbiyə etdi. 18 il hər gün səbirlə Qarabağa doğru getdi. Mümkün olan bütün beynəlxalq platformalarda rəsmi İrəvanla danışıqlara getdi. Hər dəfə onların axmaq, həyasız, absurd fikirlərinə, hücumlarına məruz qaldı. Siyasi meydanda hər dəfə bütün dünya birliyi ilə tək başına mübarizə apardı. Öz prinsip və məqsədlərindən əl çəkmədi. Heç vaxt Qarabağı unutmadı və unutdurmadı.
Və 28 il sonra Azərbaycan tarixində ən böyük qələbəyə imza atdı. Bu qələbə ilə xalq olaraq yenidən doğulduq. Anladıq ki, biz yiyəsiz deyilik. Biz gücsüz deyilik. Biz müdafiəsiz deyilik. Xalq olaraq bunu anlamaq əlahiddə hissdir. Bundan sonra bizim qaçqın uşaqlarımız, ana-bacılarımız olmayacaq. Biz qalib xalqın uşaqları, qalib qazilərin ana-bacısıyıq. Biz canının torpaq, namus uğrunda fəda edən şəhidlərin xatirəsini yaşadanlarıq.
Cənab Prezident, biz xalq olaraq elə torpaq vermişik, bu dəfə xalq-ordu-prezident birliyi itirilən torpaqları geri qaytardı. Birmənalı şəkildə ordunu qələbəyə aparan onun Ali Baş Komandanıdır. Əgər Ali Baş Komandanın siyasi iradəsi, siyasi manevrləri, bilikləri olmasaydı biz bu günləri yaşamazdıq.
Şuşanın işğaldan azad olunmasını xalqa çatdıran Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Həm atasının ruhu qarşısında, həm də xalqın qarşısında hesabat verdi.
Onun rəhbərliyi altında qısa müddət ərzində Şuşaya “Zəfər yolu” çəkildi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edildi. İnfrastruktur yaradıldı. Öz işığımız Ağdamda, Şuşada, Füzulidə yandırıldı. Yeni binalar, evlər tikildi.
Növbəti məqsəd Zəngəzur dəhlizi, bütün yolların açılması və regionda sülhün bərqərar olmasıdır. Heç kimə də sirr deyil ki, regionda sülhün qarantı Azərbaycandır.
Bu işdə Sizə möhkəm can sağlığı, uzun ömür və hər zaman qələbə qazanmağı arzu edirik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.
Birinci vitse-prezidentin bununla bağlı rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımda deyilir:
“Hörmətli cənab Prezident!
Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!
Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.
Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.
Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.
Sizə ən səmimi təşəkkürlər!
İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.
Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.
Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!
Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.
Videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.
Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.
Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: “Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev”.
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.
Dövlət başçısının 60 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).
Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib.
Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb.
İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş etdi.
Ali Baş Komandan postmünaqişə dövründə də erməni revanşizminin alovlanmaması üçün prinsipial mövqe nümayiş etdirir, Ermənistanı sülhjə məcbur etmə taktikasını yeridir.
Azərbaycan öz qətiyyətli mövqeyini beynəlxalq təşkilatlarda, digər ölkə rəhbərləri ilə görüşlərdə nümayiş etdirir.
Prezidentin qətiyyəti, iradəsi, strategiyası elə mükəmməl kombinasiya təşkil edir ki, buna görə Azərbaycanla hesablaşırlar.
Bütöv.az saytının bütün kollektivi adından cənab Prezidenti doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!
Prezident İlham Əliyev Məmməd Aslan oğlu Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.
Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.
“Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa səfərinə Rusiya sülhməramlıların hansı əsasla yol verməsi haqlı sual doğurur”.
Bunu “Report”a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, Valeri Pekres namizədliyi köklü ənənələrə malik respublikaçılar tərəfindən irəli sürülsə də, son vaxtlar onlardan bir qədər uzaqlaşaraq daha radikal fikirlər səsləndirməyə başlayıb:
“Onun Ermənistana son səfəri qarşıdakı seçkilər ərəfəsində daha çox xal qazanmaq məqsədi daşıyır. Fransada erməni diasporu və onların səsləri 1 faizdən artıq olmasa da, ekspertlərin fikrincə, qarşıdakı seçkilər gərgin keçəcəyi üçün səslərin hər faizi uğrunda mübarizə məkrli vasitələrlə aparılır. Belə ki, Valeri Pekres seçki kampaniyasında daha çox xal qazanmaq ümidilə İrəvandan sonra qanunsuz olaraq Qarabağa səfər edib”.
Sabiq nazir vurğulayıb ki, Rusiya sülhməramlıları həmin namizədə xal qazandırıb: “Bu cür səfərlər Laçın dəhlizini nəzarətə götürməyimiz üçün daha bir tutarlı əsas yaradır. Azərbaycanın suveren hüquqlarına qarşı bu cür oyunlara yol verməmək üçün həmin məsələ həll olunmalıdır”.