"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 30-12-2021, 14:31
Bölgə yaxın gələcəkdə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək - ŞƏRH

Millət vəkilləri deyirlər ki, Komando Briqadalarının yaradılması əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın etibarlı müdafiəsi üçün vacib addımdır. Bütün bunlar Azərbaycana qarşı ola biləcək hər hansı təhdidin qarşısını almağa hesablanıb.

Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə yaşayacaq vətəndaşların qorunması, torpaqlarımızın etibarlı müdafiəsi, həmçinin sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Təkcə 2021-ci il ərzində Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələri açılıb. Dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando Briqadasının xidmət keçəcəyi yeni hərbi hissənin açılışı olub.

Ordu quruculuğu prosesi dayanmayacaq

Öz ənənəsinə sadiq qalaraq ad gününü – 60 illik yubileyini əsgərlərlə birlikdə keçirən Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edib. O, Hadrut döyüşlərini, bu yaşayış məntəqəsinin strateji əhəmiyyətini xüsusilə vurğulayıb. Bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxarıb. Ali Baş Komandan bir daha bəyan edib ki, əgər Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onun axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Prezident vurğulayıb ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılmasına imkan verilməyəcək: “Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq. Digər tərəfdən Hadrut azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbi texnikanın alınması, hərbi xərclərin, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.



Ərazi bütövlüyünün qorunması

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ölkənin müstəqilliyinin gücləndirilməsi, ərazi bütövlüyünün qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sabitlik şəraitində yaşaması, rifahı prioritetdir. Deputatın sözlərinə görə, xüsusi təlim keçmiş, istənilən hərbi vəzifəni yerinə yetirməyə qadir Komando Briqadalarının yaradılması da məhz bu məqsədə xidmət edir: “Əldə olunmuş nailiyyətlərin qorunması, əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın etibarlı müdafiəsi üçün Komando Briqadaları yaradılır. Cənab Prezidentin vurğuladığı kimi, Ordu quruculuğunda yeni mərhələ sayılan bu briqadalar Azərbaycanın strateji əhəmiyyət kəsb edən bütün ərazilərində mövcud olacaq, yeni hərbi hissələr yaradılacaq, zəruri hərbi texnika, silah-sursatla təmin ediləcək. Bütün bunlar ölkəmizə qarşı ola biləcək hər hansı təhlükənin, təhdidin qarşısını almağa hesablanıb”.

Ermənistan reallıqla barışmalıdır

Millət vəkili söyləyib ki, Müzəffər Ali Baş Komandanın öz ad gününü Hadrutdakı Komando briqadasının açılışında qeyd etməsi həm Ermənistandakı revanşistlərə, həm də dünyaya mühüm mesajdır: “Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycana qarşı hər hansı təhdid, təhlükə olarsa, onun qarşısı dərhal alınacaq. Ölkə başçısının Hadrutda səsləndirdiyi fikirlər Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər üçün də ciddi mesajdır. Onlar anlamalıdırlar ki, gələcəkdə normal həyat yaşamaq istəyirlərsə, bu, yalnız Azərbaycanın tərkib hissəsində, ölkəmizin Konstitusiyasının tələblərinə riayət etməklə mümkündür. Dünya Xankəndini və ətraf əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır, Ermənistanın yox. Bu reallıqla barışmalıdırlar. Sərhədlər müəyyənləşəndən, kommunikasiyalar açılandan sonra Azərbaycan öz daxilində də müəyyən addımlar atacaq. Bizim üçün ərazi bütövlüyü başlıca şərtdir”.


Bölgə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək

Milli Məclisə Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədov qeyd edib ki, ilk Komando Briqadasının məhz Hadrut qəsəbəsində yaradılması mühüm əhəmiyyət kəsb edir. Millət vəkilinin fikrincə, Ermənistanda bəzi siyasətçilər, revanşist qüvvələr hələ də Hadrut xülyası ilə yaşayır, nə vaxtsa ora qayıdacaqlarına ümid edirdilər. Lakin Hadrutda Azərbaycan Ordusunun yeni tipli birləşməsinin yerləşdirilməsi ermənilərin bu ümidlərini növbəti dəfə puça çıxarıb: “Hadrut qəsəbəsi keçmiş muxtar vilayətin tərkibində ayrıca bir rayon idi, ermənilər üçün strateji və mənəvi əhəmiyyət kəsb edirdi. Ona görə də şanlı Ordumuz Hadrutu azad edəndə Ermənistan rəhbərliyi böyük sarsıntı keçirdi. Cəmiyyətin də bu sarsıntını yaşamaması üçün məğlubiyyətlərini gizlətməyə çalışdılar. Yalandan elan etdilər ki, taktiki gediş edib geri çəkiliblər və yeni hücumla Hadruta nəzarəti bərpa edəcəklər. Amma onların bu istəyi və yalanı həyata keçmədi. Vətən Müharibəsinin gedişində 10 mindən çox fərarisi olan Ermənistan ordusu darmadağın edildi. Hazırda Hadrut Xocavənd rayonunun tərkib hissəsində çox mühüm, hərbi-strateji bir qəsəbədir. Burada üçrəngli Azərbaycan bayrağı dalğalanır, Azərbaycanın Komando Briqadası keşik çəkir. Xankəndi, Xocalı, Xocavəndin digər əraziləri, keçmiş Ağdərə rayonunun yaşayış məntəqələri də yaxın gələcəkdə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək, o torpaqların əsl sahibləri öz dədə-baba yurdlarına geri dönəcəklər”.

Bütöv.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!