ABŞ Çini təhdid etdi .....                        Laçına qovuşduğumuz gün... .....                        Mehriban Əliyevanın doğum günüdür .....                        Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı .....                        Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA .....                        Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj .....                        Buna çox əsəbiləşirəm - Tramp .....                        Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP .....                        2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı .....                       
24-10-2024, 17:46
Milli Məclis Avropa Parlamentinə etiraz etdi


Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib.
Bu fikirlər Avropa Parlamentinin 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Milli Məclisinin münasibəti ilə bağlı şərhində yer alıb.
Şərhdə deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq.
"Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.
Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.
Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə hiddət doğurur.
Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.
Bütövlükdə, bu qətnamə Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraq doğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək qəbulediləndir.
Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuş maddi mənfəətin qarşılığıdır.
Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçi və müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar adlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələmə verirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar onların azadlıq və müstəqillik arzularının qarşısını kimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malik olacaqlar.
Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcəkdir".
24-10-2024, 17:33
578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var


578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var

Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
24-10-2024, 17:27
Fransa Livana 100 milyon avro ayıracaq


Fransa Livana 100 milyon avro ayıracaq

Fransa Livan xalqına yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.
Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
X-də çıxışı yayımlanan Fransa lideri "BMT Livan üçün 426 milyon avro istədi, Fransa 100 milyon avro ayıracaq" deyib.
O, həmçinin əlavə edib ki, Fransa “Livan ordusunun təchizatına töhfə verəcək”. Bundan əlavə, prezidentin sözlərinə görə, Paris Livan Silahlı Qüvvələrinə əlavə 6 min hərbçi cəlb etmək planını alqışlayır.
Makron “təcili atəşkəs və bütün qaçqınların evlərinə qayıtmasına icazə verməyə” çağırıb.
24-10-2024, 17:02
Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq


Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclası zamanı baş tutub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
24-10-2024, 00:30
Blinken terror aktını pislədi


Blinken terror aktını pislədi

ABŞ Dövlət katibi Antoni Blinken Türkiyədə baş vermiş terror aktını qətiyyətlə pisləyib.
Bu barədə onun "X" səhifəsindəki paylaşımında deyilir.
“Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır və bugünkü terror aktını qətiyyətlə pisləyir. Hadisə qurbanları və onların ailələrinin kədərini bölüşürük", - Blinken qeyd edib.
23-10-2024, 23:39
Ərdoğan terrora görə Rusiya səfərini yarımçıq qoyacaq


Ərdoğan terrora görə Rusiya səfərini yarımçıq qoyacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş verən terror hücumu ilə əlaqədar Rusiyaya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Ərdoğanın sabah yerli vaxtla saat 11:20-də Tatarıstanın paytaxtı Kazandan yola düşəcəyi gözlənilir.
TASS agentliyi isə Ankaradakı mənbələrə istinadən bildirir ki, Ərdoğan BRICS+ toplantısında iştirak etməyi planlaşdırır.
“Prezidentin nahar vaxtı qayıdacağı gözlənilir”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Ankarada yerləşən TUSAŞ obyektində terror aktı törədilib, 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
23-10-2024, 22:32
BRICS liderlərindən COP29-a dəstək


BRICS liderlərindən COP29-a dəstək

BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bildiriblər.
BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur.
“Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”, - deyə sənəddə bildirilib.
Yekun Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), onun Kioto Protokolunun və Paris Sazişinin məqsədlərinə, prinsiplərinə və müddəalarına hörmət edilməsinin vacibliyi vurğulanır və iqlim dəyişmələri ilə mübarizə və ətraf mühitin qorunması bəhanəsi ilə tətbiq edilən birtərəfli tədbirlər pislənir.
BRICS dövlət başçıları xatırladırlar ki, BMT İDÇK, o cümlədən illik COP iclasları iqlim dəyişmələri probleminin bütün ölçülərdə müzakirəsi üçün əsas və qanuni beynəlxalq platformadır, onlar Misirdə və BƏƏ-də keçirilən Tərəflər Konfransının nəticələrini yüksək qiymətləndiriblər, COP30-un təşkilində Braziliyanın aparıcı rolunu, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini dəstəkləyiblər.
Qeyd edək ki, Yekun Bəyannamə Kazanda keçirilən BRICS sammitində qəbul edilib.
23-10-2024, 22:20
Türkiyədə ölənlərin sayı artdı: terror aktını kim törədib?


Türkiyədə ölənlərin sayı artdı: terror aktını kim törədib?

Türkiyənin Ankara şəhərində yerləşən TUSAŞ aerokosmik korporasiyasının obyektində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 22-yə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, hücumda bir kişi və bir qadın olmaqla iki silahlı iştirak edib. Onların hər ikisi zərərsizləşdirilib. Şirkətin əməkdaşları üçün təhlükə yoxdur. Nazirin sözlərinə görə, hücumun arxasında PKK terror təşkilatı dayanıb.
Yerli mətbuatın verdiyi məlumata görə, terrorçular taksi ilə hadisə yerinə gəlib və sürücünü öldürüblər. Daha sonra silahlılar atəş açaraq obyektin xidməti girişinə tərəf yönəliblər.
23-10-2024, 21:46
Prezident Kazanda rəsmi ziyafətdə


Prezident Kazanda rəsmi ziyafətdə

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.





23-10-2024, 20:34
“SEVGİ DOLU ŞEİRLƏR”İN İŞIĞINDA


“SEVGİ DOLU ŞEİRLƏR”İN İŞIĞINDA
(Zaur Ustac yaradıcılığına bir nəzər)

Hərə dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik missiyasını yerinə yetirmək üçün qələmdən yapışmalı olub və ilk şeirlərindən anadan şair doğulduğunu təsdiqləyib. Onun poeziyasının işığında görürsən ki, qələm ona, o da qələmə yaraşır. Qələmlə ülfət bağlayan şair ürəyindən gəlməyən bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət bağladığı qələminə xəyanət etməyib, etməyir və etməyəcək də...
Şairin “Sevgi dolu şeirlər” kitabını (2024) böyük maraqla, həvəslə, həm də həyəcanla oxudum. Ürəyim ağappaq işıq selinə büründü, duyğularım təzələndi və ruhumu qidalandıran şeirlər Zaurun söz dünyasının təmizliyindən, saflığından, halallığından xəbər verməklə yanaşı, həm də şairin vətənə, torpağa, yurd yerinə... böyük sevgisinin göstəricisidir.
Zaurun təkcə “Ağ çiçəyim” şeirilə onun vətən sevgisini, yurdun hər gülünü, çiçəyini necə əzizlədiyini, onlara müqəddəs bir varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən ki, “Xoş gördük, günaydın, ay Ağ çiçəyim!” – deyən şairin ürəyindən süzülən səmimi, kövrək misralar ruhumuzu sığallayır və o, gözəl bir təbiət mənzərəsini Ağ çiçəyin timsalında rəssam kimi çəkərək gözlərimiz önündə canlandırır. Sözlə Ağ çiçəyin şəklini çəkən, çiçəyi insaniləşdirib onunla söhbət edən şair inandırıcı, təsiredici misraları inci kimi ard-arda düzərək həm gözümüzü, həm də könlümüzü oxşayır.
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara.
Bu qarlı qış hara, tər çiçək hara?
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!

Zaurun hər şeiri onun həm yaradıcılığını, həm məramını, məsləkini səciyyələndirir, həm də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos xatirinə yazılmayıb, hər misra onun iç dünyasından qopub gələn ən kövrək, ən həzin, ən səmimi hisslərdir, duyğulardır. Duyğularını, hisslərini, fikir və düşüncələrini şeirlərinə hopduran, hər “sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabını çəkinmədən, cəsarətlə ədəbi hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam. Çünki ədəbiyyatın ədəbi tarixinə yazıla biləcək bu misraları onun kimi yazan olarmı? “Yelləncək” şeirində oxuyuruq:
Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən.
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən.

Bu poetik misraları oxuyandan sonra düşündüm ki, Zaurun özü də işıqdır, sözü də. Onun sözünün işığında ziyarətgaha doğru üz tutub getmək olar. Çünki şair sözünün işığında mənən saflaşırsan, ruhən təmizlənirsən, imam övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna. Bu misraların işığında müqəddəs yerlərə ziyarətə necə getməyə bilərsən? Və həm də ziyarətə Qarabağ atının belində getmək necə də gözəl olardı!
Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ atı!
Tanrı ərməğanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ atı!
“Sevgi dolu şeirlər”də idrak və təsvir üslubu təzə, orijinaldır, həyati, dünyəvidir, təbii və ülvidir. Təbii və ülvi olduğuna görə də şeirləri ürəyə yatımlıdır, könül rahatlığı gətirəndir, oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara yaxşılıq etməyə, savab işlər görməyə səsləyəndir. Bu şeirlərə hopmuş hissləri, duyğuları canlı səs kimi eşitmək olur, çünki şair havada uçuşan səsləri “tutub” şeirə gətirərək oxuculara təqdim edir. Oxucular da bu şeirlərdə öz hisslərini, duyğularını, fikir və düşüncələrini hiss edir, ürək döyüntülərini, qəlb çırpıntılarını duyur. Şairin ürək döyüntülərilə oxucuların ürək döyüntüləri üst-üstə düşür ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.
“Sevgi dolu şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında lirik duyğular şairidir, fikir və düşüncə şairidir. Onun şeirlərində fəlsəfi fikirlər özünü qabarıq şəkildə göstərir, eləcə də onun şeirlərində yalan və uydurma bir misraya, misralarında “laxlayan”, yerində olmayan bir sözə, bayağı, cılız hisslərə, saxta, boğazdan yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində ümid işığı var, bu günə, gələcəyə inam dolu ovqat var, mübarizəyə çağırış var, namərdlərə, şeytan adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o, şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam” deyən şair ancaq düzü-düz, əyrini – əyri yaza bilər, qələmilə vətənə, millətə, Azərbaycan ədəbiyyatına xidmət edə bilər.
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam.
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam.
Onu da deməyi özümə borc bilirəm ki, şairin şeirlərinin “dili” təbii və sadədir. Təbii və sadə olduğu qədər də xəlqidir. Onun şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik duyğularından, yurd yerinə sevgisindən xəbər verir:
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların,
Uca zirvəsində gözüm var mənim.
(«Gəzdim»)

“Sevgi dolu şeirlər”in işığında sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim önündə “Yazıçı” nəşriyyatında ötən əsrin 70-ci illərində çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım, görünür, rastıma çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə oxudum. Heyrətdən əllərim üzümdə qaldı. Bu sonetlərin sehrinə düşdüm, cazibə qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm. Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər bir şeiri Zaur dünyasının böyüklüyündən, Zaur yaradıcılığının zənginliyindən, novatorluğundan xəbər verir.
“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Vaqif İSAQOĞLU
AYB və AJB üzvü

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!