"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-05-2016, 13:27
AZƏRBAYCAN MƏTBUATININ SONASI


“İndi millətin, torpağımızın təəssübünü, qeyrətini çəkmək vaxtıdır, azərbaycanlılar! Gözəl Qarabağ sizi gözləyir! Doğma yurdda məskən salın!”

Sona Bağırova, “Azərbaycan gəncləri”, 29 dekabr 1990-cı il

O, mayın 1-də dünyaya gəlib. Əgər yaşasaydı ömrünün 87-ci baharına qədəm qoyacaqdı. Qəribəsi odur ki, dünyasını dəyişdiyi tarix də may ayına təsadüf edir. Cəsurluq, mübarizlik onun taleyinə yazılan alın yazısı olub. Tanrı ona gənclik illərində dərdlərimizi, qayğılarımızı, hərb tariximizin qəhrəmanlıqlarını yazmağı nəsib edib. Vaxtı ilə əlindəki qələmlə Azərbaycanı qarış-qarış gəzməkdən yorulmayan, gördüklərini ağ vərəqə köçürən bu xanım indi də çoxlarının yaddaşında əbədi qalıb. Bəzən qayğılı, bəzən də qayğısız görünən bu ziyalı xanım neçə-neçə insanın həyatına Simurq quşu kimi də daxil olub. Hələ sağlığında onun uzun müddət yoluna bələdçilik edəcək bir kollektiv, bir də işlədiyi ünvan vardı. Elimizin cəfakeşi olan bu xanımın Azərbaycan mətbuatına gəlişi də asan olmayıb. Mərd xanım olduğu üçün çətinliklərdən üzüağ çıxmağı da bacarıb. Onun qibləgahı isə yalnız bir redaksiya – “Azərbaycan gəncləri” qəzeti idi. Həmin redaksiyada nə az, nə çox 40 il çalışıb. “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, şöbə müdiri işləyib. Ötən əsrin 50-70-ci illərində isə peşəkar jurnalistikada həmkarlarının dediyi kimi 4 və 5 qadın jurnalisdən biri olub. Yəqin ki, Azərbaycan mətbuat salnaməsində öz dəsti-xətti ilə xariqələr yaradan jurnalistin ömür yolunu vərəqləmək oxucular üçün maraqlı olar.
AZƏRBAYCAN MƏTBUATININ SONASI
AZƏRBAYCAN MƏTBUATININ SONASI


Qısa arayış: Sona Bəhrəli qızı Bağırova 1929-cu il mayın 1-də Bakının Bülbülə kəndində doğulub. O, ailədə tərbiyə alan on övladdan yeddincisi olub. İlk təhsilini 79 nömrəli məktəbdə, sonradan orta təhsilini Balakən rayonundakı Nizami adına məktəbdə davam etdirib. 1948-ci ildə Sona Bağırova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Sona Bağırova universitetin ikinci kursunda oxuyarkən yəni, 1949-cu ildə onun “Kommunist” qəzetində ilk yazısı dərc olunur. Sona Bağırovanı həmkarları zarafatca mətbuatımızın Sonası da adlandırıblar. Həmişə deyiblər ki, Sona Bəhrəli qızını təsirli, dəyərli, düzgün və obyektiv yazıların müəllifi kimi tanıyırıq. O həm də xoşbəxt jurnalist idi ki, hər gün Azərbaycanın ucqar kəndlərindən çoxlu sayda oxucu məktubları alıb. O illərdə bu məktubların bəzisi sevindirici olsa da, bəzisi isə şikayət məktubları olardı. Təsəvvür edək ki, 1982-ci ildə “Azərbaycan gəncləri” qəzeti 516 min nüsxə ilə çıxırdısa, yəqin ki, həmin qəzetin də o qədər oxucusu vardı. Gənclik ab-havası ilə nəfəs alan bir qəzetdə Sona xanım ona ünvanlanan məktublara heç bir zaman biganə qalmazdı. O, “Azərbaycan gəncləri” qəzetində adına ünvanlanan şikayət məktublarının arxasınca ucqar kəndlərə belə gedər, faktları araşdırandan sonra düzgünlüyün, həqiqətin təntənəsinə nail olardı. Sona Bağırovanın cəsarətli, qorxmaz və qəhrəman xanım olması, onun Qarabağ müharibəsi başlayarkən aydın görünür.
O zaman Sona Bağırova qələmini süngüyə çevirib, gənclərimizin cəbhədə göstərdiyi qəhrəmanlıqlardan bəhs edən məqalələr yazır. Sona Bəhrəli qızının müəllifi olduğu “Qeyrətinizə qurban!”, “Düşməni sevindirmə!”, “Dincliyə zəmanət yoxdur”, “Haqq işimiz qalib gələcək”, “Ordu nə vaxt yaradılacaq?”, “İgidlər”, “Heç ana görməsin!”, “24 gülləni öldürən oğlan” və digər məqalələrində bir ananın qəlb çırpıntılarından, erməni cəlladlarına qarşı döyüşən oğullarımızın qəhrəmanlıqlarından bəhs edir. Sona Bağırova qələminin bir də möhtəşəmliyi odur ki, Kərkicahanın, Daşaltının, Şuşanın, Laçının, Füzülinin, Xocalının, Xankəndinin, Qubadlının, Əsgəranın və Ağdərənin döyüş bölgələrindən hazırladığı reportajlar əsgərlərimizi qələbəyə ruhlandırardı. Hətta Moskvanın nüfuzlu “Krasnaya zvezda” qəzetinin “Jurnalist Sona Bağırovanın məqalələrini oxuduqdan sonra Rusiyada xidmət edən azərbaycanlı əsgərlər və zabitlər hərbi hissələrdən yayınaraq Qarabağa döyüşə gedirlər” yazması bir daha vətən qeyrəti çəkən Sona Bağırovanın ən böyük qələbəsi olur! Bəli, müharibənin xalqımıza gətirdiyi fəlakət illərində Sona Bağırovanın bir amalı yazmaq, əsgərlərimizin qələbə sevincinə şərik olmaq idi. Sona Bağırova məqalələrinin birində yazır:“Düşmənlər lap yaxında, təpənin o tayında olduğundan əhali buradan köçüb getmişdi. Qəribə də olsa, meşənin yaxınlığında həsirdən hörülmüş yalnız bir daxmadan zəif şam işığı gəlirdi. Hərbi hissədə nəql elədilər ki, həmin daxmada yaşayan tənha qadın hər gün səhərdən qaranlıq düşənədək meşəni gəzib dolanır, oğlunu haraylayır. Yox, ana ağlını itirməmişdi. Tez-tez hərbi hissəyə yeganə oğlunu görmək üçün gələn anaya bu dəfə demişdilər:- Oğlun bu ucsuz-bucaqsız meşədə azıb, gəlib çıxmayıb. Əslində kəşfiyyat vaxtı düşmən gülləsinə tuş gələn əsgər həlak olmuşdu. Bu həqiqəti anadan gizlədirdilər. Bir neçə gündən sonra eşitdik ki, ermənilər həmin yerləri dağıdıb, əsgərləri qırıblar.
AZƏRBAYCAN MƏTBUATININ SONASI
AZƏRBAYCAN MƏTBUATININ SONASI

Deməli, ana da yeganə balası kimi adsız, məzarsız torpağa qarışmışdı. O vaxtlar Xocalı hələ yaşayırdı. Kətik, Qırxqız və Boz dağlarla əhatə olunmuş yaşıl çəmənli, bağlı-bağatlı Xocalı. Dağların o tayında isə canavarlar yuva salmışdı özlərinə. Yırtıcılar dişlərini qıcamışdılar bu diyara. Narahat günlərdə bir qrup qadınla Dağlıq Qarabağa ezamiyyəyə getmişdik. Xocalıda şair Yusif Savalanın evində qonaq qaldıq...” Göründüyü kimi, Sona xanımın müharibənin çətin zamanında ziyalı xanımlarımızla bərabər Azərbaycan ordusunda xidmət edən əsgərlərimizin yanında olması, bir azərbaycanlı ananın çəkdiyi məşəqqətli həyatı yazıya alması onun içindəki vətən yanğısından qaynaqlanırdı. O illərdə Sona Bağırova igid əsgərlərimizi Şuşada, Laçında, Ağdərədə qardaşı Qubadla, qızı Sevda ilə də birgə ziyarət etmişdi. Bir dəfə Ağdərədə olarkən əgər əsgərimizin fədakarlığı olmasaydı, Sona xanım minaya düşəcəkdi. Sona Bağırova Bakıda baş verən metro qəzasından da sağ-salamat çıxmışdır.
AZƏRBAYCAN MƏTBUATININ SONASI

Düşünürəm ki, Uca Yaradan Sona xanımı etdiyi əməlisaleh işlərə, dünyalar qədər sevdiyi üç övladı – Sevincə, Sevdaya və Tamillaya görə çox bəlalalardan hifz edərək, qorumuşdur. 1992-ci ildə Sona Bağırova Məşhəd, Məkkə, Kəbə ziyarətindən qayıtdıqdan sonra gördüklərini, eşitdiklərini qələmə alır. 90-cı illərdə “Azərbaycan gəncləri” qəzeti nəşrini dayandırdıqdan sonra Sona Bağırovanın məqalələri “Açıq söz”, “Bakının səsi”, “Bakı post”, “Nəbz”, “Naxçıvan” qəzetlərində və “Azərbaycan qadını” jurnalında dərc olunur. Keşməkeşli ömrünü mətbuata həsr edən, istedadlı qələm sahibi, Əməkdar jurnalist Sona Bağırova 2001-ci il mayın 10-da dünyasını dəyişir.

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!