Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
12-03-2022, 19:37
Zelenski ilə birgə Putinə böyük sürpriz etdik - Poroşenko


Zelenski ilə birgə Putinə böyük sürpriz etdik - Poroşenko

Ukraynada hakimiyyət və müxalifətin səylərini birləşdirməsi Vladimir Putinin daxili nifaq planını məhv etdi.
Bunu Ukraynanın eks-prezidenti Pyotr Poroşenko deyib.
O, Ukraynanın hazırkı lideri Vladimir Zelenski ilə birlikdə Vladimir Putinə böyük sürpriz etdiyini vurğulayıb:
“Prezident Zelenski ilə bir neçə görüşümüz oldu, razılaşdıq ki, vahid cəbhə kimi çıxış edəcəyik. Hesab edirəm ki, bu, tamamilə adekvat və düzgün davranışdır, indi bütün ukraynalılar - prezident, nazir, parlament fraksiyasının və ya partiyasının lideri, fəhlə... deyil, hamımız Ukraynanı müdafiə etməli olan əsgərlərik. Hamımız bərabərik. Və Ukrayna üçün ümumi məsuliyyət hamının çiynindədir”.
Onun fikrincə, ukraynalılar “blitskriq”i qırmaqla Rusiyanı və bütün dünyanı təəccübləndiriblər:
“NATO generalları ukraynalıların 72 saatdan çox müqavimət göstərə bilməyəcəklərini iddia etmişdilər. Sonra 2014-cü ildə yaradılan Ukrayna Silahlı Qüvvələri dünyanın ən yaxşı ordularından biri kimi unikal qabiliyyətlərini nümayiş etdirəndə nəinki təəccübləndirdilər, həm də dünyanı birləşdirdilər. Demək istəyirəm ki, Ukrayna heç vaxt təslim olmayacaq. Ukrayna heç vaxt unutmayacaq. Və o, rus qoşunlarının Ukraynada etdiklərini heç vaxt bağışlamayacaq. Rusiyanın Ukraynadan çıxmaqdan başqa yolu qalmayacaq”.
Qeyd edək ki, daha öncə eks-prezident Pyotr Poroşenko Vladimir Zelenskini bu müharibədə tam dəstəklədiyini bəyan etmişdi.
12-03-2022, 19:18
"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"


"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"


"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnamənsini qəti şəkildə pisləyirik.

Bu qətnamə Azərbaycana qarşı uzun illər davam edən ikili yanaşmanın daha bir nümunəsidir. Dünyada və Qafqazda sülhə sabitliyə kəskin ehtiyacın olduğu bir dönəmdə heç bir əsası olmayan bu cür sənədlərin qəbul edilməsi heç bir məntiqə və əxlaqa sığmır. Bu qətnamə Qafqaz regionunda sülhün bərqərar olmasına yönəlik fəaliyyətlərin inkişaf etdirilməsinə qarşı ciddi təhdiddir.
Bu fikirləri Butov.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.
Hüquq müdafiəçisi onu da bildirib ki, işğal nəticəsində Azərbaycan mədəniyyətinin mənəvi paytaxtaxtı olan Şuşa tarix muzeyi (beş minə yaxın eksponatı olmuşdur) Qarabağ dövlət tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, qədim əlyazma nümunələri məhv edilmişdir:
"İlk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılmışdır. İşğal ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.
Lakin biz nə işğal dövründə, nə də işğaldan sonrakı zamanda Avropa təsisatlarının bir dəfə də olsun bu məsələlərə obyektiv münasibətinin şahidi olmadıq. Hesab edirəm ki, belə saxtakarlıq Azərbaycanın vurulmuş zərərlə bağlı beynəlxalq təsisatlar qarşısında məsələ qaldırması ilə bağlı fəaliyyətinin qarşısını almağa yönəlmiş bir aktdır. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycan öz haqlı mövqeyni beynəlxalq birlik qarşısında müdafiə etməkdə israrlı olmalıdır".
12-03-2022, 12:16
Ukrayna səfirindən İlham Əliyevə TƏŞƏKKÜR


Ukrayna səfirindən İlham Əliyevə TƏŞƏKKÜR

Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə bir böhranlı zamanda, Ukrayna üçün çətin bir zamanda mühüm humanitar yardım göstərdiyinə görə səmimi qəlbdən təşəkkür edirəm.
Butov.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Bunun Azərbaycanın Ukraynaya ilk humanitar yardımı olmadığını qeyd edən səfir çatdırılan yükün hazırda atəş altında olan yüzlərlə dinc sakinin həyatını xilas edəcəyini vurğulayıb:
“Azərbaycandan Ukraynaya məhz hazırda ehtiyac duyulan şeylər - dərman, tibbi avadanlıqlar, qida göndərilir. Azərbaycan və Ukrayna uzun illər nümayiş etdirib ki, biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq”.
Səfir eyni zamanda qeyd edib ki, hazırda Ukraynada humanitar vəziyyət faciəvi xarakter alıb: “Rusiya tərəfi humanitar dəhlizlər söz verəndə biz təyin olunan vaxtda, təyin olunan yerdə dinc əhalinin atəşə tutulmasını görürük”.
12-03-2022, 11:53
Bağırovun Bütöv Azərbaycan uğrunda mübarizəsi


Bağırovun Bütöv Azərbaycan uğrunda mübarizəsi

Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovla uzun müddət Bağırov irsini araşdırmaqla məşğul olmuşuq. İndi aramızda yoxdur. Mövzu gündəmdə olduğuna görə onun 2017-ci ildə yazdığı məqaləni olduğu kimi təqdim edirəm:- Füzuli Baratov
Mir Cəfər Bağırov fenomeninin ən mühüm əlamətlərindən biri onun Azərbaycan adlı məmləkətin vurğunu olması idi. O, doğma yurdu sonsuz bir məhəbbətlə sevmiş, onun şərəfini daima uca tutmağa çalışmış, bu torpaqda yaşayan xalqın milli mənafeyi uğrunda ömrü boyu yorulmaq bilmədən inadla mübarizə aparmışdır. Doğma yurdun uzaq keçmişində yadellilər (Rus – İran müharibələri nəticəsində Gülüstan - 1813, Türkmənçay – 1828 illər) tərəfindən parçalanaraq ikiyə bölünməsi və tarixi haqsızlıqların mütləq aradan qaldırılması ilə əlaqadar olan ciddi düşüncələr onun mənalı həyatını daim müşayiət etmişdir. Azərbaycan torpaqlarının nəyin bahasına olursa olsun geri qaytarılması, qılınc yarası almış doğma Vətəni mümkün qədər tez birləşdirmək arzusu respublika rəhbərinin ən böyük amalı olmuşdur. Ona görə də Mir Cəfər Bağırovun İrana ezam edilən yoldaşlarla söhbətlərdə bir neçə epizoda diqqət yetirək.
M.C. Bağırov:
“Sizə məlumdur ki, bizim Qızıl Ordumuz az vaxt içərisində Şimali İranda xeyli ərazi tutmuşdur. Bu ərazilər əsas etibarilə bizim Cənubi Azərbaycan torpaqlarıdır. Tarixən bura Azərbaycan torpağı kimi tanınmışdır. İranın böyük şəhərlərindən olan Qəzvin, Urmiya, Miyanə, Marağa, Təbriz, Ərdəbil, Səlmas, Xoy, Ənzəli və s. bizim ata-babalarımızın doğma vətənləri olmuşdur. Hələ doğrusunu bilmək istəsəniz, Tehran da qədim Azərbaycan şəhəridir.”
1941 – ci il Sentyabrın 15-də “İrana göndərilən yoldaşlarla M.C. Bağırovun söhbəti”nin stenoqramında göstərilir:
“Burada mən sizə bir məsələni də deməliyəm. O məsələ də bundan ibarətdir; nə qədər ki, bizim Qızıl Ordumuz oradadır, biz heç vaxt razı ola bilmərik ki, gözümüzün qarşısında Cənubi Azərbaycan torpağında yüzlərlə adam acından həlak olsun. Əgər bizdə bir damcı belə azərbaycanlı qanı qalıbsa, gərək biz bir vaxtlar zorla parçalanmış xalqın birləşməsinə nail olaq... Buna bizim gücümüz və bacarığımız çatar... Nə qədər çətin olsa da, biz Cənubi Azərbaycan zəhmətkeşlərinə bu köməyi göstərməliyik. Buna bizim qeyrətimiz, vicdanımız, şərəfimiz və sədaqətimiz çağırır... Ona görə də biz öz rəhbərimiz Stalin yoldaşa məktub yazıb ondan Cənubi Azərbaycan zəhmətkeşlərinə kömək etmək məsələsini xahiş etmişik... Biz dörd – beş gündür ki, bu məsələyə başlamışıq, məndən Moskvada soruşurlar ki, nə istəyirsiniz. Cavab verdim ki, biz Cənubi Azərbaycanda yaşayan qardaşlarımıza kömək etmək istəyirik, buna bizə icazə verməlisiniz. Moskvadakı yoldaşlar bizə bu icazəni verdilər.” (Cəmil Həsənli, “İkinci dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939 – 1945)”- Bakı – “Yazıçı” nəşriyyatı, 2015, səh.68.)

Ümumən Cənubi Azərbaycan haqqında çoxlu arxiv sənədləri, kitablar, məqalələr və başqa sənədlər mövcuddur. Bu yaxınlarda mətbuatda, sosial şəbəkələrdə oxudum ki, ABŞ-da bir milyondandan çox arxiv sənədləri aşkarlanmışdır. Bəs bu illərdə (1941 – 1945) Sovet Azərbaycanının şimalında hansı hadisələr baş vermişdir?
Tarixi həqiqət: Dağıstanda 1997-ci ildə “Yupiter” nəşriyyatı tərəfindən buraxılmış “Əziz Əliyev. Dağıstanda işlədiyi 1942 – 1948-ci illər. Rəsmi sənədlər, məruzələr, nitqlər, yazışmalar, müsahibələr” kitabında əks edilmişdir.

Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix , arxeologiya və etnoqrafiya institutu tərəfindən hazırlanmış kitabın dördüncü fəslində Əziz Əliyev haqqında xatirələr toplanmışdır. 1940 – 1948-ci illərdə Dağıstan Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmış Əbdürrəhman Daniyalov vəfatından bir müddət qabaq, 1981 – ci ildə yazdığı (bax:adı çəkilən kitab, səh.243-244) kitabdan oxuyuruq:
“1943 – cü il idi. Tehran konfransından sonra, bir gün səhər Mir Cəfər Bağırov Dağıstanda idi, görüş zamanı o, mənə şəxsən Stalinlə olmuş söhbətin məğzini açdı. Dedi ki, Dağıstanın düşdüyü çətinliklərlə əlaqədar, Dağıstanın Azərbaycanla birləşdirilməsini və ya Dağıstan MSSR-in
Azərbaycana verilməsini Stalinə təklif etmişdir. Stalin cavabında demişdir: “Bu təklifə dağıstanlıların özləri necə baxırlar?” Mir Cəfər Bağırov cavabında “Zənnimcə pis baxmırlar,”-demişdir. Mən M.C. Bağırova dedim ki, bu məsələ barədə yoldaşlarla məsləhətləşmək lazımdır.
Məlum olduğu kimi, Ə. Əliyevlə birlikdə Azərbaycandan Dağıstana işləməyə daha 16 nəfər gəlmişdi. Onlardan, Ağababov Arşavir Dağıstan Vilayət Komitəsinin ikinci katibi seçilmişdi, mənim birinci müavinim Tixon Rixiyev idi, Dərbənd Şəhər Partiya Komitəsinin birinci katibi Məmmədov, Qasımkənd Rayon Partiya Komitəsinin birinci katibi Bağırov (Azərbaycan K(b)P MK-nın birinci katibinin həmfamiliyalısı), Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri Salam Abdinbəyov idi. Belə bir şəraitdə Dağıstanın Azərbaycanla birləşdiriləcəyi təklifi fəallar içərisində baş alıb yayıldı. Bundan sonra M.C. Bağırovla görüşlərimizdə bu mövzuya toxunulmadı. Ə. Əliyev tərəfindən də təşəbbüs olmadı. Mən də bu məsələyə əhəmiyyət vermirdim. Ancaq bir dəfə RSFSR xalq səhiyyə komissarının Dağıstana gəlişi zamanı Vilayət Ali Sovetinin sədri Adilgəray Taxtarov qonağın şərəfinə ziyafət təşkil etmişdi. Qonaqlar arasında Leninqrad sualtı gəmiçilik məktəbinin rəisi (müharibə illərində Mahaçqalaya köçürülmüşdü) kontr-admiral Skrıqanov da vardı. Ziyafət şən keçirdi. Yeyirdilər, içirdilər, qələbə şərəfinə badə qaldırırdılar. Birdən kontr-admiral mənə yanaşdı və dedi: “Abdurraxman Daniyaloviç, sən yəqin ki, cənuba deyil, şimala – Moskvaya istiqamət götürürsən?” Bu replika məni vadar etdi ki, Dağıstanın Azərbaycana verilməsini və bunun siyasi nəticələrini özlüyümdə götür-qoy edim və bu təklifə mənfi münasibətimi bildirim. Bu barədə Ə. Əliyevlə danışarkən, o, zənnimin tam əksinə olaraq, Dağıstanın Azərbaycanla birləşdirilməsinin qəti əleyhdarı olduğunu söylədi: “İndi biz birbaşa ÜİK(b)P MK ilə təmasdayıq, əgər Azərbaycanın tabeliyinə keçsək, Azərbaycan K(b)P MK-ya tabe olacağıq. Bundan əlavə, Quliyev Dağıstana RSFSR hökumətindən çox pul ayırmayacaqdır”.
Bu söhbət mənim Ə. Əliyevə olan hörmətimi daha da artırdı, aramızdakı qardaşlıq münasibəti möhkəmləndi. Ə. Əliyev beynəlmiləlçi, uzaqgörən siyasətçi kimi nəzərimdə yüksəldi. Görünür, M.C. Bağırov Ə. Əliyevi Dağıstana yola salanda, Dağıstanın Azərbaycan tabeliyinə veriləcəyi təklifinə dair Stalinlə söhbətinin məzmununu ona çatdırmışdı. Ancaq bütün hallarda Ə. Əliyev M.C. Bağırovun iradəsi qarşısında əyilməmişdi. M.C. Bağırov təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada və Dağıstanda böyük səlahiyyət sahibi idi, ÜİK(b)P MK-nın və Zaqafqaziya Cəbhəsinin üzvü idi. Biz ona böyük nüfuzlu yoldaş kimi hörmət edirdik, məhz 1937 –
1938-ci illərin tufanından sonra yalnız o, bütün Qafqazda salamat qalmışdı. Bundan başqa, biz Mir Cəfər Bağırovun Dağıstana münasibətini də başa düşürdük. Bir dəfə, SSRİ Ali Sovetinin sessiyası günlərində axşamdan xeyli keçmiş Ə. Əliyev Taxtarov (Taxtarov A.Q.-Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri-T.Q.) və məni Mir Cəfər Bağırovun dəvətilə onun mənzilinə qonaq apardı. M.C. Bağırov sevinc içində idi və bizi qarşılayanda təxminən bu sözləri dilinə gətirdi: “Mən bir az əvvəl Stalinin bağ evində süfrə arxasında idim. Dağıstanın Azərbaycana verilməsi prinsip etibarilə həll olunmuşdur. Siz Stalin yoldaşa bu məzmunda rəsmi məktub göndərin”. Biz bir-birimizin üzünə baxdıq. Ə. Əliyev cavab verdi ki, ətraflı düşünərik və sabah qərara gələrik.

Mehmanxanaya qayıtdıq, öz aramızda yekdil rəyə gəldik ki, ən azı vilayət partiya komitəsinin plenumunda baxılmadan Stalinə Dağıstanın Azərbaycana verilməsi barədə məktub yaza bilmərik və şərtləşdik ki, Ə. Əliyev bu haqda Bağırov yoldaşa bildirsin. Belə də oldu. Mən, əlbəttə, Əziz Əliyevlə Mir Cəfər Bağırov arasındakı söhbətin necə getdiyini deyə bilmərəm. Ancaq bundan sonra Ə. Əliyevə də, mənə də, Dağıstana da Mir Cəfər Bağırovun gizli qəzəb və nifrəti yarandı, müharibənin son illərinədək o, Dağıstana gəlmədi”.
... Əgər müharibə illərində Dağıstan “üçlüyü” Mir Cəfər Bağırovun Stalinlə razılaşdırılmış təklifinə qoşulsaydı, SSRİ dağıldıqdan sonra dağıstanlılar da vahid Azərbaycan dövləti tərkibində xaçpərəstlərin əsarətindən birdəfəlik azad olunacaqdılar. Şeyx Şamilin də, Fətəli xanın da, Əlibəy Zizikskinin də, Cavad xanın da, Məhəmməd Əmin Rəsulzadənin də, Mir Cəfər Bağırovun da ruhu şad olacaqdı... Dərbəndə gedən yol Təbriz yolundan uzaq görünməyəcəkdi. Xəzərin Dağıstan sularında Rusiya hərbi gəmiləri lövbər salmayacaqdı, Putin Dağıstanın “qara qızıl”ını ovuclayıb yanağına çəkməyəcəkdi... Dağıstan dağlarında müsəlmanları “terrorçu damğası” ilə raket atəşinə tutan kontr-admiral Skrıqanovlar XXI əsrdə dağlılara “Cənuba yox, Şimala bax !” əmri verə bilməyəcəkdilər...
İkinci dünya müharibəsi illərində M.C. Bağırov yaranmış vəziyyətdən istifadə edərək, vahid Azərbaycan uğrunda mücadilə aparırdı. Onun Stalinə yazdığı məktublarda qədim Dərbənd şəhərinin vurğulanması da bu yanğının nişanəsi idi, “Fətəli xan” filminin çəkilişi də bu məsləkdən doğurdu.
Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası, Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimal-Şərqi Azərbaycan dövlətinin
tərkibində olmuşdur.
1796-cı ildə rus qoşunları tərəfindən işğal olunandan sonra Dərbəndi Azərbaycanın əzəli torpaqlarından təcrid etmək siyasəti yeridilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Cumhuriyyəti dövründə Dağıstan xalqları ilə qardaşcasına münasibət mövcud olmuş, Dərbənd Azərbaycan şəhəri kimi qəbul edilmişdi. Yeri gəlmişkən, Azərbaycan Cumhuriyyəti hökumətinin Nəsibbəy Yusifbəylidən sonra ikinci maarif naziri Dağıstanın Xasavyurd şəhərində anadan olmuş, 1910-cu ildə Parisdə Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Rəşidxan Qaplanov olmuşdur. 1919-cu ildə Azərbaycan Parlamentinin qərarı ilə xarici ölkələrə ali təhsil almağa göndərilən 100 nəfər arasında beşi Dərbənd və Dağıstanın başqa yerlərindəndi. Onlardan Abdinov Bəhram Əlövsət oğlu, Əfəndiyev Abdulla Molla oğlu, Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu və Teymurxanov Muradbəy Zabir oğlu Almaniyaya, Şahnəzərov Mirzəmənsur Hakim oğlu Fransaya göndərilmişdilər.
1920-ci il martın 25-də 11-ci Qırmızı Ordu Dərbəndi işğal etdi, sonra da Qubada, Xaçmazda, Bakıda, Gəncədə, Lənkəranda və Azərbaycanın digər şəhər və kəndlərində qan tökdü. 2017-ci il martın 25-də Dərbəndin, aprelin 28-də Bakının işğal günləridir...
Soydaşlarımız Bakıdan Dərbəndə, Dərbənddən Bakıya “xarici pasport”la gedib-gəlməyə məcburdurlar...
Çox acınacaqlı haldır ki, son zamanlar Rusiyanın şəhərlərinə, xüsusilə Dərbəndə iş dalınca, təhsil almağa, xəstəliklə əlaqədar gedən Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə incidilir, deportasiya olunur və s.
Əziz həmvətənlər, Novruz Bayramınız Mübarək !

Məmmədtağı Bağırov,
16 mart 2017.
12-03-2022, 10:05
Gənclərin Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə karyera səfəri


Gənclərin Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə olub.
Görüş zamanı tələbələr Agentliyin rəhbəri və əməkdaşları ilə tanış olaraq qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər. İnteraktiv formada keçirilən görüşdə tələbələrin Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda media ilə bağlı digər mövzular ilə əlaqədar sualları cavablandırılıb. Sonda Agentliyin İcraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.
12-03-2022, 09:52
Vahid Əzizin poeziyası ədəbi gülüstana çevriləcək


Vahid Əzizin poeziyası ədəbi gülüstana çevriləcək

Ədəbi düşüncənin “Uzaq vuran artilleriyası”, milli-mənəvi dəyərlərimizin böyük tərənnümçüsü, vətənləşən, torpaqlaşan və bütövləşən poeziyası ilə silahlanan, yaşın ekvatorunu ildırım sürəti ilə adlayan xalq şairi Vahid Əziz şəxsiyyəti, yaradıcılığı Azərbaycan xalqının tarixi poetik yaddaşını zənginləşdirməkdədir. Vətən müharibəsində xalq şairi Vahid Əziz təkbaşına yazdığı alovlu, vətənpərvərlik məktəbi yaradan şeirləri ilə gənclərimizin vətən sevgisini, milli ruhumuzu bir daha səfərbər edərək, poeziyanın gücü ilə ədəbi qərargah yaratdı. Hərdən adama elə gəlir ki, Tanrı Vahid Əziz kimi şairləri yer üzünə ona görə göndərir ki, kainatı sahmana salsın. Onun misraları Tanrı pıçıltılarıdır. Haqlı olaraq ədəbi camiədə belə bir fikir formalaşmaqdadır ki, Vahid Əzizin poeziyası, şeirləri XXI yüz illiklərin də ən oxunaqlı ədəbi əsərləri olaraq qalacaq. Şairin poeziyasına, yaradıcılığına olan oxucu sevgisi tükənməz ədəbi gülüstana çevriləcək.

Vəli Səmədli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
12-03-2022, 09:43

“Hər yerdə teatr” layihəsi

“Hər yerdə teatr” layihəsi


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Günü münasibəti ilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib.
Xalqımızın zəngin teatr ənənələri, tarixi minilliklərə uzanan xalq oyun-tamaşa mədəniyyəti var. Xalq yaradıcılığında, aşıq sənətində, dastanlarda rüşeym şəklində mövcud olan teatr ənənələri əsrlərin sınağından çıxaraq, böyük inkişaf yolu keçib və bu günə qədər qorunub. Azərbaycanda avropatipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümyiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunmasına baxmayaraq, teatr sənətçilərinin peşə bayramı daha çox sənət adamlarını əhatə edir və geniş auditoriya hələ də belə bir bayramın varlığından xəbərsizdir. Çünki teatrlarımız, bir qayda olaraq, Milli Teatr Gününü kompakt şəkildə qeyd edir, həmin gün açıq qapı günləri təşkil edilir, teatr işçilərinin peşə bayramına həsr olunmuş müxtəlif lokal tədbirlərlə kifayətlənirlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən “Hər yerdə teatr” layihəsi 10 Mart Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyir.
Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.

Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. “İçərişəhər” metrostansiyasının vestibülündə, “Sahil”dən “Gənclik” stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.
Tədbirdə Mari Band qrupunun performansı, Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.
“Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edilib.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!