Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-10-2024, 10:52
Şəhid ailə üzvlərinin əl işlərindən ibarət sərgi


Şəhid ailə üzvlərinin əl işlərindən ibarət sərgi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.
Çəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova açılış mərasimində çıxış ediblər. Çıxışlarda Zəfər bayramı ərəfəsində təşkil olunan tədbirin şəhidlərə minnətdarlığın bir ifadəsi olduğu bildirilib və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Sərgi-satış yarmarkasında 10 şəhid ailəsi üzvünün 215 rəsm və əl işi təqdim edilib. Nazirlik və tabeliyindəki qurumların əməkdaşları həmin məhsulları alaraq onların fəaliyyətlərinə dəstək olublar.
Tədbir çərçivəsində 55 şəhid övladına robototexnika və təsviri sənət növləri üzrə master-klaslar da keçirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.






26-10-2024, 10:18
Şahmat yarışına start verilib


Şahmat yarışına start verilib

Xəbər verdiyimiz kimi Abşeron rayonunun Mehdiabad qəsəbəsində Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmovun təşəbbüsü ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin nəzdində Şahmat Klubu açılıb. Elman Rüstəmovun verdiyi məlumata görə, Şahmat Klubuna əmək veteranları, ehtiyatda olan hərbçilər arasından xeyli şahmat həvəskarı toplaşıb. Qəsəbədə yaşayan Əmək veteranları, qazilər, pensiyaçılar burda asudə vaxtlarını maraqlı keçməklə bərabər, həm də müxtəlif mövzularda diskussiya aparır, bir-birinin problemləri ilə maraqlanır, imkanları çatan işlərdə yardımlaşırlar.

Klubun açılışının ilk günlərindən gəlib maraqlananların, orada vaxtını maraqlı keçirmək istəyənlərin sayının çoxalmasını nəzərə alan “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin İdarə Heyəti Şahmat yarışması təşkil edib. Yarışın hakimi də klub üzvləri arasından seçilib.
Hakim Vidadi Loğmanoğlu iki mərhələdə keçiriləcək yarışda 10 nəfərin iştirak etdiyini bildirib. Klubun açılmasının təşəbbüskarı Elman Rüstəmov isə klubun daha əyləncəli olması, yarışa qatılanların yorulmaması üçün ahıllara hər gün çay süfrəsi açır.
Beləliklə yarışlar davam edir. Ayın 15 gününü dənizdə, qalan 15 günü klubda keçirib, Dənizçi ləqəbi ilə çağrılan Ələkbər 8 oyundan 8 xalla turnir cədvəlinə başçılıq edir. 9 oyundan 6 xal toplayan Rəşad Dünyamalıyev ikinci yerdədir. Üçüncü yeri isə indilik 3 oyunçu bölüşür. Hələlik yarışma davam edir.
Qeyd edək ki, yekunda ilk 3 yerin qaliblərinə fərqlənmə diplomu, digər hər kəsə iştirak sertifikatı veriləcək.

Hərbi Jurnalistlər birliyinin mətbuat xidməti

26-10-2024, 09:58
Azərbaycanın Xalq artisti vəfat etdi


Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.
O, 78 yaşında dünyasını dəyişib.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.
Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən ifa olunub.
2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
26-10-2024, 08:57
Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi


AKADEMİK MƏMMƏDAĞA ŞİRƏLİYEV - 115
Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi

Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi Azərbaycan Respublikası¬nın dövlət mükafatı laureatı, əməkdar elm xadimi, sovet dövrü Azərbaycan dilçiliyini ilk yaradanlardan biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk akademiki, milli elmimizi dünya miqyasında tanıdan parlaq şəxslərdən biri, görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 115 ili tamam oldu.
Məmmədağa Şirəliyev 1909-cu ildə sentyabrın 13-də Şamaxı şəhərində doğulmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (BDU-o zaman belə adlanırdı) Şərq fakültəsinin dilçilik şöbəsinə qəbul olmuş və 1931-ci ildə oranı bitirmişdir. Ömrünün iki ilini Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) aspiranturasına daxil olmuşdur. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs demişdir.
Məmmədağa müəllim ömrünün 30 ildən çoxunu Respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuşdur. 1933-41-ci illərdə APİ-də müəllim, dekan müavini, dekan, 1941-45-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində (BDU-da) Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya fakültəsinin dekanı, Universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. M.Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişaf və zənginləşməsi işinə həsr olunmuşdur.
O, 1952-1960-cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin müdiri vəzifəsində işləmiş, həmin illərdə BDU-nun (o zamankı ADU) professoru olmuşdur. M.Şirəliyev 1960-1968-ci illərdə (1968-ci ilin fevral ayına qədər) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində işləmiş, 1968-ci ilin fevral ayından 1969-cu ilin oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışmışdır. 1969-cu ildə Azərbaycan EA-da müstəqil Dilçilik İnstitutu təşkil olunduqdan sonra 1988-ci ilə qədər həmin instituta rəhbərlik etmişdir. Bütövlükdə o, 31 il Dilçilik institutunun direktoru olmuşdur.
M.Şirəliyev 1949-cu ildə Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilmiş, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülmüşdür. M.Şirəliyev 1944-cü ildə “Qafqazın müdafiəsinə görə” və Böyük Vətən müharibəsində “Əmək igidliyinə görə” (1941-45) medalları ilə, 1946-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1954-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
1953-1954-cü dərs ilində M.Şirəliyev Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetinin türk filologiyası kafedrasının müdiri vəzifəsində çalışmış, 1957-ci ildə Türk Dil Qurumunun VIII qurultayında nümayəndə kimi iştirak etmiş və bu qurumun müxbir üzvü seçilmişdir.
Akademik M.Şirəliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsində böyük xidmətlər göstərmişdir. Bu elmin bir çox yeni sahələrinin diferensiallaşıb müstəqil elm kimi formalaşmasında, Azərbaycan dilçiliyinin dünyada, xüsusilə Türkdilli ölkələrdə tanınmasında, onun müqayisəyəgəlməz əməyi elmi ictimaiyyətə yaxşı bəllidir.
Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və b. sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla, şərəflə çəkilir. Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. M.Şirəliyev 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olmuşdur.
Dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində Məmmədağa müəllimin özünəməxsus, seçilən xidmətləri olsa da o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınmış, bu sahə ona dünya şöhrəti qazandırmışdır. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və heç bir tərəddüdsüz o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Obrazlı şəkildə ifadə etsək, rus ədəbiyyatında hekayə M.V.Qoqolun “Şinel”indən, Azərbaycan nəsri Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxdığı kimi, dialektologiyaya həsr olunmuş sonrakı hər bir araşdırma da Məmmədağa Şirəliyevin “Bakı dialekti” monoqrafiyasından doğmuşdur, yaranmışdır. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək, etalon kimi dəyərlidir.
M.Şirəliyev həmçinin ekspedisiya yolu ilə də Azərbaycan dialektlərini öyrənmək üçün 1933-1958-ci illərdə fasilələrlə Qafqaz ərazisində, o cümlədən Azərbaycanın rayonlarında elmi səfərlərə başçılıq etmiş, materiallar toplamışdır. O haqlı olaraq, Azərbaycan dialektologiyası məktəbinin qurucusu sayılır. Bu gün onun bu sahədəki “Bakı dialekti” (1949, 1957)”, Azərbaycan dialektologiyasının əsasları” (1962, 1968, 2006), “Диалекты и говоры азербайджанского языка” (1983) və başqa əsərləri Azərbaycan dilçiliyinin nadir nüsxələrə çevrilmiş inciləri sırasında durur. M.Şirəliyev həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlamış və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olmuşlar. Bu atlasın redaktorları akad. M.Şirəliyev və prof. M.İslamovdur. Bu atlas dünya türkologiyasında ilk təcrübə, ilk nümunə olduğundan dünyanın görkəmli dilçiləri tərəfindən sonsuz maraqla qarşılanmış və yüksək elmi qiymət qazanmışdır. Azərbaycan dilçilərinin bu uğurundan sonra akademik M.Şirəliyev haqlı olaraq keçmiş SSRİ məkanındakı türk dillərinin ümumi dilçilik atlasının yaradılmasına rəhbərlik etmiş və həmin atlas üzrə təşkil olunmuş komissiyanın sədri seçilmişdir.
M.Şirəliyev sözün əsl mənasında böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində də xalqımıza əvəzsiz xidmətlər göstərmişdir. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları “Azərbaycan dilinin qrammatikası” (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət etmişdir. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də akademik M.Şirəliyevin dəyərli xidmətləri olmuşdur. Belə ki, o, 1964-cü ildə çapdan çıxmış bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olmuşdur. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr olunmuşdur. Bəllidir ki, XX əsrin 60-70-ci illərində Bakı şəhəri hələ Sovet dönəmində də türkologiyanın mərkəzi sayıldığına görə və akad. M.Şirəliyevin türkologiya elminin inkişafında dəyərli xidmətləri və onun böyük nüfuzu nəzərə alınaraq “Советская тюркология” (indi «Türkologiya” adı ilə çıxır) ümumittifaq jurnalı 1970-ci ildən Bakı şəhərində nəşr olunmağa başladı və baş redaktoru isə təbii ki, akad. M.Şirəliyev oldu. O, düz 20 il bu jurnalın baş redaktoru olmuşdur.
Görkəmli elm xadimi M.Şirəliyevin Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmaları və kitabları vardır. Onun əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirmişdir.
Akad. M.Şirəliyevin yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında da xidmətləri böyükdür. O, onlarla doktorların elmi məsləhətçisi və 40-dan yuxarı elmlər namizədinin elmi rəhbəri olmuşdur (bu sətirlərin müəllifinin də elmi rəhbəri olmuşdur, onu hər zaman minnətdarlıqla xatırlayır və ruhu şad olsun deyir). Akad. Ağamusa Axundov, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev, professorlar Rəhilə Məhərrəmova, Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, Qəzənfər Paşayev, İsmayıl Məmmədli və b. alimlərin elmi rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə həmçinin türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və doktorları yetişmişdir. Özbək, qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş, başqırd, Qaraçay-balkar, qumuq, yakut (saxa) dilçi kadrlarının hazırlanmasında akad. M.Şirəliyevin nəcib əməyi unudulmazdır. Buna bariz nümunə olaraq göstərmək istərdik ki, Qaraqalpaq, Muxtar Respublikasının Ali Soveti akademik M.Şirəliyevi bu respublika üçün kadrlar yetişdirməsinə və anadan olmasının 70 illiyinə görə 1979-cu ildə fəxri fərmanla təltif etmişdir.
Görkəmli elm adamı akademik M.Şirəliyev 1991-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişdi. Məmmədağa müəllimin müasirləri onun yüksək elmi duyumunu, həssaslığını bu gün də 33 il sonra da heyrətlə, məhəbbətlə xatırlayırlar. Akademik Məmmədağa Şirəliyev belə bir insan idi: diqqətli, tələbkar, son dərəcə qayğıkeş, səmimi, nikbin, yüksək həyat eşqi ilə yaşayan, həssas...
115 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin və onu tanıyanların qəlbində əbədi yaşayacaq. M.Şirəliyevin elmi irsi hər zaman dilçiliyimiz üçün örnəkdir, dəyərlidir və gərəklidir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

İsmayıl MƏMMƏDLİ

26-10-2024, 08:41
Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə sevgi

Eldar Məmmədbəyli


Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə sevgi

Aşıq Ələsgər yaradıcılığı qaynar bir bulaqdır və bu bulağın suyundan içənlər mənən saflaşırlar və həmişə pak olurlar. Professor, kimya elmləri doktoru Eldar Məmmədbəyli də sözün həm həqiqi, həm də məcazi mənasında Aşıq Ələsgər bulağından su içənlərdəndir. Məhz ona görədir ki, onun şeir və qoşmaları qəlbləri oxşayır və bizlərə Ulu Ələsgəri bir daha xatırladır. Bu yaxınlarda Aşıq Ələsgərin yeni ucaldılan heykəlinin yanından ötərkən təsirlənib yazdığı “Qadan alım” bənzətməsi də alimin Ustad Ələsgər yaradıcılığına və şəxsiyyətinə olan sevgisinin təzahürüdür. Həmin bənzətməni oxucularımıza təqdim edirik:

Qadan alım

Dərdini çəkməkdən dönmüşəm daşa,
Gəl mənim dərdimi al qadan alım.
Kədərlə məhəbbət durub döş-döşə,
Qovğanı qaydaya sal qadan alım.

Şux qamətin hədəfinə düşmüşəm,
Almaz olub, sədəfinə düşmüşəm,
Ala gözün şəfəqinə düşmüşəm,
Ən dadlı şəkərsən, bal qadan alım.

Dağların döşündə çıçəklər solub,
Həm də xoş arzular diləklər solub,
Meh gətirən sərin küləklər solub,
Elə qanlı baxma gül qadan alım.

Məhəbbətin xəncər kmi, baş kəsir,
Gözəlliyin almaz kimi daş kəsir,
Ayaq donub yarpaq kimi diz əsir,
Axan göz yaşını sil qadan alım.

Boğdu məni ilan kimi siyah tel,
Xoş naz ilə zülm eylədi incə bel,
Acı sözlə əzab verdi şirin dil,
Daha dözəmmirəm bil qadan alım.

Gözəllik sultanı, məhəbbət şahı,
Gəl eyləmə belə ağır günahı,
Göylərə ucalıb şairin ahı,
Bir yanıq kərəmi çal qadan alım.

Uçub yuvasından bir tərlan gedir,
Dünyadan zavallı bir insan gedir,
Eldara bəxş olmuş bir zaman gedir,
Gəl məni son yola sal qadan alım.
26-10-2024, 08:26
26-10-2024, 08:16
Mənəvi tərbiyə ailədən başlayır

Mənəvi tərbiyə ailədən başlayır

Hörmətli “Butov Azerbaycan ” qəzetinin oxucuları, bu dəfə qonağımız ailə və uşaq psixoloqu, “Legoland academy psixo profi” mərkəzinin rəhbəri, təcrübəli psixoloq Ümidə Zokirovadır. Söhbətimiz uşaq tərbiyəsində yol verilən səhvlərdən, milli münasibət və adət-ənənələrdən, sosial şəbəkələrin gənc nəslin şüuruna təsirindən getdi.
-Gənclərimizin informasiya hücumlarına məruz qalmaması, “hörümçək tələsinə” düşməməsi üçün nələrə diqqət etməli, nə etməliyik?
-Salam, öncə məni müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm!
Övladlarımızın informasiya hücumlarına məruz qalmaması üçün ilk növbədə biz örnək olmağımız, onlara xüsusi diqqət yetirməyimiz lazımdır. Onların maraqları, arzuları bizi maraqlandırmasa, uşaqlarımız sevgini başqa yerlərdə axtarmağa başlayacaq. Valideynlər uşağın tərbiyəsində bərabər məsuliyyət hiss etməlidirlər. Əksər ailələrdə elə bilirlər ki, övladlarını maddi cəhətdən təmin etmək kifayətdir...
Nə qədər məşğul olsaq da, hər gün uşaqlarımızla ən azı 20-30 dəqiqə söhbət etsək, vaxtımızı düzgün bölüşdürsək, gündəlik iş qrafiki qursaq, yaxşı olar.
-Əksər valideynlər uşaqlarına telefondan istifadə etməyi körpəlikdən öyrədirlər. Bu uşağın psixikasına, tərbiyəsinə necə təsir edir?
-Çox vaxt müşahidə edirik ki, valideynlər telefondan övladlarını ağlamamaq, şıltaqlıq etməmək, yemək yedirmək üçün istifadə edirlər. İctimai nəqliyyatda, kafe və restoranlarda telefonları ilə məşğuldurlar. Texnologiya inkişaf etdikcə problemlər də artır. Bu yerdə uşaqlarda virtual autizm adlı xəstəlik yaranıb.

Uşaq telefondan nə qədər çox istifadə edirsə, bir o qədər tənbəl olur, araşdırmalarını dayandırır, hərəkət edir, intellekti, əqli potensialı inkişaf etmir, donub qalır, yaşıdlarından geri qalır. Burada məsələnin ikinci tərəfini də unutmaq olmaz. Əvvəla, unutmaq olmaz ki, biz telefonsuz böyümüşük. Uşaqlarımıza telefondan istifadəni belə qadağan edə bilmərik.
Ən düzgün yol telefondan istifadə vaxtını onların yaşına uyğun müəyyən etməkdir. Normadan artıq olmayan, yaddaşı gücləndirən oyunlara, təxəyyülü zənginləşdirən, dil öyrənən, qadcetlər aləmindən xəbərdar olan videolara baxmaq yalnız müsbət nəticə verəcək. Bəzi gənclərdə artıq “Qərbi kor-koranə imitasiya” xəstəliyi yaranıb.
-Milliyyətimizə yad fikirlərlə mübarizə aparmaq üçün ilk növbədə nəyə önəm verilməlidir?
-Mentalitetimizə yad olan pisliklərə qarşı mübarizə aparmaq üçün bu işə ilk növbədə ailədən başlamaq yerinə düşərdi. Biz ilk növbədə milliliyimizi dəyərləndirməli, övladlarımıza nümunə olmalıyıq.
-Bu gün kitab oxumaq çox azalıb. Bir çoxumuz bunun üçün interneti günahlandırırıq. Kitab oxumağa diqqətin və marağın azalması təkcə internetlə bağlıdırmı?
-Etiraf etmək lazımdır, təbii ki, bu, internetdən də asılıdır.
İnternet rəngli bir dünyadır, beynimiz yalnız onu qəbul edir, beynimiz rəngləri çox sevir. Uşaqlar daha çox maraqlanır. Kitaba gəlincə, o, əsasən ağ-qaradır. Bu, uşaqları bezdirir, beyin qəbul etmək istəmir. Bu səbəbdən uşaqlarımıza üç-dörd yaşından qeyri-adi, cəlbedici kitablar veririk, bununla da mütaliəyə maraq aşılayırıq.
-Uşaqlarda müstəqil və yaradıcı təfəkkürün inkişafına hansı yaşda diqqət yetirilməlidir?
-Uşaqlarımızda müstəqil və yaradıcı təfəkkürün formalaşdırılması üçün 3 yaşından başlayaraq onların dünyagörüşünü yumşaldan, təxəyyüllərini zənginləşdirən, zehnini gücləndirən oyunlar oynamalı, mütəmadi olaraq faydalı fəaliyyətlə məşğul olmalıdırlar. Həm zehni, həm də fiziki məşqləri birlikdə yerinə yetirmək arzu edilir.
-Gənclərin əksəriyyəti kütləvi mədəniyyətin nə olduğunu hələ dərk etməyiblər. Bu haqda nə deyərdiniz?
-Xalq mədəniyyəti mürəkkəb mədəniyyətin özünəməxsus formasıdır və həmişə eyni şəkildə şərh olunmur. Sadəcə olaraq, kütləvi mədəniyyət öz dəyərlərini və kimliyini unudur, Qərbi izləyir, başqalarını təqlid edir. Sadə bir misal: milli dəyərlərimizə, uyğun gəlməyən kino personajları kimi olmağa çalışmaq da kütləvi mədəniyyətdir. İnsan öz kimliyini biləndə, adət-ənənələrinə dəyər verəndə heç vaxt yad ideyalara uymaz.
-Mənəviyyat ən həssas təhsil sahəsidir. Müasir gənc nəslin mənəvi tərbiyəsi ilə bağlı bir mütəxəssis kimi fikirləriniz...
-Mənəvi tərbiyə ailədən başlayır. Uşaqlarımız heç vaxt özbaşına ruhaniləşməyəcəklər. Müdrik xalqımız əbəs yerə deməyib ki, “Quş yuvasında nə görsə, onu edər”.

-A.Şopenhauer deyir: “Hər uşaq qismən dahi, hər bir dahi də qismən uşaqdır”. Uşaqlarda istedadın, müəyyən sahəyə maraq və həvəsin inkişafında çatışmazlıqların səbəbi nədir?
-Qeyd etdiyim kimi: uşaqların gələcəyi, eləcə də istedadlarının inkişafı, qabiliyyət və maraqlarının dəstəklənməsi ailə mühitindən, valideynlərdən asılıdır.
-“Butov Azerbaycan ” qəzetinin oxucularına arzularınız...
-Əziz “Butov Azerbaycan ” qəzetinin oxucuları, həmişə bu günü yaşayın, heç vaxt arzularınızdan əl çəkməyin, fürsəti əldən verməyin və işıqlı gələcəyə doğru səy göstərin! Enerji, istək və uğur böyük hədəflərinizə gedən yolda yoldaşlarınız olsun!
-Faydalı və mənalı söhbətə görə təşəkkür edirik!
Söhbətləşdi: Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.

25-10-2024, 18:18
Bakıdan Fransanı qınayan bəyanat yaydılar


Bakıdan Fransanı qınayan bəyanat yaydılar

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb. Butov.az bəyanatı təqdim edir:
Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX!
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) oktyabrın 23-də BMT-nin Cenevrədəki qərargahında keçirilən missiyadan qayıdarkən Baş katib Jan-Jakob Bisepin Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir. Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib.
Bundan əvvəl Baş katib ABŞ-da BMT qərargahına səfər etməyi planlaşdırarkən Martinikadan keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.
UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.
Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olanadək mübarizəmizi davam etdirəcəyik.
UPLG Qvadelupa xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.
Azad və müstəqil Qvadelupaya eşq olsun! Biz qalib gələcəyik!

Ali-Meril

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibinin müavini

Bakı, 25 oktyabr 2024-cü il.
25-10-2024, 18:06
Babək prospektində güclü yanğın


Babək prospektində güclü yanğın

Bakıda Babək prospektində yanğın başlayıb.
Ərazidə yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.


25-10-2024, 17:59
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi


Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi

Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib.
Bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb.
Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub.
V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib.
Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır.
A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı.
Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!