İstanbulda birgə bəyanat qəbul edildi“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.
Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında yer alıb.
Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Toplantının sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.
Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.
Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.
XİN-in açıqlamasında bildirilib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.