Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                       
Tarix : Bu gün, 15:42
75 illik mənalı   ömür yolu


75 illik mənalı

ömür yolu


Elmdə istedad, həyatda vicdan, davranışda əxlaq – insanın xarakter bütövlüyünü, onun ləyaqətli və xeyirxah İnsan olmasını müəyyən edən ən vacib meyarlardır. Alim yalnız məlumat toplayan, bilik daşıyan bir varlıq deyil, o, ətrafına nur saçan, düşüncələri işıqlandıran, qaranlıqda yol göstərən mənəvi mayakdır.
Dahi Nizami demişkən, “insanı insandan üstün edən yalnız İnsanlığıdır.” Bu həqiqəti Benjamin Franklin də təsdiqləyirdi: “İnsanın ən ali məqsədi İnsanlıqdır.” Həqiqi İnsan isə xeyirxah düşüncəsi, xeyirxah sözü və xeyirxah əməli ilə tanınır. Belə insanların varlığı özü bir məktəb, davranışı bir örnək, əxlaqı bir dəyərdir. Onlar cəmiyyətin mənəvi sütunlarıdır: bir ağac kimi kökü torpaqda möhkəm, budağı göylərə ucalmış, kölgəsi isə hər kəsə şəfqət verən. Sözünün və davranışının gözəlliyi, xarakterinin dürüstlüyü, əxlaqının bütövlüyü ilə seçilən bu fəzilət sahibləri hər zaman başqalarına yol göstərən günəş kimidir: özləri yanaraq ətrafı işıqlandırarlar.
Bu işıqlı insanlar sırasında 75 illik ömrünü elmə, insanlığa və mənəvi dəyərlərə həsr edən, adı çəkilincə ziyalılıq, müdriklik və təvazökarlıq simvolu kimi göz önündə canlanan əziz dostumuz Müseyib İbrahim oğlu İlyasov xüsusi yer tutur. Onun həyatı İnsanlığın nə demək olduğunu təsdiqləyən bir dastandır: sözündə həqiqət, əməlində dürüstlük, münasibətlərində səmimiyyət, elmi axtarışlarında əzmkarlıq və fədakarlıq var. Onun 75 illik həyat yolu ləyaqətli bir alim ömrünün hekayəsi, xeyirxahlıq salnaməsi və ləyaqət kitabıdır.
Oğuldərədən başlanan ömür yolu
Hər böyük insanın həyatında bir başlanğıc olur -təbiətin nəfəsini duyduğu, torpağın ona saflıq bəxş etdiyi və xarakterinin formalaşdığı doğma yurd yeri. Xoşbəxt o kəslərdir ki, gözünü dünyaya sakitlikdən, səmimiyyətdən, paklıqdan yoğrulmuş belə məkanlarda açır. Belə başlanğıclar insanın ruhunu saflaşdırır, qəlbinə xeyirxahlıq toxumu səpir.
Müseyib İbrahim oğlu İlyasov da məhz belə bir torpağın övladıdır - Laçın rayonun Oğuldərə kəndinin. Oğuldərə Müseyib müəllimin yaddaşında təbiətin və insanlığın harmoniyasını yaşadan müqəddəs bir ocaq kimi, yurd yeri kimi qalıb. Ucsuz-bucaqsız dağların qoynunda, mavi səmanın lacivərd ətəyində yerləşən bu kəndin camaatı sanki çəmənliklərin nəfəsini, buz bulaqlarının şəffaflığını öz ruhunda cəmləşdirib.
Oğuldərənin səhərləri başqa idi: dağların üzərindən süzülən günəş şüası, dərələrin içindən nəfəs alan sükut, çayların şırıltısının yaratdığı ilahi ahəng insanın qəlbinə və ruhuna sakitlik verirdi. Müseyib müəllimin xarakterindəki saflıq, sözündəki duruluq, davranışındakı alicənablıq, əxlaqındakı bütövlük, məncə, Laçın torpağının buz kimi bulaqlarından, tərtəmiz havasından, rəngbərəng qayalarından və min bir gülün ətri gələn çəmənlərindən süzülüb gələn bu saflığın davamıdır.
Kəndin adamları da təbiəti kimi saf, bulaqları kimi duru idi. Kənddə evlərin qapısı qıfılsız qalar, insanlar bir-birinə etimad edər, böyüyə ehtiram, kiçiyə mərhəmət, qonağa hörmət göstərilərdi. Belə bir sağlam mənəvi mühit Müseyib İlyasovun taleyinə də öz möhürünü vurub: o, həmin mühitin daşıdığı dəyərləri özü ilə böyüdüb, həyatının mənasına çevirib. Kənd həyatında gördükləri, eşitdikləri onun üçün əsl həyat məktəbi olub. Kənddəki insani münasibətlər, ədəb-ərkan qaydaları, yazılmamış əxlaq normaları onun davranışına təvazökarlıq, insanlarla münasibətinə səmimilik, elmi-pedaqoji fəaliyyətinə dürüstlük və saflıq qatıb. Müseyib müəllimin şəxsiyyət bütövlüyü Laçın küləklərinin sərtliyini deyil, bulaqlarının duruluğunu, çəmənlərinin təmizliyini, insanlarının halallığını xatırladır.
Onun doğulub boya-başa çatdığı Oğuldərə kəndinin yazı bir başqa idi: nərgizin, bənövşənin, novruzgülünün, lalələrin ətiri torpağa təravət verir, bahar nəfəsi insanın ruhunu isidir, qəlbində bir yüngüllük, bir sevinc oyadırdı. Yayın biçənəkləri, payızın səssizliyinin yaratdığı nisgil, qışın qarla örtülmüş gecələrinin poetik sükutu insanları valeh edirdi. Hesab edirəm ki, bütün bu gözəlliklər Müseyib müəllimin xarakterindəki təmkinə, daxili işığa, sakit və ölçülü-biçili hərəkətə, aydın düşüncəyə öz möhürünü vurub. Oğuldərə Müseyib müəllimin yaddaşında və ruhunda toxunulmaz, əbədi və müqəddəs qalıb.

İlyasovlar nəslinin işığı: baba və nəvə Müseyib

İlyasovlar nəslinin tarixində adları eldə-obada hörmət və ehtiramla çəkilən onlarla dəyərli nümayəndələri olmuşdur. Bu nəsildə maarifçiliklə məşğul olan isə professor Müseyib İlyasovun babası Qori Müəllimlər Seminariyasının məzunu Müseyib İlyasovdur. Baba Müseyib İlyasov yalnız müəllim deyil, həm də öz əməlləri ilə cəmiyyətə işıq saçan, insanların düşüncələrini nurlandıran, ruhlarını zənginləşdirən bir maarifçi olub. Onun əməlləri, bilik və təcrübəsi ilə yetişən gənc nəsil xalqın maariflənməsində əvəzsiz rol oynayıb ki, onların da içərisində İlyasovlar nəslinin təmsilçiləri az deyil. İlyasovlar nəslində babalarının şərəfli adına layiq olan ziyalılar çoxdur, amma onun əməllərini yaşadan, maarifçilik ideyalarını yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirən, təmsil etdiyi elin və elmin fəxrinə çevrilən, pedaqogika elmləri doktoru elmi dərəcəsinə, professor elmi adına, Əməkdar müəllim fəxri adına sahib olan yalnız nəvə Müseyib İlyasovdur.

Aim ömrünün bioqrafiyası

Müseyib İlyasov 11 fevral 1951-ci ildə Laçın rayonunun Oğuldərə kəndində elağsaqqalı İbrahim müəllimin ailəsində anadan olub. 1957-1965-ci illərdə Oğul-dərə kənd 8 illik məktəbində, 1965-1967-ci illərdə Laçın şəhər orta məktəbində, 1967-1971-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Pedaqoji fakültəsində təhsil alıb. 1971-1977-ci illərdə Laçın rayonunun Oğuldərə kənd orta məktəbində müəllim və təlim - tərbiyə işləri üzrə direktor müavini işləyib. Laçın rayon Təhsil Şöbəsinin qərarı ilə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi iş təcrübəsinin yayılması məsləhət bilinib. 1972-1973 -cü illərdə hərbi xidmətdə olub.
1978-ci ildə arzularının işığında Bakıya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ümumi pedaqogika kafedrasında pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturaya qəbul olunub. Azərbaycan təhsil və pedaqoji fikir tarixinin müqtədir tədqiqatçısı prof. Hüseyn Əhmədovun rəhbərliyi ilə elmi yaradıcılığı başlayıb, Bakının və Moskvanın mərkəzi kitabxanalarında araşdırmalar aparıb, dövrünün görkəmli pedaqoq və psixoloqları ilə təmasda olub, onların mühaazirələrini dinləyib, dissertasiya işi bağlı verdikləri təklif və tövsiyələri nəzərə almaqla qısa bir vaxtda elmi araşdırmalarını başa çatdırıb. 1981-ci ildə Ümumi pedaqogika kafedrasında müəllim kimi pedaqoji fəaliyyəmtə başlayıb. Azər¬baycanda pedaqoji elmlər üzrə Müdafiə Şurası olmadığından xeyli gözləməli olub, nəha¬yət ki, 1987 -ci ildə “Kənd məktəblərarası tədris-istehsalat kombinat¬larında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik (fəlsəfə dok¬torluğu) dissertasiyasını uğurla müdafiə edib. Elmi uğurları artdıqca, vəzifə pil¬lələrində də sürətlə yüksəlib. 1989-cu ildə Ümumi pedaqogika kafedrasında baş mü¬əllim, 1991-ci ildə dosent vəzifəsinə seçilib.
1989-1997 -ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsində ictimai əsaslarla dekan müavini vəzifəsində işləyib.
2011-ci ildə “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Müseyib müəllim 2017-ci ildə professor elmi adı alıb. 2013-2025-ci illərdə ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri vəzifəsində çalışıb. Universitetin və Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının üzvüdür. ADPU -nun Elmi - Metodik Şurasının üzvü, fakültə Elmi-Metodik Şurasının sədridir.
1997-1998-ci illərdə Azərbaycan ETPEİ-də fəaliyyət göstərən pedaqogika üzrə ixtisaslaşmış Müdafiə Şurasının üzvü, 2007-2010-cu illərdə ADPU-da Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təhsil və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasının elmi seminarının üzvü, 2013-2015 -ci illərdə elmi seminarın sədri olub.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqogika, psixologiya və ilahiyyat komissiyasının Ekspert Şurasının elmi katibi, 2012-2018-ci illərdə isə Fəlsəfə, pedaqogika və psixologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2018-ci ildə Filologiya və pedaqogika elmləri üzrə Ekspert Şurasının üzvüdür.
1984-1995-ci illərdə Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının aparıcısı olub. 1980 - 1990 -cı illərdə Respublika “Bilik” cəmiyyətinin xətti ilə respublikamızın müxtəlif bölgələrində əhali arasında pedaqoji biliklərin yayılmasında iştirak edib.
1982-1984-cü illərdə üç dəfə (hər biri 10 gün olmaqla) Ümumittifaq Komsomol Təşkilatı Mərkəzi Komitəsinin, SSRİ Maarif Nazirliyinin və SSRİ Pedaqoji Elmlər Akademiyasının Rusiyanın Yaroslav vilayətinin Rostov-Velikiy və Zveniqorod şəhərlərində təşkil etdikləri “Gənc alimlər və mütəxəssislər məktəbi”nin iştirakçısı olmuşdur.
1992-1997-ci illərdə N.Tusi adına ADPU-nun “Pedaqoji Universitet Xəbərləri”nin pedaqoji - psixoloji elmlər seriyasının, 2007-2010-cu illərdə “Beynəlxalq Universitet Xəbərləri”-nin pedaqoji-psixoloji elmlər seriyasının məsul katibi olub. 2016-cı ildən ADPU-nun “Pedaqoji Universitet Xəbərləri” jurnalının “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası”nın redaktor müavinidir. “Pedaqogika”, “Peşə təhsili və insan kapitalı”, “Pedaqoji tədqiqatlar” elmi-metodik jurnallarının redaksiya heyətinin üzvüdür.
Prof.Müseyib İlyasov zəngin və çoxçaxəli yaradıcılıq kredosuna malik tədqiqatçı alimdir. O, 10 monoqrafiya, dərslik və dərs vəsaitinin, 200-dən artıq elmi-pedaqoji və publisistik məqalənin, 35 tədris proqramının, 10 metodik göstərişin müəllifidir. 10 kitabın və 30-dan çox tədris proqramının elmi redaktoru və 6 kitabın tərtibçisidir. Məqalələri Bakı, Moskva, Səmərqənd, Tbilisi, Kiyev, Kirovoqrad və Tolyattidə nəşr olunan nüfuzlu jurnallarda çap edilib. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları” müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayevin sərəncamı “Azərbaycan Dövlət Pedaqoji Universiteti- 100” (2023) yubiley medalına, ayrı-ayrı təhsil qurumlarının Fəxri fərman və diplomlarına layiq görülüb.
Müseyib İlyasovun ailə portreti
Laçın rayonunun Oğuldərə kəndində İbrahim kişinin zəngin adət-ənənəsi olan ailəsində böyüyən, kiçik yaşlarından zəhmətə alışan, mehriban ailə münasibətləri işığında pərvazlanan Müseyib müəllim özü də gözəl və səmimi bir ailənin sahibidir. Ailənin dəyərlərini qoruyub saxlayan, onları yüksək qiymətləndirən Müseyib müəllimin həyat yoldaşı Nuriyyə xanım Pedaqoji Universitetin Tarix fakültəsinin məzunudur. Hazırda Nərimanov rayonundakı 82 saylı məktəbdə tarix müəllimi işləyir. Novator və peşəkar müəllim kimi tanınan Nuriyyə xanım Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Bu xoşbəxt və səmimi ailədə üç övlad böyüyüb. Valideynlərindən-ilk müəllimlərindən əxlaq, mənəviyyat və həyat dərsləri alan, özləri də ailə sahibləri olan bu övladlar müxtəlif sahələrdə uğurla çalışırlar. Böyük qızı Könül ingilis dili müəllimi, kiçik qızı Aygün həkimdir. Oğlu Ruslan isə “ADA” Universitetinin məzunudur, təhlükəsizlik sahəsində xidmət edir.
Müseyib müəllim həm də nurani-pirani bir babadır. Nəvələri Nihat, Dəniz, Sənan, Aqil, Nilufər onun ruhuna sığal, qəlbinə sevinc, həyatına işıq verən bir ilham mənbəyidir. Nəvələrinin gülüşündə, onların uğurlarında Müseyib müəllim öz əzmkarlığının, səbrinin və sevgisinin gücünü görür. Onlarla keçirdiyi hər an onun qəlbində dərin xoşbəxtlik və mənəvi zənginlik yaradır.
Müseyib müəllimin böyük ailəsi onun həyatının dayağı və enerji mənbəyidir. Onların varlığı Müseyib müəllimə elmi -pedaqoji fəaliyyətini daha həvəslə və zövqlə davam etdirməyə ilham verir.
Arzular, diləklər...
Professor Müseyib İlyasovun 75 illik ömrü yalnız bir insanın həyat hekayəsi deyil, həm də Azərbaycan maarifi, elm və təhsili üçün böyük xidmətlərin, elmi uğurların və mənəvi dəyərlərin canlı salnaməsidir. Onun dəyərli araşdırmaları, pedaqoji fəaliyyəti və maarifçilik ənənələrinə sadiqliyi gələcək nəsillərə örnək olacaq əvəzsiz bir irsdir. Müseyib İlyasov həm tanınmış pedaqoq alim, səriştəli idarəedici və müəllim, həm də nurlu insan, sədaqətli dost, övladları, tələbələri və həmkarları üçün dəyərli şəxsiyyətdir.
Onun 75 illik ömür kitabını vərəqləyərkən görürük ki, bu kitabda yalnız akademik uğurlar, elmi nailiyyətlər yer almayıb, həm də təvazökarlıq, mənəvi zənginlik və insanlıqla dolu olan bir ömrün yadda qalan anları öz əksini tapıb.
Əziz dostumuz professor Müseyib İlyasovu yubileyi münasibəti ilə ürəkdən təbrik edir, bundan sonra da ömrünün sağlam, elmi-pedaqoji fəaliyyətinin faydalı olmasını arzu edirik.

Fərrux RÜSTƏMOV

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!