Təbrik Həyatından sevinc, sevgi əskik olmasın!(Dostum Fikrət həkimin yubileyinə)Dünyada hamı yaşayır, amma elə insanlar var ki, kimsə onların niyə, nə üçün yaşadıqlarını düşünmək belə istəmirlər. Elələri də var ki, həm özünə, həm də dostlarına tez-tez sual ünvanlayırlar. Biz dünyaya nə üçün gəlmişik, ümumiyyətlə niyə yaşayırıq? Kimə lazımıq? Mənim dostum Fikrət Orucov bu sualları çox verib, həm də sualının cavabını özünün həyat tərzi, əməli işi və ətrafdakılara faydası ilə verməyə çalışıb. Oktyabrın 2-də əziz dostumun 60 yaşı tamam olur. Bu münasibətlə onu qəzetimizin oxucuları ilə də tanış etmək istədim:
Fikrət Orucov 1964-cü ildə Zəngəzur Mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Doğma kəndindəki 8 illik məktəbi əla qiymətlərlə bitirdikdən sonra orta təhsilinə Kacaran şəhərindəki Azərbaycan məktəbində davam edib. 1983-cü idə orta məktəbi dərs əlaçısı olaraq bitirib. Elə həmin il də Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Ali təhsili başa vurmamış hərbi xidmətə gedib. 1982-1984-ci illər arası Sovet Ordusunda qulluq edib. Xidməti başa vurandan sonra Universitetdə təhsilinə davam edib. 1985-1989-cu illərdə ali tibbi təhsili başa vurduqdan sonra 1 il Nəsimi Rayon Mərkəzi Aptekində interna keçib. Interna müddəti bitdikdən sonra Yasamal rayonundakı 50 saylı aptekdə provizor kimi işə başlayıb, bir müddətdən sonra böyük provizor olub. Qısa müddətdə əczaçılıq sahəsində qazandığı təcrübəni və nümayiş elətdiyi peşəkarlığı nəzərə alıb Fikrət Orucova etimad göstəriblər. Onu Sumqayıt şəhərindək 951 saylı aptekə müdir təyin ediblər.
Sovet İttifaqının çöküşündən, ictimai-siyasi formasiyanın dəyişməsindən sonra həkim öz ixtisası üzrə sahibkarlıq fəaliyyətinə keçib. “Zeytun 37” aptekini təsis edib. Elə o vaxtdan özü yaratdığı qurumun rəhbəri vəzifəsində çalışır.
Yuxarıda qeyd olunanlar Fikrət Orucovun ömrünün qısa ensiklopedik məlumatıdır. Ancaq onun 60 illik enişli yoxuşlu həyat yollarının keşməkeşləri də var. O hələ yeniyetmə çağlarından erməni faşistlərinin diskriminasiya siyasətinin şahidi olub. Doğulduğu Baharlı kəndini yerində göl qurmaq bəhanəsilə köçürüblər. Ulularının uyuduğu qəbiristanlığın sökülüb dağıdılması onun yaddaşında silinməz izlər buraxıb. Bütün Qərbi Azərbaycanlı soydaşlarımız kimi o da qaçqınlığın, ata yurdundan məhrumluğun ağrı-acısını yaşayıb. Qarabağdakı separatçıların vurduğu yaralardan onun da ailəsinə pay düşüb. Qardaşının oğlu Birinci Qarabağ Müharibəsində şəhid olub.
Deyirlər dərd gələndə batmanla gəlir. Fikrətin də dərdi batmanla gəldi, şəhidinin yarası qaysaqlanmamış öz ailəsində faciə baş verdi. İki qızının tək qardaşı İlkinin bəy taxtına oturmamış dünyadan köçməsi onu elə sarsıtdı ki...
Yaxşı ki doğmalarının, dostlarının nəvazişi, diqqəti sayəsində yenidən həyata tutuna bildi. 60 yaşa qədər həyatın hər üzünü görə-görə gələn, ximətdə, işdə cəmiyyət içində, ümumiyyətlə ətrafdakıların min cür əməlinin şahidi olan F.Orucov bu illər ərzində yalnız yaxşılardan örnək alıb. Pisliyi, paxıllığı qəlbinə yaxın buraxmayıb. Xeyirxahlığı, humanistliyi ruhunun qidası bilib, həyat amalına çevirib. O, həm də sədaqətli dost, istiqanlı qohum, cəfakeş ailə başçısı, qürurlu vətəndaşdır.
Bu gün ləyaqətli vətəndaşımız, təəssübkeş eloğlumuz haqqında nə qədər istəsəniz yazmağa mövzu var. Onu da qeyd edək ki, yaşadığı Sumqayıt Şəhərinin abadlaşdırılmasında imkan daxilində yardımını əsirgəməyib. Fıkrət Orucov Vətən müharibəsi dövründə öz maddi-mənəvi imkanlarını ordumuzun qələbəsi üçün səfərbər edib. İstər dərman tədarükü, istərsə də digər təminatlarda bütün imkanlarını ortaya qoyub. Bir sözlə onun mayası xeyirxahlıqdan yoğrulub. Yaxşılıq etməkdən zövq alır.
30 ili aşan tanışlığımız artıq dostluğa çevrilib. 60 illik ömrünün yarısından bəri tanıdığım Fikrət peşəsinə sadiq olduğu qədər də dostluqda vəfalıdır. Dürüstdür, sözübütövdür.Əziz dostum, qardaşım Fikrət, yubileyin münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə sağlam, uzun ömür, peşə fəaliyyətində uğurlar, ictimai-siyasi həyatında nailiyyətlər arzulayıram! Bütün acıların keçmişdə qalsın. Uca yaradanımız gül balaları gözünə çıraq eləsin! Qalan ömrünü könül xoşluğu, ruh dincliyilə yaşayasan! Dostlara, doğmalara olan sevgin tükənməsin! Biləsən ki sevdiklərin səni daha çox sevirlər.
Əzizim həyatından sevinc, sevgi əskik olmasın! 100 yaşa!
Hörmətlə: Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri