Aşıq Ələsgərin heykəli Qərbi Azərbaycanın müjdəsidir - Aşıq Şəmşirin nəvəsi Dədə Şəmşirin nəvəsi, Dədə Şəmşir Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov Aşıq Ələsgərin Bakıda ucaldılan heykəli ilə bağlı fikirlərini açılayıb.
O, qeyd edib ki, heykəlin necə hazırlanması, onun Aşıq Ələsgərin tam obrazını ifadə edib-etməməsi barədə fikirlərlə tanış olub.
“Bu haqda rəssamlar, heykəltəraşlar danışa, fikir söyləyə bilər. Sənət nöqteyi-baxımından bir heykəlin duruşunda həmin şəxsiyyətin xarakterinə, obrazına hansısa uyğun gəlməyən detallar axtarmaq peşəkarların işidir. Bu heykəlin indiki məqamda ucaldılmasının mahiyyətinə, onun gələcəyə verdiyi mesaja baxmaq lazımdır. Bu mesaj Qərbi Azərbaycan müjdəsidir, Göyçə müjdəsidir. Cənab Prezident Dədə Ələsgər haqqında yüksək fikirlər səsləndirdi. Mənim ulu babam Qurban kişi Dədə Ələsgərin yaxın dostu olub. Aşıq Ələsgər Şəmşir babama mənəvi ata sayılıb. Babamdan Dədə Ələsgər haqqında o qədər gözəl sözlər eşitmişəm ki, onların hamısını daha mükəmməl formada Cənab Prezident ifadə etdi.
Bu heykəlin Qərbi Azərbaycana qayıdış yolunda bizə verdiyi ruha diqqət etməliyik. Dədə Ələsgər Təbrizdən tutmuş bütün Türk dünyasınının sevilən saz-söz ustadı olub.
Çox sevindiricidir ki, müasir dövrümüzdə Dədə Ələsgər, Dədə Şəmşir kimi şəxsiyyətlərin irsi öyrənilir, unudulmağa qoyulmur”.