Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
20-09-2025, 12:27
Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirilib - FOTO


Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirilib - FOTO

Xankəndi şəhər Konqres Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin açılışı olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sərgidə azad olunmuş Qarabağ torpaqlarındakı təbii gözəlliklər, zəngin tarixi abidələr, həmçinin aparılan bərpa-quruculuq prosesi peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim edilir. Tədbir, eyni zamanda, xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin və bölgənin yenidən dirçəlişinin simvolu kimi dəyərləndirilir.Sərgidə tanınmış fotoqraflar, Qarabağın ruhunu, qədim abidələrlə müasir inkişafın ahəngini özünəməxsus üslubda təqdim ediblər.
Sərgi Qarabağın indiki həyatını və gələcək perspektivlərini ictimaiyyətə çatdırmaqla yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunması barədə məlumatlandırmanı da hədəfləyir. Qeyd edək ki, bu gün Qarabağ Universitetinin İncəsənət fakültəsində Azərbaycan Dövlət Musiqili Teatrı tərəfindən Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da nümayiş etdiriləcək. Daha sonra Uşaq İncəsənət Festivalının qaliblərinin çıxışlarından ibarət konsert proqramı təşkil olunacaq. Günün sonunda isə Xankəndi şəhərinin Zəfər meydanında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə konsert keçiriləcək, atəşfəşanlıq olacaq.





20-09-2025, 12:09
Sabahın havası


Sabahın havası

Sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.
20-09-2025, 11:56
Ruanda Prezidenti Fəxri xiyabanı ziyarət etdi


Ruanda Prezidenti Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
20-09-2025, 11:31
Erməni analar məni şok etdilər! - Paşinyan


Erməni analar məni şok etdilər! - Paşinyan

“Erməni analar 9 noyabr 2020-ci il tarixli sənədi (İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanat-red.) imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.
“Bu mənim üçün əsl şok oldu. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib.
20-09-2025, 11:24
Zəngəzurun repressiya qurbanları


Zəngəzurun repressiya qurbanları

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. İctimai Birliyin Zəngilan və Laçın rayonlarından sonra növbəti tədbiri Abşeron rayonunda keçirilib. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən tədbirlərlə paralel olaraq, həm də respublikamızın arxivlərində Qərbi Azərbaycanlı repressiya qurbanları da tədqiq edilir.
36078 PR №li şəxsi işlə tanış olarkən 1890-cı ildə Zəngəzur mahalının Qafan rayonunun Mahmudlu kəndində anadan olmuş Əhmədov Nazaralı Kərbəlayı Əhmədxan oğlunun adına rast gəlinir. Qeyd olunub ki, əvvəllər məhkum olunmamış Nazaralının 40 yaşı var, türkdür. Müsavat-qolçomaqları dəstəsinin fəal üzvlərindən və rəhbərlərindən biridir. O, gizli toplantılarda iştirakına və sovet hökumətinin tədbirləri əleyhinə təbliğat aparmaqda, qaçaq hərəkatını və soyğunçu quldurları qızışdırmaqda, kəndlilər üzərində zorakılığına görə ittiham olunur.
Nazaralı Əhmədoovun istintaq materiallarında o da qeyd olunub ki, müttəhim özünü günahkar hesab eləmir.
Müttəhimin günahkar olduğu sübuta yetməsə də daşnaklar Ermənistan Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin 67 və 68 maddələrinə istinad edərək 31 iyul 1930-cu ildə 5 il müddətinə həbs düşərgəsinə məhkum edilib.
Cinayət işində Mahmudlu kəndinin yerləşdiyi Gığı regionunun ictimai-siyasi vəziyyəti də təhlil edilib.
Araşdırmamız davam edir...
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin
mətbuat xidməti
20-09-2025, 10:30
Kəlbəcər və Laçına QAR YAĞIB


Kəlbəcər və Laçına QAR YAĞIB

Ölkənin bəzi ərazilərinə leysan yağır, güclü külək əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.
Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28, Culfa, Xızıda 25, Bakıda və Abşeron yarımadasında, Mingəçevirdə 23, Naxçıvan, Naftalanda 22, Şərur, Sabirabadda 20, Qobustan, Goranboyda 19, Bərdə, Sədərək, Kürdəmirdə 18, Qusarda 17, Ağdam, Tərtərdə 16 m/s-dək güclənir.
Göyçay, Lerik, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qrız, Şahdağda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
20-09-2025, 10:13
"Əsrin müqaviləsi"nin 31 yaşı oldu


"Əsrin müqaviləsi"nin 31 yaşı oldu

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.
Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
19-09-2025, 18:54
SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA


SƏNİN TƏK MÜƏLLİMLƏR AZDI DÜNYADA

Sənsən can sirdaşı, könül həmdəmi,
Yox etdin ürəkdən kədəri, qəmi.
Dolan bu dünyanı, gəz bu aləmi,
Böyük hörmətin var eldə, obada,
Sənin tək müəllimlər azdı dünyada.


- Səftər müəllimi tanıyırsınız?
- Bu sualla müraciət edən kimi çoxlarının qəlbində mürgülü xatirələr oyandı. Həmin adamlar ötən günləri, məktəb illərini, həyata açılan pəncərədən baxdıqları çağları xatırladılar. Bütün bunların əvəzində isə eşitdiyim bu sözlər oldu: " Yaxşı müəllim, xeyirxah insandır."
Müəllimi çox zaman yanıb gilə- gilə əriyən şama bənzədirlər və düz də bənzədirlər. Milli mətbuatımızın banisi, böyük Azərbaycanlı Həsən bəy Zərdabi də bu yanğını görmüş, duymuş, insan qəlbinə ehtiram, məhəbbət əlaməti olaraq yazmışdır:
"Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: "Müəllimlik". Dostumuz Səftər Dadaşov da bu peşəni seçib. "Seçmək" sözü nədənsə mənə çox asan, ucuz gəlir. Əslində isə Səftər müəllimə bu sənət alın yazısı ilə qismət olub. Gözəgörünməz bir qüvvə onu V. İ. Lenin adına APİ-nin filologiya fakültəsinə gətirib. Doğrudur, o bu yolda çox əziyyətlər görmüşdü. Lakin bir dəfə də olsun alnını qırışdırmamış, qismətindən gileylənməmişdi. Ömrü boyu öyünüb, sevinib, başı uca gəzərək, "mən müəlliməm "- deyib. Elə inndi də bu sözlər onun dilinin əzbəridir.
Səftər müəllimin fikrincə, "müəllim aynadır, şagird ona baxıb özünü düzəldir və həmişə müəllimi ilə öyünür. "Səftər müəllimin belə düşünməyə, bu qənaətə gəlməsinə həm mənəvi, həm də hüquqi ixtiyarı var, niyə? Çünki əlinə jurnal alıb sinfə girən gündən bir dəfə də olsun könülsüz, həvəssiz olmayıb. Ən böyük amalı, arzusu bu olub ki, gələcəyimiz olan gənclər hərtərəfli, mükəmməl bilik alsınlar, dünya görüşləri geniş, zəngin olsun. Şagirdləri Səftər müəllimi görəndə sanırlar ki, sinifləri işıqlanır, istiləşir. Böyük diqqətlə ona qulaq asırlar, dediklərini eşidir, tapşırıqlarını həvəslə, maraqla yerinə yetirirlər...
Səftər Dadaşov 1961-ci ildə Yardımlı rayonunun Ərsilə kəndində qulluqçu ailəsində dünyaya göz açıb. Həmin kənddə də orta məktəbi bitirib. Sonra iki il Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurub qayıdan Səftər ali təhsil almaq məqsədilə Bakı şəhərinə gəlib. Sənədlərini indiki ADPU-nin filologiya fakültəsinə verib və həmin il (1983) tələbə adını qazanıb. Beləliklə, Səftər müəllim çoxdan arzusunda olduğu Azərbaycan dili və ədəbiyyat müəllimi kimi 1988-ci ildə Ərsilə kənd məktəbində əmək fəaliyyətinə başlayıb. Artıq 42 ildir ki, uşaqların əhatəsindədir, onlara atalıq qayğısı göstərir.
Rayon rəhbərliyi və təhsil şöbəsi Səftər müəllimin işgüzarlığını və təşkilatçılığını nəzərə alaraq onu çalışdığı məktəbə direktor təyin etmişlər. Artıq 21 ildir ki, o kollektivə rəhbərlik edir. Axı, Səftər müəllim Mürsəl Həkimov, Nizami Xudiyev, Həsən Mirzəyev, Qəzənfər Kazımov, İsmayıl Şıxlı, Xeyrulla Məmmədov kimi məşhur professorlardan dərs alıb.
Səftər müəllimin necə tələbkar, obyektiv, büllur kimi saf olduğunu onu tanıyanlar, dərs dediyi şagirdlər hörmətlə xatırlayır, onun insanlığını yüksək qiymətləndirirlər.
Əliyev Güloğlan, Keçmiş məktəb direktoru:
- Səftər müəllim mən direktor işləyəndə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirdi. O, Mirzə Fətəlini, Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri elə həvəslə, elə maraqla tədris və təbliğ edirdi ki, ömrümün bu çağında, dönüb arxaya baxanda özümdən asılı olmayaraq o müqəddəs insanın fədakarlığına minnətdar, borclu olduğumu dönə - dönə xatırlayıram. Səftər müəllimi el-obada sevdirən, əsas cəhətlərdən ən başlıcası bu idi ki, o şagirdlərin sinifdə yüksək hazırlıqlı olmasına çalışırdı. Deyirdi ki, başdansovdu özül üstündə bərqərar olan bina dövrünün qasırğasına dözüm gətirə bilmədiyi kimi, ilk bazası olmayan şagirddən də gələcəkdə fərdi bir əməl gözləmək mənasızdır. Fəxr edirəm ki, Səftər müəllim kimi uşaqlarımıza elm öyrədən, təlim-tərbiyə verən müəllim yoldaşım var.

İllər ötüb keçdi. Vaxt, zaman göstərdi ki, Səftər müəllim möhkəm ailə bünövrəsi qurub. Xalq üçün, vətən üçün xeyirxah övladlar tərbiyə edib.
Qarayev Zakir- Ərslə tam orta məktəbinin kimya müəllimi:
- Hər bir xalqın, millətin, elin, obanın mərd, xeyirxah, hörmətli oğulları olub. O, hörmətli adamlar, mərd oğullar, kimlərəsə əl uzadır, maddi və mənəvi dayaq olurlar. Elinin - obasının sevimlisinə çevrilir. Mən də bir müəllim yoldaş kimi, fəxrlə deyirəm ki, elimizdə - obamızda hörmət qazanmış və mənim xatirəmdə, yaddaşımda əbədi yaşayacaq insanlardan biri də məktəbimizin direktoru Səftər müəllimdir. O, bir ziyalı kimi vətənini də, doğma yurdunu da, ailəsini də dostlarını da... dünyalar qədər sevir. Onun həyat fəaliyyəti bu gün hər birimiz üçün, xüsusilə də gənclər üçün örnəkdir.
Zakir müəllim onu da qeyd etdi ki, Səftər müəllimin rəhbərlik etdiyi müəllim kollektivi arasında möhkəm nizam -intizam, sağlam ab - hava, müəllim - şagird, məktəb - valideyin - şagird münasibətləri yüksək səviyyədədir.
Quliyeva Səbinə- Ərsilə kənd tam orta məktəbinin ingilis dili müəllimi:
- Mən bu kəndə bir neçə aydır ki, gəlmişəm. Məktəbin direktoru Səftər müəllimdən həmişə ata qayğısı görmüşəm. Çox gözəl insandı. Məktəbin olduqca gözəl kollektivi var.
Səftər müəllim gözlərim önündə canlananda fikirləşirəm: o, təbiəti etibarilə dünyaya müəllim biçimində gəlib. Gəncliyə sevgi, kollektivə hörmət, mənəvi saflıq, təvazökarlıq onun elə bil tale yazısıdır...
Səftər müəllim xoşbəxt taleli müəllimdir. Ürəyi, könlü Azərbaycan sevgisi ilə doludur. Sevinirəm ki, nə yaxşı belə bir kollektivlə çalışıram.
Səftər müəllim işıqlı, nurlu ziyalılarımızdan biridir.
…Bəli, Səftər Dadaşovun işinə və şagirdlərinə olan məhəbbəti özündə birləşdirən müəllimdir deməli, kamillik və ucalıq mərtəbəsinə yüksələn müəllimdir. Məhz onun kimi müəllimlər, onun kimi yaxşı adamlar, onun kimi işıqlı, nurlu ziyalılar Günəşdən, Aydan və ulduzlardan əzəmətli görünürlər.


Hüseyn İSAOĞLU,
AYB-nin və AJB-nin üzvü
19-09-2025, 18:53
Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi


Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi

Rusiya Hərbi Hava Qüvvələrinin üç MiQ-31 qırıcısı Estoniya hava məkanına daxil olaraq paytaxt Tallinə cəmi 9 km məsafəyə qədər yaxınlaşıb və təxminən 12 dəqiqə orada qalıb.
Politico"nun məlumatına görə, Şimal Atlantika Alyansı bu təxribatı dayandırmaq üçün İtaliyaya məxsus F-35 qırıcılarını havaya qaldırıb.
MiQ-31-lər Rusiya ordusunun “Kinjal” hipersəs raketləri daşıya bilən ağır təyyarələridir və bu hadisə NATO-nun şərq sərhədində ciddi eskalasiya kimi dəyərləndirilir.
Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini çağıraraq hava sahəsinin pozuntusuna görə rəsmi etiraz notası təqdim edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, bu il artıq dördüncü dəfə Rusiya Estoniya hava məkanını pozur:
“Bu gün baş verən hava məkanı pozuntusu misilsiz dərəcədə cəsarətli idi. Artan təzyiqlərə qarşı siyasi və iqtisadi cavablar daha da gücləndirilməlidir.”
Hadisə fonunda Estoniya Müdafiə Qüvvələri hava sərhədlərinin pozulması ssenarilərini məşq etmək üçün fövqəladə təlimlərə başlayıb.
Latviya Seymi Rusiyadan və Belarusdan gələn risklər səbəbindən sərhədlərin tam bağlanması qərarını qəbul edib. Polşa da Belarusla sərhəddə eyni addımı atıb.
Mütəxəssislər baş verənləri NATO-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
19-09-2025, 18:34
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür


20 Sentyabr - Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.
Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi.
2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı.
Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Sahibə MUSAYEVA,
Şəhid Sahib Musayevin qızı,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!