Təbrik edirik! .....                        İsrail səfiri: Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır .....                        Rusiya kilsəni bombaladı - Ölənlər var .....                        Sumqayıtda yaşayış binasında yanğın - VİDEO .....                        Almanın kiloqramı 6-7 qəpiyə düşdü .....                        ABŞ Qəzzaya qoşun göndərəcək? .....                        Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq .....                        Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!" .....                        Bakıda binada yanğın .....                       
Bu gün, 11:54
VƏTƏN İGİD OĞLUNU   UNUTMAYACAQ


VƏTƏN İGİD OĞLUNU


UNUTMAYACAQ



Əzizinəm Qarabağ,
Qarabağda qara bax.
Cavanlar şəhid oldu,
Qana döndü Qarabağ.

Şəhidlər Vətən var olduqca, əsrlər boyu bugünkü və gələcək nəsillərin ürəyində, qürurunda, Vətənin hər qarışında, qalib ölkənin adında əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur.
Şəhid mayor Rüfət Mürvət oğlu Əsgərov 1981-ci il dekabrın 1-də Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulmuşdur. 1993-cü ildə bədxah və nankor düşmənin Qubadlını işğal etməsi nəticəsində el-oba doğma yurdlarından didərgin düşəndə Rüfətin 12 yaşı vardı. Əsgərovlar ailəsi Bakıda yaşasa da, Rüfət yay aylarında Aşağı Molluda - baba və nənəsinin yanında olurdu, onların sevimli nəvəsi idi. O, 1988-1996-cı illərdə Xətai rayonunun Ə.Əliyev adına tam orta məktəbində təhsil alıb. Rüfət böyüdükcə Vətənimizin cənnət guşəsi Qarabağın və onun ətrafındakı Vətən torpaqlarının düşmən tərəfindən işğal olunması onun milli ruhda, vətənpərvər böyüməsində böyük rol oynadı. Ona görə də 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə təhsil alır. Daha sonra hərbi biliklərini möhkəmləndirmək, həyat yolunu peşəkar hərbçi kimi davam etdirmək üçün 1999-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbin sirrlərinə yiyələnir.
Ali təhsilini uğurla başa vuran Rüfət leytenant hərbi rütbəsi ilə 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən, baş leytenant rütbəsi ilə 2009-2012-ci illərdə Ağcabədi rayonundakı “N”saylı hərbi hissələrdə xidmət edib. Daha sonra – 2012-2014-cü illərdə kapitan hərbi rütbəsində Gəncə şəhərində, 2014-cü ildə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissələrdə şərəfli işini davam etdirib. 2014-cü ildə Rüfət Əsgərova nümunəvi xidmətinə görə mayor rütbəsi verilib. Həmin ildən Hərbi Məktəbdə “Kəşfiyyat” kafedrasının baş müəllimi kimi gənc hərbçilərə hərbin sirrlərini öyrətməyə başlayıb.
Rüfətin döyüş yolu Xüsusi Təyinatlı Qüvvələrdən keçib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, bir gün ərzində döyüş dostları ilə birgə üç strateji postu Azərbaycan Ordusunun nəzarəti altına alınmasında xüsusi igidlik göstərib.
Hər qələbə düşmənə dərs,
Hər qələbə salacaq səs.
Qoyma, düşmən alsın nəfəs,
Yor, qoluna qurban olum!
Vur əsgərim!
Vur, qoluna qurban olum!

Babasının Qubadlıda doğulduğundan Qubadlının işğaldan azad olunmasını valideynlərnə birinci xəbər verməyi arzulayırdı. Hətta atasına Qubadlıda kabab qonaqlığı verəcəyinə söz vermişdi.
Rüfət Əsgərov nankor və tamahkar düşmənin kabusuna çevrilən Vətən qəhrəmanlarındandır. Atası Mürvət müəllim deyir ki, oğlu hələ uşaq yaşlarından vətənpərvər idi. Həm də ətrafındakı uşaqlar da onun kimi böyüyürdü. Müəllim olanda da öz xarakterinə uyğun hərbçilər yetişdirirdi:
“Rüfət kəşfiyyatçı olduğuna görə hər işi yüz ölçüb bir biçərdi, çox ciddiydi. Düşmənlə üzbəüz, həyatı təhlükədə olanda belə soyuqqanlığını, hərbçi təmkinini itirməzdi. Təmas xəttində olmuşdu, müxtəlif tapşırıqlar yerinə yetirmişdi, işlədiyi kollektivdə həmişə aparıcı rol oynayırdı, ancaq bizə danışmazdı. Müharibə vaxtında telefon danışığımız 8-10 saniyə çəkərdi. Dosyesində “kəşfiyyat və əks-kəşiyyat rəisi” yazılmışdı. Özünün igidliyini vəzifə borcu bilərdi. Bu məni və onu yaxından tanıyanları, döyüş dostlarını qürurlandırırdı. 2014-cü ilin avqustunda Tovuzda gedən döyüşlərdə 3-4 gün ona zəng çatmadı. Qızğın döyüşlər vaxtı ön cəbhədəki döyüşçülərə yemək aparırdı. Oğlum bütün hərbçilərə örnək olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla, eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qisasını alacağam deyirdi və aldı da.”

Qardaşı Nicat deyir ki, qardaşımın Vətən sevgisi danışmaqla bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını da ona əmanət edib.
Ömür-gün yoldaşı Arzu Əsgərovanın dediyinə görə, Rüfət Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisini daim övladlarına aşılayırdı.
Şəhidin Vətənə əmanət iki övladı böyüyür. Xansuvar və Zəhra. Oğlu deyir ki, atam müharibənin başlamasını səbirsizliklə gözləyirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və cəsarəti, rəşadətli Ordumuzun igidliyi, iqtidar-xalq birliyinin möhkəmliyi nəticəsində həyata keçirilən uğurlu hərbi əməliyyatlar zamanı 44 gün ərzində Vətən torpaqları işğaldan azad edildi.
Qorudu yurdunu, səltənətini,
Göstərdi yağıya güc-qüdrətini.
Qazandı xalqının məhəbbətini,
Ali Baş Komandan, qalib ordumuz.

Vətənimizin ərazi bütövlüyü təmin edildi, müstəqilliyimizə təhlükə və təhdidlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı tarixinin qızıl səhifəsini yazdı. Bu unudulmaz və əbədi Zəfərin əldə olunmasında payı olan Vətən oğullarından biri də mayor Rüfət Əsgərovdu.
Zəngin və şərəfli döyüş yolu keçmiş Rüfət Əsgərov 2020-ci ilin oktyabrın 14-də torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Ağdərə şəhəri istiqamətində, Tərtər rayonunun Ballıca kəndi ərazisində, qəhrəmanlıqla vuruşaraq, döyüş tapşırığını yerinə yetirərkən şəhidlik kimi ali məqama yüksəlib. Bakıda, ikinci Fəxri Xiyabanda dəfn olunub.
Sevdin torpağının hər qarışını,
Öyrəndin onunla bir can olmağı.
Vətənçün qaldırdın Haqq savaşını,
Bacardın bu yolda qurban olmağı.
Qeyrətə səslədi səni ürəyin,
Onsuz da bu istək könlündəydi ki.
Bir Haqqa bağlıydı arzun, diləyin,

Qarabağ yolunda ölüm nəydi ki?!
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid mayor Rüfət Əsgərov ordudakı misilsiz xidmətlərinə görə həmçinin III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, və “Rəşadət” ordeni ilə də təltif edilib.

2020-ci il noyabrın 8-də qazanılan möhtəşəm Qələbədən- Zəfərdən sonra şəhid Rüfət Əsgərovun ailə üzvləri şəhidin doğulduğu Qubadlı rayonunun Aşağı Mollu kəndinə səfər edib. Kövrək və qürurlu hisslərin qanadında doğma yerlərə səfər hamının qəlbində bir nisgil yaratmışdı. Ona görə ki, bu səfərdə Rüfət iştirak etmirdi, ancaq onun ölməz ruhu ailə üzvləri ilə birgə doğma torpaqlardaydı.
Rüfətin həyat yoldaşı Arzu Əsgərova:
“Sözün düzü, ürəkdən sevinə bilmirəm burda. Kaş özü ilə gələrdim. Axı mənə söz vermişdi. O, ilk dəfədir sözünü tutmur. Çünki onun ən böyük arzusu bizimlə birlikdə doğulub göz açdığı Aşağı Molluya gəlməyi idi.
Rüfətlə müharibə başlayandan oktyabrın 12-nə qədər mütəmadi olaraq əlaqə saxlaya bilirdim. Danışmasaq da, ən azından məktublaşırdıq. Ayın 13-ü Rüfətə zəng çatmadı. Çox narahat qaldım. Başa düşürdüm ki, cəbhə zonasında rabitə olmaya bilər. O, eyni zamanda əks-kəşfiyyatçı idi. Lakin ayın 14-ü şəhid olması xəbərini aldım. Mən hələ də onun yoxluğuna inanmıram.”
Şəhidin oğlu Xansuvar deyir ki, o, bu həyatda təkcə atasını yox, həm də ən yaxın dostunu, sirdaşını itirib:
“Atamla həmişə fəxr etmişəm. Cəbhədə başqa, ailədə tam başqa idi, bizimlə nəfəs alırdı. Hərbçi övladı olmaq özü böyük məsuliyyətdir. O, bizə Qubadlıdan çox danışıb. Həmişə deyirdi ki, sənə uşaqlıq illərimizin keçdiyi yerləri göstərəcəyəm. Həkəridə balıq tutmağı arzulayırdı. Mənimlə yaxın dostu kimi davranardı. Ata-oğul münasibətindən başqa dost münasibətimiz vardı. Bizimlə vaxt keçirməyi xoşlayardı. Axırıncı görüşümüzdə məndən halallıq istədi, ailəni sənə əmanət edirəm, dedi Yaman pis oldum, ürəyimə nəsə damdı. Şəhid övladı olmaq çox qürurludur.”
Qızı Zəhra atası başda olmaqla, bütün şəhidlərlə qürur duyduğunu söyləyir:
“Atam heç vaxt mənim xətrimə dəyməyib. Və imkan da verməzdi ki, qanıqara oturum. Üzümün daim gülməsi üçün əlindən gələni edirdi. O döyüşə gedəndə nə qardaşımın, nə də mənim xəbərim olub. Biz həmin vaxt yatmışdıq. Atamın şəhid olduğunu anamdan eşitdim. Mən özümü toparladım, ağlamadım. Çünki istəmirdim ki, heç kim mayor Rüfət Əsgərovun qızını zəif görsün. Yalnız dəfn mərasimindən sonra hər gecə hamıdan gizlin için-için ağlayırdım. Mərhəmətli, qayğıkeş ata idi.”
Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan Günəş” kitabı şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunub. Rüfət həm də Azərbaycanın kyokuşin karate ilə məşgul olan tanınmış idmançısı idi.
Atası Mürvət müəllimin dediklərindən:
“Qaraheybətdə - Bakı Ali Məktəbinin Təlim və Tədris Mərkəzində oğlum kursantlarına məcburi güllə atıcılığı öyrədirdi. Niyə belə etdiyini soruşanda deyirdi ki, kursantlarım gərək heç vaxt çətinə düşməsin. Rüfəti tanıyanların dediyinə görə, o, həmişə əsgərlərdən qabaqda, özü də dik gedirdi. Liderlik xüsusiyyəti vardı. Düşmənin arxasına keçib 3 postu alır, üçüncü postdan məruzə edəndə vurulur. Meyidi üç gün orada qalır. Onun meyidini döyüş dostları tapşırıqla yox, özləri öz təşəbbüsü ilə döyüş meydanından götürdülər. O, hörmət və nüfuz qazanmışdı.
Biz 39 yaşında mərd oğlumuzu itirdik. Amma dünya hərb tarixinə düşən şanlı qələbə, düşməni kapitulyasiyaya məcbur edən bəyannamə imzaladıq, Zəfər xalqımıza, iqtidara, ordumuza güvən, qürur gətirdi.”
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Qəhrəmanlar canını fəda edir ki, Vətən, xalq yaşasın, torpaq düşmən tapdağında olmasın. Torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda Vətən olur. Xalqımızın ilahi təfəkkürünə görə, Vətən ürəkdən başlayır, şəhidliklə bitir. Şəhid xalqın güvən yeri, qürur mənbəyidir, şəhidlik tarixin qızıl səhifəsidir. Ona görə də şəhidlər ölmür, nə qədər Vətən, xalq yaşayır, o da var olacaq.
Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Rüfətin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsini qədirbilən xalqımız unutmayacaq.
“Şəhidlər ölməz, Vətən bölünməz!” şuarı dilimizdən düşmür. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına xalqımız 30 illik həsrətə, nisgilə son qoydu. Əminik ki, müstəqilliyimiz əbədi olacaq, şanlı üçrəngli bayrağımız əbədi dalğalanacaq. İndi şəhidlərin ruhları sevinir, uca məqamdan Vətənin hər qarışını azad görürlər, onların uğrunda canını fəda etdiyi amallar artıq gerçəyə gevrilib.

Güllü Eldar TOMARLI,
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri
Bu gün, 11:12
ANAMA ƏLVİDA[


Püstə RƏVAN,

AYB və AJB üzvü

ANAMA ƏLVİDA

(poema)

Dəhşətin anacan yeyir içimi,
Boynumu bükmüşəm bənövşə kimi.
Çəkmişəm içimə haray sədimi,
Kaş öləydim ana, sən ölən günü.
Boynubükük qoydun sən məni ana!
Ana, mənim anam, neylədin belə,
Dayanıb səbr edib, dözmədin hələ,
Yerə-göyə sığmayan dəhşətin ilə,
Çevirdin başıma bütün dünyanı.
Boynubükük qoydun sən məni ana!
Qonaq kimi o gün gəlirdim ana,
Yaxınlaşıb sizə, sənə çatana.
Huh tufanı kimi düşdüm tufana,
Yummuşdun təzəcə o gözlərini,
Ana, boynubükük qoymusan məni!
Bir nöqtə ömürü saxladın niyə?
Haqq bilib ömrümü haqladın niyə.
Bağrımın başını oxladın niyə?
Nə haqla əlimdən, üzdün əlini.
Boynubükük qoydun sən məni ana!
Nə olsun ki, diri gəzənim ama,
Ölürəm mən sənsiz, can yana-yana.
Bu dövrana lənət, lənət zamana,
Götürüb apardı əlimdən səni,
Boynubükük qoydun sən məni ana!
Ömrünü həyatda yetirib sona,
Bəxş etdin yetimlik öz övladına.
Döndun bir dəfəlik torpağa ana,
Olmuşam tarımar, gör inləyəni.
Boynubükük qoydun sən məni ana!
Böyük dağdan dağım, sən idin ana!
Yanan çılçırağım sən idin ana!
Ən şirin növrağım, sən idin ana,
Qəbul etdim necə müsibətini,
Boynubükük qoydun sən məni ana!
Ey gözəl anam, hayana getdin,
Dərdlərin içində əriyib - itdin.
Qəm dolusu mənə, kədər içirdin
İndi duyuram mən hər zillətini.
Boynubükük qoydun sən məni ana!
Göydə ulduz səni sanıram ana!
Odlanıb həsrətdən yanaram ana!
Dolu vurmuş sənsiz sanıram ana!
Mənə kim açacaq sənin süfrəni?
Boynubükük qoydun sən mən ana!
Bitib dayanmışam daşın yerinə
Sözləri qatmışan biri - birinə,
Yaş düşdü gözümdən hər bir sətrinə,
İstərəm eşitmək o xoş səsini.
Boynubükük qoydun sən məni ana!
Yox olub uçulub, arxamda dağım,
Əbədi qaraldı, yanan çırağım.
Büründü kabusa şirin növrağım,
Olarmı unutmaq söz - söhbətini?
Boynubükük qoydun sən məni ana!
Bağından-bağçandan bir gül üzmərəm,
Əkib - becərdiyin, yurdda gəzmərəm.
Yaratdığın mülkdə, sənsiz gəzmərəm,
Görürəm hər yerdə sənin yerini.
Boynubükük qoydun sən məni ana!
Qəlbimi naümüd duman alıbdı,
Məni niyə fələk belə salıbdi?
Sənə deyəcəyim, sözüm qalıbdı,
Kədər aldı qəlbimi, gözümü qüssən,
Boynubükük qoydun sən məni ana!
Çaxıb şimşək kimi, parlayıb getdin,
Seller kimi coşub, çağlayıb getdin.
Dünyanı dünyaya calayıb getdin,
Bu dünyadan niyə üzdün əlini?
Boynubükük qoydun, sən məni ana!
Səndən vəfalısı yox idi mənə,
Rəvac verdin necə, bu ölümünə.
Fələk amansızlıqla qıydı özünə,
Görməmişdim belə insafsız ölüm,
Boynubükük qoydun, sən məni ana!
Rayona getmərəm, anam yoxdursa,
Ağla yetim gözüm, dərdin çoxdursa.
Dönük ollam mən də, dönük baxtısa
Yanıram üstümdən çəkdin kölgəni,
Boynubükük qoydun, sən məni ana!
Ana deyib hər gün, ürək dağlaram,
Sağalmaz içimdə yara bağlaram.
Bir küncə çəkilib, gizli ağlaram,
Bəzəyəndə bahar çolü - cəməni.
Boynubükük qoydun, sən məni ana!
Hamı döndü sənsiz gözümdə yada,
Kimsəsiz bu dünya, tənha bir ada.
Atəşə büründüm alova - oda,
Yarandı ahımdan dağların çənin,
Boynubükük qoydun, sən məni ana!
Elə bir dağam ki, çəkilməz mənəm,
Pənahım sən idin, güvəncin mənim
Dünya sənsiz mənə kəsilir qənim,
Bilməmişəm yoxsa sənin qədrini?
Boynubükük qoydun, sən məni ana!
Səsindən doymadım, özündən
sənin,
Üzündən, ətrindən, gözündən sənin.
Doymamışam vallah özündən sənin
İtirmişəm sənsiz gündüz - gecəni,
Boynubükük qordun, sən meni ana!
Deyim açılan çiçəyə açmasın,
Söyləyin çaylara, bu yaz axmasın.
Durub göydən günəş, yerə baxmasın,
Görməsin gözümdən axan yaşları,
Boynubükük qoydun sən məni ana!
Ömür kitabına sən möhür vurdun?
Belə nədən bezib, matəmi qurdun?
Fələk şirin canının, qəsdinə durdu,
Bilirdim əzəldən belə olacaq,
Boynubükük qoydun, sən məni ana!
Dadsız-tamsız olub, yeyib-içməyim,
Mənasızdır daha sözə keçməyim.
Sən olan dünyaya qalıb köçməyim,
Gözlərəm fələyin o möhlətini,
Boynubükük qoydun, sən məni ana!
Ən ağır dərd budur, demə ay anam!
Bu dərdə əyildim, sarsıldım yaman.
Yanıqlı bir neyəm, sızlayan kaman,
Səmalar götürmür fəryad səsimi,
Boynubükük qoydun sən məni ana!
Dözümlü səbirli, cəfakeş idin,
Çatmadım vaxtında olum köməyin.
Bunu danaramsa, haramdı südün,
O böyüklüyünü, o haqq səsini,
Boynubükük qoydun sən məni ana!
Dərdini gizlədib, hey gülümsədin,
Əsas mətləbini açıb demədin.
Düşündün içində, giley etmədin,
Düşündükcə sənin hər zəhmətini,
Boynubükük qoydun sən məni ana!
Saxladın qəlbində, ağrını, sözü,
Hər şeyi gizlədib, qorudun bizi.
Qəlbimi yandırır bu dərdin közü,
Anladıqca sənin nə çəkdiyini,
Boynubükük qoydun sən məni ana!
Zəhmətkeş, qayğıkeş, mərdanəliyin,
Övladlar yolunda pərvanəliyin.
Paklıqda, saflıqda birdanəliyin,
Görmüşəm həmişə şirinliyini,
Boynunükük qoydun, sən məni ana!
Həyatda səmimi mehriban oldun,
Günəş kimi batdın, gül kimi soldun.
Xayalsan indi də, xəyala döndün,
Şirin xəyallarda yaşadım səni,
Boynubükük qoydun, sən məni ana!
Təbiətin həlim xoş təbəssümün,
Əzab - əziyyətə olub dözümün.
Yaraşmayır sənə, belə ölümün,
Ayrılıq şərbətin içib camını,
Boynubükük qoydun, sən məni ana!
Bir bayquş uladı bu gecə çöldə,
Nə xəbər var dedim, görəsən eldə.
Demə, dünyasını anam dəyişir,
Boyadın qaraya payız günəşin,
Boynubükük qoydun, sən məni ana!
Bəd xəbər bir anlıq, düşdü ellərə,
Qoşuldun küləyə, əsən yellərə.
Mələksən uçmusan uca göylərə,
Əsirgəyib məndən öz kərəmini,
Boynubükük qoydun sən məni ana!
Ətrini çiçəklər, güllər verəmməz,
Bülbüllər səsini, sellər verəmməz.
Bir kimsə yerini, ellər verəmməz,
Qayğına möhtacam qəzirəm ana!
Boynubükük qoydun, sən məni ana!
Alışıb-əridim, yanan şam kimi,
Qurd gəmirir sanki mənim içimi.
Kimi lənətləyim, bilmirəm kimi,
Edəmmirəm qəbul bu qismətini,
Boynubükük qoydun, sən bizi ana!
Hansı qaradinməz oldu düşmanın?
Qara yaylıq kimi, qaraldı qəlbin.
Qırıldı kövrələn büllür ürəyin,
Bu geniş dünyadan doydurdu səni?
Boynubükük qoydun, sən bizi ana!
Mənim ey əzizim, ey müqəddəsim,
Yoxdur səndən qeyri, özgə bir kəsim.
Əl - qolum boşalıb, batıbdı səsim,
Göstər rəhmini mərhəmətini,
Boynubükük qoydun, sən məni ana!
İlk odum - ocağım, yuvam əlvida,
Əlbida, analı dünyam əlvida!
Tək- tənha ağlaram, anam əlvida!
Tuturam müqəddəs, hər xatirəni,
Ana boynubükük qoymusan məni!

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!