Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQALBakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 92A ünvanında yerləşən yaşayış binasında onlarla ailənin mülkiyyət, təhlükəsizlik və digər hüquqları ciddi şəkildə pozulub.
Bunu sakinlər göndərdikləri məktubda bildiriblər.
Sakinlərin iddiasına görə, bina əvvəl MTK tərəfindən, daha sonra isə “Yasamal-71” MMMC tərəfindən şəffaflıqdan uzaq, hüquqi əsası olmayan, müqaviləsiz ödəniş və borc tələbləri ilə idarə olunub. Ən narahatedici məqam isə odur ki, sakinlər yalnız idarəedici qurumlarla deyil, bəzi məhkəmələrin bu məsələlərə yanaşması ilə də çətin vəziyyətə salınır.
Sakinlərin sözlərinə görə, onların nə əvvəlki ASP MTK ilə, nə özünü komendant adlandıran Etibar İbrahimov ilə, nə də “Yasamal-71” MMMC ilə hər hansı yazılı və ya şifahi müqaviləsi olub.
“Heç bir öhdəlik götürülməyib, heç bir smeta, müqavilə, xidmət əsaslandırması təqdim edilməyib. Buna baxmayaraq, bəzi sakinlərdən 4-5 il əvvəlin borcu tələb olunur. Hüquqşünasların fikrincə, bu, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Konstitusiyanın 60-cı maddəsinə və xüsusən də Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarına ziddir.
Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə bildirir:
Vətəndaşla idarəedici qurum arasında öhdəlik yalnız qanuna uyğun bağlanmış müqavilə olduqda yarana bilər. Deməli, müqavilə yoxdursa, borc da ola bilməz”, - sakinlər qeyd ediblər.
Sakinlərin ən çox narazı qaldığı məqam “Yasamal-71” MMMC-nin yaranma prosesi ilə bağlıdır.
İddialara görə, MMMC-nin yaradılmasında qərar səs çoxluğu, cəmi 4 nəfər qaraj sahibinin adlarına yazılan təxminən 650 səslə təmin edilib.
"Bu isə çox ciddi suallar yaradır: bu 4 şəxs 650 qarajı necə əldə edib? Bu qədər səs hüququ hansı əsasla təsdiqlənib? Necə olur ki, qaraj sahibləri mənzil sahiblərinin ödənişlərini müəyyən edir? Əgər kommunal haqqı onlar müəyyən edirsə, bəs özləri bu binaya görə nə qədər ödəyiblər?”, - sakinlər sual ediblər.
Sakinlər “Bizim yerimizə qərar verənlər mənzil sahibi deyil. Bu ədalət deyil”, - əlavə ediblər
Onlar binanın 3 mərtəbəli zirzəmisində onlarla anbar, avtoyuma məntəqəsi, təmir sexləri, mənşəyi və təhlükəsizlik statusu bilinməyən avadanlıqlar, hətta yanıcı və partlayıcı maddələr ola biləcəyi ehtimal edilən materiallar saxlanıldığını bildirirlər.
“Ən narahatedici məsələ bu obyektlərə kim nəzarət edir, bilinmir, FHN, bələdiyyə və digər orqanların sistemli yoxlama apardığına dair heç bir məlumat yoxdur. Təhlükəsizlik qaydalarının pozulması ehtimalı ilə bağlı müraciətlər cavabsız qalır. Bu isə sadəcə hüquqi problem deyil, birbaşa insan həyatı üçün təhlükə deməkdir”.
Sakinlərin ən ciddi narazılığı məhz məhkəmə mərhələsində ortaya çıxır. Hazırda təkcə Yasamal Rayon Məhkəməsində 30-dan çox iş “Yasamal-71” MMMC-nin iddiası əsasında baxılır.
Bu işlərin böyük qismi iki hakimə düşür: Aydan Oruclu və Aytəkin Əsədzadə.
Sakinlərin dediyinə görə, hakim Aydan Oruclu və Aytəkin Əsədzadə eyni mahiyyətli işlərdə tam fərqli qərarlar verir, bəzi işlərlə bağlı sübut tələb edir, bəzilərində isə heç bir əsas olmadan icraata qəbul edir, digər hakimlərin rədd etdiyi işləri tələsik şəkildə qəbul edir, vəsatətlər təmin edilmir, iddiaçıdan əsas sübutlar tələb olunmur. Sakinlər bunu belə adlandırır:
“Bu məhkəmədə qərarı qanun yox, kimin icraatına düşməyimiz müəyyən edir”.
Artıq onlarla sakin eyni vaxtda Apelyasiya Məhkəməsinə müraciət hazırlayır. Çünki onların sözlərinə görə, Yasamal məhkəməsində səs eşidilmir, vəsatətlər təmin edilmir, sübutlar tələb olunmur, iddialar tələsik qəbul edilir.
“Biz ədaləti Yasamal məhkəməsində deyil, daha yuxarı instansiyalarda axtaracağıq”, - onlar deyiblər.
Bildiriblər ki, Yasamal məhkəməsində şirkətin maraqlarına toxunan şikayətlərə baxılmır, sakinlərin yüzlərlə müraciəti cavabsız qalır, məhkəmə qərarları isə çox vaxt şirkətin mövqeyi ilə üst-üstə düşür.
Sakinlərin gözləntisi sadədir: qanun işləsin, Konstitusiya və Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunsun, məhkəmələr həqiqəti araşdırsın, müqaviləsiz borc yaratma praktikasına son qoyulsun, insanların səsi eşidilsin.
Və ən böyük sual hələ də açıqdır: Bu özbaşınalığa kim və nə vaxt “dayan” deyəcək?