Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
Bu gün, 19:35
16  DEKABR -  ŞAİRƏ  TƏRANƏ  DƏMİRİN  DOĞUM  GÜNÜ MÜNASİBƏTİLƏ

ZƏRİF DUYĞULAR…

16 DEKABR - ŞAİRƏ TƏRANƏ DƏMİRİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ
Hayana boylanırsan payız baxır gözünə,
Hardan keçsən xəzəllər ayağına dolaşır.
Ürəyindən bir dəli sevib sevilmək keçir,
Onda da payız qışa, qış payıza qarışır.

Bilmirsən nə umasan bu sapsarı payızdan,
Çılınçılpaq ağaclar durub üstünə gəlir.
Bir ümid çiçəkləyir payız arzularında,
Ona çatanacan da səninki sənə gəlir.


Bu gün zərif duyğuları ilə könülləri fəth edən, şeirlərini oxuduqca gözlərin misraların nizamladığı məna yükündən qopmaq istəməyən, dostlar üçün ən səmimi münasibəti ilə seçilən, tanıdığım gündən yaddaşımda olanlardan fərqli gördüyün şairə Təranə xanımın doğum günüdür.
Doğum günü həm sevincdir, həm də kədər. Sevinirsən bir yaş da yaşadın, həyatın yeni axarında bu bir ildə də nə isə öyrəndin, nə isə yaratdın. Kədərlidir ki, yaşadığın hər an öz əlaməti ilə köçdü yaddaşının tarixinə. Sən də içində şeirləşdin, gah kövrəldin, darıxdın… Gah sevincdən oynadın, qarşılaşdığın səmimiyyətdən düygularına zərif bir şölə sızdı, gülümsədin, yenidən baxdın ətrafına…
Bu gedilən yolda kimin qazancı nədirsə, şairənin də qazancı İlahi duyğuların nəzmə düzülməsi, şeirləşən ürəyinin ritmlərini arxaya boylandığı ömür yolunun axarına yazmasıdır. Təranə xanım bu ömür anlarında təkcə özü üçün deyil, eyni zamanda çoxları üçün könlünün təkliyini unutduran, əlinə kitabı almaqla şerin qanadlarında həyatı qarış-qarış gəzdirərək ürəyinə yol göstərən, işıqlandıran bir şairədir.
Bilirsinizmi, necə deyim, Təranə xanım bir başqa fərqli dünyadan baxan gördüm. Təranə xanımı ilk dəfə 2025-ci ildə Neftçala rayonunda şair-publisist Zabil Pərvizin rəhbərliyi ilə fəaliyyət göstərən “Xəzər nəğmələri” adlı Ədəbi Birliyimizin görüşündə görmüşdüm. Ailəsi ilə birlikdə uzaq yolu yaxın edən, çox səmimi bir ovqatla bizə qoşulan bu xanım nə qədər yaxın oldu bizə. Hədiyyə etdiyi kitablar onun dünyaya baxışı, qələminin yaşatdığı anlardır. “Səssizliyin melodiyası” şeirlər kitabını əlimə alıb oxuyanda hansı şeirinə baxdımsa, bunu məqaləmdə yazaram delə düşünərək səhifəni yadda saxlamağa çalışdım. Təranə xanım isə bu kitabda fərqli bir yolla gedərək şeirlərini adsız çap etdirmişdir. Bu adsız şeirlər o qədər cəzbedici oldu ki, “hansın qeyd edim?” deyə çətinlik çəkdim…Bir-birindən gözəl, dərin bir ümman… Bir dünya duyğular var qəlbində. Dəniz kimi kükrəyən, şahə qalxan, qartal kimi şığıyan, könülləri fəth edən, gözəl bir Azərbaycan xanımı-Təranə Dəmirin.

Ruhum bu dünyaya sığışmır yenə,
Çırpılır, sıxılır dar qəfəsində.
Neynirəm bir qarış yer tapammıram,
Özümə bu boyda Yer kürəsində.

Hələ ki, səhərə bir ömür qalıb,
Hələ ki, güzümdən asılıb gecə.
Qara paltarını çəkib əyninə
Gəlib pəncərəmə qısılıb gecə.


Şairə Təranə Dəmir -Təranə Ağaqardaş qızı Dəmirova -16 dekabr 1970-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.1987-ci ildə kənd məktəbini fərqlənmə ilə bitirdikdən sonra BDU-nə daxil olmuş, 1988-1993-cü illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışdır. Bu günə qədər doqquz kitabı, bəlkə də daha çoxu çap olunan bu şairə xanımın zəngin poetik dünyası var. Hikmət dolu, zəriflik, həlimlik, səmimiyyət qaynağı. Bunu izlədikcə kitablarının sayının doqquz yox, sanki doxsan olduğunu düşünürsən. Çünki bir dərya xəyal yolu vardır...

Nə sən bir də yoluma çıx,
Nə mən yolumu dəyişim.
Nə sən qaranlığa çəkil,
Nə mən zülmətlə döyüşüm...


Onun yaradıcılığını izlədikdə bir daha Yaradana təşəkkür edir insan. Düşünürsən ki, sonsuz kainatı nizamlayan Allah insanın qəlbindən keçənləri sözlə ifadə üçün nə gözəl bir bacarıq, anlam, ifadə etmək qabiliyyəti vermişdir. Tarixən Azərbaycan xanımlarının ədəbiyyat sevgisi düşür yadıma. Onların ruhu qonur otağıma. Yurdumuzun tarixi keçir gözlərimdən qərinələrlə... Nə gözəl bir xalqın övladıyıq, dəyərli mənəviyyatı ilə yüksələn, insanlığı ucaldan qələm sahibləri Allahın ucaltdıqlarıdır. Mən Təranə xanımın yaradıcılığını, insan olaraq özünü, şairə olaraq qələmini çox xoş gördüm. Bu tarazlıq qəlbimdə bir başqa mənzərə yaratdı. Bu gözəllikdir, sözün sehrinin ritmləridir könüllri ovsunlayan...
Bəli, əziz oxucular deyərdim ki, şairə Təranə Dəmirin şeirlər kitabını stolunuzun üstündə özünüzə dost olaraq seçəsiniz, uzaq yola çıxdıqda çox səmimi olaraq yoldaş edəsiniz. İnanın ki, heç darıxmayacaqsnlz. Çünki bu şeirlər sizi sanki milyonların içindən seçilmiş dostlar kimi heç tənha qoymayacaqdır.

Elə gözəl sevdirdin ki, özünü,
Zərrə-zərrə, tikə-tikə sən oldum.
Dərdi, qəmi yük elədim özümə,
Bircə elə sən sarıdan kəm oldum.

Yaman düşdü aralığa ayrılıq,
Bir quruca “sağ ol”a da dəymədim.
Ayaqlarım həsrət qaldı yoluna,
Nə gələndən, nə gedəndən doymadım.

Lap işlədi iliyimə bu həsrət,
Hardan tutdum yaralarım qanadı.
Günahları töküb getdin üstümə,
Hər kəs elə mən yazığı qınadı.

Məhəbbətdən küskün saldın könlümü,
Barışmağa ayaq yeri qoymadın.
Yaşamağın yolunu da unutdum,
Bircə səni unutmağa qoymadım.



Əziz oxucular, adətən şair və yazıçıların yaradıcılığından söz açarkən onların əsərlərindən, bəyəndiyin şeirlərindən məqalədə bir bənd yazıb fikirlərini ümumiləşdirirsən. Amma qeyd etdiyim kimi, şairə Təranə Dəmirin şeirlərini inanın ki, kiçik verməyə əlim gəlmir. Oxucunun diqqətinə şeirdəki həssas məqamları çatdıra bilmək üçün yalnız və yalnız şairənin öz ifadəsi ilə tam təqdim etmək ən gözəl təqdimatdır. Sanki şairə ürəyindən qələminə keçən yollara bir yasəmən, nərgiz, qızılgüllər kimi çiçəklər bəzəmişdir. İnsan ürəyinin sərrafımı bu şairə? Bəli, könül gözü oyaq olan, duyğuları ipəkdən yoğrulan, qanadlı olan nizam yarada bilmək elə əsl şairlikdir. Bu yerdə bir də Təranə xanımın Vətən sevgisinə baxaq:

Səni çiçək tək sevirəm,
Qaya-qaya, daş-daş Vətən!
Sevirəm başdan ayağa
Səni o baş, bu baş, Vətən!

Küçə-küçə, bina-bina,
Oba-oba, şəhər-şəhər-
Səni qarış-qarış, Vətən!
Səni məndən soruş , Vətən!

Ayağına hər dəyən daş
Gəlib ürəyimdən keçib.
Ağrıların, acıların
Mənim kürəyimdən keçib.

Tozum, torpağım olmusan,
Əlim, ayağım olmusan.
Hərdən çağatək sevmişəm,
Körpəm, uşağım olmusan.

Neçə kərə yıxılmışam
Dərdimdən, sərimdən, Vətən!
Yenə qalxmışam yerimdəm,
Yenə sənə vurulmuşam.
Durub başına dolanıb
Dönə-dönə vurulmuşam.

Səni sevməkdən savayı
Nə gəlir əlimdən, Vətən?!
...Səni özümtək sevirəm,
Səni Vətən kimi, Vətən!


Səmimi duyğular, həzinliyi könülləri oxşayan, sığal çəkən, ürəyinə çiçək düzür sanki. Qələminizə, ürəyinizə sağlıq, Təranə xanım.

Bir arzu tutasan gözündə,
Örtəsən kipriyini üstünə,
Toz qonmasın,
Külək aparmasın,
Dağda-daşda itməsin deyə.
Göz qapaqlarını yorğun edəsən,
Sarılasan bu arzuya təpə dırnaq...


Gözəldir... Şeirləri qısa verməyə əlim gəlməsə də, əziz oxucularımızı yormadan fikirlərimi burada tamamlayıram.

Sən gedəndən ürəyim də
Yiyəsizdi, yetimdi.
Heç olmasa payızda gəl,
Dünya ölüm itimdi...


Və yaxud:
Min ildir ki, yol ölçürəm,
Çatam özüm-özümə.
Nə yaman uzanır yollar
Durub gözümə-gözümə...

Göy gurlayır başım üstə,
Daş bitirir daşım üstə.
Yaş gətirir yaşım üstə,
Çəkir yüzümə-yüzümə...

İncə, zərif duyğularınız tükənməsin, əziz şairə xanım-TƏRANƏ DƏMİR.
Sizi Neftçala rayon “Neftçala-Gündoğar” qəzeti və “Xəzər nəğmələri” Ədəbi Birliyi adından doğum gününüz münasibətilə təbrik edir, qucaq dolusu səmimi təbriklərimizi ünvanınıza, SİZƏ göndəririk. Yazın, yaradın, dəyərli qələminiz var olsun. Allah arzularınıza yol açsın. Amin.
Bu arzular gedən yolu isə ən gözəl özü söyləyir:

“...Görən hardasa bir ağac varmı mənə bənzəyən,
Kökü torpağı ağrıdan, qolları səmanı,
Nə yerindən qopan, nə göyündən,
Varmı..
Hanı?...”

Bu gözəl doğum günündə şairə Təranə xanım Dəmirə ailəsi, sevdikləri ilə birlikdə can sağlığı diləyir, arzularınız günəşdən boy alan olsun, üzərində işıqlar sevincdən, dəyərdən daim bərq vursun deyirəm. Bu zəngin, səmimi duyğulardan insan qəlbini görünməz tellərlə, sözün, fikrin möhtəşəm maqnitində özünə çəkən yaradıcılıq yollarınıza uğurlar diləyir, bol oxucu, sevənləriniz azalmasın deyirəm.
Yeni yaşınız həyatınızı yaddaqalan işığı ilə yenidən zinətləndirsin. Amin.

Bədirə Rza Həsənqızı Niftaliyeva, Neftçala.
16 dekabr 2025-ci il.

Bu gün, 17:57
Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko


Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela lideri Nikolas Maduronu vəzifəsindən gedəcəyi təqdirdə onu ölkəsinə dəvət edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
A.Lukaşenko bildirib ki, Belarus və Venesuela arasında uzunmüddətli münasibətlər var və Maduro istəsə Minskə səfər edə bilər.
"Maduro heç vaxt bizim düşmənimiz olmayıb. Əgər o, Belarusa gəlmək istəyirsə, qapı açıqdır. Amma düzünü desəm, bu heç vaxt müzakirə olunmayıb. Maduro tərk ediləcək və ya qaçacaq insan deyil. O, çox güclü bir insandır", - deyə o bildirib.
A.Lukaşenko ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Venesuela və digər məsələləri müzakirə etməkdən məmnun olacağını da vurğulayıb.
"Mən tamamilə əminəm ki, bütün məsələlər, Amerika Birləşmiş Ştatlarının istəkləri sayəsində sülh yolu ilə həll edilə bilər. Düşünürəm ki, yaxın gələcəkdə Donald Trampla bu məsələni müzakirə edə biləcəyik. Onunla bir çox maraqlı şeyləri bölüşərdim", - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Venesuela ilə müharibə "ikinci Vyetnam" olardı. O, Venesuela ilə münaqişənin yalnız venesuelalıların Maduroya dəstək olmaq üçün birləşməsinə gətirib çıxaracağına inanır.
"İnanmıram ki, ABŞ-a daxil olan bu qədər narkotik maddə Venesueladan gedir. Bu məsələdə Trampa etibar etmirəm. Maduro narkoman deyil. Bunu dəqiq bilirəm", - deyə Lukaşenko əlavə edib.
Bu gün, 17:43
Mürvət Həsənli İctimai Şuranın sədri seçildi


Mürvət Həsənli İctimai Şuranın sədri seçildi

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.
İclasda keçirilən səsvermədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Bundan əlavə, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasnın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü Günel Əmiri katib seçilib.
İclasdan sonra İctimai Şura üzvlərinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.
Nazir İctimai Şuraya seçilən üzvlərin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.
İctimai Şuranın sədri Mürvət Həsənli müxtəlif dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və İctimai Şura tərəfindən bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planının hazırlanacağını bildirib. Görüşdə İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Bu gün, 17:30
İqor Babuşkin Azərbaycandadır - Fotolar


İqor Babuşkin Azərbaycandadır - Fotolar

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanda rəsmi səfərdədir.
Səfər çərçivəsində İ. Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-sı Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra “Qardaşlıq məzarı” memorial kompleksi və Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsi ziyarət olunub.
Səfər çərçivəsində Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Qubadlı rayonuna səfər edib. Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.
Heyət üzvləri Qubadlının Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olunaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçiriblər. Bildirilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri aparılır. Yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Tikinti işləri mərhələli şəkildə aparılır, ilkin mərhələ üzrə ərazidə 190 fərdi yaşayış evi inşa olunur və işlərin 70 faizi icra edilib. Kənddə 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının tikintisi davam edir, bu obyektlərdə tikinti ilkin mərhələ üzrə yekunlaşmaq üzrədir.
Bildirilib ki, 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.
Səfər çərçivəsində Baş nazir Əli Əsədov Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. Görüş zamanı Azərbaycanın Rusiyanın müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub. İqtisadi-ticari sahədə və investisiya sektorunda qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb. Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib. Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.


Bu gün, 17:24
Naxçıvanda külli miqdarda narkotik məhv edildi


Naxçıvanda külli miqdarda narkotik məhv edildi

Naxçıvanda şəhərində külli miqdarda narkotik vasitə məhv edilib.
Məhv edilmə prosesi muxtar respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Naxçıvan şəhərində yerləşən xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.
Bu gün, 17:18
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO


Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.
Müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib. O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.

Bu gün, 17:12
Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar


Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi bu həftə müzakirəyə çıxarılacaq.
Dekabrın 19-da keçiriləcək Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən məsələlərdən biri də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı qərar layihəsinin müzakirəsidir.
Qeyd edək ki, dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.
Bu gün, 17:01
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI


Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Dekabrın 19-da Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.
İclasda deputatlar 12 məsələni müzakirə edəcəklər.
Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardır:

1.“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2.“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3.“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4.“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7.“Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Bu gün, 16:08
İlin ən yaxşı qapıçısı seçildi


İlin ən yaxşı qapıçısı seçildi

İtaliyanın Futbol üzrə Milli Komandasının üzvü Canluici Donnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
İtaliyalı qolkiper ötən mövsümdə “PSJ”nin heyətində Çempionlar Liqasının, eləcə də Fransa çempionatı və kubokunun qalibi olub.
İtaliyalı futbolçu Çempionlar Liqasındakı 17 matçın 15-də meydanda olub, onların 6-da qapısını toxunulmaz saxlamağı bacarıb.
Donnarumma eyni zamanda turnirin rəmzi yığmasına da daxil edilib.
Həmçinin, o, Fransa çempionatında 24 matçda iştirak edib və turnirin ən yaxşı qapıçısı olub.
Xatırladaq ki, sentyabr ayında o, “Mançester Siti” klubuna transfer olunub.
Bu gün, 16:03
Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı


Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı

"Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındırlar. Azərbaycanla dialoq apararkən, eyni zamanda Ermənistanla normallaşma proseslərimizi də irəlilədirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında deyib.
O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!