Təbrik edirik!Bu gün qardaşım Əlövsətin 70 yaşı tamam olur. 70 illik ağrı-acılı, acılı-şirinli günlər yaşamış hər kəs mütləqdir ki, o zirvədən geri boylanır. Özündən sonra qoyduğu izə, qazandığı ad-sana, ətrafındakıların nəzərində tutduğu mövqeyə bir nəzər yetirir. Bəri başdan qeyd edək ki, Əlövsət bəy istiqanlı, od-ocağa, yurda bağlı, dostluqda sədaqətli, ailəcanlı, işinə məsuliyyətli, vətənini sevən qürurlu bir vətəndaşdır. Gəlin daha yaxından tanış olaq:
Xalıqverdiyev Əlövsət Məmmədəli oğlu 1956-cı il aprelin 9-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Gödəkli kəndində- kəndin bünövrəsini qoyan Eyvazxanlı tayfasının nüfuzlu bir ailəsində dünyaya göz açıb. 5 uşaqlı ailənin ilk övladıdır. Əlövsət dünyaya göz açandan həyətlərindəki azman palıd ağacını görüb. Uşaqlıq çağlarını onun dövrəsində oynamaqla, başına dırmanmaqla keçirib. Demək olar ki, elə məğrurluğu da o qocaman palıd ağacından, gəzdiyi Zəngəzur dağlarından götürüb.
Əlövsət Xalıqverdiyev 8-ci sinfi əla qiymətlərlə Yuxarı Gödəklidə, 10-cu sinfi isə 1973-cü ildə Qafan şəhər 4 №-li Azərbaycan orta məktəbində bitirib. Elə həmin il də Azərbaycan Neft Kimya (inst.) Akademiyasına qəbul olaraq ali təhsili uğurla başa vurub. 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
O, hələ tələbəlik illərindən əmək fəaliyyətinə başlayıb.
1977-ci ildən 2012-ci ilə kimi Azəbaycan Zərgərlik Sənaye İstehsalat Birliyində fəaliyyət göstərib. İstehsalatda işgüzarlığı, məsuliyyəti, təşkilatçılıq qabiliyyəti ilə həmişə seçilib. Ona görə də xarakterindəki bu yüksək keyfiyyətlər nəzərə alınaraq 1990- ildə SSRİ dağılanda müstəqil Azərbaycan Respublikasının milli atributlarının dəyişdirilməsi, (milli pulun eskizinin hazırlanması) Azərbaycan Dövlət mükafatlarının- orden və medalların ərsəyə gəlməsi kimi məsuliyyət tələb edən şərəfli bir iş ona etibar edilib.
Onun həyat yolunun narahat günləri, yuxusuz gecələri doğma yurdu Zəngəzurun itkisi ilə başlayıb. Azərbaycanın dörd bir yanına səpələnmiş qaçqın və köçkünlərimizi axtarıb tapmağı, uyğun bir yerdə məskunlaşdırmağı, maddi kömək etməyi, onlara mənəvi dayaq olmağı bu ağır tarixi məqamda özünə borc bilib.
Hələ 1990- ildə eşidəndə ki, Zəngəzurda kənddə və diğər yerlərdə ermənilər qəbiristanlıqları dağıdıblar, o buna dözməyib. Heç nəyə məhəl qoymadan həyatı bir riskə gedib dağıdılmış qəbirlərin şəklini çəkib gətirmişdir. Erməni vandallarının törətdikləri barədə gördüklərini yazaraq “Vətən səsi” qəzetində “Yurd çağrışı" sərlövhəli məqalə ilə çıxış edib. Yurd həsrəti Əlövsət Xalıqverdiyevi heç vaxt rahat buraxmayıb. O, Vətən dərdini qələmi ilə ovutmağa çalışıb. Azərbaycan Radiosunda dəfələrlə çıxış edib. Müəllifi olduğu “Zəngəzurda keçən günlər" və “Qayıt anam qayıt gəl" verilişləri Azərbaycan Teleradiosunun “Qızıl fond”unda saxlanılır.
Əlövsət Xalıqverdiyev peşə fəaliyyəti ilə bərabər ictimai-siyasi fəaliyyətlə də məşğul olur. Beləki 2004-cü ildən “DAYAQ" İctimai Birliyini təsis edib. Bu yolla qaçqınlara və deportasiyaya məruz qalanlara yardım edir.
O, həmyerlisi, ixtisasca həkim olan İsbiyeva Rəqibə Qabil qızı ilə ailə qurub. Birlikdə üç övlad böyüdüblər. İki nəvənin qayğıkeş babasıdır. Övladlarının ikisi Rəqibə xanımın peşəsinə yiyələniblər. Günel göz həkimi- cərrahdır. Elnur Xalıqverdiyev də həkimdir. Kamil isə Bakı Biznes Universitetinin məzunudur.
Mənə dogma olan bu ailənin başçısı Əlövsət Məmmədəli oğlu Xalıqverdiyevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm, ona sağlam-uzun ömür və Zəngəzurlu günlər arzulayıram!
Sevgi və sayğılarla:Tamxil Ziyəddinoğlu