Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 3-10-2019, 14:30
Dəliqanlılıqdan müdrikliyə gedən yol...

Düz 45 ildir vaxt tapdıqca Xəzərin sahilinə gəlirəm. Hər dəfə də mavi gözlüm cilvələnib məni ovsunlayır. Xəyalların qoynundaca dalğalara qatıb aparır. Nə özümü duyuram, nə ətrafı. Amma bu dəfə sirlərlə dolu Xəzər gözümə fərqli biçimdə, heç vaxt görmədiyim görkəmdə göründü. Xatırladığım İlk dəfə idi ki, dənizi qağayısız görürdüm. Sahildəki lal qayalar sükut içində azğın dalğaların gəlışini gözləyirdi. Dəli dalğa sahili nə qədər döyəcləyirdisə, sahillə dənizin qovuşağında lay-lay qövs cızan qum dənələrinin birini də yerindən tərpədə bilmirdi. Bu mənzərə nədənsə mənə Vəliyəddin İsmayılovu xatırlatdı. Mənə elə gəldi ki, qarşımdakı saysız- hesabsız qum layları onun köksünə yurd həsrətindən şəkilmiş çalın- çarpaz dağ, Kəlbəcər nisgilindən yaranmış dərd qalağıdır, muncuqlanan dənələr sinəsini hikmətləndirən söz xəzinəsi, qayalar isə dağlar oğlunun əzəmətinin əksidir. Qayaların məğrur duruşunu, dalğaların çarpışmasını çox görmüşdüm, fəqət bu qədər çirkabın axdığı dənizin suyunu heç belə şəffaf görməmişdim. Niyə bu mənzərənin seyrində məhz Vəliyəddin Misiroğlu gəldi ağlıma?!
Bircə gün dağlarda
ömür yaşamaq...
sən demə,
Minillik ömür qədərmiş...

-deyən birini dənizdə xatırlamağın səbəbi nədir? Bəlkə də buna səbəb mənə ünvanladığı ürəkdəngələn, səmimi duyğulardan yoğrulmuş, onun daxili aləmini, pak, ülvi niyyətini, büllur qəlbindən keçənləri ayna kimi əks etdirən məktub oldu. Vəliyəddin müəllim məktubunda yazırdı:
“Bir gün dənizdən soruşurlar:
- Sən niyə bu qədər narahatsan, təlatümlüsən, həmişə dalğalanırsan? Dəniz cavab verir ki, biz təbiətin və nankor adamların bizə atdığı çirkabların heç birini üzərimizdə saxlamırıq. Onu özümüzdən kənara tullayıb saflığımızı, büllurluğumuzu qoruyuruq. Pislər isə sahildəki qayalara çırpılıb çör-çöpə dönür, toz-dumana çevrilib heçliyə gedir.”

Vəliyəddin müəllimi tanıyandan, təbiətinə, mənəvi dünyasına bələd olandan hiss elədim ki, xasiyyəti nə qədər mülayim, təbiəti nə qədər sakitdirsə, ruhu bir o qədər həssas, qəlbi həddindən artıq incə, incə olduğu qədər də narahatdır, təlatümlüdür. Kəlbəcər həsrətilə döyünən ürəyi həmişə nigarandır. Bizi böyük ləyaqət sahibi, ziyası ilə ətrafını işıqlandıran Qafil Əliyev süfrə arxasında tanış edib. Onu bizə təqdim edəndə dedi: -yemək bu xoş görüşə bir bəhanədir. Sizi Vəliyəddin müəllimlə tanış etməyə, onun şirin söhbətlərini dinləməyə gətirmişəm. Vəliyəddin müəllimin o qədər zəngin dünyagörüşü, həyat təcrübəsi, ruhoxşayan aurası var ki, onun söhbətlərini dinləmək üçün həmişə yer, bəhanə və məqam axtarıram. Bu görüşü də həyatımızın bir fürsəti bildim. V. İsmayılovu neçə vaxtdı, Azərsuda birgə əmək fəaliyyətindən tanıyıram. İşə məsuliyyətlə yanaşdığına, ətrafındakılarla xoş rəftarına, barışdırıcı mövqeyinə görə, harda işləyibsə həmişə onu qabağa çəkiblər. Çox təsərrüfatcıl adamdır. Gənc yaşlarından elinin, obasının ağsaqqalı olub. Elə burda da ağsaqqallığı, ağayanalığı, qayğıkeşliyi, oturuşu, duruşu ilə seçilir. İdeoloji yetkinliyinə, işbilənliyinə və hərtərəfli savadına görə həmişə idarəyə gələn mətbuat nümayəndələri onun yanına göndərilirdi. O, ümumiyyətlə xalqın, dövlətin, millətin sevən, xeyirxahlıqdan zövq alan bir insandır. İşdə də, həyatda da ürcahına çıxan hər kəsə həmişə doğru yol göstərib, öz nəsihətlərilə gəncləri həyatın sınağına hazırlayıb. Onu da deyim ki, şeiri sənəti, ədəbiyyatı çox sevir.
Bu tanışlıq bizi bir-birimizə bağladı. Vəliyəddin müəllimin üzündə elə bir nur, gözlərində elə bir işıq, baxışında elə bir doğmalıq, ruhunda elə bir cazibə, dilində elə bir şirinlik, könlündə elə bir ilahi mərhəmət var ki, onu tanıyıb da ona bağlanmamaq mümkünsüzdür. Vəliyəddin müəllimin yaradıcılıq qabiliyyəti əlaqələrimizi genişləndirdi. Qələm adamlarına münasibəti, başqalarının yaradıcılığına verdiyi yüksək qiymət onun özünü daha çox yüksəklərə qaldırdı. Ömrünün ahıl çağlarında ata ocağından ayrı düşməsinin ağrı-acısı şeirlərində, hətta başqaları haqqında yazdığı məqalələrin sərlövhəsində belə, duyulur.
Ömrün cənnət adlı
bir məkanı var.
O məkan Vətəndir
yaşaya bilsən.

Onun uzun illər qürbətdə yaşayan həmyerlisi şair Nəsib Nəbioğlunun haqqında yazısının başlığına fikir verin:
"Qəriblikdə çimir çalmayan şair"
Nəsib Nəbioğlunun torpağa, vətənə bağlılığı, anaya sədaqəti, ataya sitayişi, məhəbbətə pərəstişi, özünəməxsus çalarlarla çatdırılır oxucuya. Sözün sığalından oxucunun ruhu incimir. Çünki hər şeir bəndində bir öycül qafiyə var. O, sözü həmişə xarradıb, yetişdirib işlədir. O, həmişə qafiyəni, sözün ekizini axtarır. Çünki şair sözləri misralara, misraları bəndlərə elə bağlayıb işgil vurur ki, şeirdə misralar boyunbağı kimi hamar, lövbər zənziri kimi möhkəm görünür. Çünki şair sözü düyün salmır, ilgəkləyib təngini vurur, kürmək kimi bağlayır. Ona görə də söz sərrafı olan oxucu Nəsibin qoşmalarının ilgəyin tez açıb əzbərləyir. Şeirdə nə qədər doğanaqlı söz işlənsə də, oxucunun dilinə yatır."
Yaradıcılığına baş vurduğu bütün müəllifləri eyni ürək genişliyilə vəsf etməsi Vəliyəddin İsmayılovun içindəki insan sevgisinin təzahürü, sərlövhələr isə bəzən ürəyindən keçənlərin, bəzən duyğularının, bəzən də dərdlərinin dolayı yolla ifadəsidir. Məsələn: "Yandırın külümü səpin dağlara", "Köhləni yalman verməyən ozan", "Gözümə Kəlbəcər torpağı tökün"... Yazılarını oxuyan hər kəs başa düşür ki, Kəlbəcərsiz Misiroğlunun gözü çimir çalmaz. Onun yurd həsrəti Həbib müəllimə verdiyi təskinlikdə bir az da körüklənir, dəmirçi kürəsinin közü kimi yaxın düşəni qarsalayır:
"Karvan dağ aşırımında, üfüqdə çox cazibədar görünür. Zınqırovların da səsi dağ mehinə qarışanda sanki həyat simfoniyası çalınır. Qartal da ancaq zirvədə qıy vurub, qanad çalır. Şikarını da orda tapır, gözü də həmişə zirvələrdədir. Durna da alçaqdan uçsa, onun səsi insanı valeh eləməz, durnaların qatarı nə göz oxşayar, nə də diqqəti cəlb eləyər.
İnşallah, biz də qayıdıb o dağları ziyarət edərik. Bənövşənin yanaqları çillənəndə, qızlar onu əlləriylə dərəndə. Axı biz onları boynubükük qoymuşuq gələndə...Nə bilək bəlkə də yiyəsiz qalan o dağlarda güllər, çiçəklər, bənövşələr insan hənirinə həsrətdilər, gözəllərin gözü ilə oxşana bilmirlər. Qismət olsun bir qom "qan bənövşə" dərək, gözü yolda qalan ata -baba qəbirlərinin üstünə səpək."
Tək bir abzaslıq yazıda dağların zirvəsini, aşırımını, mehini, karvanlı yollarını, qıy vuran qartallarını, durna qatarlarını, gül-çiçəyini, nəhayət, ata-baba məzarlığını yada salır və onların gözünü yolda, bənövşəni boynubükük qoyub gələn bizlərə isə yurdumuza sahib çıxa bilmədiyimizi "sarı sim"lə xatırladır.
V.İsmayılov vətənpərvər, istedadlı adamlar haqqında elə ürəklə, elə şövqlə yazır k, dilimizin şəhdi-şirəsi onun qələmindən ballanıb süzülür:
"O, həmişə dilin, deyimin, musiqinin qorunması üçün haray çəkirdi. Sazın-sözün Dədə Qorqud köklərindən bizə miras qaldığını deyirdi. Kökümüzə, tariximizə əyilməyi gənclərimizə tövsiyə edirdi. Məmməd Aslanın qələmi Murovda, Dəlidağda döyülüb, "Laçın qaya" ilə ovxarlanmış, Tərtərdə suya çəkilmişdi, ona görə bu qədər kəsərlii idi. Məmməd heç vaxt gəlib keçən söz demirdi, həmişə dəlib keçən söz deyirdi".

Doğrudan da Məmməd Aslan heç vaxt gəlib keçən söz deməzdi. "Vəliyəddin, Türk dünyasında hara hənir salmaq istəmişdimsə, sən o yerlərin hamısına şeirinlə ayaq basmısan" sözlərini də Məmməd Aslan demişdi. Sən demə, Vəliyəddin müəllimin şeir dünyası daha zənginmiş.
O, "Ömür nədir?" şeirində
Bir ömür yaşadım
Min ömür qədər.
Min ömür nə verdi
Bir ömür qədər?!

-sualına verdiyi qısa cavabla öz ömrünün məna yükünü haqq tərəzisinə qoyur:
Ömür namus adlı
məhək daşıdır.
Sənindir, çiynində
daşıya bilsən...

Onu yaxından tanıyanlar yaxşı bilir ki, Vəliyəddin Misiroğlu namus adlı məhək daşını ömrüboyu çiyinlərində şərəflə daşıyıb. Çiyinləri altındakı köksündə isə özü ilə bərabər bir ürəkdolusu Ana sevgisi, Vətən sevgisi, ailə, övlad sevgisi, şeir-sənət, saz-söz sevgisi gəzdirib və heç vaxt onların heç birini urvatdan salmayıb. Oxucularımıza tanıtmaq üçün onun şəxsiyyətinə, xarakterinə heç bir rəng, boya, bəzək- düzək vurmaq lazım deyil. Onunla yol yoldaşı, iş yoldaşı olmaqla, başqa insanlara münasibətini müşahidə etməklə cəmiyyətdəki nüfuzunu, el arasındakı yerini göstərmək kifayətdir ki, Vəliyəddinsevərlər onu tanıdıqları kimi görə bilsinlər. Necəki Dilqəm Məmmədli görür:
-”Vəliyəddin müəllimi tanımamışdan adını eşidib, ününü duymuşdum. Rayonumuzun ən mötəbər adamlarından biriydi. Rayonda uzun illər Aqropromun sədri olub. Halbu ki, o vəzifədə 3-5 ildən artıq işləyə bilən olmurdu. 80 təsərrüfata heç bir çətinlik şəkmədən rəhbərlik edib. Rayonda işlədiyi dövrdə kolxoz sədrlərindən, direktorlardan tutmuş sıravi işçilərə qədər, bir nəfər də ondan narazı qalıb, incik düşməyib. Hamı onun müsbət keyfiyyətlərindən danışırdı. Tale elə gətirdi ki, Kəlbəcərin işğalından sonra "Azərsu"da uzun müddət bir yerdə işlədik. Rayonda eşitdiklərim Bakıda öz təsdiqini tapdı. Gördüm ki, deyildiyi qədər ləyaqətli, istiqanlı, səmimi, işgüzar və mehriban insandır. Onun olduğu yerdə yalnız xoş rəftar, doğma münasibət, təmənnasız hörmət vardı. İntriqadan, sözbazlıqdan, dedi-qodudan o qədər uzaq idi ki, onun yanında kimsə artıq-əskik hərəkət etməyə həm utanar, həm də çəkinərdi. İdarənin rəhbərindən tutmuş sıravi işçilərinə qədər hamı onun xətrini çox istəyirdi. Kimin nə problemi olsaydı onun üstünə gedərdi. Bilirdilər ki, onun sözünü yerə salan olmaz. O, da böyük məmnuniyyətlə gücü çatan bütün müşkülləri həll edər, kimsənin sıxıntıya düşməsinə imkan verməzdi. Elə bir insan tapmaq olmaz ki, ondan narazı qalsın.
Bir neçə ildi təqaüdə çıxıb. Özü olmasa da, sözü -söhbəti dillərdən düşmür. Vəliyəddin müəllim tanıdığım yeganə adamdır ki, getdiyi kollektiv üzvlərinin hamısı arxasınca yalnız xeyirxahlığından danışır. Bütün bunlar onun insan övladına olan sevgisindən qaynaqlanır. Şahidiyəm ki, neçə-neçə adamları işə düzəldib. İmkanı daxilində kimsəni naümid qaytarmırdı. Kimin əlinə məktub verib hansı tanışının yanına göndərirdisə, mütləq işi düzəlirdi. Vəliyəddin müəllimin alimliyindən, yaradıcılığından söz açmıram. Sadəcə demək istəyirəm ki, gözütox, niyyəti təmiz, təmənnasız, dürüst və sözübütövdür. Bir sözlə, kölgəli kişidir".
Kölgəli kişi sözü mənə kəndimizin qənşərindəki əzəmətli palıd ağacını xatırlatdı. Qaravış qayasından azacıq aşağıda qollu- budaqlı, tənha bir palıd ağacı vardı. Elə adına da Təkağac deyərdilər. Hər yerdən görünürdü. O kənddə dünyaya göz açan hər kəs Təkağacı tanıyırdı. Səhərlər hamının gözü Təkağaca dikilərdi. Hərdən də deyərdilər;- baxın, Təkağacın kölgəsi özündən nə qədər uzundur! Vəliyəddin müəllimi həmin uzunkölgəli Təkağaca bənzətmək istədim. Bu dəfə onun Aşıq Aydın haqqında yazdığı "Köhləni yalman verməyən ozan" düşdü yadıma.

Sözlərinin poetik ifadə tərzi, təbiətə dəli sevgisi, çiçəklərə divanəliyi, büllur bulaqlara təşnəsi, oymaq-oymaq gəzdiyi yaylaqların həsrəti onun öz uşaqlıq dövrünü, yeniyetmə çağlarını təsəvvürümdə canlandırdı. Köhlənin yalmanına yatıb üzü dağlara yol alan, göylərə nərdivan qoyub şimşəkdən tuta-tuta ildırımların harayına çatan bir dəliqanlı gördüm. Gördüm ki, Vəliyəddin adlı o dəliqanlı bayaqdan səyirtdiyi köhləni göylərdən yerə endirib. İndi də dərələrdə sıxlaşmış dumanın üstüylə yeriyir, Murovdan Keytiyə, Keytidən Qoşqara buludlardan körpü salır.
Məncə müdrikliyə gedən yol dəliqanlıların dağ başında qurduğu xəyal körpüsündən keçir. Ona görə də Vəliyəddin müəllimin əli onu əzəmətə mindirən, müdrikləşdirən, vüqarlandıran dağlara uzalıdır. Adına dostlar arasında Hikmət dağı deyilən el ağsaqqalı doğma yurdda ötən günlərin həsrətilə yaşayır:

Silkələndi yaddaşım;
Gör nə deyir, qardaşım.
Ləbbey çəkir həsrətim,
Heç götürmür qeyrətim.
Lap doğrum, həqiqətim,
Tükənməz sədaqətim,
Sonsuzdur məhəbbətim.
İlk payım, ilk qismətim,
Son sözüm, vəsiyyətim,
Kəlbəcərdə qalıbdı!
.......
Tamsındığım, daddığım,
Qurtum-qurtum udduğum,
Ana südüm, ağız tamım,
Ordan gəlib ilhamım.
Söz qoşduğum gözəllər,
Daşdan hörük hörərlər.
Al çöhrəli yanaqlar,
Qaymaqlanmış dodaqlar,
Bizə gəlmiş qonaqlar
Kəlbəcərdə qalıbdlr!

Ana kəsən göbəyi,"İngə" səsi, bələyi, qundağı, ana qoynu-qucağı, odu-ocağı, evi -eşiyi Kəlbəcərdə qalan Vəliyəddin İsmayılovun yaraları Kəlbəcərə qayıdana qədər qan verəcək.
Onun 40 illik dostu Zakir Muxtarovun xatirələrindən:
- Vəliyəddin müəllimi İnstitutu bitirib Kəlbəcərə gələndən -1975-ci ildən tanıyıram. O vaxt komsomolda işləyirdi. Cavanlığımız bir yerdə keçib. İş yerindən başlanan dostluğumuz əbədiləşib. Mən onun atasını, qardaşını, əmilərini, dayılarını, əmisi uşaqlarını demək olar ki, bütün nəsil-nəcabətini yaxşı tanıyıram. Köklü, sanballı nəsildir. Atası kəndin yox, elə demək olar ki, rayonun ağsaqqalıydı. Xeyirxah, mərd, cəsur, qorxmaz adam idi. Vəliyəddin müəllimi də ki Allah-Təala yaradıb dağlara mehman, bulaqlarla həmdəm ola, xətri istəyənləri başına yığıb məclis qura, məclis əhli yeyib içə, o da telli sazı sinəsinə basıb dostların ruhunu oxşaya. O dağların qoynunda işdənkənar günlərimiz belə keçib. Onun qonağı gələndə məni çağırıb, mənim qonağım olanda Vəliyəddin müəllimi məclisimizin başında oturtmuşuq. Onun dostları əsasən ziyalılar, qələm adamları, şairlər, yəni elə Vəliyəddin müəllimin özü kimi, şeir-sənət "xəstələri" idi. Harda birimizin rastına təzə şeir çıxsa bir-birimizə xəbər edib, oxuyar, birgə müzakirə edərdik. Bəhmən Vətənoğlu, Sücaət, Əyyub ən çox görüşdüyümüz dostlar idi. O dağlarda elə bir yer, elə bir bulaqbaşı yox idi ki, orda çörək yeməyək, badə qaldırmayaq. Onun kabab bişirməyi bir ayrı dəstgah idi. Heyvan götürüb bulaq üstünə gedərdik, kababı özü bişirərdi. Hinduşkanın qanadını şişə elə düpbədüz çəkərdi ki, yoldaşlar xasiyyətinə eyhamla deyərdilər:- əli, əməli o qədər düzdür ki, hinduşkanın əyri qanadını da şişə düz çəkir.
1985-ci ildə mayın 25-də şair Bəhmən, Vəliyəddin müəllim, mən-üçümüz getdik Tərtər çayının qırağında “pavilyon” deyilən yeməkxanada qəşəng nahar elədik. Vəliyəddin müəllim dedi:- yox e burda ləzzət vermədi. Pavilyonda oxuyan aşığa dedi ki, bu gün nə qazancın olacaqdısa mən verirəm, sən sazı bizə ver, bir də saz dalınca evə getməyək (Vəliyəddin müəllimin də sazı vardı, mənim də). Sazı götürüb, gedib çıxdıq rayon mərkəzinin qənşərindəki dağın başına- Mansır bulağına. Bu dəfə saz çalmaq mənə düşdü. O ikisi bala-bala vurdular. Bir də gördüm hərəsi əlində bir konyak gəliblər ki, ağzını aç, ağzına konyak tökəcəyik. Beləcə sazı çala-çala ağzıma konyak tökdülər.

Məclisimiz bitəndə Vəliyəddin müəllim dedi,- bura qədər gəlmişik, kəndə bir aşırım qalıb, gedək anamla görüşək. Vaxtsız olsa da ana ziyarətindən qalmaq olmazdı! Evə getmədən atasının məzarına döndük. Misir kişi vəsiyyətinə görə, kəndin qabağında, yuxarı başdan, tək dəfn edilmişdi. Qəbir ziyarətin bitirəndən sonra kəndə enib, evə getdik. Görüşüb hal-əhval tutandan sonra dağ çiçəklərindən dəmlənmiş bir ana çayı içib yola çıxdıq. Qayıdanda da yolumuzu əvvəl məclis qurduğumuz yerdən saldıq. Ata-anasını ziyarət etdiyindən Vəliyəddin müəllimin kefi kökəlmişdi. Gecə saat 12-də, o dağın başında, Ay işığında mənə saz çaldırıb Bəhmənlə qəşəngcə rəqs elədilər. Nəhayət, gəlib Vəliyəddin müəllimi öz evində düşürtdük. Bəhmənlə ikimiz bizim evə getdik. Səhər tezdən baxdım ki, Bəhmən müəllim yuxudan oyanıb, yan-yörəsinə baxır, divarlara göz gəzdirir. Soruşdum ki, nəyə baxırsan, divarlarda nə axtarırsan?! Dedi,- ayə nə bilim, baxıram divarlara evi tanıya bilmirəm, biz hara düşmüşük? Dedim,- əşi nə bilim, heç mən də tanımıram. Bu başladı deyinməyə ki, ay qardaş, sizə yüz dəfə deyirəm məni az içirin, bax görürsən nə gündəyik, hara gəldiyimizi də bilmirik...Onda böyük oğlumun 3 yaşı vardı. Uşaq gəldi ki, ata, anam deyir gəlsinlər, yemək hazırdı. Uşağı görəndə dedi,- ay Allah evini tiksin, mən də səhərdən ürəyimi yemişəm ki, görən kimin evindəyik?!
Yeməkdən sonra idarəyə gəldik. Vəliyəddin müəllim dedi,- gəlin gedək sazı sahibinə verək!
-Birimiz aparaq, daha üçümüz nəyə gedirik ki?! Dedi yox, sazı üçümüzün alıb birimizin qaytarması ayıb olar, aşıq bizdən inciyər... Beləcə sazı da götürüb təzədən çayqırağına gəldik, başımızı açıb dünənki məclisi qaldığı yerdən davam elədik...
Deyim ki, onların heç birinin yoldaşlıqda əvəzi yox idi. Altı-bazarımız həmişə bir yerdə keçərdi. Vəliyəddin müəllimi o qədər saflaşdıran içdiyi büllur bulaqların suyu olub. Canlara dəyən adamdı. Nə qədər dostlarım, tanışlarım var, onun qədər qəlbi açıq, ürəyi təmizi yoxdu. Camaat arasında sanbalı, xətir-hörməti olan tək-tək kişilərdəndir. Savadına da söz ola bilməz. Rayonda işləyəndə heç vaxt heç birimizə irad tutulmayıb. Çünki işimizi layiqincə görürdük. Amma onu da deyim ki, onun nüfuzunu gözü götürməyənlər, paxıllığın çəkənlər də çox idi. Bəzən kimsə qeybətini qıranda, sözünü danışanda qulağına çatardı, heç əhəmiyyət də verməzdi. Başqa cür ola da bilməzdi, çünki onun öz dünyası, öz çəkisi vardı...
Vəliyəddin İsmayılovun valideynlərinə olan münasibətini hələm- hələm adamlarda görməmişəm. Dağ boyda kişi atasını görən kimi balaca uşağa dönürdü, anasına qarşı da eləydi. Dostlardan birini qanı qara görsə, dərhal dəstəni başına yığardı. Belə məclislərimizin birində Kəlbəcərdəki sazbəndin əlində bir yaxşı saz gördüm, çaldım, xoşuma gəldi. Dedim get, bunnan yaxşısını düzəldə bilsən, saz xoşuma gəlsə, hansı qiyməti desən verəcəyəm. Sazbənd 6 aydan sonra bir saz gətirdi. Saz gələn kimi Vəliyəddin müəllimə zəng eləyib dedim,- sazı gətiriblər, gəl sən çal mən qıraqdan döşəyatımına baxım, səsinə qulaq asım. Çaldı, gördüm həqiqətən ləzzətli sazdı. Qiymətini soruşdum. Dedi,- nə versən qəbulumdur. Razılaşmadım, təkid elədim ki, qiymət desin. Axırda 150 manat qiymət dedi. O vaxtlar sazı 100 manata verirdilər. Çox xoşhallıqla çıxarıb 150 manat verdim. Vəliyəddin müəllim də sazın- sözün eşqinə, sazbəndə 50 manat şirinlik verdi. Bu onun səxavətindən çox sənətə, sənətkara verdiyi dəyərin göstəricisi idi.
Haşiyə. Xalam oğlu onun yanında işləyirdi. Bir gün dedim Vəliyəddin müəllim, səni mənim canım Hüseyni çağır gözümün qabağında danla. Dedi ay Zakir, axı nə deyim danlayım, niyə danlayım?! Dedim,- nə bilim, bir bəhanə tap danla. Dedi,- axı bəhanə də yoxdu. Hüseyn ağıllı, başlı işçidir. Nə iş tapşırıram məsuliyyətlə, vaxtında yerinə yetirir. Adam mühəndisdir, uşaq deyil ki, mən bəhanə tapıb onu danlayam. Çox üz vurub and-aman elədim. Axırda yenə soruşdu,- axı nə deyim danlayım?! Dedim,- soruş ki, Salyanda işıqlar çəkiləsiydi, onun aqibəti nə oldu?
Hüseyni yanına çağırtdırıb soruşdu:-
-Hüseyn sənə bir iş tapşırmışdım, icra vəziyyəti nə yerdədir?
Xaloğlu təəccüblə soruşdu, nə iş tapşırmışdınız yoldaş İsmayılov?
- Salyanda işıqlar çəkiləsiydi, onu deyirəm. Axı işıqlar çəkilmədi...
İndi xaloğlu istəyir ki, təfərrüatı ilə məlumat verə. Deyir getdim Ağdama, ordan işıq işçilərini götürdüm, filan işi gördüm. Belə-belə danışdı. Bunların hər ikisi iti-iti danışır deyə,- Vəliyəddin müəllimin Hüseynin belə ətraflı məlumat verməyini dinləməyə hövsələsi çatmadı. Dedi;- ay Hüseyn, dayan e! Bir de görüm Salyana çatdın ya yox?!
-Hə çatdım, ora çatanda getdim baş yatağa, ordan getdim Əlibayramlıdan deyəndə Vəliyəddin müəllim bunun sözünü kəsdi, ə getdiyini bildim e, sən de görüm nəticəsi nooldu?
Hüseyn bu qədər qısnamağa dözməyib dedi,-əşi bir imkan ver danışım daa, deyim nooldu! Vəliyəddin müəllim yenə təntik-təntik bunu sıxışdırdı: Nəticə, mənə nəticə barədə məlumat ver!
Hüseyn bunun dediklərin başa düşmədi. Dönüb məndən soruşdu ki, nə deyir?! Dedim.- ə, mən nə bilim nə deyir?! Onda Vəliyəddin müəllim üzünü mənə tutub dedi:- sən buna görə səhərdən bəri and aman eləyib Hüseyni çağırtırırdın?!
Bəli, indi bu şirin xatirələrlə dolu Kəlbəcərə əlimiz çatmır, ünümüz yetmir.
Xatirələri dinləyə-dinləyə düşündüm ki, mərdliyi yalnız mərd kişilər qiymətləndirər. Vəliyəddin müəllim də həmişə mərdliyi, mərdanəliyilə seçilib. Qəribədir ki, qəzetimizə təxəyyülümlə yaratdığım loqonu 10 il ərzində heç kim onun qədər təsəvvür və təhlil edə bilməyib:
“Bütöv Azərbaycan" qəzetinin ilk ünvan səhifəsinin sağ tərəfinin baş hissəsində ümmanda üzən nəhəng bir gəmini xatırladan "Bütöv Azərbaycan"ın xəritəsi hər birimizi özünə bürüyür. Amma diqqətlə baxanda bu "gəmi xəritə"ni ortadan bölən sovlu qılınc tük ürpədir. Elə bil sümüyün uyuşub açılır. Yazıq ürək bütün təpərilə yumulub açılır, damardakı qanı təpədən dırnağa qovur ki, bədəndə dönmasın. Bizə cansız görünən kirpiklər hey yumulub açılır ki, gözlərimizdəki yaş buzlaşmasın. Ha baxırsan ki, bu xəritəni ortadan bölən qılıncın qəbzəsi hansı zalımın əlindədir... Üç əsrə yaxındır ümmanda yellənən bu gəminin lövbəri hara bağlanıb?..
Fikirdən ayrılıb, beynində çaxan şimşəklərin işığında görürsən ki, əsrlər yadigarı Xudafərin körpüsü Cənublu-Şimallı bir Azərbaycanı qoşa xurcun kimi çiynynə alıb başına yağdırılan oxun, nizənin, topun-tüfəngin ağır yaralarından büdrəyə-büdrəyə bu əsrdən o əsrə çəkib aparır.
Vəliyəddin müəllim, bu millətin dərd şələsi hamımızın çiynindədir. Hərə qəm yükünü məmləkətimizn bir tərəfindən tutub. Kimisi Dərbənddən, kimisi Kərkükdən, Borçalıdan, Zəngəzurdan, kimisi İrəvandan, Göyçədən. Təbrizdə qan verən yaramız Kəlbəcərdə sızlayır. Qarabağda düyünlənən yaralarımıza isə Bakıda lövbər salan maskalı ermənilər duz basır. Dözün Misiroğlu, dözün bu həngamələrə, dözün görüm necə dözürsünüz?!
Özünüz mənə təsəlli verirsiniz ki, darıxma, Azərbaycan Ordusu bayrağımızı Xankəndinə taxacaq. Şuşada "Bütöv Azərbaycan"ın müxbir alaçığı qurulacaq. Səhəri gün alaçığın qapılığını yuxarı atıb çətənin arasından düşən günəş işığı gözümüzü qamaşdıra-qamaşdıra Qarabağımızın sabahını salamlayacağıq.
Qızlar şeh üstündə ayaqyalın, çiyinlərində gümüşü rəngli səhəng İsa bulağından su gətirəcəklər.Cavanlar Cıdır düzündə Qarabağ atlarını çapacaqlar. Çünki dostların sənin keçirmək istəmədiyin yubiley məclisini Qarabağda qurmaq istəyirlər. Mən də sənə o günləri arzulayıram!..
Vəliyəddin müəllim, sizin bu xoş arzuların işığında, hər ikimizə ürəyimdən keçən bir sonluq istəyirəm. Sizə ilk arzumu sonda deyəcəm. Son arzum isə odur ki, Allah sizə Mozqaraçanlıda- dağın döşündəki tənha məzarın yanında qəbir yeri qismət eləsin! Otuz il əvvəl Misir kişinin baş daşına sarıldığınız kimi, ruhlarınız bir -birinə sarılsın! Gözünüzə Kəlbəcər torpağı tökülsün! İnciməyin mənim son mənzilə yolum bambaşqadır. Bu sirri ilk dəfə sizə açacam. İki övlad itirmişəm. Övladlarım da atam kimi qürbətdə-babalarının qucağında torpağa əmanət edilib. Hər ürəyim istəyəndə onları ziyarət eləmək imkanım olur. Amma onların yanında dəfn olunmaq istəmirəm. Ağam da atanız kimi kəndimizin qabağındakı dağın döşündə tənha uyuyur (Böyük əmimizə Ağa deyirdik). Onun yanına getmək, ona sığınmaq, həm də ona güar olmaq istəyirəm!
Əslində bu yazımı sizin 75 yaşınıza yubiley təbriki yazmaq istəyirdim və mənə elə gəirdi ki, sizi 100 ildir tanıyıram. Bu yüz ilin 75-nə xəyal yoldaşlığı elədim. Yazılarınızın ruhuna bağlanıb könül dəftərinizi varaqladım. Gəzdiyiniz gədiklərdən, keçdiyiniz çəhlimlərdən keçə-keçə sirdaş , dərddaş olduq. Ümman dərdlərimiz məni dalğalarla döyə-döyə gətirib tənha məzarın başdaşına söykədi. Ona görə də o müqəddəs daşın arxasından boylanaq deyirəm:
-Vəliyəddin müəllim, nə yaxşı ki, doğuldunuz, nə yaxşı ki, sizin kimi ağsaqqallarımız var, nə yaxşı ki, mən də sizi tanıyıb əməlisalehlərin çoxluğuna əminləşdim. 100 yaşayın, var olun! Sizin kimilər var olduqca "Bütöv Azərbaycan"çılar tükənməz, hədəfimiz dəyişməz!

Dərin ehtiramla:
Tamxil ZİYƏDDİNOĞLU
11 sentyabr 2019-cu il, Bakı şəhəri.


Paylaş



Bölmə: Ədəbiyyat / Zəngəzur / Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!