Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 13-08-2022, 00:57
“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:


“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:
Sənə şeir yazmışam ...
Tənhalıqda ağlayıb,
keçirdiyim günləri
Həsrətin acısında,
xoşbəxtliyə yozmuşam,
Sənə şeir yazmışam...

Vidalaşıb həyatla,
zülmətlərin içində,
Gecəni çıraq edib ,
gözlərimdən asmışam,
Sənə şeir yazmışam...

Həyatımda ilk dəfə,
göz yumaraq, hər şeyə,
Getdiyim düz yolumda,
büdrəmişəm,azmışam,
Sənə şeir yazmışam...

Taleyimə, bəxtimə
vaxtsız gələn bu eşqi,
Ürəyimdə dəfn edib,
orda məzar qazmışam,
Sənə şeir yazmışam..
.
Belə alın yazısı,
qismət çıxdı qarşıma,
Taleyin pərgarını
öz əlimlə pozmuşam..
Sənə şeir yazmışam..

Şirin xəyal
Neçə vaxtdı kəsilib,gəlmir səsin-sorağın,
Qulağıma necəsən? pıçıldamır dodağın.
Təbrikini alıram, dostun, yadın, qırağın,
Həsrət qoyub getmisən, gözlərimi uzaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Sənsiz mənə dar gəlir, bağçası da, bağı da,
Xatırlaya bilmirəm aranı da,dağı da.
Unutmusan deyesən, mənli gözəl çağı da,
Arzularım bənd alır, indi qopmuş varaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Şaxta vurub baharda, çiçək açmır güllərim.
Soyuğundan donubdu barmaqlarım, əllərim.
Dolaşıb bir-birinə, pərişandı tellərim,
Saçlarımı daramır, dişi qopmuş daraq da,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Bu həyatın yolunu min yol ölçüb-biçmişəm.
Zəhərini bal edib, şərbət edib içmişəm.
Unutma sənin üçün mən hər şeydən keçmişəm,
Nə qədər ki, gec deyil, durmamışam qıraqda,
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da..
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da...

Həyat
Yeridim, yüyürdüm, bəzən büdrədim,
Məni bu yollarda çox üzdü həyat.
Çəkdi aydınlıqdan zülmətə doğru,
Dünyaya baxdığım kor gözdü həyat...

İnsanı xəstə tək sozaldan da o,
Yaşamaq eşqini azaldan da o,
Ömrü uzadan da, qısaldan da o,
Hər şeyi məhv edən, tək sözdü həyat!

Acını-şirini odur daddıran,
Zəhəri bal edib bizə udduran,
Haqqa göz yumduran,haqqı susduran,
Min hava çaldıran bir sazdı həyat…

Gözləmə sən ondan heç də sədaqət,
Etməyib heç kimə hələ mərhəmət,
Çalışıb-vuruşub, dözsən də fəqət,
Sonda qara torpaq,ağ -bezdi həyat...


Zəfərin mübarək, Azərbaycanım!
Dağılsın buludlar,hey gülsün üzün,
Gur yansın ocağın, sönməsin közün,
Səndən ilham alır oğulun-qızın,
Uğrunda qurbandı bu şirin canım,
Zəfərin mübarək, Azərbaycanım!

Dözmədik bu dərdə, qan dedik qana,
Odlandı ürəklər, qəst etdik cana,
Yetdi otuz illik bir həsrət sona,
Qələbə qazandı mərd oğullarım,
Zəfərin mübarək, Azərbaycanım!

Dumanlı dağların başında durdun,
Dumandan özünə bir xeymə qurdun,
Səsinlə qəlblərdə iz, möhür vurdun,
Sevinsin qoy ruhun, ay Xudayarım,
Zəfərin mübarək, Azərbaycanım!

Könlündə zirvəyəm, bir qarlı dağam,
Məqam axtarıram gurşadtək yağam,
Mən sənə bağlıyam, neçə ki sağam,
Sən mənim qürurum, mənim vüqarım,
Zəfərin mübarək, Azərbaycanım!


Gəl
Məsafələr səni məndən ayırır,
Yoxluğunla bacarmıram,durma gəl!
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Tor enibdi həsrətindən gözümə,
Raharçılıq mən tapmıram özümə,
Hisslərim də tabe olmur sözümə,
Bu nisgilli ürəyimi qırma,gəl!..

Söz deməmiş kükrəyirsən, daşırsan,
Köpüklənib, dalğalanıb, coşursan,
Qaraya-ağ, ağa qara qoşursan,
Öz-özünə minbir xəyal qurma,gəl!..

Bu oyunu bizə quran həyatsa,
Nə olardı gedişini yubatsa,
Bilirəm ki, dönəcəksən nə vaxtsa,
Bəsdi daha, məni artıq yorma gəl!..
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Könül qırmadan
Zirvənin qarı da əlçatmaz deyil,
Zamanı gələndə sulara dönür.
Qartal da səmada uçmayır hər vaxt,
Azuqə eşqinə yerə də enir.

Zəhərli, zəhmli olsa da şahmar,
Ölür ulduz görüb, batmayır dişi.
Fələyin örkəni uzun olsa da,
Bir gün doğanaqdan keçir hər kişi..

Həyatın sonunu düşünmür insan,
Çoxları kasıbı, bəzən xor görür.
Həqiqət budur ki, ömrün sonunda,
Kasıb da, varlı da məzara girir..
Bax, neçə əsrlər ötüşüb belə,
Heç nə aparmayıb, heç kim dünyadan.
Çalışıb, hər kəsin qazan rəğbətin
Yaşa bu dünyada könül qırmadan..

AXMASIN
Günəş gülsün, aləm nura boyansın,
İsindirsin, çox yandırıb-yaxmasın.
Zirvələri, dağı-düzü bəzəsin,
Qar soyuqdu, ürəklərə yağmasın.

Qəm-qüssəmiz günü-gündən az olsun,
Şadlıq olsun, əhvalımız saz olsun.
Ömrümüzə bahar gəlsin, yaz olsun,
Qara bulud şimşək olub çaxmasın.

İnsanlıqdan tükənməsin mərhəmət,
Hər ocağa qanad açsın səadət.
Könüllərdə ətir saçsın məhəbbət,
Gülsün gözlər, intizarla baxmasın.

Ümüd verək, əhdi-peyman bağlayaq,
Hər bir kəsin hörmətini saxlayaq,
Ağlayanda qoy sevincdən ağlayaq,
Gözümüzdən kədər yaşı axmasın...

ALLAH
Daldada yox, üz deyirəm,
Söz qanana ,söz deyirəm,
Dediyimi düz deyirəm,
Dayanmayır dilim, Allah…

Dərdlərin səfi ordusa,
Həyat məni çox yordusa,
Yaşadığım kinodursa,
Bu neçənci bölüm, Allah?

Axtarmayım keçmişləri,
Bitib sona yetmişləri,
Ömrümüzdən getmişləri,
Yaddaşımdan silim, Allah!

Qoy keçməsin ömür hədər,
Bizdən uzaq dursun kədər,
Arxamızda sən dur, yetər...
Xoşbəxt olsun elim, Allah!

Əqidəmdə düz olmuşam,
Sinə dolu söz olmuşam,
Ocaq olub, köz olmuşam,
Ərşə qalxıb külüm, Allah!

Bacarmadım heç bicliyi,
Etmədim mən simicliyi,
Əlimdən alıb gəncliyi,
Etmə mənə zülüm, Allah!

Qocalaram huş itəndə,
Saç ağarıb, yaş ötəndə,
Əcəl çatıb,vaxt bitəndə,
Vətənimdə ölüm, Allah!!

Çıxarmısan yadından
Nə tez söndü qəlbindəki eşq odu?
Nə tez doydun bu sevginin dadından?
Nədən düşdü bu soyuqluq araya,
Üz döndərdin çox sevdiyin qadından?

Nə müddətdi, danışmırsan, dinmirsən,
Əhvalını soruşmursan, bilmirsən,
Görüşmürsən, göz-gözə də gəlmirsən ,
Bəlkə adın çıxarmısan yadından?

Ocaq çatıb, atəşinə atmısan,
Sevincini kədərinə qatmısan,
Sevməmisən,bəlkə də aldatmısan,
Xəbərin yox, ürəyinin odundan...

Bu məhəbbət bəlkə də bir qınaqdı,
Sən qurduğun bir oyundu, sınaqdı,
Etmə belə,bilirsən ki, günahdı,
Uzaqlaşar doğmasından-yadından.
Nə yez söndü qəlbindəki eşq odu,
Üz döndərdin, çox sevdiyin qadından?


İnsanın
Dağların başını alıb sis-duman,
Qar yolu bağlayıb kəsilib güman,
Gedib abır-ismət, qalmayıb iman,
Üzülür hər yerdən əli insanın.

Haqqı paylaşırsan, hər kəs xor baxır,
Görməzlikdən gəlir, bəzən kor baxır,
Kimi nəzər salmır, kimi zor baxır,
Beləcə kəsilir dili insanın.

Ömür çürüdürsən, əməyin olmur,
Bəzən aç qalırsan, yeməyin olmur,
Haqq səsin ucalır, köməyin olmur,
Arxasında durmur eli insanın.

Söylədiyi sözlər bayağı olur,
Nə arxası olur, dayağı olur,
Kədər hücum çəkir, dərd yağı olur,
Bu cürə qırılır beli insanın.

Sabahın xeyir
Günəşin gözüylə açılsın səhər,
Üzünə gün doğsun, sabahın xeyir.
Oxusun bülbüllər, məst olsun güllər,
Çiçəklər qoxusun, sabahın xeyir.

Ruhunu oxşasın payız yelləri,
Sədəfli sazların incə telləri,
Gəzişsin pərdədə zərif əlləri,
Astadan oxusun, sabahın xeyir.

Titrətsin bu görüş, sevən ürəyi,
Toqquşsun baxışlar, görmə heç nəyi.
Gözlərində çaxsın sevgi şimşəyi,
Dağıtsın yuxusun, sabahın xeyir.

Aparsın könlündən yel, qara zehi,
Külək asta-asta qurutsun şehi
Öpsün yanağını səhərin mehi,
Sevgiylə toxunsun, sabahın xeyir.

Eyyubova Mərziyə Cəmaləddin qızı
(Mərziyə Sarvan)



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!