Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-05-2023, 06:58
SÖZÜNÜN BAŞINA DOLANAN ŞAİRƏ


SÖZÜNÜN BAŞINA DOLANAN ŞAİRƏ

Əzizə Ağahüseynqızı ilə ilk tanışlığımız 2015-ci ilin baharında ədəbi məclislərin birinə təsadüf etdi. Diqqətimi cəlb edən onun əsl Azərbaycan xanımına xas ədəb-ərkanla oturub-durması, şirin, mehriban və səmimi söhbətləri, ali ziyalı keyfiyyətləri oldu. Söylədiyi şeirlərin səmimiliyi, axıcılığı, koloriti ilə özünün sadaladığım müsbət keyfiyyətlərinin bir-birini tamamladığının şahidi oldum.
Beyləqan rayonunun Dünyamalılar kəndində sadə, zəhmətkeş bir kolxozçu ailəsində dünyaya göz açan Əzizə xanım hələ orta məktəbdə oxuyarkən Tanrının ona verdiyi istedadın, ilhamın müjdəsi olan şeirlərini yazıb. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. 1975-ci ildən yazdığı şeirləri "Azərbaycan", "Ulduz", "Körpü", "Literatura Azerbaycana" jurnallarında və müxtəlif qəzetlərdə dərc olunur.
"Aşıq Pəri", "Məhsəti", "Dirili Qurbani" və s. məclislərin üzvüdür. Müxtəlif almanaxlarda və Türkiyədə çap olunan Türkiyə antolojisində şeirləri və nəsr əsərləri dərc olunub. "Ürəyim qəm adasıdır" adlı ilk şeirlər kitabı 2005-ci ildə çap olunub. Növbəti "Payız yağışı" adlı şeirlər kitabı isə 2015-ci ildə işıq üzü görüb. Aradakı on il müddətində Əzizə xanım onun üçün müqəddəs olan ailə qayğıları, övladlarına olan sonsuz sevgi-məhəbbəti yaradıcılığına daha da müsbət təsir göstərmiş, gözəl şeirlər, hekayələr, bir çox elmi monoqrafiyalar yazıb.
Ədəbi məclislərin çoxsaylı diplom və mükafatlarına layiq görülüb."Qızıl qələm" media mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvüdür. Lakin bu müddətdə yazdıqlarını toplum şəklində kitab çap etdirmək imkanı məhdud olmuşdur. Şükürlər olsun ki bu gün Əzizə xanımın "Payız yağışı" adlı şeirlər kitabı qarşımızdadır. Şeirlərinin mayası onun ilhamından yoğrulub. "Mən şeir yazanda xoşbəxt oluram" şeirində yazır:

Duyğular könlümün həmdəmi olur,
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludu tək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.

Bilmirəm sevgidən ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.

Və yaxud "İlahi şeir"də hecalarla, misralarla qanadlanan şairə yazır:
Bu gecə səmada uçurdum elə,
Göylərə qalxmağım inadım idi.
Bir özgə məkana səfər edirdim,
Hecalar, misralar qanadım idi.

Qalxıb kəhkəşanlar diyarına mən,
Parlaq ulduzlardan qururdum kümə.
Səhrada susayan yolçu kimiydim,
Buludlar göz yaşın tökdü üstümə.

Əzizə xanım özü sözünün başına, sözü özünün başına pərvanə kimi dolanan şairədir. Sözü özünə hamıdan doğma, hamıdan yaxın bilən, sözü sinəsində közərən, bişən şairədir. Sözün sevincini canında, qanında hiss edən, məsuliyyətini dərk edən şairədir."Söz" şeirində yazır:
Başıma dolanıb pərvanə kimi,
Ağlımı başımdan alırsan ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi,
Alıb əllərində çalırsan ay söz.

Sinəmə çırpılan dalğasan, nəsən?
Qeybdən ruhuma qonan nəğməsən.
Bəlkə söyləyəsən hardan gəlmisən?
Bəlkə biyabanda bir tütək səsi,
Bəlkə də çiynimə qonan mələksən?!

Sözü balası qədər sevən, balası qədər sözünün qulluğunda duran, sözü özünün sevgisi, məhəbbəti bilən şairə "Biri məhəbbətdir, biri sevgidir" şeirində sözü duyğusundan, hissindən doğulan balası kimi səciyyələndirir:
Başıma ələnən qarımdan iraq,
Yolumda pusquda sarımdan iraq,
Bir ömür sevdiyim yarımdan iraq,
Duyğumdan, hissimdən doğan balam var,
Biri məhəbbətdir, biri sevgidir...

Şair olmağın çətinliyindən, şairlərin keçdiyi yolların keşməkeşli olduğundan anasının duyuq düşəcəyindən ehtiyat edən Əzizə xanım "Anama deməyin şeir yazıram",-deyir:
Düyünlü alnının qırışı artar,
Bu ani xəbərdən narahat yatar,
Hər gecə səksənib yuxusun qatar,
Anama deməyin şeir yazıram.

Bu həyat belədir, gor ağacı var,
Edam kötüyü var, dor ağacı var,
Şairi gözləyən dar ağacı var,
Anama deməyin şeir yazıram...

Bütün şairlər kimi dünya ilə çək-çeviri olan, torpaqlarımızın yağı tapdağında qalmasından, qaçqınların, köçkünlərin, didərginlərin dərdini-qəmini sinəsində gəzdirdiyi üçün, ömrünün gənclik illərinin sanki bir göz qırpımında əlindən getdiyi üçün bu dünyadan gileylənən Əzizə xanım "A dünya" şeirində yazır:
Vaxtsız rüzgar əsib, solub çəmən də,
Dərd məni ovlayıb saldı kəməndə.
Neçə didərginin dərdi sinəmdə,
Səndən gileyliyəm, səndən, a dünya.

Əzizə Ağahüseynqızının yaradıcılığının əsasını vətənpərvərlik mövzusunda ürək yanğısı ilə qələmə aldığı şeirləri təşkil edir. O, gah buluda çevrilib susuzluğundan sinəsi cadar-cadar olan Vətən torpağına yağmaq istəyir. Gah da qəhrəman bir əsgərə çevrilərək, qılınc kimi qınından sıyrılıb düşmənlə döyüşərək Alp Ər Tonqa övladı qəhrəman bir əsgər kimi torpaqlarımızı yağı düşmənlərdən azad etmək istəyir.
"Dərdin məni yandırır" şeirində yazır:
Əzizəyəm, Vətənin nisgili, dərdi məndə,
Düşmənə qalib gələn oğulun mərdi məndə,
Çağır, Vətən, əsgərəm, qisas vaxtı gələndə,
Sıyrılaraq qınımdan düşmənimlə vuruşum,
Alp Ər Tonqa qızıyam, düşmənlə çoxdu işim,
Dərdin məni yandırır, qaçqın bacım, qardaşım!

"Xocalım", "Şəhidlər", "Bir əsgər gedirdi çiyinlər üstə" və s. şeirlərində xalqının, millətinin dərdini, qəmini özünün şəxsi dərdi kimi hiss edib ana kimi, bacı kimi göynəyə-göynəyə ağı deyib ağlayır. O, həm də Vətənini, xalqını canından artıq sevən vətənpərvər bir şairə kimi başına gələn bu müsibətləri şeirlərinin dili ilə dünyaya car çəkir. "Bayrağım", "Vətən", "Vətən oğlu", "Heydər gəlir qucağına", "Rahat uyu şəhid qardaş" və s. şeirlərində Vətənə ölməz sevgisi, torpağa sonsuz məhəbbəti, torpaqlarımızın işğal altında qalması yanğısı, şəhidlərin hələ alınmamış qisası duyulur. "Şəhidlər" şeirində yazır:
Vaxtsız külək vurub budaqdan düşüb,
Xalqımın yas günü nahaqdan düşüb,
Göylərin qoynunda buluddan düşüb,
Torpağa yağış tək hopdu şəhidlər...

Əzizə xanımın hərbi xidmətini döyüş bölgəsində keçirən əsgər oğluna xitabən yazdığı, gənclərimizə vətənpərvərlik hissləri aşılayan silsilə şeirləri var. "Qələbə xəbərin gətir gəl, oğlum" şeirində deyir:
Yaxınsan, uzaqsan, necə deyim mən,
Sənin qeyrət qanın qaynar qanımda.
Döyüş libasında sən Vətəninsən,
Əsgər paltarında yoxsan yanımda.

Həsrətin çəksəm də səndən aralı,
Xəyalım üz tutur sənədir yolum.
Vətənə xidmət et bir əsgər kimi,
Qələbə xəbərin gətir gəl, oğlum.

"Bu xalçanı mənim anam toxuyub" şeirində maraqlı fikirlərlə rastlaşırıq. Anası, toxuduğu xalçanın ilməsinə, "Sarı bülbül"ü, "Qarabağın şikəstəsi"ni oxuyub. Sarı, yaşıl, abı rəngi seçərək ilmələri əzizləyə-əzizləyə gözlərinin qarası ilə toxuyub- deyən şairə sözlərlə, səslərlə rənglərin ecazkar formada bir-birini tamamlayan zəngin çalarını vermişdir. O, "Bu xalçanı mənim anam toxuyub" şeirində yazır:
Naxışında min illərin yaddaşı,
Bu xalılar ocaq daşı, yurd daşı,
Qiymətini bilə-bilməz hər naşı,
Toxuduqca qəlbi nəğmə oxuyub,
Bu xalçanı mənim anam toxuyub...

O yatmayıb şirin candan keçərək,
Sarı, yaşıl, abı rəngi seçərək,
İlmələrı əzizləyib öpərək,
Gözlərinin qarasıyla toxuyub,
Bu xalçanı mənim anam toxuyub...

Əzizə Ağahüseynqızının şeirlərinin təbiiliyi, səmimiliyi, duruluğu oxucuların diqqətini cəlb edən əsas amillərdən biridir. "Payız yağışı" şeirini nəzərdən keçirək:

Necə də durudu, pakdı,
Ağdı bu payız yağışı.
Qəlbimin quraq yerinə
Yağdı bu payız yağışı.


İnci, mirvari, darıdı,
Göyün yerə ilqarıdı,
Tanrının göz yaşlarıdı,
"Ah"dı bu payız yağışı...

Onun yazdığı şeirlərdən torpağın ətri, bulaqların zümzüməsi, çayların şırıltısı, ildırımların şaqqıltısı, yağışın həzin pıçıltısı duyulur. Yurd-yuvalarından didərgin düşmüş insanlarımızın nisgili, əsir və itgin düşmüş insanların ah-naləsi, şəhidlərimizin qanı, ürəkləri qisas yanğısı ilə döyünən igid əsgərlərimizin düşmənlərimizə atdığı güllələrin gurultusu eşidilir, duyulur, hiss olunur.
O, dünyaya, təbiətə, sevgi-məhəbbətə, hətta məişət məsələlərinə özünün düşüncələrinin gözü ilə baxır, poetikləşdirir. Yaratdığı bənzətmələr maraqlı və düşündürücüdür. "Gecə düşüncələri" şeirində yazır:
Buluda hamilə payız gecəsi,
Yatmayır, qorxur ki, dölü boğacaq.
Gecə keşik çəkir bulud anaya,
Göyün yağış adlı oğlu olacaq...

Və yaxud "Məni" şeirində yazır:
Bu nəğmə möcüzə, sehirli gəvə,
Karvanı zınqırov sədalı dəvə,
Tellər hana olsun, əllərin həvə,
Xallara, güllərə toxu, sən məni...

"Gecəm gözlərimdən asılı qalıb" şeirində əvvəldən axıra kimi şairlərə məxsus yuxusuz bir gecənin poetik mənzərəsini görürük:
Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm vaxtım hədərdi,
Qəlbimin qüssəsi dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb.

Əzizə xanımın valideynlərinə həsr etdiyi şeirləri oxuduqda ana müqəddəsliyi, ata böyüklüyü duyulur. Onlara qarşı ilahi bir sevgi, məhəbbət hiss olunur."Anamın" şeirində yazır:
Mən illərin uyğusuna daş atdım,
Yaraların qaysağını qanatdım,
Laylasıyla ildən-ilə boy atdım,
Ürəyimdə nəğməsi var anamın.
"Ata" şeirində atasının borcundan çıxa bilmədiyinə görə özünü qınayaraq, təəssüflənərək yazır:
Boyun bərabəri qaldırıb göyə,
Məni gəzdirərdin yolların üstə.
Guya ki, borcundan çıxıram deyə,
Səni qaldırıram qollarım üstə...


Əzizə Ağahüseynqızının "Payız yağışı" adlı şeirlər kitabına ön söz yazan xalqımızın sevimli şairi Musa Yaqub yazırdı:
"...Əzizə qədim torpağımız Beyləqandandır. Beyləqanın da, onun insanlarının da xoş xarakteri, özəllikləri və gözəllikləri var. Səbr, sakitlik, mehribanlıq, Hərami düzü kimi ürəyi genişlik, sədaqət, inam, torpaqsevərlik, yurdsevərlik və s.
Hələ İslamdan qabaq ömrü boyu təkallahlıq uğrunda mübarizə aparan, bütün məhrumiyyətlərə dözən Cərciz peyğəmbərin qəbri də, üstündəki məbədgah da bu torpaqdadır. Mücirəddin Beyləqaninin klassik nümunələri də, Gileyli Bəylərin el-obanın ürəyindən qopan deyimləri də, Səmədxan Fətişoğlunun tarixi yazıları da burada yaranıb. Hərami düzünün çör-çöpündən, yulğunundan qalanıb yanan təndirlərin qovzanan alovlu tüstüsü də, doğma ocaqların istisi də, Beyləqan buğdasından hasil olan məşhur çörəyin ətri də bu torpaqla bağlıdır.
Bütünlükdə bu dediklərimdən yaranan hiss və həyəcanlar, özəl duyğular Əzizənin misralarına da hopub. Bunlar o kökdən gələn torpağa, el-obaya bağlılıq qaynaqlarının həyəcanlarıdır, sədaqətidir, torpağa sitayişidir. Şeirlərdəki istilik doğma ocaqların və təndirin istiliyidir. Mən istərdim ki, onun yazılarında həmişə özəl hisslər, gözəl duyğular olsun. Mən bu yolda ona qələm uğurları diləyirəm".
Mən də onun yaradıcılığı haqqında yazdığım bu yazımda son olaraq həmkarıma, qələm dostuma möhkəm can sağlığı, ailə səadəti və bol-bol yaradıcılıq uğurları arzulayıram.

Qəzənfər MƏSİMOĞLU,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair.

"Bütöv Azərbaycan" qəzeti
26 may 2023


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!