53 mindən çox şagird imtahan verdi .....                        Doğuş zamanı körpə öldü - TƏBİB-dən AÇIQLAMA .....                        Türkiyədə 4,1 bal gücündə zəlzələ .....                        Bina uçdu - 11 ölü, çox sayda yaralı .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        İrəvanda kütləvi dava - Ölən və yaralananlar var .....                       
15-08-2022, 16:08
Zəngəzuru tanıyaq və tanıdaq!


Zəngəzuru tanıyaq və tanıdaq!

Zəngəzur - adı da, özü də bizə məxsus olan diyar
Yerin, ərazinin adı onun kimə məxsusluğu haqqında çox şey deyir. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Azərbaycanın ən qədim və ən şöhrətli torpaqlarından biri olan Zəngəzurun adının mənasını da Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır. Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla tanınıb. Bölgənin ən qədim adlarından biri Sünik olmuşdur. Sünik Albaniyanın dörd böyük vilayətindən biri idi. Sünik bəzi dövrlərdə müstəqil knyazlığa çevrilsə də, bəzən Atropatenanın, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur. Qədim dövrü araşdıran bir sıra alimlər Sünik toponimini eradan əvvəl IV minillikdə Çinin indi uyğurlar yaşayan bölgəsindən Qafqaza köç etmiş syun-na, syun-nu tayfalarının adı ilə bağlayırlar. Sünik adını «su ətrafı ərazi» kimi də yozurlar. E.ə. III minilliklərdə regionda türk mənşəli su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir. Sünik adının fars variantı sayılan Sisakan adına ilk dəfə VI əsr Suriya səlnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir. Alban tarixçisi Musa Kalankatlı "Alban tarixi" əsərində Zəngəzur ərazisini «Sisakan», «Sünik», eləcə də «Sünestan» adlandırmışdır. Erməni "alimləri” “Zəngəzur” sözünün mənasını iki anlamda izah etməyə çalışırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən"..Guya ki, Zəngəzurda çoxlu kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu cür "izah" erməni yalanının əks-sədasından başqa bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı vermirlər? İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırım qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?! İzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri “Zanqe”, yaxud “Zanqa” kimi səslənmir. Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək “Zəngəzur” sözünü “Zanqe+dzor”, yəni "Zəngi dərəsi" anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt "Zəngəzur" sözünü Zanqedzor şəklində işlətməyiblər. Zəngəzur sözünün ermənicəyə dəxli olmadığını daha bir fakt da sübut edir. Hazırkı Ermənistanın inzibati ərazi bölgüsündə Zəngəzur adlı ərazi yoxdur. Bu bölgəni Ermənistanda Sünik mərzi adlndırırlar. Sovet hakimiyyəti illərində Zəngəzurun özü kimi adına da iddia edən ermənilər hazırda faktiki olaraq Zəngəzur terminindən imtina etmişlər. Bu toponimin "Səngi-Sur" formasında izahı da, hər hansı bir elmi əsasa malik olmasa da, maraq doğurur. Belə ki, fars dilində "səng" - daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir. Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə "sur" daş-divar, qala, bürc deməkdir. Bu Bölgənin çox döyüşkən və azadlıq sevən əhalisi ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər. Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yeniləndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydanı olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır. Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı. Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.). Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Qazaxıstana, Əfqanıstana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan, Gürcüstanda - Zəngişamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ismayıllı rayonu), Irəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir. Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir. Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Orta əsr tarixi mənbələrinin («Kitabi-Dədə Qorqud» (VII əsr) Mahmud Qaşğari (Divani Lüğəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, şəfəq və s. Bu qəbilələrin bir çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar. A.A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalannın adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir. Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı. Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alimlərinin diqqətində müdafiə istehkamı-qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları Zəngisur - zəngilərin qalası adlandırmaqda tamamilə haqlı idilər. Sur, sür sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır. Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə doğrudur. "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrdən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Zəngəzur ərazisində xeyli sayda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sıldırım qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir. Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından yaranan irili-xırdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin hamısı belə bir landşaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti - qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və strateji baxımdan əlverişli olan yerlərdə salınsın. Zəngəzurun adı da, özü də bizə məxsusdur. Min illər öncə bizim ulu babalarımız bu torpaqları əkib-becərmiş, abadlaşdırmış, kəndlər, şəhərlər şalmış, Vətən etmişlər. Son yüzillikdəki qısa fasilələr istisna olmaqla bu torpaqlarda həmişə bizim xalqımız yaşamış və hökm etmişdir. Sovet hökuməti trəfindən Zəngəzura qarşı törədilmiş qəsd və tarixi ədalətsizlik həmdə Azərbaycanın və türk coğrafiyasının ərazi bütövlüyünü pozmuşdur...Cənab Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə tarixi geri dönüş, ədalətin bərpası zamanı başlamışdır...İndi dünya sularında üzərində cənab İlham Əliyevin imzası olan "Zəngəzur" tankeri üzməkdədir...İndi Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə qurulmaqdadır, Zəngəzur dəhlizinin açılması və coğrafi cəhətdən əlaqəsi kəsilmiş böyük türk dünyasının bütövlüyünün bərpası tarxin reallığına çevrilməkdədir...Bakıdan çıxan sürət qatarının Zəngəzurdan keçərək Naxçıvana və Qarsa gedəcəyi gün o qədər də uzaqda deyildir! ...Biz Şərqi Zəngəzura qayıtmışıq! ...Qərbi Zəngəzura da gedəcəyik. Hansı gün və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimizi isə Ali Baş Komandan söyləyəcəkdir! Zəngəzur Azərbaycandır!



Musa Urud - Milli Məclisin deputatı
13-08-2022, 08:46

"Bir Əslim varmış"

Aytac Qayıbova

"Bir Əslim varmış"

Əvvəli ötən sayımızda

V Hissə
Açıılan keçmiş)
O gün mən sirlərin açılacağından xəbərsiz idim. Çox az-az danışırdı, düzdü, ancaq əsas olan danışmağıydı deyə düşünürdüm. Bir sabah yenə adətim üzrə ona baş çəkmək üçün ya da yoxlamaq üçün deyim, otağına getdim. Üzünə baxanda yenə yuxusuz bir gecənin ağuşunda olduğunu anlamaq çətin olmurdu. Bu dəfə o təklif etmədən keçib oturdum. Nəsə danışacaqmış kimi sakitcə gözləməyə başladım. Bir neçə dəqiqə sonra elə bir of çəkdi ki, bütün bədənim üşüdü, sonra danışmağa başladı...
“Həyatda anamı itirdikdən sonra tək bir qadına güvəndim, sevdim. Düzdü çox kiçik idim. ən çox 12, ya 13 yaşım olardı…
Yenə dərdlərim məni qucaqlamış, əl çəkməməkdə qərarlı idi və mən ondan qurtulmaq üçün tək təsəllini anamın soyuq məzarından alırdım. Nə vaxt yorulsam, bezsəm, küssəm onun yanına gedərdim, dərdləşərdik, bəzənsə anamın məzarıyla ağlayardıq...
O gün yenə anamla dərdləşmək üçün məzarlığa getmişdim. Biraz sonra hıçqırıq səslərinə ürpələnərək başımı qaldırdım və onu gördüm...
İlk orda gördüm onu, “Əslimi”. Atasının məzarıyla danışırdı, o da mənim kimi soyuq məzardan təsəlli gözləyirdi. Elə o gün bağlandım ona, elə o gün sevdim onu. Kənd içi olduğu üçün ehtiyat etsək də, bilirdik ki, o insanı qılınc kimi kəsən soyuq qış səhərləri heç kim gəlməz məzarlıq tərəflərə. Anamın ən çox sevdiyi bir şalı vardı, üşüməsin deyə o şalı ona vermişdim. Hər sabah ona bükülüb gələrdi məzarlığa.
Əvvəl ana, atamızla tək dərdləşib sonra bir-birimizə təsəlli olmağa çalışardıq. 7 il keçdi, dağ boyda 7 il. Biz bu 7 il ərzində hər gün bir yerdə ağladıq, bir yerdə güldük o məzarlıqda...
Bir gün adıma çağırış vərəqəsi gəldi, çoxdandı gözlədiyimiz o müvəqqəti ayrılıq gəlib çatmışdı. Ancaq yenə xoşbəxt idik, mən əsgərlikdən qayıdan kimi evlənəcəkdik. Sabah gedəcəkdim və biz bu gün son dəfə görüşdük.
Mənə söz verdi, “sən gələnə qədər deyil, mən ölənə qədər gözləyəcəm səni, səndən başqası olmayıb, olmayacaq, hər gün sən gələnə kimi ananla dərdləşəcəm narahat olma. İkimiz də səni gözləyəcəyik, inan mənə”:– dedi. Axı o anamın gəliniydi, ona inanmaya bilməzdim. Anamla gözləyəcəkdi məni, anamla....
(İndi mənim üçün əlindəki titrəyiş, dolan gözləri, daralan nəfəsi o soyuq qış səhərlərinin qılıncından daha kəskin idi.)
Cəmi 5 ay keçdi 5 ay....
5 ay sonra atamdan məktub gəlmişdi...
“Aslan, oğlum, bizdən narahat qalma, bacıların da, mən də yaxşıyıq. Ancaq bilirsən ki, bacıların evləndikdən sonra tək qalmışdım, odur ki, mən kənddəki rəhmətlik Yaşar dayının qızına adam göndərdim, anası dul qadındı, borc-xərcləri çoxuydu onların əvəzində qızı mənə verməyi qəbul elədi. 1 həftədi Əslimlə kəbin kəsdirmişəm. Nigaran qalma daha o mənə yaxşı baxır. Allah qoysa sən də sağ salamat gələrsən atan səni də halal süd əmmiş bir qızla evləndirər...”
Rəhmətlik Yaşar dayının qızı deyəndə mən yox idim artıq...
O məktubdan cəmi 1 həftə keçdi məni xəstəxanaya apardılar sonra da bura gətirdilər. Anamın gəlini anama da, mənə də xəyanət etmişdi. O gün tövbə elədim adını anmamağa, oyaq olanda özümə hakim ola bilirəm ancaq, yatanda adını sayaqlamamağı bacarmıram. Ağzımı açıb söz demək istəsəm dilimdən adı çıxır ona görə danışmıram mən. Yatası olsam yuxularımdan getmir, ona görə yatmaq istəmirəm. Hər gün eyni şeyləri düşünürəm. Mən hansı günahın sahibiyəm ki, mənim sevdiyim qız mənim xəyallarımı mənlə yox atamla həyata keçirdir....
Bilirsən, bir qızı olub indi, bacım olub....
Adını Zinyət qoyublar...
Anamın adını qızına qoyub mən buna necə dözüm?!”
Nə qədər ağladım bilmirəm ancaq, o susanda gözlərim tamam şişmişdi. Elə o da, eyni vəziyyətdəydi. O gün ona cümlələrim qırılıb boğazıma batdığı üçün heçnə deyə bilmədim. Lal olmuş kimi sakitcə çıxmışdım otaqdan...
VI Hissə
(Son nəfəs)
O qədər çətin şeylər yaşamışdı ki, axı mən bundan sonra onu necə qınaya bilərdim? O, hələ çox kiçik yaşlarından dünyanın yükünü balaca çiyinləri üstündə gəzdirmiş biriydi. O, böyüsə belə yıxılan, yanan, əzilən, yanılan tərəf olmuşdu...
Son söhbətimizdən 1 həftə keçmişdi və yenə ara bir söhbət edirdik. Onu çox yormaq istəmirdim çünki, öskürəkləri çoxalmışdı. Nəfəsi çox çətinliklə alıb-verirdi. Gözlərindəki işıltı sönmüşdü sanki, həm də gün keçdikcə arıqlayırdı.
Bu gün çox fərqli gün olacaqmış sən demə...
Otağına girəndə onu ilk dəfə idi ki, otağında görmürdüm, hətta pərdəni aralamayan o insan bu gün pəncərələri açmışdı. Pəncərənin yanına gedəndə kiçik bir kağız parçası tapdım.
“Bu gün çox gözəldir, Qayın ağacı da həmçinin...” yazılmışdı.
Yəqin etdim ki, həyətdəki o qocaman ağacı ziyarətə gedib. Bəli yanılmırdım, aşağı düşəndə onu qocaman Qayın ağacıyla söhbət edərkən tapdım. Sən heç çıxmazdın otağından, nəyə borcluyuq bunu, demişdim ki, “Bu gün son gündü”: -dedi mənə...
Nəyin sonuydu? Nə üçün, kim üçün sonuydu? Sanki beynim tamam qarışmışdı. Biraz sonra danışmağa başladı:
“Məni bu dispanserdə tək başa düşən sən oldun, məni az da olsa tanıyıb, keçmişimi, həyatımı bilən də, tək sənsən. Bilirəmki, əvvəllər mənə yazığın gəlirdi, ancaq, indi məzlumam gözündə. Mən heç vaxt həqiqətləri öyrənə bilməyəcəm. Əslimin qarşısına çıxıb “Niyə? Niyə axı? Niyə məni bu cür vurdun?” deyə soruşa bilməyəcəm. Bəlkə onu bağışlayıb, möhkəm sarılmaq keçəcək ürəyimdən ancaq bunu da edə bilməyəcəm.
- Mən gedirəm....
Dayan! Diqqətlə qulaq as mənə. Əgər mümkün olsa bir gün sən get ona. Mənə açıb danışacağı hər nə varsa sənə danışsın. Sən də gəlib məzarımda mənə danışarsan...
Bir də ona deyərsənki...”
Bu cümlələri deyərkən çox çətinlik çəkmişdi. Hər öksürdükcə ağzından qan gəlməyə başlayırdı artıq… Nə qədər çalışsam da, onu otağına, ya da həkimin yanına getməyə razı sala bilmədim. Tək bir söz dedi mənə ki, bu sözlə donub qaldım yerimdəcə.
“Bax gör necə gözəl görünür.. “
Qorxmağa başladım çünki göstərdiyi tərəfdə heçnə yox idi. İstədim deyəm ki, axı orda heçnə yoxdu, mənə imkan vermədi danışmağa.
“Narahat olma, dəli olmamışam. Sənin onu görə bilmədiyini bilirəm. Keşkə görə bilsəydin. Onda bircə dəqiqə belə qalmaq istəməzdin burda. Anam, illərdi yuxuma belə gəlməyən anam da ordadı. Səsini eşidə bilirsən? Mən əvvəl anamı yuxuda görəndə ona tərəf qaçmaq istəyirdim, ancaq o mənə “Hələ çox tezdir, oğlum. Sən orda qalmalısan” deyərdi. İndi həvəslə çağırır məni. Çox darıxıb deyəsən mənim üçün....”
Anlamışdım son anlarını yaşadığını. İncitmək istəmirdim onu. O qədər məsumlaşmışdı ki, sanki günlərlə anasından ayrı düşüb, sonra anası gələndə qucağına qaçan körpə uşaq olmuşdu. Sanki, uşaqlığına enmişdi Aslan. Artıq ətrafa reaksiya vermirdi və mən əsl şoku o an yaşamışdım:
Sükut:
“ - Aslan: Niyə bu qədər gec gəldin?
+Qeybdən gələn səs: Mən heç vaxt zamansız gəlmirəm. Sənin vaxtın indi tamam olur.
-Aslan: Mən çox əziyyət çəkdim bu dünyada, hələ də çəkirəm. Bəs orda, orda da bu qədər çətinlik çəkəcəm?
+ Qeybdən gələn səs: Bilirəm, izləmişəm bütün yaşadıqlarını. Narahat olma səni bu dünyadan, bu insanlardan alıb aparacam. Onlar anlamadılar səni, özlərinin olmayan bu yer üzünü sənə cəhənnəm etdilər. Ancaq səni aparacağım yer belə deyil. Orda əziyyət çəkməyəcəksən.
-Aslan: Bəs Əslim? Axı onu necə görəcəm orda?
+ Qeybdən gələn səs: Bu qədər şeylərdən sonra hələ də, Əslimi düşünürsən?
-Aslan: İnanaraq sevmişdim onu. O mənə xəyanət etməzdi...
+ Qeybdən gələn səs: Vaxtı çatanda Əslimi sənə gətirəcəm narahat olma. Orda ayrı qalmayacaqsan sevdiyindən.
-Aslan: Söz verirsən mənə?
+Qeybdən gələn səs : Söz verirəm.
-Aslan: Onda dayanma, vaxt itirməyək tez apar, bu dünyadan tez qopar məni....
+Qeybdən gələn səs : Bu dünyada etməli olduğun son şeyi də et, gedək...”
Danışırdı və bəlkə də, suallarına cavab da tapırdı ancaq, mən heçnə başa düşmürdüm. Az öncə yarımçıq qalan cümləsini tamamlamağa çalışdı..
“ Bir də, ona deyərsənki, mən hələ də ölümünə sevirəm onu ölümünə və ölümümə…”
Aslan artıq çox çətinliklə nəfəs alırdı ovcunu açdı və əlindəki kağızı mənə uzadıb, “Bilirəm sənə çox əziyyət vermişəm. Ancaq, bu səndən son xahişimdi. Haqqını halal elə...”
Səsim batmışdı və danışa bilmirdim artıq. Son nəfəsində ovcuma sığışdırdığı kağızı açmağı aylar sonra bacara bilmişdim.... Artıq Aslan yox idi və o kağız çox şeyləri dəyişəcəkdi deyə düşünürdüm....
Davamı gələn sayımızda
"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
13-08-2022, 08:34
SƏN TANRININ SÖZ ADINI YAŞADIN!


SƏN TANRININ SÖZ ADINI YAŞADIN!
(Xalq Şairi Vahid ƏZİZ yaradıcılığı haqqında ədəbi düşüncələr)

Vahid Əziz elə bir şairdir ki, onu bir nəfəsə oxumaq böyük və gur axan dağ çayının qabağını kəsməyə bənzəyərdi. Əgər çayın qabağını bağlamaq mümkünsə…(?!)
Hər kəlməsi, hər misrası ağır məna yükü ilə dolu olan Vahid Əziz poeziyası İnsanın və dünyanın poetik dərki və tərki-dünyalığıdır. O, poetik dünyanı öyrənmək və araşdırmaq mənə belə gəlir ki, adi bir qələm yükü deyil. O, həm tale, düşüncə və həm də böyük bir fikir yüküdür. O, yükü daşımaq asan olmadığı kimi, onun poetik düşüncələrini də bir-iki saata oxumaq heç də asan gəlməsin sizə. Hətta onun yaradıcılığını təkcə məhəbbət macəraları kimi qəbul edənlər də qoy yanılmasınlar. Çünki, o, Xosrovların kəcavəsinə gələn Şirinlərin, Ərəb çöllərində ağlayan Leylilərin, Keşiş qapısında köks ötürən Kərəmlərin, baxışlara sinə açan Sonaların timsalındakı mücərrədliyi də qəbul eləmir. O, məhəbbətin orta əsrlər tiryəkliyindən qurtulmağın konsepsiyasını yaradır. Reallıq, tələb və yaşamaq anlayışlarını ictimailəşdirərək həyatın öz movzusunu gündəmə gətirir:

Qətiyyən sındırmaz bu dərd milləti,
yox, axan qanlar da getmədi hədər,
bizim xislətimiz kişi adəti –
sevginin yolunda can qurban gedər...

Vahiddən oxunan hər bir fikir onun fəlsəfi kimliyini ortaya qoyur. Bu mənada Vahid Əziz yaradıcılığını fəlsəfi aspektdən beş hissəyə ayırmaq olar:

1. İnsanlıq
2. Reallıq
3. Varlıq
4. Kamillik
5.Tərki-dünyalıq

Bu gün orta əsrlərdən üzü bəri üstü açılan “sirlər”i mahiyyət etibarı ilə dərk etməyən və onu axıracan dinləməyən oxucuya üzünü tutan şair ürək ağrısıya yazır:
görünür bu dünyada
haçansa yaşamışam--
çox şeyi təkrarlayıb,
bilməkdən yorulmadım,

Vahid şeirdə düzgün nəql stilini və aydın süjet qurmağı fəlsəfi duyumla qələmə aldığından üç-dörd bəndlə böyük bir epopeyanın məzmununu təqdim etməyi yüksək profesionallıqla bacarır:

Özümün göz yaşım düşdü külümə,
öz naləm qarışdı ağrılarıma.
Allah, sevənləri bədbaxt eləmə--
mənə bax, rəhm elə başqalarına...

Şair etik və sosial durumun reseptini yazaraq cəmiyyətin xəstə halını müalicə etməyin sirlərini və üsullarını açıqlayır. Necə deyərlər, min dərdin min bir dərmanı olduğunu söyləyir:

Getdin...uçuşunda quş gözəlliyi,
sənsiz saçlarımda qış gözəlliyi,
daş-qaşı ucaldan daş gözəlliyi!
bəlkə də daş olduq, nə bilmək olar?

Sözün obrazını və müqəddəsliyini and yeri bilən şair onun məna kodlarını açmaqla İlahinin varlığı hüzurunda dayanır; zühr edir, özü sözə dönür, şeirləşir:

Cahanda bircə nəfər Tanrıya övlad sayılıb,
O, da insan əlinə düşüb – çarmıxa çəkilib.

Vahid sözün qul və mülkiyyətçi steorotiplərini aşaraq poeziyaya yeni nəfəs gətirir, tale yazısına üz tutur.Sözü şifahi danışıq vərdişlərindən daha çıx estetik varlığa çevirir.

Məmurlar tanıdım Azərbaycanda,
Özü buralarda, külfət O, yanda!

Quldarlıq hüququ kimi Sözü incidənlərə üsyan eləyən şair fərdləri bu cür cəzalandırır:

Ölkəni qəribə bir xislət alıb-
kimdir məhəl qoyan?-hayqırdım min yol;
Vətən övladını çətinə salıb,
tövsiyə edirik-
"Vətənpərvər ol!"

O, bəzən lirikanı rəsm və şəkilə (fotoya) çevirir, ürəyin kardioqrammasını çəkir. Zamanın nəbzinə, reallığa və faniliyə qədər gözəgörünməz yollar qət edir. Dünyanın sözlə izahının portiretini çəkir. Mif və dinləri ilahi kəlmələrlə, sərrast düşüncə və aydın ovqatla təmizləyir :

Xeyli dəyişmişik, Füzuli baba,
bir söhbət danışım (sözünə qüvvət),
daha bu mübarək eldə, obada
həm salam alınır, həm də ki, rüşvət!

Xeyli dəyişmişik,artıb ilbəil-
canından keçənlər Yurddan qovulub,
indi,saraylarda xaqanlar deyil,
təlxəklər Bəhluli Danəndə olub!

O, müqəddəs kitabları Söz qədər ucalığını İlahinin xeyir-duasına ehtiyaclığın əsas predmeti sayır. Hər kəsdə Allah segisinin olduğunu deyir:

Allah, bizi niyə belə yaratdın?
bir az ağa, bir az kölə yaratdın!
Yaratdın ki, hər yetənə aldanaq,
yaratdın ki,"hər dərədə nallanaq"?
Yurdumuzda qaçqın olaq, yad olaq,
yaratdın ki, tayfa-tayfa dolanaq!?


Vahid Əziz daha irəli gedərək bütün zamanların, o cümlədən, Ədəbiyyatın əbədi mövzusu olan Hakimiyyət və Allah problemi konteksində daxıli inam və İnsanlıq meyarına ayri rakusdan yanaşır. Problemi şair öz öhdəsinə götürür və bunu həll etməyin düsturunu tapır.Şairin peyğəmbərlik missiyasının izahını verir.

Əsil şairlər də Peğəmbər kimi,
Millətin dərdinə ürək yandirar,
Peyğəmbər İnsana Tanrı hökmünü,
Şairlər Allaha giley çatdırar.

Böyük Füzuli yana-yana deyirdi ki, peyğəmbər və ölviyalardan sonra insan nəslinə ən sadiq tayfa şairlərdi.
Əbəs yerə deyil ki, Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha yaxınlaşaraq, onu dərk etmək elminin-təriqət elminin xidmətçiləri sayırdılar.Onlar Allaha məhəbbət qarşısında sanki öz yaradıcılıqlarından imtina edirdilər.Bu mənada Vahid Əziz özü də bilmədən bu dahi fikrin daşıyıcısına çevrilərək bədahətən dediyi və yazdığı sözün müqəddəsliyinə və ilahiliyinə baş əyir:

Nolaydı: bir oxum, yayım olaydı,
səsim Yer üzünə yaylım olaydı,
Tanrı bircə günlük Dayım olaydı-
olaydım Allahın Bacısı Oğlu!!

Şərq klassizminin əsas forması lirik poeziya-qəzəl, duyuq, rübai olmuşdur və sufi ədəbiyyatında özünü göstərmişdir.
Ümumiyyətlə, insan həyatının elə dönəmləri olur ki, o, sufi həyatını yaşamalı olur. Şairlər isə əslində bu həyatın içində olduqlarını çox gözəl bilirlər.
Şair buna öz münasibətini belə bildirir:

Mənə yüz il ömür arzulamayın,
Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.

Azərbaycan klassizminin təcəssümü Füzuli ədəbi məktəbi idi. Ürəklə deyə bilərəm ki, bu məktəbin müasiri haqqında danışdığım ədəbi və əbədi qəhrəmanım, öz xalqının sevimli şairi Vahid Əzizdi.

O, yeganə xoşbəxt şairdi ki, sağlığındaykən ürəyindən keçənləri böyük səxavətlə qələmə alır. Düzü düz, əyrini əyri…Başqaları kimi gülünc doğuran “sandıq ədəbiyyatı” yaratmır. Bir vaxtlar sovetlər ittifaqı süquta uğrayan ərəfədə özlərini “gic və bic” yerinə qoyub guya sən demiyəsən, kişinin oğlunun yalan-palan “sandıq ədəbiyyatı” varmış, deyə ajiataj yaradıb cildini dəyişənlər indi də o xəstəlikdən xilas ola bilmirlər. Nə qədər nadan olasan ki, gözlərinin önündə bu qədər ədalətsizliklər, haqsızlıqlar olsun, sən də gözünü yumasan, dilini bağlayasan, qulaqlarını tıxayasan və əttökən-əttökən özünə “sandıqca” düzəldəsən?!Və yazdıqlarını öləndən sonra açıb vərəqləyəcəklər nağılına inanasan?!
Seyid “cəddinə” inanan kimi bunlar da “sandıqlarına “ inanırlar. Allah Sabirə rəhmət eləsin. Əbəs yerə deməyib ki:

Əhsən bizə! həm tirzənik, həm hədəfik biz,
Öz qövmümüzün başına əngəl-kələfik biz.

Əlbəttə ki, xalqın içərisində zamanın və millətin nəbzini tutan, sözünü deyən kişilər çoxdur. Onlardan biri də məzh Vahid Əzizdi. O, kişi kimi, cəngavər kimi yaşayır bu dünyada. Heç bir kəsdən çəkinmədən zamanında sözünü deyir və dediyi sözünün arxasında dayanır.

VƏTƏNDAŞ SƏRÇƏLƏR...

Olsa da hər zaman elnən iç-içə
ona dənli yerdə sədd hörübdülər,
Vətəndir, neynəsin balaca sərçə?
arpa kəpəyin də çox görübdülər.

O qədər kövrəkdir doğma görkəmi;
Mil-Muğan, Şirvanlı, Qarabağlıdı,
o da mən gündədir-ölənə kimi
hara Vətəndirsə, ora bağlıdı!

Sapandla vurular, ölər, qovrular-
saraylar, məclislər yasaqlı yerdi!
əsgər də, şəhid də sərçələr olar,
yekəpər durnalar fərarilərdi!

Sərçə taleyi də, özü də kiçik,
vəfalı qəlbini duyan olmayıb,
ədası-pırıltı, hədəsi-"Cik-cik",
odur ki, sərçəni sayan olmayıb!

Payızda qayıdar, baharda gələr-
durnalar qonaqdır; gəlib-gedəcək,
Vətən çəpərinə sadiq sərçələr
çəpərlər dibində ölüb-gedəcək...

Binəsi-kollarda, Vətən daşında,
nə mükü, nə gölü, nə adası var;
amma ki, köçəri qaranquşun da
yerliyə şəriklik iddiası var!

Bizimlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridir,
bəlkə də sərçəni cılız saxlayan
millət təəssübü,Vətən dərdidir?

Bir döyüş şeypuru çalın ucadan,
düşməni döyməyə görün-kim gedir!?
sərçə taleyini yaşayan insan
talesiz yaşayan sərçə kimidir...

Adı və Allahı tək olan Xalq Şairi Vahid Əziz yaradıcılığı haqqında düşüncələri sizinlə bölüşən mən idim -

Əmir Pəhləvan
"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022
13-08-2022, 00:57
“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:


“Nur ocağı" ədəbi məclisi Mərziyə Sarvanın şeirlərini təqdim edir:
Sənə şeir yazmışam ...
Tənhalıqda ağlayıb,
keçirdiyim günləri
Həsrətin acısında,
xoşbəxtliyə yozmuşam,
Sənə şeir yazmışam...

Vidalaşıb həyatla,
zülmətlərin içində,
Gecəni çıraq edib ,
gözlərimdən asmışam,
Sənə şeir yazmışam...

Həyatımda ilk dəfə,
göz yumaraq, hər şeyə,
Getdiyim düz yolumda,
büdrəmişəm,azmışam,
Sənə şeir yazmışam...

Taleyimə, bəxtimə
vaxtsız gələn bu eşqi,
Ürəyimdə dəfn edib,
orda məzar qazmışam,
Sənə şeir yazmışam..
.
Belə alın yazısı,
qismət çıxdı qarşıma,
Taleyin pərgarını
öz əlimlə pozmuşam..
Sənə şeir yazmışam..

Şirin xəyal
Neçə vaxtdı kəsilib,gəlmir səsin-sorağın,
Qulağıma necəsən? pıçıldamır dodağın.
Təbrikini alıram, dostun, yadın, qırağın,
Həsrət qoyub getmisən, gözlərimi uzaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Sənsiz mənə dar gəlir, bağçası da, bağı da,
Xatırlaya bilmirəm aranı da,dağı da.
Unutmusan deyesən, mənli gözəl çağı da,
Arzularım bənd alır, indi qopmuş varaqda,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Şaxta vurub baharda, çiçək açmır güllərim.
Soyuğundan donubdu barmaqlarım, əllərim.
Dolaşıb bir-birinə, pərişandı tellərim,
Saçlarımı daramır, dişi qopmuş daraq da,
Dön gəl, yenə birlikdə şirin xəyal quraq da...

Bu həyatın yolunu min yol ölçüb-biçmişəm.
Zəhərini bal edib, şərbət edib içmişəm.
Unutma sənin üçün mən hər şeydən keçmişəm,
Nə qədər ki, gec deyil, durmamışam qıraqda,
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da..
Dön gəl, yenə birlikdə, şirin xəyal quraq da...

Həyat
Yeridim, yüyürdüm, bəzən büdrədim,
Məni bu yollarda çox üzdü həyat.
Çəkdi aydınlıqdan zülmətə doğru,
Dünyaya baxdığım kor gözdü həyat...

İnsanı xəstə tək sozaldan da o,
Yaşamaq eşqini azaldan da o,
Ömrü uzadan da, qısaldan da o,
Hər şeyi məhv edən, tək sözdü həyat!

Acını-şirini odur daddıran,
Zəhəri bal edib bizə udduran,
Haqqa göz yumduran,haqqı susduran,
Min hava çaldıran bir sazdı həyat…

Gözləmə sən ondan heç də sədaqət,
Etməyib heç kimə hələ mərhəmət,
Çalışıb-vuruşub, dözsən də fəqət,
Sonda qara torpaq,ağ -bezdi həyat...


Zəfərin mübarək, Azərbaycanım!
Dağılsın buludlar,hey gülsün üzün,
Gur yansın ocağın, sönməsin közün,
Səndən ilham alır oğulun-qızın,
Uğrunda qurbandı bu şirin canım,
Zəfərin mübarək, Azərbaycanım!

Dözmədik bu dərdə, qan dedik qana,
Odlandı ürəklər, qəst etdik cana,
Yetdi otuz illik bir həsrət sona,
Qələbə qazandı mərd oğullarım,
Zəfərin mübarək, Azərbaycanım!

Dumanlı dağların başında durdun,
Dumandan özünə bir xeymə qurdun,
Səsinlə qəlblərdə iz, möhür vurdun,
Sevinsin qoy ruhun, ay Xudayarım,
Zəfərin mübarək, Azərbaycanım!

Könlündə zirvəyəm, bir qarlı dağam,
Məqam axtarıram gurşadtək yağam,
Mən sənə bağlıyam, neçə ki sağam,
Sən mənim qürurum, mənim vüqarım,
Zəfərin mübarək, Azərbaycanım!


Gəl
Məsafələr səni məndən ayırır,
Yoxluğunla bacarmıram,durma gəl!
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Tor enibdi həsrətindən gözümə,
Raharçılıq mən tapmıram özümə,
Hisslərim də tabe olmur sözümə,
Bu nisgilli ürəyimi qırma,gəl!..

Söz deməmiş kükrəyirsən, daşırsan,
Köpüklənib, dalğalanıb, coşursan,
Qaraya-ağ, ağa qara qoşursan,
Öz-özünə minbir xəyal qurma,gəl!..

Bu oyunu bizə quran həyatsa,
Nə olardı gedişini yubatsa,
Bilirəm ki, dönəcəksən nə vaxtsa,
Bəsdi daha, məni artıq yorma gəl!..
Gedişini özümə dərd etmişəm,
Qırıq qəlbə bir də yara vurma gəl!..

Könül qırmadan
Zirvənin qarı da əlçatmaz deyil,
Zamanı gələndə sulara dönür.
Qartal da səmada uçmayır hər vaxt,
Azuqə eşqinə yerə də enir.

Zəhərli, zəhmli olsa da şahmar,
Ölür ulduz görüb, batmayır dişi.
Fələyin örkəni uzun olsa da,
Bir gün doğanaqdan keçir hər kişi..

Həyatın sonunu düşünmür insan,
Çoxları kasıbı, bəzən xor görür.
Həqiqət budur ki, ömrün sonunda,
Kasıb da, varlı da məzara girir..
Bax, neçə əsrlər ötüşüb belə,
Heç nə aparmayıb, heç kim dünyadan.
Çalışıb, hər kəsin qazan rəğbətin
Yaşa bu dünyada könül qırmadan..

AXMASIN
Günəş gülsün, aləm nura boyansın,
İsindirsin, çox yandırıb-yaxmasın.
Zirvələri, dağı-düzü bəzəsin,
Qar soyuqdu, ürəklərə yağmasın.

Qəm-qüssəmiz günü-gündən az olsun,
Şadlıq olsun, əhvalımız saz olsun.
Ömrümüzə bahar gəlsin, yaz olsun,
Qara bulud şimşək olub çaxmasın.

İnsanlıqdan tükənməsin mərhəmət,
Hər ocağa qanad açsın səadət.
Könüllərdə ətir saçsın məhəbbət,
Gülsün gözlər, intizarla baxmasın.

Ümüd verək, əhdi-peyman bağlayaq,
Hər bir kəsin hörmətini saxlayaq,
Ağlayanda qoy sevincdən ağlayaq,
Gözümüzdən kədər yaşı axmasın...

ALLAH
Daldada yox, üz deyirəm,
Söz qanana ,söz deyirəm,
Dediyimi düz deyirəm,
Dayanmayır dilim, Allah…

Dərdlərin səfi ordusa,
Həyat məni çox yordusa,
Yaşadığım kinodursa,
Bu neçənci bölüm, Allah?

Axtarmayım keçmişləri,
Bitib sona yetmişləri,
Ömrümüzdən getmişləri,
Yaddaşımdan silim, Allah!

Qoy keçməsin ömür hədər,
Bizdən uzaq dursun kədər,
Arxamızda sən dur, yetər...
Xoşbəxt olsun elim, Allah!

Əqidəmdə düz olmuşam,
Sinə dolu söz olmuşam,
Ocaq olub, köz olmuşam,
Ərşə qalxıb külüm, Allah!

Bacarmadım heç bicliyi,
Etmədim mən simicliyi,
Əlimdən alıb gəncliyi,
Etmə mənə zülüm, Allah!

Qocalaram huş itəndə,
Saç ağarıb, yaş ötəndə,
Əcəl çatıb,vaxt bitəndə,
Vətənimdə ölüm, Allah!!

Çıxarmısan yadından
Nə tez söndü qəlbindəki eşq odu?
Nə tez doydun bu sevginin dadından?
Nədən düşdü bu soyuqluq araya,
Üz döndərdin çox sevdiyin qadından?

Nə müddətdi, danışmırsan, dinmirsən,
Əhvalını soruşmursan, bilmirsən,
Görüşmürsən, göz-gözə də gəlmirsən ,
Bəlkə adın çıxarmısan yadından?

Ocaq çatıb, atəşinə atmısan,
Sevincini kədərinə qatmısan,
Sevməmisən,bəlkə də aldatmısan,
Xəbərin yox, ürəyinin odundan...

Bu məhəbbət bəlkə də bir qınaqdı,
Sən qurduğun bir oyundu, sınaqdı,
Etmə belə,bilirsən ki, günahdı,
Uzaqlaşar doğmasından-yadından.
Nə yez söndü qəlbindəki eşq odu,
Üz döndərdin, çox sevdiyin qadından?


İnsanın
Dağların başını alıb sis-duman,
Qar yolu bağlayıb kəsilib güman,
Gedib abır-ismət, qalmayıb iman,
Üzülür hər yerdən əli insanın.

Haqqı paylaşırsan, hər kəs xor baxır,
Görməzlikdən gəlir, bəzən kor baxır,
Kimi nəzər salmır, kimi zor baxır,
Beləcə kəsilir dili insanın.

Ömür çürüdürsən, əməyin olmur,
Bəzən aç qalırsan, yeməyin olmur,
Haqq səsin ucalır, köməyin olmur,
Arxasında durmur eli insanın.

Söylədiyi sözlər bayağı olur,
Nə arxası olur, dayağı olur,
Kədər hücum çəkir, dərd yağı olur,
Bu cürə qırılır beli insanın.

Sabahın xeyir
Günəşin gözüylə açılsın səhər,
Üzünə gün doğsun, sabahın xeyir.
Oxusun bülbüllər, məst olsun güllər,
Çiçəklər qoxusun, sabahın xeyir.

Ruhunu oxşasın payız yelləri,
Sədəfli sazların incə telləri,
Gəzişsin pərdədə zərif əlləri,
Astadan oxusun, sabahın xeyir.

Titrətsin bu görüş, sevən ürəyi,
Toqquşsun baxışlar, görmə heç nəyi.
Gözlərində çaxsın sevgi şimşəyi,
Dağıtsın yuxusun, sabahın xeyir.

Aparsın könlündən yel, qara zehi,
Külək asta-asta qurutsun şehi
Öpsün yanağını səhərin mehi,
Sevgiylə toxunsun, sabahın xeyir.

Eyyubova Mərziyə Cəmaləddin qızı
(Mərziyə Sarvan)


7-08-2022, 13:48
"Nur Ocağı" Tahirə Tapdığın şeirlərini təqdim edir:


"Nur Ocağı" Tahirə Tapdığın şeirlərini təqdim edir:

Sevgilim

Hörüklərin necə burulub qəşəng,
Ay üzün elə bil körpə bir mələk,
Göydən yerə enən yağış-yağmurtək,
Axır gözlərindən yaşlar, sevgilim.
***
Bir gül olsan dodağına qonaram,
Bülbül kimi bağrım başın dağlaram,
Aşiqinəm eşq oduna yanaram,
Pərvanətək şam oduna, sevgilim.
***
Ürəyimi necə ovsunladın sən,
Nə gecəm var,nə gündüzüm,ey gülüm.
Özün burda mənsə səndən uzaqda
Necə dözüm bu məlala, sevgilim ?
***
Hicran dərdi başqa dərddən betərdi ,
Ayrılığın ürəyimi didərdi,
Mənim ömrüm bir quş kimi keçərdi ,
İnsaf eylə,məhəbbətə,sevgilim.
***
Gəl,birlikdə sənlə çıxalım düzə,
Mən də pünhan-pünhan baxıb üzünə,
Sən də danışasan, mən də sözünə
Ahəstəcə qulaq asan,sevgilim.
Ahəstəcə qulaq asam,sevgilim.
Ey, təbiət !
Bahardır hər tərəf yaşıla bənzər,
Çiçəklər düzülmüş üstünə zər-zər,
İnsanı yaşadır bu gözəlliklər,
Gül-çiçək çəmənə verəndə zinət,
Sən necə gözəlsən,sən ey,təbiət!
***
Cavanlar yığışır bulaq başına
Baxırlar bulağın gur axışına,
Yenicə başlayan yaz yağışına,
Üzlərdən tökülür ülfət,sədaqət,
Sən necə gözəlsən, sən ey təbiət!
***
Ağaclar yam-yaşıl, yarpaqlar qönçə,
Körpəcə fidanlar verir əl-ələ,
Hər bir yan sevinir gülər bir üzlə,
Yer göyə üz tutub edir itaət,
De, necə gözəlsən sən ey təbiət!
***
Yağış çisəkləyib nəğmə söylədi,
Güllər pöhrələyib nə isə dedi,
Bənövşə boylanıb ürəkdən dindi,
Üzlərdən-gözlərdən yağır ülviyyət,
Sən, necə gözəlsən, sən ey təbiət!
***
Yağ,ey göylər qızı,yağ, ey qar,yağış
Qoy heç bürüməsin cismini qarğış,
Bərəkət gətirən isminə alqış,
Yoxmu aramızda heç hörmət, izzət
Sən necə gözəlsən, sən ,ey təbiət!
***
A dostlar, sevinin bu ülviyyətdən,
Həm yağan yağışdan əsən küləkdən
Təbiət adında gözəl mələkdən
Umdum bu dünyada ismət, ləyaqət
Sən necə gözəlsən, sən ey təbiət !
***
Sənmisən qəlbimi əlimdən alan
Gözəllik libasın çiyninə salan
Bütün ömrüm boyu mənimlə qalan
Bax budur içimdən gələn şeiriyyət
Sən necə gözəlsən, sən ey təbiət!
***
Təbiət adında bir qızsan göyçək,
Nazənin bir gözəl, ismi bir mələk,
Baharda gözəllik donunu geycək,
Gəlişin gətirdi bərəkət,nemət,
Sən necə gözəlsən, sən ey təbiət!
Ey göylər günəşi, ey ay-ulduzlar,
Sizsiz göylərimiz işıqsız qalar,
Səxavət göstərin, ey göylər, yerə
Torpaq təbiətə gözəllik verə.
Azərbaycan
Dağlarının başı qarlı,
Ormanları heyva, narlı,
İnsanları iftixarlı,
Qürurludur bütün zaman
Azərbaycan, Azərbaycan!
***
Gəl bir olaq bu savaşla,
Döyüşərək canla-başla,
Bayrağımız gur alqışla,
Dalğalansın ucalıqdan,
Azərbaycan, Azərbaycan!
***
Qonaqlıdı el-obası,
Göllərində su sonası,
Düzündə ceyran balası,
Vüsət alır ürək ondan,
Azərbaycan, Azərbaycan!
***
Çöllərində nərgiz gülü,
Zəmidə sarı sünbülu,
Cəh-cəh vuranda bülbülü,
Qoy söz açaq bu bahardan
Azərbaycan,Azərbaycan!
***
Tənəkləri çətir-çətir,
Sac çörəyi pendir, fətir.
Doymadıqca yenə gətir,
Bir arzum var yaradandan
Xoşbəxt olsun, Azərbaycan!
***
Dolma,dovğa,göy kətəsi,
Boldur göyü-göyərtisi,
Toyuq ətinin beçəsi,
Doymaq olmur heç dadından,
Azərbaycan, Azərbaycan!
***
Nənələrin nehrə yağı,
Süfrəsində axşamçağı,
Yeyəndə balla-qaymağı,
Su içəsən bulaqlardan,
Dadı getmir dodaqlardan.
***
Dağlarının zirvəsi qar,
Qıjhaqıjla axır Qar-qar,
Könlüm gör nələr arzular,
Bir an gedər uzaqlara,
Yaranışdan sabahlara.
***
Azərbaycan sən bir çiçək ,
Çiçəklərin ləçək-ləçək,
Gözəllərin gözəl-göyçək.
Yığışıb bulaq başına,
Baxır ulduz sayrışına.
***
Qalib gəldin sən ümidsən,
Bir işıqlı gələcəksən,
Sən həmişə bizimləsən.
Torpaqların sanki mərcan,
Azərbaycan, Azərbaycan!
***
Torpağını qucaqlarkən,
Qucağında qoy ölüm mən,
Gündən-günə çiçəklənən ,
Vətənimə qurbandır can,
Azərbaycan, Azərbaycan!
***
Biz bilirik bu diyar da,
Olmamışdır daldalarda
Yaşa dolur bu minvalla,
Qalacaqdır adın sənin,
Bu əbədi keçmişlərin.
***
Bir vətənin özünə bax,
Hər çeşməsi axan bulaq,
İstəyirsən bir gün qalaq ,
Gəzək güllü yamacları ,
Bir aləmdir turacları.
***
Qarış-qarış gəzirik biz ,
Təngiməsin nəfəsimiz ,
Vətən deyə ürəyimiz,
Vurur tez-tez,vurur hərdən
Vətənimə məhəbbətdən.
***
Çıxdıq Murov yaylağına,
Qaya-qıpçaq oylağına,
Sən baxdıqca bayrağına,
Qoy sevinsin cümlə cahan
Azərbaycan, Azərbaycan!
***
Torpaqları naxış-naxış,
Bu vətənə sən də qarış,
Nənəm deyər bir qarlı qış,
Nağılları baş alardı,
Sobada ardıc yanardı.
***
Qara qızıl məskənimdir,
Məmləkətim ürəyimdir,
Min arzum min diləyimdir,
Poladdandır qolun sənin,
Açiq olsun yolun sənin.
********
Qarabağın Azərbaycan,
Hər zərrəsi cana dərman ,
Səsin gəlsə deyəm "hay can",
Ürək gülsün bu avazdan,
Görüşərik biz bir azdan.
***
Qoy söz açaq biz kimlərdən,
Nəsimidən,Füzulidən,
Yaxın-uzaq keçmişlərdən,
Sən bu gündən o yana bax,
Dahilərin nur saçacaq.
***
Cavad xanı yada salaq,
Pənah xandan qoy danışaq,
Düymə-düymə,saçaq-saçaq,
Yazılmışdır hər daşına,
Tarixlərin yaddaşına.
***
Göy-göl, Kəpəzin qoynunda,
Həmi qarda həm çovğunda,
Gecə-gündüz yatır burda,
Sən gözəllik məskənisən,
İlk sevgimin əzəlisən.
***
Əziz Bakı, əziz şəhər,
Biz gəlmişik səhər-səhər,
Neyləyim ki,mən birtəhər ,
Qalxım bayraq meydanına,
Od düşsün düşmən canına.
***
Qalibiyyət səninlədir,
Bəs kədərin sənin nədir?
Olmaya kı şəhidlərdir?
Ah, olmasın qəmin sənin,
Ümidlidir gələcəyin.
***
Sən bir dolan Naftalanı,
Torpağının qatı qanı,
Bir məlhəmdir,sən də tanı,
Yüz min dərdin dərmanıdır.
Hələ bunlar harasıdır?
***
Söylə, yadındamı başıbəlalı
Necə ağlayırdı Göyçə mahalı?
Ötən illərimiz qanlı-qadalı,
Tarix də dil açdı qərinələrdən,
Həm doğma elimdən, həm də nələrdən .
***
Dilican dərəsi, Damcılı bulaq,
Səfalı bir yerdir, gəzməli oylaq,
Camalına baxır,sevinir qonaq,
Saz tutur,söz qoşur şairlər bu an,
Baxıb sevincindən gül, Azərbaycan.
***
Vətənimdir böyük Xəzər,
Köksündəki mərcan və zər,
Sahilində ellər gəzər,
Səni sevir ürəkdən can,
Azərbaycan, Azərbaycan!
***
Bölünmüşdür o tay,bu tay
Çönündə sol,dönündə sağ
Gülüstanla çəkdilər dağ,
Vüqarını əymə bir an
Azərbaycan, Azərbaycan!
***
Uca-uca dağ döşündə,
Yazılmışdır zirvəsində
Hər başlanğıc cümləsində
Oxunacaq zaman-zaman,
Azərbaycan, Azərbaycan!
***
Tarixlərdə qoymusan ad,
Düşmənlər istəsə imdad,
Qoparsa da onlar fəryad,
Aman vermə, sən düşmənə,
İnsaflı da olsan belə !

Tahirə Tapdıq
6-08-2022, 11:21
"Nur ocağı" qrupu Fəqan Ağdamlının şeirləni təqdim edir:


"Nur ocağı" qrupu Fəqan Ağdamlının şeirləni təqdim edir:
Şəhid Orxan
(Şəhid qardaşım Dadaşov Orxan Vaqif oğluna ithaf edirəm)
Can Orxanım, dur məzardan,
Sənin yatan vaxtın deyil.
Ürək yanır ahi-zardan,
Sənin yatan vaxtın deyil.
...
Nə göz yumdun, nə açdın ki?!
Bülbül çəmən dolaşdı ki?
İyirmi dörd nə yaşdı ki?
Sənin yatan vaxtın deyil.
...
Bu gün sənin ad günündür,
Cənnətdəki şad günündür.
Səni edək yad, günündür,
Sənin yatan vaxtın deyil.
...
Qurban verdin sən özünü,
Dərdin alım, aç gözünü.
Allah gördü nur üzünü,
Sənin yatan vaxtın deyil.
...
Dərdə dözmür can, ağlayır,
Hər tərəf, hər yan ağlayır,
Ürəyimiz qan ağlayır,
Sənin yatan vaxtın deyil.

Oğluma nəsihət
Dinlə sözlərimi, yaxşı qulaq as,
Haramdan uzaq dur, bil, olmaz, oğlum.
Quyunun özünün suyu yoxdusa,
Ona su tökməklə göl olmaz, oğlum.
...
Özündən böyüyə buyruq söyləmə,
Zatı qırıqlarla dostluq eyləmə.
Qanqalı bəsləyib qulluq eyləmə,
Hər çiçək açandan gül olmaz, oğlum.
...
Çörəyi halalca yeyib atalar,
Düşmənin belini əyib atalar,
"El gücü, sel gücü" deyib atalar,
Eldə nankor varsa, sel olmaz, oğlum.
...
İnsan var, öyrənib çapıb-talasın,
İnsan da var şəri xeyrə calasın.
Götürüb saxlarsan tülkü balasın,
Sığalla, tumarla, fil olmaz, oğlum.
...
Dərd-qəm çəkənlərin beli bükülər,
Daxmanın yerində saray tikilər.
Baxma ki, ağzından qızıl tökülər,
Hər insan ürəyi ləl olmaz, oğlum.
...
Eylə, gəl, Allaha ibadətini,
Sən aç gözlərinin bəsirətini.
Dərk etsən atanın nəsihətini,
Bax, onda başına kül olmaz, oğlum.

Atamdır
Ay ata, bürüyüb qəm-kədər məni,
Hər yetən aldadır nə təhər məni.
Atam danlasa da o qədər məni,
Gəlmədim üzünə, susdum, atamdır.
...
Gözümün nurudur, çırağımdır o,
Həyat yollarında mayağımdır o.
Hər zaman arxamdır, dayağımdır o,
Alınmaz, yenilməz postum atamdır.
...
Allahım, atamı salma pis hala,
Qoyma ki, üzündə kədər iz sala.
Ömrümdən kəs, onun ömrünə cala
Ocağım atamdır, tüstüm atamdır.
...
Fəqan, ağ olmadın ata üzünə,
Hər zaman baxmısan onun sözünə.
Qohum da özünə, dost da özünə,
Dünyada ən sadiq dostum atamdır.

Ağlaram
Biçənim tapılmır, dolmuş zəmiyəm,
Mən özüm özümün dərdi, qəmiyəm.
Eşqin dəryasında nəhəng gəmiyəm,
Məni tərk eyləsən batıb, ağlaram.
...
Səni çox sevirəm, ay boyu bəstə,
Gözlərim yollarda, qulağım səsdə.
Bu sevgim canımı edərsə xəstə,
Ölüncə yataqda yatıb, ağlaram.
...
Kömək et yükümü at əllərimdən,
Sevinc dəryasında bat əllərimdən,
Bərk yapış, nə olar, tut əllərimdən,
Fərəhdən arzuma çatıb, ağlaram.
...
Qırılsa məhəbbət sazımın simi,
Mən necə söylərəm nakam eşqimi?
Ağlımı itirib dəlilər kimi,
Başımı nə iləsə qatıb, ağlaram.

Qaytar
Hər il bir yaş gəlir yaşımın üstə,
Ömür divarımın daşının üstə.
Anam layla desin başımın üstə,
Qaytar, illər, məni geriyə qaytar.
...
Ətiri, qoxusu gedib obamın,
Daha tüstüsü də çıxmır sobamın.
Əlindən tutaydım qoca babamın,
Qaytar, illər, məni geriyə qaytar.
...
De, hansı padşah öz taxtında qaldı?
Sonunda məzarı bəxtində qaldı.
Bərəkət halallıq vaxtında qaldı,
Qaytar, illər, məni geriyə qaytar.
...
İnsanlar bu qədər zay olmayırdı,
Ağıllı dəliyə tay olmayırdı.
Kənddə yas düşəndə, toy olmayırdı.
Qaytar, illər, məni geriyə qaytar.
...
Dərdlər bağrın yarır, ağdamlı Fəqan.
Keçmişin axtarır ağdamlı Fəqan,
Hər gecə yalvarır ağdamlı Fəqan,
Qaytar, illər, məni geriyə qaytar.
--

6-08-2022, 10:06
Aytac Qayıbova yazır:


Aytac Qayıbova

"Bir Əslim varmış"
I Hissə
Yaddaşının hər hissəsində yenə eyni şeylər canlanırdı. Eyni fəsil, o yağışlı kənd səhəri, güzün gəlişiylə ətrafa yaydığı külək qarışıq möhtəşəm ətir... Kəndlərdə güz göz oxşayan təbiəti ilahi mükəmməliyyətlə təsvir edirdi, həm də bir ərazidə yox, bu bütün bağlarda və sahələrdə belə idi. Gənc əsgər gözünü pəncərədən eyni nöqtəyə zilləyərək saatlarla hərəkətsiz dayanaraq düşünər, ya da xatirələrinə axıb gedərdi. Bu hal onu vərəm dispanserinə gətirdikləri gündən indiyədək heç dəyişməmişdi. Əslində bu gənc əsgər hər kəsin diqqət mərkəzinə çevrilmişdi. Hər kəsi bir sual maraqlandırırdı. Hətta hər kəsin özünə uyğun təxminləri də az deyildi. “Görəsən, hərbi hissədə şəraitsizlikdənmi bu hala düşüb?” və ya “Bəlkə, əvvəldən çətinliklərlə böyüyüb sonra da əsgərlik daha da ağır keçib onun üçün” kimi müxtəlif fikirlər dispanserdə həkimlər və digər işçilər arasında hallanırdı.
Mənim də diqqətim ancaq ona hakim kəsilmişdi. Yox, yox, bu diqqət qətiyyən yaraşıqlı olduğu üçün deyildi. Bəlkə də, sadəcə hekayəsini bilmək istəyirdim. Düzünü desəm o, bu dispanserdə və əsla çölə çıxmadığı, tənhalığın divarlarını əsir aldığı bu palatada belə yaraşığını itirməmişdi. Bəli, yalan deyə bilmərəm, o olduqca yaraşıqlı və diqqət çəkici biri idi. Xüsusən də gözləri...
Onu tanımırdım, lakin, gözlərinə tək bir dəfə cəsarət edib baxa bilmişdim. Elə həmin andaca o qəlbi titrətməyi bacaran gözlərində fəryad qoparan dəhşətli bir keçmişin olduğunu görmüşdüm. Xeyr, əsla fərqli bir niyyətim yox idi, gözlərinə də təsadüf nəticəsində baxmışdım. O, bu dispanserə gəldiyi ilk gündən ona mən nəzarət edirdim. Hətta desəm ki, o, bura gəldikdən sonra mən hər gecə dispanserdə növbəyə qalıram yalan olmaz. Bilmirəm niyəsini, ancaq onu tək buraxmaq istəmirəm. Düzdü, o, danışmırdı mənimlə, heç kimlə danışmırdı. Ara-sıra için-için ağladığını görmüşdüm..
Ancaq gördüyümü ona bəlli etməmişdim. Onu elə görəndə ürəyimdə hiss etdiyim sızıltının səbəbi də mənə məlum deyil, heç sorğulamıram da. Yenə yadıma düşdü o gün, gözlərinə baxdığım həmin gün...
Heç kimlə danışmayan, səsi çıxmayan bu əsgər ilk dəfə o gecə səsini çıxarmışdı. Yaxınlaşıb nə dediyini eşitmək istədim. Tək bir söz çıxdı ağzından...
“Əslim...”
Gerisi sükunət oldu. Əlinə toxundum, cəld gözlərini açdı, bax, elə o qısa andaca o gözlərin gözəlliyini və içində qopan fırtınaları gördüm.
O gecədən sonra ona qarşı daha diqqətli davranıram, əvvəlcə bir neçə saat tək qalsa da, indi hər dəqiqə onu izləyirəm. O dinmir, danışmır, düzdü. Ancaq mən hiss edirəm ki, Əslim hər kimdirsə bir kəlmədən ibarət deyil...

II Hissə
Orxanı uzun müddət idi ki, görmürdüm. Necə deyərlər göz görməyəndə ürək bir təhər onsuzluğa dözür. Görmürdüm deyə unutduğumu, hətta nifrət etdiyimi belə düşünməyə başladığım bir zamanda qarşıma çıxdı...
Dispanserə gəlmək üçün evdən çıxmışdım, dan yeri təzə-təzə ağarmağa başlayırdı. Gənc əsgəri tək buraxmamaq üçün evə ara-bir gəlirdim və bu gün də, o günlərdən biri idi. O yatandan sonra dispanserdən cəmi bir neçə saatlıq çıxmışdım. Beynimin bir nöqtəsi «Əslimə» zillənmişdi. Elə onları düşünə-düşünə yağışın nəmləndirdiyi boş səki ilə addımlayırdım. Fikrim o qədər dağınıq idi ki, metroya necə çatdığımın fərqində olmamışam. Artıq metronun içindəydim və biraz sonra mənə bütün keçmişi, qırılıb tökülmüş həyatımın canıma batıracağı şüşə parçalarıyla dolu qocaman bir boşluğu gətirəcək olan o qatarı gözləyirdim. Qatar gələndə tez-tələsik sıxlıqda qalmamaq üçün birtəhər daxil olmuşdum içəri.
Ancaq 5 dəqiqə sonra 2-ci stansiyada mənə aramsız baxan gözləri gördüm..
Yanılmamışdım, bu baxışlar 3 il əvvəl heçnəsiz ayrılmağı istəyən və məni tərk edən nişanlıma aid idi...
Orxanla biz möcüzəvi şəkildə tanış olmuşduq. Onu tanıdıqdan sonra özümü illər öncə qeybə çəkilib sonra əsl xoşbəxtliyi taparaq yenidən dünyaya addım atan şahzadə kimi hiss edirdim. Nişanımız hər şeyin çox gözəl davam etdiyi günlərdən birində oldu. Artıq layiq olmadığım mükəmməl xoşbəxtliyin bir parçası olduğuma əmin idim. Sonra isə hekayəmiz bitdi. Sən demə artıq şahzadənin yuxudan oyanmaq vaxtı çatıbmış və yuxum bitmişdi. Məndən heçnəsiz çıxıb getmişdi. Sadəcə bir cümlə qalmışdı ondan geridə, bir də o cümlənin olduğu zərfdə nişan üzüyünü qoymuşdu...
Günlər, aylar, illər keçdi. Hər gün eyni əziyyəti çəkdim, özümü günahlandırdım, ancaq nə qədər düşünsəm də hər dəfəsində heç bir səhvim olmadığı qənaətinə gəldim...
Sayaqlayaraq, ağlayaraq oyandığım gecələrin sayı hesabı yox idi. Bir neçə ay psixoloji dəstək aldım və az da olsa özümə gələ bildim. Dispanserdə çalışmağa başladım, bəlkə insanlara köməyim dəyərsə yenidən xoşbəxt olaram, deyə uşaqca bir düşüncəyə qapılmışdım...
3 il... Dağ boyda dağlar çəkən bu 3 ildən sonra köhnə bir qatar şahidim qisminə yazıldı axirətimçün...
Artıq bu qatar da, mənə hər gün eyni acını daddıracaqdı...
III Hissə
Otağa daxil olduğum zaman gözlərimin şişib qızardığından xəbərsiz idim. Danışmayacağını bilsəm belə bu dəfə mən danışmaq istəyirdim. Çünki ondan yaxşı heç kim qulaq asa bilməzdi mənə. Hər kəs özünü bilmiş kimi aparır, ilk cümləmi bitirən kimi ağıl verməyə başlayırdı və bu məni narahat edirdi. Odur ki, anlayış gözləməsəm belə sadəcə dinlənməyə ehtiyacım olduğunu bilirdim və mən o gün ikinci dəfə həyatımın şokunu yaşayacaqdım. Bilmirəm məni bu qədər dağınıq gördüyü üçünmü ya yazığı gəldiyi üçünmü bir addım atdı.
Əslində onu da qınamıram, çünki hər zaman ona belə dayanma, həyat davam edir, sağalacaqsan, hər şey yaxşı olacaq deyən məni ilk dəfə bu halda görürdü. Oturub hər şeyi danışmağa hazırlaşırdım ki, birdən astaca dilləndi...
“Mən “şəhər” sözünün ancaq radiolarda, kasetlərdə eşidildiyi çox ucqar bir kənddə dünyaya gəlmişəm. Baxmayaraq ki, kənd üçün ən yaxşı imkana sahib olan insan mənim atam idi, ancaq heç vaxt təhsildən, kitabdan ya da hər hansı bir müasirlikdən danışa bilməzdik. 5 qızdan sonra doğulan evin 6-cı övladıydım. Atam imkanlı olmağından savayı çox da qəddar idi. Mənim anam gözlərimin qabağında öldü...
Doğumu səbirsizliklə gözlənən uşaq olsam da, heç vaxt qayğı görmədim. Məni tək sevən vardı, o da atam tərəfindən hər gün döyülə-döyülə son nəfəsini odun sobasının maşasını qanıyla yuyan anam idi. Heç vaxt bilmədim atamın anamdan nə istədiyini, nəyi verib ala bilmədiyini. Anam rəhmətə gedən zaman hələ çox balacaydım, ancaq o kiçik əllərimlə anamın saçlarına sığal çəkərək sonra tərpənmədiyini görüb yaxasını silkələyərək onu oyatmağa çalışdığımı heç vaxt unutmadım. Hər dəfə bir “Ana” deyə çağırışımda harda olsa harayıma çatan anam artıq özümü öldürsəm belə gəlməyəcəkdi.
Zaman keçdi və mən nifrətlə böyüdüm, ancaq heç vaxt ağlıma gəlməzdi ki, atam ona olan nifrətimi canımdan çox sevdiyim ikinci qadını da məndən almaqla son həddə çatdıracaq...”
Sonrasında yenə də susdu və çox soruşub, yalvarsam da bir cümlə xaricində heçnə demədi. Lakin, o bir cümlə belə məni bu gün ikinci dəfə yıxmağa kifayət etdi.
“Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub...”
IV Hissə
Bir neçə gün danışması üçün israr etsəm də heçnə demədi. Nə vaxt başımı qatacaq bir şey tapmayıb boş qalsam, beynimi o son cümlə: “ Bir gün xəbər gəldi ki, sevdiyim qız ögey anam olub....” məhv edirdi. Əslində israrlarımın faydasız olduğunu bilirdim. Çünki o, çox fərqliydi sadəcə özü istəsə danışardı ya da dinləyərdi, başqa heç nəyə baxmazdı. Məncə onu yavaş-yavaş tanımağa başlamışdım. Bir gecə özümü 2-3 saatlıq yatmaq üçün keçdiyim boş bir palatada yuxunun qollarına təslim etmişdim. Neçə saat keçmişdi bilmirəm ancaq qan-tər içində ağlayaraq oyandığımı yaxşı xatırlayıram. Düşündüm ki, bəlkə onun yanına gedim, ancaq sonra yatmış olduğunu xatırladım və çarəsizcə səhərin açılmağını gözləməyə başladım. Cəmi yarım saat səbr edə bildim, yatmış olarsa geri qayıdacaqdım. Otağının qapısını açıb içəri keçəndə yerində yox idi. Pəncərənin kənarından “ Yarım saat gec gəldin...” deyə səs gəldi.
Bir anlıq diksinib geri çəkilsəm də “keç otur, danış. Bu gün sıra səndədi”- dedi. Dəfələrlə gələcəyimi hardan bildiyini soruşsam da yenə səs yox idi. Sözünü deyib yenə sükuta qərq olmuşdu. Dərin bir nəfəs alıb, günlər əvvələ qayıtdım, beynimin hücrələrində zamanı o köhnə qatara tərəf çevirdim. Gedəcəyim stansiyaya çatmağıma 5 stansiya qalmış olsa belə, Orxanı gördüyüm andan sonrakı stansiyada qatardan düşdüm. Sanki nəfəs almağı unutmuşdum. Heçnə düşünə bilmirdim. Ancaq daha sonrasında keşkə o qatara heç minməsəydim dedizdirəcək o qədər şey oldu ki...
Arxamca Orxan da, düşmüşdü qatardan və mən bunu ancaq oturacaqda oturub özümə gəlməyə çalışarkən fərq etmişdim. Daha ayağa qalxıb uzaqlaşmaq üçün belə gücüm yox idi. Qalıb nə deyəcəyinə qulaq asmağa məcbur idim. Sanki çox gözəl şeylər deyəcəkmiş, çıxıb getdiyi üçün üzr istəyib son bir şans istəyəcəkmiş kimi dərin bir nəfəs alıb bədənimin hər nöqtəsinə sancacağı şüşə parçalarının yerini müəyyənləşdirirdi və mən bunu başa düşmək üçün olduqca gecikmişdim..
“Necəsən?”,- dedi mənə. Məni qoyub gedən, 3 il sonra qarşılaşdığım nişanlım mənə “Necəsən?” - dedi sadəcə. Keçən neçə əzab dolu illəri bir kəlməyə sığışdırmağı necə bacardı axı?! Ancaq mən niyə heyrətlənirəm axı, o nələr-nələr etməyi özünə sığışdıra bilən insan idi. Bu onun üçün nəydi ki...
Mənimlə tanış olan zaman internat evində böyüdüyünü, ailəsi və keçmişiylə bağlı heç nəyi bilmədiyini və heç vaxt dadmadığı ailə sevgisini, istiliyini ikimizdə ilk dəfə daddığını demişdi. Ancaq, hər biri bir yalanmış. Nəinki ata və anasının varlığını hətta yoldaşı və qızının varlığını da gizləyibmiş...
Həmin an nələr hiss etdiyimi təsvir edəcək sözüm, hərəkətim hətta mimika və jestlərim belə məğlub olub çarəsizliklə barışır. Mən o gün ona yox, özümə nifrət etdim. Mən necə hər gün başqasının həyat yoldaşını, atasını gözləmişəm? Necə onu nə olursa olsun bağışlayaram demişəm?...
30 saniyəyə kimi hərəkətsizcə baxdım üzünə və son bir cümlə deyərək arxama baxmadan cəld addımlarla və nəfəsimi kəsən, daxilimdəki məğlubiyyətlə dayanan qatara minərək gözlərimi yerə dikdim...
“Necə bu qədər alçala bildin axı?...”
Davamı gələn sayımızda...
"Bütöv Azərbaycan" qəzeti
5 avqust 2022-ci il
6-08-2022, 09:55
"Nur Ocağı" Səlbi Baxışın şeirlərini təqdim edir:


"Nur Ocağı" Səlbi Baxışın şeirlərini təqdim edir:

Qocalıram mən

Məhəbbət selinə düçar oldu baxt,
Könül sarayında quruldu tac- taxt.
Gəl çıx, ay sevgilim, gözləməyir vaxt,
Düşür qara saça yavaş-yavaş dən,
Eşqimlə baş-başa qocalıram mən.

Xəstəyəm, yataqda tükənib gücüm,
Vüsala çatmadım, göynəyir içim,
Yarıma söyləyin, köç edir köçüm,
Yollara boylandım yox gələn-gedən,
Eşqimlə baş-başa qocalıram mən.

Leyli tək sevməyən eşqi nə qanır,
O, dəli sevdanı oyuncaq sanır,
Qəlb evim alışır, gizliçə yanır,
De, necə dözsün ki, ürəkdən sevən,
Eşqimlə baş-başa qocalıram mən.

Gəl, mənim ürəyim, gəl, qovuşaq biz,
Dalaşıb, küsüşək, həm barışaq biz.
Bu eşqin odunda, bir alışaq biz,
Gəlməsən quruyar, solar göy çəmən,
Eşqimlə baş-başa qocalıram mən.

Getdikçə enəcək qüruba Günəş,
Səlbini yandırar düşdüyü atəş,
Soz verdin, gəlmədin, söylə, niyə bəs?
Şam təki əridim, eh, günü-gündən,
Eşqimlə baş-başa qocalıram mən.

Ay oğul

Deyildi həyatda yaşamaq asan,
Atdığın addimda olmasın nöqsan,
Gərəkdi çətində azmasın insan,
Dilinə yalan söz gəlməsin, oğul!

Bu yollar kol-koslu, daşlı- kəsəkli,
Talelər dumanlı, çənli, küləkli.
Hələ sən cavansan, arzu-diləkli,
Dilinə yalan söz gəlməsin, oğul!

Çox da eh, inanma dosta, yoldaşa,
Məkirli yanaşır qardaş-qardaşa,
Riyasız, hiyləsiz həyatda yaşa,
Dilinə yalan söz gəlməsin, oğul!

Vicdanı gəl satma şöhrətə-şana,
Vəsvəsə salsa da, uyma şeytana,
Həyatda tuş gəlmə, naşı, nadana,
Dilinə yalan söz gəlməsin, oğul!

Yalan vədə verib, söz kəsmə, bala,
Qərarı verəndə tələsmə, bala.
Nahaqdan yel təki, gəl əsmə, bala,
Dilinə yalan söz gəlmısin, oğul!

Səcdə qıl Rəbbinə, boynuna qurban,
Allaha ürəkdən gətir sən iman,
Hər müşkül işini, o, edər asan,
Dilinə yalan söz gəlməsin, oğul!

Söndürmə, ananın gur çırağını,
Qurutma çiçəkli, güllü bağını,
Qoy alım, hər kəsdən xoş sorağını,
Dilinə yalan söz gəlməsin, oğul!

Qurban bayramınız mübarək!

Ey göylər, ulduzlar əsən o yellər,
Dağlardan, dərədən sürünən sellər,
Qohumlar - qardaşlar, a doğma ellər,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Hər evdə, ocaqda kəsilsin qurban,
Kasıba pay versin xeyirxah insan,
Paklansın əməllər, daşlansın şeytan,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Bağ-baxçanız bol bar-bəhər gətirsin,
Allah ruzinizi sizə yetirsin,
Yağıştək yağdirsın, yerdə bitirsin,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Nişanlı qizlara qurbanlıq getsin,
Arzu qanad açsın, ömrü şad etsin,
Nisgilli, həsrətli günlər ötüşsün,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Sevgi, məhəbbətlə döyünsün ürək,
Qönçətək gül açsın hər arzu, dilək
Həyatda dostunuz qoy olsun mələk,
Qəlbiniz imanın nuruyla dolsun,
Qurban bayramınız mübarək olsun!

Könlümdə qışdı

Hər kəs "bahar gəldi" desə də yalan,
Könlümdə yaz deyil, hələ də qışdı,
Ürəyi qan ağlar bəxtikəm olan,
Üzüm gülsə belə gözlərim yaşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Sevdamın tək yanan odu qəlbimdə,
Qönçə güllər əkdim soldu qəlbimdə,
Sağalmaz bir yara oldu qəlbimdə,
Acılar boy verib başımdan aşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Qəlbim yorğun düşüb çəkəmmir qəmi,
Sünbülüm dən tutmur quruyur zəmi,
Kədər, qüssə ilə yüklənib gəmi,
İçimdə bir tufan boylanıb daşdı,
Könülmdə yaz deyil, hələ də qışdı.

Nə əksəm də bitmir, cücərmir Allah,
Görəsən mən harda eylədim günah?
Səlbi güman etmir açıla sabah,
Xəyalım, ay gülüm, qəmə sirdaşdı,
Könlümdə yaz deyil, hələ də qışdı.

Yaşa, var ol, Azərbaycan!

Köksün altda dəryalar var,
Qara qızıl, neftin yatar,
Bağ-bağatın çox məhsuldar,
Hər bir yanın, bax, gülüstan
Yaşa, var ol, Azərbaycan!

İldırımlar şimşək çaxsın,
Düşmənləri oda yaxsın,
Kəm baxanın gözü cıxsın,
Torpaqları suvardı qan,
Yaşa, var ol, Azərbaycan!

Keçməkeşli hər bir anın,
Qırılmazdı qol-qanadın,
Tarixlərə yazdın adın,
Ərənlərin mərd, qəhrəman,
Yaşa, var ol, Azərbaycan!

Yer üzünün sən gözüsən,
Kaman, tarın şən sözüsən,
Cənnətimin lap özüsən,
Nələr gördü qoca cahan,
Yaşa, var ol, Azərbaycan!

Sıx meşələr oylağındı,
Dağ döşləri yaylağındı,
Şirin barlı bağlarındı,
Günəşlidi baxsan haçan,
Yaşa, var ol, Azərbaycan!

Əvəzsizdi sədaqətim,
Sonsuz sevgim, məhəbbətim.
Səninlədi, bil, şöhrətim,
Sənə qurban olsun bu can,
Yaşa, var ol, Azərbaycan!

Bu xalq, bu bəşər

Kimi dindirirsən ağlayir zar-zar,
Qan içib, bac alır qəddar zülümkar,
Susub könüllərdə, sarı simli tar,
Od-alov içində hər igid əsgər,
Abad həyat istər bu xalq, bu bəşər.

Yarı ac, yarı tox keçınər millət,
Təki müharibə olmasın əlbət.
Yurdu viran etmək bumu ədalət?!
İnsanlar evindən düşüb dərbədər,
Abad həyat istər bu xalq, bu bəşər.

Dünyanın elə bil çırağı söndü,
Döyüş meydanına bu həyat döndü.
Torpağım qəmlidi çökülən gündü,
Bitmir, tükənməyir çəkdiyi dərd-sər,
Abad həyat istər bu xalq, bu bəşər.

Yetər, qan töküldü gəlin düz yola,
Ana layla deyir saç yola-yola,
Əlləri qoynunda deyir;-"can bala",
Torpağa gömülür cəsur ərənlər,
Abad həyat istər by xalq, bu bəşər.

Yansın od-alovda kin, sihah - sursat,
Sülh, barış qoyulsun hər nəğməyə ad,
Səlbi, sən də arzu, muradına çat,
Qönçə gül açılsın, əlvan çiçək dər,
Abad həyat istər, bu xalq, bu bəşər
.
Həyat

Yaz olmuşam qış olmuşam,
Ildən -ilə daşınmışam,
Gələn gündən qoşulmuşam,
Bu həyatın köçündəyəm.

Olmuş insan dərdlə tanış,
Bağrı necə yarılmamış?
Bir çətindən sıyrılmamış,
Gòrdùm yenə küncündəyəm.

Vaxt olmadı dərdi əyəm,
Qazancımı rahat yeyəm,
Kirpik çaldım əkindəyəm,
Baş qaşıdım biçindəyəm.

Səlbi, sanki həyat dava,
Hər kəs çalır bir cùr hava,
Köz üstündə dünya tava,
Mən də onun içindəyəm.
Səlbi Baxış

5-08-2022, 08:34
“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ

“AND OLSUN QƏLƏMƏ” VƏ İNSAN ÖMRÜ
(Ayətxan Ziyad İsgəndərov haqqında)
Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.
Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən-orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.
Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:
- 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi qapalı səhmdar cəmiyyət), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;
- 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olmuşdur. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün də uğurla davam etdirilməkdədir;
- 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunmuşdur. Yola saldığı son 6 ildə 60-dan artıq beynəlxalq və respublika elmi konfransına qatılmış, oxucularına 6-dan artıq monoqrafiya və dərs vəsaiti ərməğan etmişdir.
Bir cəhəti xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev-azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli lider Heydər Əliyevin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.
Bu məqam üçün gəlin tanış olaq:

Kimdir Ayətxan Ziyad İsgəndərov?
Bu sualı ilk olaraq “Bu mənəm-Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır¬mışdır. Kitab 5 bölümdən ibarətdir: 1. “Mən kiməm?”; 2. “Ayətxan Ziyad dostların, qələm yoldaşlarının deyimlərində”; 3. a) “Kitabları haqqında yazılmışdır”, b) “Haqqında söz yazdığı kitablar”; 4. “İnsanın doğum tarixinin sirləri” və “Yaddaşları yaşadır fotolar”.
QISA ARAYIŞ
1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, 1969-cu ildə orta təhsilini başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) olaraq yaradıcılıqla məşğul olmuşdur. 1975-1976-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında, 1976-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər¬bay¬can məktəbi” jurnalında, “Respub¬li¬ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze¬tlərində, 15.09.2004 - 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir¬çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə¬zi¬¬nin rəhbəri) çalışmışdır.
A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlı olmuşdur. Yanvar 2007 - fevral 2015-ci illərdə “Gənc müəllim” qəzetinin redaktoru olmuşdur. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek¬toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri və s. ictimai işlərdə çalışmışdır;
- 1979-cu ildə Gənc Jurna¬list¬lə¬rin II Ümumit¬ti¬faq Qurul¬tayının nü¬ma-yəndəsi olmuşdur (Moskva şə¬hə¬rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş¬ləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keç¬mış, kosmonavtların Bayka¬nur Kosmodromunda (Moskva) olmuşdur;
- Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixləşdirən efir materialları ilə çıxış etmişdir.
- AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarıdır.
- 2000-ci il parlament seçkilərində deputat¬lı¬ğa namizəd olmuşdur.
- “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
- Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İtti¬faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay¬can Yazıçılar Birliyinin üzvüdür.
İki əsrin mükafatları:

- 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər¬manını almışdır;
- Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa¬nə¬yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab¬çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).
- Hərbi-vətənpərvərlik mövzusun¬da yazan jur¬nalistlərin yaradıcılıq müsabi¬qəsində “Ədalət” qəze¬tinin xüsusi mükafatını almışdır;
- 2012-ci ildə «Əsrin ziyalı¬ları» Xey¬riyyə İcti¬mai Birliyinin «İlin alimi - İlin ziyalı¬sı» diplomuna,
- 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,
- 2021-ci ildə “Ziyadar” Mükafatına la¬yiq görülmüşdür.
Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.
ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey¬nə¬lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.
İşıq üzü görmüş kitabları:
1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba¬kı-2001, 400 səh.
2. “Mən¬dən sonra...”. Şeir, hekayə, publisistika.
Bakı-“ULU”-2010, 616 səh.
3. “Qazyanlı Mir¬həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).
4. “Qaz¬yan¬lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh. (araşdirma xarakterlidir)
5. “Hər hökmü za¬man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.
6. “Şamaxının Kürdə¬mic kəndi. Tarix, publi¬¬si¬s¬tika, rəvayət”.
Bakı-2014, 70x100 1/16, 536 səh. Monoqrafiya.
7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.
8. “Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh. Monoqrafiya.
9. “Dədə Qorqud” ün¬va¬¬nında sözüm” (el¬mi məqalələr. Mart 2015-2017-ci il).
Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.
10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.
11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... –
dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92
səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.
12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka¬yə,
povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi - 2019, 463 səh.
13. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.
14. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.
Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.
15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.
16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 200 səh. Monoqrafiya.
17. Elmi mübahisələr: mülahizələr, qənaətlər.
Nəşrə hazır daha 9 kitabı vəsait çatışmazlığına görə uzun illərdir işıq üzünə həsrət qalıb.
Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir.
Bütün bu əzmkarlıq, qələmə fəda edilmiş 53 il qarşılığında imkanlarımız daxilində Ayətxan müəllimin fədakarlığını qiymətləndirməyə çalışmışıq. Beləki, tərəfimizdən elmi araşdırmaçılıq fəaliyyətinə görə “Vintsas”, 53 illik ədəbi-bədii yaradıcılığı nəzərə alınmaqla “Bayram Bayramov” Mükafatlarına layiq görülmüşdür. Yuxarıda yazımın “Qısa arayış” bölümündə qeyd olunduğu kimi Ayətxan müəllimin doğum günü 15 oktyabrda olacaq qarşıda qosqoca iki ay var bu münasibətlə imkanlı şəxsləri nəşrə hazır kitablarının çapına dəstək olmağa, əlaqədar təşkilat və qrumları isə onun qələmə, yazıya xərclədiyi günlərin xoş xatirəsi ola biləcək əlamətdar işlər görməyə çağırıram. Söna qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və söhbətimi artıq çoxdan Haqqın dərgahına varmış digər dəyərli ziyalımız Cabir Novruzun ibrətamiz misraları ilə bitirmək istəyirəm:
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

30.07.2022. Bakı.
Zaur USTAC
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist
.

29-07-2022, 20:03
"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:


"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:
(Qulu Xaləddinoğlu)

VƏTƏN
Ana yurdun torpağının,
Hər qarışı,daşı Vətən.
Dünya qızıl bir üzüksə,
O,üzüyün qaşı Vətən.

Odur əsil sevgili yar,
Onsuz mənə gen dünya dar,
Ürəyimdə nə sevda var,
Hamısının başı Vətən.

Sərt küləklər əssə yandan,
Can ayrılsa əziz candan,
Əgər ayrı düşsəm ondan,
Gözlərimin yaşı Vətən.

KÜSÜB MƏNDƏN
Nə vaxtdır qələmdən gen gəzdiyimdən,
Qələm küsüb məndən,söz küsüb məndən.
Vəsf etmirəm deyə hüsnünə şeir,
Bir aybəniz sima-üz küsüb məndən.

Qayğılar o qədər başımı qatıb,
Çağlayan ilhamım elə bil yatıb,
Yollar da aparmır əlimdən tutub,
Cığır küsüb məndən,iz küsüb məndən.

Şeirlər azalıb,say vermir daha,
Sanki,"ilham pərim" pay vermir daha,
Dağlar da səsimə hay vermir daha,
Dərə küsüb məndən,düz küsüb məndən.

Misralar lal olub,dinmir,danışmır,
Təbim incik düşüb,mənlə barışmır,
Bir vaxt yanan ocaq indi alışmır,
Alov küsüb məndən,köz küsüb məndən.

GƏNCLİYİ
Necə oldu,harda qaldı bilmədim,
Çox axtardım,tapammadım gəncliyi.
O hey oldu atlı,mənsə piyada,
Çapıb getdi,tutammadım gəncliyi.

Gedən gündən dünyam oldu qaranlıq,
Sevinc susdu,qəm eylədi fironluq,
İstəsəm də geri dönə bir anlıq,
Ömrə bir də qatammadım gəncliyi.

Aramızdan aylar,illər ötsə də,
Yarı yolda qoyub məni getsə də,
Gözlərimdən həmişəlik itsə də,
Ürəyimdən atammadım gəncliyi.

TƏLƏSDİM
Bir zaman gəncliyə qovuşmaq üçün,
Böyümək istədim,yaşa tələsdim,
Anlamadım gedən ömürdən gedir,
Yuxarı can atdım,başa tələsdim.

Həyat yollarında durmadan qaçdım,
Xəyalımda aya,ulduza uçdum,
Gəncliyin başına min oyun açdım,
Yazı yolda qoyub,qışa tələsdim.

Xatirəyə dönüb itən günlərə,
Ömürdən xəbərsiz bitən günlərə,
Durna qatarıtək ötən günlərə,
Sevinclə,kədərlə qoşa tələsdim.

Görəndə ömürün çoxu gedibdir,
İllər saçlarımı bəyaz edibdir,
Qocalıq xəlvəti məni güdübdür,
Onda ayıldım ki,boşa tələsdim.

BAŞQADIR
İstərsə sonradan yüzünü sev sən,
İlk eşqin ləzzəti,dadı başqadır.
Qəlbinə,ruhuna hakim kəsilən,
Hisslərin doğması,yadı başqadır.

Xəyalından getməz nurlu ay üzü,
Daim xatırlanar söhbəti,sözü,
Ürəkdə alışan alovu,közü,
İçini yandıran odu başqadır.

Sevda yollarına ilk dəfə çıxan,
Sənə məhəbbətin gözüylə baxan,
Qəlbini əbədi odlara yaxan,
O ülvi sevginin adı başqadır.

YAZDIM
Nə zaman əlimə qələm götürdüm,
Şeiri duyğuma uyğun,tən yazdım.
"Ilham pərim" cuşa gəldiyi anda,
Təb vadar edəndə,gərəkdən yazdım.

Hər zaman oturdum,durdum ər ilə,
Duz-çörək kəsmədim namərd biriylə,
Mərdin süfrəsində alın təriylə,
Halal qazandığı çörəkdən yazdım.

Qələmə verdiyim əhdi pozmadım,
Səmtimi düz tutdum,yolda azmadım,
Yazmaq xatirinə şeir yazmadım,
Nə yazdımsa onu ürəkdən yazdım.
İSTƏDİM
Yaşadığım bu həyatda,
Nə şöhrət,nə şan istədim.
Nə var-dövlət,zəngin həyat,
Nə süni ad-san istədim.

Nur olsun deyə gözümə,
İşıq salsın yol,izimə,
Səhərləri mən üzümə,
Xoş açılan dan istədim.

Arzuladım hey baharı,
Sevmədim heç baran,qarı,
Bir-birinə insanları,
Ola mehriban istədim.

Səsləyərək mələkləri,
Etdim arzu,diləkləri,
Soyuq əsən küləkləri,
Keçə məndən yan istədim.

Özümü dərk edən andan,
İstəmədim çox şey ondan,
Hey duamda Yaradandan,
Əsas sağlam can istədim.

VAXTIDIR
Nə qədər istəsə daha coşammaz,
Artıq, dalğaların senən vaxtıdır.
Hərarəti azdır,qızdırmır yeri,
Günəşin qüruba enən vaxtıdır.

Daha yox əvvəlki,o odlu baxış,
Günlərim ömürə vurmayır naxış,
Dəyəmi isladır yağanda yağış,
Köçümün geriyə dönən vaxtıdır.

Aşıq,bir hava çal xəyala dalım,
Ötən günlərimi bir yada salım,
Mən də şeir deyim ay qadan alım,
Könlümün susmayıb,dinən vaxtıdır
GƏLƏCƏM
Məndən küsüb,üz döndərən,a kəndim!
Bir gün sənlə barışmağa gələcəm.
Mənə əziz,doğma olan kəslərin,
Cərgəsinə qarışmağa gələcəm.

Dərəsindən,təpəsindən keçməyə,
Yer belləyib,dağlarda ot biçməyə,
Bulaqların gözündən su içməyə,
Təbiətlə qovuşmağa gələcəm.

Vəfalı dost,bir mehriban üz olub,
Niyyəti saf,əqidəsi düz olub,
Yurdu sevən ürəklərdə köz olub,
Ocaq kimi alışmağa gələcəm.

O əvvəlki şən-şuxluğum ta yoxdu,
Dərdim var ki,ürəyimə bir oxdu,
Deyiləsi söhbət çoxdu,söz çoxdu,
Dərdlərimi danışmağa gələcəm.

Gələcəyəm üzə gələn bu yazda,
Yolumu gözləsin qoy telli saz da,
Boynumda haqqı var onun bir az da,
Elim üçün çalışmağa gələcəm.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!