Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 3-03-2023, 07:58
Yaxşı ki, böyümüşük!


ZAUR ƏRMUĞAN
Hekayə

Yaxşı ki, böyümüşük!

- Ay Ağarza, xoş gördük səni. Nə var, nə yox? İşlərin necədir? Nə edirsən, özün yatıb, özün dura bilirsənmi? -- deyə Məlik Ağarzanı görən kimi hal-əhval tutmağa başladı.
- Əşşi, bu zəmanədə adamdan hal xəbər alarlar? -- Ağarza könülsüz halda dindi, küçə qapısının ağzındakı daşın üstündən qalxdı, Məliklə əl-ələ tutub görüşdü.
- Nə olub yenə? -- Məlik yenə soruşdu. -- Qaş-qabağın yer süpürür, gəmilərin dəryada batıb?!
Ağarza başını qaşıya-qaşıya cavab verdi:
- Gəmi köpəkoğlu daha nə etsin?!
Batar də belə dəryada.
Məlik ciddiləşdi:
- Mənə bax, deyəsən, sözlü adama oxşayırsan? Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza əyilib yenə bayaqkı daşın üstündə oturdu. Məlik kərpicdən tikilmiş hasarın dibində çöməlib sualedici nəzərlərlə Ağarzanın sir-sifətini süzdü, dirsəyini qıçının üstünə qoyub ovcunu çənəsinin altına sıxdı.
Ağarza dedi:
- Ay Məlik, yenə sən bilərsən...
Məlik Ağarzanın sözünü ağzında qoydu:
- Guya sənə nə olub ki?! Oturduğun yerin iki min beş yüz metr dərinliyində nə var, onu bilirsən. Sən bilməyən şeyə qurd düşər ki. Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza gözlərini yumub üzünü o yana çevirdi, gözlərini o tərəfdə açıb dodağının altında mızıldadı:
- Üçdə alacağın yox, beşdə verəcəyin yox! Əlini qoymusan əlinin üstünə, oturmusan yanımda. Sənin nə vecinə!
Məlik özündən biixtiyar ayağa qalxdı, səsini bir qədər artırıb bu dəfə acıqlı-acıqlı dedi:
- Üz-gözünü turşumuş qatıq kimi nə turşutmusan ey üstümə?! Danış də! Biz də bilək ki, nə olub? Təkər kimi nə pısmısan? Səni danışdırmaqdan ötrü cibinə pul basmalı deyiləm ki?!
Məlikin köpü yatdı. Dərindən bir ah da çəkib içini boşaltdı elə bil. Sonra yenə çöməldi. Ağarza başını aşağı dikəndə Məlikin özü də, səsi də mülayimləşdi:
- Can, Ağarza! Dərdin ürəyimə! Yetim elə yetimdir də! Kasıb nə vaxt dövlətli olur ki?! Gorun oldu ki, kəfənin də ola?! Nə olub ey?
Ağarza iki-üç dəfə "əşş", bir-iki dəfə də "of" deyəndən sonra üzünü Məlikə tutdu:
- Nə deyim ey?! Bu qədər dərd-sər olar?! Gün-güzəran bir dərd, arvad-uşaq bir dərd, azar-bezar bir dərd, qonum-qonşu bir dərd, toy-düyün bir dərd, hüzür bir dərd, borc dəftəri bir dərd, kredit bir dərd!... Ay kişi, mən olmayım, sən ol, dözə bilərsən bu qədər cəfaya? Dünyadır bu, həyatdır bu?
Məlik dostunu səbirlə dinləyib dedi:
- Darıxma! Düzələcək hamısı! Elə bundan ötrü narahatsan?
- Nə vaxt düzələcək? Mən öləndən sonra? -- Ağarza dilləndi. -- Deyirəm, ay Məlik, amma heyif o uşaqlıq vaxtlarımızdan! Nə yaxşı vaxtlar idi! Heç nəyin dərdini çəkmirdik, yaşayırdıq özümüz üçün. Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın! Dəf kimi idi, vallah! Dərdimiz nə idi ki?! Tut nə vaxt yetişəcək? Dərdə bax ey, sən Allah!
Məlik gülümsünüb cavab verdi:
- Uşaqlıq vaxtlarımızın da öz keşməkeşləri var idi, ay Ağarza. Sillə, təpik yeməkdən gömgöy göyərmişdik. O qədər davaya düşüb döyülmüşük ki! Onun, bunun qulluğuna getməkdən təngə gəlmişdik. Nə ixtiyarın var idi ki, əli ətəyindən uzun gələsən. Həddin nə idi ki, göndərildiyin yerdən gec qayıdasan. Yerə tüpürərdilər, deyərdilər ki, quruyunca gəl. -- Məlik yerindən qalxıb əllərini belinə qoyandan sonra yerə tüpürcək atdı. -- Sən başı daşlı da al günün altında ayağıyalın təng-nəfəs olurdun ki, söyülməyəsən, döyülməyəsən. Məktəbdə də günümüz, rüzgarımız yox idi. Bir ayağı üstündə qırx beş dəqiqə az dayanıb durmusan otağın küncündə? Məmmədağa müəllim boynunun ardına sillə çəkəndə gözlərindən od tökülürdü ki. Dinc dolanmırdıq axı. Dərs oxumurduq. Adam balası kimi sözə qulaq asırdıq ki?! Rəhmətlik dədən Bağır kişi çıxarardı kəməri şalvarının belindən, salardı səni ayağının altına. Əlindən güc-bəla ilə çıxıb bizə qaçıb gəldiyin günlər yadındadır?
Məlik sözünü deyib qurtardı. Özü də elə deyib qurtardı ki, elə bil indiyə kimi heç belə danışmamışdı.
Daha susmuşdu, daha danışmırdı, gözlərini Ağarzanın gözlərinə zilləyib onun nə deyəcəyini gözləyirmiş kimi kirimişdi.
Ağarza dedi:
- Sənin dərdin mənim dərdimdən də betər imiş ki!
- Bəs nə bilmişdin?! Başlamısan ki, uşaqlıq belə oldu, elə oldu. -- Məlik yenə qızışdı. -- Çoban Yarəhməd yadından çıxmaz. Sürüyə bir az gec gələn kimi gözünü yumub çomağını tullayardı haraya gəldi; Yarəhmədin çomağı, sənin başın! Yalan deyirəm?
- Çomaq da çomaq idi ha! Pa atonnan, kürəyimin ortası paralanırdı, az qala!
- Mən də onu deyirəm də. Yenə indi yaxşıdır. Sən də bir adamsan özün üçün. Beş kişinin içində adın çəkilir. Ev-eşiyin, suyun, çörəyin. Nə olub ki?! Uşaqlığın nəyi yaxşı idi? Uşaq olub, yenə qulluğa yüyürəcəkdin də! Qapaz da başında!
Ağarza çənəsinin altından boğazına axan isti təri cibindən çıxardığı dəsmalla silərək burnunu çəkib, qaşlarını yuxarı qaldırdı. Sonra ürəyindən tikan çıxaran bir kəlmə işlətdi:
- Dilinə qurban olum, a Məlik. Vallah, düz deyirsən. Yaxşı ki, böyümüşük!

"Bütöv Azərbaycan" qəzeti
3 mart 2023


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!