Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
18-02-2022, 08:56
Qürbətdən gələn səs

Kifayət Nemətabadlı


Abbasova Kifayət İsmayıl qızı, Ağdaş rayonunun Nemətabad kəndində dünyaya gəlib. Hazırda ailəsi ilə Qazaxıstan Respublikasında yaşayır. Qürbətdə yaşasa da Vətən həsrətli ilə yazıb-yaradır. Beş şeir kitabının müəllifidir. Onun şeirlərini oxucularımıza təqdim edirik:
Ürək
Soldu bir andaca gül yanaqlarım,
Nədən susub, dinmir bal dodaqlarım?
Göz yaşı tökürəm mən narın- narın,
Niyə sızlayırsan, söylə ay ürək?

Axı hər çətinə hünərin vardı,
Gücün, qüvvən vardı, təpərin vardı.
Qarşıda hələ çox zəfərin vardı,
Niyə sızlayırsan söylə ay ürək?

Kifayət etmədi sənə xəyanət,
Onda var çətinə dözüm, dəyanət.
Səni Rəbbim verib mənə əmanət,
Niyə sızlayırsan söylə ay ürək?

Şairin
Şair demək olmaz hər yazan kəsə,
Yazdığı misralar xoşa gəlməsə.
Yoxdursa qabiliyyət, düşmə həvəsə,
Qismətin mələklər yazır şairin.

Ləl-govhər süzülə sözündən gərək,
Kədər hiss oluna üzündən gərək,
Baxanlar anlaya gözündən gərək,
Ruhu asimanlar gəzir şairin.

Kifayət, ilhamı al Yaradandan,
Dərsi götür o müqəddəs Qurandan.
Qəfil zərbə alsa nakəs, nadandan,
Göz yaşı yanaqdan süzür şairin.

Ana

Adına bərabər yoxdur dünyada,
Olsa da dövlətin həddən-ziyada.
Birin dəyişmərəm müqəddəs ada,
Ağzımın ən ləziz dadısan, ana!

Övlad məhəbbətin bənzər bahara,
Dünya-aləm hara, söylə, sən hara?
Sənsiz günəş belə gəlmir ki, kara,
Ocağımın yanan odusan ana.

Kifayət o nurlu üzünə qurban,
Gözümün üstündə yerin var hər an.
Səni əvəz etməz özgə bir insan,
Dilimin müqəddəs adısan, ana!

Ağdaşım
Kaş ki, dönüm bir anlığa,
Səndə keçən cavanlığa.
Həsrətəm firavanlığa
Sənsən mənim üzük qaşım,
Doğma vətənim Ağdaşım.

Adın qürur yerim oldu,
Həm ocağım, pirim oldu.
Cah-cəlalım, varım oldu,
Şəninə nəğmələr qoşum,
Doğma vətənim Ağdaşım.

Gəl unutma Kifayəti,
Səninlədir şan-şohrəti.
Sənsiz dözəmmirəm qəti,
Əzizdir torpağın, daşın,
Doğma vətənim Ağdaşım.

Cavanlığım
Həsrətini çox çəkirəm,
Gəl ay mənim cavanlığım!
Dərd becərib, qəm əkirəm
Gəl ay mənim cavanlığım!

Ömür sürdüm qürbət eldə,
Misralarım gəzir dildə.
Səni atıb gəldim eldə,
Gəl ay mənim cavanlığım.

Kifayət il yorğunudu
Axan sellər durğunudu.
O dağların vurğunudu,
Gəl ay mənim cavanlığım.

Dünyasan

Adəmdən, Həvvadan bizə,
Yadigar qalan dünyasan.
Sənə gələn bir gün gedir,
Boşalıb, dolan dünyasan.

Baxmırsan varlı kasıba,
Zülümün gəlmir hesaba.
Ürək dözmür bu əzaba,
Doğru, həm yalan dünyasan.

Kifayəti yaxşı tanı,
Onun da gedər karvanı.
Neçə Sultan Süleymanı,
Taxtından salan dünyasan
Boşalıb, dolan dünyasan.

Azərbaycanın

İstəmirəm boş yerə nə şöhrəti, nə şanı,
Başıma tac bilirəm atam ilə anamı.
Hər vaxt müqəddəs bildim and yerimiz Quranı,
Mən ismətli qızıyam doğma Azərbaycanın!

Yazıram ki, tarixdə mənim də izim qalsın,
El-obanın dilində söhbətim-sözum qalsın,
Məni xoş xatirə tək hər kəs yadına salsın,
Söhbətiyəm, sözüyəm doğma Azərbaycanın.

Elə danış, eşidən səni ürəkdən duysun,
Etdiyin xoş əməllər qəlbə, könülə dolsun.
Yazdığım misralarım dillərdə əzbər olsun,
Gül-cicəlki düzüyəm doğma Azərbaycanın.

Çalış yaxşı örnək ol, öz obana,elinə,
Tarixdə qalmaq üçün qələm aldın əlinə,
Mizrab toxunan zaman simin hər bir telinə,
Qəmli çalan sazıyam, doğma Azərbaycanın,
Mən İsmətli qızıyam doğma Azərbaycanın.


Sevindir
Sən gələndə sevinc gəlir hər yana,
Gəl ay bahar, qəlbimizi sevindir.
Çağlasın hər kəsin qoy söz ilhamı,
Gəl ay bahar,könlümüzü sevindir.

Sən gələndə qaranquşlar oxuyur,
Sən gələndə torpaq ətir qoxuyur.
Sən gələndə qızlar çələng toxuyur
Gəl ay bahar, gəlişinlə sevindir.

Kifayətin ilhamına qanad ver,
Təbiətdə hər nə varsa həyat ver.
Çiçəklərdən yal-yamaca xalı sər,
Gəl ay bahar, könlümüzü sevindir.


Bahar gəlir

Bülbülün xoş avazıyla,
Yurdumuza bahar gəlir.
Aşığın telli zazıyla,
Yurdumuza bahar gəlir.

Göy gurlayır, şimşək çaxır,
Bulud dolur, leysan yağır.
Dərələrdən sellər axır,
Yurdumuza bahar gəlir.

Kifayət də ilham alır,
Dərin xəyallara dalır.
El-obasın yada salır,
Yurdumuza bahar gəlir.

Vətən torpağında


Aşıq bir Kərəmi çalsın,
Könlüm ondan ilham alsın,
Yazıram ki, izim qalsın,
Doğma Vətən torpağında.

Bizik bu dünyada qonaq,
Ömür ötür varaq-varaq.
Gəncliyimdən verin soraq,
Doğma Vətən torpağında.

Kifayət xəyala dalıb,
Ötənləri yada salıb.
Neçə xoş xatirəm qalıb,
Doğma Vətən torpağında.

Gedir əldən

Qocalıram qürbət eldə,
Cavanlığım gedir əldən.
Ömür ötür qüssə ilə,
İncidim hər ötən ildən
Cavanlığım gedir əldən.

Öz yurdumda gəzə-gəzə,
Kaş yetirəm ömrü yüzə.
Yaş çoxalır arzu təzə,
Doymamışam şirin dildən,
Cavanlığım gedir əldən.

Budur Kifayətin sözü,
Sizə qurban iki gözü,
Uçdu, həsrət qoydu bizi,
Yasilbaşlı sona göldən,
Qocalıram qürbət eldə
Cavanlığım gedir əldən.

Vətənim

Həsrətinlə yaşayıram,
Sənə qurban can, Vətənim.
Şair qızın qərib eldə,
Arzular hər an Vətənim.

Qürbət mənə sanki qəfəs,
Sənsiz almıram ki, nəfəs.
Cavan ömrüm keçdi əbəs,
Oldu zimistan, Vətənim.

Kifayətin ömrü heçdi,
Aylar, illər ötüb keçdi.
Tale mənə qürbət seçdi,
Qalmadı güman Vətənim,
Sənsizəm inan Vətənim.

Ay Sevil
(aşıq Sevil Ədalətə)

Bahar nəfəsiylə, yaz nəfəsiylə,
Qəlbimə od saldın ay Sevil xanım.
Sinənə sıxdığın telli sazınla,
Məni məndən aldın, ay Şevil xanım.

Çöl-çəmənin gül-çicəklə doludu,
Tutduğun yol insanlığın yoludu.
Dəhanından süzülən nə balıdı,
Ürəyimdə qaldın ay Şevil xanım.

Kifayət də qızım deyibdi sənə,
Tərifin eyləyib o dönə-dönə.
Üzümü çevirib ana Vətənə,
Xəyallara daldım ay Şevil xanım,
Səni yada saldım ay Şevil xanım.

16-02-2022, 15:10
Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı


Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı
Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.
“Sputnik Armenia” xəbər verir ki, Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydaları pozub, buna görə onun ölkədən deportasiyası barədə qərar verilib. Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıya deportasiyası riski yaranıb.
Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edib və o, Ermənistana deportasiya edilib. (APA)
11-02-2022, 18:35
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama


Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bunu Prezident İlham Əliyev Azərtac-a müsahibəsində deyib:
"Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır."
11-02-2022, 07:54

İLTİMAS SƏMİMİNİN SÖZ DÜNYASI


MƏNİ
Qurtula bilmirəm çəkir özünə,
Çəkir o baxışlar, o gözlər məni.
Durduğum yerdəcə donub qalıram,
Xəyala qərq edir xoş sözlər məni.

Onun işığına mələklər gələr,
Eşqinə düşənlər Məcnunam deyər.
Yerişi bir dünya baxan qəm yeyər,
Öldürər gecələr, gündüzlər məni.

Sevən qəlbimizə tənhalıq bir yük,
Baxıb taleyindən, bəxtindən küsdük.
Söylədim, biləsən həsrətim böyük,
Yandırar bu alov, bu közlər məni.

Həsrət çəkə -çəkə, qəm yeyə -yeyə,
Gözümün yuxusu çəkildi göyə.
Verdim həyatımı mən bu sevgiyə.
Çəkdi sınaqlara bu hisslər məni.

01.01.2022.
MƏHƏBBƏTİN
Çəkilib göylərə yuxusu yaman,
Ardımca boylanan qara gözlərin.
Ürəkdən keçəni gizlətmək olmur,
Qəmli baxışların həsrəti dərin.

Bu da bir şaxtalı, qarlı qış günü,
Düşüb hicranlara sevgi arama.
Nə baxış təsəlli, nə göz təsəlli,
Nə də daş ürəklər gələr ilhama.

De, kimlər yanmadı sevgi odunda,
Bu sonsuz ümmanda üzmək çox çətin.
Sevgi dirigözlü oda atılmaq,
Gücünü bilmirsən sən məhəbbətin.
01.01.2022.
OLMASIN
Bir az Məcnun olum, bir az da Fərhad,
Sevgi Leyliyə ruh, Şirinə qanad.
Payız xəzəlidir sevgisiz həyat,
Sevən ürəyində şubhən olmasın.

Səadət istədin, səadət inam,
Təmiz ürəklərdə məhəbbət inam.
Xoş arzu, xoş dilək, xoş niyyət inam,
Sevən ürəyində şubhən olmasın.

Pirə inananın şəfası pirdir,
Sevənin qəlbində sevgisi birdir.
Sevgi sevməyənə açılmaz sirdir,
Sevən ürəyində şubhən olmasın.

İnan, şəkk edənlər batar günaha,
Gözəl nə olar ki, sevgidən daha.
Sevən səadətlə çıxar sabaha,
Sevən ürəyində şubhən olmasın.
02.01.2022.
ÇAĞIDIR
Xəyala qərq edir məni bu payız,
Yarpağın saralan, solan çağıdır.
Sıxılır köksümdə ürəyim yaman,
Gözümün buludtək dolan çağıdır.

Hanı o çiçəklər, hanı o güllər,
Vaxt da günəş kimi qüruba gedər.
Həsrət çəkə -çəkə ömür də ötər,
Dərdin qalaq-qalaq olan çağıdır.

Payız, yağışmısan yoxsa ki, külək?
Arzular gözümdə solan yarpaq tək.
Hələ məndən sonra kimlər deyəcək,
Fəqət xatirələr qalan çağıdır.
15.01.2022.
YAŞAMAQDIR
Suçu susmaqdır, danışsa,
Artırar günahları.
Solunda dəniz,
Sağında məzarlıq
Yollar üzünə bağlı.
Sükut...
Yanında bir kimsə yox,
Qoluna kədər girib.
Arzusu bir az da yaşamaqdır.
02.01.2022.
QALIB
Yorma ürəyini,
Ömür bir az bahar,
Bir az payız, bir az da qışdır.
Yaddaşında tozlanan
Xatirələri bir kimsəyə söyləsən də,
Ürəyin ovunmaz.
Bu yolların sonu bilinmir,
Son mənzilə
Bəlkə də bir-iki addım qalıb.
03.01.2022.
ÖZÜNÜ ALDATMAQDIR
Salam, kimsəsiz küçə,
Kimsəsiz şəhər.
Kimsəsiz evlər,
Üstündən toz tökülən ağacların
Söylədiyi xatirələri
Daha quşlar dinləməz...
Ovcumu açıb taleyimi oxuma,
İndi taleləri küləklər oxuyur.
Üstündə qara ruhlar dolaşdıqca,
Daşların qurd –qurd ulayır,
Yolların toz qoxuyur, toz...
Kimsəsizlərin göz yaşısan,
Əllərimi sənə sarı uzadıb
Aman istəmərəm.
Amansızsan,
Ağlar qoydun çoxlarını.
Səndən ümid diləmək
Özünü aldatmaqdır.
03.01.2022.
ÖMÜR BİR YAZ
YAĞIŞIDIR

Bu yolları birlikdə adlayıb
Getmək
Ürəyimizə təsəllidir.
Ölüm hələ bizdən uzaq,
Hələ ümidlər bitməyib...
Gözlərin bir kimsəni
Axtarmasın,
İndi hamı eyni cür taleyi yaşayır.
Alın yazıları eyni, kədəri eyni...
İçində tabut-tabut daşıdığın
Ağrılar...
Nəfəsin meyid qoxuyur.
Daha özünü aladıb gümanla yaşama,
Ömür bir yaz yağışıdır.. .
03.01.2022.
BU ADAMLAR
Sağım adam, solum adam.
Topa -topa gəlib keçir,
Məndən belə bu adamlar.
İçim adam, çölüm adam,
Tabut-tabut daşıyıram
Adamları xatirələr yaddaşına.
Boylanıram məzarlıqda
Doğmaların başdaşına,
Vaxtsız ölən adamların
Yaxınların göz yaşına.
Bir az torpaq, bir az hava,
Bir az od, bir az da sudur.
Uddar hələ öz nəfsinin caynağında
Çapalayan adamları,
Üşüdəcək yer üzünü,
Yandıracaq içimizi,
Boğularıq damlasında...
Sel adamlar,
Dərya kimi talatümlu,
Sonra belə torpaq olub,
Torpaqlaşar bu adamlar...
04.01.2022.
MƏZARI OT BASACAQ
Çoxmu yubandın,
Yoxsa yollar yordu səni?
Hardasa bir yad baxış
Ardınca boylanıb.
“Əlvida” kəlməsi
Küləkdənmi eşitdin?
Ölümü yada salmaq ürəyə dərddir.
Nə vaxtsa yoxluğunu
Düşünmək əzabı
Yandırırmı səni?
Xatırlamaz bir kimsə
Məzarı ot basacaq.
06.01.2022.
UÇULAR XƏYALIMDAKI
YER KÜRƏSİ

Əllərim saçlarına toxunar,
Baxışların içimi köz-köz yandıran
Həsrəti söndürər.
Bir az ilk görüşün
Həyəcanı,
Bir az gözlərinin sehri,
Bir az da aşıb-daşan hisslər...
Yum gözlərini,
Əllərin ovcumdan qoy sivişməsin.
Uçular xəyalımdakı yer kürəsi.
08.01.2022.
BİR İNSAN DA AZALIB
Səni bir kimsə xatırlamadı,
Unuduldun.
Nə adını çəkən oldu,
Nə xatirə söyləyən.
Elə bil bir damla yağış idin,
Düşdün torpağa.
Üşütdü yolları küləkin uğurtusu...
Sükutu sevməzdin,
İndi sükut məzarın qədər.
Başdaşına qonan sərçələr
Hardan bilsin ki, yer üzündə
Bir insan da azalıb.
09.01.2022.
QAÇMAQ İSTƏYİR
Daha göz yaşı tökməyə dəyməz.
Nə keçmişə qayıtmaq olur,
Nə keçmişi unutmaq.
Yaddaşında yarpaq -yarpaq
Boy atan xatirələr
Ayrılıqlar qoxuyur.
Nəfəsin payız küləyidir,
Baxışında ilan-ilan qıvrılan
Bir uşaq təbəssümü
Baş götürüb keçmişə
Qaçmaq istəyir.
16.01.2022.

YOXLUĞUNU XATIRLATDI
Üz tutub sənə sarı gəlmək istədim,
Yoxuşlu yollar üzdü ümidimi.
Kəsildi nəfəsim,
Qulağıma axan səslər
Ürəyimə ox tək sancıldı.
Yaddaşımda xatirələr,
Gözümün önündə rəsmin,
Baxışlarında donan təbəssümün
Yoxluğunu xatırlatdı.
19.01.2022.
AĞRILARI
Sən də dinlə
Ağaclara söylədiyim sözlərimi,
Ağacların yaddaşı var.
Axan sular yaxşı bilir
Xatırımda olanları.
Danışmışam buludlara,
Qayğılarla dolu olan uşaqlıqdan.
İnsanların sərt üzünü görə -görə,
Acı sözlər udda -udda
Bəzən elə göz yaşlarım selə dönüb.
Mən heç nəyi unutmadım,
Yaddaşımda qalaq -qalaq xatirələr,
Bir də qəmli ürəyimin ağrıları...
25.01.2022.
UNUTMUSANMI?
Tanrı dərgahına açılan
Bir kimsəsiz tənhanın əlləri
Titrəyir yarpaq-yarpaq.
Hər şeydən ümidi üzülən
Tanrının unutduğu adam...
Gözlərində bir dağılmış dünya,
Qara buludlarla örtmüş göy üzü,
İnsanı qorxudan qara ruhlar.
Baxtıqca sıxılır ürəyim,
Tanrım, sevdiklərinə
Tale yazmağını unutmusanmı?
25.01.2022.
QOY BİRCƏ BALIQDA
YATIB QALMASIN

İsidə bilmədi səni bu bahar,
İçində çovğunlu, boranlı bir qış.
Acı xatirələr ürəyə dağdır,
Bir az taleyindən, bəxtindən danış.

Qaçsın qoy dənizin yuxusu tamam,
Qoy bircə balıq da yatıb qalmasın.
Sahili gəmirsin dəli dalğalar,
Heç əcəl zəngini vaxtsız çalmasın.

Bəlkə, ünvanına gecikir kimsə,
Bəlkə, gecikənlər tələsir yaman.
Bəlkə, tələsənlər dayansın bir az,
Bəlkə, onları heç xoşlamır zaman.
26.01.2022.



11-02-2022, 07:39
Şairin bir adı da Vətəndir...

Qarabağlı şairlər silsiləsindən - Əjdər Yunus Rza – 70


Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...
Şairin bir adı, bir ünvanı da Vətəndir. Bu adı, bu ünvanı ən çox doğruldan şairlərimizdən biri də ömrünün yeddinci onilliyini yaşayan Əjdər Yunus Rzadır. Onun bütün şeirləri, misraları Vətən duyğuları ilə süslənib. Elə bir şeiri, elə bir misrası olmaz ki, ordan Vətən, yurd qoxusu gəlməsin. Bir çox kitablarını bu ərəfədə bir də yenidən oxudum, vərəqlədim. Vətənin sevincindən, qəmindən ayrı bir şeirinə, bir sözünə də rast gəlmədim. Əksinə, onun duyğu ləçəkləri, poetik tabloya çevirdiyi ədəbi düşüncələri yurddan, Vətəndən başlayır, doğma torpaqdan, doğma eldən rişələnib poetik məkanda özünə əbədi binə qurur, ev tikir.
Doğulduğu Cəbrayıl rayonu - dağlar qoynunda yerləşən Xələfli kəndi nə az-nə çox, az qala bir qərinəni haqlayacaq qədər yağı tapdağında qaldı. Şair bu illər ərzində hicranın, ayrılığın göz yaşlarını neçə kitaba, neçə şeirə, neçə poemaya, neçə qəzələ, neçə-neçə deyilməmiş ağıya, bayatıya çevirdi.
Yurdsuzluq da bir dərd oldu dağladı,
Köçdən salıb karvanımı saxladı.
Yaman yerdə zaman məni haqladı,
Yorğun bəxtim bezdi, bezdi, qocaldım.

Əjdər Yunus Rza bizim Xələfli oymağından çıxmış ilk polkovnik-şair, tarix üzrə fəlsəfə doktorudur. Gənclik illərindən üzübəri müxtəlif ali məktəblərdə çalışıb. O cümlədən, Azərbaycan Polis Akademiyasında da bir ziyalı kimi çox ləyaqətli izlər qoyub. Azərbaycanın hansı bölgəsinə getsən, onun hüquq-mühafizə orqanlarında çalışan tələbələrilə rastlaşarsan. Onlar hamısı Əjdər müəllimi gözəl, humanist duyğularla zəngin bir insan kimi xatırlayır, onun səmimi, təmənnasız bir xarakter olduğundan ürəklə danışır.
Bir vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində mənim də müəllimim olub. Yadımdadır ki, Azərbaycan tarixinin ağrılı səhifələrini bizə can yanğısıyla keçərdi. Ömrünün cavan, enerjili, qaynar çağları idi onda. Ucaboyuna, şux qamətinə, geniş alnına, tarixin dərin qatlarından şığıyıb gələn azad ruhuna, vüqarlı baxışlarına şairanəlik qarışanda dərsimiz daha da maraqlı keçirdi. Əjdər müəllimin tarix dərsi olan gün tələbələrin heç birinə qaib düşməzdi. Çünki kimsə onun dərsindən qalmazdı. İmtahanından da hər kəs yaxşı qiymət alardı.
Hələ sovet dönəmində - Azərbaycan tarixinin saxtalaşdırıldığı, basqılara məruz qaldığı bir dövrdə Əjdər müəllim tariximizin qürur dolu səhifələrilə qəlbimizdə bir od qalayır, bizi Xətai şeirinin sönməyən işığına bələyir, Babək sevgisilə söylədiyi epizodlarda Xilafətin azadlıq eşqini susdura, iradəsini qıra bilmədiyi Babək qılıncının parıltısında düşüncəmizə Vətən sevgisi səpərdi.. Əslində, onun şair duyğuları ilə elə o vaxtdan tanışam. Qaçqın-köçkün düşdüyümüz illərdən isə yaddaşıma neçə ağrılı misrası hopub.
Yurdsuzluq nə yaman ağır dərd imiş,
Adamı alovsuz, odsuz odlayır,
Hardasa bir qərib ölən zamanı,
Yurdunda bir qəbir torpaq çatlayır.

Əjdər müəllimin şeirləri mövzusuna görə rəngarəng, çoxçalarlı ola bilər. Təbii ki o da başqa şairlər kimi dünya, həyat, zaman, ayrılıq, vüsal, mərdlik, qəhrəmanlıq, ölüm, sevgi, məhəbbət kimi əbədi mövzulara həsr etdiyi şeirləri ilə tanınır. Ancaq bu şeirlərin hər birinin nüvəsində mənəvi ağrıların əsas səbəbi şairin bölünmüş Vətəni, talan edilmiş yurdunun xarabalıqları, bu xarabalıqların göz dağına çevrilməsidir. Şairin qəlbinə heç bir ağrıyla, heç bir azarla müqaisəyə gəlməyən bir Vətən dağı, bir Vətən nisgili hakimdir. Bəlkə də bu üzdən şeirlərinin varlığına hopmuş bir küskünlük çaları da diqqətdən yayınmır. “Tövbə bu dünyaya bir də gəlmərəm” şeirində olduğu kimi.
Qoşulub aylara ilə gedərəm,
Qarışıb yağışa selə gedərəm,
Başımı götürüb elə gedərəm,
Tövbə bu dünyaya bir də gəlmərəm.

Poeziya həmişə qiyamdır. Əgər qiyamsız bir şeir doğulubsa, demək şairin özünün ruhunda bir ölgünlük dolaşır. Əjdər müəllimin bütün şeirlərində üsyankarlıq notları var. Zəmanəyə, dünyaya, həyatın haqsız üzünə, sözün yaltaq, yalaq donda təcəssümünə etiraz var. Dünya haqqında şeirləri çoxdur. Onun dünya və zaman haqqında şeirlərinin çoxluğuna səbəb olan da elə bu etirazlardır. Bu şerilərdə də şairin dünyayla danışması, dərdləşməsi onun müəyyən daxili etirazlarının poetik formasını müəyyənləşdirib.
Bilməzdim bu qədər aldadır bizi,
Qatıb-qarışdıran pər imiş dünya.
Görəndə bal daddı, sevindim düzü,
Dadanda bildim ki, zəhərmiş dünya.

Ancaq nə qədər zəhər dadsa da, dünyanın, həyatın cazibədar tərəfləri də az deyil... Və bu cazibədərlıq insanı həyata, yaşama səsləyən arzular, istəklər fonunda şairin digər şeirlərinə bir əlvanlıq, bir gözəllik gətirib. Ətirli dağların qoynundan ayrı düşməyini ən böyük əzab, ən böyük təəssüf hissi kimi misralarının boyuna biçib şair.
Səndən ilham aldı könlüm,
“Qoca qartal” çaldı könlüm.
Gəldim, Əjdər, qaldı könlüm.
Dağlar qoynunda, qoynunda.

Şeirlərinin möhürbənd yerində öz isminə, öz adına xitab etməsi o qədər poetik, o qədər sənətə, poeziyaya, mənim özümə də o qədər doğma səslənir ki, istəyirəm elə mən də ona Əjdər deyəm. Onda ruhumuzun doğmalığına səmimiyyətlə söykənə bilirəm. Əjdər ruhu dağlarda qalmış bir şairimizdir. Və sanki hər zaman öz ruhuna qovuşmaq, ona sarılmaq üçün yazır. Ayrılığın buz yollarında qələmini ürəyinin qanına batırıb isidir, əridir bu buz yolları.
Əjdərin Cənub həsrətilə yazdığı şeirlər ayrıca bir silsilədir. Sanki qoca Araz təkcə Vətənimizi deyil, şairin qəlbini də iki yerə bölüb; yarı o tayda, yarı bu tayda döyünən ürək... Təbriz həsrətli misralar müəllifin paralanmış ürəyinin göynərtisi, hicrandan sozalmış dodağında puçurlanmış qübar yeridir.
Doluxsunmuş gözü yolda qalan mən,
Sal qoynuna, könlümü al, Təbrizim.
Xəzan vurmiş çiçək kimi solan mən,
Ürəyimdə yara xal-xal, Təbrizim.

Yaxud başqa bir bəndində o tay həsrəti, Təbriz, Ərdəbil, Savalan ağrısı dil açıb danışır.
Acı-şirin xəyallara dalmışam,
Hər gələndən səni xəbər almışam,
Mən mehrimi ayrılığa salmışam.
Qismət ola bari vüsal, Təbrizim.

Əjdərin bütövlük məramı ilə çırpınan misraları, vətəndaş duyğusuyla yazdığı bütün poeziya nümunələri bizi bütövlüyə, birliyə, haqqımız uğrunda bir an belə səngiməyən döyüşə səsləyir. Necə ki 44 günlük Vətən müharibəsində şairin də ədəbi döyüşə çıxardığı əsgəri - şeirləri vardı. Bu şeirlər Vətən müharibəsində canıyla, qanıyla döyüşən hər bir Vətən oğlunun, hər bir Vətən qızının yağıya təslim olmayan ruhuna dönmüşdür. Şair xalqı, milləti qəti bir inamla qələbəyə çağırır, zəfərə hayqırırdı və bu qələbə gerçəkdən də yaxında idi. Şair öz duyğusunda, öz fəhmində yanılmamışdı. Qəhrəman əsgərlərimiz qısa bir müddətdə dağların zirvəsindəki tarixi diyarımızı, qala şəhərimizi – Şuşamızı düşməndən alıb bağrına basacaqdır.
Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Ordumuzun Qarabağdakı zəfərindən sonra savaşın hələ bitmədiyini də anladan şair haqlıdır. Qarabağın uca dağlarından, başı göylərə yetən zirvələrindən dərdli Savalan dağı da görünmədə. Arazın göz yaşı çilənmiş suları, bir xalqı iki yerə bölərək arasına tikanlı məftillər əkən rus, fars cəlladları, Xudafərin körpüləri – “Memarın xar olmuş əməlləri”.. şairin Araz nisgilinin göynəyən yaddaşıdır.
Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin.

Əjdər Yunus Rza təkcə Qarabağın deyil, bütöv Vətənin mənəvi yaddaşıdır. Ədəbiyyatımızı zənginləşdirən, poetik üfüqlərimizin miqyasını genişləndirən neçə-neçə kitabın müəllifidir O. “Taleyimin qisməti”, “Haray dağlar”, “Bir ovuc torpaq”, “Gordu baba, yadındamı?”, “Darıxmasın”, “Zamanın girovuyam”, “Tövbə bu dünyaya bir də gəlmərəm” adlı kitabları onun ədəbiyyatımızdakı, poeziya sənətimizdəki yerini bəlli edir. Ayrı-ayrı poemaları isə şairin vətəndaşlıq mövqeyinin çox aydın göstəricisi hesab oluna bilər. “Haray”, “Gordu baba, yadındamı?”, “Atatürk, “Xocalı dərdi”, “Heydərbabayla üz-üzə”, “Azadlıq carçısı” adlı poemaları mövzu və mahiyyət anlamına görə Vətən tariximizin qüssə dolu poetik salnaməsidir.
Söz vaxtına çəkər, Fevral ayı Xocalı faciəsinin törədildiyi aydır. Şairin “Xocalı dərdi” poeması bu günlərdə yaramızın qaysağını bir daha qoparır. Bizi erməni vandallarının başımıza gətirdiyi faciəylə üz-üzə qoyur. Poemada Xocalı uğrunda döyüşdə şəhid olmuş Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin də əziz xatirəsi əbədiləşdirilir.
İstədim qayıdıb o faciənin,
Ağrısın, acısın təzədən çəkəm,
Bu Vətən uğurnda candan keçənin,
Dayanıb önündə bir an diz çökəm...

Poemadan sətirlərdən də göründüyü kimi Xocalı qətliamında mərdliklə həlak olmuş Əlif Hacıyevin şəxsində bütün şəhidlərimizə hörmət və ehtiram ifadə olunur. “Xocalı dərdi” poeması həm də “ruhu ölməyən xalqa zaval yoxdur” gerçəkliyi üzərində qurulub. Bir gün Xocalıda Azərbaycan bayrağının dalğalanması inamı ilə yazılıb.
...Dostlar, gələcəyə inanıram mən,
Qisas qiyamətə qalmayacaqdır.
Bu gün Xocalını ağlayan Vətən,
Sabah Xocalısız olmayacaqdır.

Qarabağı qarış-qarış, dağ-dağ, dərə-dərə, bulaq-bulaq, çəmən-çəmən şeirinə gətirən Əjdər Yunusun təbiət şeirləri də çoxdur. Onlardan biri də zamanında əsir yurdun əsir bənövşəsinə yazılıb. Ümumiyyətlə, Azərbaycan poeziyasında təbiətin bu nazlı gözəlinə, taleyindən küsəninə - Qurbanidən üzü bəri əksər şairlərimiz şeir həsr edib. Bu şeirlərin hər birinin özünəməxsus gözəlliyi var. Hər bir şair öz ruhunun əlvanlığından naxışlar əlavə edib ”Bənövşə”sinə. Əjdərin də öz “Bənövşə”si var. Şair açan bənövşənin qəflətən üzərini alacaq bir qış sazağından ehtiyatlanır sanki. “Niyə açdın, ay bənövşə” deyir.
Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin.
...Gözləməkdən yorulursan,
Gələnin ki, yoxdu sənin.

Heç şübhəsiz ki, torpaqlarımızın azadlığa qovuşduğu anda şair bir bənövşə şeiri də yazsaydı, inanırıq ki tamam başqa cür yazardı. Çünki indi Qarabağın azadlığına qovuşmuş dağlarında yazbaşı kolların dibindən təbəssümlə boylanan bənövşələrin nə qədər gələni, nə qədər dərəni olacaq. Bənövşə demişkən, yaz demişkən, baharın ilk müjdə əsintilərini gətirən bu fevral ayı ruhumuza bir yaz ovqatı da qatır. Elə bu ovqatla şairin “Ay bahar” şeirini oxuyuram. Doğrudur, şeirdə yurda bizsiz gələn bahardan söhbət gedir, ancaq poeziyanın da elə sirli, sehrli düyünləri var ki, oxuyanda elə sanırsan bu şeir yurda bizlə gələn baharın şeiridir. İlk misralar yurda qovuşan qəlbin təzahürü kimi oxunur.
Zirvələrdə qar od tutub alışır,
Sular selə, sellər suya qarışır.
Bənövşələr nərgizlərlə yarışır.
Sən gələndə yurdumuza, ay bahar.

Dedim axı... Əjdər Yunusun bütün şeirlərindən yurd boylanır. Elat, tərəkəmə həyatının - bu əbədi karvanın, bu əbədi köçün səsi, harayı gəlir... Açığı, mətn boyu Əjdərin şeirlərindəki ağrıdan qaçmağa çalışdım. Amma hər dəfə də bu cəhdim boşa çıxdı. Çünki yönümü hansı misrasına, hansı bəndinə üz tutdumsa, ağrıya rast gəldim. Bayatılarında bu ağrının rəngi görünəcək, səsi eşidiləcək tondadır.
Əzizinəm yurd yarası,
Sağalmaz yurd yarası.
Bilərdimmi bu qədər,
Ağrıyar yurd yarası.
Əjdər Yunusun şeirlərində poetik mən, poetik ruh dipdiridir. Onun şeirləri yaddaşımızın ən dərin guşələrində uyumuş hissləri belə oyatmağa tələsir, təlaşlanır. Şeirləri hisslərin qiyamı ilə dolu, poeziyası həyəcanlı, titrək, milli heysiyyətlə yoğrulmuş bir poeziyadır. Vətən uğrunda savaşan poeziyanın qalib arzularla doğulan bir çox örnəklərini də yaradıb şair.
Bir türk zabitinin 44 günlük savaşımızla bağlı təəssüratı yadıma düşür. Zabit danışır, həm də içdən gələn səslə, təpərlə, qeyrət damarıyla danışır:
“Bir yabancı qəzetəçi Karabağ müharibəsində azərbaycanlı əsgərdən soruşur. Sizin kaç ölünüz var? Əsgər deyir, bizim ölümüz yok ki. O zaman qəzetəci deyir: Axı karşı tərəfin yüzlərlə ölüsü var, sizin nasıl ölünüz olmaya bilir. Əsgər deyir, bizim şəhidimiz var, bizim qəhrəmanımız, bizim qazilərimiz var, bizim ölümüz olmadı”.
Əjdər Yunusun şeirləri müharbə meydanında təslim olmayan, ölüm-dirim savaşında ölüsü olmayan, yalnız qazisi, qəhrəmanı, şəhidi olan xalqın, millətin poeziyasıdır. Əjdər haqqında, onun bədii yaradıcılığının ideyası, mahiyyət və məzmununa dair danışanda rəhmətlik qəzəlxan Hacı Mailin bir beytini xatırlamasam olmur.
“Hər kəs soruşsa gər mənim ünvanımı sizdən, ol şəxsə deyin:- Mailin ünvanı Vətəndir”...
...Əjdər ünvanı Vətən olan şairlərimizdəndir. O, bu başıbəlalı Vətəni yalnız ədəbi düşüncələri ilə deyil, bütün varlığı, ləyaqəti, canı, qanı, ruhuyla təmsil edir. Nə yaxşı ki, 30 ildir həsrətilə alışıb-yandığımız yurdlarımızın azadlığını görmək, ömrün dağların bəyaz zirvəsinə doğru dırmanan yollarında ona qismət oldu... Yadımdadır, Cəbrayıl azad olunanda ilk müjdənin təssüratlarını da ondan almışdım...
... İnanıram ki, bu yaz Ziyarət dağlarının görüşünə gedəcəyik. Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...

Fariz Çobanoğlu
11-02-2022, 07:25
NƏCİB İNSAN

NƏCİB İNSAN
Ta uşaq vaxtlarımızdan eşitdiyimiz alın yazısı deyilən bir yazı var. Hardan başlayar, harda bitər kimsə bilməz. Amma hər kəs yaşadığı həyatda, keçdiyi ömür yolunda yaxşımı, pismi özünəməxsus bir iz qoyub gedir. Mən yazı-pozu adamı deyiləm. Amma elə bir əzizimi itirmişəm ki, istəyirəm onu hamı tanısın, onun necə bir insan, necə qohum, necə simsar olduğunu hər kəs bilsin.
Haqqında söz açmaq istədiyim şəxs Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində dünyaya gələn Zahid Vəliyəddin oğlu Quliyevdir. Zahid ilk təhsilini doğulduğu Gığı kənd orta məktəbində alıb. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumuna qəbul olunub. Texnikumun Avtonəqliyyat fakültəsini bitirsə də diplomundan heç zaman istifadə eləməyib. Düzünü deyim ki, o vəzifə, karyera dalınca qaçan deyildi. Sadə bir sürücü həyatını heç nəyə dəyişmədi. 1980-ci ildə Gülbəsdi xanımla ailə həyatı qurub. Gülnar, Vüsalə və Zaur adında üç övladları var. Demək olar ki, 40 ilə yaxın Zahidin bütün ömrü, həyatı mənim gözlərim önündə olub. Ağır günlərinin də, xoş günlərinin də şahidi olmuşam.
1983-cü ildə Pedaqoji İnstituta daxil olanda Bakıda qalacaq yerim yox idi. Zahid bir dayım oğlu kimi məni evində saxladı, himayədarlıq elədi, mənə arxa-dayaq oldu, oxutdu. Onun yaratdığı mühitin, göstərdiyi qayğının sayəsində heç bir çətinlik çəkmədim. Başqa qayğım qalmadığı üçün bütün fikrimi təhsilə verdim, nəticədə institutu fərqlənmə diplomu ilə bitirdim. Tələbə olduğum 1983-87-ci illərdə o, hətta mənim müəyyən çətinliyi olan tələbə yoldaşlarıma da əl tutar, köməklik edərdi. Onun nə qədər mərd, xeyirxah adam olduğunu evində qalıb təhsil alan, işləyən gənclər yaxşı xatırlayırlar.
Bəlkə kənardan baxanda elə görünmür, amma onunla ünsiyyətdə olanlar, yol yoldaşı, iş yoldaşı olanlar yaxşı bilirlər ki, xalqımıza məxsus xeyirxahlıq, qonaqpərvərlik, humanistlik, səxavət, başqasının halına yanmaq kimi yüksək insani keyfiyyətlərin hamısı Zahiddə cəmlənmişdi. Belə saf, sağlam əqidəyə, yüksək mənəvi dəyərlərə yiyələnmiş birinin bizi bu qədər tez tərk etməsi məni çox yandırır. Düzdür, yoldaşım Fəxrəddin ondan daha cavan rəhmətə gedib. Qəribədir ki, Fəxrəddin də, atası Vəliyəddin dayım da 54 yaşlarında haqqa qovuşublar. Hər ikisi də avqust ayında. Amma Zahidin mənim həyatımda yeri bir ayrıdır. Mənə qayından çox qardaş olub. Bəkə qardaşdan da ötə olub. Elə qardaşım Əliağanı da qanadının altına çəkib. Evində saxlayıb, oxudub. Mənim ağsaqqalım olub, toyumu eləyib. Ev-eşik, oğul-uşaq sahibi olmuşam. Uşaqlarıma çox mehriban əmi olub. Mənim iki uşağımı öz uşaqlarından heç ayırmayıb. Bəlkə də oğluma atalarının adını qoyduqları üçün Vəliyəddini daha çox əzizləyib.
İndiki dövrə nə var ki?! Hamı Bakıda ev eşik sahibi olub. Sovet hökumətinin vaxtında Bakıda heç qeydiyyata düşmək olmurdu. Belə bir vaxtda Zahid Bakıda çoxlarına ümidgah, gedəcək yeri, güvənc yeri oldu. Mən tanıdıqlarımdan sinif yoldaşı, Gığılı Şahlar Azərbaycan Dövlət Tibb İnstitutunu qutarınca- 6 il Zahidin evində qalıb. Əmisi oğlu Şahin Quliyev, Valeh Səfərov və adını çəkmədiyim neçələri tələbəlik illərini onun evində, süfrəsinin başında keçiriblər. Bir dəfə də olsun nə ailəsinin, nə özünün sifət turşutduğunu görən olmayıb. Üç övladının üçünü də özü kimi saf, mehriban, qohumcanlı öyrəib.
Dünyanın düz vaxtında, əli isti olanda heç kəsə fərq qoymadan, istəyənə bacardığı qədər köməkliyini göstərirdi. Amma son vaxtlar çox xəstə olurdu, heç özünə fikir vermirdi. Müalicəsini vaxtlı vaxtında almırdı. O xəstə canı ilə də rahatlıq tapmırdı. Evinin yaxınlığındakı zibilliyi təmizləyib yerində müxtəlif gül kollları, dekorativ ağaclar əkərək zibilxananı gülüstana çevirmişdi. Yoldan keçənlər də ruhunu rahatlatmaq üçün o balaca guşədə ayaq saxlayır, güllərin ətrindən ciyərlərinə çəkirdilər. Bir dəfə də uşaqlıq dostu Tamxil Ziyəddinoğlu Zahidin balaca “Gülüstan”ına baş çəkmişdi. Elə Zahidlə bağlı xatirələrini də orda danışmışdı:

Zahidin 45 ildən sonra sinif yoldaşları ilə görüşü
Soldan Zahid, İradə, Fatma, Sara, Tacirə Xürrəm, ikinci cərgədə Şikarı, Tofik, Tamxil, Ələmşah, Ramiz, Rza və Əlsahib
“Gığı kəndi demək olar ki, o ətrafdakı 18 türk kəndinin mərkəzi idi. Qonşu kəndlərin uşaqları 9-10-cu sinifləri Gığı kənd orta məktəbində oxuyurdular. Gığılı oğlanların bir xasiyyəti də vardı. İlk dərs günlərində qonşu kəndlərdən gələn oğlanları “dişlərinə vurardılar”. Qorxanı alapapaq edər, qorxmayanla dostlaşardılar. Məni sınamaq da Zahid, Tariyel və Səhyəddinin bəxtinə düşmüşdü. Təfsilatın deməyim, amma üçü də mənimlə dostlaşmışdı. Əslində Zahidlə bizim dədə-baba dostluğumuz da varmış. Hər ikimizin ata-babamız repressiya qurbanı olub. Amma bütün bunları öz dostluğumuz möhkəmlənəndən sonra öyrənmişik.
Bizim Kurud kəndi Gığıdan çox uzaq olduğu üçün qışda gedib-gəlmək olmurdu. Yataqxanada qalıb yalnız bazar günlərini evdə keçirərdik. 10-cu sinifdə oxuyurdum. Qış günü idi. Həftə sonu olduğundan çörəyim qalmamışdı. Kəndin mərkəzindəki ərzaq dükanına gedib çörək istədim. Dükanda da çörək qalmamışdı. Yataqxanaya əli boş qayıtdım. Gecənin bir vaxtı pəncərəmiz döyüldü. Hamı bir nəfər kimi pəncərəyə baxdı, kimsə görünmürdü. Peçin qırağından bir odun götürüb bayıra çıxdım. Odunu pəncərənin qabağında çöməlmiş qaraltıya endirmək istəyəndə qışqırdı: “Əmioğlu, mənəm vurma!” Baxdım ki, Zahiddir.
Sən demə mənim mağazada çörək tapmamağımı eşidib, evə gedib. Bir beçə kəsib, anası Qəmər xala kartofla beçəni qızardıb, üstünə də bir büküm təndir çörəyi qoyub, mənə göndərib. Qardaşım gətirməyinə gətirib, amma orda da zarafatından qalmayıb. Yoxlayırmış ki, görə Kirs- Kurud uşaqlarından kim qorxur, kim qorxmur. Zahidin şıltaq təbiətini, nadinc gəncliyini, deyib gülən xasiyyətini görənlər onun nə qədər həssas bir qəlbə, nə qədər humanist heysiyyətə, nə qədər incə duyğulara sahib olduğunu çətin bilərlər. Amma o elə bir ürək sahibi idi ki, onu dərk eləmək, onunla dost, sirdaş olmaq üçün gərək ürəyinə yol tapardın. Onu da hər adam bacarmazdı.”
Təəsüf olsun ki, 2022-ci il yanvarın 4-də bu gözəl insanı itirdik. Az qalır qırx gün ola, hələ də Zahidin ölümünü qəbul edə bilmirəm. Ha çalışıram onunla bağlı xatirələrimi qeyd eləyəm, amma heç özümü toparlaya bilmirəm. Uşaqlarımı, özümü o qədər çox istəyirdi ki, onun varlığında heç nədən qayğılanmırdım. Bilirdim ki, arxam-dayağım var, ehtibarlı sökənəcəyim var.
Son vaxtlar vətən, yurd həsrəti onu için-için yeyirdi, yandırıb yaxırdı. Elə bircə Zəngəzur dağlarına çatmaq, atası Vəliyəddin dayımın məzarını ziyarət etmək istəyirdi. Bu müqəddəs arzusu arzu olaraq qaldı. Xoş niyyətli arzuları da özü kimi haqqa qovuşdu. İnanıram ki, Zahid onu tanıyanların xatirəsində daim xoş əməl sahibi və xeyirxah insan kimi qalacaq!

Zahid şəhidlərimiz üçün yaratdığı guşədə
Ölüm sevinməsin qoy !
Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər... !

Həcər Mircəfərova
9-02-2022, 12:48
Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

Şərqi Zəngəzur ellərinə qayıdış mənəvi borcumuzdur

2010-cu ildən fəaliyyət göstərən zengezur.com saytı yenilənib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinə uyğun olaraq saytda Şərqi Zəngəzur bölməsi yaradılıb, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları ilə birlikdə Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib.
Saytın baş redaktoru Hacı Nərimanoğlu qəzetimizə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 1933-cü ildə xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisədir. Bu sənəd həm də bizi tarixi ədalətin bərpasına aparır, minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsini, birləşib bir-birinə və Azərbaycana qovuşmasını, bu mənəvi borcumuzun gerçəkləşməsini hədəf olaraq müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
7-02-2022, 12:16
Ermənistanda əsgərlər mövqelərdən yoxa çıxıb

Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb.
Bu barədə Ordum.az Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır.
Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi məlum deyil, çünki bununla bağlı şahid və müvafiq ifadə yoxdur.
Üstəlik, Vahenin yoxa çıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.
Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.
5-02-2022, 22:05
Daşnaklar türklərə qarşı çağırış etdi.


Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...

Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...
"Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq..."
Terrorçu "Daşnaksütyun" partiyasının bu gün İrəvanda keçirilmiş illik toplantısında Ermənistanın və Qarabağdakı separatçı rejimin terrorçu eks-prezidentləri Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Arkadi Qukasyan, müxalifət partiyalarının liderləri, habelə bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan və Türkiyəyə qarşı kəskin çağırışlar ediblər.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
""Daşnaksütyun” ümummilli hərəkata başlamağı və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dayandırmağı təklif edir.
"Diaspordan, Ermənistandan və Qarabağdan olan ermənilər vətəni bərpa etmək hərəkatına qoşulmalıdırlar" - "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan partiyanın yaradılmasının 131-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Sağatelyan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi dayandırılmalıdır. Eyni zamanda, o vurğulayıb ki, müxalifətlə indiki iqtidar arasında olan fikir ayrılıqları şəxsi deyil, ideoloji xarakter daşıyır və Ermənistanın və Dağlıq Qarabağın, eləcə də bütün erməni diasporunun gələcəyi ilə bağlıdır"- xəbərdə belə deyilir.
P.S. Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq...
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!