Azərbaycanda vulkan püskürdü .....                        Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey .....                        Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR .....                        "Qurtuluş"un rəhbəri həbs edildi - YENİLƏNİB .....                        Arakçi Ərdoğanın qəbulunda .....                        Qonşunun 13 yaşlı qızına təcavüz edən şəxs AĞIR CƏZALANDIRILDI .....                        907-ci düzəlişin ləğvi müzakirə edildi .....                        Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib .....                        Tramp şəxsən Putindən xahiş edib .....                       
28-01-2026, 13:45
XATİRƏLƏRDƏ YAŞAYAN ÖMÜR


YAVƏR NURİYEV


XATİRƏLƏRDƏ

YAŞAYAN ÖMÜR


"Zəngəzurun səsi" qəzetinin təsisçisi və baş redaktoru, “Azərsu” əməkdaşı, Qarabağ müharibəsi veteranı Yavər Nuriyevin həkimlərin səhlənkarlığı nəticəsində vaxtsız vəfatı məni dərin hüznə qərq etdi. Bu ağır itki illərin dostluğunu, unudulmaz xatirələri bir-bir gözlərim önünə gətirdi.
Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. Uzun illər San-Marino, sonradan adı dəyişdirilmiş Beynəlxalq Universitetdə çalışmış, zəhməti ilə özünə həyat qurmuşdu. İki qız övladını böyüdüb ailə sahibi etmiş, nəvələrinin sevincini yaşamışdı. Dostları kimi mən də toylarında iştirak etmiş, xeyir-duamı vermişdim.
O, həm də Birinci Qarabağ Müharibəsinin iştirakçısı idi və Ağdamda düşmənə qarşı döyüşmüş, ərazi bütövlüyümüzü qorumuşdu. Bu, onun cəsarətini və vətənpərvərliyini əyani şəkildə göstərir. Yaddaşı olduqca güclü idi. Kiminsə adını soruşanda, həmin adamın mobil, hətta ev telefonunu belə əzbərdən deyirdi.
Zəngəzurun səsi” qəzetində çoxsaylı yazılarım dərc olunmuşdu və bu işlərdə mən Yavər müəllimə hər zaman dəstək olurdum. Elə buna görə də çoxları məni qəzetin əməkdaşı hesab edirdi. Yavər müəllimi şəhid atası mərhum Məhəmməd Mürsəl oğlu, Elman Süleymanov və bir çox ziyalı insanlarla məhz mən tanış etmişdim. O, bu tanışlıqlara xüsusi dəyər verir, əlaqələri daim qoruyub saxlayırdı.
Yaxın qohumum əslən Qafanlı olan şəhid qardaşı Rəfaili də Yavər müəllimlə mən tanış etmişdim. Yavər müəllim söhbətcil, zirək, ürəkli insan idi, insanlarla tez ünsiyyət qurur, hər kəsin rəğbətini qazanmağı bacarırdı.
Birlikdə keçirdiyimiz günlər saysızdır. Qəbələnin Vəndam kəndinə əsgər yoldaşının oğlunu hərbi xidmətə yola salmağa getmişdik. Qayıdanda Mingəçevirdə bibim oğlu, şəhid Nahidin qardaşı Arif Həmid oğlunun evində süfrə arxasında olmuşduq. Daha sonra Ağsuda Raziyə xanımın anasının evində qonaq qaldıq. Hər yerdə səmimiyyət, dostluq və isti münasibət vardı. Səfərimiz barədə iki qoşa səhifə məqaləm dərc olunmuşdu.
Ad günləri də yaddaqalan keçirdi. Məhəmməd kişi bir dəfə ona ad günündə bir qoyun hədiyyə etmişdi. Vişnovkadakı bağında təşkil olunan ad günündə məclisi Şamo idarə edirdi, Cahan xanımın sevinci gözlərindən oxunurdu. Bağ süfrəsinin öz ləzzəti olurdu. Həmin gün Yavər müəllim təzə üzüm yarpağı yığdırıb bizə pay vermişdi.
Qələm dostumuz, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlunun tərtib etdiyi nəğməkar şair Hafiz Baxış haqqında kitabın təqdimat mərasiminə də Yavər müəllimlə birlikdə getmişdik. Həmin tədbirlə bağlı “Respublika” qəzetində mənim geniş məqaləm də dərc olunmuşdu.

O, Əlövsət bəylə, şair Sarıgül Yağmurla və bir çox ziyalılarla yaxın münasibətdə idi. Dostumuz Ənvər Məmmədov onu görən kimi deyirdi: “Yavər çox zirəng və fərasətli adamdır.”
Bir dəfə Yavərlə birlikdə Sumqayıtdan gəlirdik.Təcrübələ sürücü idi. Xahiş etdim ki, Saray qəsəbəsinə gedək. Sarayda yaşayan mərhum Baba Şükürovgilə getdik. Bizi Baba dayı evinə dəvət etdi. Baba Şükürov Zəngilanlı, həyat yoldaşı Məlahət müəllimə isə əslən Qafanlı idi. Tez ünsiyyət yarandı. Rəhmətliyin iştahı da yaxşı idi. Çörək kəsdik. Məlahət müəllimə 1 saylı məktəbdə ibtidai sinif müəlliməsi idi. İnək saxlayırdı. Təsərrüfatla da məşğul olurdu. Avtomobilimizə iki bağlama pay da qoyaraq demişdi; Rauf, sən bura tez- tez gəlirsən. Bu süd- qatıq balonlarından biri sizin, o biri balonlar da Yavərindir. Dostunu əliboş qaytarmaq olmaz.
Yavər Nuriyev Qafan ziyalılarının tədbirlərində iştirak edər, məni də o məclislərə aparardı. Əliş müəllim, Bariz müəllim, Vaqif müəllim, İlya müəllim kimi alicənab insanlarla ünsiyyəti onun dünyagörüşünü daha da zənginləşdirirdi.
Yavər müəllim pəhləvan cüssəli, mərd, xeyirxah insan idi. İctimai işlərdə, deputat seçkilərində fəal iştirak edirdi. Son vaxtlar iqtisadi çətinliklər səbəbindən müalicəsini davam etdirməkdə çətinlik çəkirdi. Təəssüf ki, bu da onun vaxtsız itkisinə səbəb oldu. Onun vəfat xəbərini sosial şəbəkədən eşidəndə sarsıldım. Dost itkisi çox ağır olur. Ürəyin parçalanır, söz boğazında qalır. Bu dünya fanidir, amma belə insanların yeri heç vaxt dolmur.
Yavər müəllim həm də insanları bir araya gətirən bir bacarığa malik idi. Onunla hər səfər və hər görüş xüsusi bir istilik və səmimiyyət daşıyırdı. Teymur Əhmədova kimi tanınmış ziyalıları da mənə tanıtmışdı. Belə insanlarlar arasında qurduğu əlaqələri davamlı olaraq qoruyurdu.
O, həm də daşdan pul çıxaran, ağıllı və fərasətli insan idi. Hər çətinlikdə yol tapır, dostlarına yardım əlini uzadırdı. Xatirələrimizdə həm gülməli, həm də dərindən düşündürən anlar çoxdur. Yavər müəllimlə keçirdiyimiz səfərlər və qonaqlıqlar – Qəbələdə, Mingəçevirdə, Şabranda, Ağsuda – hər zaman ürəkdən gələn söhbət və diqqətlə yadda qalırdı. Onun səmimiyyəti, qayğıkeşliyi və hər kəsə qarşı hörməti hamının qəlbində iz buraxmışdı.
Həyatdakı çətinliklərə baxmayaraq, o, heç vaxt ruhdan düşmürdü. Dostlarına və tanıdığı insanlara həmişə dəstək olurdu, kiçik jestləri belə onun xeyirxahlığını göstərirdi.
Yavər müəllimin vəfatı ilə dünya yalnız bir dostunu itirmədi, həm də qayğıkeş, mərd və xeyirxah bir insanın yerini əbədi olaraq boşaltdı.
Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar – 6-cı gün, Zəm-Zəm mərasim evində (Həzi Aslanov metrosunun yaxınlığı) keçiriləcək. Allah Yavər müəllimin günahlarını bağışlasın, ruhunu şad etsin, məkanını cənnət eləsin. O, təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün əvəzolunmaz bir insan idi.
Ruhu şad olsun.

Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru
23-01-2026, 08:20
Eldar müəllim, 100 yaşa


Eldar müəllim,

100 yaşa



Bu ilin yanvarında Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan fizika üzrə fəlsəfə doktoru, dosent Eldar Qarayevin 70 yaşı tamam olub. Onun yubiley işığına dostları, doğmaları, iş yoldaşları, mənsub olduğu Qafan Rayon İcmasının fəalları yığışıblar. Reportajımıza keçməzdən əvvəl oxucularımızı Eldar müəllimlə tanış edək:

Eldar Səməd oğlu Qarayev, 1956-cı il yanvarın 18-də Zəngəzur mahalının Gərd kəndində dünyaya gəlib. İbtidai sinfi öz kəndlərində, orta məktəbi isə Bakı şəhər 1 saylı ingilis təmayüllü orta məktəbdə oxuyub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA Fizika İnstitutuna elmi işçi göndərilib və bir il Biomərkəzdə işlədikdən sonra Sovet Ordusu sıralarına çağrılıb və 1979-1981-ci illərdə zabit kimi həqiqi hərbi xidmət keçib. Tərxis olunanadan sonra 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində – “Ümumi fizika” kafedrasında çalışıb, aspiranturanı oxuyub və elmi dərəcə qazanıb. Xeyli müddət fizika fakültəsində tədris işləri üzrə dekan müavini işləyib. 150-dən çox məqalə və tezisin, 8 dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı, nəvələri və sevimli tələbələri var.

Bu fikirlər yubiley törənində də səsləndirildi. Tədbirdə əvvəlcə Eldar müəllim hamıya xoş gəldiniz deyib, BDU Fizika fakültəsinin “Ümumi fizika və FTM” kafedrasının, Mexanika-riyaziyyat fakültəsinin əməkdaşlarının adlarını çəkərək qohumlarla tanış edib. Sonra professor Nadir Qəhrəmanov, kafedra müdiri Rəhim Rəhimov, universitetin müəllimlərindən professor Yusif Nurullayev, dosent Arif Orucov, dosent Cabbar Cabbarov və digərləri Eldar Qarayevin qohumlara, ailə üzvlərinə bəlli olmayan cəhətlərindən, onun iş prosesində, universitetdə, tələbələrə münasibətdə qazandığı nüfuz və hörmətdən söhbət açıblar. Qeyd ediblər ki, 40 ildən çoxdur ki, Eldar müəllim universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bu müddət ərzində kimsə deyə bilməz ki, Qarayev kiminsə xətrinə dəyib, ya birinin qəlbini qırıb. Bütün bunlar onun şəxsi xarakterinin, əhatəsində olan insanlara xoş münasibətinin nəticəsidir. Təbiətcə sakit, xasiyyətcə mülayim, ruhunu xeyirxahlıq üstə köhləyən belə insanları indiki dövrdə tapmaq çətindir. Hamımız fəxr edirik ki, onunla həmkar, iş yoldaşı və dostuq.

Beləcə universitet kollektivi Eldar müəllim, sizinlə qürur duyuruq, -deyərək gətirdikləri plaketləri, suvinerləri yubilyara təqdim ediblər.
Şair Seyfullah Abbasov Qafan Rayon İcmasının sədri professor Eldar Abbasovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub:
Hörmətli Eldar müəllim!

Siz, hər birimiz ücün müqəddəs olan Zəngəzur elinin özünəməxsus vətənpərvərliyi, cəfakeşliyi, doğma torpağa bağlılığı ilə seçilən, sayılan ziyalılarından birisiniz. Ömrünüzü minlərlə tələbələrinizin maariflənməsinə həsr edərək onları uğurlara aparan yola mayak olmuş, mühazirələrinizdə elmlə yanaşı, həm də həyat dərsi aşılamısınız. Qafan Rayon İcmasının təşkilatlanmasında, formalaşmasında fərqli aktiv fəaliyyətiniz və təmənnasız xidmətləriniz danılmazdır, təqdirəlayiqdir. Qafan Rayon İcmasının rəhbərliyi sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq uğurları, həmçinin qəlbimizdə nisgilə cevrilən vətən həsrətinə son qoyulmasını arzulayır...

Eldar Abbasov təbrik yazılmış plaketi yubilyara təqdim edərək öz ürək sözlərini söyləyib, onu bir daha səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Eldar müəllim, 70 yaş ömrün keçid dövrüdür. Siz bu günə qədər şüurlu həyatınızı xalqımıza, millətimizin tərəqqisinə cəmiyyətimiz üçün ləyaqətli vətəndaşlar, ixtisaslı kadrlar yetişdirməyə həsr etmisiniz. Belə vaxtlarda insan özünə, şəxsi həyatına, sağlamlığına elə də fikir vermir. Ömrün bu yaşından sonra bir az da özünüz üçün yaşamağa vaxt ayırın. Mənim sizə ən ümdə arzum elə bütün icmamızın arzusudur. Arzu edirik ki, illərdi həsrətini çəkdiyimiz dogma yurdumuza, doğulduğunuz Gərd kəndinə qovuşmaq nəsibiniz olsun. Nəvələrinizin əlindən tutub babalarının yurdunda gəzdirəsiniz.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev üzünü alim həmkarına tutub dedi ki, Eldar müəllim, əgər 70 yaşın hesabatını versəniz alın açıqlığı ilə dönüb geridə qalan illərinizə baxa bilərsiniz. Çünki bu illər ərzində çox şeyə nail olmusunuz. Elmi fəaliyyyətiniz barədə iş yoldaşlarınız dolğun məlumat verdi. Bununla belə, siz gözəl ailə başçısı, qayğıkeş ata, şəfqətli-mərhəmətli baba, ən əsası mehriban qonşusunuz.
Bir vaxtlar Eldar müəllimlə qonşu olduğunu söyləyən Rauf müəllim o vaxtların şirin xatirələrini də bölüşüb.

Qardaşları Baloğlan, Faiq Qarayevlər və digər qohumları Eldar müəllimi təbrik edib, xoş arzularını bildiriblər.
Gərd Kənd İcmasının fəallarından Pənah Həmzəyev, ağsaqqlardan Bayram Mönsümov, Akif Quliyev, Rəsul Vəliyev, Xeyrullah Əliyev və digərləri kəndlərinin yetirməsi haqqında qürurla, ürəkdolusu danışıblar. Qeyd ediblər ki, Eldar müəllim uşaqlıq dövründən bu günə qədər – gəncliyi, müdriklik dövrünün hamısı gözlərimizin önündə keçib. O, zəhməkeş olduğu qədər də təvazökar, istiqanlı, mehriban, qohumcanlı oğuldur. Onun xarakteri Qərbi
Azərbaycanın qədim və füsunkar guşəsi olan Gərd kəndinin gözəllikləri içində formalaşıb. Ona görə də o ruhu, bütün varlığı ilə ata yurda, dogma ocağa bağlıdır. Biz fəxr edirik ki, o sadəcə o torpağın, doğulduğu kəndin övladı deyil. Respublikamızın hər guşəsindən toplaşan ziyalıların onun haqqında dedikləri sübut edir ki, Eldar Qarayev bu 70 ili havayı verməyib. Həyatını kainatın sirlərinə, laboratoriyalarda elmi axtarışlara həsr etsə də insanlığını hər şeyin fövqündə tutub. Hər zaman sadəliyini qoruyub, humanizm ideyalarına sadiq qalıb, tələbələrinə ata qayğısı göstərib, ətrafındakılar ondan həmişə müsbət enerji alıb. İndi 70 yaşın zirvəsindən keçən şərəfli ömür yoluna baxdıqca eloğlu kimi biz də qürur duyuruq.

Əziz Eldar müəllim, sizə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzulayırıq. Bir də arzu edirik ki, 80, 90 illik yubileylərinizi beləcə, əzizlərinizin və sevənlərinizin əhatəsində qeyd edəsiniz. Bir də icmamızın üzvləri arasında ünsiyyət yaradılması sahəsindəki fəaliyyətinizə görə sizə minətdarlığımızı bildiririk.

Xoş ovqat, yüksək əhval-ruhiyyə şəraitində keçən yubiley tədbirində iş yoldaşlarının, qohum-əqrəbalarının, ellilərin əhatəsində bütün qayğılardan uzaq düşən Eldar Qarayev sanki özünü 70 yox, 7 yaşında kimi hiss edib, başına toplaşan nəvələrlə də əylənməyə vaxt tapıb. Halal süfrəsinə yığışan qonaqların hamısına yüksək diqqət göstərib, hər birinin stolunda əyləşmədən keçməyib. Bu da yüksək həssasiyyətin, nəzakətin və ziyalılığın bir başqa əlamətidir.
Sonda Eldar Qarayev üzünü qonaqlara tutub hər birinə təşəkkür edib, minnətdarlığını bildirib:

Əziz dostlar, 70 illik yubileyim münasibətilə məni təbrik edən, xoş sözlərini, səmimi arzularını əsirgəməyən, eləcə də bu münasibətlə keçirilən tədbirimizdə iştirak edərək sevinclərini mənimlə bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də uzaq-yaxın demədən tədbirə qatılanlara sonsuz təşəkkürümü bildirirəm. Sizin diqqətiniz, ehtiramınız və mənə göstərdiyiniz dəyər bu günü mənim üçün unudulmaz etdi. Allah hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və ruzi-bərəkət nəsib etsin. Birliyimiz, həmrəyliyimiz daim olsun!

Qafan Rayon İcmasının mətbuat xidməti





20-01-2026, 00:24
Uğurlu tədbirin   uğurlu tarixi


Uğurlu tədbirin

uğurlu tarixi
- FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Müvəkkil Hüquq Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Fondunun ofisində Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illiyinə həsr edilmiş “Şurnuxu Zəngəzurun giriş qapısı” adlı tədbir keçirilmişdir.


Azərbaycanın tarixi-coğrafi məkanları arasında mühüm strateji və mədəni mövqeyə malik olan Şurnuxu kəndi tarixən Zəngəzurun giriş qapısı kimi tanınmışdır. Bu ərazi yalnız coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, mədəni irsi, etnoqrafik xüsusiyyətləri və milli yaddaşda tutduğu yerlə seçilir.
“Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən elmi-mədəni tədbir məhz bu tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması, ictimai şüurda möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə ADPU Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynova, Prezident kitabxanasının direktoru, professor Afət Abbasova, professor Sayalı Sadıqova, Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam, əməkdar mədəniyyət işçisi, Fazil Abasquluzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalist Rəsul Mirhəşimli, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, hüquqşünas Səməd Vəkilov, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin müdiri, fəlsəfə doktoru Leyla Calalova, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin baş mütəxəssisi Möhübbət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti Xarici Dillər Departamentinin baş müəllimi Natəvan Ağayeva, “Müvəkkil Hüquq Mərkəzi”nin Könüllülər Departamentinin gəncləri Cavid Vəkilov, Fatimə Süleymanlı, Cəfər Əliyev, Əkbər Əliyev iştirak etmişlər.

Professor Mahirə xanım Hüseynova və professor Afət xanım Abbasovanın elmi yanaşması tədbirin akademik səviyyəsini yüksəltmiş, mövzunun dərin və sistemli şəkildə təqdim olunmasına şərait yaratmışdır. Prof.Mahirə Hüseynova tədbirdə çıxışı zamanı bildirib ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz: bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir. “Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxu, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil”.
Tədbir çərçivəsində Şurnuxunun Azərbaycan tarixindəki rolu, onun qədim yaşayış məskəni olması, toponimika, mədəniyyət və mənəvi irs baxımından daşıdığı dəyər elmi faktlar əsasında diqqətə çatdırılmışdır. Müzakirələr zamanı vurğulanmışdır ki, Şurnuxu təkcə bir kənd deyil, Zəngəzurun tarixi yaddaşını özündə yaşadan mühüm mədəni-coğrafi mərkəzdir. Bu cür tədbirlər elmi araşdırmaların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.

Tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından zənginliyi ilk növbədə təşkilatçıların elmi məsuliyyəti və peşəkarlığı ilə bağlıdır. Eyni zamanda, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun tədbirə verdiyi dəstək və fəal iştirakı hüquqi və ictimai baxımdan məsələnin aktuallığını ön plana çıxarmışdır. Onun çıxış və mövqeyi milli irsin qorunması, tarixi həqiqətlərin müdafiəsi və ictimai məsuliyyət anlayışının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Tədbirin uğurla keçməsində iştirakçıların elmi marağı, fəal müzakirələri və mövzuya göstərdikləri həssas münasibət də xüsusi qeyd olunmalıdır. Alimlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin bir araya gələrək Şurnuxu kimi tarixi məkanın taleyini elmi müstəvidə müzakirə etməsi milli yaddaşın qorunması baxımından çox dəyərlidir.

Nəticə etibarilə, “Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən bu elmi-mədəni tədbir Azərbaycan tarixinin mühüm səhifələrinin araşdırılması və təbliği istiqamətində əhəmiyyətli addım olmuşdur. Bu cür elmi təşəbbüslərin davamlı olması milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə elmi əsaslarla çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.




19-01-2026, 14:52
Mürvət Şərifovun xatirəsi yad olunur


Mürvət Şərifovun

xatirəsi yad olunur


Şərifov Mürvət Rəhim oğlu 1932-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Atası Kazımov Rəhim Şərif oğlu 1941-1945- ci il müharibəsində vəfat etmiş və Latviyada “Qardaşlıq”qəbirstanlığında dəfn edilmişdir. Yetimçiliklə böyüyən Mürvət uzun müddət - 36 il Zəngəzur Mis-molibden Kombinatında, ağır şəraitdə işləmişdir. O, bütün çətinliklərə baxmayaraq Roza, Bayram, Əsmər, Kifayət, Nəzakət, Məlahət və Səadət adında 7 övlad böyüdüb boya-başa çatdırmışdır.
1988-ci ildə erməni quldur dəstələrinin silahlı təcavüzü nəticəsində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya pənah gətirmişdir.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycanın paytaxtı Bakıya və respublikanın digər rayonlarına hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək Şəhidlik zirvəsinə ucalmış və Şəhidlər xiyabanında dəfn edilmişdir. Elə həmin vaxt həyat yoldaşı Hüseynova Nazpəri İbrahim qızı da ayağından yaralanmış, daha sonra 2008-ci ildə vəfat etmişdir.
Qanlı Yanvarın növbəti ildönümündə Qafan rayonunun Müsəlləm Kənd İcması bütün şəhidlərimizin, o cümlədən də Mürvət Şərifovun xatirəsini ehtiramla yad edir.
Qafan Rayon İcmasının mətbuat xidməti
7-01-2026, 21:23
İşğaldakı kəndimizin ruhu yaşamaqdadır…

VI toplantı

İşğaldakı kəndimizin

ruhu yaşamaqdadır…


İnsan doğma torpaqdan ayrı düşə bilər, lakin torpaq insanın qəlbindən heç vaxt ayrı düşmür. Qərbi Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Gərd kəndinin sakinləri də bu həqiqəti bir yerə yığışmaqla təsdiqlədilər. Doğma kəndləri uzun illərdir işğal altında olsa da, Gərd camaatı birlik, yaddaş və milli ruhla “Gərd günü” və “Yeni il” adlı bayram mərasimini birlikdə qeyd etdilər. Gərd Kənd İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Eldar Qarayev həmkəndlilərini “31Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə təbrik edərək bildirdi ki, tədbirin əsas məqsədi, yalnız yeni ilin gəlişini qarşılamaq deyil. Bu mərasim, hər şeydən əvvəl, Gərd kəndinin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmaq, xüsusilə gənc nəsildə doğma yurda bağlılıq hissini gücləndirmək məqsədi daşıyır. “Gərd günü” anlayışı artıq sadəcə bir tarix deyil, bir yaddaş, bir kimlik və bir ümid rəmzinə çevrilib.

Bayram mərasimi səmimi və duyğulu bir atmosferdə keçdi. Tədbirdə kənd ağsaqqalları, ziyalıları, müəllimləri, gəncləri qonaq qismində iştirak etdilər. Bu il ali məktəblərə qəbul olmuş tələbələr də qonaq edildi və onlara hədiyyələr paylandı. Çıxış edənlər Gərd kəndinin tarixi keçmişindən, zəhmətsevər insanlarından, bu torpağın yetirdiyi ziyalılardan danışdılar. Xüsusilə vurğulandı ki, Gərd kəndi təkcə coğrafi məkan deyil, nəsildən-nəslə ötürülən mənəvi dəyərlərin daşıyıcısıdır.

Yeni ilin gəlişi ilə bağlı söylənən arzular da xüsusi məna daşıyırdı. Bu arzuların mərkəzində sülh, ədalət və ən əsası – doğma torpaqlara qayıdış ümidi dayanırdı. İştirakçılar bildirirdilər ki, işğal altındakı kəndlərini heç vaxt unutmayıblar və unutmayacaqlar. Gərd kəndi onların yaddaşında yaşayır, onların söhbətlərində, xatirələrində, övladlarına danışdıqları hekayələrdə daim yer alır.

Tədbirdə milli musiqilər səsləndi, köhnə xatirələr yad edildi, kəndlə bağlı video, fotoşəkillər və xatirələr bölüşüldü. Bu anlar bir daha göstərdi ki, zorla didərgin salınmış insanlar torpaqdan uzaq düşsələr də, mənəvi baxımdan heç vaxt məğlub olmayıblar. Əksinə, belə tədbirlər onların birliyini daha da möhkəmləndirir.

“Gərd günü” və “Yeni il” mərasimi bir daha sübut etdi ki, düşmən işğalla yalnız torpağı zəbt edə bilər, amma xalqın ruhunu, yaddaşını və ümidini əsla məhv edə bilməz. Gərd camaatı bu tədbirlə, həm öz aralarında birlik nümayiş etdirdi, həm də gələcəyə inam mesajı verdi.
İnanırıq ki, qarşıdan gələn yeni illər Gərd kəndi üçün qayıdış, yenidənqurma və dirçəliş illəri olacaq. O gün gələcək ki, “Gərd günü” doğma kəndin özündə, ata-baba torpağımızda qeyd ediləcək. Bu ümidlə yaşamaq və bu inancı gələcək nəsillərə ötürmək isə hər bir gərdlinin mənəvi borcudur.




Qafan Rayon İcmasının mətbuat xidməti
1-01-2026, 20:04
“KIĞI GÜNÜ” üçüncü   dəfə qeyd olunub


“KIĞI GÜNÜ” üçüncü

dəfə qeyd olunub



Böyük bir mahalın bir qərinədən çoxdur perik salınmış övladları, doğulduğu torpağa ayaq basa bilməyən oğulları yaddaşlarında daşlaşmış xatirələri bölüşmək üçün yenə bir araya gəliblər. Çünki iki il əvvəl Zəngəzur mahalının Gığı Kənd İcmasının fəalları hər il 30 dekabrın “KIĞI GÜNÜ” kimi qeyd olunması barədə razılığa gəliblər. Elə içma üzvlərinin dekabrın 28-də keçirilən görüşü də həmin razılığa hər il əməl olunmasının təsdiqidir. Ellilər hər görüşə fərəh hissilə, sevinclə qatılırlar.

Növbəti tədbiri giriş sözü ilə Kığı Kənd İcmasının rəhbəri Ələmdar Piriyev açaraq qonaqları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etdikdən sonra məclisin idarə olunmasını təşkilatçı- koordinator Bəhruz Piriyevə həvalə edib. Bəhruz Piriyev də öz növbəsində tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün, Dövlət müstəqilliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad olunub.

Kəndin ziyalıları və ağsaqqallarından Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, Ukrayna Respublikası Tikinti Akademiyasının akademiki Aydın Piriyev, Azərbaycan Texniki Universitetinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Yədullah Babayev, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Radioquraşdırma İnstitutunun hüquq şöbəsinin müdiri Baris Piriyev, Əbülfət Babayev, Mənsurə Məşqulatqızı, Məryəm Gəncəliyeva, Sara Aslanova, Füzuli Gəncəliyev, Sabunçu rayonu 192 nömrəli məktəbin müəllimi, idman ustası Afiq Gəncəliyev, Xuraman Aslanova, Şəhid qardaşı Emil Aslanov, koordinator Sərvaz Həsənxanov və başqaları doğma yurdla bağlı şirin xatirələrini bölüşüblər.

Türkiyədə hərbi təhsil alan, Azərbaycan Ordusu sıralarında zabit kimi şərəfli xidmət yolu keçən Vəkil Piriyev Qərbi azərbaycanlı soydaşlarımızın ordu quruculuğundakı xidmətlərindən ürəkdolusu söhbət açıb.
Polis polkovnik- leytenantı, koordinator Tacəddin İmanov, ədliyyə polkovniki Nadim Babayev, ədliyyə polkovnik- leytenantı - koordinator Altay Tanrıverdiyev yurddan ayrı düşdüyümüz illər ərzində müstəqil Azərbaycanımızın dövlət quruculuğunda, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində keçilən çətin, şərəfli yollardan söz açıblar. Belə görüşlərin nə vaxtsa ata yurdumuzda keçirəcəyimizə inam ifadə ediblər.
Tədbirin rəsmi hissəsindən sonra bayram süfrəsi arxasında maraqlı əhvalatlar yada salınıb, kəndin müdriklərinin kəlamları, baməzələrin lətifələri könül açmaq üçün dilə gətirilib.
Yekunda üstünə “KIĞI GÜNÜ” həkk olunmuş tort kəsilib və xatirə şəkilləri çəkdirilib.






Qafan Rayon İcmasının mətbuat xidməti
1-01-2026, 13:38
ƏLİYƏDDİN MÜƏLLİM,   TƏBRİK EDİRİK!


75 İLLİK YUBİLEY

ƏLİYƏDDİN MÜƏLLİM,


TƏBRİK EDİRİK!


Bu gün-2026-cı ilin ilk günü ailəmiz üçün ikiqat bayramdır. Həm yeni il, həm də 1951-ci il yanvarın 1-də Zəngəzur mahalının Mahmudlu kəndində doğulan qaynatam Əliyəddin müəllimin doğum günüdür. Ona görə də mən- Sarıyev Rəhim Nurəli oğlu qaynatam Ələddin müəllimi 75 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona Allahdan sağlamlıq, uzun ömür, ailəsi və əzizləri ilə birlikdə xoşbəxt günlər arzu edirəm . Əliyəddin müəllim çox gözəl, qəlbigeniş insandır, mehriban qaynatadır, hər zaman mənə və ailəmizə, öz imkanları daxilində, dəstək olub.

Üçəm qız nəvələri - Sarılı İnci, Sarılı Ümid, Sarılı Sevgi, Əliyəddin babalarını çox sevdiklərini bildirirlər, ad gününü təbrik edirlər. Həmçinin nəvələri Nigar xanım və Akşin də babalarını çox sevdiklərini bildirirlər, Allahdan ona can sağlığı arzu edirlər.
Quliyeva Diləfruz xanım ömür - gün yoldaşının daha bir il qocaldığından gileylənsə də, yanında olduğuna Şükr edir. Allah, səni başımızın üstündən əskik eləməsin deyir- yaxşı ki, varsan, yeni yaşın mübarək!

Kiçik qızı Sarıyeva Sevil xanım: Ata söykəndiyin dağ deməkdir! Əziz atam, nə qədər ki, sən varsan, mən ayaqdayam. Allahdan sənə sağlam canla uzun ömür yaşamı arzu edirəm. Canım atam o gün olsun ki, 100 yaşını qeyd edək. Ad günün mübarək olsun!
Böyük qızı Şərifova Kəmalə xanım: Ata adı, övlada arxa dayaq, tutunacaq liman deməkdi. Allah atama verdiyi ömrü, sağlam canla və hüzurlu yaşamasını nəsib eləsin. Hər zaman ailəsinin başı üzərində sağlam durmağını diləyirəm.
1-01-2026, 09:48
70 İLLİK YUBİLEY YAMAN AĞIR İMİŞ ATASIZ DÜNYA!


KƏLBİYEV NURƏLİ


SARI OĞLU



Anım

70 İLLİK YUBİLEY
YAMAN AĞIR İMİŞ ATASIZ DÜNYA!
01.01.1956 - 19.04.2016


Mən Sarıyev Rəhim Nurəli oğlu, atam haqda ürəyimdən keçənləri qələmə almaqda əsas məqsədim elimizdə- obamızda yaşamış yüksək mədəniyyət sahibi olan dahi şəxsiyyətlərin yaşayıb-yaratdığını gələcək nəsillərə çatdırmaqdır.
Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır… Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı səssiz - küysüz icra edir və bundan xüsusi zövq alır...
Belə insanlardan biri atam Kəlbiyev Nurəlidir. O, çox böyük qabiliyyət sahibi idi, böyükruhiyyəli insan idi, hər xırda işə, çətinliyə görə qohumla, dostla əlaqəni kəsməzdi, duz çörəyə, qohumluğa böyük önəm verərdi, qiymətli tutardı, hər yerdə qazandığı hörmətə - izzətə görə, bu gün başımı dik tuturam, açdığım hər qapıda, getdiyim hər bir məkanda atamın adına olunan hörmət, ünvanına deyilən xoş sözləri eşidirəm, görürəm və Allahıma şükür edirəm ki, bu cür böyük şəxsiyyətli atanın oğluyam və bu səbəbdən atamı qürurla, fəxrlə anıram. Əlində bir parça çörəyi olsa belə, onu paylaşan insan idi. Neçə ailələr, qəlblər sevindirdi, könüllər oxşadı. Atam kəndimizdə el ağsaqqalı adına layiq görülmüşdü. Ona görə də tək bizim evdən deyil, elimizdən getdi. Elimizin - obamızın xeyir- şər məclislərinin yaraşığı idi, gözəl idarəçilik qabiliyyəti, qeyri-adi gözəl səlis nitqi, şeirləri, xeyir duaları və başsağlıqları ilə onu sevənlərin qəlbinə oxşamış və qəlblərində daim yaşayacaq.

Atam istiqanlı, qohumcanlı idi. Heç bir qohumla əlaqəni kəsmirdi, hər zaman qohumlara gediş - gəlişli idi, hər kəsin dadına yetirdi. Özündən böyüklərə, kiçiklərə hər zaman hörmətlə yanaşardı, çalışardı heç kəsin qəlbinə dəyməsin, əlindən ancaq yaxşılıq gəlirdi, heç kəsə pislik etməzdi, dünya malına görə heç kəslə münaqişəyə girməzdi. Böyüklük göstərib güzəştə getməyi üstün tuturdu. Yaltaq, ikiüzli adamlarla məsafə saxlayardı. Hamıya qarşı dürüst idi, daxilən- zahirən eyni insan idi. Dilində yalan olmazdı, geniş qəlb sahibi idi. Atamdan çox maddi və mənəvi kömək istədilər, məsləhətə gəldilər, heç kəsi naümid qaytarmadı. Onun leksikonunda “yox” demək yox idi. Həmişə haqqın tərəfində olduğu üçün insanlar ona yüksək dəyər verirdilər. Atam insan övladının xeyirxahlıq üçün yarandığını özünə deviz edərək pisliyə yaxşılıqla cavab verirdi. Bir müəllim olaraq təlim-tərbiyə işlərində ona pislik edənin övladı ilə özününkünə fərq qoymazdı. Hamıya düz yol göstərər, təmənnasız xidmət edər, dəyərli məsləhətlər verərdi. Yaxşılıq etməkdən, xeyirxahlıqdan zövq alırdı. Atam bu fani dünyada xeyirxah əməlləri, ağsaqqalığı, mərdliyi mərdanəliyilə ad qoyub getdi.
Mən onun vədəsiz gedişilə tək atamı deyil, dostumu, sirdaşımı, arxa- dayağımı, itirdim. Atam çox zəhmətkeş, ailəcanlı, övladları üçün canını verməyə hazır ata idi. Kaş atam sağ olardı, qalan ömrümü, gözümü qırpmadan ona qurban verərdim.

Atam 01.01.1956- cı ildə Qərbi Azərbaycanın gözəl guşələrindən olan Zəngəzur mahalının Gığı kəndində anadan olmuşdur. O,1963- cü ildə Gığı kənd orta məktəbinin 1- ci sinfinə getmiş və orta məktəbi bitirdikdən sonra, 1974- cü ildə 18 yaşında Azərbaycan Pedaqoji Universitetinə qəbul olmuşdur. Babam Sarı Çapan oğlu 1900-cü ildə anadan olmuş, çox qüvvəli, canlı adam olduğundan" gücünə - qüvvəsinə, cəsarətinə görə " pəhlivan Sarı ləqəbi" qazanmışdır. Sarı babam çox zəhmətkeş insan olub, çörəyini öz biləyinin gücü, alın təri ilə qazanaraq, özünə və ailəsinə halal çörək yedirtmişdir. O, 09 avqust 1974- cü ildə Gığı kəndində öz evinə 2 kisə un alıb gətirir, unu evə qoyduqdan sonra, yorğunluğunu çıxarmaq üçün divanda uzanır. Rəhmətlik nənəm Bilqeyis Məhərrəm qızı görür ki, günortadır, amma Sarı kişi heyvanları çölə buraxmayıb. Evə girib babamı səsləyir və bu an onun ruhsuz bədənini görür, dünyası qaralır. Sarı babam artıq əbədi dünyaya qovuşmuşdu…
Atam Nurəli Bakı şəhərində tələbə adının sevincini yaşayarkən, ata-anasını öz sevincinə şərik etmək xəyalı qurarkən, Sarı kişinin vəfatından xəbərsiz idi. Bilqeyis nənəmin fikri ilə Sarı babamın kiçik qardaşı rəhmətlik Paşa babanın oğlu rəhmətlik İlqar əmim (alim idi) və atamın qardaşı mərhum Nurəddin əmim həm atamın tələbə sevincinə şərik olmağa, həm də acı xəbəri demək üçün Bakıya gedirlər. Onlar birgə qatarla kəndə qayıdarkən, yol boyu xeyli söhbət edirlər, amma Sarı babamın ölüm xəbərini, heç cürə ürək edib, atama deyə bilmirlər. Onlar Gığı kəndinə çatırlar, atam evlərinin yaxınlığında anasını pərişan görür və nə baş verdiyini soruşur, acı xəbəri anası verir və valideynlərini sevindirməyə gələn atamın dünyası qaralır, sinəsinə ata dağı çəkilir.
Kəlbiyev Sarı Çapan oğlu 09.08. 1974-ci il tarixdə Gığı kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Mən özümü tanıyandan bəri, hər il 9 sentyabrda atam, rəhmətlik Bağman müəllimi (anamın atası Loğman babamın qardaşı) evimizə dəvət edərdi və atası Sarı babamın ruhuna quran oxutdurardı. İndi heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun.
Atam Sarı babamın sağlığında, evin, həyət-bacanın əziyyətli işlərində hər zaman atasına kömək etmiş, zəhmətkeşliyi ilə hər zaman babamın qəlbində özünəməxsus yeri olmuşdur. Eyni ilə Nurəli də atasına çox bağlı olmuşdur. Sarı babamın vəfatından sonra, evin, həyət-bacanın ağırlığı atamın üzərinə düşmüş və atam alın açıqlığı ilə evin bütün əziyyətlərinə qatlaşmış, anası Bilqeyisə hər zaman arxa-dayaq olmuşdur.
Həyat öz sərt üzünü, atama çox gənc yaşlarından göstərməyə başlamışdır. Atam, elə tələbəlik illərindən öz xərclərini idarə etmək üçün həm fiziki işdə işləyir, həm də ali təhsil alırdı.
1978- ci ildə Universiteti bitirib, Gığı kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənni üzrə müəllim işləmişdir. Öz peşəsinə vicdanla yanaşmış, peşəkar, ciddi və tələbkar müəllim olmuşdur. Onun nəticəsidir ki, dərs dediyi savadlı şagirdləri bu gün Dövlətimizin müxtəlif qurumlarında yüksək vəzifələrdə işləyirlər.
1979- cu ildə anam Piriyeva Xalidə Loğman qızı ilə ailə həyatı qurmuş və bu evlilikdən 5 övladı, iki oğlu, 3 qızı dünyaya göz açmışdır.

1988- ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar doğma yurdundan - Gığı kəndindən ayrı düşür və ailəsi ilə birgə Bakı şəhərində, Böyükşor adlı məkanda Nurəddin əmimin evində 1 ilə yaxın yaşayır, 1989- cu ildə Bakının Xutor qəsəbəsində anası Bilqeyis və ailəsi ilə birgə özünə məxsus fərdi yaşayış evinə yerləşir və orada yaşamağa başlayır.
Nənəm Bilqeyis Məhərrəm qızı 1913- cü ildə anadam olmuşdur. Gığı kənd tam orta məktəbində texniki işçi kimi çalışmışdır. 1989 cu ildən - ömrünün son gününə kimi, 13 il ailəmizlə birgə atamın himayəsində yaşamış, anam Xalidə xanıım, həmin illər ərzində nənəmin hər zaman qulluğunda dayanmış, böyük qayğı- diqqət göstərmiş, övladı kimi nazını çəkmişdir. Bilqeyis nənəm 2001- ci ildə 88 yaşında Xutor qəsəbəsində, yaşadığımız evdə ürək dayanmasından vəfat etmiş və Abşeron rayonunun Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
Atam öz müəllimlik vəzifəsini, 1989- cu ildə Bakı şəhəri Nərimanov rayon 45 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə davam etdirir və ömrünün son gününə qədər həmin məktəbdə müəllim və Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyir. Müəllim işlədiyi illərdə, kollektivdə böyük nüfuz sahibi olur, şagirdlərln ən hörmətli, sevimli müəllimlərindən biri olur, valideynlər tərəfindən böyük hörmətlə qarşılanır, kollektivdə nüfuz qazanır, sədr olaraq şəhid və qazi ailələrinə, ailə başçısın itirənlərə, ehtiyac içində olan ailələrə dövlət yardımı yazmış və həmin ailələr bu yardımdan yararlanmışdır. Atamın fədakarlığı və xeyriyyəçiliyi barədə vəfatından sonra müəllim kollektivindən, məktəbin direktoru Nazilə xanımdan eşidib qələmə almışam.

Atam, elmə - təhsilə çox önəm verdiyi üçün 3 qız övladına müəllim, müalicə işi və əzzaçılıq sahələri üzrə, qardaşımla mənə isə hüquqşunas, nəqliyyatçı sahələri üzrə təhsil almağımızda və işlə təmin olunmağımızda çox zəhmət - əziyyət çəkmişdir. Bir əlində qələm, digərində dəmir tutmuş, heç kim tərəfindən dəstəyi olmamış, öz gücü və iradəsi ilə gecəsini - gündüzünə qatmış, ailəsinə alın təri ilə halal çörək yedirtmiş, bolluq içərisində yaşatmış, ailəsini heç kimə möhtac etməmiş, öz rahatlığını, sağlamlığını ailəsinə qurban vermişdir. Anam Xalidə xanım həmçinin çörək sexində və sonra üzüm bağlarında işləmiş, övladlarının təlim-tərbiyəsində, ailənin maddi çətinliyində böyük zəhmət çəkmiş, atama mənəvi və maddi dayaq olmuşdur.
2015- ci ilin yanvar ayında, 59 yaşında ağır xəstəliyə tutuldu, həkimlər 6 ay ömrünün qaldığını bildirdilər, əgər müalicə olunarsa 1 il yaşaya biləcəyini dedilər. Mən bu müalicənin məsuliyyətini öz üzərimə götürdüm və müalicə 15 ay davam etdi, atamın 60 illik yubileyini ailəmizlə birgə qeyd etdik. 15 ay müalicə dövründə atamla həm ata -oğul münasibətində, həm daha yaxın dost kimi olduq və həmin 15 ay mənim yaddaşımda, qəlbimdə həm acı, həm xoş bir xatirə kimi qaldı.
19 aprel 2016- cı ildə 60 yaşında uzun sürən xəstəlik nəticəsində ürək dayanmasından vəfat etdi. Allah atama rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun, qəbri nurla dolsun!
28-12-2025, 21:12
“Zəngəzur”da bayram-bayrama qarışıb


“Zəngəzur”da bayram

-bayrama qarışıb


Zəngəzur mahalının Kurud- Kirs icmasının və “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin birgə təşkilatçlığı ilə “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə həmyerlilərin görüşü keçirilib. İcma rəhbəri Səxavət Hacıyev icmanın bütün üzvlərini və ümumilikdə xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdikdən sonra 20 dekabrda Qərbi Azərbaycan İcmasında və dekabrın 26-da Qafan Rayon İcma rəhbərlərinin hesabat yığıncaqlarında qarşıya qoyulan məsələlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Hərbi jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü münasibəti ilə təltif olunan Birinci Qarabağ Müharibəsinin qazisi Xanəli Bayram oğlu Qocayevi və 44 günlük Vətən Müharibəsi qazisi Xıdırlı İsmayıl Nəsrəddin oğlunun Fəxri diplomlarını təqdim etmək üçün icmanın fəallarından Sucəddin Məmişovu və Xanlar Qocayevi dəvət edib. Hər ikisi mükafatları sahiblərinə təqdim edərək onlara sağlamlıq, dinclik, əmin-amanlıq və mülki həyatda da müvəffəqiyyətlər arzulayıblar.
Qazi Hafiz Tahirov keçdikləri ağır və şərəfli döyüş yolundan, 90-cı illərin ac-yalavac günlərində Azərbaycan könüllülərinin silah-sursatsız, az qala əliyalın, necə cəsarətlə, ruh yüksəkliyi ilə döyüşdüklərindən danışıb.

Fürsətdən istifadə edən icma rəhbərliyi Xanlar Qocayevi doğum günü, bu günlərdə 60 illiyi olacaq Sucəddin Məmişovu isə yubileyi münasibəti ilə təbrik edib, hər ikisinə xoş arzularını bildirib. Sucəddin Məmişov yubileyini təbrik edən ellilərinə minnətdarlığını bildirib, həm də ömrünün 60 ilini aparan illərin etibarına həsr elədiyi "Bilmədim" şeirini səsləndirib.

Bilmədim

Altmış ili yola saldım, ötürdüm,
Bu dünyada haqq, ədalət görmədim.
İllər sanki quşa dönüb, uçdular,
Altmış yaşa necə çatdım, bilmədim.

Bir də gördüm ağarıbdı saçlarım,
Gücdən düşüb əlim, qolum, qıçlarım,
Uşaqlığım, gözəl gənclik çağlarım,
Necə gəldi, necə getdi bilmədim.

Xəyal uçur ötüb, keçən illərə,
Yada düşür doğma ellər, dağ, dərə,
Düşünürdüm vaxt var, cavanam hələ,
İllər necə ötüb, getdi bilmədim.

Yaddan çıxmır çubuqdan at mindiyim,
Qar üstündə, qışda xizək sürdüyüm,
Sanki dünən idi, ilk qız sevdiyim,
Bu altmış il necə keçdi, bilmədim,

Əvvəlki tək yoxdur taqətim, heyim,
Əynimə yaraşmır geydiyim, geyim,
Qocalıq təbilin çalır taleyim,
Qocalığa necə çatdım, bilmədim.

Yaxşı haldır qocalmağın, özü də,
Zaman yetdi yaxaladı, bizi də,
Zəiflətdi vuran qəlbi, gözü də,
Bütün bunlar nə vaxt oldu, bilmədim.

Sucəddinəm doğma eldən ayrıldim,
Qərib eldə qaçqın, köçkün sayıldım,
Elə bil ki, yuxudaydım, ayıldım,
Altmış yaşa necə çatdım, bilmədim.


Görüşün rəsmi hissəsindən sonra Xanlar Qocayev Qazilərin şərəfinə bayram süfrəsi açıb. Süfrə arxasında xatirələr çözələnib. Ellilər Zəngəzur dağlarında keçən uşaqlıq çağlarından, Çimənyurdda, Musayurdunda, Meşəbaşında qurulan binələrdən, Kirs, Kurud kəndlərinin gözəl günlərindən, pozulan növrağımızdan danışıblar. Amma heç kim o yerlərə qayıdacağımıza inamını itirməyib.

Qafan Rayon İcmasının mətbuat xidməti
27-12-2025, 15:13
Qafan Rayon İcmasının növbəti iclası keçirilib


Qafan Rayon İcmasının

növbəti iclası keçirilib


Dekabrın 26-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun kənd icma rəhbərlərinin və rayon icmasının rəhbər heyətinin növbəti toplantısı keçirilib. Professor Eldar Abbasov gündəliyi elan etdikdən sonra 20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, ölkənin bütün ərazisində icmanın keçirdiyi tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət və növbəti il üçün müəyyənləşdirilmiş prioritetlər barədə məlumat verib. Onu da qeyd edib ki, məruzədə Qafan Rayon İcmasının fəaliyyəti aktiv rayon icmaları sıranda çəkilsə də biz bununla qane olmamalı, daha da fəallaşmalıyıq.

Şəhərcik icmasının üzvü Əmirxan müəllimi 95 illiyi münasibəti ilə təbrik edən icma rəhbəri yubilyarın adına hazırlanmış plaketi övladına təqdim edib.
Qafan Rayon İcmasının 2025-ci il ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən Seyfullah Abbasov bildirib ki, ilin birinci yarısında görülən işlər barədə ötən 6 ayın hesabatında ətraflı məlumat verdiyimiz üçün təkrarlayıb vaxtınızı almayacağam. Bircə onu qeyd edim ki, rayon icma rəhbərliyi bu il yubileyi olan 7-8 ziyalımızı, gənclərin təlim-tərbiyəsində xüsusi xidmətləri olan müəllimlərimizi təbrik edib, hədiyyələr verib.

İkinci yarımildə görülən işlərimizə gəlincə, fəaliyyətimiz əsasən ideoloji istiqamətə, milli- mənəvi dəyərlərin təbliğinə, yeni nəslin ata-baba yurduna qayıtmaq ruhunda tərbiyələnməsinə yönəlmişdi. Beləki, avqustun 9-da Qərbi Azərbaycan İcmasının Qafan Rayon İcma nümayəndələrinin, Kurud-Kirs kənd icma üzvlərinin, şəhidimizin ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə, uşaqkən Kirs kəndindən erməni quldur dəstələri tərəfindən qovulub Zəngilanda Vətənin bütövlüyü uğrunda döyüşərək şəhid olan, nəşi 44 günlük Zəfərimizdən sonra tapılan Müşfiq Ağa oğlu Vəliyevin məzarı Zəngilan Şəhidlər xiyabanında ziyarət olunub. Rayonun Ağalı kəndində ziyarətçilərə 40 nəfərlik ehsan süfrəsi açılıb. Sentyabrın 24-də Qafan rayonunun yazıçı və şairlərinin, mətbuat nümayəndələrinin - Elman Rüstəmov, Zöhrə Xəlilli, Ramazan Səməroğlu, Tamxil Ziyəddinoğlu, naşir Misir Aslanov, rayonun ziyalılarından Vasif Kərimov, Vahid Gülmalıyev və Kamran Rzayevin iştirakı ilə 44 günlük Zəfərimizdən sonra Laçın rayonunun Bəylik kəndində yeni məskunlaşmış soydaşlarımızla görüşü keçırılib. Qərbi Azərbaycanlı yazıçı-ziyalılar tədbirə qatılanlara Ermənistanın dövlət orqanlarının sistemli şəkildə xalqımıza qarşı yeritdiyi repressiya, etnik təmizləmə, kütləvi qətliam və digər hüquqların kobud pozulması siyasəti barədə məlumat veriblər. 1905-dən 1987-1991-ci illərə qədər baş verən olaylar, Ermənistandan deportasiya barədə irqçi qərara imza atmış İosif Stalinin və Ermənistan SSR-nin 1987-91-ci illərdə törətdiyi cinayət əməllərinin nəticələri təhlil edilib.

Sentyabrın 12-də Xırdalan şəhərində Abşeron rayonunda məskunlaşmış qafanlıların, onların burda doğulub böyümüş gənclərinin görüşü təşkil olunub. Görüşün təşkilində məqsəd gənc nəslin yurda qayıdışını təşviq etmək, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas mahiyyətini- qərbi azərbaycanlıların Ermənistana qayıdışının bölgədə sülh prosesi üçün vacibliyini diqqətə çatdırmaq olub. Bu üç tədbirin hamısı AzərTAC-da, AzTV-nin “Xəbərlər”proqramında, “Respublika”, “Xalq qəzeti”ndə və digər KİV-lərdə işıqlandırılıb. “Bütöv Azərbaycan” qəzeti hər tədbirə bir qoşa səhifə yazı və fotoreportaş həsr edib.

Bütün bu tədbirlərin təşkilinin əsas təşəbbüskarı olan Kurud- Kirs İcmasının sədri Səxavət Hacıyevə minnətdarlığını bildirən məruzəçi digər məsələləri də diqqətə çatdırıb. Hesabat dövrü ərzində dünyasını dəyişmiş Oxtar Kənd İcmasının sədri Kifayət Həsənovanın yerinə seçilmiş Rəna İlqar qızı Fərzəliyevanı icma rəhbərləri ilə tanış edib.

Məruzə ətrafında çıxış edənlər İcmanın illik fəaliyyətini qənaətbəxş hesab edib, kafi qiymətləndiriblər.
Eldar Abbasov 26 dekabrın həm də onun Azərbaycan Tibb İnstitutunda müəllimi olmuş, mərhum həmyerlimiz neyro-fizioloq, professor, Əməkdar elm xadimi Qəhrəman Qəhrəmanovun doğum günü olduğunu qeyd edib. Görkəmli alimi 100 illiyi günündə xüsusi ehtiramla yad edən professor öz müəlliminin insani keyfiyyətlərindən, elmi nailiyyətlərindən söhbət açıb. Qeyd edib ki, Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 29 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. Tibb sahəsindəki elmi nailiyyəti 1978-ci ildə “Nobel” mükafatına təqdim olunub rəydən keçmişdi. Təəssüf ki, bəzi qüvvələr müəyyən yollarla mükafatın alınmasına mane oldular.

Daha sonra Qafan rayonunda deportasiyaya-1988-ci il qaçqınlığına qədər işləmiş müəllimlər haqqında tərtib edilən kitaba məsul şəxs- Həçəti İcmasının rəhbəri Bəxşeyiş Ələmşahov kitabın çapa hazır olan, nəşriyyat tərəfindən təsdiqlənən ilk nüsxəsini icma rəhbərliyinin müzakirəsinə verib. Kitabın, tirajı çap formatı ətrafında fikir mübadiləsi aparılıb.

Gərd Kənd İcmasının sədri Eldar Qarayev, Kurud Kənd İcmasının sədri Səxavət Hacıyev, Gığı Kənd İcmasının sədri Bəhruz Piriyev və başqaları fikirlərini, təkliflərini bildiriblər. Tamxil Ziyəddinoğlu təklif edib ki, kitab nəşr olunandan sonra çap məhsullarının elektron forması, hissə- hissə dərc olunması üçün, “Bütöv Azərbaycan” qəzetinin redaksiyasına təqdim edilsin.

Cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qafan Rayon İcmasının sədri- professor Eldar Abbasov İcmanın işlərinin yürüdülməsində göstərdikləri fəallığa görə Seyfullah Abbasova, Polad Poladova təşəkkür edib. Kitabın ərsəyə gəlməsində əvəzsiz xidmətləri olan Bəxşeyiş müəllimlə Müsəlləm Kənd İcmasının rəhbəri Əkrəm Mustafayevin əməyinin isə kitabın təqdimat mərasimində qiymətləndiriləcəyini bildirib. Beləcə daha bir ilə yekun vurulub.

Sonda professor icma fəallarını və bütövlükdə xalqımızı “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik edib, Azərbaycanımıza xoş gələcək, Qərbi Azərbaycana Qayıdış Hərəkatının fəallarına isə möhkəm iradə, təpər, dönməzlik arzulayıb.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.




Qafan Rayon İcmasının mətbuat xidməti
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!