13-02-2023, 21:42
Ərdoğan xanımı ilə zərərçəkənləri ziyarət etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ zamanı yaralanan şəxslərə baş çəkib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Prezident və xanımı Əminə Ərdoğan Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib. Yaralılara şəfa diləyən Türkiyə lideri onların səhhəti ilə bağlı həkimlərdən məlumat alıb.
13-02-2023, 21:38
Batumidə partlayış baş veribGürcüstanın Batumi bölgəsində dəniz sahilində dəniz minası olduğu ehtimal edilən qurğu partlayıb. Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb. Hadisə qurudan təxminən 25 metr aralıda baş verib, partlayış səsi ətrafda eşidilib. İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.
13-02-2023, 21:33
Ceyhun Bayramov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi13 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb. Bu barədə XİN məlumat yayıb. Məlumata görə, nazir Ceyhun Bayramov çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edərək Azərbaycan və İtaliya arasında baş tutmuş ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 və 2022-ci illərdə İtaliyaya, habelə digər yüksək səviyyəli səfərlərin bu strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm oynadığını vurğulayıb. İki ölkə arasında güclü siyasi əlaqələrdən bəhs edən Nazir Ceyhun Bayramov neft-qaz və hazırda elektroenergetika sahəsində reallaşan layihələrin bu əlaqələrdə təməl rol oynadığını bildirib. Bu gün Mingəçevir şəhərində yeni 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasının mühüm hadisə olduğunu qeyd edən Nazir layihənin İtaliya-Azərbaycan dostluğunun daha da genişlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğu diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələrinə də toxunan nazir Ceyhun Bayramov ötən il İtaliyanın sabiq xarici işlər naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən bəhs edib. Bu xüsusda, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesinin sürətlə davam etdirildiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov eyni zamanda, qarşı tərəfə Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə ətraflı məlumat verərək İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Həm 30 illik işğal dövründə Ermənistanın işğalçılıq fəaliyyəti, həm də Post münaqişə dövründə sülh prosesinə törətdiyi maneələr barədə ətraflı məlumat verilib. İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biri olduğunu vurğulayan Nazir ölkəmiz üçün ən vacib hesab olunan layihələrin məhz İtaliya şirkətlərinə həvalə edilməsindən məmnunluğunu ifadə edib. Nazir Adolfo Urso öz növbəsində ölkəmizə səfərlərini, o cümlədən Vətən müharibəsi başa çatdıqdan sonra italyan parlament nümayəndə heyətinin tərkibində Azərbaycana, habelə işğaldan azad edilmiş ərazilərə səfərini məmnunluqla xatırlayıb. Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edən A.Urso iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb. Görüşdə, tərəflər bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.
13-02-2023, 21:28
Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirirRusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “rəhbəri” Arayik Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək. Bu dəyişiklik Arutyunyanın Moskva səfərindən sonra elan edilib. “Hraparak” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Arayik Arutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, Rusiyada bir sıra dairələrlə gizli görüşlərdən sonra yenidən Xankəndiyə qayıdıb. Onun ardınca Ruben Vardanyan da Moskvaya çağırılıb. Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Arutyunyanın aqibətinin necə olacağı sual altındadır.
13-02-2023, 21:12
Vizaların qarşılıqlı ləğvində Rusiyanın fikrini gözləyirik - İran səfiriRusiya və İran iki ölkə vətəndaşları üçün vizanı qarşılıqlı şəkildə ləğv edə bilər. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. O qeyd edib ki, Tehran vizaların qarşılıqlı ləğv edilməsi üçün müraciət edib və Rusiya rəsmilərindən cavab gözləyir. “Belə bir perspektiv var. İran iki ölkə arasında vizaların ləğvinə razıdır. Hətta bu məsələ ilə bağlı ölkəmizdə də addımlar atılıb. Rusiya rəsmilərinin fikrini gözləyirik. Əgər Rusiya razı olsa, biz qısa zamanda vizasız rejimə keçə bilərik”, - deyə Cəlali mətbuat konfransında vurğulayıb.
13-02-2023, 21:06
Azərbaycanlı tələbələrin qaldığı binada axtarışlar davam edirTürkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin yaşadığı binada axtarışlar davam edir. Xilasedicilər 8 gündür 4 azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı binada axtarışlar aparır. Binada axtarış-xilasetmə işlərini həyata keçirən xilasedicilərdən biri Baku TV-yə açıqlamada bildirib ki, binada heç bir canlının qalmadığı barədə məlumat alıblar: “Hər bir otağın ən dibinə qədər texnikalar işləyir. Çünki ancaq bundan sonra digər otaqlara keçmək mümkün olur. Nəşlərə zərər vermədən işlərə davam edirik. Ötən gün bir neçə pişik çıxardıq. AFAD artıq heç bir canlının qalmadığı məlumatını verəndən sonra işləri sürətləndirdik”.
13-02-2023, 21:03
BDU-nun 2 saylı korpusu yenidən təmir olunur Bakı Dövlət Universitetində (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb. Universitetdən verilən məlumata görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.
13-02-2023, 20:51
Azərbaycanla olan dostluğumuz uzun tarixə söykənir - İtaliyalı nazir"Biz Azərbaycanın tarixi dostuyuq". Bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. "Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi. Mən isə nazir kimi, - həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, - 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq", - deyə nazir bildirib.
13-02-2023, 15:46
Sabahın hava proqnozuAzərbaycanda fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
13-02-2023, 15:43
İran terror aktıyla bağlı Azərbaycana hələ də məlumat verməyibAzərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, İran istintaqla bağlı Azərbaycana hələ də məlumat verməyib. "İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi ilə bağlı bizdə hansısa məlumat yoxdur”, - XİN rəsmisi qeyd edib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandalı səfirliyi fəaliyyətini dayandırıb.