Pedaqoji Universitetlə Milli Məclis arasında ekoloji təfəkkür sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə birgə müəllim hazırlığında ekoloji təfəkkürün formalaşdırılması ilə bağlı müzakirə keçirilmişdir.
Tədbirdə ADPU rəhbərliyi, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, o cümlədən millət vəkilləri Sadiq Qurbanov və Afət Həsənova iştirak edib.
Universitetin rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq bildirib ki, ADPU artıq 100 illik hesabatını təhsil ictimaiyyətinə təqdim edib və fəaliyyətinin ikinci yüzilliyinə başlayarkən xalqımız üçün yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər icra edir. 2030-cu ilə qədər olan dövr üçün strateji plan üzərində iş gedir. Strategiya Milli prioritetlər əsasında Azərbaycan məktəbi üçün keyfiyyətli müəllim hazırlığı istiqamətində həyata keçiriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevirilməsi dövrümüzdə tək Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün aktual məsələlərdəndir. Nəzərə almalıyıq ki, təbii sərvətlərimiz həm olduqca qiymətli, həm də məhduddur.
Millət vəkili qeyd edib ki, mənfur düşmənimiz olan ermənilərin 30 il işğal altında saxladıqları doğma Qarabağda təbii sərvətlərimizə qarşı törətdikləri ekoloji terror, müharibə cinayətləri təkcə Azərbaycan üçün deyil, region və dünya üçün də təhlükə mənbəyidir. Ümumən bu gün dünyada şirin su qıtlığı kəskin hiss olunur. Növbəti 40 ildə planet əhalisinin təxminən yarısı susuzluqdan əziyyət çəkəcək.
Natiq qeyd edib ki, insan inkişaf etmək, mənəvi tələbatlarını ödəməklə yanaşı təbiət qanunlarını nəzərə almalı, balansı qorumalıdır. Bu həyati vacib işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Pedaqoji Universitet kimi müəssisələrdə müəllim hazırlığında bu istiqamətdə aparılan təlim-tərbiyə işi daha da təkmilləşdirilməlidir. Müzakirənin də məqsədi bu istiqamətdə yol xəritəsi hazırlamaqdır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bu istiqamətdə Milli Məclisin adıçəkilən komitəsi ilə birgə icra olunacaq layihənin işçi variantını müzakirəyə təqdim edərək layihə nəticəsində gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji çirklənmə, onun qarşısının alınması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar vermə, vətəndaş mövqeyi ortaya qoymaq olduğunu, eyni zamanda bu istiqamətdə elmi tədqiqat işlərini genişləndirmyin vacibliyini bildirib.
Mövzu ətrafında çıxış edənlərdən millət vəkili Afət Həsənova, prof. Fikrət Rzayev, c.e.d. Məhəmməd Abduyev, prof. Fərrux Rüstəmov, prof. Əli Zalov, dos. Ənvər İmanov, dos. Elnarə Mehbalıyeva və dos. Yeganə Cəlilova da təkliflərini səsləndiriblər.
Müzakirənin sonunda təkliflərin dəyərləndirilməsi, yekun layihə və yol xəritəsinin hazırlanması haqqında razılıq əldə olunub.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov