Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.
Dövlət başçısının 60 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).
Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib.
Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb.
İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş etdi.
Ali Baş Komandan postmünaqişə dövründə də erməni revanşizminin alovlanmaması üçün prinsipial mövqe nümayiş etdirir, Ermənistanı sülhjə məcbur etmə taktikasını yeridir.
Azərbaycan öz qətiyyətli mövqeyini beynəlxalq təşkilatlarda, digər ölkə rəhbərləri ilə görüşlərdə nümayiş etdirir.
Prezidentin qətiyyəti, iradəsi, strategiyası elə mükəmməl kombinasiya təşkil edir ki, buna görə Azərbaycanla hesablaşırlar.
Bütöv.az saytının bütün kollektivi adından cənab Prezidenti doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!
Prezident İlham Əliyev Məmməd Aslan oğlu Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfərə gedib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Şəhidin ailəsi Ankarada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anıt qəbrini ziyarət edib.
Səfər davam edir.
Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.
Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.
V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmir gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.
Artıq Yeni ilin gəlişinə 10 gündən az vaxt qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində - ailəsi və qohumları ilə birgə qeyd edir, kimisi isə xaricə üz tutur. Bir sözlə, hamının bayramla bağlı müxtəlif planları var.
Maraqlıdır bəs, Milli Məclisin deputatları Yeni ili harada və necə keçirməyi planlaşdırır?
Modern.az saytının əməkdaşı bu sualla bir neçə deputata müraciət edib:
Məlahət İbrahimqızı deyib ki, fərqli bir planı yoxdur, evdə qeyd edəcək:
“Yeni ili evdə ailə üzvlərimlə bir yerdə qeyd etməyi düşünürəm. Tətil günlərində isə şəhid, qazi ailələri ilə görüşməyi planlayıram”.
Fazil Mustafa yeni ili Azərbaycanın rayonlarında qarşılayacaq:
“Yeni ili ölkə daxilində qeyd edəcəm. Çox güman ki, evdə ya da Azərbaycanın rayonlarının birində ailə üzvlərimlə birgə bayram edəcəyik. Düşünürəm ki, Şamaxıda və ya İsmayıllıda olacam”.
Arzu Nağıyev də həmkarı kimi rayonda olacaq. O bildirib ki, Tovuza ata ocağına yığışıb, bayramı ailə üzvləri ilə birgə qeyd edəcək:
“Mən bayramları hər zaman ənənəvi olaraq ailə çərçivəsində qeyd edirəm. Bu il də Yeni ili ailəmlə bir yerdə Tovuz rayonunda atamın başına yığışıb, qeyd edəcəm. Eyni zamanda, bu tətildən istifadə edərək həm Tovuzda, həm də Gədəbəydə öz seçicilərimlə görüşəcəm.
Elman Məmmədov da bayram gününü ailə üzvləri ilə birgə evdə qeyd edəcək:
“Hər zaman olduğu kimi Azərbaycanda qeyd edəcəm. Bayram günlərində Azərbaycanın bir neçə rayonlarında olacam. Ağdam, Goranboy, Xocavənd rayonlarına səfər edəcəm”.
Aydın Mirzəzadənin sözlərinə görə, ənənəvi olaraq bayramları evində keçirir:
“Ailəmlə, öz evimdə övladlarımı ətrafıma toplayaraq Yeni İlin gəlişini qeyd edəcəm. Mən düşünürəm ki, bayramı hər kəs öz evində qeyd etməlidir”.
Hikmət Babaoğlu da həmkarları kimi bayram günlərində Bakıda olacaq:
“Mən Yeni ilin gəlişini Bakıda evimdə qeyd edəcəm. Bayramı öz evimdə olmağı üstün tuturam. Bayramdan sonra isə Şimal bölgəsində səfərdə olacam”.
Aqil Abbas da bayramı evində qeyd edən deputatlar sırasındadır:
“Bayramı insan evində olar. Mən ailəmlə birgə Yeni ilin gəlişini evimdə qeyd edəcəm”.
Əziz Ələkbərli hər zaman bayramı evində qeyd etdiyini deyib:
“Mənim fikrimcə, insan bayramı evində olmalıdır. Buna görə də hər bayram gecəsi ailəmi ətrafıma yığıb bayramı qeyd edirəm”.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini polkovnik Rəhimov Arzu Hüseyn oğlu bir müddət əvvəl vəzifəsindən azad olunub. Arzu Rəhimov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Arzu Rəhimov 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
2021-ci il ərzində Azərbaycan Respublikası vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.
DTX-dən verilən məlumata görə, faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxslər və onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul vəsaitlərinin tələb edilməsi), 272.2.1 və 272.2.2-ci (texniki vasitələrdən istifadə etməklə kompüter məlumatlarının təkrar ələ keçirilməsi) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılmış, kompleks istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.
Genişmiqyaslı araşdırma tədbirləri ilə ölkə hüdudlarından kənarda olan cinayətkar şəbəkə üzvlərinin istifadəsində olan cihazların internet şəbəkəsinə qoşulduğu İP-ünvanları və digər abunəçi məlumatları əldə edilib, kibercinayətkarlığa dair beynəlxalq konvensiyaların müddəalarına istinadən həmin İP-ünvanları üzrə məlumatların müvafiq dövlətlərin aidiyyəti strukturları vasitəsilə təxirəsalınmaz mühafizəsi təmin edilib, cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının zərər çəkdiyi məlum olub.
Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib. Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilib, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter, mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi materiallarına əlavə edilib, çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin qarşısı alınıb.
Cinayət əməlləri ifşa edilmiş xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda beynəlxalq hüquqi prosedur tədbirlər yerinə yetirilməkdədir.
Sabah, saat 12:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirəcək.
Qurumdan Axar.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.
Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.
AZAL-ın Amerikadakı təmsilçisi Elnur Ələkbərov bu ilin iyununda Nyu Yorkda 790 min dollara mənzil alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, Nyu Yorkda, şəhərin 3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235 ünvanında yerləşən mənzilin qiyməti 790 min dollardır. Mənzili Elnur Ələkbərova türk əsilli Nyu York Akgök ailəsi satıb.
Qeyd edək ki, Elnur Ələkbərov 2017-ci ildən Nyu Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur. (Qaynarinfo)
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!