Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
26-01-2022, 16:26
İran Prezidenti Zakir Həsənovu qəbul edib

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb. Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütöv.az
24-01-2022, 13:53
Kamal Abdullanın rezonans doğuran layihəsi qayıdır

Xalq yazıçısı, akademik Kamal Abdullanın bir zamanlar rezonans doğuran layihəsi, geniş ədəbi proseslərə yol açan Yaradıcılıq fakültəsi yenidən qayıdır.

Kult.az xəbər verir ki, fakültə artıq Azərbaycan Dillər Universitetində yeni dönəm yaşayacaq.

Yaradıcılıq fakültəsi bu dəfə ADU və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq diplomu veriləcək.

Layihə çərçivəsində 2022-2023 tədris ilində tələbələrə xarici dil (ingilis, rus), mifologiya tarixi, fəlsəfə, dünya ədəbiyyatı, müasir ədəbi proseslər, mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil ediləcək. Yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçiriləcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

Yaradıcılıq fakültəsinə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə keçiriləcək.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

Tərcümeyi-hal;

Yaradıcılıq nümunəsi (5 şeir, yaxud 10 min işarəlik nəsr nümunəsi);

Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;

3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Tələb olunan sənədlər elektron formada 2022-ci il fevralın 1-dək bu ünvana göndərilməlidir: mubarizz1967@mail.ru

Təhsil müddəti 2 il olmaqla illik təhsil haqqı 500 AZN təşkil edir.

Fakültənin yeni dekanı yazıçı Mübariz Örəndir.

Fakültənin təqdimatı 25 yanvar saat 18:00-da Yaradıcılıq Fondunda olacaq.

Qeyd edək ki, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə Bakı Slavyan Universitetində yaradılan Yaradıcılıq fakültəsi 2016-cı ilə qədər fəaliyyət göstərib. Fakültənin məzunları sırasında müasir dövrün gənc istedadları, şair və yazıçılarının adı var. 2016-cı ildə BSU-nun sabiq rektoru Nurlana Əliyeva tərəfindən fakültənin fəaliyyəti dayandırılmışdı.

Bütöv.az
21-01-2022, 18:50
Naxçıvanın Respublika xəstəxanasında “torpaqbası rüsumu”: Dünyanın ən unikal səhiyyə ocağı

Naxçıvan MR-ın Respublika Xəstəxanası öz unikallığına görə, dünya səhiyyə tarixinə düşməyə haqq qazanıb. Amma burada söhbət müalicə işinin mükəmməlliyindən getmir. Naxçıvanın Respublika xəstəxanası dünyadakı həmcinsləri arasında səhiyyəyə gümrük qaydaları gətirən yeganə sağlamlıq ocağıdır.

Bütöv.az xəbər verir ki, ovqat.com-a Muxtar Respublikadan göndərilən şikayət məktublarından belə anlaşılır.

İddialara görə, Naxçıvan Respublika xəstəxanasında rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul alınır. Hər gün həmin şöbələrə 150-160 nəfərin müraciət etdiyini nəzərə alsaq, bu, heç də kiçimsənəcək məbləğ deyil.

Naxçıvanın xəstə vətəndaşlarının problem bununla da bitmir. Redaksiyamızın ünvanına göndərilən şikayət məktublarından bəzi çıxarışları olduğu kimi diqqətinizə çatdırırıq. Şikayətlərin təqdimatından əvvəl bildiririk ki, bu gündən etibarən Ovqat.com saytında “Naxçıvan harayı” rubrikasının yayımına başlayırıq.

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl yerli tele-jurnalistlərə verdiyi müsahibədə vətəndaşları qarşılaşdıqları problemləri mütləq ictimailəşdirməyə dəvət etmişdi. O vurğulamışdı ki, Azərbaycanda baş verən özbaşınalıqları media orqanlarından oxuyur və problemləri ortadan qaldırır. Məmurlar üzərində ictimai nəzarəti təmin etmək və Respublika rəhbərliyini ölkənin real vəziyyəti ilə məlumatlandırmaq üçün vətəndaşları aktiv olmağa çağıran ölkə başçısı bildirmişdi: “Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək... Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Biz də Prezidentin bu çağırışını əldə rəhbər tutub Muxtar Respublika əhalisi ilə Azərbaycan rəhbərliyinin arasında körpü yaratmaq məqsədilə “Naxçıvan harayı” rubrikasını yaratmağa qərar verdik. Qarşılaşdığınız problemləri ya birbaşa bizim e-mail ünvanına, ya da təhlükəsizliyinizin təminatı üçün Bakıda və digər rayonlarda yaşayan yaxınlarınız vasitəsilə Baş redaktorumuzun WhatsApp nömrəsinə göndərə bilərsiniz. WhatsApp nömrəmiz: 055 746 40 44.

“Naxçıvan harayı”nın ilk buraxılışını təqdim edirik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 18 mart 2020-ci il tarixli Fərmanı ilə bu diyarda icbari tibbi sığorta tətbiq olunur. Bizə göndərilən şikayət məktublarında isə vətəndaşlar bu haqlarından istifadə edə bilmədiklərini vurğulayırlar. Onların bildirdiklərinə görə, xəstəxanalarda sığortalı xəstələri elə get-gələ salırlar ki, sonunda məcbur qalıb pullu xidmətdən istifadə edirlər. Maraqlıdır ki, sığorta adı gələndə işləməyən şöbələr pulu xidməti canla-başla yerinə yetirirlər. Özü də normal qiymətindən bir neçə dəfə baha.

Bildirildiyinə görə, tibbi sığorta Naxçıvanda sözün həqiqi mənasında mənimsəmə vasitəsinə çevrilib: “Hər kəsə tibbi sığorta adıyla 2000-3000 manat yazılır və heç kimə bu pul verilmir. Ümumiyyətlə, tibbi sığorta Muxtar Respublikanın kasıb əhalisinin başında çatlayıb. Halbuki, hər kəs tibbi sığortaya keçmək xəbərini eşidəndə sevinmişdi. Tibbi sığortanın gətirdiyi yeganə dəyişiklik isə qiymət artımında oldu. Əvvəl UZİ-yə 10 manat verilirdisə, indi onun qiyməti rəsmən 30 manata yüksəlib. Əhali əvvəl bu qiymət artımına əhəmiyyət vermirdi. Necə olsa, tibbi sığorta yolu ilə ödənəcəkdi deyə düşünürdü. Lakin, necə deyərlər, sən saydığını say, gör, “xan” nə sayır; indi tibbi sığorta adı çəkiləndə Muxtar Respublikanın xəstəxanalarında heç bir avandanlıq işləmir. İnsanlardan məcburi nəğd ödənişlər tələb olunur. Şikayətçilər dəfələrlə Ali Məclisə getsələr də, onların qarşısına adətən Vasif Talıbovun Birinci müavini Azər Yadulla oğlu Zeynalov çıxır. Azər müəllim isə insanlarla kobud rəftar edib qorxudaraq yola salır. Xəstələr məcburən nəğd ödənişlə müayinə olunurlar. Onlardan həm də tibbi sığorta ödənişi çıxılır. Yəni Naxçıvanın səhiyyə sistemi indiki məzənnə ilə ikiqat, köhnə məzənnə ilə 6 qat qazanır”.

Şikayətçi iddia edir ki, artıq Naxçıvanda hər kəs köhnə səhiyyə sisteminin – “sığortasız günlərin” nostalgiyasını yaşayırlar.

İddialara inansaq, ən acınacaqlı vəziyyət Naxçıvanın Respublika xəstəxasında yaşanır: “Xəstəxananın yeni təyin olunan baş həkimi Bağırov Zəbur David oğlu MR Səhiyyə nazirinin yaxın qohumudur. 2018-ci ildə bu vəzifəyə təyin olunub. Ötən il keçirilən Ali Məclisə seçkilərdə 38 saylı dairəsindən deputat mandatı ilə mükafatlandırılan Zəbur həkim üzərindən az keçməmiş Səhiyyə nazirinin 69 saylı əmr ilə yaradılan Tibbi Şuranın rəhbərliyinə gətirildi. Bir sözlə, Naxçıvanın bütün səhiyyə sisteminin taleyi cəmi 35 yaşı olan bu gənc adama həvalə edilib. O da özünü hakimi-mütləq kimi hiss edib müştəri gözüylə baxdığı xəstələrlə ürəyi istədiyini davranır”.

Naxçıvan səhiyyəsinin həm xəstələrdən, həm sığortadan pul qazanmasının Muxtar Respublikada böyük qalmaqal səbəb olduğu bildirilir: “Səbəb isə sığortadan külli miqdarda pulun ayrılmasıdır. Yəni xəstəxanalarda həkimlər tərəfindən icra olunmayan prosedurlar, bir əməliyyat əvəzinə xəstədə 2-3 cərrahi əməliyyat aparılmış kimi göstərilməsi, sığorta sistemini çöküşə sürükləyir”, - şikayət məktubunda belə deyilir.

İddia olunur ki, ayın axırı həkimlərin hesabına yüklü miqdarda vəsait köçürülür: “Bu hesabla Naxçıvanın ən yaxşı yaşayan təbəqəsi həkimlər olmalıdır. Görəsən belədirmi? Əlbəttə ki, yox!

İndi sizə Respublika xəstəxanasında ənənə halını almış bir halı deyim. Sığorta pulu köçürülən günün səhəri həkimlər (80%) qrup halında sırayla ikinci mərtəbəyə qalxırlar. Baş həkim tərəfindən əvvəlcədən yazılmış siyahıya əsasən, hesablarındakı pulun 30%-ni götürməklə yerdə qalan pulu geri qaytarırlar. Yəni həkimlər heç də qaz vurub, qazan doldurmur. Burada oturduğu yerdə cibi dolan biri varsa o da baş həkim Zəbur Bağırovdur.

Bu cür hər tərəfindən pul yağan bir xəstəxananın borclu olması çox düşündürücü bir haldır.

Yerdə qalan həkimlər (20%) isə normal işlədiyi halda heç bir sığorta əlavəsi almayanlardır. Bunlar baş həkim üçün qazanc mənbəyi sayılmadığından hər dəfə təhqirə, işdən qovulmaq təhdidinə məruz qalırlar.

Xəstəxanada bir də baş həkim tərəfindən "torpaqbasdı" haqqı alınır. Rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul toplanır. Gün ərzində bunlardan 150-160 insanın istifadə etdiyini nəzərə alsaq bu məbləğin heç də az olmadığını görərik”.

Respublika xəstəxanasından gələn digər məktublardakı önəmli iddialar isə belədir:

Baş həkimin hərəkətlərində qəribə bir təzad var.Bir müddət əvvəl işçiləri toplayıb “bura qaş ustası gətirmişəm, qaş döydürməlisiniz”, deyən insan indi dırnaq sökdürür.

Artıq iki ilə yaxındır Respublika xəstəxanasında həkim endoskopist kimi çalışan doktorun əslində xəstəxanada heç bir yerdə adı olmadığı aşkarlandı. Həmin yer hal-hazırda vakant yer olaraq qalır. Və ağlımıza gələn ilk şübhə həmin şəxsin ("Paşa dr.") bəlkə də heç həkim belə olmamağıdır.

Amma qeyd etdiyimiz həkimin haqqını da danmayaq. Xəstəxanada çalışmasa da gün ərzində 15-20 sığortalı xəstəni ödənişli olaraq müayinə edib. Yəni kişi qazanc mənbəyidir vəssalam. Bunun qanuni və ya qanunsuz olması isə əhəmiyyət kəsb etmir

Son günlər isə baş həkim fəaliyyətini daha da genişləndirib. Öz həkimlik fəaliyyətinə işçilərin əllərini yoxlamağı da əlavə edib. Qadın işçilərin əlindəki əlcəkləri çıxarıb bir-bir dırnaq yoxlayır. Maraqlıdır əlcəklə işlənən bir yerdə bu yersiz hərəkət nəyə lazımdır?
21-01-2022, 13:05
Bukelenin Ankara səfəri: Pərdəarxasından boylanan niyyətlər – TƏHLİL

Türkiyənin xarici siyasət prioritetlərinin önündə yeni strateji panorama açılır. Ankaranın hədəflərini şaxələndirmək üçün yaratdığı istiqamətlərdə Mərkəzi Amerika (Latın Amerikasının bir hissəsini əhatə edir) ölkələri ilə münasibətlərin yaxşılaşdırılması da dayanır.

Yanvarın 20-də Ankarada səfərdə olan Salvadorun Prezidenti Nayib Bukelenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qəbulunda olması da Ankaranın Latın Amerikasına yön alan siyasətində növbəti səhifə açıldığını göstərir.

Ankara-San Salvador əlaqələri Türkiyənin müşahidəçi statusunda olduğu Amerika Dövlətləri Təşkilatı, Mərkəzi Amerika İnteqrasiya Sistemi, Karib Hövzəsi Dövlətləri Assosiasiyası, Karib Birliyi, MERKOSUR kimi təşkilatlardakı mövqeyinin güclənməsi və strateji maraqlarının təmini önündə duran maneələri aşmaq baxımından önəmlidir.

Beynəlxalq konyunkturada nüfuz dairələrinin statik vəziyyətdən çıxarılıb yenidən bölüşdürülməsi uğrunda aparılan savaşın nişanələrinin aydın nəzərə çarpdığı bir zamanda dövlətlər var olma instinktini işə salaraq güclənməyin formulunu axtarır.

Dünyanın siyasi sistemi üçün ortaya çıxan yeni sınaqlar, bir qədər gözdən-könüldən “uzaq düşmüş” yerləri də yada salmağa təhrik edir.

Türkiyə-Salvador münasibətlərinin rəngini açmaq prosesinin başlaması da həmin strateji məntiqdən doğur.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti zamanı ölkənin Latın Amerikası regionu ilə əlaqələrinin səviyyəsi yüksəlib.

Bəzi məqamları diqqətə çatdırmaq istərdik:

1. 2002-ci ildə Türkiyə ilə Latın Amerikası ölkələri arasında ticarətin həcmi 1 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm 15 milyard dollar təşkil edib,

2. Türkiyə 15 milyardlıq həcmi iki və ya üç dəfə artırmağı qarşıya məqsəd qoyub,

3. Türkiyəli biznesmenlərin həmin regionda investisiyalarını artıracağı gözlənilir.

İqtisadi pəncərələrin artması siyasi məramın yerinə yetirilməsində baryer olan düyünlü nöqtələri açır ki, bu da Ankaranın xeyrinədir.

Nayib Bukelenin Türkiyəyə səfərində iki ölkə arasında iqtisadiyyat, ticarət, diplomatiya, müdafiə sənayesinə dair altı sənəd imzalanıb ki, bu da əlaqələri yüksək səviyyəyə çatdırmaq yolunda vacibdir.

Burada ən diqqət çəkən məqam müdafiə sənayesi ilə bağlı sənəddir, hərçənd ki, sənədin mətni açıqlanmır. Lakin düşünmək mümkündür ki, Türkiyənin Salvadora müdafiə sənayesi məhsulları ixrac edəcəyi gözlənilir ki, bu da Latın Amerikası ölkəsinin ordu gücünü artırmağa hesablanıb.

Salvadorla hərbi sahədə əməkdaşlıq Türkiyənin Mərkəzi Amerikadakı hərbi iştirakı üçün əsaslar yaradır.

Təbii ki, bu proseslərdə Türkiyənin təkbaşına hərəkətlilik nümayiş etdirməsi barədə düşüncələrə dalmaq sadəlövhlük olardı. Yəqin ki, Qərb siyasi dairələrinin “dərin beyinləri” Türkiyənin artan qüdrətini öz yararına yönəltmək istəyir.

Rusiyanın Venesuelada və Kubada hərbi baza yaratmaq ideyalarının dövriyyədə olduğu zamanlarda Qərb digər oyunçuların regiona gəlməsinə şərait yaradır.

Bukelenin Ərdoğanla birgə mətbuat konfransında verdiyi mesajın alt qatında Türkiyənin Mərkəzi Amerikada aktiv siyasi gücə çevrilməsinin izlərini görürük.

Bukele deyib: “Türkiyə daha böyük güc olacaq və bu, dünya üçün önəmli rol oynayacaq. Biz də Türkiyənin böyüməsinin bir parçası olmaq və onu müşayiət etmək istəyirik”.

Təəssüflər olsun ki, siyasi-strateji vitrinə yeni “məhsullar”ın qoyulması beynəlxalq güclər arasında qarşıdurmaya rəvac verir.

Bütöv.az
20-01-2022, 14:57
"Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur" - Tarix İnstitutunun Baş direktorundan AMEA prezidentinə CAVAB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qafqaz.media K.Şükürovun "Report"a açıqlamasını olduğu kimi təqdim edir:

"20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim.

Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib. Mənim rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi yazılıb, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub. 1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb, 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Mən 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı yönəlmiş tarix siyasətinin tənqidinə dair müntəzəm olaraq cavabla çıxış etmişəm, bunlar respublika kütləvi informasiya vasitələrində əks olunub. İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib.

Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. İştirakçıların Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfəri olub. Tarix institutunda yeddi ixtisas üzrə elmi dərəcə verən dissertasiya şurasının səmərəli fəaliyyəti təşkil olunub. Görülmüş işlərin az bir qismi belədir və lazım gəlsə, mən institutun qeyd etdiyim hesabatını çap etdirəcəyəm ki, geniş ictimaiyyət də həqiqi vəziyyətlə tanış ola bilsin. İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm.

Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm".

Bütöv.az
20-01-2022, 14:07
Politoloq: “Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər”

Rusiya ilə Ukrayna arasında ziddiyətlər getdikcə artmaqdadır. Qərb rəsmiləri bu barədə tez-tez açıqlamalar verir, Moskvaya xəbərdarlıqlar edirlər. Kremlin geri çekilmək fikri yoxdur. Kiyev isə hələ də qətiyyətlidir. Əslində zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra separatizmdən əziyyət çəkən digər dövlətlərin, o cümlədən Ukraynanın da torpaqlarının azadığı uğrunda hərəkətə keçəcəyi gözlənilən idi. Ancaq ssenari, həqiqətən, sonadək eynimi olacaq? Bunu şübhə altına salan obyektiv və subyektiv səbəblər var. Fakt isə ondan ibarətdir ki, tərəflər arasındakı təzyiq getdikcə artmaqdadır.
Proseslərin gələcək inkişafına dair BDU professor, politoloq Əlimusa İbrahimovla söhbətləşdik:
- Bir neçə aydır davam edən Rusiya- Ukrayna qarşıdurmasının müharibə ilə nəticələnmək ehtimalı nə qədərdir?
- Bu, indi çoxlarını düşündürən əsas sualdır. Yüz ildən bəridir ki, belə vəziyyət yaranmamışdı. Həm Rusiya, həm də Ukrayna indiyədək heç vaxt bu qədər qarşı-qarşıya gəlməmişdi.
- ABŞ niyə bu qədər canfəşanlıq edir?

- Çünki ABŞ və onun Avropa üzrə müttəfiqləri Rusiyanın SSRİ-ni bərpa edəcəyindən narahatdır. Əslində Rusiyanın son davranışları da buna əsas verir. Kreml ən azından öz nüfuzunu da da artırmaq istiqamətində addımlar atır. Və bu, dediyim kimi, bütün dünyada SSRİ-ni bərpa etmək səyləri kimi qiymətləndirilir. Yəni əslində Qərbi narahat edən Rusiyanın Ukraynanı işğal edəcəyi yox, keçmiş imperiyanı bərpa etmək cəhdləridir.
- Qərbin xəbərdarlıqları nə qədər səmimidir?
- Əslində ABŞ “Rusiyanın Ukraynaya hücuma keçəcəyi təqdirdə necə davranacağı” sualına hələ də cavab tapa bilmir. Amma Vaşinqton müharibəyə başlamayacaq. Çünki əks halda Moskva çıxılmaz vəziyyətdə qalıb nüvə silahından istifadə etməli olacaq. Bu, Qərbi qorxudur. Ümumiyyətlə, Avropa Ukraynaya görə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir. Çünki Avropa Rusiya qazından asılıdır. Bu mənada Qərbin Kremlə qarşı sanksiya tətbiqindən başqa görəcəyi tədbir yoxdur. Hərçənd sözügedən sanksiyaların da getdikcə təsiri azalacaq. Müəyyən müddətdən sonra Vaşinqtonun əlində Moskvaya qarşı tətbiq edə biləcəyi vasitəsi qalmayacaq. Bu nöqteyi-nəzərdən Qərbin Rusiyaya münasibəti dəyişməsə, ABŞ kəşfiyyatının dediyi kimi, fevralda olmasa belə, yaxın gələcəkdə Ukraynanın işğalı gözləniləndir. Ancaq məsələ ondan ibarətdir ki, Rusiya müharibə istəmədiyini deyir.
- Şimal qonşumuz, həqiqətən, müharibə istəmirsə, nə üçün savaş fonu yaradır?
- Rəsmi Moskva hazırda tərəddüd edir. Onun bundan sonrakı davranışı ABŞ-ın və Avropanın mövqeyindən asılıdır. Əgər Qərb güzəştə getsə, Kremlin işğalının qarşısını ala bilərlər. Halbuki hər iki tərəf geri çəkilməyəcəyini deyir. Hadisələrin necə inkişaf edəcəyini isə yaxın gələcək göstərəcək. Amma əgər ABŞ və Rusiya dünyaya sülhlə bağlı mesajlar verirlərsə, deməli, öz aralarında da razılığa gəlməyi bacarmalı, nümunə olmalıdırlar.
- Nə Vaşinqton, nə də Moskva geri çəkilirsə, razılıq necə əldə oluna bilər?
- Bildiyiniz kimi, Türkiyə son vaxtlar proseslərdə fəal iştirakçıdır. Qardaş ölkənin həm Rusiya, həm Ukrayna, həm də ABŞ-la münasibətləri normaldır. Bu mənada Ankaranın vasitəçiliyi gözləniləndir. Fikrimcə, Türkiyə yaxın vaxtlarda vasitəçi kimi “oyuna daxil olacaq”. Hətta, ehtimal var ki, həmin tərəflər özləri bu barədə Ankaraya müraciət edəcəklər.
- Ola bilərmi, Rusiyanı müharibədən çəkindirən amillərdən biri də Gürcüstan faktorudur?
- Bu, həmin məqamlardan biridir. Rusiyada çox yaxşı başa düşürlər ki, Ukrayna ilə vəziyyət daha da gərginləşsə, təkcə Gürcüstanda deyil, həm də Moldovada, Belarusda durum dəyişəcək. Moskvada bunu nəzərə alırlar. Ona görə də Kreml Ukraynanı digər vasitələrlə özünə tabe etməyə çalışacaq və son ana qədər hərbi əməliyyatlardan çəkinəcək. Ümumiyyətlə, müharibə Rusiya üçün ağır nəticələrə səbəb ola, hətta onun dağılmasına gətirib çıxara bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Kremlin ətrafındakı bir çox dövlətlə problem var. Bu, onun işini bir az da çətinləşdirəcək. Daha konkret desək, müharibə başlayacağı təqdirdə Rusiyanın yanında kimin olacağı sual altındadır.
- Potensial hərbi toqquşmada Çinin mövqeyi necə olacaq?
- Adını çəkdiyiniz dövlət adətən toqquşma vəziyyətlərində neytrallığını qorumağa çalışır. Bu ritorika potensial Rusiya- Ukrayna toqquşması üçün də istisna deyil. Pekinin həm Moskva, həm də Kiyevlə münasibətləri yaxşıdır. Rusiya ilə ABŞ arasında müharibə başlasa idi, Çin, çox güman, birincinin yanında olardı. Lakin dediyim kimi, indiki situasiyada Pekinin tərəf tutacağı gözlənilmir.
- İndiki gərgin vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri nəyə hesablannışdı?
- Bu, hər şeydən əvvəl Azərbaycanın müstəqil xarici siyasət yeritdiyinin, kimsədən asılı olmadığını göstərir. Bir il bundan əvvəl- İkinci Qarabağ müharibəsi zamanı Kiyev bizim yanımızda idi. İndi biz də, şübhəsiz, vəfa borcumuzu ödəməliyik. Səfərin əsas məqsədi iqtisadi çətinliklər yaranacağı təqdirdə, həmrəy olduğumuzu, Ukraynaya dəstək verəcəyimizi bildirmək idi. Düşünürəm ki, indi Ukraynaya da bizim iqtisadi sahədə dəstəyimiz daha çox lazımdır, nəinki hərbi istiqamətdə. Çünki NATO Kiyevi silah-sursat baxımından kifayət qədər təmin edir. Əlbəttə, səfər təkcə Ukrayna üçün deyil, həm də bizim üçün maraqlı və faydalı idi. Bu, xüsusilə ərzaq təminatı və təhlükəsizliyi məsələsində özünü göstərəcək. Ümumiyyətlə, zənnimcə, gələcəkdə Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər. Ankara- Kiyev əlaqələri isə bizim hərbi sənayəmiz üçün ciddi perspektivlər vəd edir.
- Bu yaxınlaşmalar, sizcə, Rusiyanı qıcıqlandırmır?
- Əlbəttə, əlaqələr Moskvanın narazılığına səbəb olacaq və bəlkə də, artıq olur. Amma Kreml indi buna biruzə verə biləcək, əks addımlar ata biləcək vəziyyətdə deyil. Rusiya bu ittifaqdan öz mənafeyi naminə istifadə etməyə çalışacaq. Necə ki, Türkiyə Cənubi Qafqaza gələndə bunu etdi. Nəzərinizə çatdırım ki, qardaş ölkə bölgəyə girməsə idi, şimal qonşumuzun işi çox çətin olacaqdı.
- Müharibə başlamasa, proseslər səngiyən templə inkişaf etsə, bu, Prezident Vladimir Zelenski əleyhinə narazılığa səbəb olmaz? Axı xalq artıq savaşa, torpaqların azadlığına köklənib…
- Bəli, etirazlar gözləniləndir. Əlbəttə, kimsə hakimiyyətini təhlükəyə atmaq istəməz. Amma bu o demək deyil ki, o, müharibədə maraqlı olmalıdır. Savaş bütün hakimiyyətlər, siyasi liderlər üçün itki deməkdir. Düşünün, hərbi əməliyyatlar başlasa, nə qədər insan həlak olacaq…Üstəgəl, nə ABŞ, nə də onun Avropadakı müttəfiqləri Ukraynanı müdafiə etməyəcək, tərəflər təkbətək qalacaq. Bununla belə, güman edirəm ki, bundan sonra Ukraynada hakimiyyət dəyişilsə belə, Qərbə meyil daha da güclənəcək, nəinki Rusiyaya.
- Bəs Krım, Donetsk və Luqanskın müharibəsiz azad olması mümkündür?
- Bunun üçün NATO Rusiyanın tələblərini yerinə yetirməlidir. Bu isə ağlabatan deyil. Ümumiyyətlə, o ərazilərin nəinki müharibəsiz, heç müharibə ilə də Ukraynaya qaytarılması mümkün görünmür

Kənan Novruzov

Bütöv.az
20-01-2022, 13:14
SƏNSİZ SƏNƏ OLAN BİR TOYDUR RAHİD

3 qat dünya cempionu Şəhid İlkin Məmmədovun evində, guşəsində olduq. Ofelya xanım min bir nemətlə süfrə açıb 3 Şəhid anasını da dəvət etmişdi və biz bacıları gözləyirdi. Məlahət Yusifqızı, Şamama Şeyda, Lətifə Rəşid və mən Rəna Mərzili. “Xan qızı Natəvan” ədəbi məclisinin “Şəhidlərə şahid misraları” kitabını aparmışdıq. Rahidin anası Sənubər xanımla tanış olub, fevralın 13-ü Rahidin ad günü olduğunu öyrəndik. “Toy etməmişəm, ad günün eləyəm” söylədi bə bizi də dəvət etdi. Ad gününə həsr olan bu şeirlər ruhunu şad etsin, Şəhidim!

Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuşdur. Orta təhsilinə 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbində başlamışdır. 2016-cı ildə Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində yerləşən Cümə məscidinin mədrəsəsində 6 ay dini təhsil almışdır. Bundan sonra bir il müddətində Maştağa qəsəbəsində yerləşən İmam Cəfəri Sadiq (ə.s) adına məscidin mədrəsəsində dini təhsilini davam etdirmiş, daha sonra Cəlilabad rayon mədrəsəsində 6 ay oxumaqla təhsilini başa vurmuşdur.

2019-cu il aprel ayının 1-də Masallı rayonundan hərbi xidmətə yollanmışdır. Aprel ayının 2-dən 3 ay müddətində “N” saylı hərbi hissədə xidmət etmiş. iyul ayında başqa bölükdə xidmətini davam etdirmişdir. 2020-ci il 28 sentyabrda Talış kəndi və Suqovuşan qəsəbəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il 29 oktyabr tarixində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Səhidlər Xivabanında dəfn olunmusdur.

Rahid

Ananın ürəyi parça-parçadır,

Əxlaqın, namusun bəhəri Rahid.

O soyuq məzarın güllü bağçadır,

Atanın nisgili, qəhəri Rahid.

Mələk bir ananın İmam balası,

Getsə də tarixdə izi qalası.

Atanı, ananı dərdə salası,

Elinin qeyrəti, hünəri Rahid.

Oxudun “Quran”ı, sən vurdun başa,

İmamlarla adın çəkilir qoşa.

Sən özün könüllü getdin savaşa,

Vətən torpağının sipəri Rahid.

Vətən torpağının qeyrətin çəkdin,

Qarabağa qanınla lalələr əkdin.

Ox olub düşmənin gözünü tökdün,

Qoşa bacıların kədəri Rahid.

Dilinin kəlməsi “Quran” ayəsi,

Peyğəmbər övladı, imam nəvəsi.

Yolunu gözləyir İslam kəbəsi,

Müqəddəs Kərbəla şəhəri, Rahid.

“Ana can” kəlməni gözləyir anan,

Dərdinlə alışıb odunla yanan.

Qardaşın itirmiş o qoşa sonan,

Dərdli ürəklərin qubarı Rahid.

Tökdün neçə düşməninin qanını,

Vətəninə sipər etdin canını.

Atan da qoymuşdu qoç qurbanını,

Müqəddəs Şuşanın zəvvarı Rahid.

Şeyda çəkir dünyanın dərd-sərini,

Haqq-ədalət qoy tapsın öz yerini.

Tamı yox eləsin şərin cəmini,

Ananın dilinin qabarı Rahid.

Şamama Şeyda

Rahid

Hər səhəri şirin salam verərdin,

Anan yenə səni duyaydı, Rahid.

Pərişan saçları bir haray çəkir,

Kaş ki, toy xınası qoyaydı, Rahid.

Anan xonça bağlar, gülü qaralı,
Layla deyir, sızıldayır yaralı.

Mələkləri kövrəldibdir bu halı,

Toyunda oynayıb doyaydı, Rahid.

Həyalı, imanlı halal böyüdün,

Ata nəsihətin, ana öyüdün.

Qayıt bala, sən vəfasız deyildin,

Göylərə ucalan haraydı, Rahid.

Toy etmədim deyib, ad günü edər,

Müjdələr, dualar ruhuna gedər.

Zülüm ərşə dayanıbdır bu qədər,

Dünya bir xaraba saraydır, Rahid.

Əzbər bildin “Quran”ı cümlə-cümlə,

Şəhid oldun, ucaldın öz gücünlə.

Məkkə, Mədinə gəzdin öz səcdənlə,

Şəhid adın Allahdan paydır, Rahid.

Rəna deyər, müqqəddəsim, Şəhidim,

Ey sədalı səsim, sən ey Şəhidim.

Andım, əziz kəsim, sən ey Şəhidim,

Sənsiz sənə olan bu toydur, Rahid!

Rəna Mərzili

Bütöv.az
20-01-2022, 13:02
Baş Qərargah rəisi “Şahinlər”imizə tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.
Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Bütöv.az
20-01-2022, 10:36
Milli Məclisin sədrindən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım - FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova özünün tviterdəki hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin!”




Bütöv.az
18-01-2022, 15:20
Zakir Qaralov Azərbaycanı birdəfəlik TƏRK EDİB?

Sabiq Baş prokuror Zakir Qaralovun ölkəni tərk ediyi xəbəri yayılıb.

Bütöv.az-ın GUNinfo.az-a istinadən xəbərinə görə, bu barədə sabiq Baş prokurora yaxın mənbələrdən bildirilib.

İddialara görə bir neçə gün öncə, yəni yanvarın 11-də Z.Qaralov Azərbaycanı tərk edib. Rəsmi mənbələrdə sabiq Baş prokurorun yanvarın 11-də doğum günü olduğu bilinməkdədir. Amma və lakin, Qaralovun həmin gün nə səbəbə görə ölkəni tərk etməsi ilə bağlı nə mediada nədəki, digər mənbələrdə heç bir məlumat verilməyib. Gələn ən son xəbərlərdə, Zakir Qaralov öncə Gürcüstana daha sonra isə oradan xarici ölkərədən birinə getdiyi deyilir.

Qeyd edək ki, 2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu 2020-cil il may ayının 1-də yəni düz 20 ildən sonra tərk etib, daha doğrusu vəzifədən azad edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!