Azərbaycan Televiziyası (AzTV) Prezident İlham Əliyevin Zuğulbadakı iqamətgahından reportaj hazırlayıb.
Bildirilib ki, bu iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb.
Onun üzərində olan çantaya baxış zamanı yeddi büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı bir ədəd “Makarov” markalı tapança və altı ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı bir ədəd AKS-74 markalı avtomat, bir ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, bir ədəd F-1, eləcə də bir ədəd RDQ-5 qumbaraları və partlayıcı aşkar edilib.
Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə bir ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və iki ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Yanvarın 12-si Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb.
Qərarda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilsin.
Qərarda həmçinin qeyd olunur ki, AMEA Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Bütöv.az yeniavaz.com-a istinadən xəbər verir ki, hazırda Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun ərazisində AMEA-nın “Qonaq Evi” fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində göstərilir ki, qonaq evləri müasir dizaynda təmir edilib, lazımi avadanlıqlarla təhciz olunub. İstirahət mərkəzində qonaqların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqlama və istirahət üçün 17 geniş və rahat otaq təqdim olunur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89 ünvanında yerləşən qonaq evinin 1 günlük qiymətləri 1 nəfər üçün 50 manat (səhər yeməyi daxil olmaqla), 2 nəfər üçün 70 manat (səhər yeməyi daxil olmaqla) təşkil edir.
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.
Bütöv.az “Report”a istinadən xəbər verir ki, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib.
Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur: “Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib”.
Şikayətdə qeyd edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib: “İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib. Bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşir. Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilən icarə haqqının dövlət tərəfindən müəyyən edilən standartdan artıq olmasına dair dövlət orqanlarından heç vaxt irad bildirilməyib”.
Eyni zamanda apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi tələb olunur: “Bu hal məhkəmə iclasında şahid qismində dindirilən "Azərmətbuatyayım" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun Vüqar Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə onun hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə məsuliyyətini istisna edir”.
Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib: “Həmin epizod üzrə Vüqar Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt yoxdur. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev “Portos” MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, “Portos” MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb”.
Şikayətdə qeyd edilib ki, bu epizod üzrə V.Səfərli günahkar deyil, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ayaz Nəzərovun ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.
“Qafqazinfo”nun məlumatına görə, A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub.
Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb. Onlar Tovuzun Bozalqanlı kəndində yaşayıb.
Faktı Bozalqanlı kəndinin bələdiyyə sədri Zahid Tanrıverdiyev də saytımıza təsdiqləyib.
Prezident İlham Əliyev Məmməd Əhəd oğlu Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, M.Salmanov Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qazaxıstanda yaşanan hadisələr fonunda bütün postsovet ölkələrində gərginlik müşahidə olunmaqdadır. Xüsusi ilə məmur özbaşınalığının sərhəd tanımadığı ölkələrdə Qazaxıstan senarisinin təkrarlanmayacağına zəmanət yoxdur. Üstəlik, Qərbin narıncı inqilab texnologiyasını özünəməxsus formada mənimsəmiş Rusiyanın xüsusi xidmət orqanları cəmiyyətdəki sosial-iqtisadi narazılıqlardan maksimum istifadə etməklə həmin ölkələrin suverenliyi üçün böyük bir təhlükə mənbəyinə çevrildiyini artıq sübut ediblər.
Bu baxımdan postsovet ölkələri üçün Rusiyanın artan təhdidlərindən hakimiyyətlər ciddi narahat olmağa başlayıb. Bu sırada Özbəkistan hakimiyyətinin atdığı addımlar diqqət çəkir. Beləki, mərkəzi hakimiyyət Rusiyanın işğal senarisini önləmək üçün insanları narazı salan məmurlar üzərində ciddi nəzarət mexanizmi həyata keçirməklə bərabər bütün təhdid mənbələri üzrə tədbirlər görür. Eyni narahatlıqlar zəif də olsa Azərbaycan hakimiyyətində var. Amma hakimiyyət hələlik məmur özbaşınalığından qaynaqlanan sosial narazılığı önləmək üçün ciddi tədbir görməyə tələsmir. Müşahidələr isə göstərir ki, ölkə daxilində Azərbaycanın müstəqilliyi ciddi təhlükə ola biləcək kifayət qədər ciddi təhdid mənbələri var. Xüsusi ilə Rusiyaya bağlılığı şübhə doğurmayan hakimiyyət daxili qruplaşmaların yerlərdəki kadrlarının fəaliyyəti bunu deməyə əsas verir. Bu baxımdan sosial-iqtisadi narazılıqla yanaşı məmur özbaşınalığının və hərəkətsizliyinin pik həddini yaşayan Lənkəran rayonu diqqətə alınmalıdır. Minlərlə sakinin iş dalınca Rusiyaya üz tutmasından tutmuş qonşu dövlətdən qaynaqlanan narkomaniyanın rayonda geniş yayılması da lazımi məqamlarda Lənkərana kənar təsirləri artıran faktorlardır. Belə bir vəziyyətdə isə 10 ildir əhali sayına nisbətdə ölkənin ən böyük rayonlarından biri olan Lənkərana rəhbərlik edən icra başçısı Taleh Qaraşovun fəaliyyəti çox şübhəlidir.
AzToday.az xəbər verir ki, təkcə Lənkəran sakinlərinin mediada yayılmış şikayətlərinin sayı rayonda vəziyyətin dözülməz səviyyədə olduğunu göstərir. Bu yazımızda ancaq Lənkəran İcra Hakimiyyətinin birbaşa fəaliyyətindən qaynaqlanan problemlərin bir hissəsini işıqlandırmağa çalışacağıq.
Lənkəran şəhərinin problemləri
Əsas mərkəzi küçələr istisna olmaqla şəhərin küçələri təmirsizdir, xüsusi ilə qonşu rayonlar sakinlərinin də alış-veriş etdiyi Lənkəran bazarı və ətraf küçələr yağışlı havalarda keçilməz olur. Ötən ilin yay aylarında şəhərin bir-neçə küçəsi asfaltlansa da, şəhərdaxili yolların böyük əksəriyyəti Suriyanın müharibə gedən yaşayış məntəqələrinin küçələrini xatırladır.
Şəhərin əsas mərkəzi küçələri mal-qaranın otlaq sahəsinə çevrilib. Aztoday.az həmin görüntüləri təqdim edir: Şəhərin əsas tarixi tarixi abidələri baxımsız vəziyyətdə məhv olur, amma icra hakimiyyəti və aidiyyatı dövlət qurumları tarixi abidələrin bərpası üçün heç iş görmür. Vəziyyət o həddə çatıb ki, lənkəranlılar tarixi Zindan qalasının təmir olunması üçün sosial şəbəkələrdə müxtəlif aksiyalar keçirmək məcburiyyətində qalıblar. Lənkəran şəhərinin illərdir mövcud olan kanalizasiya problemi də həllini tapmayıb. Açıq kanalizasiya xətləri sakinləri üfünətli hava ilə nəfəs almağa məcbur qoyur.
Şəhərdə demək olar boş ərazilər qalmayıb, hətta son illər bir-neçə avtobus dayanacağının ərazisi belə icra hakimiyyəti tərəfindən satılıb.
Təngivanı kim məhv edir?
Təngivan kəndinin düz ortasından keçən Lənkərançay çayının yatağı “PROFCO” MMC tərəfindən qazılaraq daşınmaqdadır. Artıq qazıntı işləri kənd sakinlərinin otlaq və əkin sahələrinə keçib. Sakinlər kəndi məhv edən şirkətin icra başçısı Taleh Qaraşova məxsus olduğunu deyir. Əks halda Lənkəranın onlarla kəndini təhlükə altında qoyan şirkətin qanunsuz fəaliyyətinə dövlət qurumları müdaxilə edəcəyini bildirirlər.
Dənizə həsrət qoyulan sahil kəndi
Xəzər dənizinin sahilində yerləşən Vel kəndinin sahil əraziləri mkanlı şəxslərə satılıb. Nəticədə isə sakinlərinin dəniz sahilinə çıxışı faktiki olaraq bağlanıb. Sakinlər cəmi 100 metr aralıdakı sahilə getmək üçün 5-6 kilometr yol qət etmək məcburiyyətində qalıb.
Sakinlərin sözlərinə görə, illər əvvəl kənddə yeni məktəb tikilib və köhnə məktəbin ərazisi isə boş qalıb. Həmin ərazidən sakinlər rahatçılıqla gedib gələ biliblər və yeniyetmə uşaqlar köhnə məktəbin ərazisində müxtəlif idman növləri ilə məşğul olublar. Amma bir-neçə il əvvəl Vel kəndinin köhnə məktəbinin 74 sot ərazisi də yerli qurumlar tərəfindən satılır. Həmin yeri alan şəxs (adını kənd sakinləri də bilmir – red) isə ərazini daş hasara alaraq sakinlərin sahilə yolunu bağlayır. Və sakinlərin də problemi bundan sonra başlayıb.
Bununla bağlı kənd sakinlərinin müvafiq qurumlara etdikləri şikayətlər illərdir nəticəsiz qalıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla əlaqədar qurumlar sakinlərin problemlərini görməzdən gələrək sakinlər üçün 2 metrlik piyada yolunun da açılmasına şərait yaratmır. Bu isə kəndin əsas dolanışıq mənbəyi olan turizmə ciddi təsir göstərib.
Ən çox şəhid verən kəndə yol yoxdur
Ölkənin ən çox yağıntı düşən yaşayış məntəqəsi olan Gəgiran kəndi Qarabağ müharibəsində 9 şəhid verib. Amma kənd illərdir icra hakimiyyətinin hərəkətsizliyi səbəbindən demək olar yolsuz qalıb. Orta əsr yaşayış məntəqələrini xatırladan Gəgiran kəndininə indiyə kimi müasir yol çəkilməməsi dövlət adına çox böyük bir ayıb sayıla bilər.
Sakinlər bildirir ki, kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etmək hər sürücünün işi deyil. Kənddən rayon mərkəzinə, yaxud da əks istiqamətə hərəkət edən avtomobillər tez-tez qəzaya uğrayır, ölüm-itim olur. Yol hər şeydir. İşdir, qazancdır, rahatlıqdır. Gəgiranlılar bunlardan məhrumdur, çünki yolumuz bərbad vəziyyətdədir…
Lənkəran “xanı” kefindən qalmır
Lənkəranın çox ciddi sosial-iqtisadi problemlərini həll etməyən icra başçısı və övladlarının bahalı həyat tərzi keçirməsi haqlı narazılığa səbəb olur.
Qeyd edək ki, Lənkəran rayon icra başçısının özü və övladları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Məlumatlara görə, Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.
Mediada yayılan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyindəki işi Lənkərandan Bakıya dəyişdirilmiş Seymur Qaraşov şəhərdə olan zaman səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Məsələ burasındadır ki, Qaraşovların macəraları oğullarla bitmir. Elə icra başçısının özü də illərdən bəri dövlət büdcəsini “dədə malı” olaraq bilir. İllər əvvəl Virtualaz.org saytının verdiyi xəbər bunu deməyə əsas verir. Yazını qısa ixtisarla nəzərinizə çatdırırıq: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?”
Lənkəranın problemləri nə vaxt həll olunacaq?
Ölkənin ən böyük iqtisadi rayonlarından olan Lənkəranın sosial problemlər məngənəsində boğulması 2012-ci ildən indiyənə kimi rayona rəhbərlik edən Taleh Qaraşovun aktivinə yazılmalıdır. Subtropik zonada yerləşən rayonun ənənəvi təsərrüfat sahələrinin sıradan çıxması fonunda Lənkəran ərazilərinin iri oliqarxlar tərəfindən ələ keçirilməsi sakinləri hiddətləndirməkdədir. Nadir ağac növləri ilə zəngin olan Lənkəran meşələrindən tutmuş sahilyanı ərazilər də oliqarxiyanın hədəfinə çevrilib…
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiq edib.
Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.
Qeyd edək ki, sənəd 2021-ci ilin dekabrın 22-də Bakı şəhərində imzalanıb.
“Bizimlə olmayan bizə qarşıdır” ifadəsi müxtəlif zamanlarda Rusiya və ABŞ hakimiyyətləri tərəfindən neytral mövqe sərgiləyən dövlətlərə qarşı təhdid kimi səsləndirilib.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.
“Neytrallıq yalnız dünya nəhənglərinin pullarını özündə saxlayan İsveçrə üçün keçərlidir. Digər dövlətlər ya ABŞ, ya da Rusiyanın yanında qərar tutmalıdır. Bu, xüsusilə də post-sovet məkanındakı ölkələrə aiddir”, - deyə süjetdə bildirlir.