Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
6-01-2022, 15:04
DÜŞMƏNİ GÜLDÜRƏN “AĞSAQQAL MƏSLƏHƏTİ”... - Yaxud Eldar Quliyev “zavod çörəyi” yeyirmi?

Sanki kimsə bizim topluma “Sizi ağsaqqalsız qalasınız”, deyə qarğış edib. Həmin qarğış da deyəsən babatca tutub. Əgər belə olmasaydı, Eldar Quliyev kimi “dahi ictimai xadim” Azərbaycan Ağsaqqallar Şurasının sədri olmazdı...

“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”.

Bu deyilənlərdə həqiqət payı var. Ancaq görəsən, Eldar Quliyev nədən bu məsləhətini un, çörək bahalaşmadan öncə vermirdi?...

Bəlkə də bunu özü ortabab dolanan, tez-tez üzdə də olsa camaatın halına yanan, kasıb-kusubu müdafiə edən, xalqın sayıb-seçdiyi birisi çıxıb desəydi, camaatda bu qədər kəskin reaksiya, qəzəb doğurmazdı. Ancaq bu “məsləhəti” “bir əli yağda, bir əli balda” yaşayan, 5 dəfə(!) deputat “seçilən”, eyni zamanda da Azərbaycan Kooperasiya Universiteti başda olmaqla, xeyli “obyektin”, mülklərin, var-dövlətin sahibi olan, özü uzun illərdir bəlkə də “zavod çörəyi”ni bəyənmədiyindən yaxına da buraxmayan, onun qiymətini belə bilməyən birisi verəndə, kasıb əhalinin bunu ağsaqqal məsləhəti yox, az qala söyüş kimi qəbul etməsi təbiidir...

Xatırladaq ki, Azərbaycan ağsaqqallarının rəsmi “lideri” olan bu şəxs dördcə ay əvvəl benzin bahalaşanda da öz “ağsaqqal məsləhəti”ni xalqdan əsirgəməmişdi: "Şanlı Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz..."

Məntiqlə indi də durub deməliydi ki, “unun kisəsi 10 manat, çörək isə 15 qəpik bahalaşmaqla, kimsə kasıblamaz”.

Ancaq görünür, keçən dəfəki “şedevr” fikrindən sonra ünvanına yağan “minnətdarlıq mesajları” bu dəfə onu bir qədər fərqli danışmağa vadar edib...

Onu da qeyd edək ki, son fikirlərilə xalqı təkcə israfçılıqda yox, həm də acgözlükdə, görməmişlikdə günahlandırmış olan bu şəxsin açıqlamaları erməni mətbuatında da tirajlanmaqda, ələ salınmaqdadır. Özünü də lağ obyektinə çevirib, bizi də - düşmən sevindirən “el ağsaqqalı”!...

Xatırladaq ki, elə də uzaq olmayan keçmişdə Fransa fahişəxanasındakı qadınla söhbətlərindən sitat gətirməsilə tanınan həmin bu deputatımız(!) həm də iqtisad elmləri doktoru və professordur. Və Norveç Nobel Komitəsinin böyük haqsızlıq edərək unutduğu və hələ də ödülləndirmədiyi bu “misilsiz” iqtisadçı-alimin az qala unun qiymətinin qalxmasını əhalinin "çörək israfçılığı", vəziyyətdən çıxış yolunu isə çörəyə qənaətdə görməsi də başqa bir aləmdir...

Söhbət Fransadan düşmüşkən, orta əsrlərdə xalqdan, onun dolanışığından, real həyatından uzaq düşmüş Fransa kraliçası Mariya Antuanetta ilə bağlı bir rəvayət var. Ona xalqın yeməyə çörək tapmadığını deyəndə, “Çörək tapa bilmirlərsə, tort yesinlər” deyibmiş.

Eldar Quliyev kimi kefinə kef çatmayanların kasıb camaata çörəklə bağlı məsləhət verməsi də buna bənzəyir.

Doğrudur, Mariya Antuanetta ağbirçək yaşına çatmamış həyatla vidalaşmalı olmuşdu, onu edam etmişdilər. Ancaq yaradanın bizə “lütfüdür” ki, Eldar müəllim kimi ağsaqqalımız yaşayır, yaşayacaq və öz “ağsaqqal məsləhətləri”ni hələ uzun müddət bizdən əsirgəməyəcək...

(“AzPolitika.info”)

Bütöv.az
6-01-2022, 14:51
İlham Əliyev və Mehriban Əliyeva “Xanım Fatimeyi Zəhra” məscidində - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Bütöv.az xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.



6-01-2022, 10:58
Həbsdəki generalın gizli əmlakları ortaya çıxarıldı

Bakı Hərbi Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb.

İttiham aktına görə istintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin - Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının üzərinə həbs qoyulub.

İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir.

Mövlam Şıxəliyevin 7 milyon 738 minlik, Yasin Məmmədovun 278 minlik əmlakına həbs qoyulub

Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub.

Bəs zərərçəkənlərə 12 milyon manat hansı mənbədən ödəniləcək?

Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.

Zərərçəkənlər araşdırma apardı, Mövlam Şıxəliyevin gizli qalan əmlaklarının siyahısını hazırladılar

Həbsdəki general Türkiyədəki və Dubaydakı biznesini zərərçəkənlərə bağışlayır FOTO VİDEO - Istiqamet

Bütöv.az-ın məlumatına görə, zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, artıq bu istiqamətdə atdıqları addımların nəticəsi var.

Hüseyn Səfərov digər zərərçəkənlərlə bərabər bir çox ünvanlarda Mövlam Şıxəliyevin əmlaklarını müəyyən etdiklərini deyib.

O bildirib ki, istintaq onlara vurulan ziyanı ödəmək üçün tədbir görməlidir: “Bu gün Mövlam Şixəliyevin ailəsi 3 nəfərdən ibarətdir. Özü də, ailə üzvləri də Ağdaşda anadan olublar. Gəlin baxaq, bu adamın özünün, arvadının, oğlunun, qızının adına nələr var və nə vaxt alıblar? Eldar Mahmudov vəzifəyə gələndən sonra Mövlam Şıxəliyevi də özü ilə MTN-ə gətirdi. Bundan sonra Mövlam Şıxəliyev oldu böyük bir əmlak sahibi. MTN biznes strukturu idi? Mövlam Şıxəliyev adlı biznesmen tanıyan var bu ölkədə? Aybəniz Knyaz qızı Şıxəliyeva adlı biznesmen qadını necə, tanıyan var?

Hələ bu harasıdır?

Samirə, Elgün Şıxəliyevləri iş adamı, sahibkar kimi tanıyan neçə nəfər var bu ölkədə?

Yoxdur, ola da bilməz. Çünki bütün əmlaklar mənim kimi iş adamlarının talanmasından əldə olunan gəlirlər hesabına əldə edilib. İstintaq isə əmlakların müəyyən edilməsinə başdansovdu yanaşıb. Deyirəm, qoy hamı da bilsin! Araşdırsınlar, biz zərərçəkənlərin zərərini ödəyəcək qədər əmlakları var bunların, ortaya çıxarsınlar. Mövlam Şıxəliyev rayonda bazarda “uçastkovı” işləyib. Bakıdakı bazarda işləsəydi belə, o qədər var-dövlət yığa bilməzdi. Bir “uçastkovı” göstərin ki, bunun sərvəti qədər sərvəti olsun! Bunun biznesinin sorağı Dubaydan, Praqadan, Türkiyədən gəlir. Bakının göbəyində, “Tarqovı”da hara baxırsan bunun evi, bunun obyektləridir.

Özü, Mövlam Məmmədismayıl oğlu Şıxəliyev 7 oktyabr 1958-ci ildə Ağdaşda anadan olub. 2004-cü ildə baş quldur Eldar Mahmudov vəzifəyə gələndə bunu da yedəyində MTN-ə gətirib. 2008-ci ilin martında da MTN-in İstintaq Baş İdarəsinə rəis təyin edib. Elə həmin ilin sentyabrında artıq Vüsal Ələkbərovla əlbir olub sahibkarlara hücuma keçiblər. Haradan başlayıblar? Əlbəttə ki, banklardan! Başlayıblar “Texnikabank”dan, konkret olaraq Bakı filialından. Filialda kimin əmanəti vardısa, onun, ailə üzvlərinin başına oyun açdılar, pullarını da aldılar, filialdakı əmanətlərindən də imtinaya imza atdırıb ələ keçirdilər.

Belə hərəkətləri bir deyil, iki deyil.

Onun adına olan əmlaklar bunlardır:

Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak;

Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi;

Nizami rayonu, Qara Qarayev prospekti, 39 a ünvanında yerləşən daşınmaz əmlak;

Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak;

Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak;

Binəqədi rayonu, Goradil kəndi, 690 a ünvanında yerləşən daşınmaz əmlak;

İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak.

Onun arvadı Aybəniz Knyaz qızı Şıxəliyeva da 7 oktyabr 1961-ci ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən 74,97 kv.m sahəsi olan daşınmaz əmlak;

Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlak;

Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak;

Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak;

Onun qızı, Samirə Şıxəliyeva (Əliyeva) da 1 yanvar 1986-cı ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 685 V ünvanında yerləşən 1087.7 kv. m sahəsi olan daşınmaz əmlak;

Onun oğlu Elgün Mövlam oğlu Şıxəliyev də 9 may 1984-cü ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Bakı şəhəri, Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak;

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak.

“Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan hansı əmlaklar olub?

Biz zərərçəkənlər “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti, 3 mənzilini ortaya çıxarmışıq. Novxanıda 2 imarətini, “Torqovı”da obyektlərini, mənzillərini də müəyyən etmişik. Bakıdakı məşhur “Praqa” restoranı, onun altındakı market də bunundur. Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyalarının ətrafında bunun mebel mağazaları şəbəkəsi var. Hamısı da bacısı oğlunun adına “oformit” eləyib.

Bu hələ tam siyahı deyil. Onun rayonlarda, ölkənin xaricində də xeyli əmlakları var və bizlər araşdırma aparırıq. Mövlam Şıxəliyev biz zərərçəkənlərə vurduğu maddi və mənəvi ziyanı axırıncı qəpiyinə qədər ödəməlidir. Bu işdə bizlər Azərbaycan dövlətinə arxalanırıq, istəyimiz də budur ki, baş prokuror Kamran Əliyev bizlərə qarşı baş verən cinayətlərin tam olaraq araşdırılmasına maraqlı olsun. Cinayəti və cinayətkarları məsuliyyətdən kənar qoymasınlar. Nəhayət ki, haqq-ədalət bərqərar olmalıdır”.
6-01-2022, 10:32
“Ştutqart”ın sahibi olan eks-deputata qarşı ağır ittihamlar

Sabiq deputat Nəriman Əliyev özünə məxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunur. N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırır.

“Qafqazinfo”ya müraciət edən həmin şirkətin keçmiş əməkdaşı Abutalıb Ağayev iddia edib ki, N.Əliyev paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi “10 C” ünvanında yerləşən boş ərazini özəlləşdirərək öz adına rəsmiləşdirib: “Orada 941.5 kvadratlıq iki mərtəbədən ibarət anbar, 132.2 kvadratlıq iki mərtəbədən ibarət ofis binası inşa edib. Bundan sonra, 2020-ci ilin aprel ayında geridə qalan boş sahəni hündür hasara almaqla bu hissədə yerləşən 37 ədəd bir neçə illik, böyük ağacları kəsərək tikinti aparmaq üçün hazır vəziyyətə gətirib. Bununla bağlı müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək baxış keçirib”.

A.Ağayevin sözlərinə görə, N.Əliyev ağacları kəsdikdən sonra “burada ağaclar olduğu unudulan kimi tikintiyə başlayacağıq” deyib: “Ağaclar kəsilib, Hövsanda boş torpaq sahəsinə yığılıb. 37 ədəd ağacı kəsməklə ekologiyaya vurduğu ziyana görə Nəriman Əliyev cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Keçmiş deputat Nəriman Əliyev isə “Qafqazinfo”ya açıqlamasında ağac kəsdirməsi iddialarını qəbul etməyib: “O obyekt 2004-cü ildə tikilib və mənə məxsusdur, düz 16 il qabaq da onun üçün çıxarış alınıb. Bu şəxslər Ekologiya Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Hər iki qurumdan da həmin əraziyə baxış keçirilib və deyilib ki, onların iddiaları əsassızdır. Orada ağac kəsilməyib, kol-kos olub və onlar da təmizlənib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.

Keçmiş deputat Nəriman Əliyev əlavə edib ki, bacısı oğlu Əfqan Abdullayev və onun işçisi Abutalıb Ağayevdən polisə şikayət etdiyi üçün həmin şəxslər onu ağac kəsilməsi iddiası ilə şantaj edirlər: “Əgər belə bir hadisə olubsa, bu barədə niyə indi məlumat verirlər? Onların işi Daxili İşlər Nazirliyində İstintaq İdarəsində araşdırılır. Mən “Ştutqart” MMC-nin təsisçisiyəm və bacım oğlu Əfqan Abdullayevi də direktor təyin etmişdim. Abutalıb Ağayev də şirkətin əməkdaşı olub. Onlar birlikdə şirkətin 10 milyon manatdan çox pulunu mənimsəyiblər. Bura özəlləşəndən sonra biz şirkətə dəyən ziyan haqda məlumat almışıq və DİN-ə müraciət etmişik. Həmin işdə də bu şəxslər ittiham olunurlar. İndi buna görə də onlar məni bu yolla şantaj edirlər”.
N.Əliyevin bacısı oğlu Əfqan Abdullayev isə saytımıza açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 8-də dayısı Nəriman Əliyevlə yollarını ayırıb: “Biz hamımız oturub Nəriman Əliyevlə hesabat etmişik. “Ştutqart” MMC-nin paylarının 33 faizi mənim olub. Qalan 67 faiz isə Nəriman Əliyevdə olub.

2004-cü ildə mənim atam “Karkaz” şirkətini yaradıb və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla şərik olub. Daha sonra Nəriman Əliyev də gəlib pul yatıraraq bu işə qoşulub. Biz kasıb adamlar idik, Nərimanın isə pulu var idi. Eldar Mahmudovun obyektlərinə biz baxırdıq. 2015-ci ildə MTN-də baş verən hadisələrdən sonra Eldar Mahmudovla olan şərikliyə son qoyduq.

Daha sonra da “Ştutqart MMC”ni yaratdıq. 2021-ci ilin sentyabrında da Nəriman Əliyev bizim səhmləri alaraq pulumuzu verdi və onunla ayrılmışıq. Biz halallaşdıq, təhvil-təslim işlərini etdik. İndi oturub orada işi idarə edə bilmir deyə deyir ki, Əfqanın açdığı “Avtodetal” şəbəkəsi bizə zərər verir. Buna görə də bizə şər-böhtan atır. Guya biz oradan 25 milyon manat pul "yemişik". Qanun-qayda var, DİN-ə məktub yazdı və mən də gedib izahat verdim. Hazırda onun işçisi olan Orxan adlı şəxs də gəlib Nəriman Əliyevin verdiyi izahatları təkzib etdi.

Heç bir cinayət işi də açılmayıb. “Ştutqart”dan kim çıxıbsa, hər birinin adına 300-500 min məbləğ yazıb. Guya ki, bu qədər pul mənimsənilib. Ən çox da mənim adıma yazılıb - 15 milyon manat. Orada anbar müdiri olan Elşənin adı siyahıda yoxdur, amma onun fəhlələri yeyintidə ittiham olunur. Əgər bu pulları fəhlə “yemişdisə”, niyə anbar müdiri olan və Nəriman Əliyevin sinif yoldaşı olan Elşən vaxtında bu barədə məlumat verməyib?”

Abutalıb Ağayev qeyd edib ki, sentyabr ayında “Ştutqart” MMC-dən çıxan 64 nəfər maaşlarını ala bilmədikləri üçün dövlət qurumlarına müraciət ediblər: “Biz 64 nəfər eyni vaxtda işdən çıxıb “Avtodetal” şirkətində Əfqan Abdullayevlə işləməyə başladıq. Nəriman Əliyev isə oradan çıxanların maaşını vermədi. Ümumilikdə bizə 76 min manat maaş verməlidir. Orada biz maaşı tam rəsmi almırdıq. Məsələn, mənim maaşın 1500 manat idi, rəsmi olaraq 226 manat alırdım, qalan pulu isə şəxsən Nəriman Əliyev özü “paket”də verirdi”.

Bütöv.az
5-01-2022, 15:24
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz, haqlı olaraq, dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Bütöv.az
5-01-2022, 15:11
Rasim Əhmədlinin Ukraynada da fırıldaqçılığı ÜZƏ ÇIXDI

Türkiyədə özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edərək, mükafat alan Rasim Əhmədlinin bu əməlini başqa ölkələrdə də törətdiyi məlum olub.

Modern.az-a daxil olan məlumata görə, R.Əhmədli bundan əvvəl Türkiyənin Bursa şəhərində də eyni fırıldağa əl atıb.
Daha əvvəl isə Ukraynada özünü II Qarabağ müharbəsinin iştirakçısı və qazi kimi təqdim edib. Bu addan istifadə edən dələduz yüksək pul mükafatları, bahalı hədiyyələr əldə edərək, ölkəni tərk edib.

Bütöv.az
5-01-2022, 15:09
Eldar Mahmudovun bandasının tanınmış ismi ilə bağlı sensasion məlumatlar

Vəkillər Kollegiyasına ən son üzv olan 113 yeni vəkildən biri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin ən fəal üzvü olub. MTN-də işlədiyi 7 il ərzində dövlətin, vətəndaşların mənafelərinə vurduğu ziyanla əlaqəli hazırda təqsirləndirilən şəxs olaraq məhkəmə qarşısına çıxarılıb. Onun epizodu üzrə zərər çəkmiş şəxslərdən biri özünü öldürüb, daha bir zərərçəkənin anası oğlunun şərlənməsinə dözməyərək ürəyi partlayıb, dünyadan köçüb.

Təzə vəkil MTN-də “mahmudovçu”ların sırasında olarkən onun əli ilə zərərçəkənlərə vurulan ziyan 10 milyon manatı aşır!

Kimdir təzə vəkil – “mahmudovçu” Yasin Məmmədov?

Yasin Seyfulla oğlu Məmmədov 2021-ci il dekabrın 26-da Vəkillər Kollegiyasının vəsiqəsinialıb, cibinə qoyub və rəsmən vəkil kimi fəaliyyətə başlayıb.

Yasin Seyfulla oğlu Məmmədov 2008-ci ildə Milli Təhülkəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda olduğu müddətdə Yasin Məmmədovun adı ağlasığmaz vəzifə cinayətlərinə qarışıb. 2015-ci ilin oktyabrında MTN-də xüsusi əməliyyat keçiriləndən 1 ay sonra Yasin Məmmədov qurumdan xaric olunub.

MSK-nın sədr müavinin qardaşı olması...

Həmin dövrdən sonra zərərçəkənlər Yasin Məmmədovun cinayətləri barəsində və həbsi tələbi ilə dövlət orqanlarına şikayətlər yazıblar. Onun uzun müddət istintaq kənar qalmasını isə o zamanlarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini olan qardaşı Natiq Məmmədovun əlaqələri ilə izah edirdilər.

2018-ci ildə Natiq Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra da, Yasin Məmmədov istintaqdan kənar qalmışdı.

Nəhayətdə, Yasin Məmmədov 2021-ci ildə istintaqa cəlb edilib. Hazırda o, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov və MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovla birgə məhkəmə qarşına çıxarılıb.

Yasin Məmmədov və digərilərinin əməlləri ilə bağlı 5 ilə yaxın Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Cinayət dosyesi 2021-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsinə göndərilib və hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində...

İttiham aktının Yasin Məmmədova aid hissəsində oxuyuruq:

-MTN Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanunlarına mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə,

zərərçəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankların qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz

əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının, şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatları

yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgənin külli miqdarda əmlakını tələb etmiş,

vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə

əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi, nemət olan pulu hədə-qorxu tətbiqi etməklə rüşvət kimi istəyib almışdır.

Təzə vəkil Yasin Məmmədova hansı maddələrlə ittiham verilib?

Yasin Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

rüşvət alma (passiv rüşvətxorluq)

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

311.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə

– vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda

maddələri ilə ittiham verilib.

Qeyd etdiyimiz kimi onun ittiham olunduğu epizodlar üzrə vurulmuş ziyan 10 milyon manatdan artıqdır.

MTN-ə aparıldı, Yasin Məmmədov istintaq etdi, özünü öldürdü!

Ən dəhşətlisi isə odur ki, Yasin Məmmədovun istintaqa cəlb etdiyi şəxslərdən Cahangir Məmmədov MTN-də qarşılaşdığı qanunsuzluqlara dözməyərək özünü öldürüb.

Zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda o zaman mətbuatda məlumat verilmişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, 100 min ABŞ dollar verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını demişdi. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən Cahangir Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü xəstəxananın 5-ci mərtəbədən atıb intihar etmişdi.

Cahangir Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan 3 ay əvvəl intihar edib. Ailənin tələbi odur ki, Cahangir Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın.

“Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən”

Cahangir Məmmədovun anası 85 yaşlı Nərgiz Məmmədova 2017-ci ilin martında ölkə rəhbərliyinə müraciət ünvanlamışdı.

Həmin müraciətdən sitat:

“Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi. MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 100 min dollar alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar”.

Borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub!

Bu günə qədər də Cahangir Məmmədovun ailəsi, 2 övladı evsiz-eşiksiz ağır maddi vəziyyətdə yaşayırlar.

İttihama görə Yasin Məmmədov Cahangir Məmmədovun həbsindən sonra onun qardaşı Məzahir Məmmədovdan 100 min dollar pul alıb. 61 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan Cahangir Məmmədov həbsdən azad ediləndən sonra borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub.

“Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim”

Bu günə qədər mətbuatda Yasin Məmmədovun barəsində zərərçəkmiş şəxslər xeyli ittiham səsləndiriblər.

2018-ci ildə MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması aparılarkən Yasin Məmmədovun adı zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodundada hallanırdı.

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan Rauf Həsənov o zaman demişdi ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, quldurcasına onu ogurlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da Füzuli Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.

Zərərçəkən istintaqa ifadəsində deyib ki, Yasin Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü bu dəfə 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: “Yasin Məmmədov hədə tonunda dedi ki, evimizdə axtarış aparacaqlar. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım”.

“Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır”

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Yasin Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Yasin Məmmədov və Füzuli Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən Yasin Məmmədova özünə verib: “Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim”.

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.

İttihamın Yasin Məmmədova aid hissəsində onun İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar, Əfsəl Həsənəliyevdən 50 min dollar, Azad Rəşidovdan 50 min dollar, Məhəmməd Hüseynovdan 20 min manat və Ağasalam Ağamalıyevdən 50 min manat aldığı, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri arasında bölüşdürüldüyü qeyd olunur.

Və sonda

Dünyaca məşhur “Xaç atası” romanının müəllifi, tanınmış amerikalı yazar və ssenarist Mario Pyuzonun vəkillərlə bağlı məşhur deyimi var: - Vəkil çatnasındakı sənədlərin köməyi ilə min əli silahlı, üzü maskalı banditdən artıq pul qamarlaya bilər.

Mario Pyuzo Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul edilən Yasin Seyfulla oğlu Məmmədovun ittihamnaməsini nəzərdə keçirsə, fikirlərinə - üzü maskalı banditlərin qazancı ilə bağlı hissəsinə heç şübhəsiz ki, yenidən baxmalı olar.

(“Yeni Müsavat”)

Bütöv.az
5-01-2022, 15:05
 Ülkər Məmmədova İŞİD-in uşaq əsgərləri haqda nələri danışıb...

İŞİD-in tərkibində olan və əslən Türkiyədən getmiş terrorçulardan ibarət “Dokumacılar qrupu”nun rəhbəri Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova istintaqa verdiyi ifadədə terror qruplaşmasının azyaşlı əsgərləri haqda danışıb.

Bütöv.az virtualaz.org-a istinadən xəbər verir ki, Ü.Məmmədova İŞİD-in uşaq əsgərlərinin yaşlarının 6 ilə 16 arasında dəyişdiyini deyib. O habelə İŞİD-çilərin azyaşlı uşaqları evləndirməsi barədə də bildiklərini çatdırıb.

Xəbər verildiyi kimi, Ü.Məmmədova Azərbaycanda olarkən sosial şəbəkələr üzərindən M.Dokumacı ilə tanış olub, 2014-cü ildə Türkiyəyə gedərək orada Dokumacı ilə evlənib. Daha sonra onlar uşaqları ilə birlikdə Suriyaya gediblər və İŞİD-ə qoşulublar. M.Dokumacının qrupu 2015-ci ildə Ankara dəmir yol vağzalı qarşısında intiharçı-terrorçuların vasitəsilə terror aktı törədib, nəticədə 100-dən çox adam həlak olub. M.Dokumacı ötən il Suriyanın şimalında pilotsuz təyyarədən endirilən zərbə ilə məhv edilib və bundan sonra Ü.Məmmədova qaynı ilə əlaqə saxlayaraq Türkiyəyə qayıtmaq istədiyini deyib. Qaynının məsləhəti ilə o, Suriya-Türkiyə sərhədinə gedərək təslim olub. Gaziantepdə təcridxanaya yerləşdirilib və istintaqla əməkdaşlığa gedib, İŞİD haqqında bildiklərini çatdırıb. Bu günlərdə məhkəmə onun könüllü təslim olduğunu və çoxsaylı İŞİD-çi barədə məlumatları istintaqa verdiyini nəzərə alaraq azadlığa buraxıb.

Ü.Məmmədova istintaqa danışıb ki, İŞİD yaşları 6-dan 16-ya qədər dəyişən uşaqlara silah təlimi keçirdi və onlara “Kalaşnikov” avtomatları verirdi. Onun dediyinə görə, İŞİD-çilərdən birinin 16 yaşlı oğlu Yahya 13 yaşlı qızla evləndirilmişdi. Həmin Yahya silah təlimi keçmişdi və İŞİD-in mövqelərində postda dayanırdı. “2019-cu ildə o və arvadı hava bombardmanlarından birində həlak olub”,-Ü.Məmmədova belə deyib.

Ü.Məmmədova İŞİD-in azyaşlı əsgərlərindən 16 yaşlı Umiyerin də barəsində bildiklərini danışıb. Onun İŞİD-çilərin geydikləri “əfqani” geydiyini, döyüşlərdə iştirak etdiyini, Tabka şəhəri ətrafında gedən döyüşlərdə PYD kürd qruplaşmasının yaraqlılarına təslim olduğunu bildirib. Azərbaycanlı “İŞİD gəlini” habelə deyib ki, 12 yaşlı İbrahim də terror qruplaşması tərkibində döyüşüb, Gaziantepli Ayşə adlı İŞİD-çinin oğludur. Sonuncu dəfə onun PYD-nin nəzarətindəki düşərgələrdən birinə aparıldığını görüblər. İŞİD-in azyaşlı əsgərlərindən 6 yaşlı Talha da Gaziantepdən olan Şenel adlı İŞİD-çinin oğludur. “İlk dəfə onu Tabka bölgəsində görmüşdüm. Balaca uşaq idi, “əfqani” geyinirdi, atası ilə birlikdə PYD-yə əsir düşdü və Hol düşərgəsinə aparıldı”,-azərbaycanlı qadın deyib.

Ü.Məmmədovanın dediyinə görə, Gaziantepli Şenelin digər oğlu Zebbah 14 yaşında olub, İŞİD-də hərbi təlim keçib və postlarda növbə çəkməyə göndərilib. O, 2018-ci ildə öldürülüb. Həmin Şenelin digər oğlu, 16 yaşındakı Selahettin də hərbi təlim keçib, döyüşlərdə iştirak edib və 2017-ci ildə Rakkada öldürülüb.
5-01-2022, 14:59
İlham Əliyevdən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci il “Şuşa İli” elan edilib. Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Bütöv.az
4-01-2022, 17:24
Zakir Həsənov xüsusi təyinatlılara “hər an hazır olun” göstərişini verdi - FOTO - VİDEO

Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

Sonda müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.








Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!