Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-08-2015, 13:10
Səslər sarayının memarı

Həsənxan Mədətov kamillik aləminin zirvəsindədir


Dünyada qəribə səslər çoxdur, möcüzəli səs yalnız Allah vergisidir, Tanrının hədiyyəsidir. Belə səsi Tanrı sevib-seçdiyi bəndəsinə, böyük sənətkarlara bəxş edir. Yüksək mədəniyyətə, təbii fitri istedada, təkrarolunmaz ifaçılıq qabliyyətinə malik olan Cabbar Qaryağdıoğlunun yanıqlı Qarabağ avazından başlamış, Azərbaycan harayını bütün dünyaya səmtləndirib, yetirən Ulu Öndər Heydər Əliyevin şövqlə, böyük pafosla söylədiyi “Mən həmişə demişəm, indi də deyirəm – Mən fəxr edirəm ki, Mən Azərbaycanlıyam!” cümləsinə qədər zamanın yaratdığı ən dahi səsləri, xitabları, müraciətləri, oxumaları, instrumental ifaları cəmləyib, qoruyaraq gələcək nəsillərə əbədi yadigar kimi ərməğan edəcək, müqəddəs səslər xəzinəmiz var – Dövlət Səs Yazıları Arxivi.

Azərbaycan Respublikası hökumətinin qərarına əsasən 1968-ci ildə Respublikamızda Dövlət Səs Yazıları Arxivi təşkil edildi. Əsas məqsəd Azərbaycanın ictimai-siyasi, tarixi, elmi və mədəni həyatını əks etdirən səs və video yazılarını toplayıb, onların dövlət mühafizəsini təmin etmək olub. Deyirlər ki, sənətkarı zaman yetişdirir, o da öz səsinin, avazının ahəngi ilə dövrün tələbini ifadə edir. Səs də insan kimidir; onun da böyüyüb artan, qol-budaq atan, şöhrətli dövrü və heç bir zaman unudulmayacaq əbədiyyəti olur. Səslərə əbədi həyat verəcək, heç bir sənəd bazası olmadan fəaliyyətə başlayan arxiv hazırda zəngin və xüsusi qiymətli sənədlər xəzinəsinə çevirilib. Arxivin fondlarında 50 mindən artıq səs və 4000-ə qədər qiymətli video yazıları mühafizə edilir. Fəxr və qürur hissiylə qeyd edirik ki, sənədlər arasında ən zəngin və böyük fond müasir Azərbaycanın qurucusu, Ümummilli liderimiz, görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Bu sənədlər 1969-cu ildən başlayaraq ömrünün sonuna qədər Ulu Öndərin coşğun və yorulmaz fəaliyyətini əks etdirən canlı səs və video süjetlərdir. Həmin sənədlərin səslənmə müddəti 800 saatdan artıqdır. Bu dünya şöhrətli siyasətçi, bacarıqlı dövlət rəhbərinin canlı səsiylə bərabər, eyni zamanda Vətənimizin 30 ildən artıq mürəkkəb bir dövrünün möhtəşəm inkişaf xronikasıdır. Azərbaycan Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında geniş addımlarla irəliləyir və bütün sahələrdə yüksək sürətli, vüsətli tərəqqidədir. Ölkəmizin bir çox dünyəvi tədbirlərə, o cümlədən böyük uğurla başa çatan I Avropa Oyunlarına ev sahibliyi etməsi bu inkişafın bariz nümunəsidir.

Arxivin fondlarında muğam sənəti, ifaçılığı, muğam simpoziumları, festivalları və s. dair 1400-ə qədər səs və video yazıları mühafizə edilir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, bir sıra dövlətlərin təsis etdiyi beynəlxalq mükafatların laureatı xanım Mehriban Əliyevanın muğam və digər dünya şöhrətli səs yarışmaları layihələrində arxiv fəal iştirak edir. Bundan əlavə arxivin fondlarında 1600-dən çox aşıq yaradıcılığı, yüzlərlə maraqlı, ictimai-siyasi xarakterli foto-video sənədlər də saxlanılır.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirən gənc Həsənxan arxivə gəlməmişdən əvvəl Az.SSR Elmlər Akademiyası Tarix institutunun Arxeologiya şöbəsində işləyib, gələcəkdə arxeoloq olmaq üçün ciddi çalışmış və arxeoloji qazıntı işlərində fəal iştirak etmişdir. Bir çoxları kimi müdafiə edərək elmi dərəcələrin sahibi olmaq üçün, akademik tədqiqatlar ardınca yollanmayan bu sadə,təvazökar, qayğıkeş insan vurğunu olduğu, fəaliyyət romantikasına görə arxeologiyada olduğu kimi axtarış və tapıntı sevincini yaşadan səs yazıları arxivini seçdi. Ömrünü, gününü, enerjisini qəlbən sevdiyi, bütün varlığı ilə bağlandığı peşəsinə həsr etdi. Tərəqqi entuziyast və fanatların çiyinlərində irəliləyir. Əldə edilmiş bu uğurlarda arxiv yaranandan burada çalışan və 1974-cü ildən ona rəhbərlik edən Həsənxan Əlixan oğlu Mədətovun xidməti ölçüyəgəlməz dərəcədə yüksəkdir. Bütün ruhu, Vətən və xalq sevgisi ilə milli-mənəvi dəyərlərə bağlı olmaqla, vətəndaş adını ləyaqətlə daşıyan bu insan arxivin təşkilində, sənəd bazasının yaradılmasında və onların dövlət mühafizəsinin təmin edilməsində böyük əzmkarlıq və milli qeyrət təcəssümü göstərmişdir. İndi də yorulmadan çalışan, çox böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi bu əvəzsiz milli sərvəti gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün gecəli-gündüzlü fəaliyyətdədir. Yaşının ixtiyar çağında da şəxsi kolleksiyalarda saxlanılan nadir ifaların, qrammofon vallarının, video çəkilişlərinin sahiblərini arayıb-axtaran, zərrə olsa belə, əldə etdiyi hər bir yadigarı toplamaq üçün ölkəni qarış-qarış gəzməkdən usanmır. O, daim axtarışdadır. Arxivdə yeni nəsil radioelektronika və daha yüksək keyfiyyətə, uzunmüddətli saxlanc parametrlərinə malik, beynəlxalq standartlara cavab verən səsdaşıyıcıları texnologiyasının tətbiqində şəxsi təşəbbüs göstərir. Bu da xarici şikətlərin proqressiv səsyazma texnikası nailiyyətlərini diqqətlə izləməsinin nəticəsidir. Təbii ki, bütün bu uğurlar dövlətin yüksək qayğısının nəticəsidir. Ölkə prezidenti İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin onun daim nəzər diqqətində olması, arxivin kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir göstərmiş, hərtərəfli mütərəqqi texnika ilə təmin olunması, öz növbəsində əməyin yüksək təşəkkül tapmasına yol açmışdır. Arxivin şəhər mərkəzində çoxmərtəbəli, yeni, gözəl binaya köçürülməsi və bu möhtəşəm binanın açılışında İlham Əliyevin şəxsən iştirakı, əməkdaşlarla görüşü Həsənxan Mədətovda iftixar hissi yaratmışdır. O, mürəkkəb axtarışlarının, məsuliyyətli dövrü fəaliyyətinin yeni horizontlarında irəliləyiş duyur və rəhbərlik etdiyi kollektivlə ona qismət olan bu müqəddəs missiyanın yerinə yetirilməsində daha yüksək fədakarlıqla çalışır. Səs H.Mədətov üçün hər hansı bir mühitdə; havada, suda yayılan bir mexaniki hadisə, fiziki termin, fonetikadakı ahəng qanunu, intonasiya toplusu və ya tələffüz edərkən insanlarla yaratdığımız adi ünsiyyət kimi qəbul olunmur. Səs onun üçün insanların tarix üçün qoyub getdikləri hadisələrə şahidlik, qəlblərə qucaq-qucaq sevinc gətirən, bəzən ağladan, bəzən güldürən, insan zövqünü oxşayan, onu öz qaynaqlarına qaytaran vacib psixoloji, siyasi, milli, mənəvi məfhumdur. Musiqi gerçək aləmi səslər vasitəsiylə əks etdirən incəsənət növüdür. Bədii ifadə gücünə malik olub, insanın mənəvi aləminin – onun sevincinin və kədərinin, arzu və düşüncələrinin , həyat uğrunda mübarizəsini bədii obrazlarla əks etdirir. Ölkədə yeganə olaraq kimdəsə qalmış, duyğularınıza toxunacaq, zövqümüzü oxşayacaq, unudulanları canlandıracaq bir qrammofon valını, bölgə-bölgə , kənd-kənd gəzib soraqlaşan, min əziyyət hesabına taparaq arxivə təhvil verən H.Mədətov, qədim ifaları, yoxa çıxmış səsləri beləcə tək-tək, bir-bir toplayıb, itirilmiş səs talelərini bərpa etmiş, onlara əbədi həyat bəxş edərək, xalqın zövq dünyasının ixtiyarına vermişdir.

H.Mədətov respublika arxivçilərini xarici ölkələrdə dəfələrlə layiqincə təmsil etmiş və Azərbaycanda arxiv işinin təşkili barədə dəyərli məlumatlarla çıxış etmişdir. O, ixtisası sahəsində saysız-hesabsız məqalələrin, araşdırmaların müəllifidir. İstər Azərbaycanda, istərsə də xarici ölkələrin müxtəlif mötəbər mətbuat orqanlarında onun haqqında yazılar dərc olunmuşdur. ABŞ-da nəşr olunan “Azerbayjan İnternasional” jurnalı H.Mədətov və arxivin fəaliyyəti barədə geniş material vermiş, Polşada keçirilən Beynəlxalq konfransda etdiyi çıxışının mətni tam şəkildə xüsusi buraxılış nömrəsində çap edilmişdir. Arxivlər dünyasında yaxşı tanınmış, ixtisası sahəsində çoxillik səriştə və bacarığa malik olan H.Mədətovla təcrübə mübadiləsi etmək, bu işin incəlikləri ilə tanış olmaq üçün arxivə təşrif gətirən xarici qonaqlar da az olmayıb. Vətənimizin keçmişi, bu günü, müasir Azərbaycan həqiqətləri bədii, siyasi, praktiki ifadə gücünə malik olan arxiv sənədləriylə xaricilərə elmi və anlaşıqlı surətdə izah olunur. Gələcəyə ümidlə baxan, optimist ruhlu H.Mədətovun mürəkkəb, gərəkli əməyi yüksək qiymətləndirilmişdir:

1983-cü ildə Respublika arxiv sistemində ilk olaraq “Şərəf Nişanı” ordeni ilə təltif olunmuş, “Arxiv əlaçısı” döş nişanına layiq görülmüş, 2005-ci ildə isə ona “Respublikanın əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.

Qazanılmış nailiyyətlərə görə əməyi, həm respublikamızın, həm də sabiq SSRİ-nin Baş Arxivlər İdarəsinin Fəxri fərmanı, Təşəkkürnaməsi və müxtəlif qiymətli mükafatlarıyla dəyərləndirilmişdir. Azərbaycanın dövrü mətbuatı onun haqqında maraqlı yazılar vermiş, Az.TV özünün bir neçə silsilə proqramlarında arxivin və əsas etibarı ilə H.Mədətovun fəaliyyətini lazımınca işıqlandırmışdır. Müxtəlif televiziya kanallarında Səs yazıları arxivinin işi barədə müsahibələri, dünya səs yazma tarixindən söhbətləri və yayım prosesində nadir səs yazıları və mühüm tarixi sənədləri təqdim etməsi onun çıxışlarına çoxsaylı tamaşaçı auditoriyasının diqqət və marağını yaratmışdır. Qeyd edək ki, əmək qəhrəmanımız - Həsənxan Mədətov kamillik aləminin zirvəsindədir, bu yaxınlarda 75 yaşı tamam olur. Onun arzusu rəhbəri olduğu kollektivlə birlikdə çox böyük zəhmət bahasına yığıb topladıqları bu əvəzsiz sərvətləri ən müasir səs daşıyıcılarına – elektron formata keçirlməsini, kompüter sistemində kataloqlaşdırmasını tam əldə etməkdir. Artıq böyük əzmlə çalışan və uğurlara imza atan kollektiv üzvlərinin səyi nəticəsində arxiv sənədlərinin bir hissəsi bu sistemlərə nəql olunmuşdur. Əsrləri addayan səs tariximizin əfsanələrini min illər sonraya yetirmək iqtidarında olan müqəddəs incəsənət məbədinin, təkrarolunmaz səs eksponatları muzeyinin, səslər sarayının memarı – Dövlət Səs yazıları Arxivinin direktoru Həsənxan Mədətova yeni-yeni nailiyyətlər arzulayırıq.



Həsən Cəbrayılov (Ahəngi).
A.A.Bakıxanov adına ədəbi mükafaın laureatı


Paylaş



Bölmə: Mədəniyyət / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!