Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-11-2022, 02:58
SƏNİ  AXTARIRIQ...


Sevimli Xalq artisti Yaşar Nurinin vəfatından 10 il keçdi.10 il əvvəl qələmə aldığım düşüncələrimi saytın izləyicilərilə bölüşürəm.

SƏNİ AXTARIRIQ...

Onunla müsahibəni yubileylərinin birində yazmalı idim. Təəsüf ki, dünyasını dəyişəndən sonra qələmə aldım. Əbədi ayrılıq nə qədər ağır olsa da, ömrü yaratdıqlarında yaşayıb davam edir...
...Teatra daxil olanda səsi ətrafa yayılırdı:
Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan.

Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar.
Hünər göstər, bir ad qazan
Bu dünyada, bu dünyada.

Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün çəkər qəm karvanın
Bu dünyadan, bu dünyadan.

Yanıqlı səsi və ən çox sevdiyim bu nəğmə başqa bir ağrılı ovqat yaratdı qəlbimdə. İlk şəxsi tanışlığımız... Akademik Milli Dram Teatrında respublikanın əməkdar artisti İmamverdi Bağırov haqqında yazacağım kitabla əlaqədar Yaşar Nurinin də xatirələrini lentə almışdım...
Sənətçini alqış sədaları altında son mənzilə yola saldıq (Bu sözləri yazmaq nə asanmış!..). Dünya sanki bomboş idi. Yəqin ki, bütün Yaşarsevərlərin ovqatı mənim kimi idi. Yaşarsız dünya hamıya boş görünürdü. Təəssüf dolu kövrək baxışlarla hamı bir-birinə başsağlığı verirdi.
Evə gəldim. İlk tanışlığımızdan yaddaşımda yaşatdıqlarımı çözələdim:
- Oğuldan-uşaqdan nəyin var?
- Bir oğlum var. Özü də toyumuzdan düz 15 il sonra dünyaya gəlib.
- Yəqin toyunun tamadasını indidən danışmış olarsan.
- Əlbəttə, əlbəttə, Surxayzadənin behini də vermişəm.
Hər ikimiz güldük. Demə, elə buna işarə edirmiş...
İmamverdi Bağırovu necə böyük məhəbbətlə andı, necə unudulmaz xatirələrlə yad etdi... Həmin lent yazısını axtarıb tapdım. Lent fırlanır. 2003-cü ilin əvvəlidir. İndi həmin söhbətimiz mənə daha anlaşıqlı, daha təsirli görünür. Bu gün onun özü barədə yazı yazsaydım, suallarımı yəqin ki, belə cavablandırardı. Uzaqda qalan uşaqlıq illərini fəxarətlə xatırlayır:
- 1960-cı illərin əvvəlində teatra gedəndə uşaqdım hələ. Uşaq müşahidəsi də güclü olur. Mən bütün gördük-lərimi müşahidə edib yaddaşıma yazırdım. İmamverdi əmini (sənət aləmində hamı ona “əmi” deyirdi) ilk dəfə Ordubadi teatrında görmüşəm. Zalda oturmuşdum. Hər gördüyümə heyrətlə baxırdım. İbrahim Hüseynov - Şünasi atama yaxınlaşdı ki, Vücud (teatr aləmində aktyor Məmmədsadıq Nuriyevə belə müraciət edirdilər), tamaşadakı uşaq xəstələnib, sənin oğlun çox maraqla baxır, bəlkə çıxsın onun yerinə... Söhbətin bu yerində gördüm ki, İmamverdi əmi də ağayana yerişiylə gəlir. Zəhmindən qorxub yerimdə durmuşdum. “Toy kimindir?” musiqili komediyası gedirdi...

Ötən əsrin altmışıncı illərində “Bakı teatrlarında” adlı məcmuə buraxılırmış. Məcmuənin 1961-ci il tarixli dördüncü sayında Musiqili Komediya Teatrında A.Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasının elanı da gedib. Elanlarla yanaşı ifaçıların adları da verilib. Maraqlı aktyor ansamblı var. Yaşar Nuri də onların sırasındadır:
Mehman – R.Qədirov, Ə.Muradov
Mirvari – Ş. Qasımova
Professor – İ.Bağırov
Qoşun – L.Abdullayev
Uzun – B.Səfəroğlu, S.Aslanov
Məsmə - N.Zeynalova
Ümid – M.Nuriyev
Göyüş – Ə. Qasımov, D.Kazımov
Xanış – A.Hacıbababəyov, Ə.Bəşirov
Tapdıq – Y.Nuriyev

Diktafonun lent dolağı fırlanır. Qayıtmışam 2003-cu ilin əvvəlinə. Yaşar Nurinin sənət, sənətçi haqqında xiffətli sözləri ürəyimi göynədir:
- “Ulduz” tamaşasında əminin Məleykə Şahmərdanova – Ağazadəylə rəqsi tamaşanın canıydı. Camaat ən çox onların “Tanqo”suna baxmağa gələrdi. Heç bilmirdim o zaman əminin neçə yaşı var. Yaş parportda, yaş sənədində bilinmir. Yaş sənətə, səhnəyə məhəbbətdə bilinir. Möhsünü elə qrim edər, onun donqar burnunu elə yaradardı, düşünərdik səhnədəki aktyor deyil, anadangəlmə Möhsündür.
Hər bir aktyor qrim edə-edə obrazı içində iki dəfə yaşayır. Üçüncü dəfə səhnədə yaşayır. Səhnə müqəddəs yerdir. Çünki səhnədə pərdə var. Pərdə ailədə də var, yoldaşlıqda da. Səhnəyə laqeyd çıxmaq olmaz. Ondansa səhnəni tərk etməlisən. Səhnə heç zaman aktyoru tərk etmir. Aktyor səhnəni tərk edir.
Aktyor həyatı möcüzədir. Başqalarının ömrünü yaşayırsan. Kimisə sevməlisən. Kimsə səni sevməlidir. Kimisə arzusuna çatdırırsan. Kiminsə ürəyində nisgil qoyub gedirsən. Çex dramaturqu Karl Çapekinin çox məşhur bir deyimi var: “Sizlərdən biri oktyor olmaq istəyirsə, ilk növbədə əsəblərinin gərginliyini yoxlasın, görsün ki, iki tərəfdən gələn küləyə, kağız qırıntılarından nahar etməyə, taxtabiti iyi verən lakı dəfələrlə üzünə çəkməyə və s. hazırdırsa, gəlsin. Onda səhnə onu gözləyir”.
* * *
İmamverdi Bağırov haqqında kitabım çapdan çıxanda ailə üzvlərindən sonra ilk görüşdüyüm şəxs Yaşar Nuri oldu. Əlində vərəqlədi. Tərtibatını təriflədi. Oxuyub fikirlərini bildirəcəyini söylədi. Bir qədər sonra zəngləşdik.
- Ay xanım, əmini həyatda görmədən onun ağrı-acılarını, sənət sevinclərini nə gözəl qələmə almısan! – dedi.
- Sizlərə, onun xatirəsini yaşadanlara minnətdaram, - dedim:
- Deyim ki, heç SSRİ xalq artistləri haqqında belə ləzzətli kitab yazılmayıb. Qalın-qalın kitablar yazılır. Amma 2-3 vərəqdən artıq oxumaq olmur. İndi bir yerə səyahət edəndə yalnız bu kitabı aparıram. Unudulmaz sənətçiyə sözdən əbədi həyat bəxş etdiyinə görə bundan sonra sənə “İmamverdi əminin Sevdası” deyəcəyəm.
Mənim üçün bundan böyük qiymət, bundan böyük mükafat ola bilməzdi.
* * *
Diktafonun lent dolağını geri döndərib yanğıyla dediyi sözləri dəfə-dəfə dinləyirəm:
-Mən dərs aldığım sənətkarlar qarşısında baş əyirəm. Təəssüflənirəm ki, əmi layiq olduğu təltifləri, adı ala bilmədi. Ad mənim üçün meyar deyil. Meyar – sənətə, səhnəyə məhəbbətdir. Meyar tamaşaçı məhəbbəti, tamaşaçı alqışlarıdır. Əminin səhnəyə, sənətə məhəbbətinin də şahidiyəm, tamaşaçı alqışlarının da. İmamverdi Bağırovdan danışarkən Zeynal Cabbarzadənin sözlərinə yazılmış məşhur “Kimlər gəldi, kimlər getdi” mahnısı düşür yadıma. Hər ömrə oxunmur bu mahnı. Bu mahnını əminin ruhuna ərməğan edirəm.
Böyük şövq və məhəbbətlə mahnını oxudu.
Mahnı bitir, lent dolağı fırlanır. Daha heç birimizin səsi gəlmir.
Bəli, ən doğru tapıntı və ən dəqiq ifadə - hər ömrə oxunmur bu mahnı!
Söhbətimiz bu mahnıyla bitmişdi.
Ömrünün sonuncu “tamaşa”sında da bu mahnıyla tərk etdi səhnəni.
Nakam getmirdi sənətdən. Az qala, sənət sevincləri elə yaşadığı ömrün illərinə bərabərdi.
Bu yazını yazdığım anlarda televiziyanın “Mədəniyyət” kanalından ölməz sənətkar Lütfəli Abdullayev haqqında veriliş gedir. Yaşar Nuri danışır:
- Sənətkar iki ömür yaşayır. Bir Allahın verdiyi ömrü, bir də sənət ömrünü. Əsl ömür sənət ömrüdür.
* * *
Son illər Opera Teatrında Soltan bəyi oynayırdı. Musiqili Komediya Teatrında “Ər və arvad”da, Kukla Teatrında Məşədi İbad. Daimi iş yeri olan Akademik Milli Dram Teatrı da öz yerində. Bunlarla bərabər hər cümə axşamı “Space” kanalında veriliş aparırdı. Sənətdən ayrı düşüb unudulmuşları yada salıb verilişə çağırırdı. Günlərin birində zəng vurdum, zamanının qüdrətli xanəndələrindən olan Əlyar Əmirov haqqında da veriliş hazırlamasını xahiş etdim.
- Görüşüb, ətraflı danışarıq, - dedi. Görək haqqında nə var - val, disk, qəzet-jurnal yazıları və s.
Ertəsi günə vədələşdik. “Məşədi İbad”a baxmağa dəvət etdi məni.
Tamaşaya çatmadım. Kukla Teatrının qabağında görüşdük. Əlyar Əmirov haqqında olan materialları verdim.
Respublikanın dörd teatrında işlədiyinə və telekanalda veriliş aparmasına işarə edərək:
- Yaman bərk gedirsiniz, - dedim:
- Mən həmişə bərk getmişəm, - dedi.
Və fəxarətlə söylədi ki, Mirzağa Əliyevdən sonra yeganə aktyoram ki, Uzeyir bəyin üç əsərində - “Arşın mal alan”, “Məşədi İbad”, “Ər və arvad” tamaşalarında oynayıram.
* * *
Dünyasını dəyişən günün sabahı xalq artisti Afaq Bəşirqızı xatirələrini söyləyərkən yana-yana qeyd etdi ki, “Ər və arvad”da oynadıq. Təəssüf ki, çəkiliş olmadı. Heç bir lent qalmadı.
* * *
60 illiyinə yazı yazmağı planlaşdırmışdıq. Amma həmin ərəfədə nə Yaşar Nuri Bakıdaydı, nə də mən yazı ovqatında. Sevimli qardaşım Yusif 43 yaşında bizləri əbədi tərk etmişdi. Oktyabr ayında Yaşar Nurinin yubileyi planlaşdırıldı. Zəng vurub təbrik etdim. Gələ bilməyəcəyimin səbəbini söylədim. 70-də iştirak edəcəyimə söz verdim. Dərdimə şərik olub təsəlli verdi. Təəssüf hissinə yumoru da qatıldı:
- Ay xanım, mənim yetmişimə sənin sağ qalmaq ümidin varmı? Mütləq gəl, gözləyəcəyəm. Teatra çatanda zəng vur, qarşılayım. Telefon söhbətimiz zarafat kökü üstdə bitdi.
İndi yoldaşımla sevinirik ki, nə yaxşı getdik. Canlı Yaşarı həyatda son dəfə son yubileyində gördük.
* * *
Musahibə alacağım adamlarla görüşə gedəndə çox nadir hallarda verəcəyim sualları yazıram. Amma Yaşar Nuriyə verəcəyim sualları qabaqcadan yazıb hazırlamışdım. Mənim cavabsız suallarımı telekanalların təkrar verilən lent yazılarında cavablandırır. Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin müəllifi olduğu “Sərbəst söhbət” verilişində Azərbaycan kinosuna orijinallıq gətirən rejissor Vaqif Mustafayevin filmlərindən söhbət açır.
- Hansı havaya köklənirsiniz?
- Hər havaya oynayan oğlan deyiləm. İstər həyatda, istər evdə, istər sənətdə. “Qaragilə”ni, “Qarabağın maralı”nı zümzümə edirəm. “Hopstop”, “Qoçəli”yə qol götürüb süzürəm.
- Nəyə kövrəlirsiniz?
- “Segah” muğamına. Oxuyan səsin altında gərək ürək dayana. Səs ki, düşündürməyə vadar etdi, odur sənət. Səsi eşidəndə gərək ürəyində şəklini çəkəsən.
- Toylara tamada kimi dəvətlər alırsınızmı?
- Toy mənim yaralı yerimdir. Gəlin, bu barədə danışmayaq (Anar “Evləri köndələn yar”). Sənə bir toy tutaram, zurnanın səsi Çinarlıdan gələr.
- 100-ə yaxın tamaşada oynamısınız, 50-yə yaxın filmə çəkilmisiniz. Heç düşünürsünüzmü, hə noolsun?
Cavab yadımda deyil.
Yadımda qalan cavablardan:
- Hər məşhur olan istedadlı deyil, hər istedadlı məşhur. Heç bir ali məktəb istedad vermir. Aktyor doğulur. Aktyor olmasaydım, bu sənətdə olanlara qibtə edərdim.
- Ürəyinizdə nəyinsə nisgili varmı? Sənət baxımından deyirəm...
- Son illər dəniz sahilində tək oturmağı sevirəm. Düşünürəm, nə düşündüyümü özüm də bilmirəm. Evimdə bir dirijor fiquru var. Gənc rejissor Samir bağışlayıb mənə. Bir dirijor, bir aktyor ömrü, bir də tənha adamın həyatını oynamaq istəyirəm...
-Xanımınıza xəyanət etmisinizmi?
- Kişi deyilik?!
Yalandan, riyadan, pafosdan uzaq əsl kişi cavabı!
Elə ki, ömrümün bitər xoş günü,
Dərdim, əzabımın ağır yükünü
Yalnız çəkər biri, götürər biri.
(Məmməd Araz)
Səcdəsinə yüz gözəl gəlsə də, qəlbinin əbədi sevdası, bircəsi Rəhimə xanım oldu.
* * *
Ötən əsrin 80-ci illərinin əvvəlində Azərbaycan Televiziyasında Aslan Qəhrəmanovun “Səni axtarıram” teletamaşası çox populyarlıq qazandı. O tamaşada hamı Elçini sevirdi, Elçin isə Gülnarı.
Tamaşada qovuşa bilmədiyi gözüyaşlı qoyduğu Gülnar – Firəngiz Mütəllimova həmin ayrılıq günündə - noyabrın 22-də Elçinə - Yaşar Nuriyə ağı dedi.
Sevgisi ürəklərdən silinməyəcək həmişə Yaşar! Təkcə Gülnarın yox, hamımız səni axtarırıq...

Sevdiyi Gülnara qovuşa bilmədiyi kimi nəvə Gülnarın sevincini yaşamaq da nəsib olmadı Yaşar Nuriyə. Balaca Gülnarın xəyallarında yaratdığı babası onun üçün dünyanın ən ülvi babalarındandır...

Sevda Əlibəyli


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!