Xalqına Vurğun Səməd... .....                        Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                       
3-06-2022, 07:14
Gənc rəssamın “Hüsna”sı

Gənc rəssamın “Hüsna”sı

Müasir İncəsənət mərkəzində rəssam, sənətşünas və sənət terapisti TuranBağırovanın “Hüsna” adlı fərdi sərgisi açılmışdır. Nümayiş olunan əsərlər kalliqrafiya və rəngkarlığın gözəl sintezini təşkil edir. Sərgi Ramazan bayramı sonrasında reallaşdığından xeyriyyə məqsədi daşıyır. Əsərlərin satışından əldə olunan gəlirin xeyriyyə fonduna ianə edilməsini nəzərə alarsaq, bu bir xeyriyyə aksiyasıdır. Qeyd edək ki, bu mövzuda sərgi Azərbaycanda ilk dəfə təşkil edilmişdir.
Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseynov çıxışı zamanı sərginin ideyasını çox bəyəndiyini söylədi. Həmçinin sərgidən əldə etdiyi əsəri emalatxanasının ən gözəl yerində saxlayacağını bildirdi. Sərgidə həmçinin rəssam Esmeralda Tağızadə, heykəltəraş -rəssam Eldar Həsənov, sənətşünas Sevda Quliyeva çıxış etdilər.

Sərgi gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırovanın ilk böyük fərdi layihəsi olaraq xüsusilə maraq doğurdu. Sərgiyə gələn ziyalılar, mədəniyyət xadimləri, tələbələr yüksək təəssüratlarla ayrıldılar. Əməkdaşımız sərgidən iki əsər almış ailənin təəssüratlarını öyrənib: Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nuran Abasova və Silahlı Qüvvələrin kapitanı Nurlan Atamoğlanlı aldıqları əsərləri çox bəyəndiklərini, sərginin orijinal olduğunu qeyd ediblər. Hər iki tamaşaçı-alıcı xeyriyyə aksiyasını yüksək qiymətləndirdiklərini və belə tədbirlərin ölkəmizin mədəni həyatında, eləcə də mənəvi dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrimrəssamı fakultəsində təhsilini davam etdirib. Rəssamlıq Akdemiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hal-hazırda Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində pedaqoji fəaliyyət göstərir. Həmçinin “ŞatuArt” adlı rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini yeni nəsilə öyrədir. Sərgidə iştirak edənlərin fikirlərini öyrəndik. Xalq rəssamı Arif Hüseynov məmnunluğunu ifadə etdi. O dedi:
“Azərbaycanda ilk dəfədir ki, belə bir sərgi keçirilir. Mən çox şadam ki, burada iştirak edirəm. Dini ayələri bilmək, onları belə gözəl, estetik şəkildə insanlara çatdırmaq bizim cəmiyyətdə çox lazımlı idi. Hər bir əsərin mənası insana sanki dərs verir, insanı ruhlandırır. Ən çox da rənglərin uyumu təqdirəlayiqdir. Onun rəng estetikası Turan xanımın iç dünyasının necə gözəl olduğunu göstərir. Sərginin xeyriyyə məqsədli olmağı da çox gözəl təşəbbüsdür. Əsərlərdən birini də mən özümə aldım və emalatxanamın ən gözəl yerində saxlayacam. Bu əsərlərin müsbət energetikası çoxdur. Turan xanıma uğurlar arzulayıram. Yeni yaradıcılıq ilhamı və naliyyətlər diləyirəm.”
Heykəltəraş-rəssam Eldar Həsənov da sərgi haqqında çox ürəklə danışdı: “Mən həqiqətən deyirəm ki, bu sahə çox çətin bir sahədir. Turan xanım özü necə bir insandırsa əsərlərində o büruzə verib. Onun əsərlərində İslamı və incəsənəti çox gözəl bildiyi aşkar olur və bu iki sahəni ustalıqla təmsil edir. Mən Turan xanımın daha çox pedaqoji fəaliyyətinə bələd idim. Bir çox imtahanlarda komissiya üzvü kimi iştirak edirdim və Turan xanım necə gözəl dərs keçdiyini, tələbələrə qarşı necə mehriban və tələbkar davrandığını görürdüm. O, bütün bilik və bacarığını ürəklə, səxavətlə öz yetirmələrinə aşılamağa çalışır. Turan xanıma uğurlar arzu edirəm. Şadam ki, belə gözəl sərgidə iştirak edirəm.”
3-06-2022, 06:36
Böyük Muğam Evinə yeni sakinlər gəlir

Akif Cabbarlı


Böyük Muğam Evinə
yeni sakinlər gəlir
.


Mayın 10 – dan start götürən “Muğam Televiziya Müsabiqəsi – 2022 “ ölkəmizin mədəni həyatında çox mühüm və əlamətdar hadisə kimi yaddaşlarda yaşayacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqə müxtəlif regionlardan ciddi seçim yolu ilə 300 iştirakçının arasında fərqlənən 10 azyaşlı uşağın və 18 gəncin qatıldığı əsil musiqi bayramını xatırladır. Azərbaycanın ustad muğam ifaçıları və şeir – sənət biliciləri olan Xalq artistləri Arif Babayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Mələkxanım Əyyubovanın, Sərdar Fərəcovun, Nəzakət Teymurovanın, Teyyub Aslanovun, Əməkdar artist Fərqanə Qasımovanın, layihənin icraçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin haqlı iradları, prinsipial yanaşmaları, tövsiyə və tapşırıqları ifaçılar tərəfindən razılıqla qarşılanır, elə tamaşaçıların da ürəyindən xəbər verir. Çünki münsiflərdən heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən – boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər.
Öz müəllimlərindən, ustadlardan öyrəndiklərini milyonların qarşısında özlərinin, eləcə də bizim hamımızın ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecarkarlığına minbir naxış vurur. Azərbaycan Mədəniyyət Fondunun layihəsi ilə keçirilən muğam yarışması hələ təzə başladığından kiminsə adını çəkmək, fərqləndirmək fikrindən uzağam. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır.
8 – ci Muğam Müsabiqəsi bir sıra məqamları ilə də yadda qalacaq. Səhnə və zalın dizaynının yenilənməsi, müsabiqəyə Təbrizdən və Rusiyanın Omsk şəhərindən iştirakçıların qatılması, dinləmələrə Vətən Müharibəsi qazilərinin və Vətən savaşında fədakarlıqla vuruşan AzTv əməkdaşlarının dəvət olunması hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Şəhid general Polad Həşimovun anası Səmayə xanımın dəvət olunması isə dinləmələrə izaholunmaz, təkrarsız ovqat bəxş eləmişdi. Təbii ki, bu cür addımlar müsabiqənin effektivliyini qat – qat artırır. Müsabiqənin aparıcıları Natəvan Osmanlı və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar...Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyəcanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir – kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və... uğurlu sonluq.

Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTv – nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir.
8 – ci Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Böyük və Müqəddəs Muğam Evinin “daimi qeydiyyat sənədləri” isə sınaqdan üzüağ və qalib kimi çıxmış gənc ifaçılara iyul ayında Mədəniyyət Paytaxtımız Şuşada veriləcək. Uğurlar olsun!
28-05-2022, 09:39

Onun səsi insanın içini titrədir.
Onun səsi insanın içini titrədir.

Zamanın harmoniyası pozulub, həyatımız ritmsizlik içində keçir. Ahəng, nizam olmayanda isə simmetriya itir, meyarların inersiyası baş verir. Xaotik dünyamızda qloballaşma adlı əjdaha bütün dəyərlərə meydan oxuyur. Yeni dünya modeli virtuallaşma çağını müjdələyir. Tərəddüdlər, gümanlar, babalarımızdan bizlərə miras qalmış dəyərlərin təhlükə qarşısında qalmasından doğan nigarançılıq içimizi tiftikləyir. Amma İlahidən gələn səs, avaz, musiqi insanın genetikasında əbədi bərqərardır. Səs bu günlə keçmiş arasında körpüdür, gələcəyin ən etibarlı qarantıdır.
Muğam tariximizin tədqiqatçılarından olan dəyərli alimimiz Gülhüseyn Kazımlı ilə söhbətlərimizdən birində Ağakərim Nafizdən söz düşdü. “Mən onun səsinin vurğunuyam” -dedim. Söhbətlərində yığcamlığı xoşlayan, özü də qısa və kəsə danışan Gülhüseyn müəllim onun bir neçə eşitmədiyim ifalarını mənə yolladı. Səs tufanı içində qeybə çəkildim...
Muğamın ecazkarlığı onun səsində bir az da dərinləşir, özünəməxsus ifa tərzi, şirinlik, ən əsası, ilkinliyə sədaqət onu hamıdan fərqləndirir. İlkinliyə sədaqət deyəndə Ağakərim Nafizin muğamatı yüz-iki yüz il əvvəl oxuyanlar kimi oxumasını nəzərdə tuturam. Onun ifasına qulaq asanda bir anlıq sənə elə gəlir ki, ruhun ötən əsrdə dolaşır, orda Hacı Hüsünü, Mirzə Məhəmmədhəsəni dinləyirsən. Ustad xanəndəni fərqli edən də ənənəyə, kökə sadiqlikdir. Onun səsində muğamın əsrlərin o tayındakı ilkinliyi qorunub saxlanılır. Sarıtorpaq şikəstəsi onun avazında bir ayrı cür səslənir. O səsin rəngləri muğam palitrasına təravət bəxş edir.
Böyük yazıçımız Əzizə Cəfərzadənin “Bir səsin faciəsi” romanını yenicə oxuyub bitirmişdim. Səsi vala yazılmış ilk qadın xanəndəmiz Mirzə Güllərin acı taleyi məni mütəəssir etmişdi. Onun ustadı olmuş Mirzə Məhəmmədhəsənə qarşı da tale çox amansız davranmışdı. Qocalıq başının üstünü kəsdirməmiş gözləri, sonra da qulaqları tutulmuşdu... Zənnimcə, Mirzə Məhəmmədhəsən muğam tariximizin ən kədərli obrazlarından biridir. Mahmud ağanın məclislərində püxtələşən, sənətkarlıq məqamına yetişən Mirzə Məhəmmədhəsənin səsi Şamaxı əhlinin həyatının bir hissəsinə çevrilmişdi. Mirzə Güllər də məhz ondan dərs almışdı. Deyirlər Güllər oxuyanda elə bilirmişlər ki, Mirzə Məhəmmədhəsən oxuyur. Mahmud ağa məclislərinin daimi qonağı olmuş qəzəl ustadı Seyid Əzim Şirvani onun səsini eşidib valeh olmuşdu və bu qitəni qələmə almışdı:
Əqlimi əlimdən nə güli-yasəmən aldı,
Nə sünbüli-reyhan, nə bağü-çəmən aldı.
Davud məgər zində olub dəhrdə, Seyyid,
Arami-dilim sövti-Məhəmmədhəsən aldı.

Seyid bu misilsiz avazı ləhni-Davuda tən tutmuşdu. Bu, Mirzə Məhəmmədhəsənə, onun səsinə verilən ən yüksək qiymətdir.
Ağakərim Nafiz də o əvəzsiz səslərin varisidir, Güllərin də, Məhəmmədhəsənin də səsi bu gün onun avazında yaşayır. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa bu səs möcüzəsiylə bir süfrə arxasında oturub onun hikmət və kəlam xəzinəsindən bəhrələnmək imkanı qazanacağam.
Günlərin bir günü Gülhüseyn müəllimdən zəng gəldi. Dedi ki, Əzizə xanımın oğlu Turan bəy bizi evinə qonaq dəvət edir. Getmək istəyərsənmi? Belə gözəl fürsətdən kim imtina edərdi? Hələ bilmirdim ki, o məclisdə Ağakərim Nafiz də olacaq.
Nafiz sözünün müxtəlif mənaları var, amma mahiyyət eynidir: dəlib keçən, insanın içinə işləyən, nüfuz edən, təsirli, sözü keçən, qəlb açan, fərələndirən... Onun səsi, avazı doğrudan da insanın duyğularına nüfuz edir, içini titrədir.
Ağakərim Nafiz Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Uşaqlıqdan evlərində dastanlar oxunarmış, muğam səslənərmiş. Bu da balaca Ağakərimin ruhunda dərin izlər buraxır, onu muğamın sirli dünyasına doğru çəkib gətirdi.
Muğamın sirrlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənib. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Onun şairliyi isə ayrıca bir tədqiqat mövzusudur. Minacatla başlanıb qəzəllərlə tamamlanan Divanı nəfis tərtibatla çap olunub. Bir çox Avropa ölkələrində qastrol səfərlərində olub, Azərbaycan muğamını layiqincə təmsil edib.

Nafizin yaddaşında muğam sənətimizin korifeyləriylə bağlı saysız-hesabsız xatirələr yaşayır. Əzizə Cəfərzadə ocağında onunla xeyli söhbətləşdik. XIX əsrdə yaşamış xanəndə Ala Palas oğlundan maraqlı bir əhvalat danışdı. Deyilənə görə, Ala Palas oğlu ucaboy, enli kürəkli bir adam imiş. Oxuyanda səsi qonşu kəndlərə yayılarmış. Günlərin bir günü padşah məmləkəti dolaşırmış, uzaqdan bir həzin, yanıqlı səs diqqətini cəlb edir. Göstəriş verir ki, gedin o səsin sahibini mənim sarayıma gətirin, mənim üçün oxusun. Ala Palas oğlunun səsinin izinə düşüb onu tapırlar. Padşahın xahişini ona çatdırırlar. Deyir mən azad sənətkaram, saraylarda oxumaram. Bu söz padşahı qəzəbləndirir. Onu tutub saraya gətirirlər, padşah deyir ki, mənim üçün bir muğam oxu. Ala Palas oğlu deyir ki, padşah sağ olsun, indi oxumağa həvəsim yoxdur. Nə illah edirlərsə, Ala Palas oğlu oxumur. Padşah əmr edir ki, aparın onu zindana salın. Xanəndəni zindana salırlar. Axşamçağı zindandan həzin, məlahətli bir səs yayılır. Gözətçi gəlib deyir ki, bəs bayaq padşahın hüzurunda niyə oxumadın? Ala Palas oğlu deyir ki, kefim belə istəyir, onda oxumağa həvəsim yox idi, indi burda cuşə gəldim, oxuyuram.
Beynəlxalq Muğam Mərkəzində Mirzə Güllərin xatirəsinə həsr edilmiş tədbir keçirilirdi. Gənc xanəndələrdən biri muğam üstə bir qəzəl oxudu, mətlə beytində Seyid Əzim Şirvaninin adını çəkdi. Belə anlaşıldı ki, qəzəl Seyid Əzimindir. Ağakərim Nafiz xanəndəni diqqətlə dinləyirdi. Yanaşı əyləşmişdik, ustadın azca narahat olduğunu hiss etdim. Xanəndə muğamı bitirən kimi Ağa (biz ona Ağa deyə müraciət edirik) ona təşəkkür etdi:
-Çox sağ ol. Gözəl oxudun. Amma oxuduğun qəzəl Seyid Əzimin deyil, Bixudundur. Bundan sonrakı oxularında bunu nəzərə al.
Xanəndənin günahı yox idi. Görünür, qəzəl kitabda səhvən Seyid Əzimin qəzəli kimi verilib, o da kitabdan götürüb. Beləcə, bir yanlış aradan qalxdı.
Ağakərim Nafiz klassik ədəbiyyatı, əruzu, muğamatı dərindən bilən sənətkarlardandır. O, muğamı oxuyarkən ona səsiylə naxışlar vurur, özünəməxsus boğaz gəzişmələri, şöbədən şöbəyə qəfil keçidlər onu müşayiət edənlərdən aşırı diqqət tələb edir. Ağanı müşayiət etmək olduqca çətindir.
Ağakərim Nafiz diqqətləri özünə çəkməyi xoşlamır, xidməti funksiyasını icra edib həməncə kölgədə qeyb olur. Böyük Yaradan onun ömür kitabına bir istisna məqamını da əlavə etdi ki, bundan yalnız yaradıcı insan faydalana bilər. Ağa bu istisnalığı öz taleyində yaşayıb bir səsin izinə düşüb diyar-diyar gəzib. Günlərin bir günü Bakının Dağlı məhəllələrindən birində qulağına bir səs gəlir. Başını qaldıranda görür ki, bir dərviş oxuya-oxuya ona sarı gəlir. Dərviş yaxınlaşıb böyründən keçib gedir. Ağa danışır ki, hansısa iş dalınca gedirdim, iş-zad yaddan çıxdı, düşdüm bunun arxasınca.
İki-üç saat dərvişi izləyir. Dərviş səsiylə özünə yol aça-aça gedirmiş. Nəhayət, gəlib beşmərtəbənin yanındakı çayxanada dincini almağa oturur. Ağa yaxınlaşıb salam verir, oturmağa icazə istəyir. Dərviş razılıq verir və beləcə, o dərvişlə Ağanın dostluğu başlayır. Ağa ondan muğamın çox sirlərini öyrənir. Səsindəki dərvişanəlik də çox güman ki, o səsdən qaynaqlanır. Amma Ağa bu səsləri içinə hopdursa da, canından, boğazından çıxan tamam ayrı bir səsdir. Bu səs yüz səsin içində seçilir. Hamı bilir ki, oxuyan məhz Ağakərim Nafizdir.
Ağa haqqında “Azərbaycantelefilm”də “Naməlum səs” adlı sənədli film çəkilib. Mükəmməl filmdir. Azərbaycan televiziyasının unudulmaz rejissorlarından olan Nazim Abbasın çəkdiyi ən yaxşı filmlərdəndir. O filmdə Ağa ömür kitabını aramla vərəqləyir, keçdiyi yolları xatırlayır, taleyində iz qoymuş insanlardan sevgiylə, məhəbbətlə danışır. Və o filmdə Ağanın şirin avazı eşidilir. Film 1997-ci ildə çəkilib. Mədəniyyət kanalında onun sənət yolundan bəhs edən “Yurd yeri” verilişi çəkilib. Bu verilişin ərsəyə gəlməsində qələm dostumuz Avdı Qoşqarın böyük rolu olub. Verilişin ssenari müəllifi də elə özüdür. Aradan uzun bir zaman keçib. Bu gün Ağakərim Nafiz efirdə çox nadir hallarda görünür. Könül istərdi ki, televiziya kanalları onu tez-tez efirə çağırsınlar, səsini lentə alsınlar. Bu, Ağakərim Nafizdən çox xalq üçün gərəklidir, gələcək üçün qiymətlidir. Bu zəngin xəzinədən faydalanmaq hər birimiz üçün əvəzsiz bir şansdır.

Kənan Hacı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!