Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 19-06-2015, 10:42
“Laz kimi tanıdığımız xalq əski Qarapapaq türkləridirlər!”


“Borçalı”nın qonağı 25 növü olan “Yallı” rəqsinin oyun qaydalarından danışdı


Bilindiyi kimi, 2015-ci il iyunun 6-da “Borçalı” İctimai Cəmiyyəti “2-ci “Təbriz gecəsi” və “Cavad Heyət” mükafatının təqdimatı”nı keçirdi. Mükafatın Güney Azərbaycandan olan on laureatından biri də coğrafiyaşünas-alim, folklor araşdırmaçısı, şair Məhərrəm Pərizad idi.
Məlumat üçün deyim ki, Məhərrəm bəy 1943-cü ildə Sulduz bölgəsinin Nəğədə şəhərinin Fərquzad kəndində doğulub, indiyə qədər dörd kitabı işıq üzü görüb, daha yeddi kitabı çap olunma ərəfəsindədir.
Tədbirdən bir neçə gün sonra Məhərrəm Pərizadla yenidən görüşüb söhbətləşməli oldum. Həmsöhbətimin maraqlı fikirlərini sizlərlə də bölüşməyi özümə borc bildim.
– Məhərrəm bəy, özünüzü Azərbaycan oxucusuna necə təqdim etmək istərdiniz?
Şeirlə, elə bu cür:
Əlmədəd atamdı, Firəngiz anam,
Nəğədə şəhərli, Sürgün adlıyam.
Qarapapaq elli, Sulduz mahallı,
Yurdumu arasan, Fərquzadlıyam.
– Bəli, şairanə bir təqdimat oldu. Bakıya xoş gəlmisiniz! Əvvəlcə, “Borçalı” Cəmiyyətinin təsis etdiyi “Cavad Heyət” mükafatının ilk laureatları sırasında olmanız münasibətilə sizi təbrik edirəm! Bu səfəriniz müstəqil Azərbaycana ilk gəlişinizdirmi?
– Bəli, ilk gəlişimdir. Çoxdandır bu arzuyla yaşayırdım. Uzun müddət Sovet hökuməti gəliş-gedişimizi qadağan etmişdi. İndi isə şükürlər olsun ki, rahatca gəlib-gedə bilirik, istəklərimiz təmin olunub. Bakıya ilk səfərim “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin dəvəti ilə baş tutdu, hər birinizə minnətdarıq.
– Bakı sizdə hansı təəssüratları oyatdı?
– Bakı çox gözəl şəhərdir. Bir çox görməli, gözəl mənzərəsi olan yerlərini gəzdik. İçərişəhəri, Qız Qalasını, bulvarı gördük, insanlarda səmimiyyət və mehribanlıq hiss etdik. İlk Avropa Oyunlarının keçirilməsi üçün Avropanın məhz Bakını seçməsi də qürurverici haldır.
– Məhərrəm bəy, bayaq dəhlizdəki eyhamınızdan anladım ki, ancaq yaradıcılığınız barədə danışmaq istəyirsiniz. Odur ki, sizi incitmədən çalışmalarınızla bizi tanış etmənizi xahiş edirəm.
– Mən əsasən folklor araşdırması ilə məşğul oluram, əski adət-ənənələrimizlə məşğul oluram. “Atalar sözünün inkişafı” adlı kitabım da var. Mahmud Kaşğarinin divan sözlərindən 230 zərbi-məsəl çıxarmışam. Bu afforizmləri müasir ifadələrlə vermiş və onu o taylı-bu taylı Azərbaycanın bu günkü oxşar afforizmləri ilə müqayisə etmişəm. Baxıram ki, min il ərzində gəlişən bu atalar sözləri cümlə olaraq dəyişilib, lakin məna olaraq yerindədir. Nümunə üçün birini deyim: M.Kaşğari Uyğur dilində deyir ki, Ay tolum bolsa, elken emlamaz. Yəni, Ay bədirlənsə, əl ilə göstərilməz, yaxud, əl ilə göstərməyə ehtiyac qalmaz. Bizim zamanımızda isə bu afforizm başqa cür işlədilir: Görünən kəndə bələdçi lazım deyil.
Bundan başqa, şeir də yazıram. Hərdən sərbəst vəznə də müraciət etməyimə baxmayaraq, yaradıcılığımda qoşma daha çox yer tutur. Qoşma janrı saz havalarına çox yatımlı olduğundan daha çox sevilir.
Şeirlərimiz əsasən hicrandan, həsrətdən bəhs edir. Buna bir dəlilim də var. Xanlıqlar, dərəbəyliklər dövründə, hər şeyə xanların özü sahib olduğu səbəbindən rəiyyət sözünü deyə bilmirdi, onu məhv edərdilər. Ona görə də, rəiyyətin içindən çıxan istedadlı insanlar sözlərini demək məqsədilə dastanlar yaradır, oradakı sevgi qəhrəmanlarının birini tutaq ki, Çindən, o birini Hindistandan götürüb fikirlərini obrazlar vasitəsilə ifadə edirdilər. Əsərdə yerli bəylərin, xanların və ya onların övladlarının adını çəksəydilər, əlbəttə bu, müəllif üçün heç də xoş olmayan nəticələrə gətirib çıxaracaqdı. “Məlikməmməd” nağılında da buna işarə var. Çətinlikləri aradan qaldırmaq istəyən Məlikməmmədə məsləhət verirlər ki, bağlı qapıları açsın, açıqları bağlasın, gedəcəyi yerdə atın qabağında ət, itin qabağında ot gördükdə, yerlərini dəyişsin. Bu, ona işarə edir ki, heç bir şey öz yerində deyil, insan gərək hər şeyi öz yerinə qoymaq üçün əziyyət çəkməyi də bacarsın.

– Sətiraltı ifadələriniz çox gözəldir, bəs, folklorumuz, adət-ənənələrimizlə bağlı daha hansı nailiyyətlərinizdən danışa bilərsiniz?

– Qarapapaqlara xas olan “Yallı” havası ilə bağlı da araşdırmalarım var. Bir az da bu barədə danışmaq, sizlərə məlumat vermək istəyirəm. Qeyd edim ki, Urmu gölünün cənub-qərbində yerləşən Sulduz bölgəsində yaşayan Qarapapaq elində “Yallı” rəqsi qədim mədəniyyət nümunəsi kimi qorunub saxlanır.

“Yallı” oyun havası haqdan, məhəbbətdən yaranıb. Bu, birlik, bərabərlik, barış, sülh rəqsidir. Gəldiyim qənaətə, öz ehtimalıma görə, “yallı” sözü atın yalından alınıb. Qarapapaqlar hər zaman at belində olublar. Dördnala çapanda necə ki, atın yalı yatıb-qalxır, dalğalanır, bax, oğlan və qızların ələlə tutub oynadığı “Yallı” rəqsi də kənardan baxanda eyni təəssüratı yaradır. “Yallı”larımız çoxdur, onlardan biri də “İrəvan yallısı”dır ki, ona “Dalan” da deyirlər. “Yallı”nın bu növü Araz çayı boyunca yayılıb, hətta Türkiyədə də var. İrəvan tayfalarının qoşduğu belə bir bayatı da var:

Arazın boylarında,
İrəvan yollarında,
Bir cüt iplik olaydım,
Yarımın qollarında.

Yeri gəlmişkən, bu bayatıda rast gəldiyiniz “iplik” sözünə də bir açıqlama vermək istəyirəm, çünki bayatının ən dadlı-duzlu yeri elə həmin misradadır. Davar tikanlı kolların arasından keçdikdə yunu orada ilişib qalır. Kasıb adamlar həmin bu ilişib qalmış yunları “iplik” adlandırarlarmış. Onlar yun və ya ip əldə edə bilmədiklərindən, gedib həmin tikanlara ilişib qalmış qoyun yunlarını böyük əziyyət hesabına toplayar, ondan ip əyirib, paltar toxuyarlarmış. İndi fikir verin, bayatı söyləyən özünü yarının hər qoluna ilişmiş bir iplik kimi görməyi belə özünə böyük xoşbəxtlik bilir. Bax, hicranın, həsrətin ən bariz nümunələrindən biri budur.
– Təşəkkür edirəm, gözəl təsvirdir! “Yallı”nın başqa növlərindən də bəhs edə bilərsinizmi?

– Ağsaqqal və ağbirçəklərin dediklərinə görə, əski zamanlarda Qarapapaqlar il boyu günə bir münasibət, hər münasibətə də bir yallı qurarlarmış. Həmin yallıların çoxu əmək yallıları olarmış. Bu, “Yallı”nın çoxnövlü olduğunu göstərir. Lakin onların bir qismi unudulub, qalanları Sulduzda yaşadılmaqdadır. Onlardan “İrəvan Yallısı”, “Üçtəpik”, “Yanbasma”, “Sosqayı”, “Qazayağı”, “Çəçələbarmaq”, “Sərbaz Yallısı”, “Qaraxan”, “Həbirban”, “Tovlama” və başqalarının adını çəkmək olar ki, bu günə qədər “Yallı”nın cəmi 25 növü aşkara çıxarılıb. Bu “Yallı”ların bəziləri ağır, bəziləri isə yüngül ifa olunub-oynanır.

– Zəhmət olmasa, bir az da “Yallı”nın oyun qaydaları barədə məlumat verin.

– “Yallı” rəqsi kişili-qadınlı iştirakçıların ələlə tutub bir sırada və ya çevrədə oynaması ilə müşahidə olunur. Rəqsi nağara, zurna və ya qoşa sümsüm (dilli tütək) və qoltuq dümbəyi müşayiət edir. “Yallı” rəqsinə əvvəlcə ələlə tutan kişilər başlayırlar. Sonra qız-gəlinlər daxil olub, iki kişini bir-birindən ayıraraq onların arasına girir, əllərindən tutub oynamağa başlayırlar. Ona görə də, həmin qızlara “ayıran”, “aralayan” mənasında “ayran” deyirlər.
– Bu, “Dədə Qorqud”da çox gözəl təsvir olunub: “Gəlinə “ayran” demədim mən Dədə Qorqud, ayrana “doyuran” demədim mən Dədə Qorqud”.
– Bəli doğrudur, məsələ elə ondadır ki, Sulduzda bizə qonşu yaşayan kürdlər bizdən götürdükləri bu rəqsdəki “ayran”ı “ayıran”, “aralayan” deyil, əksinə “çalxama”, “atlama” mənasında qavrayıblar.
Rəqs zamanı “Yallı”nın səfi get-gedə uzanar, nəhayət girdələşib, qıvrılıb dairəvi şəkil alaraq dalğalanmağa başlar.
Sizin bayaqkı sualınıza uyğun olaraq deyim ki, “Yallı” rəqslərinin öz oyun qaydaları var. Belə ki, Yallıbaşının əlindən zorla “tovlama”nı (dəsmalı) almaq olmaz, bu, hətta qan davasına gətirib çıxara bilər. Bunu yalnız ona xələt verməklə, razı salmaqla etmək mümkündür. Eyni zamanda, Yallıbaşının təngnəfəs olmaması üçün hərdən bir onu yalnız dediyimiz yolla dəyişmək də labüd hesab edilir. Bundan başqa, Yallıbaşının əlindən ayran (qız) tutubsa, onu dəyişmək mümkünsüz bir işdir. Bu, oğlanın qıza xəyanəti hesab edilir və bir daha qızlar həmin oğlanın əlindən tutub “Yallı”ya oynamazlar. Çünki ayran uyğun bildiyi iki oğlanın (qohum və ya yad) arasına könüllü olaraq daxil olur. Bu halda o, rəqs edənlərin arxa tərəfindən yaxınlaşaraq, əlini oğlanların çiyinindən qollarına doğru sürüşdürür, bu zaman oğlanlar əllərini açıb onu qəbul edirlər. Bu mənada “Yallı” rəqsi zamanı oğlanın qızdan əvvəl rəqsi tərk etməsi, qızı bəyənməməsi kimi qəbul olunur və bu halda qız təhqir olunmuş hesab edilir. Bundan başqa, heç bir oğlan, yaxud da qızın iki qızın və ya qızla oğlanın arasına girməyə ixtiyarı yoxdur, bu, çox pis qiymətləndirilir. Eyni zamanda, hər hansı qız və ya gəlin hansısa yüngülxasiyyət kişinin əlindən tutub oynamaz. Bu cür neqativ hallar qruplar və ya nəsillər arası narazılıqlara, hətta savaşlara gətirib çıxara bilir.
“Yallı” rəqsi ələlə oynayan hansısa oğlanla qızın ailə həyatı qurmasına da gətirib çıxara bilir. Belə ki, oyun zamanı bəzən oğlan onunla ələlə oynayan qıza sevgisini təklif etmək üçün onun əlini yüngülcə sıxır. Bu hal normal hesab olunur. Qız oğlanın təklifini qəbul etmək istəsə, o da oğlanın əlini yüngülcə sıxır. Beləcə, bu sevgi onların evlənməsi ilə nəticələnə bilir.
– Məhərrəm bəy, bir araşdırmaçı kimi Qarapapaqların tarixi ilə bağlı nələri deyə bilərsiniz?

– Sulduz bölgəsində Nəğədə şəhərinin çevrəsində yaşayan Qarapapaqlar İran-Rus müharibəsinə qədər Borçalı mahalında, indiki Ermənistanda, Azərbaycanın Loru, Tovuz, Qarabağ, Gəncə və başqa müxtəlif bölgələrində, habelə Türkiyənin Qars vilayətində yaşamışlar. “Gülüstan” müqaviləsindən sonra onlar İrəvan ətrafına köçüb, “Türkmənçay” müqaviləsindən sonra da yeni bir dəstə gəlib onlara – qohumlarına qovuşublar. Bundan sonra, Rus qoşunlarının basqısı nəticəsində qış fəslinə düşdüyündən Arazı keçə bilməyiblər və qışlamaq üçün Qarsa köçüblər. Bax elə bu bayatı da həmin vaxtlar yaranıb:

Arazda daşqına bax,
Urusun məşqinə bax,
Oxuram dərd əlindən,
Deyirlər eşqinə bax.

Qışı Qarsda qaldıqdan sonra, yaz vaxtı 800 ailə olaraq İran Azərbaycanına keçib, Xoyda və Salmasda sakinləşirlər, lakin maldarlıq baxımından daha əlverişli olduğu üçün sonradan Sulduza köçüblər. Tədqiqatçı alim Əli Şamilin ehtimalına görə isə, Rus hökuməti Abbas Mirzəyə Qarapapaqların dinc oturmadığı barədə şikayət edib və onların uzaqlaşdırılmasını tövsiyə edib. Bu səbəbdən Qarapapaqların bir qismi Sulduza köçürülüblər və kürdlərlə bir bölgəyə yerləşdiriliblər.
Sulduz bölgəsində yaşayan Qarapapaqlar bu günə qədər də öz zəngin ədəbi, mədəni irsini, şivəsini və adət-ənənələrini qoruyub saxlamaqdadırlar. Qeyd edim ki, orada Borçalılar, Saralı, Tərkərvən, Ayrım, Ərəbiə, Şəmşədinli adlı tayfalar da mövcuddur. Qarapapaqlar Sulduzdan əlavə Salmasda, Əraşda, Qars vilayətində, Talışda, Qaraqalpaqstanda, Qazaxstanda, Qırğızstanda, Özbəkstanda, Gürcüstanda, Əfqanstanda, Misirdə yaşamalarına baxmayaraq, siyasi, tarixi çəkişmələr səbəbindən zaman-zaman parçalansalar da, ayrı qövmlər arasında əriməmiş, onlara qarışmamış, hətta qız alıb-verməmişlər, bununla da varlıqlarını – Qarapapaqlıqlarını qoruyub saxlamışlar.
Qarapapaqlar başlarına Həştərxan tərəflərdə yetişdirilən qaragül dərisindən düzəldilmiş şiş papaqlar qoyarmışlar. Bu qövmün adı ayrı-ayrı bölgələrdə müxtəlif cürə səslənib. Qaraqalpaqstanda “Qaraqalpaqlar”, Azərbaycan və Türkiyədə “Qarapapaqlar”, “Qarabörklülər”, ruslarda “Çyornıye kolobuki”, o tay-bu tay Araz sahilində “Qarabörklər”, farslarda “Qumıklar” kimi adlanmışlar. Yeri gəlmişkən bəzi mənbələrə görə, laz kimi tanıdığımız xalq əski Qarapapaq türküdürlər, lakin sonradan gürcüləşiblər. Qarapapaqlar ticarət işləri ilə də məşğul olarlarmış, dəri və aşlanmış dəri geyimləri (pustun) bazarını ələ alarmışlar, yaxın və uzaq ölkələrə, o cümlədən də Urfaya dəri və dəri məhsulları göndərərmişlər. Eyni zamanda daim at belində qoçaqlıqlar göstərərmişlər. Məndə olan məlumata görə, axsaq Teymura qarşı çıxdıqlarına görə pərəndə salınmışlar.
Məhərrəm bəy, bildiyiniz kimi Borçalı Qarapapaq törəmələri hər il iyulun 26-da “Borçalı türklərinin Elat mədəniyyəti günü” festivalı keçirirlər. Həri il bu festivalda digər ölkələrlə yanaşı sizin təbirinizcə desək İranlı qonaqlarımız da iştitrak edirlər. Bu ilki Elat bayramına qatılmaq barədə düşünürsünüzmü?
– Elat bayramı mənim üçün doğma bir mədəniyyət nümunəsidir. Bu, babalarımızın qədim həyat tərzidir. Elat bayramı biz tərəflərdə də keçirilərdi, lakin son vaxtlar görünməz olduğu qədər azalıbdır. “Borçalı türklərinin Elat mədəniyəti günü” bayramına xanımımla gəlməyi düşünürəm.
Söhbətləşdi: Elbəyi Cəlaloğlu
Araşdırmaçı-yazar, “Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!