Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
23-04-2025, 19:46
Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır

Növbəti hədəfimiz Qərbi Azərbaycana qayıdışdır

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışı soyadaşlarımızın öz doğma torpaqlarına qayıdış ümidinə bir daha işıq saçdı. Qərbi azərbaycanlılar tam əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qayıdacaq, ata-baba yurdlarında əbədi yaşayacaqlar.
Bu gün ölkəmizin başçısının məqsədyönlü siyasəti, strategiyası sayəsində Qərbi Azərbaycana qayıdışla bağlı mühüm işlər görülür.
Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr uzrə prorektorluğu nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovadır.
- Leyla xanım, oxucularımıza Mərkəzin yaranması, əsas məqsədi, fəaliyyəti haqqında məlumat verə bilərsiniz?
- Məmnuniyyətlə. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətinin əsas məqsədi Qərbi Azərbaycanın tarixi etnoqrafiyası, ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatların aparılmasını təmin etmək, bu sahədə aparılan tədqiqatlara yeni töhfələr vermək, onun elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə və praktik tətbiqinə nail olmaqdır. Rəsmi açılış mərasimi 2024-cü il martın 1-də keçirilən Mərkəz Qərbi Azərbaycan məsələsi ilə məşğul olan bütün dövlət və qeyri-dövlət strukturları ilə əlaqələr yaradır və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir.
- Bəs, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri hansılardır?
- İlk növbədə bu sahədə elmi tədqiqat və maarifləndirmə işlərinin təşkil edilməsi, Qərbi Azərbaycan tarixinin ayrı-ayrı mərhələlərinin arşadırılması ilə bağlı elmi tədqiqatların aparılması və bu sahədə elmi-metodiki dəstəyin verilməsi əsas qayəmizdir. Həmçinin azərbaycanlıların ermənilər tərəfindən öz yurdlarından kütləvi surətdə zorla köçürülməsi ilə bağlı aşağıdakı tarixi mərhələlərin dərindən, hərtərəfli öyrənilməsi də əsas prioritetlərdəndir:

1) İrəvan xanlığının işğal edilməsi dövrü.
2) 1905-1906-cı illər qırğınlarının nəticələri.
3) 1918-1920-ci illər soyqırımı.
4) 1948-1953-cü illər deportasiyası.

5) 1988-1991-ci illər deportasiyası.
Bundan başqa, Qərbi Azərbaycan tarixi hüquq kontekstində-şəxsi sənədlər, doğum şəhadətnamələri, əmək kitabçası, hərbi bilet, pasport, attestat, diplom, nikah şəhadətnaməsi, ölüm şəhadətnaməsi, mənzilin mülkiyyət hüquqlarına dair sənədlərin (mülkiyyət, yaxud istifadə hüququ) və s. toplanması, toponimlərin, xalq sənətkarlığını və məişətini əks etdirən əşyaların, sənətkarlıq, yazılı və şifahi ədəbiyyat nümunələrinin, folklorun öyrənilməsi, sosial şəbəkələrdə Mərkəzin səhifələrinin fəaliyyət göstərməsi, eləcə də elmi seminarların, konfransların, simpozumların, televiziya verilişlərinin və digər tədbirlərin təşkili əsas prioritetlərdəndir.
- Leyla xanım, istərdik Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin ötən il gördüyü işlər haqqında məlimat verəsiniz.
-Əvvəlcə qeyd edim ki, 2024-cü ilin mart ayında ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin açılış mərasimi, “Qərbi Azərbaycan -yurd yerimiz” mövzusunda konfrans keçirilib. Daha sonra Mərkəzin, Keşişkənd və Paşalı icmalarının birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə hazırlanmış, plagiata məruz qalmış “Qərbi Azərbaycan yallıları”, “Qərbi Azərbaycana qayıdış tarixi torpaqlarda maddi - mədəni irsimiz”, Tərtər rayonunda Vaqif İsaoğlunun “95 illik tarixi yaşadan kəndimiz” (İrəvanlı kəndi) adlı kitabların təqdimatı olub.
Bundan başqa, Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid aktları” adlı kitabının, eləcə də “Təhsil” Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzinin birgə layihəsi əsasında nəşr olunan “Ulduz” jurnalının Qərbi Azərbaycana həsr olunmuş növbəri nömrəsinin təqdimatı, eləcə də “İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illiyi” yubiley tədbiri keçirilib.
Həmçinin Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və sosial təşəbbüslərə dəstək” layihəsi əsasında və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Danışır tarix” filmi çəkilib. “Danışır tarix” filmi “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir. Filmdə, həmçinin Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsindən, azərbaycanlıların milli kimliyinin və mədəni irsinin izlərini silmək cəhdindən bəhs edilir.
- Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması günümüzün vacib məsələlərindəndir. Rəhbərlik etdiyiniz Mərkəz bu sahədə hansı işləri görür?
- ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüsenyovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması ilə əlaqədar fəaliyyət planı hazırlayıb. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu əvəzolunmazdır. Həyata keçirilən tədbirlər və lahiyələrdə gənclərimizin iştirakı əhəmiyyətlidir. Ona görə də görülən işlərlə , eləcə də qarşıda duran vəzifələrlə bağlı gənclərlə tez-tez görüşlər keçirir, müzakirələr aparırıq. Bu mənada Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalovanın, Mərkəzin mütəxəssissi Möhübbət Məmmədovun, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədovun, ADU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nilgün Nağıyevanın və “MEH” Ədəbi Dərnəyinin rəhbəri Aytac Muradlının iştirakı ilə keçirilən tədbiri qeyd etmək yerinə düşərdi.
- Leyla xanım, qısa zamanda geniş oxucu auditoriyası qazanmış “Yurdun səsi” qəzeti haqqında nə deyə bilərsiniz?
-Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təsis etdiyi və baş redaktoru olduğu “Yurdun səsi” qəzetinin ilk nömrəsi 2024-cü ilin oktyabrında işıq üzü görüb. “Yurdun səsi” qəzetinin missiyası Qərbi Azərbaycana qayıdışın ruporuna çevrilmək, bu məqsədə xidmət etməkdir. Eyni zamanda, Qərbi Azərbaycanın mədəniyyətini, tarixini, flora və faunasını, mətbəxini, maddi və qeyri -maddi- mədəni irsini öyrənmək, təbliğ etmək, oxuculara çatdırmaq qəzetimizin əsas hədəfləridir.
- Belə demək mümkündürmü ki, “Yurdun səsi” sözün əsl mənasında, qəriblikdə həsrətlə yolumuzu gözləyən Qərbi Azərbaycanın səsi olacaq.
- Bəli, şübhəsiz, “Yurdun səsi” Qərbi Azərbaycanın səsi olacaq. Qəzetin ilk nömrəsində baş redaktor, professor Mahirə Hüseynovanın oxuculara müraciətində qeyd olunur ki, Qarabağ işğaldan azad olunduqdan sonra Azərbaycan xalqı qarşısında yeni hədəf müəyyənləşdirib: “Qərbi Azərbaycana qayıdış! Bu yolda bizim informasiya ruporlarına, sosial şəbəkə seqmentlərinə, jurnallara, saytlara və qəzetlərə ehtiyacımız var. “Yurdun səsi” də bu zərurətdən yaranıb. Zəngin tarixə, əsrarəngiz gözəlliyə malik Qərbi Azərbaycanın gənc nəslə tanıdılması və sevdirilməsi qarşımıza qoyduğumuz hədəflərdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz topla, tüfənglə deyil, öz elmimiz, zəkamız və yurdsevərliyimizlə Qərbi Azərbaycana qayıdacağıq. Biz buna inanırıq! “Yurdun səsi”-bu ad təsadüfən seçilməyib. Bu səs qəriblikdə qalan yurdumuz Qərbi Azərbaycanın səsidir, Öz doğma yurdumuzun səsidir”.

Zahid Rza
22-04-2025, 17:15
Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.


Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib.

21 aprel 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən, uğurlarından, problemlərindən danışıblar.

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.

İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər - Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.




22-04-2025, 15:54
Növbəti köç karvanı Həsənriz kəndinə çatdı


Növbəti köç karvanı Həsənriz kəndinə çatdı- FOTO,

Bu gün respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti- bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.




22-04-2025, 10:36
Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili


Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili - Sadiq QURBANOV

Təbiət ulu Tanrının şah əsəridir, biz türklər isə təbiətin ən sevimli övladlarıyıq. Təbiət ədalətlidir, saxtakarlığı, qeyri-səmimi və süni münasibətləri sevmir, buna görə də təbiət qədim türklərdə bütünlüklə müqəddəs xüsusiyyətlərə malik bir anlayış olmuş və onların inanc sistemində mühüm əhəmiyyət kəsb etmişdir. Türkün təbiətə xoş münasibətini onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsində görmək olur. Onun ilkin mifoloji düşüncəsində ilahi keyfiyyətlərini təbiət hadisələri ilə ifadə etmək, təbiətdə, onun müxtəlif varlıqlarında daim özünü görmək heyrətamiz bir sistemi təşkil edir. Türk bu heyrətamizliyi müxtəlif formalarda vəsf etməklə inanc dünyasında Tanrıya tapınma kultunun ilahi bir harmoniyasını yaradır. Tarixin müxtəlif dövrlərində qədim türklərdə insanla heyvanlar və ya bitkilər arasında metafizik bir əlaqənin olduğunu qəbul edən düşüncə və davranış sistemi olan totemizm inancı da mövcud olmuşdur.
Bildiyimiz kimi, müasir dövdə dünyamız çox dəyişib və bizi də onunla bərabər dəyişməyə məcbur edir. "Hazırda təbiətə münasibət necə olmalıdır?" sualı bütün dünyada aktuallıq kəsb edir. Səbəb də odur ki, son iki əsrdə ətraf mühit amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulmuş və çox ciddi ekoloji disbalans yaranmışdır. İnsanın, cəmiyyətin mənəvi mədəniyyət səviyyəsinin inikası olan ekoloji problemləri həll etmək üçün bütün dünya dövlətləri müxtəlif yollar axtarır. Bu prizmadan yanaşsaq, görərik ki, həll yollarının tapılmasında dünyanın ən böyük ekoloji platforması olan COP29-un Azərbaycanda keçirilməsi dialektik qanunauyğunluğun nəticəsidir. Çünki türk xalqlarının tarixini, dünyaya baxışını araşdırdıqda insanlığın ən nəcib duyğularının məhz türk xalqlarından qaynaqlandığının şahidi oluruq. Türk xalqlarının təbiətə münasibətinin dərin qatları və ənənələrinin mövcudluğu bu məsələlərin tədqiq edilməsini şərtləndirir.
Bu mənada, biz ilkin olaraq təbiətə münasibətin ayrı-ayrı məna çalarlarını öyrənməyi zəruri hesab edirik.
Təbiətə iki münasibətin nəticələri
Qədimdən insanlar təbiətə iki cür yanaşmışlar:
1) təbiəti qorumaq və bu mənada onu yaratmaq;
2) təbiəti öz marağına uyğun dəyişmək. İkinci yanaşma əsas olaraq texniki təsirlərlə təbiəti fəth etməyi nəzərdə tutur.
Tarixi təcrübə hər iki yanaşmanın müsbət və mənfi tərəflərini aydınlaşdırdı. Texno-yanaşmanın dominantlığı ilə keçən əsrlərdən sonra bəşəriyyət belə qənaətə gəldi: əgər bu gedişatı insan övladı dayandırmasa və ya keyfiyyətcə dəyişməsə, bəşəriyyətin özünün varlığı ciddi risk altına düşə bilər. Hətta daha radikal düşünənlərin qənaətləri belədir: dünya ekoloji fəlakətlər üzündən məhv olmağa doğru gedir!
Bu məsələ indi "qlobal problemlər" adlanan və dünya ekzistensiyası üçün böyük risk daşıdığı qəbul edilən ziddiyyətlər, təhdidlər, paradokslar, fəlakətlər, təhlükələr çoxluğunun mərkəzində dayanır. Yəni tarix insan övladına sübut etdi ki, texniki, elmi, fəlsəfi və s. inkişafa baxmayaraq, homo sopiensin varlığı məsələlərinin mərkəzində təbiət dayanır!
İndi müşahidə edilən bütün qorxulu ssenarilərin təməlində insanın qədimdən "təbiətlə birgə" və ya "onu insanın xeyrinə dəyişmə" seçimi arasında etdiyi tərəddüdlər dayanır! Bu, tarixlə təbiətin insan qövmünə verdiyi tarixi dərsdir! O dərsdən ibrət almaq üçün problemin kökünə getmək gərəkdir. Dünya üzrə etnosların qədimdən təbiətə necə münasibət göstərdiklərinin elmi dərki bəlkə yardımçı olar. Öncə, indi elmdə təbiətə olan münasibətin bir obrazına baxaq.
"Ekosofiya" və "Umvelt dünya":
həqiqət anı


Bu məqalədə etnosun təbiətə münasibətinin yalnız bir neçə məqamlarına toxuna biləcəyik. 1922-ci ildə amerikan sosioloqu Q.Berrouz "insan ekologiyası" anlayışını elmi dövriyyəyə daxil etdi. Bu anlayış ətraf mühitin insanın həyat fəaliyyətinə təsirlərini öyrənmək məqsədi ilə daxil edilib. Bura təbiət, ətraf mühitin çirklənməsi, adət-ənənə, əxlaq, din, siyasi quruluş kimi müxtəlif parametrlər daxildir. Deməli, XX əsrin əvvəllərində Qərb elmi şüuru anladı ki, təbiət və onunla bağlı müxtəlif faktorlardan insan həyatının keyfiyyəti birbaşa asılıdır. Təbiətə münasibət həm fərd olaraq insanın özünə, həm kollektiv birgəyaşam forması olaraq cəmiyyətə (etnosa, topluma) ciddi təsir edir. Bununla yanaşı, təbiət cəmiyyətin demoqrafik dinamikasına əsaslı təsir göstərir və s.
Dünyanın özünü inkişaf etmiş sayan kəsimi bununla məhdudlaşmadı. Bir-birinin ardınca ekoloji vəziyyətin elmi dərk edilməsi ilə əlaqədar anlayışlar, nəzəriyyələr, konsepsiyalar irəli sürdülər. A.Peççen ekoloji böhrandan qurtulmaq üçün "insanın daxili transformasiyası"nı zəruri saydı. Bir qrup tədqiqatçı problemlərin kökündə insanın "biogen varlıq"dan "texnogen varlığ"a çevrilməsini gördü. Akademik N.Moiseyev cəmiyyətlərin biosferada mövcud olan bioloji növ kimi daim təbiətlə (hətta kosmik masştabı əhatə edən noosfer miqyasında) qarşılıqlı əlaqələrini elmi təhlil etməsi, tədqiqat aparması vacibliyindən bəhs etdi.
Keçən əsrin ortalarında Yakob fon İkskyül "Umwelt" anlayışını daxil etdi. Bu anlayış semantik olaraq "ətraf mühit" deməkdir. Lakin Y.fon İkskyül ona dərin elmi məna vermişdir. Onun başlıca mahiyyəti belədir: hər bir canlı orqanizm ətraf mühitdən özünün mövcudluğu üçün lazım bildiyi faktorları seçir, özünün yaşam dünyasına daxil edir, ona uyğunlaşdırır. Buna görə də hər canlının öz "umvelt"i var ki, onu canlının "ekoloji yaşam dünyası" da adlandırmaq olar. Yəni insan da daxil olmaqla, hər bir canlı bu dünyada özünün "ekoloji mühiti"ni yaradır və orada mövcud olur. Bu, Qərb elmi təfəkküründə rastlaşdığı bütün ekoloji məsələlərin kökünün "özünün daxili aləmində", fərd və qövm olaraq təbiətə münasibətinin mahiyyət, məzmun və xarakterində olduğunu anlamağa təkan verdi. Başqa sözlə, təbiətə münasibətdə özünün düşüncə və praktiki davranışlarına tənqidi yanaşma zərurətini ortaya qoydu. Yeri gəlmişkən, hələ də Qərb "ekoloji təfəkkürü" özünə tam tənqidi yanaşa bilmək qabiliyyətini göstərə bilməmişdir. Hələ də geosiyasi, siyasi və dövləti maraqlarını eqoistləşdirərək "hər şey mənimdir" prinsipi ilə hərəkət edənləri vardır.

Ancaq Feliks Qvattari fərqli düşündü. Y.fon İkskyülün yaradıcılığına ciddi diqqət yetirən F.Qvattari J.Delyozla birgə "ekosofiya" (eko - ətraf mühit, sofiya - müdriklik) təlimini yaratdı. Nəhayət ki, Qərbdə təbiətə real olaraq müdrik yanaşmanı dərk etdilər.
Ancaq... Bir tərəfdən artıq gec idi - bəşəriyyət çəkdiyini çəkmişdir, digər tərəfdən, bəlkə də elmi çıxış yolu başlamışdır. Belə ki, F.Qvattari geniş anlamda insan-təbiət münasibətlərinə daim axıcı olan cərəyanların qarşlıqlı münasibətləri kontekstində baxır. Məsələ yalnız ekosistem miqyası ilə məhdudlaşmamalıdır. Ümumiyyətlə, bəşər övladı (etnoslar, xalqlar, millətlər, tayfalar, fərdlər) daxilən təbiətə (ətraf mühitə) münasibətlərini dəyişməlidirlər.
Bu, o zaman ekoloji müdriklik olur ki, fərd və kollektiv səviyyədə insan təbiətlə bütövləşsin, özünü onun bir parçası, daxili tərkib hissəsi kimi qəbul etsin. Eyni zamanda qəlbən duysun və intellektlə anlasın ki, dünya onun "içində" - mənəviyyatında, özünə və başqasına münasibətində, ətrafdakı hər zərrəyə münasibətində yaranır. Dünya insanın özündən kənarda mövcud deyildir - "nə tökərsən aşına, o çıxar qaşığına"! İnsan bu anlamda "başından yuxarı tullana bilməz"!
Nəzəri olaraq daha dərinlərə getmirik. Ancaq bu fikirlərdən məqalənin mövzusu baxımından əhəmiyyətli olan bir neçə nəticəni ifadə etməyə ehtiyac vardır.

Birincisi, dünya anlamışdır ki, təbiətə olan münasibəti təbii qanunlara uyğun deyildir.
İkincisi, yaranmış ziddiyyətli və riskli vəziyyətdən qurtulmaq üçün fərqli elmi yanaşmalara ehtiyac meydana gəlmişdir.
Üçüncüsü, onların hər biri "ekosofiya" və ya "umvelt" - dünyaların harmoniyasına anil olmaqla xarakterizə olmalıdır.
Dördüncüsü, bunlar onu göstərir ki, problemə şərqlilərin anlamında "holistik" yanaşma çıxış yolunu göstərə bilər.
Beşincisi, Şərq ekoloji təfəkkürünü, mifoloji təsəvvürlərini, ümumiyyətlə birgəyaşam fəlsəfəsini obyektiv, dərindən və geniş araşdırmaq lazımdır!

Bunun üçün fərqli təlim anlayışları daxil edə bilərsən. Məsələn, indi "dərin ekologiya"dan (U.Anderson, U.Foks və digərləri), "personalist ekologiya"dan (təbiətlə əməkdaşlıq, təbiətin imkanlarının artırılması), əsasən, xristian əxlaqı ilə bağlı olan "teogeopolitika"dan (S.A.Sall), "teoekologiya"dan (L.Uayt, C.Passmor və s.) bəhs edirlər. Ancaq bütün bu fərqli yanaşmaların praktiki faydası yalnız insanın dərin mənəvi, əxlaqi, dünyagörüşü qatlarında təbiətə münasibətini dəyişmədən söz olaraq qalacaq.
Məsələn, indi böyük dövlətlər qlobal iqlim dəyişikliyindən bəhs edirlər, "yaşıl dünya" konsepsiyasını yaratmağa çalışırlar. BMT bununla bağlı xüsusi qurumlar yaratmışdır (məsələn, COP). Parisdə qlobal iqlim dəyişiklikləri ilə bağlı saziş imzalanmışdır. Lakin özünü böyük sayan dövlətlərin heç də hamısı koordinasiyalı və problemin həllinə xidmət etmək ruhu ilə fəaliyyət göstərmirlər. Biri həmin müqavilədən çıxır, digərləri maliyyə ayırmaq istəmir. Buna paralel olaraq dünya atmosferini ən çox onlar çirkləndirməkdə davam edirlər. Rəqəmlər göstərir ki, dünyanı ən çox ABŞ və Çin çirkləndirir, atmosferə çoxlu miqdarda qaz atırlar. Amerika, Avropa, Uzaq Şərqin inkişaf etmiş ölkələri atmosferə ən çox zərər verən və bu mənada iqlimi süni dəyişəndirlər. Ancaq onlar bu məsuliyyəti üzərlərinə götürmək istəmir, üstəlik, bir-birlərini suçlayırlar.
Bu paradoksal mənzərə nəyi ifadə edir? Hər şeydən öncə onu ifadə edir ki, onlar özlərinə "böyük və güclü" demələrinə baxmayaraq, təbiətə və bütövlükdə dünyaya münasibətdə "böyük və sülhsevər" deyillər. Bundan başqa, tarixdə mövcud olan təbiətsevərliyin fəlsəfəsini və elmini dərk etməyi özlərinə rəva görmürlər. Bu yanaşma ilə dünya ekologiyası düzəlməz!

Biz türk xalqlarının mifik və elmi təfəkkürlərində təbiətə münasibətin əsas cəhətlərini araşdırmaqla bu günlə səsləşən çox özəlliklərə rast gəldik. Onlar üzərində geniş dayanaq.

Sinharmoniya

"Sin" sözü Şərq fəlsəfəsində (Çində) ən dərin qatlarda mövcud olan və ya oradan qaynaqlanan maddi və ya ideal fenomeni, başlanğıcı ifadə edir. Bir qədər konkret elmi ifadədə bu, real dünyada harmoniyanın kökündə dayanan faktor kimi təsəvvür edilə bilər. Azərbaycan fəlsəfi və elmi araşdırmalarında bu aspekt demək olar ki, işlənməmişdir (çox məhdud formada f.e.d.Füzuli Qurbanovun qeydləri vardır).
Deməli, "sinharmoniya" yaranışın ilk başlanğıcından qaynaqlanan harmoniyadır və bu mənada gerçəkliyin, reallığın, dünyanın, kosmosun "öz"üdür. Maraqlıdır ki, türk xalqlarının mifik təsəvvürləri mahiyyətcə tamamilə sinharmoniya xarakterlidir. Bu, onların düşüncələrində, dillərində, dünyaya münasibətlərində məişət mədəniyyətlərində qabarıq şəkildə ifadə edilmişdir. "Sinharmonik davranış" (sosioloq Əhməd Qəşəmoğlu ona "ahəngyol" deyir) türk qövmünün dünyaduyumunun, onun mifik, emosional, tarixi, kültürəl və məntiqi dərkinin mahiyyətidir. Problemin bu tərəfinin Azərbaycan elmində araşdırılması fövqəladə aktualdır. Çünki yadlar türk qövmü (o cümlədən, azərbaycanlılar) haqqında yanlış, süni və əsassız təsəvvürlər formalaşdırmışlar. Onlar Azərbaycan fəlsəfi və elmi zəkasının məntiqi gücü ilə darmadağın edilməlidir. Azərbaycanlının intellekt çırağı özü haqqında həqiqətləri gün üzünə çıxarmalıdır. Bu mənada həmin məsələ bizim "intellektual məsuliyyətimizdir"!
Biz bu məqalədə sinharmoniyaya azərbaycanlıların həyatının üç mühüm aspekti prizmasında baxacağıq.

Birincisi, azərbaycanlıların kollektivləşmə forması, yəni ailə, tayfa, xalq, millət kimi özünütəşkilinin elmi izahı.
İkincisi, Azərbaycan dilinin sinharmoniya kimi özəllikləri.
Üçüncüsü, azərbaycanlıların təbiətə münasibətlərində sinharmoniya.
Bunun üçün öncə mənbələrə əsasən Azərbaycan türk mifik təfəkkürünün təbiət kontekstində bir sıra xüsusiyyətlərinə nəzər salaq.

Oğuz xandan başlayan yol

Ümumiyyətlə, türk mifologiyası çox dərindir. Onu dərk etmək üçün İlahi məqamla yüksək insani ədalətlilik məqamının vəhdətində düşünməlisən. Daha doğrusu, türk mifik təfəkkürü ilahi kodlarla bu dünya kodları "sərhədində" dahiyanə düşüncə "gəzişməsi" tələb edir. Onlardan hər hansı birinin xeyrinə düşüncə kültürü balansını pozsan, əsl türklük anlamını təhrif etmiş olursan. Biz təsadüfən "əsl türklük" anlayışını daxil etmədik. Burada dərk edilməli prinsipial məqamlar mövcuddur.
Barak Obama 2009-cu ildə Amerika Milli Akademiyasında nitqi zamanı vurğulamışdı ki, "Apollon-8"in astronavtlarından biri, Bill Anders 1968-ci ildə ilk dəfə dünyanın fotosunu çəkə bilmişdir. Sonralar B.Anders həmin anı belə təsvir etmişdir: "Dünyanı görəndə tamamilə dəyişdim. O, açıq göy rəngdədir. Sərhədsiz, bölünmədən. O, bu görüntüdə elə mötədil (ruhani, üsyankarlıqsız), elə gözəl idi ki! Həm də yalnızdı!"
Mən də bir amerikalı astronavtın bu fikirlərini oxuyanda elə heyrətləndim ki...sərhədi yoxdur! Ancaq mənim heyrətim astronavtın dünyanı təsvirinin türklərin taleyinin təsviri ilə necə oxşar olması ilə bağlı idi.
Birincisi, açıq göy rəng türklərin simvollarından biridir. İndi o, Azərbaycan Respublikasının bayrağının rənglərindəndir! Türklər və əsas da azərbaycanlılar dünyaya sərhədsiz, bölünməz kimi baxırlar. Baxın, Nəsimiyə, Nizamiyə, Füzuliyə və müasir bədii yaradıcılıq insanlarına. Baxın, müasir azərbaycanlı ziyalısının zəkasına - orada bəşərilik, nəciblik çox güclü yer tutmuşdur! Türklər ruhanidirlər, bəşəridirlər, çox mötədildirlər və hətta o dərəcədə ki, bizləri pislikləri unutqanlıqda daim qınayırlar. Müəyyən dərəcədə haqları var. Lakin bütün dünyaya öz evin kimi baxdıqda yad heç nə yoxdur. Bizim dilimizdə isə belə bir atalar sözü vardır: "evin içində hər şey olur".
Azərbaycanlı unutqan deyildir. Onun özünə, qövmünə və bütün dünyaya baxışı bir bütövdür! Eyni zamanda bu baxışda ədalət və birləşdirmək əsas yer tutur. Buna görə də pis münasibəti unutmur, onu dünya proseslərinin öhdəsinə, tarixin, zamanın sınağına və daha ümumi masştabda Allahın öhdəsinə buraxır! Bir yerə qədər! O yer dünya nizamına olan təhlükənin sınırı ilə müəyyən edilir. O sınırı keçənləri türk dünyəvi qaydalarla cəzalandıra bilir! Bunun konkret gerçəkləşmə özəlliklərini ermənilərdən soruşa bilərsiniz.
Deməli, türk olmaq dünyəvi, bəşəri olmaq deməkdir! Bütün dünyaya öz evin, yaşam məkanın kimi baxıb, ona uyğun hərəkət etməkdir. Yəni türklük qan yaddaşı qədər də kültür hadisəsidir! Bütün dünyanı əhatə edən mədəniyyət qavramıdır! Türklüyü və ideologiya kimi türkçülüyü etnik, qan mənsubluğu ilə dərk etmək tam anlam deyildir! Türklükdə ədaləti, dünya nizamını, dünyəviliyi, bəşəriliyi kənara qoya bilməzsən! İndiyə qədər bu məsələdə türklüyə qarşı ədalətsizlik olmuşdur, indi təsəvvürləri dəyişməyin zamanıdır. Özümüzdən başlayaq!
Elmi baxımdan ən maraqlısı ondan ibarətdir ki, türklər dünyanın açıq göy rəngdə olduğunu nədən biliblər? Bəlkə bu, onların mifik təfəkküründə hansısa əlamətlərdə ifadə edilmişdir?
Oğuz mifində xanın Göydən meşəliyə endiyi fraqmenti vardır. Bunu tədqiqatçılar vurğulayırlar. Göy ilahiliyin rəmzidir, meşə (ağac) isə yer üzündə mövcud olmanın həm göylərə yüksələn həyatlılığın, həm də torpağa dərin kök salmanın rəmzidir. Ağac bu mənada bir çox xalqların həyat rəmzi, mövcudolma və böyümə simvoludur. Oğuzlar üçün İlahilik ədalət, nizam və Yaradana bağlılıqla əlaqəlidir. Ona görə də oğuzların missiyası ilahi ədaləti, nizamı və yaranışı dünyaya yaymaqdan ibarətdir. Türklər bununla "cahana sığışmırlar".
Məsələnin ikinci tərəfi türklərin bu dünyada ilahi ədaləti və nizamı hansı üsulla təmin etmələri ilə bağlıdır. Oğuz mifində bu da vardır. Oğuz xan oğullarını iki qrupa bölür. Biri Boz oxlar, digərləri Üç oxlar adlandırılır. Onlara ad qoyanda Oğuz xanın taxtının sol və sağ tərəflərində ağaclar sırası olur. Hər birinə qurbanlıq qoç bağlanır. Bu, bu dünyada oğuzların həyat yolunun sağında da, solunda da yaşıllığın, həyatın, kökə bağlılığın mühüm şərt olmasını ifadə edir. Hər nə olsa da, türk həmin yoldan kənara çıxmamalıdır. Bu, Türk törəsinin ideya çərçivəsi kimi də təsəvvür edilə bilər. Yəni türklər həm dünyəvi, həm öz törəsinə sədaqətli insan, həm də kökə daima bağlı varlıq olmalıdırlar! Türklük ən dərin qatlarda budur!
Belə görünür ki, türk mifik təfəkküründə öncədən üç məqam vəhdətdə əksini tapmışdır - birincisi, kökə bağlılıq (ağac rəmzində), ikincisi, törəyə sədaqətlilik (kökə əsaslanan həyat qaydası, yenə də ağac rəmzi), üçüncüsü, dünyəvilik (dünyanın rəngi açıq göydür və ağac kökləri ilə ona nüfuz edir). Bununla bizim təhtəlşüurumuzda kökə bağlılıq, qövm kimi mövcud olma fəlsəfəmiz və dünyaya münasibətlərimiz vəhdətdədir. Bu vəhdətin ana xəttini təbiət və onu təmsil edən ağac rəmzi təşkil edir! Məsələnin bu aspektinin təhlilinə keçmədən öncə, türklərin özünüyaratma və ya özünütəşkil forması üzərində dayanaq.

Türk özünütəşkilində
hüquq, törə və qanun


Türklərin ailə qurmaqdan başlayaraq millət səviyyəsinə qədər özlərini təşkil etməsi əsasən üç qanun (və ya hüquq) üzərində olmuşdur. Onlar hökmdar (lider, dövlət başçısı) qanunu, divan (parlament, məclis) qanunu və Yosun (Azərbaycanda ona "mamır" da deyirlər) qanunudur. Bunların hər birində iki əlamət ortaq dəyər kimi iştirak edir. Birincisi, hüquqla qanun sinonimdir, yəni türklər hüququ ontolojiləşdirmişlər, onu, ümumiyyətlə varolmanın təbii, dünyəvi əsası hesab etmişlər. Bu anlamda hüquq türklər üçün süni yaradılan deyil, dünyanın bünövrəsindən təbii mövcud olan faktor olaraq qavramışlar. Buna görə də hüquqa əməl etmək təbii yaşama uymaq deməkdir. Hüquqa əməl etmək təbiət-insan birliyinin, bütövlükdə varolmanın təbii şərtini gözləmək deməkdir.
İkincisi, bütün səviyyələrdə qanunlarda törə nəzərə alınmalıdır. Çünki türklərə görə, "ot kökü üstündə bitir". Bunun da təməli varolmanın özündədir. Türk mifində törənin xüsusi yeri dünyanın tələbi kimi müəyyən olunmuşdur. Ondan kənara çıxmaq dünyanın qaydasına qarşı çıxmaq deməkdir.
Bu iki ümumi faktorun işığında Yosun qanunu türklərin özünüyaratmasının birbaşa təbiət qanunlarına uyğun olduğunun rəmzi kimi görünür. Burada Qərb dünyagörüşündən prinsipial fərqi olan bir özəllik vardır. Həmin özəllik türklərin dünyanı özlərinə uyğun deyil, özlərini dünyaya uyğun qəbul etmələri ilə bağlıdır. Buna görə də türklər başqalarına və deməli, bütövlükdə dünyaya qarşı aqressiv olmurlar - bir-biri ilə uyum içində və ədalətli yanaşmağa can atırlar.
Yeri gəlmişkən, bu yanaşma sonralar İslam vasitəsi ilə daha da gücləndi və türk mentalitetində yerini daha da möhkəmləndirdi. İslam ədaləti və paylaşmanı mühüm fəzilətlərdən hesab edir. Dünyaya aqressiv deyil, uyumlu yanaşma üçün ədalət, bərabərlik, paylaşmağa açıqlıq böyük rol oynayır. Bu kimi məsələlərə görə, bəzən məcazi mənada "İslam türk dinidir" deyirlər. Əslində dinin etnik mənsubluğu yoxdur - o, Yaradan tərəfindən bəşəriyyətə göndərilmişdir!
Türklərin dünyaya uyğunlaşmasının iki aspekti vardır. Birinci aspekt türklərin dünyanın mövcud mənzərəsinə səbirli yanaşmasını ifadə edir. Lakin burada "səbir" anlayışının həm törə, həm də dini izahı lazımdır. Türklər üçün səbirli olmaq passiv qalmaq, haqsızlığa, ədalətsizliyə, zülmə laqeyd olmaq anlamını qətiyyən vermir. Səbirli olmaq tam mənası ilə dözümlü olmağı da ifadə etmir. Türk üçün səbirli olmaq Allahın iradəsini tam dərk etmək əsasında İlahi nizamı və ədaləti bərpa etməyə aparan yoldur. Yəni səbirli türk passiv deyildir, şəxsi istəklərinin qurbanı olmadan İlahi ədaləti dərk edərək, onu bərpa üçün təqdir olunan məqamı gözləməkdir. Əgər bu olmasa, türk nəfsinə yenilmiş olur ki, bu da həm törəyə, həm də dinə əksdir!
İkinci aspekt türklərin ədalət, haqq və nizam anlayışları dünyaya münasibətdə həmişə məzlumların, zülmə uğramışların yanında olmağı tələb edir. Burada məsələ "məzlum" anlayışını düzgün dərk etməklə sıx bağlıdır. Məzlum zalımın olduğu yerdə yaranır. Zülm etmək türk mifik təsəvvürünə görə İlahi ədalətə qarşı çıxmaq deməkdir. İlahi ədalətə qarşı çıxmaq bu dünyaya qarşı aqressiyadır. Onun kökündə isə özünü dünyaya qarşı qoymaq təhtəlşüuri artefakt dayanır. Deməli, məzlumun yanında olmamaq kökdən İlahi ədalətə arxa çevirmək, özün ilə dünya arasına sədd çəkməkdir. Bu, bölücü yanaşmadır. Həmin məntiqlə insan cəmiyyətə və sonunda təbiətə qarşı istismarçı, təcavüzkar olur. Bu da təməldən törəyə və dinə ziddir! Türkün fərd və kollektiv kimi yaşama fəlsəfəsinin baza qaydalarına uyğun deyildir.
Buradan türk qövmünün özünütəşkil fəlsəfəsi ilə özünün "açıq mavi" dünyasını yaratması, bu dünyanın indi Qərb təfəkkürünün ortaya çıxardığı "yaşıl dünya" anlayışına münasibəti (o cümlədən, COP29-a) və hazırda qarşımıza çıxan ciddi ekoloji problemlərin həll üsulları ilə bağlı təhlilə keçmək olar.
(Ardı var)
21-04-2025, 15:39
Cəmilənin rənglər dünyası

Cəmilənin rənglər dünyası

İnsanlar bəzən dilləri ilə deyə bilmədiklərini, sözlə, rənglərin, ilmələrin, musiqinin dili ilə deyirlər. Cəmilə də onu düşündürən, həvəsləndirən, iç dünyasını çoşa gətirən hər nə varsa hamısını rənglərin, fırcasının dili ilə əks etdirir. Cəmilə Elnur qızı Bayramova Bakı şəhərinin Nizami rayonunda yerləşən 272 saylı məktəbin IX -a sinfində təhsil alır. Digər fənlərdən fərqli olaraq Cəmilənin rəsmə daha çox marağı var. O, üçüncü sinifdən rəsm dərnəklərinə gedir. Müntəzəm olaraq məktəbdə və digər yerlərdə kecirilən tədbirlərdə əl işləri, rəsimləri ilə çıxış edir.
Gənc həvəskar rəssam 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif edilib. Bu təltif Cəmilənin yalnız rəsim işlərinə görə deyil, həm də 2020-21-ci tədris ili ərzində modellərin naxışların çəkilməsi, onların tikilməsi, biser steklyarus müxtəlif tikmələr, tikiş və toxuma ilə əl işlərinin səliqəli tərtibinə görədir. 2023-24-cü illər bu baxımdan Cəmilə üçün çox uğurlu gecib. O, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin “7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ kecirdiyi, Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Xocalı-şəhid şəhər” adlı ən yaxşı rəsm müsabiqəsində fəal iştirak etdiyinə görə təşəkkürnaməyə alıb.

2024-cü il də Cəmilə üçün uğurlu gəldi. O, 2024-cü ilin aprelində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kecirdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq” adlı yaradıcılıq müsabiqəsində “Eko-əl işləri” nominasiyası üzrə Fəxri fərmanla təltif edilib.
Cəmilə yay tətillərini Azərbaycanımızın ən dilbər güşələrindən biri olan Qəbələ rayonunda kecirir. Qəbələnin sayılıb-seçilən ziyalılarından olan babası Sərdar müəllim və nənəsi Nərgiz xanım Cəmilənin istirahətinin mənalı və şən keçməsi üçün hər an ona dəstək olurlar. Cəmilə bu istirahət günlərində əmisi qızları Füruzə və Sofiya ilə tez-tez qədim və zəngin tarixə malik olan Çüxur Qəbələ kəndinə gedir, gördüklərini rənglərin dili ilə kağıza köçürür. O, Füruzə və Sofiyaya yalnız rəsm çəkməyi öyrətmir, həm də ingilis və rus dillərini öyrənməyə, nənə, babasına təsərrüfat işlərində kömək etməyə də yardımçı olur.

Füruzə də əmisi qızı Cəmilə kimi gözəl rəsmlər çəkir, tikmələr hazırlayır. Lakin onun daha çox həvəsi idmanın bir növü olan gimnastikayadır. O, 2024-cü ildə Bakı şəhərində gimnastika üzrə kecirilən tədbirlərdə iştirak edərək medal və fəxri fərmanla təltif edilib.
Yuxarıda qeyd etdik ki, Cəmilə IX sinifdə oxuyur. Təbii onun bu nailiyyətlərində oxuduğu məktəbin direktoru Anar müəllimin və sinif rəhbəri Rəna Zahidovanın, rəsm müəllimi Mübariz müəllimin və digər müəllimlərinin də əməyi var. Cəmilə hazırda peşə seçimi qarşısındadır. O, tərcüməçi, hərdən isə hüquqşünas olmaq arsuzunda olduğunu bildirir. Biz ona hansı peşənin sahibi olmasından asılı olmayaraq, xalqına, Vətəninə, əzizlərinə layiq vətəndaş olmağı arzu edirik. İndi isə oxucularımızı Cəmilənin rənglər dünyası ilə baş-başa buraxırıq.
Əsgər İSMAYILOV



19-04-2025, 07:05
Təbrizin "Tıraktur" marşı

Təbrizin "Tıraktur" marşı

Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin "Tıraktur" futbol klubu üçün "Zəfər marşı" bəstələyib. Bu barədə danışan Xalq artisti "Tırktur" üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirib. F.Sücəddinovun sözlərinə görə, marş 12 nəfərlik xor tərəfindən ifa olunub:
"Ancaq biz bunu elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş "Tıraxtur" klubunu daha böyük zəfərlərə aparacaq".
"Tıraxtur" möcüzəsi öz fəlsəfəsi etibarilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür".
"Fəlsəfəsi etibarilə vahid rəmz – istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma “Tıraxtur” həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir".
Zəfər Marşı
Hücuma keç, üstünlüyü al ələ,
Rəqiblərin meydanını dar elə.
Qalibiyyət inamı yay hər kəsə,
Təbrizimlə, Güneyimlə səs-səsə!

Dərsini ver səni zəif bilənin,
Hərdən sənə üstdən baxıb gülənin.
Hamı görsün sən bir yatmış aslansan,
Coşduğunda sən gur selsən, vulkansan!

İrəli qoş, sıranı yar, qol vur, qol,
Milyonlarla qollar qalxsın, fateh ol!
Atdığın top bütün xalqı oyadır,
Sən millətə ruh verənsən, “Tıraxtur”!

Xalqın sənə daim arxa olubdur,
Elə güvən, sən də xalqa arxa dur.
Sən bu xalqın əzmi, eşqi, “Tıraxtur”,
Sən millətin zəfər məşqi “Tıraxtur”!


18-04-2025, 11:42
Xarici diplomatlar Xankəndiyə səfər edib.

Xarici diplomatlar Xankəndiyə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi ilk olaraq Qarabağ Universitetində olublar. Burada onları
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmaqdı.





15-04-2025, 17:41
Gələcəyin müəllimlərinə “Ekoloji mədəniyyət” fənni tədris olunacaq


Gələcəyin müəllimlərinə “Ekoloji mədəniyyət” fənni tədris olunacaqFOTO

Artıq dördüncü ildir ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında ölkəmizdə ekoloji maarifləndirmənin, ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunur.
Belə ki, 2022–2024-cü illər ərzində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti bu məsələlərlə bağlı birgə elmi-praktik konfranslar təşkil etmiş, dəyirmi masalar, müzakirələr keçirmişdir. Müzakirələrdə vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevrilməsi, yaşıl dünya: problemlər, perspektivlər, ətraf mühit və qanunvericilik, cəmiyyətdə ekoloji biliklər və ekoloji mədəniyyətin formalaşdırılması və s. məsələlərə xüsusi diqqət ayrılmışdır.

Danılmaz həqiqətdir ki, yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər həyata keçirilməlidir. İnsan inkişaf etməli, tələbatlarını ödəməklə yanaşı, təbiət qanunlarını nəzərə almalı, balansı qorumalıdır. Bu həyati vacib işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təsadüfi deyil ki, tədqiqatçılar ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edirlər. Bunun üçün isə ilk növbədə, ekologiya sahəsində yüksək ixtisaslı kadrlar, həmçinin ekoloji biliklərə malik müəllimlər hazırlanmalıdır. Bu vacib məsələ, təbii ki, müvafiq ali məktəblərin, xüsusilə, ADPU-nun üzərinə düşür. Aparılmış müzakirələrin məqsədi bu istiqamətdə yol xəritəsinin hazırlanması olmuşdur.

10 aprel 2025-ci il tarixdə Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov, Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və kafedra müdiri c.e.d. Məhəmməd Abduyevin iştirakı ilə keçirilən görüşdə gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, ekoloji çirklənmə, onun qarşısının alınması, ekoloji mədəniyyətin formalaşdırılması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar qəbul etmək, vətəndaş mövqeyi ortaya qoymaq, həmçinin ekoloji maarifləndirmə sahəsində elmi tədqiqat işlərini genişləndirməyin vacibliyi vurğulanmışdır.
Müzakirələrin nəticəsində 2025/2026-cı tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində pilot layihə kimi “Ekoloji mədəniyyət”in seçmə fənn kimi tədris olunması ilkin olaraq razılaşdırılmışdır.


14-04-2025, 18:23
Türkiyənin ticarət nazirinin müavini  Qarabağda

Türkiyənin ticarət nazirinin müavini Qarabağda

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və onun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib. Sonra qonaqlar Xankəndində Qarabağ Universiteti ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalkı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər. Qonaqlar Xankəndi şəhəri Zəfər medyanında da olub və burada aparılan tikinti- quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti quruculuq işlərinə start verilib. Türkiyə Ticarət Nazirinin müavini Mustafa Tuzcu da bildirib ki, Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək.”Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik.”


11-04-2025, 08:18
"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru


"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə Dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru olan Samir Xalidoğlu daha sonra sözü "Yazarlar" jurnalının baş redaktoru, kitabın ərsəyə gəlməsində ən böyük zəhməti olan Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən "25 yarpaq" layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın "Debüt" adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində böyük zəhməti oldu.

Zaur Ustac Südabə Məmmədovaya "Debüt" kitabının nəşri münasibətilə "Ziyadar" mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, "Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:"Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!"

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz "Qansız davranışlı qanlı düşmən " adlı ilk yazısı ilə "Bütöv Azərbaycan" qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova "Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri" dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Təhmasib İSAYEV
FOTOLAR
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!