Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-10-2023, 08:15
XX əsrin əvvəllərində "Azərbaycan" qəzetində Şuşa mövzusu


Yeganə QƏHRƏMANOVA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru


XX əsrin əvvəllərində "Azərbaycan" qəzetində Şuşa mövzusu

1905-ci il inqilabından sonra Azərbaycan mətbuatının inkişafında xüsusi bir mərhələ başlandı. Təkcə Bakı şəhərində deyil, Tiflis, Gəncə, Lənkəran, Şuşa kimi şəhərlərdə də qəzet və jurnallar nəşr olunmağa başladı. 1920-ci ilədək Azərbaycanda 400-dən artıq qəzet və jurnal fəaliyyət göstərirdi ki, xalqımızın ictimai və milli şüurunun formalaşmasında, o dövrə aid məlmatların əks olunmasında həmin mətbuat orqanlarının müstəsna rolu olmuşdur. Şərqdə ilk demokratik cümhuriyyət olan ADR-in yaranmasından sonra 03.09.1918-ci il tarixli qərara əsasən Gəncə şəhərində “Azərbaycan” adlı qəzet nəşrə başlamışdı. Milli mətbuat tariximizdə xüsusi rolu olan bu qəzetin Gəncədə cəmi dörd sayı nəşr olunmuş, oktyabr ayının 3-dən qəzet fəaliyyətini Bakıda davam etdirmiş, 1919-cu ilin yanvar ayının 16-a kimi Ceyhun Hacıbəylinin, daha sonra böyük mütəfəkkir Üzeyir Hacıbəyovun redaktorluğu ilə nəşr olunmuşdur. Əsas vəzifəsi Azərbaycan Milli Hökumətinin fəaliyyətini, ölkədə baş verənləri düzgün və obyektiv şəkildə xalqa çatdırmaqdan ibarət olan qəzetdə ilk gündən Əhməd Cavad, Məmməd Səid Ordubadi, Nəbi bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Adil xan Ziyadxanlı, Mirzə Bala Məmmədzdə, Məhəmməd Hadi, Hüseyn Bayqara, Firudin bəy Köçərli, Seyid Hüseyn, Salman Mümtaz, Xəlil İbrahim kimi vətənpərvər ziyalılar dövr üçün ən aktual hesab edilən məsələlərdən bəhs edən yazılarla çıxış etmişdilər. Belə əhəmiyyətli məsələlər sırasında aparıcı mövzu isə öz himayəçilərinə arxalanaraq Azərbaycanda min cür fitnə-fəsadlar törədən ermənilər və onların ağlasığmaz vəhşilikləri olmuşdu. Qəzetin səhifələrində ermənilərin çarizmin himayədarlığı ilə Şuşada şəhərin yerli sakinləri olan Azərbaycan türklərini sıxışdırmasından, 16 avqust 1905-ci ildə azərbaycanlılara qarşı hücumlarından bəhs olunur. Hücumlar nəticəsində Xəlfəli və Köçərli məhəllələrinin xeyli sakini qətlə yetirilmiş, dəhşətli vəhşiliklər törədilmişdi. “Azərbaycan” qəzetinin 1918-ci il 5-ci sayında M.S. Ordubadi 1906-cı ilin 12 iyununda baş verən hadisələrlə bağlı yazır ki, “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı”.
Qəzetin səhifələrində Şuşada ermənilərin azərbaycanlılara qarşı törətdiyi əməllər, onların öz mənfur niyyətlərini həyata keçirmək uğrunda apardığı iyrənc oyunlar ardıcıl olaraq öz əksini tapır. Buradakı məqalələrdən aydın olur ki, Qafqazda qarışıqlıq başladığı vaxt Qarabağ erməniləri özlərini bir guşəyə çəkilib Qafqasiyadan ayrılmış kimi göstərmişdilər. Zaqafqaziya respublikaları cümhiriyyətlərini elan edərkən Qarabağ erməniləri bu cümhuriyyətlərin heç birini tanımayaraq Qarabağda özlərinin müstəqil hökumətlərini yaratmaq iddiasına düşmüşdülər. Qəzetin 1918-ci il 16-cı №-sinin 3-cü səhifəsində Şuşanın müsəlman əhalisinin ermənilərin bu iddiasına qarşı münasibəti haqqında yazılırdı: “Fəqət müsəlmanlar böylə bir hökuməti gözmək (görmək), tanımaq istəmədilər. Bundan dolayı məhəlli türklər ilə ermənilər arasında süstlük, soyuqluq və narazılıq başlanaraq nəhayət, müsəlləh müsadiməyə müncir olmaq dərəcəsinə gəldi. Müsəlmanları Qarabağ hökuməti təşkilinə - Qarabağ cümhuriyyəti elanına məcbur etmək məqsədilə ibtida qonşularımız şirin sözlər, böyük vədlər və sairə kimi aldatmalara təvəssül etdilər. Lakin böylə təşəbbüslərin hədər və bisəmər olduğunu görüncə təşəbbüsati-təcavüzkaranəyə iqdam etdilər. Bu məqsədlə ən əvvəl Əsgəranı bağladılar. Bu surətlə son dörd ay zərfində şəhər ilə Ağdam arasında əlaqə kəsildi: şəhərə azuqə gəlmədi. Zira gedənləri yolda qətl ediyorlardı. Axır aylar Andronik və Şahnazaryan qoşunlarının Şuşaya gələcəyi xəbərləri alınmağa başladı. Ermənilərin bihəyalığı yüz qat artaraq şəhərin ətrafında deyil, daxilində də müsəlmanları sıxmağa başladılar”.
Məqalədən məlum olur ki, errnəni kəndliləri müsəlman bazarına gəlir, müsəlmanların Ermənistana getmək istəyənlərini isə silahla təhdid edir, tutub aparırdılar. Ona görə də müsəlmanlar Ermənistana getmək fikrindən əl çəkir, bütün Qarabağın şəhər və kəndlərində ermənilərlə əlaqə və münasibətlər kəsilmək həddinə çatırdı. Nəticədə qışın yenicə bitdiyi bir vaxtda Şuşanın bütün ətraf ərazilərə gedən yolları kəsilmiş, şəhər yalnız ehtiyat ərzaqların ümidinə qalmışdı. Lakin onsuz da qəhətlik olan bu illərdən sonra az olan taxıl ehtiyatı qısa müddətdə tükənmiş, aclıq başlanmışdı. Belə bir vəziyyətdə ermənilər hansı yolla olsa da, müsəlman Şuşanın əhalisinin Qarabağ hökumətinin müstəqilliyini tanımasına cəhd göstərirdilər. Məqalədə bu da göstərilirdi ki, “ermənilərin qismi-əksəri hərbcuyanə bir vəziyyət alaraq türkləri güc ilə tabe etmək istəyirlər deyə də sülhcuyanə siyasət aparan və məsələyi qan tökmədən həll etmək arzusunda bulunan bir cəryan dəxi vardı. Ancaq bu cəryan ibtida qayət zəif olub bir müddət hətta səsini belə çıxarmayur, gizli çalııyordu”.
Qəzetin elə həmin nömrəsində Şuşada və Qarabağda baş verən hadisələri yaxından izləyərək bu mövzuda silsilə məqalələr çap etdirən Xəlil İbrahim adlı müxbir Qarabağda, o cümlədən Şuşada ikihakimiyyətliliyin hökm sürdüyünü göstərərək yazırdı ki, “Ermənilər “Qarabağ cümhuriyyəti” elan etmək fikrində olaraq bu məqsədlə var qüvvələri ilə çalışmaqda ikən binbaşı (minbaşı) Həsən Bəsri bəy Şuşaya, Fəxri bəy Ağdama və Kazım bəy Qaryaginə komandan təyin olunan vəzifələrinin ifasına şüru etdilər. Fəqət türk-islamlar Qarabağ cümhuriyyətini tanımaq istəmədikləri kimi, ermənilər dəxi bizim komandanlarımızı tanımaq deyil, hətta eşitmək belə istəmədilər. Benaəleyh Şuşada erməni əhatəsilə müsəlmanlar biri-birindən qət surətdə ayrılaraq o zamanadək mövcud olan hökumət müəssisələrini tərk etdilər və Həsən Əfəndiyə tabe olaraq ümumhökumət işlərini onun ixtiyarına verdilər. Şəhərin erməni hissəsində isə ermənilər bir müddət əski idarələri davam etdirdikdən sonra, nəhayət, Qarabağ erməni qurultayı dəvət etdilər”.
Müəllifin yazdığına görə, iki həftə çəkən qurultay zamanı ermənilər öz fəaliyyətini eyni ruhda davam etdirməyi vacib bilərək öz aralarında Qarabağ hökuməti təşkil etdilər və hökumətin nazirlərini təyin elədilər. Ermənilərin bu iyrənc hərəkətlərinə qəzəbini gizlədə bilməyən Xəlil İbrahim yazır ki, “Bu qurultayda ermənilərin simayi-həqiqisi açıldı. Qurultay dəvətinədək guruldayan sosializm, demokratiya, ədalət, filan kimi parlaq sözlər artıq aradan qaldırılaraq mütəəssib daşnaqsağanlıq meydana çıxdı. Hökuməti tamamilə millətçilərdən təşkil etdilər. Şimdi ermənilər bir məsələyə müntəzirdirlər: Andronik və Şahnazaryan nə vaxt gələcəklər ki, müsəlmanları silah gücilə tabe edək!”
Müəllifin qəzetin 18-ci №-sinin 1-ci səhifəsində təqdim olunan məqaləsindən görünür ki, “Ordu qərargahından təbliqi-rəsmi Qarabağda sükunət vardır. Dağlara fərar edən erməni əhali peydərpey köylərinə övdət etməkdə və təslimi-silah eyləməkdədirlər”. Bu məlumatın ardınca “Türklər nə yapıyorlardı?” sualını qoyan Xəlil İbrahim yazır ki, “Hələ şəhər komandanı Həsən Bəsəri axundun vürudundan müqəddəm şəhər islamları ermənilərin hərəkətini görərək bu işlərin bir vaxt müsəlləh müsadiməyə müncər ola biləcəyini dərklə “sülh istərsən isə hərbə hazır ol” məsəlinin məfhumunca müqavimətə hazırlaşmaya başlayırlar”.
Müəllifin yazdığına görə, Şuşa əhalisi erməni hucumlarından qorunmaq məqsədi ilə könüllü dəstələr yaratmışlar: “Şəhərdə “Ənvəriyyə”, “Şövkətiyyə”, “Xəliliyyə” və mütəəllimlərdən mütəşəkkil “Vəhəbiyyə” dəstələri adı ilə dörd könüllü əsgər dəstəsi təşkil ediyorlar. Hər dəstədə zabiti əvəz edəcək bir neçə dəstəbaşı zabit təyin olunur. Şəhərdə silah götürə bilən hər bir şəxs (15 yaşından 60 yaşınadək) tamamilə siyahı ediliyor. Cavanlar “Hərəkət ordusu” adı ilə həman dəstələrə daxil oluyorlar: qırx yaşından yuxarı olanlar isə ehtiyat əsgəri hesab olunaraq fövqəladə hallarda işə cəlb olunacaqları xəbər verliyor”.
Xəlil İbrahimin verdiyi məlumatdan aydın olur ki, yerli əhali də varlı-kasıb demədən ermənilərin mənfur əməllərinə qarşı ehtiyatı əldən verməməyə çalışır: “Təslihat işlərinə baxmaq üçün şəhərdə 14 məhəllə komitəsi təsis edilyor: məzkur komitələrin vəzifəsi hər kəs öz məhləsinə siyahı tərtib verərək qüvvəsi çatan hər şəxsə beqədəri-qüvvə silah aldırmaq və para toplayaraq madətən zəif olanlar üçün cəmaət yoluyla silah almaqdan ibarət idi. Bu surətlə şəhərdə dövlətli, fəqir-hamı silahlanır və hər məhlənin on minlərcə müştərək ehtiyat gülləsi və yüzlərcə tüfəngi olur”.
Müəllif yazır ki, “Məhəlli türklər müsəlman hissəsilə Ermənistan arasında xət hüdudu dava ehtimalına qarşı təhkim edərək şəhərin şimalından qərbinə doğru bir xətt səngər quruyorlar: xətti-hüdudda bulunan evləri dəxi səngər qərar verərək divarlarını deşiyor, pəncərələrini örtüyor – səngər qayırıyorlar. Hankı məhlənin tüfəngçiləri hankı səngərə gedəcək, ehtiyatda kimlər duracaqlar, səngərə güllə, şörək və sairəyi kimlər daşıyacağlar, çörək nerədə bişəcək, kənardan kömək gələrsə nerədə təvəqqüf edəcək, kimlər müqəyyəd olacaqlardır. Xülasə, bütün cüziyatı belə unutmamaq şərtilə müqavimətə hazırlaşıyorlar. Gecə-gündüz şəhər cavanları əldə silah olaraq səngərlərdə qaravul çəkiyorlar”.
Əhalinin bir-birinə yardım etməsini, öz problemlərinin özü düşünməsini xüsusi vurğulayan Xəlil İbrahim varlıların pul toplayıb kasıblar üçün taxıl aldığını, çörəyin bir girvənkəsinin cəmi 50 qəpikdən satıldığını qeyd edir. Yazıda əhali “öz dərdini özü ağlayıb, dərmanını özü axtarsa da”, əsgərlik çəkməmiş, zabitlik məktəbində oxumamış adamların bu birlik təşəbbüsləri nə qədər yüksək qiymətləndirilsə də, bir sıra nöqsanların da olduğu göstərilir və bildirilir ki, belə nöqsanlara yol verməmək üçün Şuşa əhalisi arasında ümumi səfərbərlik edilmiş, cavanların hamısı əsgərliyə başlamışdı. Şəhərdə əsgəri idarələr təşkil olunmuşdu ki, onları bir neçə kiçik zabit idarə edirdi. Cavanlar müəyyən müddət məşq etdirilir, sonra buraxılırdılar. Şəhər könüllülərindən ibarət qışlada daimi qalmaq üçün dəstələr yaradılırdı. 50 nəfərə qədər təhsilli cavan hərbi məktəbdə oxumaq üçün ərizə vermiş, onlar piyada və süvari dəstələrə ayrılaraq hər gün səhər saat doqquzdan günorta on ikiyə, axşamtərəfi dörddən altıya kimi məşq edirdilər. Zabitlər səngərləri yoxlayır, şəhərin bir başından o biri başına qədər tunel və xəndəklər qazdırıb, yeraltı yollar çəkir, üstüörtülü qazmalar düzəldirdilər. Səngərlərin hər birində quyular, sipərlər, çalalar qazılır, şəhərə və ya kəndlərə hücum olarsa, qarşısını almaq üçün şəhərin müsəlmanlar yaşayan hissəsinin dörd bir səmtində səngər qurulur. Şəhərin “Üçmux” ucalığında da ehtiyat səngəri qurulur.
Müəllif əhalinin hazırlıq vəziyyətini bir qədər də dəqiqliyi ilə ifadə edərək yazır ki, “Bir gündə şəhərdən dağın başına xəndək vurularaq dağın təpəsində səngər quruluyor. Burası erməniləri həyəcana gətirərək narazılığa və müsəlmanların həman səngəri tərk etmələri haqqında bir tələb surətinə bais oluyor. Fəqət bir növ ilə ixtilaf yatırılıyor. Şəhərin şimalında iki buçuq çağrımlıqda “Dövtələb” adlı bir təpə dəxi var. Hər kəs bu təpəyə malik olub iyirmi tüfəngçi bulundurarsa, tərəfi-müqabildən bir şəxsi belə Xəlfəli, Xan kəndi, Malıbəyli və Qaryagin yollarına çıxmağa buraxmıya bilər. İştə məzkur təpənin dəxi əhəmiyyətini etirafla məhəlli türklər orada dəxi səngər quraraq daima iyirmi-otuz qaragül bulunduruyorlardı”. Səngərlərin bir neçə məntəqəyə bölündüyünü, hər məntəqəyə bir rəis təyin olunduğunu göstərən X.İbrahim rəislərin öz dairələrində xüsusi hazırlıqlı onbaşılar təyin edərək hər gün onbaşılardan birini öz dəstəsi ilə qaravula göndərdiyini yazır. Qışlada yaşayan əsgərlərin də başqa vəzifələri var idi. Məqalədən aydın olur ki, “bunca hazırlaşmaqla bərabər müsəlmanlar heç vaxt dava istəmiyorlardı. Unutmamalıdır ki, dava hazırlığı, səngər qurmaq, silahlanmaq və sairə xüsusunda müsəlmanlar nə yapmışlarsa, ermənilər daha ziyadə ciddiyyətlə çalışmış, hətta müsəlmanları hazırlaşmaya onlar vadar etmişlərdir”.
“Azərbaycan” qəzetinin 1918-ci il 19-cu №-sinin 1-ci səhifəsində “Ordu qərargahında– Qarabağda” başlıqlı yazısında Xəlil İbrahim Şuşa şəhərini davaya hazırlamağın, dava olacağı təqdirdə əhalini salamat saxlamağın nə qədər mühüm və çətin iş olduğunu, bu istiqamətdə nə qədər zəhmət çəkildiyini təsəvvür etməyin heç də çətin olmadığını yazır və qeyd edir ki: “Böylə işlər isə şübhəsiz ki, cəmiyyətlər tərəfindən görülür... Təşkilat işləri şəhəri müdafiə halına gətirilmək və davaya hazırlaşmaqda ikən bütün Qarabağda vəba və yatalaq kimi sarı xəstəliklər peyda olaraq gündə otuz-qırx adam ölürdü. Köylərdə camaata tibbi müavinət göstərilməsi qeyri-mümkün olaraq xəstəliklərin önü alınmayırdı. Zira nə lazımı miqdarda təbib və heyəti-təbib var idi, nə xəstəxanə, nə dərman”. Belə ağır bir vəziyyətdə şəhər komandanının nəzarəti altında 8 təbib, həmçinin bir neçə tələbə daxil olmaqla səhiyyə bürosu açılmış, hər məhlədə səhiyyəçilər təyin edilmişdir. Nəticələr yaxşı olduğundan müdafiə hazırlığı məqsədi ilə şəhərin bütün müdafiə məsələlərinin həvalə olunduğu “Hərbiyyə idarəsi” təsis olunmuşdu. Həmin hərbi idarə daxilində “Ərzaq idarəsi” təsis edilsə də, yollar bağlı olduğu və şəhərə ərzaq gətirilmədiyi səbəbindən taxıl və digər məhsullar get-gedə azalmağa, qurtarmağa başlamışdı. Artıq ərzaq idarəsinin səyləri bir nəticə vermirdi, idarə kənardan ərzaq ala bilmirdi. Yalnız şəhərdə sarı xəstəlik dərdi bitdikdən sonra, təbib və tələbələr iclas keçirərək dava olacağı halda zərərçəkənlərə yardım məqsədi ilə “Şəfqət qardaşları” adlı kursu açmaq qərarına gəldilər. Müəllif yazır ki, “İyirmi altı tələbə kursa daxil olub birinci kömək və sarqı qaydalarını öyrəndi. Müavinəti-tibbiyə qəsdilə ibtida şəhərdə bir xəstəxana açıldı. Bunun üçün tələbələr tərəfindən hələ keçən illərdən müsamirə və sairə tərtibi vasitəsilə 12000 manat pul yığılmışdı. Bu dəfə haman məbləğin üstünə bir qədər də parə toplandı və şəhrin hər işində ciddi surətdə iştirak edən “Müdafiəyi-milliyə” cəmiyyəti bu işi öz öhdəsinə götürərək 18000 manat pul buraxdı... Xəstəxanaya iki təbib və səkkiz tələbə baxacaqdır. Burası mərkəz təşkil edəcəkdi. Bundan əlavə dava düşdüyü təqdirdə cəbhə təşkil edəcək olan xətdə sol cinah mərkəz və sağ cinah da olmaq üzrə üç yerdə dəxi ayrı-ayrı sarqı nöqtəsi qərar verilmişdi. Bu nöqtələrin hər birində bir təbib və beş tələbə duracaqdı”.
X.İbrahimin öz yazısında toxunduğu daha bir maraqlı məqam bundan ibarətdir ki, o, Şuşanın müsəlman əhalisinin dava istəmədiyini, onlarla bərabər bir qrup erməninin də sülh tərfdarı olduğunu göstərir. Həmin sülhpərvər ermənilərlə danışıq apararaq vəziyyəti nəzarət altına almaq istəyən azərbaycanlılar tərkibi altı türk və altı ermənidən ibarət olan “Beynəlmiləl komitə” yaratmışdılar. Komitənin ixtilafların yatırılması yönündəki rolunu xüsusi qiymətləndirən müəllif yazır ki, “Heyət bir olub daima ermənilər ilə müsəlmanlar arasında vüqu bulan ixtilafları yatırmaq, ixtilaflı məsələləri sülh ilə həll etmək, xassə şəhərdə asayiş və müsaliməti davam etdirmək uğrunda çalışıyorlardı. Həm pək böyük xidmət gördü. Bu komitə olmasaydı, bəlkə, Şuşada 3-4 dəfə qanlı müsadimə də baş verərdi”.
Sonrakı fikirlərdən aydın olur ki, komitə bir çox məsələlərdə öz müsbət rolunu göstərmişdi: “Əvvəla, Aras ilə Kür arasında sükunət edib də yayda dağa, yəni yaylağa köçən dörd yüz min əhaliyi-elat nisan ayının axırlarından etibarən köçməyə başlamalı ikən dağ yollarının erməni əlində olması və ermənilərin yollarda xalqa azar və əziyyət vermələrindən dolayı həziran ayından köçə bilməyib aranda qalmışdı. Burası köçərilər üçün bir fəlakət təşkil ediyordu. Zira həm əhali, həm mal-qoyun qızdırma tutub qırılıyordu. Beynəlmiləl komitənin türk əzasının təşəbbüsilə nəhayət, elata yol verilərək dağa köçməgə imkan oldu. Fəqət yollarda ermənilər camaata pəh çox əziyyət verdilər”.
Komitənin daha bir əhəmiyyətli xidməti də olmuşdu. Şuşalılara 12000 erməni qaçqınının şəhərə gəlmək istədiyi haqda məlumat çatdırılmışdı. Böyük Yarma adlı yerdə Zarıslı və Musurmanlar adı ilə tanınan camaat ermənilərin qarşısını kəsərək şəhərə buraxmırdılar. Dörd gün, dörd gecə zarıslılarla ermənilər arasında atışma olmuş, bu hadisədən sonra şəhərdə hər an qarışıqlıq baş verəcəyi gözlənirdi. Komitə yenə işə qarışaraq davanın qarşısını almışdı.
Komitənin fəaliyyətini xüsusi qiymətləndirən müəllif yazır ki, “Fəqət Beynəlmiləl komitənin ümdə xidməti son günlər oldu ki, bu xüsusda vaxtilə yazılacaq. Şəhərin yolu hər tərəfdən bağlı olduğundan bütün cahandan əlaqəsi kəsilmiş, dünyadan bixəbər, adətən qaranlıqda olmuş bir cocuq kimi qalıyordu... Bu halda bir də Andronik və Şahnazaryan qoşunlarının şəhərə vürudu xəbəri çıxıyor. Ermənilərin vəhşiliyi daha da artıyor. Ermənilərin bihəyalığının nə həddi var, nə hesabı. Türklər o qədər sıxıntı çəkiyorlar ki, dava düşeydi, canımız qurtarardı, ya ölər, ya ermənilərin boyunduruğundan xilas olardıq – deyə, ölmək şərti ilə də olsa, ermənilərdən qurtarmağı arzu ediyorlardı”.
Belə bir vəziyyətdə Bakının alınması xəbəri müsəlman əhaliyə böyük bir sevinc, eyni zamanda təsəlli oldu. “Qurban günü müsəlmanlar birinci dəfə şəhərdə rahatlıq hiss etdilər. Həm öylə şadlıq ki, bəlkə, Şuşa şəhəri bütün tarixində böylə bayram görməmişdir”. Lakin bu sevindirici xəbər cəmi iki gün çəkmiş, üçüncü gün Şahnazaryanın gəlməsi xəbəri yayılmışdı. Bu çətin vəziyyətdə də beynəlmiləl komitənin böyük rolu olmuş, Şuşada yaşayan erməniləri sakitləşdirməyi bacarmışdılar. X.İbrahim bu barədə “Azərbaycan” qəzetinin 20-ci nömrəsində yazır ki, “Qarabağdan xəbər verirlər ki, bir dəstə daşnaqsağan firqəsinə mənsub ermənilərin macərapərəstliyi tamamilə dəf edilib. Erməni camaatının Qarabağ hadisələrində iştirak etməmələri aşkar olmuşdur. Erməni əhalisi şəhərdə və kəndlərdə əsgərlərimizi duz-çörəklə qarşılayıb Azərbaycan təbəəliyini qəbul etməklə bərabər öz xoşları ilə əsləhələrini təslim edib hökumətin hər bir əmr və fərmanına tabe olmağa hazırdırlar. Müxtəsər kəlam, həyat öz adi halına düşüb. Zəhmətkeş kənd əhalisi öz məşquliyyətinə başlamaqdadır. Şahnazaryanın planı isə çox qorxunc imiş: “Plan böylə imiş ki, Şahnazaryan gəlsin həman kəndə. Şuşadan köməyə gedən ermənilər dəxi oraya yığışdıqdan civara yığılmış olan müsəlmanlar atlılar ilə dava etsinlər, ətrafdakı köyləri dağıtsınlar, bədən şəhərə gəlsinlər”.
Qəzetin sonrakı nömrələrində də ardıcıl olaraq Xəlil İbrahimin Şuşadakı vəziyyətlə bağlı məlumatları dərc olunmuş, bütün cidd-cəhdlərə baxmayaraq, vəziyyətin get-gedə pisləşməsi haqqında məlumatlar dərc olunmuşdu. Bir yandan aclıq, digər tərəfdən erməni fitnəkarlarının əməlləri əhalini çox yormuşdu. Belə bir vəziyyətdə türk ordusunun Şuşaya gəlməkdə olduğu haqqında xəbər yayılır. İndi ermənilərin hansı plana əl atacağı məlum deyildi. Beynəlmiləl komitə erməniləri sakitləşdirməyə, onların türk ordusuna qarşı dava planından əl çəkməsinə çalışırdı. Qəzetin 22-ci sayında müəllif bu barədə yazır ki, “Nəhayət, beşinci gün axşam saat doqquzda beynəlmiləl komitənin erməni nümayəndələri gələrək erməni qurultayında məsələlərin müsbət surətdə həll edildigini xəbər verdilər. İmdi hər kəsə məlumdur ki, ermənilər təslim oluyorlar. Nəhayət, altıncı gün Ağdamda saxlanmış olan erməni nümayəndələri şəhərə gəldilər. Məlum oldu ki, bunlara ultimatum verilərək ermənilərin 24 saat zərfində təslim olmaları tələb edilmişdir. Haman gün ermənilərdən bir neçə kişi Şuşa komandanını hüzuruna bir danə əldə qayrılmış top, bir pulemet və 80 tüfəng gətirərək Azərbaycan hökumətinə təslim və tabe olduqlarını elan etdilər”.
Göründüyü kimi, keçən əsrin əvvəllərində Bakıda nəşr olunan “Azərbaycan” qəzetində Şuşa, orada baş verən ictimai-siyasi hadisələr haqqında geniş və hərtərəfli məlumat verilmiş, qəzetin, demək olar ki, bütün saylarında ermənilərin Şuşada törətdikləri əməlləri əks etdirən yazılar dərc olunmuşdur.
Ümumilikdə, Azərbaycan milli mətbuatında Şuşa mövzusu hər zaman aktual olmuş, istər buradakı ictimai-siyasi vəziyyət, istərsə də Şuşanın zəngin elmi mədəni mühiti haqqında əhəmiyyətli yazılar çap edilmişdir. Bu materiallar keçən əsrin əvvəllərində Şuşa həqiqətlərinin dərk olunmasında, Şuşanın o dövrkü taleyi, ermənilərin mənfur xisləti haqqında daha geniş bilgilər əldə edilməsində xüsusi rol oynayır.




Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!