Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-10-2023, 11:42
HƏRARƏT DOLU MƏKTUBLAR


Məmməd Araz - 90
HƏRARƏT DOLU MƏKTUBLAR
Bu yaxınlarda Şəkər Aslanın arxivinə baxarkən iki məktub diqqətimi cəlb etdi. Hər ikisi əbədiyaşar Xalq şairi Məmməd Arazın imzası ilə. Biri 1967-ci ildə Şəkər Aslana ünvanladığı cavab məktubudur. Yəqin ki, Şəkər Aslanın məktubu da Məmməd Arazın arxivində qorunur və ya heç qalmayıb...
İkinci məktubun yazılmasının isə canlı şahidiyəm. Lənkərandan Bakıya gələndə Şəkər Aslan “Evə məktub” adlı kitabını Məmməd Araza çatdırmağımı xahiş etdi. Məmməd Araza çatdıranda şair kitabın bəzi səhifələrinə “quş” qoyaraq vərəqlədi. Bildim ki, nəsə yazacaq. Növbəti həftə “Azərbaycan” nəşriyyatına gedəndə Məmməd müəllim makinadan çıxmış yazını mənə oxutdu. Kövrəldiyimdən təşəkkür etməyə söz tapmırdım. Və yazını zərfə qoyub Şəkər Aslana ünvanladıq. “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.
Bu həmin dövr idi ki, Şəkər Aslan 22 il işlədiyi doğma “Lənkəran” qəzetindən uzaqlaşdırılmışdı. “Söz” jurnalının təsis olunmasına isə aylar qalırdı.
Məmməd Arazın qayğısı, xeyirxahlığı sayəsində çoxlarının taleyinə işıq düşüb. Bunun şahidi çox olmuşam. Əksəriyyəti bu xeyirxahlıqları unutsa da, Şəkər Aslan bu təmənnasız qayğını, diqqəti ömrünün sonunadək minnətdarlıqla yad edirdi.
Bu gün dönə-dönə oxuduğum məktubların müəlliflərinin heç biri həyatda yoxdur. Amma hərarət dolu, səmimi məktublar qalır. Nə xoş ki, yazılanların ömrü onları yazanların cismani ömründən uzundur. Bir də ki, bu məktublarda onların xətti, yazı üslublarıyla yanaşı, həmin anlardakı ovqatları da aydın seçilir. Bu məktublar o zaman üçün iki şəxs arasında olan söhbət idi. İndi isə o məktublar, o yazılı söhbətlər hamıya ünvanlana bilər. Məktublarda ötən əsrin həmin dövrünün ab-havası var, tarixi var.
Şəkər Aslan Məmməd Arazın Lənkəran Dövlət Dram Teatrında keçirilən 60 illik (1993) yubileyində çıxış edib və yubilyara həsr etdiyi şeirini oxuyub. Fikirlərini çıxışında ürək genişliyilə əks etdirərək şairə minnətdarlığını bildirib.
Haqq dünyasında olan hər iki şairin doğum günü oktyabr ayındadır. Hər ikisinin ruhuna rəhmət diləyərək məktubları oxucuların ixtiyarına veririk.

Sevda Əlibəyli

Şəkərcan, salamlar!
Məktubunu alıb sevindim. Mən yaza bilməyəndə, yazmağa vaxtım olmayanda, istəyimcə yazmayanda çox bədbin oluram, yata bilmirəm, əsəbi hal keçirirəm. Belə vaxtlarda dostların məktubu məni tərpədir, düşünürəm ki, heç olmasa bir adamın yadında varam, bir adam üçün yaşayıram, bir adama təsəlli verə bilirəm.
Həm məktubun, həm qəzetdəki rəyin məni sevindirdi. Təşəkkür edirəm. İndi gənclər şöbəsi “Azərnəşr”dən ayrılıb ayrı nəşriyyat olduğundan bizdən (bizim şöbədən) bir sıra əlyazmalar ora verilib (siyahı ilə). Vəziyyəti öyrənərəm (mən bu gün evdəyəm, odur ki, doğru məlumat verə bilmirəm), bizdə qalıbsa özüm məmnuniyyətlə redaktə edərəm; ora da verilsə, yenə narahat olmaya bilərsən, hamısı öz yoldaşlarımızdır. Bir də, sənin kimi şairi hər vicdanlı kəs ürəklə redaktə etməyə sevinər.
Bakının havası çox bulanıqdır: yağır, kəsir, gün düşür, külək qopur və s. (elə ədəbi havası da ondan betərdir).
Arzu edirəm ki, yeni şeirlərlə Bakıya gələsən, bizi sevindirəsən. Mən də ara-sıra yazıb-pozuram. Ancaq istədiyim yazıları çap eləmirlər. Mən isə istəyimi ütüləyə bilmirəm. Belə gedişlə də bir yana çıxmaq çətindir. Nə isə, sağlıq olsun. Nə yaxşı ki, sabaha ümid var.
Hörmətlə: qardaşın Məmməd Araz.
30.I.67
Bəxtəvərliyə qovuşan şairlərdənsən. Sənin arxanda böyük xalq dayanır, sən bölgə şairi deyilsən, sən ölkə şairisən. Vaxtı ilə Sovetlər birliyi adlanan respublikaların əksər xalqlarının dilində sənin şeirlərin səslənib, dünya dillərinin çoxunda şeirlərin ünvan tapıb, hələ bundan sonra sənin şirin dilin yeni-yeni ünvanlar tapacaq.
“Şəki” şeirində yazırsan:

Abidə yazıdır daşın, divarın,
Demə saralacaq, demə solacaq.
Belə bir dünəni olan diyarın
Gör indi sabahı necə olacaq!

olan səadət deyil. Neçə illərdir ki, sənin təptəzə poeziyandan zövq alan, onu ürəkdən təbliğ edən qələm dostlarından biri də mənəm.
Sənə bundan sonra da böyük uğurlar diləyən dostun

Məmməd Araz.
25.VIII.92.

Şair üçün tərif
Tərifdən qorxuram, qorxuram yaman...

M.Araz.



Şair, başla yenə şeir deməyə,
Hər təzə misraya bir əsirəm mən.
Səni ürəyimcə tərifləməyə,
Qələm götürmüşəm, söz gəzirəm mən.

Hər təzə şeirdən ürək sevindi,
Bir az şöhrətləndi, ucaldı vətən!
İlhamla, həvəslə qoy yazım indi
“Tərifsiz bir ömrün tərifi”ni mən.

Tərifdən ki, belə qorxub qaçırsan,
Hər yerdə payına tərif düşəcək!..

Şəkər ASLAN.
1977-1993


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!