Tarixin tarlı tarixçəsi...Üzeyir bəyin üçüncü və sonuncu operettası - "Arşın mal alan". Buradakı Əsgəri az adam tapılar ki, tanımasın. Mən Əsgəri də bir qisim adam tapılar ki, tanısın. Sözün müxtəsəri. Tacir əyninə arşınmalçı paltarı keçirib öz işində olsun, mən də qələmimi əlimə alıb yazmağımda...
...Doğrusu, qaralamağımda. Necə deyərlər, ağ kağıza yaz qara.
Qara demişkən, Bakının ağlı-qaralı ilk şəkilləri, kapitan-leytenant A.F.Ulskinin Qız qalası, Qala divarları, Şirvanşahlar sarayının məscidi fonunda Bakının Xəzər görüntüsü, "Renesans", "İşıq və Kölgə", “Çic”, “Əzizbala” foto-atelyeləri, xarkovlu Mişo, onun Fransa və Bakı fəaliyyəti və s. və i. Bütün bunlar:
- Dərsin cəmi-cümlətanı.
- Qarşıda "JK010-A", yəni hamı.
- Nəhayətdə fənnin tamı.
Fənn - Fotojurnalistika.
Müəllim - Zaur Babayev.
Müəllim fənni zahir etdi hasil. Tələbə müdam dərsə hazır. Və birdən auditoriyada maraqlı sual olur nazil:
- Belə, mənim əzizlərim, deyin görək, əvvəllər foto-atelyelər necə adlanırdı?
Tələbələr növbə ilə fərqli fikir bildirir, maraqlı yanaşma sərgiləyir. Zaur Babayev hər dəfəsində "Hardasa sualın cavabına yaxınlaşırsınız" - deyir. Ancaq tələbələr nə tövr etsələr də, heç cürə sualın doğru variantını tapmağa müfəssəl olmurlar. Bu məqamı görən Zaur Babayev heç kimi həvəsdən, nəfəsdən, ruhdan, kökdən salmır. Və sakit tərzlə, xoş halla: "Bu, əksxana adlanırdı" deyərək fikrinə əlavə edir: "Birlikdə hələ çox öyrənəcəyik".
Ümumiyyətlə, Zaur Babayevin dərslərində ən nadinc tələbə belə, bisdən-təvərədən çıxmaz və tıncıxmaz. Özüm bilərək dialekt sözlərdən istifadə etdim. Çünki Zaur Babayev daxilində Azərbaycan dilinin incəliyini, şirəsini yaşadan müəllimdir. Yazını cümlə-cümlə yazır, hər dərsi söz-söz xatırlayıram...
... Dərs gözümün önündə kadr-kadr canlanır.
“Bəyin oğurlanması” filmində Səməndər Rzayevin sözləri yadıma düşür: "Bu kino ki var, çox qəliz məsələdir, həm qəliz, həm də ki, vacib". Frazanı Zaur Babayevin dərsləri haqqında da söyləmək olar, bircə "qəliz" ifadəsini ixtisar etməklə... Çünki Zaur Babayev çətini asanlaşdıran, uzağı yaxınlaşdırandı. Hər dərsi bir kinoya bərabərdi: əyani, fəlsəfi, maraqlı, düşündürücü...
O, bizim Zaur müəllimdi.
Müəllim biliyi dərsi hərəkətə gətirən təvərədir...
Müəllim üçün qiymətli, dəyərli olan tələbədir...
Tələbə üçün də qiymətli olan müəllimdir. Tədris etdiyi dərsdir.
"Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllim öz şagirdi Namiqin timsalında bütün çocuklara xitabən səslənir: "Səndən ancaq bir şey tələb olunur, öz borcunu layiqincə yerinə yetirmək. Vəssalam. Bunun üçün də çox şey lazım deyil". Şəkk-şübhəsiz, bu, dərsdi: oxumaq və öyrənməkdi.
Gərək şagird, tələbə müəllimdən də, dərsdən də dərs almağı bacarsın, bu qabiliyyəti özündə formalaşdırsın. Dərs də müqəddəsdir: "Torpaq. Dəniz. Od. Səma." kimi. Dırnaqiçində ismini çəkdiyim kinonun giriş kadrları qayaüstü rəsmlərlə, şiş qayalıqlarla, tariximizin müxtəlif görüntülərilə başlayır. Dərs tarix deməkdir. Dərs alan şagird, tələbə tarixin dərslərindən də yaxşı nəticə çıxara bilir. Maraq üçün deyək ki, dünya tarixinin ilk ağ-qara, qısametrajlı, səssiz sənədli filmi 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu ilə çəkilmiş "La-Sota vağzalına qatarın gəlməsi" filmidir. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutur. Deyilənə görə, filmin nümayişi zamanı tamaşaçılara elə gəlir ki, qatar onların üstünə gəlir. Bu hadisə zalda qorxu və təlaşa səbəb olur.
Sonralar Maksim Qorki, "Kölgələr Səltənəti" adlı məşhur oçerkində yazır: "Qəflətən nə isə basılır, hər şey yoxa çıxır və qatar ekranda görünür. Qatar elə sizə doğru şütüyür - ehtiyatlı olun!"
Əlbəttə, o dövr üçün bu mənzərə qeyri-adi idi. Qorkinin də yarızarafat, yarıciddi şəkildə dediyi kimi, ehtiyatlı olmaq labüddür: ya təbii, ya da qeyri-ixtiyari.
Bugünkü dövrdə texnologiya adamı bəzi məqamlara sakit və təmkinli halda yanaşır. Bütün bunlar təhsillə, təlimlə bağlıdır. Bugünün insanı anlayır ki, onun qarşısında texnoloji biliklərini müdam inkişaf etdirmək kimi, məqsəd - missiya dayanır...
Bundan irəli gələrək auditoriyada "The New York Times", "Washington Post", "The Guardian"... qəzetləri, habelə "Reader's Digest" kimi dünyaşöhrətli jurnalların foto seçimi, rənglərdən istifadə qaydaları, günün tələblərinə cavab vermək bacarığını Zaur Babayevdən ən incə xırdalıqlarına qədər əxz etməyə çalışırıq...
Texnologiya demişkən, bildiyimiz bir məqamı xatırlayaq. Yunan sözü olan texnologiya "məharət elmi" deməkdir. "Texniki elm" və "Metodların cəmi" olmaqla iki istiqamətdə işlədilir. Bu mənada Zaur Babayev bacarığı, elmi özünü həm texniki, həm də humanitar sahədə təcəlla etdirir. Dövrün texniki vasitələri müəllim biliyi, səriştəsi qarşısında naçar qalır. Onlayn dərslər söylədiklərimin dəlilidir...
Zaur Babayevin tədris etdiyi "Fotojurnalistika" və digər fənlər də bu məqsədə, mərama, missiyaya xidmət və hizmət duruşunda və hikmət məqamındadı (ənənəvi və onlayn tədrisdən asılı olmayaraq). Hikməti anlamaq üçün, tələbə gərək gözünü ön plana çıxartsın - fotokamera kimi: diqqətli, qeydli, qələmli, dərsli, həvəsli olsun.
Aristotel zamanı hərəkətə, Kant da hərəkəti zamana tabe edir. Obyektiv üçün iki məfhum da mütləqdi, elə tələbə üçün də. Bu məqamı tutan tələbə hər dərsdən bir yazı hazırlayar, kino çəkər.
Sadəcə inadlı olmaq lazımdır. "Uzaq sahillərdə" filmindəki Mixaylo kimi, "Yol Əhvalatı"ndakı Mustafa kimi. Yekun "Romeo mənim qonşumdur" filminin təntənəsidi. "Onun böyük ürəyi" ifadəsi də mənəvi mükafat.
Göründüyü kimi, mən fotoaparatımla kino - kadr deyil, kino adları çəkirəm, yəni yazı yazıram. Düşünürəm ki, "O olmasın, bu olsun". Bəlkə də bu yazını hazırlamasaydım, daxili mənim məni işarə edərək "Onu bağışlamaq olarmı?" deyərdi.
2 iyul. "Qızmar günəş altında", "Küçələrə su səpmişəm". Və "Mən evə qayıdıram". Evə çatan kimi, "Mən mahnı qoşuram", yəni yazı hazırlayıram. Və düşünürəm ki, "Mahnı belə yaranır". Beləliklə, "Gün keçdi" və mən "Ad günü" yazımı tamamlamaq üzrəyəm.
3 iyul. Bir ayın "Dörd bazar günü". Bu ayın ilk bazarı. Çalışdım ki, Zaur Babayevin doğum gününü ilk təbrik edənlərdən olum.
Söz-söz yazının sonuna - "Xatirələr sahili"nə yan alırıq... Xoş xatirələr fikrimizə "Böyük dayaq"dı. Xatirələr həm də adamı "Bəxtiyar" edir. Yaxşı xatirələri barmaqda "Bəxt üzüyü" də hesab etmək olar. Çünki xatirələrin yaxşısı elə yaxşı adamlardan qalır.
Yazının sonuna yaxın oxuculara "Bir qalanın sirri"ni açım. Sonuncu dərs günü Zaur Babayevlə birlikdə "Sehrli xalat"ımızı geyinib yaxın keşmişə döndük. "Qaladan tapılan mücrü"dən nə çıxsa yaxşıdır?
- "Asif, Vasif, Ağasif"? - yox,
- Qızların gözlədiyi "Ağ atlı oğlan" - o da yox,
- "Firəngiz", "Hacı qara", "İsmət", "Qatırməmməd", "Lətif", "Təhminə" - yox, yox, heç biri.
Mücrüdən əsrlərin söz yadigarı, demokratik mətbuatın pöhrələnməsinə töhfə verən, dünənin və bugünün "Molla Nəsrəddin"i, "Zənbur"u və s. görünür. İnanıram ki, əsrlərin yadigarı olan jurnallar, qəzetlər bizi də görür. Jurnalist-tələbə üçün orijinal nüsxələri canlı görmək, onlara toxunmaq, o möcüzəni barmaqlarla, qəlblə, düşüncəylə yaşamağın özü belə sözlə ifadə edilməzdi.
"Molla Nəsrəddin" jurnalında dahi Üzeyir Hacıbəyli "Ordan-burdan" başlığı altında "Ü", “Çı”, "Filankəs", "Behmankəs" və s. kimi gizli imzalarla hər dövr üçün aktual olan məqalə, felyeton, satirik miniatürlər dərc etdirib. Jurnalların sehrafərin cazibəsindən ayılan kimi, yada Üzeyir bəyin "Ordan-burdan" başlıqlı yazısından bir sətir düşür: "... hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın..." - Həqiqətən də Zaur Babayevin peşəsinə duyduğu, dünənimizə bağlı olduğu təmiz hissləri bizim də jurnalistikaya marağımızı birə-beş artırdı. Zaur Babayevin qoruduğu, saxladığı jurnalların ətrafında tik-tok çəkən gəncdən tutmuş, jurnalistika peşəsinin təəssübünü çəkən tələbəyə qədər hər kəs cəm oldu. Xoşbəxtlik və fəxarət hissinin vəhdət anı. M.F.Axundov, H.Zərdabi, Səid, Cəlal, Kamal Ünsizadə, M.Şahtaxtlı, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyli, Ə.Müznib, H.Vəzirov... ruhunun şad olduğu gün.
Üzeyir bəy Hacıbəyli o zaman ağrılı kədərlə milli mətbuatımızdan gen düşənlərdən yazır, doğma dilimizdə oxuyub-yazmağı ar bilən fasonlu ədabazların halına acıyır, din əbasına bürünən mollaların, intelligent libası geyinən "ziyalı"ların müsəlman qəzetinə olan nifrətini görüb "Qərəz, getdim..." deyir. Düşünürəm ki, Üzeyir bəy bu günü görsəydi, "Qərəz, gəldim..." deyərdi.
Ən duyğulu, fəxarət hissilə alışıb-yanan məqam. İlk redaktoru Üzeyir Hacıbəyov olan, "Temrin" dərgisinin üz qabığında Şirməmməd Hüseynovun əlində tutduğu istiqlal qəzeti. Bəli, "Azərbaycan" qəzeti. Bu qəzeti də görmək tələbə qismətin(m)də varmış.
Beləcə "Koroğlu" kimi aşırımlar aşıb, keçirimlər keçib yazının "Axırıncı aşırım"ına yavaş-yavaş yetişirəm...
Adlı-sanlı film rejissorlarından biri Jak Tati deyirdi: "Mən istəyirəm ki, film siz kinoteatrı tərk etdikdən sonra başlasın".
Xeyli zamandır ki, Zaur Babayevin "Fotojurnalistika" dərsləri yekunlaşıb, ancaq hələ də xoş xatirələr göz önündə canlanır. İstərdim ki, Jak Tatinin dediyi kimi olsun. Yazı oxunub bitdikdən sonra, bir də qəlblərdə yer alsın, ürəklərə sətir-sətir köçürülsün... Könül evindən də qəlbimizin səsi duyulsun...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi"Bütöv Azərbaycan" qəzeti
12 avqust 2022