TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-05-2024, 12:42
Mətbuat fədailəri: dünəndən bu günə



Mətbuat fədailəri: dünəndən bu günə...

​Azərbaycan xalqının taleyində onun milli mətbuatı hər zaman xüsusi yer tutur. Dəyişən zaman fonunda milli dəyərlərimiz öz klassik bütövlüyü ilə bir xalqın sözünün qüdrətini, ziyalısının daxilən saflığını, bölünməz milli məfkurəsini bütün parametrləri ilə göstərmiş olur. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi, həmçinin tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrası zaman-zaman milli mətbuatımızın ələmdarı kimi çıxış ediblər. Hər dəfə Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının önündən keçərkən jurnalistlərin böyük müəllimi Şirməmməd Hüseynovun barelyefi diqqətimi çəkir. Artıq xeyli zamandır ki, həmin kafedranın müəllimi Rüxsarə Məmmədova bizə "Görkəmli Azərbaycan Publisistləri" fənnini tədris edir. Onun tədris metodikası, texnikası çox maraqlıdır. Tədris etdiyi fənninə qarşı tələbələrdə yaratdığı marağın da çox böyük əhəmiyyəti var. Müəllimimiz klassik publisistika ilə müasir jurnalistikamızın paralelliyini aparır.


Hər iki dövrdə publisistikanın mütləq şəkildə milliliyi qorumaq, yaşatmaq vacibliyini göstərir. Bu yaxınlarda Milli Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin "Müasir Jurnalistika" kitabından bir hissə ilə tanış olduq. Kitabın axıcı dili, səlis və aydın üslubu, təsvir canlılığı, milli ruhu bizi elə ilk andaca özünə çəkdi. Dərsdən sonra fakültəmizin tələbəsi Əsgər İsmayılovla əlaqə saxladım. Onda həmin kitabın olub-olmadığı ilə maraqlandım. Təəssüflə olmadığını bildirdi. Bircə ümidimiz Rüxsarə Məmmədovanın hər dərs zamanı kitabdan bir hissə oxumasına qalırdı. Mən fakültəmizin ingilis bölməsində təhsil almağıma baxmayaraq, hər zaman Cahangir Məmmədli adının böyüklüyünü dərk etmişəm. Müəllimin fakültəyə min bağlarla, min tellərlə bağlılığını, sevgisini apaydın sezmişəm. Elə ilk semestr zamanı müəllimimizlə bizim qrupun görüşünü təşkil etmələrini fakültə rəhbərliyinə, müəllimimiz Samir Xalidoğluna bildirmişəm.


Ötən günlərdə dərs mövzusu milli mətbuatımızın, musiqimizin, publisistikamızın, habelə mənəviyyatımızın mücahidi dahi Üzeyir bəy Hacıbəyli haqqında idi. Mövzu tələbələri dərin düşüncəyə, təkrarı yaşanmayan sehirə saldı. Bir zaman Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının "Üzeyir dünyası, Üzeyir dühası" adlı məqaləsini oxuyanda da eyni hissləri yaşamışdım. Araşdırmada oxuyuruq:
"Üzeyir bəyin publisistikaya gəldiyi zaman ictimai, siyasi hadisələrin kəskinləşdiyi, çox ziddiyyətli bir şəkildə cərəyan etdiyi dövr idi. Amma Üzeyir bəy bu ziddiyyətlər arasında çaşıb qalmadı. Yalnız xalqının azadlığı, tərəqqisi uğrunda mübarizəyə qoşuldu. Çünki Üzeyir bəy öz əxlaqı, ideyaları, arzuları ilə bütövlüklə xalqına bağlı bir sənətkar idi. Xalqının dərdini, ehtiyacını bütün varlığı ilə duyurdu və onların aradan qaldırılması üçün heç nədən çəkinmədən mübarizə aparırdı. Xüsusən də milli məsələdə".

Görünən odur ki, Üzeyir bəyin həyatının qayəsi milli ruha bağlılıqla keçib. Bunun nəticəsidir ki, dahi Üzeyir bəyin yaradıcılığı ölməzlik qazanıb. Bu mənada milli mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova "Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetində: mətbuat tariximizin mühüm mərhələsi" adlı silsiləli araşdırmasında yazır:
"Üzeyir Hacıbəylinin - "Kaspi"dən tutmuş, "Azərbaycan"a qədər olan publisistikasını izləsək, görərik ki, bu irsin ictimai xarakteri, janr palitrası, mövzu rəngarəngliyi və toxunduğu problemlərlə çağdaş dövrümüzün gerçəklikləri arasında bir bağlılıq, paralellik özünü göstərir. Yəni bu irslə müasir dövrümüz arasında maraqlı tarixi paralellər axtarmaqla xalqı, milləti düşündürən suallara cavab tapmaq, tarixi həqiqətlərə nail olmaq mümkündür". Əlbəttə, Üzeyir bəyin yaradıcılığı dünənimiz, bu günümüz və sabahımızdan ötrüdür.





Mövzudan gen düşməmək üçün və sözümüzə təsdiq olaraq tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Üzeyir Hacıbəyli və Azərbaycan Cümhuriyyəti" məqaləsindəki qiymətli fikirlərlə tanış olaq:
"Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir". Ümumiyyətlə, Üzeyir Hacıbəyli publisistikası dövrün ictimai-siyasi məsələlərini əks etdirdiyi kimi, erməni-müsəlman məsələsinə də geniş yer vermiş, bu baxımdan ermənilərin iç üzünü açaraq ifşa etmişdi. Ermənilərin Azərbaycanlılara qarşı təcavüzü və bu istiqamətdəki məsələlərin şərhi və həllinə publisistin "Qara təhlükə", "Qarabağ haqqında", "Eyni müamilə gözləyirik", "Qarabağ hadisatı", "Əyri yol", "Fitnələr qarşısında", "Erməni-müsəlman sülh məclisinə dair", "Andranikin məsələsi", "Ordan-burdan" sərlövhəli "Yazıq ermənilər" felyetonu, "Nə istəyirlər", "Kirimirlər" kimi publisistik yazılarında rast gəlmək olar. Publisist 15 dekabr 1918-ci ildə "Azərbaycan" qəzetində dərc etdirdiyi "Andranikin məsələsi" məqaləsində bildirir:
"Görək Andranik quldurmu, rəsmi məmurmu və ya təkrar qırğın salmağa bais olan bir nəfər mütəəssib ermənimi?" Üzeyir bəy bu yazısında müsəlman kəndlərini dağıdan, əhalisini öldürən ya da qaçırdan, arvadların irz və namusuna sataşan Andranikin kim olduğu məsələsinə aydınlıq gətirməyə çalışır. Publisist birinci zənnində Andranikin kimliyinə belə izah verir: "Andranikin qonşu erməni hökümətinə heç bir dəxli yoxsa və gördükləri vəhşiliklərin cavabdehəndəliyi dəxi məhz öz boynuna isə o halda bu Andranik erməni camaatının gözündə "igid" olsun, "qəhrəman" olsun, bizim gözümüzdə adi bir quldurdur. Çünki bir şəxs ki, başına adam yığıb kənd-kəsək üstə tökülüb qətlü-qarətə məşğul ola, o şəxsə quldur deyirlər". Məqalənin bu qismindən məlum olur ki, Üzeyir bəy Andranikin quldur olduğu barədə zənnini ilkin olaraq ehtimal edir. Bəs publisist bu fikri nəyə əsasən yazırdı?
Üzeyir Hacıbəyli qeyd edir ki, deyirlər, türklərlə ermənilər arasında vaqe olmuş sülhdən dolayı Andranik erməni hökümətindən küsüb və özbaşına olub. Və nəticə olaraq məsuliyyəti öz öhdəsinə olmaq üzrə cürbəcür işləri də özbaşına görür. Publisist həm də onu vurğulayır ki, ola bilsin, Andranik erməni hökümətindən küsüb erməni camaatı içində şöhrət qazanmaq istəyir. Və bunun da ən asan yolunu müsəlmanların əlsiz-ayaqsız qisminin üzərinə top və tüfənglə hücumlar edib "rəşadət" göstərməkdə görür. Üzeyir Hacıbəyli birinci zənnini əsaslandırdıqdan sonra ikinci zənnini şərh edir. Bildirir ki, ola bilsin, Andranik gizli və ya açıq erməni ajanı və məmurudur. İş belədirsə, onda Andranikin vəhşi hərəkətlərindən məsul şəxs erməni hökümətinin başında duran şəxslərdir. Müəllif belə halda məsələnin həllini açıqlayır:
"O halda, Andranikin yanına mürəxxəslər göndərmək və ya kağızla sifarişlər etmək kimi vecə gəlməz tədbirlərin heç bir mənası yoxdur. Bu sifarişlərin, bu teleqramların məhəlli-aidinə, yəni erməni höküməti başında duranlarına göndərilməsi icab edir". Bu qisimdən çıxış edərək müəllif bildirir ki, bilək, görək, erməni höküməti bizə qarşı müharibə meydanımı açır? Ya bu vəhşiliklərin mənası nədir?
Görkəmli publisistin bu yazısında ən vacib məqamlardan biri də daşnaklara diqqəti çəkməsidir. Müəllif daşnakları bu sifətlərlə təsvir edir: "Özlərində qabiliyyət və istedad olduğuna inanmayan və bu təqdirdə qonşularının da müstəqil yaşamalarını istəməyən daşnaklar". Müəllifin deyimi ilə söyləyə bilərik: onlar həmin daşnaklardır ki, Ermənistan Cümhuriyyətini müstəqil bir surətdə yaşatmaq üçün Qafqazın orasında-burasında andraniklər vasitəsilə şuluqluq edirlər ki, ölkəmiz təkrar qəyyumlar əlinə keçsin.
İkinci zənninə də aydınlıq gətirdikdən sonra publisist üçüncü zənninin şərhinə başlayır. O yazır ki, ola bilsin, Andranik nə quldur, nə də erməni hökümətinin rəsmi məmurudur. Andranik, bəlkə də bir nəfər erməni mütəəssibidir ki, müsəlman qanı tökməkdən xüsusi bir ləzzət hiss etmək mərəzinə mübtəladır. Andranikin belə vəhşi hərəkətlərinə Ararat höküməti də razı deyil, bununla bərabər ipini çəkməyə qolunda gücü yoxdur. Hər üç zənninin izahından sonra Üzeyir bəy uzaqgörənliyi bunlardan başqa zənlərin də ola biləcəyini göstərir.
Üzeyir bəy yazır ki, hər nə halla olur olsun, zülm və sitəmə məruz qalan müsəlmanlara qarşı bu cür vəhşi hərəkətlər dayandırılmalıdır. Əks təqdirdə, bu vəqə getdikcə böyüyüb başımıza bəla olacaq. Müəllif ingilis hökümətinin baş verənlərdən xəbərdar olmasının vacibliyini də vurğulayır. Çünki publisistin sözü ilə desək, Qafqazda nizam və asayişin bərqərar edilməsi ingilislərin borcu olub və bunu özləri elan ediblər. Həm də müəllif zənn edir ki, andraniklər içində elə adam yoxdur ki, lazımlı məqamda hamımızın arvadlarımıza qədər əsgər olduğumuzu bilməsin. Onlar sanmasınlar ki, qoşunsuz, əsgərsiz qalmışıq. Müəllif bəşəriyyət sülh deyib sevindiyi halda bu sülh axşamı bir də təkrar qan tökməyin igidlik yox, rəzalət olduğunu yazır. Və o qana səbəb olanların bəşəriyyət lənətinə gəlməkdən başqa özgə bir mənfəət qazana bilməməklərini vurğulayır.
Yazının sonluğuna yaxın Üzeyir Hacıbəyli erməni millətini belə təsvir edir: "Andranik məsləkli başçılarının bu qədər mənhus politikası nəticəsindən cürbəcür fəlakətlər çəkmiş olan erməni milləti". Və müəllif qeyd edir: ...belə ehtimal var ki, erməni milləti yalançı pəhləvanlarını bir kərə qalxıb aradan qaldırsın. "Andranikin məsələsi" məqaləsinin sonunda Üzeyir bəyin xalqımızı həmrəy olmağa çağırdığı cümlələri öz əksini tapıb:
"Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu elə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin". Müəllif yazını belə sonlandırır ki, Andranik məsələsi barədə hökümət özünün bu işdə nə növ tədbirlər görüldüyünü və görüləcəyini, bununla bərabər bu işə nə nəzərlə baxdığını da Parlaman hüzurunda bəyan və elan edəcək.
Sonda bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Əgər Üzeyir bəydən danışırıqsa gərək ki, sayğı əlaməti olaraq Ceyhun Hacıbəyli ismini də yad etmiş olaq. Çünki hər iki dahinin qələmi də, qəlbi də Azərbaycanın varlığı naminə çalışıb. Bu mənada milli mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Abid Tahirlinin çoxsaylı sanballı əsərləri var. Onun "Ceyhun Hacıbəylinin bədii və publisistik irsinə bir nəzər" adlı araşdırmasında oxuyuruq:
“Pristav ağa” C.Hacıbəylinin hekayələri arasında bir çox cəhətlərdən diqqəti cəlb edir. Əsər “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində “Dağıstanski” imzası ilə çap olunub. Ən əvvəl qeyd etmək lazımdır ki, dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı- publisist, Ceyhun Hacıbəylinin böyük qardaşı Üzeyir Hacıbəyov da eyni adlı satirik hekayə yazıb(“İrşad”qəzeti, 1905-ci il, № 6). Görünən odur ki, Üzeyir və Ceyhun bəy Hacıbəylilər Azərbaycan durduqca yaşayacaq və onların milli-mənəvi irsi xalqımızın yol xəritəsi olacaq.

Məryəm ABDULLAZADƏ

BDU Jurnalistika fakültəsinin tələbəsi
27-04-2024, 15:07
Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı


Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı

Sokrat haqlı olaraq deyirdi: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Həqiqətən də bu fikirdə bütün dövrlərin ən nüfuzlu insanı olan müəllimin gücü və mənəvi ucalığını hiss etmək mümkündür. Müəllim, təkcə bilik öyrətmir, bəzən qayğıkeş bir insan, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuza çevrilir, bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmamızdır! O bizim parlaq sabahımızın təməlidir! Hər birimizin mənəvi borcumuz var müqəddəs müəllim varlığı qarşısında.Və hər zaman minnətdar olacağımız bir insan var həyatımızda. O, mənim müəllimimdir.

O, şəhid dostum, vətən sevdalı Altun Əliyevin müəllimi olub. O, hər kəsin müəllimidir. Azərbaycan dili üzrə təlimçi Taibova Aynurə Hüseyn qızı 1989-cu il 6 aprel tarixdə Rusiya Federasiyasının Nijnekamsk şəhərində dünyaya göz açıb. 1996-cı ildə isə Bakı şəhər Xətai rayonu 63 saylı tam orta məktəbə gedib. 2007-2011- ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Filologiya fakültəsi üzrə bakalavr təhsili alıb. 2017-cil ildə MİQ imtahanında uğur qazanaraq Quba rayon Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb.
Rusiyada doğulub, Bakıda təhsil alıb, fəqət işləmək üçün şəhərin rahatlığını Qubanın ucqar dağ kəndinə dəyişən, öz həyatını kənddə qurub, “orda mənə daha çox ehtiyac var”, – deyib bizi sevən və seçən müəllim. Kəndimizdə işlədiyi ilk vaxtlardan təhsilimiz üçün canla-başla və peşəsinə böyük məhəbbətlə, uşaqların təlim-tərbiyəsinə xüsusi həssaslıqla yanaşdığının şahidiyik. Əlbəttə, bütün bunlar bir müəllimdə olması gərəkən ən vacib amillərdəndir. Nəzərə alsaq ki, bir neçə il öncə qız uşaqlarının oxuması valideynlər tərəfindən bir o qədər xoş qarşılanmırdı. O zaman bir müəllimin gəlişindən sonra onlarla fidanlarımızın təhsil yolunu seçməsi müəllim qüdrətinin, müəllim ucalığının eyni zamanda bir müəllim mücadiləsinin göstəricisidir. Əlindən gələni və daha artığını etdi bizim üçün, tək öyrətməklə kifayətlənmədi, həm də dəstək oldu, problemlərimizlə yaxından maraqlandı, elm fədaisi kimi körpələrimizin gələcəyinin qurucusuna çevrildi.
Hazırda regionların ən fəal gənc müəllimləri sırasında Aynurə müəllimənin adını görmək qürurvericidir. Müxtəlif universitetlərdən, o cümlədən rayonumuzda Qubada Pedaqoji Universitetdən məzun olan onlarla gənc müəllimimizin zərrələri, dünənindən bu gününə, bugünündən sabahına körpü olan ümidləridir. Bu həm də İlahinin Aynurə müəlliməyə bəxş etdiyi bir gözəllikdir, qəlblərdə sevgiylə var olmaq, həyatlara sehirli toxunuş etməyi bacarmaq. Platonun da dediyi kimi, “Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir”. O isə bu sənətin öhdəsindən layiqincə gəlməklə kifayətlənmir, daim yenilik axtarışında, daim öyrənmək həvəsində və şagirdləri üçün hər şeyin ən yaxşısını etmək arzusundadır. O, xalqsevər, insanpərvər, xeyirxahdır. Qəlbinin hər köşəsi, bütünlüklə varlığı ilə insanlıq üçün ən gözəl nümunədir.
Bəzən onun qəlbindəkiləri bir baxışından anlamaq, kiçicik ürəyində dünya boyda sevgi yaşatdığını hiss etmək mümkündür. Yadımdadır, dostum Altunun şəhid xəbəri gələndə necə sarsılmış, gözləri qan- yaşla dolmuşdu. Günlərlə özünə yer tapa bilmirdi. Axı Altun onun ən sevimlisi idi. Bibisi deyir ki, hətta bir dəfə söhbət əsnasında Aynurə müəllimə müəyyən səbəblərdən kənddən şəhərə köçüb işləmək istədiyini bildirəndə Altun çox kədərlənib və müəlliməsinə “əyər siz bu kənddə qalsanız oxuyacam, getsəniz mənim arzularım elə arzu olaraq qalacaq” - deyə bildirib. Altun hamımız kimi yaxşı bilirdi ki, Aynurə müəllimə bizə sonsuz inanan, təhsil almağımızı hər şeydən çox istəyən tək ümidimiz idi. İndi Aynurə müəllimə hər o məhlədən evlərinin önündən keçib səhər işə gedəndə Altuna verdiyi sözü xatırlayır. Kənddə qalmalı, heç bir çətinliyə baxmayaraq təhsilimiz üçün çalışmalıdır.
Kənddə ilk və tək abituriyent hazırlığı kursunu da müəlliməmiz təşkil etmişdir. O hər birimizi öz doğması kimi sevir, vətənimiz üçün layiqli vətəndaşlar yetişdirmək məsuliyyətini bütün varlığı ilə hiss edir. Bu gün Azərbaycanımız əzəmətlə işıqlı sabahlara doğru irəliləyir. Müzəffər Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə atdığımız hər addımda isə həm milli, həm də bəşəri dəyərləri özündə əks etdirən, qəlbi vətənpərvərlik hiss ilə döyünən, torpağımızın hər qarışı uğrunda canlarını fəda edən elmli gənclərimiz var və olacaqlar. Heç şübhəsiz çağdaş gəncliyimizin yüksək mənəvi keyfiyyətlərini formalaşdıran isə ölkəmizdə milli təhsil siyasətimizi uğurla həyata keçirən bir müəllim ordusudur. Məhz Azərbaycan müəllimi sabahın hərtərəfli zəkaya sahib vətəndaşlarını yetişdirir.
Gəlişi ilə həyatımıza tək bir müəllim gəlmədi, o hər birimizin taleyinə bir günəş kimi doğdu, nurundan nur payladı, düşüncəmizdə və həyatımızda illərlə var olan imkansız hər şeyi yox etdi, təhsil almaq bizim ən böyük öncəliyimizə çevrildi beləcə arzu saraylarını birgə inşa etdik. Savadsızlıq və haqsızlığa qarşı barışmaz mövqeyi olan Aynurə müəllimənin xəyalı bəzən bu mühitdən uzaqlaşır ülvi, pak, romantik bir aləmdə qərar tutur. Onun hər kəlməsində Mirzə Ələkbər Sabir satirasının ruhu, Mirzə Cəlilin təhsilli millət üçün mübarizə əzmi bəzən Füzuli və Nizami eşqinin ucalığı müəllim ruhunda aydınca hiss olunur.
Hər axşam qürub edən günəş hər səhər yenidən doğduğu kimi, müəllim də yaşının üstünə yaş gəldikcə ömrünün qürub çağını yaşasa da, şagirdlərinin simasında hər gün yenidən doğur, yenidən nur saçır taleyimizə. Bu gün müəlliməmizin doğum günüdür. Əziz Aynurə müəllimə, sizə sağlıqlı həyat və pedaqoji fəaliyyətinizdə bol uğur arzu edirik. Siz həmişə var olun və çox yaşayın. Ömrü ömürlərə paylanan nurdu, safdır, müqəddəsdir, müəllim ömrü. Ömürlərə saçılan nurunuz əbədi olsun!
Məleykə Qafarova,

BDU Jurnalistika fakültəsinin tələbəsi
27-04-2024, 14:51
Tariximizin varlıq qaynağı: Naxçıvan



Tariximizin varlıq qaynağı: Naxçıvan


Türk dünyasının qədim yaşayış məskəni olan Naxçıvan dövlətçilik ənənələrimizin pərvəriş tapdığı, şanlı tariximizin formalaşdığı, ən nəhayət müasir və müstəqil Azərbaycanın pərvərişləndiyi tarixi diyardır. Atabəylər dövlətinin paytaxtı, Səfəvilər dövründə bəylərbəyliyi, eyni zamanda xanlıq kimi, həmçinin də Çar Rusiyasının tərkibində Naxçıvan mahalı olaraq öz dövlətçilik ənənələrini daim yaşatmış, mənəvi gücünü heç vaxt itirməmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə daşnaklar İrəvan, Qarabağ və Naxçıvan bölgələrində əliyalın azərbaycanlı əhaliyə divan tuturdu. Bununla belə, erməni silahlı quldur dəstələri qədim Azərbaycan torpağı - Naxçıvana olan ərazi iddialarından əl çəkmirdilər. Hər çirkin vəchlə çalışırdılar ki, bu ərazi Ermənistana birləşdirilsin. Ancaq Naxçıvan əhalisinin mərdliyi, həmçinin Əmir bəy Nərimanbəyovun başçılıq etdiyi Araz-Türk Respublikasının möhtəşəm fəaliyyətinin nəticəsi olaraq düşmənin çirkin niyyəti baş tutmadı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da ermənilər Naxçıvana olan sərsəm iddialarından əl çəkmədi. Bu dəfə Xalq Ədliyyə Komissarı olan Behbud ağa Şahtaxtinski Naxçıvanın Ermənistana verilməsi təşəbbüsünün əleyhinə çıxış edərək, apardığı haqq mübarizəsində bir addım belə geri çəkilmədi.
Şahtaxtinskinin RSFSR Xalq Komissarlar Sovetinin sədri V. Leninə yazdığı məktublar, referendumda əhalinin doxsan faizinin Navçıvanın Azərbaycan tərkibində qalmasına səs verməsi həmin dövrün olduqca çətin və taleyüklü məsələsi idi. Behbud ağa Şahtaxtinskinin Moskva və Qars kimi əhəmiyyətli müqavilələr zamanı fəal iştirakı isə danılmaz və qürurlu həqiqət səlnaməsini təşkil edir. Yeri gəlmişkən qeyd etməliyik ki, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyev Qars müqaviləsinin tarixi və həyati əhəmiyyətini yüksək qiymətləndirmişdir. Qədirbilən Naxçıvan xalqı hər zaman dəyərli övladlarını uca tutmuş, milli dəyərlərinə sadiq qalmışdır. Naxçıvan Muxtar Respublikasında Behbud ağa Şahtaxtinskinin xalq qarşısında xidmətlərini nəzərə alaraq 2011-ci ildə görkəmli dövlət xadiminin 130 illik yubileyi keçirilmişdir.
Tarixin yadigarı olan qədim Naxçıvan əsrlər boyu əzəli sakinlərinin mərdliyi, tarixi şəxsiyyətlərinin şücaəti hesabına öz varlığını ləyaqətlə qorumuşdur. Ulu Rəhbər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Naxçıvan da daxil olmaqla, məmləkətimizin həm tarixində, həm də taleyində yeni səhifələr açılmış, yurdun səmaları üzərindən qara buludlar çəkilmişdir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün dönəmlərində xalqın yanında oldu. Naxçıvanın mərd insanları ilə baş tutan tarixi görüşlərin birində isə Heydər Əliyev böyük qürurla: "Naxçıvan Azərbaycan xalqı üçün dahi insanlar yetirib: - söyləmişdir. Bu böyük həqiqətin ən böyük reallığı, gerçəkliyi isə Heydər Əliyevin özüdür. Çünki Ümummilli Lider nəinki Naxçıvan və Azərbaycan üçün, eləcə də dünya tarixində öz çəkisi olan tarixi bir şəxsiyyət idi.
Dahilərdən biri deyir ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Bu mənada Ulu Öndər öz xalqını, Vətənini boşluğa düşməyə, yadların küləyində sovrulmağa qoymadı. Məlum ki, Heydər Əliyev 1987 - ci ildə Sovet İttifaqı rəhbərliyindən məqsədli şəkildə uzaqlaşdırıldı. Buna baxmayaraq Heydər Əliyev Sovet hakimiyyətini, ona rəhbərlik edən işbazların xain əməllərini ifşa edir, çəkinmədən haqq sözünü deyirdi. Talehin və tarixin gedişatı Ulu Öndəri mərdlər, ərənlər diyarı Naxçıvana gətirdi. "İnsana yalnız əməllərinə deyil, səylərinə görə də qiymət verilməlidir”.
İllərin çətinliyi, dövrün ağırlığı, sapı özümüzdən olan baltaların xain əməlləri, xaricdən edilən basqılara baxmayaraq, Ulu Öndər Heydər Əliyev yenə də bütün əməlləri, cəhdlərilə Azərbaycana müstəqillik qazandırmaq, xalqı azadlığa çıxarmaqdan ibarət oldu. O zamanlar bəzi sapı özümüzdən olan xainlər və ermənilər Heydər Əliyevin Naxçıvanda olan büstünü dağıtmaq istədilər. Ancaq Naxçıvan - Nehrəm camaatı büst qarşısında günlərlə növbə çəkərək, bu xain əməlin qarşısını aldılar. Nehrəm 1989 - cu ilin soyuq dekabr ayında, həm də ən qaynar mərkəzə çevrildi. Beləki, blokada şəraitində yaşayan Naxçıvan camaatı heç bir kömək görmədən, bir-birindən didərgin düşən Güney və Qüzey Azərbaycanın qovuşmasına vəsilə oldu. Cənubi Azərbaycanla bizi ayıran tikanlı məftillər naxçıvanlıların mərdliyi, əhdlərindən dönməzliyi sayəsində söküldü, uzun illərin həsrətinə son qoyuldu. Sovet hakimiyyətinin qılıncının iti kəsdiyi bir vaxtda Naxçıvan MSSR-in deputatı Heydər Əliyevin qətiyyətilə Naxçıvan "Sovet Sosialist" ifadəsindən imtina etdi: Ali Sovet ifadəsini Ali Məclis birləşməsi əvəzlədi. Ən qürurverici məqam Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Ali Məclisində dalğalanması oldu. Çox keçmədi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni altı bəndlik qərarla “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” olaraq elan etdi.
Otuz ildir ki, dünya azərbaycanlılarının ürəyi Naxçıvanda eyni anda döyünür. Həmin dönəmdə tarixin daş yaddaşında bütövləşən tarixi hadisə baş verdi. Bu, iblisin ümidsizləşməsi, dostun sonsuz qürur yaşayacağı Araz çayı üzərində inşa edilmiş "Ümid körpüsünün" açılışı idi. Həmin gündə Heydər Əliyev körpünün tarixi əhəmiyyəti haqqında demişdir: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
Böyük qətiyyətlə deyə bilərik ki, Naxçıvan diyarı milli ruhun oyanışı, azərbaycançılıq ideologiyasının möhkəmləndiyi, varlıq qaynağı olan ümidimizin və ən nəhayət bugünki müasir və müstəqil Azərbaycanın yaranma rüşeymi olaraq, hər bir azərbaycanlının müqəddəs yurd yerinə çevrildi. Millətlə dövlət arasında olan sarsılmaz bağlılığa, milli ruha görə Heydər Əliyev böyüklüyünə minnətdarıq. Çünki 30 il bundan öncə Naxçıvanda dalğalanan Azərbaycan bayrağı bu gün işğaldan azad olunmuş Vətən torpaqlarının ən uca zirvəsində dalğalanır.


Nərmin ZAHİDLİ

BDU Jurnalistika fakültəsinin tələbəsi
27-04-2024, 12:50
Keçmişdə yatanlar bu gün oyanır


Keçmişdə yatanlar bu gün oyanır

(Kimliyindən, ideologiyasından vaz keçməyən şəxsiyyət Əhməd bəy Ağaoğlunun qeydləri ...)

Oxuduğum - 3-cü sinifdə 45 şagirddən yalnız 1 nəfər türk idi. Qalanları xaçpərsət idi. Tanıdığım, alışdığım erməni uşaqları olduğundan yeni mühitdə özümü o qədər də yad hiss etmirdim. Mənə qəribə görünən məktəbin özü və müəllimlər idi. O vaxta qədər getdiyim gördüyüm məktəbdə şagirdlər bir-birinin yanında diz üstə oturur yalnız bir müəllim əlində çubuq hər kəsin dərsini ayrı-ayrılıqda verib bütün sinifə nəzarət edirdi. İndi gəldiyim məktəb isə ona heç bənzəmirdi. Burada şagirdləri düzülmüş skamyada iki-iki oturdurdular və hamının dərsi eyni idi. Müəllim isə kürsüdən şagirdlərə sual verib hər şeyi nəzarətində saxlayırdı. Sonra burada bütün dərsləri bir müəllim verməzdi, hər saatda yeni bir dərs başlanar, sinifə yeni bir müəllim gələrdi. Fərqli dərslər keçirilirdi. Bundan başqa müəllimlərin öz aralarında fərqləri də diqqətimi çəkdi. Müsəlman məktəblərində müəllimlər səbirsiz, üst-başı səliqəsiz, dağınıq, pərişan, görünüşləri miskin idisə, buradakılar isə canlı, təmiz və nizam-intizamlı idi. İki məktəb arasında oxuduğum bu fərqliliklər məndə ruh düşkünlüyü yaratdı və şüurumda cavab tapa bilmədiyim bu sual yarandı: Niyə?
Bu fərqliliyin səbəbi nə idi? Bu gün də Azərbaycanın məktəb və universitetlərində rus və ingilis bölmələri fəaliyyət göstərir. Mənə də maraqlı olan bu sualdır: Valideynlər övladlarını niyə məhz bu bölmələrə qoyurlar?
100 il keçsə də o gündən bu günə dəyişikliklər var, amma vizual olaraq - partalar, dərs metodları. Sistemdə bəzi yeniliklər var, ancaq o dövrün ab-havası hələ də hiss olunur. Bu dövrdə də bəzi, hətta bir çox şagird “filan müəllimin dərsi bitsəydi canımız dincələrdi” deyir. Dərsdən qaçmaq istəyir. Yolda gedən zaman saymazlıq edir və s. Bəs ingilis və rus bölməsini fərqli edən nədir?
Fikrimcə, müəllimlərin uşaqlara sərbəst fərqli düşünmə imkanı yaratması əsas şərtdir. İnsanlar davamlı eyni işləri gördükdə istər-istəməz sıxılırlar. Adicə iş yerlərində böyüklər belə işi görən zaman ən azı yeni sənəd və ya problemlə qarşılaşdıqda fərqli versiyalara əl atırlar. Eyni ilə dərslərdə az da olsa fərqli cəhətdən izah, göstəriş və ya yeni nələrsə irəli sürülməklə maraq yaratmaq olar.

Əhməd bəy Ağaoğlunun qeydləri... "Gürcü əsilzadələri bütünlüklə hərbi sahəyə meyil göstərdiklərinə rus sarayında yüksək məqamlarda yer tutmağı bacarırdılar. Ziyalı gürcü burjuaziyası və fəhləsi isə rus burjuaziyası və fəhləsi ilə bir yerdə olmağı üstün tuturdular. Daşnaq və qınçaq mərkəzləri qurmuşdular. Tiflis bu mərkəzin canlı yeri idi". O dövrdə ermənilər məktəbə gedib ziyalı olaraq daşnaq və qınçaq mərkəzləri qurublar. Bizim müsəlmanlar isə çarın sadiq bəndələri olaraq qalıb heç bir tərpəniş etməyiblər. Baxın elə budur bizim məsələlər...


Südabə MƏMMƏDOVA

BDU Jurnalistika fakültəsinin tələbəsi

20-04-2024, 22:49
Mətbuata və millətə bağlı ömür


Mətbuata və millətə bağlı ömür

Nəzərə alsaq ki, canlını söz yaşadır, bu mənada hər bir cəmiyyətin də var olması üçün mətbuatın – azad sözün mövcudluğu əsasdır. Əbəs yerə deyildi ki, bu məfhum "dördüncü hakimiyyət", "cəmiyyət aynası"... olaraq və insanların sərbəst fikir ifadə etmək arzusunu gerçəkləşdirmək, həqiqəti üzə çıxarmaq yolunda önəmlidir. Mətbuat dedikdə ilk ağlımıza bu sahənin qüdrətli tədqiqatçısı, Ali Media Mükafatı laureatı, "canlı ensiklopediyamız" adlandırılan və ən nəhayət, Bakı Dövlət Universitetinin professoru, jurnalistlərin müəllimi rəhmətlik Şirməmməd Hüseynov gəlir. Hər dəfə Jurnalistika fakültəsində Şirməmməd müəllim haqqında xoş sözlər, ən ali fikirlər eşidirəm. Böyük söz adamı sovet ideologiyasının hökm sürdüyü ağır senzura şəraitində tələbələrinə millət sevgisini ötürdüyünü, gələcək müstəqilliyə inamını eşidirəm. Nəhəng mətbuat adamının hər qələm məhsulu Azərbaycanın istiqlalı, bir sözlə milli dəyərlər, milli ideallarla qol-boyun idi.
Şirməmməd Hüseynovun kitabları içərisində ömrünün uzun illərinin mənəvi məhsulu olan “Parlament hesabatları” müstəqil Azərbaycan mətbuatının zirvəsi, xalqın milli sərvəti sayılır. Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fikir və mülahizələrini önə çıxararaq “Milli irsimizdən səhifələr” adlı kitabında yaşatmış, gələcək nəsillərə ərməğan etmişdir. Kitabda elə materiallar var ki, bu gün də oxucular üçün yenidir. Maraqlı və ibrətli məqam ondan ibarətdir ki, Şirməmməd müəllimin yaradıcılığında millət ziyalılarını, xalq yolunda özlərini, ailələrini fəda edən, istiqlal və istiqbal naminə hər zillətə qatlaşanları, habelə sapı özümüzdən olan baltaları da olduqları kimi göstərmişdir.


30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi olan Şirməmməd müəllim Cəlil Məmmədquluzadə, Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə irsini hər tərəfli araşdıraraq yetişməkdə olan nəsilə çatdırılmasında xidmət göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları Azərbaycan tarixinin öyrənilməsində böyük rolu var. O, “Tərəqqi”,”Yoldaş”, “Açıq Söz”, ”Azərbaycan” və s. mətbuat orqanlarının dərc etdiyi çoxsaylı məqalələri bir yerə toplayaraq oxucuların ixtiyarına vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu nəcib Sərəncam Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının həyat və yaradıcılığına işıq tutur. Yaddaş üçün deyək ki, Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin 1920-ci ilə qədərki yaradıcılığını əhatə edən beşcildliyi, həmçinin onun mühacirətdə yaşadığı dövrlərdə qələmə aldığı əsərləri Azərbaycan mətbuatının ən müqəddəs səhifələrindən sayılır.
Məhəmməd Əmin Rəsulzadənin bütün külliyyatını xalqa çatdırmağı qarşısına məqsəd qoyan Şirməmməd Hüseynovun ruhu şaddır. Azərbaycanın dəyərli alimi Şirməmməd Hüseynovun Azərbaycan Mətbuat tarixini yüksək səviyyədə araşdıraraq bu gün biz gənclərə bir xəzinə ərmağan etmişdir. Bu xəzinə illər keçsə belə Şirməmməd Hüseynov ismi ilə birlikdə əbədi olaraq yaşayacaq.

Fatimə ƏZİZLİ

BDU Jurnalistika fakültəsinin tələbəsi
20-04-2024, 22:38
Müqəddəs amal uğrunda

Müqəddəs amal uğrunda

Əliyev Samir Yaftun oğlu 1975-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Hərbi məktəbi başa vurduqdan sonra cəbhəyə yollanıb. 1994-cü il yanvarın 12-də Ağdamın Sırxavənd kəndi uğrunda gedən qanlı döyüşlərdə 19 yaşlı Samir Əliyev şəhidlik zirvəsinə ucalıb. Samiri yaşıdlarından fərqləndirən əsas tərəfi onun şücaəti, rəşadəti idisə, digər məqam da anasının milliyətcə erməni olmasındaydı. Başlıca məqam isə onun haqq tərəfdə vuruşması, yediyi çörəyə, içdiyi suya halal münasibəti idi. Anası - Mariya Yuqorovna Əliyeva 1949-cu ildə Rusiyanın Altay vilayətində doğulub. Yeddi yaşı olanda ailəsi ilə Bakıya köçüb. Azərbaycanlı kişi ilə ailə qurub. Şəhid Samir Əliyevdən başqa bir oğlu və iki qızı var. Bildirir ki, istər birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi dövründə Azərbaycanda ona qarşı münasibət yaxşı olub. Mariya Yuqorovna deyir ki, digər şəhid analarına nisbətən onun oğul yarası daha dərindir. Çünki övladı anasının mənsub olduğu xalqın nümayəndələrinin-ermənilərin açdığı atəş nəticəsində şəhid olub.
Şəhidin anası böyük zəfər xəbərini eşidəndə bütün şəhid anaları kimi o da çox sevinib. Sevinib ki, uğruna oğlunu şəhid verdiyi torpaq artıq azaddır. Azərbaycan, Qarabağ Samirin də vətəni idi. Vətəni azad-abad görmək, əlbəttə onun da ruhunu şad edib: "44 günlük müharibədə hamı ilə qürur duydum ki, bu uşaqlar necə 44 günün ərzində vətəni xilas etdilər hər şeydən. Mən özüm ki burda necə şadam, bilginən ki, onun ruhu da orada şaddır. O bilib ki, artıq torpaqlar qaytarılıb. Bizim uşaqlarımız vuruşub, döyüşüb bizim torpaqlarımızı alıb, onun ruhu mütləq şad olub orada”.


İki xalqın arasına nifrət toxumu səpənlər, torpaq iddiasına düşüb, boş xülyalarla yola çıxanlar bu mənzərəyə yaxşı baxsın. Məzarda uyuyan şəhid Samir Əliyev azərbaycanlıdır. Məzarı başında ağlayan ahıl ana Mariya Yuqorovna isə erməni. Budur müharibənin əsil üzü. "Həqiqət sarsılsa da qırılmaz" deyiblər. Haqq-ədalət otuz il sonra yerini tapdı. Lakin hər iki tərəfin itirdiyi canların yeri heç vaxt dolmayacaq. Qarabağ uğrunda şəhid olanlar arasında ləzgi də, talış da, yəhudi də, hətta anası erməni olan da var. Bu bayrağın altında yaşayanlar lazım olanda bu torpaq üçün canından keçməyə də hazırdı. Bizi qələbəyə aparan əsas amil də bu birlik, həmrəylik oldu.
İndi Qarabağda yenidən aranı qarışdırmaq istəyənlər hər şeydən əvvəl bu birlikdən, bu sevgidən qorxmalıdır. Mariya Yuqorovnanın da dediyi kimi:
“Qarabağ həmişə Azərbaycanın olub, olacaq da. Onlara dil verən, güc verən bu lobbilərdi. Fransadan. Amerikadan, ordan-burdan olan daşnaklardı. “Padderşka” edirlər, bunlar da onlara uyurlar, onların dediklərini edirlər. Dərindən fikirləşsələr belə şey eləmək lazım deyil. Bu torpaqda yaşamısız. Vaxtı ilə yaşamısız. Əgər gəlirsən ağıllı-başlı yaşamağa terror törətməyəcəksən, nəsə eləməyəcəksənsə sənə dəyib-dolaşan olmayacaq ki. Amma əgər başqa fikirlə gəlirsənsə gəlməsən ondan yaxşıdır”.
Mariya Yuqorovna özü ilə eyni dərdi bölüşən şəhid analarına deyir ki, bizim övladlarımız müqəddəs amal üçün, doğma yurd üçün canlarından keçiblər. Bu gün Ağdamın, Şuşanın, Laçının, Qarabağın azadlığı şəhid analarının ən böyük təsəllisidir. Samir, uğruna şəhid olduğu torpağda, üçrəngli bayrağın altında Əmircan şəhidlər Xiyabanında dəfn olunub. Onunla eyni sırada Qarabağ uğrunda canından keçən onlarla şəhid məzarı da var. Bu məzarların hər biri xalqımız üçün müqəddəsdir. Samir Əliyev də Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onun xatirəsi doğulduğu, böyüdüyü küçədə də əbədiləşdirilib. Həmin küçə şəhid Samir Əiyevin adını daşıyır.

İlahə AZAKOVA
BDU Jurnalistika fakültəsinin tələbəsi
20-04-2024, 17:57
Özündən  gen düşmək


Özündən gen düşmək

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərilə məktəb illərində tanış olmağıma baxmayaraq, bu gün də hər səhnə film kadrları kimi gözümün önündən keçir. Yüksək ideya və bədii dəyərə malik olan əsəri yazıçının külliyatında şah əsər də hesab etmək olar. Beləki, bəşəri düşündürən, insanlığın taleyi ilə əlaqədar olan mövzulardan söz açan qüdrətli sənətkarın yaradıcılığı haqqında da məhz belə düşünə bilərik. O vaxtlar əsər mənə - orta məktəb şagirdinə maraqlı, eyni zamanda da tükürpədici gəlirdi ki...
Milliliklə bəşəriliyin vəhdət halında göründüyü, mənəviyyata, insanlığa zidd olan problemlərin çözüldüyü romanı dünya ədəbiyyat tarixinin son bir əsrlik dövrünün yekun akkordları kimi də xarakterizə etmək olar. Müəllifin yüksək ustalıqla yaratdığı manqurt əfsanəsi əsərin içərisində ayrıca bir zirvə şəklindədir. O zaman olduğu kimi, indi də hər dəfə manqurt ifadəsini eşidəndə qəribə hisslər qarşısında aciz qalıram. Bu məfhumun nə dərəcədə ağır olduğunu anlayıram.
Hekayə o qədər qanıma işləmişdi ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Manqurt sözünü də ilk dəfə onda öyrənmişdim. "Bir insan digərinə necə bu cür əzablar verə bilər" deyə çox düşünürdüm. Tarixdə müxtəlif işgəncə növlərinin olduğunu oxumuşuq. Ən acımasızları da Çində olurdu deyirdilər. Elə məşhur “Çin işgəncəsi” birləşməsi də bu barədə az da olsa nə isə deyir. Amma bu tam başqa idi. İnsanın ağlını, düşüncəsini, iradəsini idarə etmək üsulu. Psixologiyada olan manipulyasiya termini də bəlkə də manqurtlaşdırmaq ilə eynidir. Amma sözüm onda deyil. Demək istədiyim budur ki, görəsən yazıçı bu əsəri yazanda XXI əsrdə insanların zorla, məcburi yox öz xoşları ilə manqurtlaşmaq istəyəcəklərini hiss etmişdi?
Bəli, bəli manqurtlaşmaq... Özündən gen düşmək. Özü də öz hürr iradələri ilə. Qəribədir, düz deyilmi? Bir adam bunu niyə istəsin ki? Özünə bunu niyə rəva bilsin ki? Amma inandırım sizi ki, sözlərimdə həqiqət var. İndi mətləbə keçəndə inanıram ki, çoxlarınız sözlərimə haqq qazandıracaqsınız. Keçək əsas məsələyə. Yuxarıda qeyd etdiyim sözlərin izahını verməyə başlayım. Niyə manqurtlaşmaq kəlməsindən istifadə etdim? Çünki, elm və texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə, süni intellektin bəşəriyyəti tor şəklində əhatələdiyi çağda cəmiyyətimizin 80 faizi hələ də cahil dövrünü "yaşayır".
Müasir dövrdə tərəqqi etmək istəyən insanın bu qədər az olması sözün əsl mənasında acınacaqlıdır. İnsanlar ucuz tanınmağa, özlərini unudaraq "populyar" olmağa üstünlük verir və fərqi yoxdur hansı yolla olsa da tutduğu işdən manqurtlaşaraq bərk yapışırlar. Sosial şəbəkələr gəncliyimiz, gələcəyimiz üçün bir başa təhlükə ocağına çevrilib. Beləcə bizim uşaqlıqda öyrəndiyimiz mənəvi dəyərlər tənəzzül etmiş olur. Bu dəyərləri isə psixoloji pozuntuları olan dırnaq arası "məşhur qəhrəmanlar" yoxa çıxarır. Artıq insanlar, daha doğrusu internet meymunları mənəvi məsələləri unudub asan maddi qazanc naminə, min yollarla, zəhmətsiz, sadəcə səviyyəsiz hərəkətlər etməklə "qazanmaq" istəyirlər. Sabirin qəhrəmanları cəmiyyəti məhv etməmiş ayağa qalxmaq, bu epidemiya ilə mübarizə aparmalıyıq.

Aynurə NƏZƏRİ,
BDU Jurnalistika fakültəsinin tələbəsi
20-04-2024, 17:44
Köhnəlməz tarixin əski yazısı


Köhnəlməz tarixin əski yazısı

Misirlilərin ən böyük kəşfi yazıdır. Onlar bu qüdrət (!) vasitəsilə təşəkkül tapıblar. Tənəzzülləri də yazını oxuya bilən sonuncu kahinin ölümü ilə başlayıb, beləcə 17 əsrdən çox ingilislərin vassalına çevriliblər... Təəssüflər olsun ki, biz də əsrlərlə müxtəlif qrafikalı yazılardan istifadə etmişik. Ərəb qrafikasında şəhadət barmağımız fikirlərimizin möhürəvəzinə, kiril əlifbasında imzamız yazılarımızın təsdiqinə çevrilib. Buna baxmayaraq Füzuli, Nəsimi, Sabir... özgə qrafikada doğma xalqı üçün yazıb, yaradıb. Dahi Nizami Petrarkonu, Puşkini, Danteni belə qabaqlayıb. İndi təsəvvür edək ki, ana dilimizdə əsrlərlə yazıb, düşünüb, hisslərimizi bölüşsəydik necə olardı? Daha doğrusu harada olardıq?
Uşinski yaşadığı zamanda varlı rus ailələrinə "...uşaqlarınızı fransız dilində tərbiyə etməyin" deyəndə, Mirzə Fətəli Axundov da ərəb qrafikalı hərflərin üzərindəki nöqtələrin çətinliyindən yazırdı, əlifba islahatının mübarizəsini aparırdı. Danılmaz faktdır ki, o dövrün klassik ədəbiyyatı, istər mətbuatı əski əlifbada yazılıb. Bu yazılar əsrlər bundan öncə baş vermiş tarixi hadisələrin salnaməsidir. İctimai-siyasi xadimlərimizin əlyazmaları, dövrün sənədləri sirli küpədir. Bu xəzinənin açılmasında Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Milli Mətbuat tarixi" kafedrasının professor-müəllim heyətinin zəhməti danılmazdır. Onlar mətbuat tarixinin öyrənilməsi, araşdırılması və tədrisi istiqamətində çalışırlar. Bu mənada "Əski Azərbaycan yazısı" fənninin tədrisi olduqca vacibdir. Fənn Jurnalistika fakültəsində tədris olunur.


Biz tələbələr əlifbanı - 33 hərfin sirlərini müəllimimiz Elmira Həsənovadan öyrənirik. Sinkretik "vav", "ya", "eyn" hərflərinə, dörd fərqli "z" işarəsinə, "n" samitini bildirәn "sağır nun"a baxmayaraq əski dildə yazılan tariximizi oxumaq üçün tələbə mübarizəmizi aparırıq. Elmira Həsənova öyrətdiyini dəfələrlə təkrar etməkdən yorulmur. Bu, tələbəyə stimul verir. Müəllimimiz ilk dərs günü –11 aprel tarixində lövhədə iki "əlif" işarəsini yanaşı çəkdi. Ayın tarixini təsəvvür etdim. Sonra anladım ki, əlifbanın ilk hərfidir, başında da "mədd" adlı papağı var. İkinci "be" hərfi gəldi. O da lövhədə "gülən emojini" xatırladırdı. Beləliklə, "əlif" və "bə" ilə başlayan əlifbanın sonuna gəldik. Tələbələrin əksəriyyəti hərf-hərf, söz-söz, cümlə-cümlə əski əlifbada yazılan tariximizi öz dilimizdə oxumağa çalışırlar...
Yazının əvvəlində Misir yazısı haqqında söylədiyim fikirlərə qayıdıram. Əsrlər sonra fransız generalı Napoleon Britaniyanın vassalı olan ərazilərə – Misirə hücum edir. Təsadüfən fransız zabit Nil çayı sahilində yazılı daş lövhə görür. Bununla da qara daş üzərindəki yazı yenidən misirin tarixini ağ günə çıxarır.
Əziz oxucu, icazənizlə yazının son cümləsini müəllimimizin öyrətdiklərinə güvənərək əski əlifbada yazıb, ardınca transliterasiyasını (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) qeyd edək:

بیزیم تاریخمیزی آق گونه چیخاران دا معلملریمیز و اونلارین فداکرانه عمیدیر. سولخان اوربلیانی دمیشکن هر خالقین دیلی اوزینه آجیسی شیرینی ایله دوقمادر. بوندان سونرا دیلیمیزه اینتحاسیز اومور
آرزولایرام...
Bizim tariximizi ağ günə çıxaran da müəllimlərimiz və onların fədakaranə əməyidir. Sulxan Orbeliani demişkən, hər xalqın dili özünə acısı, şirini ilə doğmadır. Bundan sonra dilimizə intəhasız ömür arzulayıram...

Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
3-04-2024, 16:37
Mətbuata və millətə bağlı ömür


Mətbuata və millətə bağlı ömür

Nəzərə alsaq ki, canlını söz yaşadır, bu mənada hər bir cəmiyyətin də var olması üçün mətbuatın – azad sözün mövcudluğu əsasdır. Əbəs yerə deyildi ki, bu məfhum "dördüncü hakimiyyət", "cəmiyyət aynası"... olaraq və insanların sərbəst fikir ifadə etmək arzusunu gerçəkləşdirmək, həqiqəti üzə çıxarmaq yolunda önəmlidir. Mətbuat dedikdə ilk ağlımıza bu sahənin qüdrətli tədqiqatçısı, Ali Media Mükafatı laureatı, "canlı ensiklopediyamız" adlandırılan və ən nəhayət, Bakı Dövlət Universitetinin professoru, jurnalistlərin müəllimi rəhmətlik Şirməmməd Hüseynov gəlir. Hər dəfə Jurnalistika fakültəsində Şirməmməd müəllim haqqında xoş sözlər, ən ali fikirlər eşidirəm. Böyük söz adamı sovet ideologiyasının hökm sürdüyü ağır senzura şəraitində tələbələrinə millət sevgisini ötürdüyünü, gələcək müstəqilliyə inamını eşidirəm. Nəhəng mətbuat adamının hər qələm məhsulu Azərbaycanın istiqlalı, bir sözlə milli dəyərlər, milli ideallarla qol-boyun idi.
Şirməmməd Hüseynovun kitabları içərisində ömrünün uzun illərinin mənəvi məhsulu olan “Parlament hesabatları” müstəqil Azərbaycan mətbuatının zirvəsi, xalqın milli sərvəti sayılır. Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fikir və mülahizələrini önə çıxararaq “Milli irsimizdən səhifələr” adlı kitabında yaşatmış, gələcək nəsillərə ərməğan etmişdir. Kitabda elə materiallar var ki, bu gün də oxucular üçün yenidir. Maraqlı və ibrətli məqam ondan ibarətdir ki, Şirməmməd müəllimin yaradıcılığında millət ziyalılarını, xalq yolunda özlərini, ailələrini fəda edən, istiqlal və istiqbal naminə hər zillətə qatlaşanları, habelə sapı özümüzdən olan baltaları da olduqları kimi göstərmişdir.
30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi olan Şirməmməd müəllim Cəlil Məmmədquluzadə, Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə irsini hər tərəfli araşdıraraq yetişməkdə olan nəsilə çatdırılmasında xidmət göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları Azərbaycan tarixinin öyrənilməsində böyük rolu var. O, “Tərəqqi”,”Yoldaş”, “Açıq Söz”, ”Azərbaycan” və s. mətbuat orqanlarının dərc etdiyi çoxsaylı məqalələri bir yerə toplayaraq oxucuların ixtiyarına vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu nəcib Sərəncam Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının həyat və yaradıcılığına işıq tutur. Yaddaş üçün deyək ki, Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin 1920-ci ilə qədərki yaradıcılığını əhatə edən beşcildliyi, həmçinin onun mühacirətdə yaşadığı dövrlərdə qələmə aldığı əsərləri Azərbaycan mətbuatının ən müqəddəs səhifələrindən sayılır.
Məhəmməd Əmin Rəsulzadənin bütün külliyyatını xalqa çatdırmağı qarşısına məqsəd qoyan Şirməmməd Hüseynovun ruhu şaddır. Azərbaycanın dəyərli alimi Şirməmməd Hüseynovun Azərbaycan Mətbuat tarixini yüksək səviyyədə araşdıraraq bu gün biz gənclərə bir xəzinə ərmağan etmişdir. Bu xəzinə illər keçsə belə Şirməmməd Hüseynov ismi ilə birlikdə əbədi olaraq yaşayacaq.

Fatimə ƏZİZLİ,
BDU Jurnalistika fakültəsinin tələbəsi
18-03-2024, 06:53
Məryəm ABDULLAZADƏ yazır: "Dil millətin varlığıdır"


Məryəm ABDULLAZADƏ yazır:"Dil millətin varlığıdır"

Hər dil bir millətin varlığını təşkil edir. Azərbaycan mətbuatına nəzər saldıqda tarixən publisist ziyalılarımızın yaradıcıllıqlarında dil məsələsinin ön planda yazıldığının şahidi oluruq.
Müasir dövrün tələbi budur ki, müxtəlif mədəniyyətləri və ənənələri mənimsəmək, xarici ölkələrə səfərimizdə planlarımızı asanlaşdırmaq məqsədilə gərəkdir ki, əlavə bir dil öyrənəsən. Yadda saxlamaq lazımdır ki, bir dil səslər, qrammatika və ya lüğət baxımından ana dilinə nə qədər oxşardırsa, onu öyrənmək də bir o qədər asandır. Fərqli dillər hər bir fərd üçün fərqli çətinliklər yaradır. Məsələn, ola bilər ki, bir dildə lüğəti öyrənmək asan, tələffüz etmək isə çətin ola bilər. Başqa bir dildə isə bunun əksini tapa bilərsiniz.
Dil öyrənmək, əslində, beyin üçün çox yaxşıdır. Bunu araşdırmalar göstərir. Hətta dil öyrənmək zehni birdən çox yolla açır və insanları digər mədəniyyətlərdən xəbərdar etməklə yanaşı, həm də xüsusi dil və əqli faydalar gətirə bilir. Məsələn, linqvist nöqteyi-nəzərdən başqa bir dili öyrənmək, əslində, bütün dillərin strukturunu başa düşməyi asanlaşdırır. Xüsusilə vurğulamaq lazımdır ki, uşaq yaşdan dil öyrənən fərdlər erkən yaşdan insanların fərqli perspektivlərə və fərqli baxış nöqtələrinə malik ola biləcəyini qavraya bilirlər.
Bu gün müxtəlif mənbələr vasitəsilə dili necə öyrənməklə bağlı müxtəlif tövsiyələri əldə edə bilərik. Amma burada əsas məsələ odur ki, söhbət hansı dili öyrənməkdən gedir və fərdin yaş baxımından həyatın hansı mərhələsindədir?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov dilin neçə yaşda və nə vaxt öyrənməyin doğruluğu ilə bağlı suallarımıza aydınlıq gətirdi. Qeyd etdi ki, ikidilli uşaqlar başqa mədəniyyətlərə daha empatik və açıqfikirli olurlar.
“Bu mövqedə valideynlərdə yaranan fikir ayrılıqları yeni problemə çevrilir. İkinci dili öyrənməyin çoxsaylı üstünlükləri ilə bərabər bir çox valideynlər öz uşaqlarına ikinci dili nə vaxt və necə öyrənmələri ilə bağlı tərəddüdlər yaşayırlar. Çox zaman sual «uşağa məktəbəqədər yaş dövründə ikinci dil öyrətmək üçün yüklənən öhdəliklər doğrudurmu?» formasında olur. Mütəxəssislər hesab edirlər ki, məktəbəqədər yaş inkişaf üçün ən yaxşı dövrdür. Uşağın inkişafının ilk beş ilində olan beynin dil öyrənmə qabiliyyəti, sonrakı mərhələlərlə müqayisədə bənzərsizdir”.
Psixoloqun sözlərinə görə, uşaqlarda beyin xarici dillərin səslərinə məhəl qoymağı öyrənmədiyi və yeni səsləri daha yaxşı təqlid edə bildiyi üçün onlar doğma və ya yaxın olmayan ifadələri belə tələffüz edə bilirlər.
“Uşaq yeniyetməlik dövrünə çatdıqdan sonra isə bu fürsət pəncərəsi daralır”.
Elnur Rüstəmov məsələni bir faktla əsaslandırdı:
“Kaliforniya Universitetinin Psixologiya və Dilçilik üzrə dosenti David Barner deyir ki: “İnsanlar bir sonrakı yaşlarda ikinci dili öyrənmək qabiliyyətinə görə fərqlənsələr də, hər bir uşaq həyatının ilk bir neçə ilində iki və ya daha çox dili sərbəst öyrənə bilər. Məktəbəqədər uşaq kitablar, mahnılar, musiqi və hərəkətlər, eləcə də barmaq oyunu vasitəsilə sıxıcı olanı daha maraqlı qəbul edir. Bunların hamısı məktəbəqədər uşaqların sevdiyi təkrarlara malikdir və onlara yeni məlumatları saxlamağa kömək edir. Nəticədə məktəbəqədər uşaqların öyrənməyə ümumi müsbət münasibəti ilə birlikdə, yeni səsləri təqlid etmək, şans vermək və hədəf dildə danışmağa başlama ehtimalı daha yüksək olur”.
Elnur Rüstəmov vurğulayır ki, dünyada mədəniyyətlərarası qarşılıqlı əlaqənin artması ilə qlobal modelə yaxınlaşma dövründə ikinci dili sərbəst şəkildə öyrənmək çox rahat və faydalıdır.
“Valideynlər övladlarının erkən uşaqlıqda fürsət pəncərəsindən yararlanmalı, gələcək həyatında uğur qazanması üçün lazım olan üstünlükləri verməlidirlər. Ən əsası, bunu əyləncəli etməyi unutmamalıdırlar. Çünki uşaqlar əyləndikdə dil öyrənmələri daha sürətli inkişaf edir”.
Psixoloq deyir ki, yeni dil öyrənməyin uşağa heç bir əks təsiri yoxdur. Bu yaş dövründə olan uşaq sözləri ifadə etməyi bacarmalı, rahat öyrənməli və qabiliyyətlərini nümayiş etdirməyi bacarmalıdır.
Bəs 6 yaşından etibarən məktəbə qədəm qoyan uşaqlar üçün məktəblərdə dil dərslərinin proqramı necə qurulmalıdır? Müəllimlər hansı addımları atmalıdırlar ki, ömrünün 11 ilini məktəbə sərf edən fərd xarici dili öz ana dili kimi oxusun, yazsın, danışsın? Bu barədə ingilis dili üzrə müəllim, mentor Vüqar Məmmədovla həmsöhbət olduq. Vüqar Məmmədov xarici dilin tədrisində yol verilən yanlışlıqlara aydınlıq gətirdi:
“İlk növbədə, məktəb müəllimlərinin kvalifikasiyası vacib məsələdir. Belə ki, müəllimlər özləri ingilis dilində danışmaqda çətinlik çəkirlər, əlavə olaraq onlar özləri qrammatika əsaslı öyrəniblər deyə, dili də o istiqamətdə tədris edirlər. Buna görə də müəllimlərin özləri yaxşı olardı ki, beynəlxalq kurslar keçsinlər. Ən əlası CELTA-dır, lakin bundan başqa TESOL və başqaları da var. Ən azından TKT modullarını keçməlidirlər”.
Vüqar Məmmədovun sözlərinə görə, ilk olaraq hələ müəllimlər özlərini təkmilləşdirməlidirlər.
“İngilis dili müəllimləri dilçiliyin atası sayılan Dr. Stephen Krashen məqalələrini oxumalı, A.J. Hoge-nin yaratdığı sistemi analiz etməlidirlər. Bundan sonra tələbələrdə dilə qarşı maraq yaratmağa yönələ bilərlər. Kimdən soruşsan, deyir ki: “İngilis dili çətin, ağır, sıxıcıdır, biz heç vaxt bu dili öyrənə bilməyəcəyik. Buna əsasən söyləmək olar ki, növbəti addımlardan vacibi bu yolda tələbələrin zehniyyətini dəyişmək olmalıdır”.
Vüqar Məmmədov bildirir ki, dili öyrənmək çətin və sıxıcı deyil, əksinə, çox əyləncəli və maraqlıdır. Yanaşma tərzi düz olmadığından vəziyyət bura gəlib çıxıb:
“Əslində, dərindən düşünəndə dil yox, metodika, dərsliklər, məktəb və müəllimlər sıxıcıdır. Ona görə əvvəlcə zehniyyət dəyişdirilməlidir.”
Vüqar Məmmədov vurğulayır ki, ən vacib məsələ dil öyrənmək və mənimsəməyin tam başqa anlayışlar olmasıdır.
“Dil təbii olaraq mənimsənilir. Necə ki, biz məktəbə gedəndə artıq danışırdıq, başa düşürdük. Biz öz dilimizdə danışmağı məktəbdə mənimsəməmişik. Məktəbdə dili öyrənmişik. Belə ki, yazmağı, oxumağı, dilin strukturunu, qrammatikasını, morfologiya, sintaksis və sairə. Bunlar məktəbdə öyrədilib. Lakin bunlara kimi biz artıq danışa bilirdik. Demək ki, məsələnin kökü xarici dili əvvəlcə mənimsəmək, sonra öyrənməkdir.
Mentor Vüqar Məmmədov qeyd edir ki, dili eşitmədən danışmaq və başa düşmək mümkün deyil.
“Əgər mən, “Lets gelarihir” ifadəsini yazdığım formada eşidirəm və anlamıramsa, deməli, onun “lets get out of here” normal ifadəsini oxuyub anlamağın faydası yoxdur. Elə tələbələrin əksəriyyətinin ağrılı yerlərindən biri də budur: “Ay müəllim, biz oxuyub başa düşürük, amma onu eşidəndə tuta bilmirik”. Səbəb? Elə cavab sualın özündədir. Biz yalnız oxuyub tərcümə edirik. Dinləmə yoxdur”.
Müəllimin fikrincə, tələbələrə öz maraq dairələrinə uyğun hekayə kitabları (story books) verilməlidir:
“Dinləmə üzərindən öyrənməli, self-study proqramları ilə işləməlidirlər. Bütün bunlar da vaxt alır, bəli. Lakin elə doğru yol da budur”.
Vüqar Məmmədova görə, qrammatika haqda bilikləri, tonlarla sözləri başa yığmaqla, test kitabçalarını işləməklə yalnız DİM imtahanlarını vermək olar.
“Səbirli və disiplinli qalmaq və az-az, lakin davamlı addımlarla hərəkət etmək lazımdır. Bir sözlə, dili yalnız həyat tərzinə çevirərək öyrənmək mümkündür”.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!