Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
12-03-2025, 08:05
Siyasi kommunikasiya təbliğat vasitəsi kimi

Siyasi kommunikasiya təbliğat vasitəsi kimi

Siyasi kommunikasiya vətəndaşlar, rəsmilər, siyasi institutlar və onlarla əlaqəli qurumlar, həmçinin media nümayəndələri arasında fikir mübadiləsinin yaranmasını təmin edir. Yerli, dövlət, milli və beynəlxalq siyasi sistemlərdəki siyasi proses boyunca danışıqlar, həmçinin siyasi məqsədlərə çatmaq üçün bu növ kommunikasiyadan istifadə edilir.Siyasi kommunikasiyanın təməlində siyasi qurumlar və ya şəxslərlə vətəndaşlar arasında düzgün dialoqun qurulması durur. Bu, sosial elmləri, strateji kommunikasiyanı, media biliklərini siyasət və dövlətlə birləşdirən sahədir. Siyasi kommunikasiya təbliğat və təşviqat vasitəsi kimi istifadə edilir. Sülh dövründə yönləndirmə, idarəetmə, müharibə dövründə isə informasiya, təbliğ vasitəsi kimi istifadə edilir. Buna görə də siyasi kommunikasiya çox önəmli bir vasitə hesab edilir. İstər dövlət öz siyasətini həyata keçirmək üçün, istərsə də düşmən dövlətlər daxili siyasətə müdaxilə etmək üçün kommunikasiyadan istifadə edirlər . Belə olduğu halda siyasi kommunikasiya siyasi həyatda çox önəmli rol oynayır. Siyasi kommunikasiyadan seçki təbliğatı apararkən də yetərincə istifadə edilir. Əlbəttə, unutmamalıyıq ki, siyasi uğur rəqbət, hazırlıq, imic və sair kimi bir çox amildən asılıdır. Bütün bunlarla yanaşı siyasi kommunikasiya da düzgün aparıldıqda hadisələrin gedişatına təsir etmək mümkün olur. Bunun üçün siyasi kompaniya olur.Siyasi kampaniya müəyyən qərarların qəbul edilməsində inkişafa təsir göstərməyə cəhd edən sistemli bir fəaliyyətdir.
Həsənov Heydər
Azərbaycan Universitetinin 2-ci kurs tələbəsi
Mastersincommunications.com
Şərq.az
12-03-2025, 07:41
Sosial Mediyanın Siyasi Kommunikasiya Üzərindəki Təsiri

Sosial Mediyanın Siyasi Kommunikasiya Üzərindəki Təsiri

Giriş
Son illərdə sosial media platformalarının cəmiyyətdəki rolu böyük dəyişikliklərə uğrayıb. Bu platformalar yalnız şəxsi əlaqə vasitəsi olmaqla qalmayıb, həm də siyasi kommunikasiya sahəsində yeni imkanlar yaradıb. Sosial media, siyasətçilərə və siyasi partiyalara seçicilərlə daha yaxın əlaqə qurmaq, təbliğatlarını yaymaq, ictimai rəyə təsir etmək və seçki kampaniyalarında iştirak etmək üçün güclü bir alətə çevrilib. Bəs sosial medianın siyasi kommunikasiya üzərindəki təsiri və bunun müasir siyasi dinamikanın formalaşmasındakı rolu nədən ibarətdir?
Sosial Medianın Siyasi Kommunikasiya Üzərindəki Əhəmiyyəti
Sosial media, xüsusən də Facebook, Twitter, Instagram, YouTube və digər platformalar, siyasi kommunikasiya üçün güclü vasitələrə çevrilib. Bu platformaların siyasi kommunikasiya üzərindəki təsiri, bir neçə mühüm amilə bağlıdır:
1. İctimaiyyətlə əlaqələrin təşkili: Siyasi liderlər və partiyalar, sosial media vasitəsilə öz mesajlarını geniş auditoriyaya çatdırmaqda daha sürətli və daha effektivdir. Həmçinin, seçicilərlə birbaşa əlaqə qurmaq imkanı yaranır.
2. İctimai rəyi formalaşdırmaq: Sosial media siyasi partiyalar və ya liderlər üçün ictimai rəyin formalaşdırılmasında böyük rol oynayır. Sosial media həm də seçicilərin fikirlərini və rəylərini izləyərək onları daha yaxından tanımağa kömək edir.
3. Seçki kampaniyaları: Sosial media seçki kampaniyalarının ən mühüm elementlərindən birinə çevrilib. Bu sosial platformalar seçki dövrlərində siyasətçilərin təşviqat və təbliğatlarını sürətlə yaymağa imkan verir.
Sosial media, həmçinin seçicilərin qərarlarına da ciddi təsir göstərir. Seçicilər sosial media üzərindən müxtəlif məlumatlar əldə edir və bu məlumatlar onların siyasi seçimlərinə yön verir. Sosial mediada yayılan informasiya və dezinformasiya isə seçici davranışını manipulyasiya edə bilər. Sosial medianın istifadəsi, seçki nəticələrini dəyişdirmək üçün siyasi partiyalar tərəfindən müxtəlif taktikalara çevrilir:
Dezinformasiya: Sosial medianın mənfi tərəflərindən biridə burada yayılan yanlış və təhrif olunmuş məlumatlardır. Dezinformasiya siyasətçilər tərəfindən seçici təsiri yaratmaq üçün istifadə edilir.
Fərdi məlumatların toplanması: Siyasi partiyalar sosial media üzərindən fərdi məlumatları toplayaraq öz seçici auditoriyalarını daha dəqiq hədəf alır və daha effektiv kampaniyalar həyata keçirir.
Sosial media platformaları siyasətçilərin imicini formalaşdırmaq və gücləndirmək üçün də güclü bir vasitədir. Liderlər sosial media üzərindən özlərinin şəxsi brendlərini inkişaf etdirə, seçicilərinə daha yaxın ola və onların rəylərinə dərhal cavab verə bilərlər. Lakin sosial medianın imkanları yalnız müsbət təsir yaratmaqla kifayətlənmir, bu platformalar bəzən siyasətçilər üçün təhlükə də yarada bilər.
Sosial medianın müsbət tərəfləri: Siyasətçilər öz proqramlarını və ideyalarını seçicilərə birbaşa və sürətli şəkildə təqdim edə bilərlər. Həmçinin, sosial media vasitəsilə seçicilərlə əlaqə qurmaq və onları müxtəlif məsələlərə dair maarifləndirmək mümkündür.
Sosial medianın mənfi tərəfləri: Sosial mediada yayılan təhrif olunmuş məlumatlar və təhqir dolu şərhlər siyasətçilərin imicini zədələyə bilər. Sosial media platformalarındakı qeyri-düzgün məlumatlar siyasətçilərin şəxsi və siyasi həyatları üçün böyük bir təhlükə yarada bilər.
Azərbaycanda da sosial media siyasi kommunikasiya sahəsində getdikcə daha çox istifadə olunur. Xüsusilə, gənc seçicilər arasında sosial media böyük təsirə malikdir. Siyasi partiyalar, seçkilər və digər siyasi proseslər zamanı sosial media platformalarından fəal şəkildə istifadə edilir. Azərbaycanda sosial media seçki kampaniyalarının effektiv həyata keçirilməsində mühüm rol oynayır. Buna 15 oktyabr 2008, 9 oktyabr 2013, 11 aprel 2018 və 7 fevral 2024-cü il prezident seçkilərini, 7 noyabr 2010, 1 noyabr 2015, 9 fevral 2020 və 1 sentyabr 2024-cü il parlament seçkilərini, 23 dekabr 2009, 30 noyabr 2011, 23 dekabr 2014, 23 dekabr 2019 və 29 yanvar 2025-ci il bələdiyyə seçkilərini nümunə gətirə bilərik.
Partiyalar da öz mesajlarını və proqramlarını sosial mediada yayımlayaraq daha çox seçici cəlb etməyə çalışır. Sosial media vətəndaşların dövlətlə əlaqələrini asanlaşdırır. Həmçinin, dövlətin rəsmi qurumları da sosial mediadan istifadə edərək, cəmiyyətə məlumat çatdırır və ictimaiyyətin rəylərini öyrənir.
Nəticə
Sosial media müasir dövrdə siyasi kommunikasiya sahəsində ən güclü alətlərdən birinə çevrilib. Siyasi partiyalar və liderlər bu aləti həm öz mesajlarını yaymaq, həm də seçici davranışlarını yönləndirmək üçün istifadə edirlər. Həm müsbət, həm də mənfi təsirləri olan sosial media, siyasətin və cəmiyyətin dinamikasını dəyişdirir. Azərbaycanın da daxil olduğu bir çox ölkədə sosial medianın rolu getdikcə artmaqdadır və bu, gələcəkdə siyasi kommunikasiya strategiyalarını daha da inkişaf etdirəcəkdir.

Mənbə
AzərTAc
E-qanun.az
MSK.gov.az

Hüseyn Məmmədov


11-03-2025, 22:24
Amerikanın Avropa ilə siyasi münasibətləri.

Amerikanın Avropa ilə siyasi münasibətləri.

Siyasi kommunikasiyanın rolu.

Tədqiqat predmeti:Avropa və ABŞ arasında əlaqələr uzun tarixə malikdir. İkinci Dünya müharibəsinin başa çatmasınadək münasibətlər bərabərhüquqlu əsasda idi. Müharibədən sonra isə fərqli durum yaşandı. Çünki savaş Avropaya böyük fəlakətlər gətirmişdi. Şəhərlər və kəndlər dağılmış, iqtisadiyyat məhv edilmiş, milyonlarla insan həyatını itirmişdi. ABŞ isə dünyanın 57 ölkəsinin cəlb olunduğu müharibədə tək-tük ölkələrdən idi ki, ərazisində hansısa döyüş əməliyyatları aparılmamışdı. Birləşmiş Ştatların insan itkisi də xeyli az idi.Nəticə etibarilə ölkə Birinci Dünya müharibəsində olduğu kimi, İkinci cahan savaşından da qalib ayrılmışdı. Zəifləmiş qitə ölkələri ABŞ-dan asılı vəziyyətə düşdülər.
Tədqiqat strukturu:Müharibədən sonra – 1947-ci ildə Birləşmiş Ştatların dövlət katibi Corc Marşall tərəfindən rəsmi adı “Avropanın bərpası proqramı” olan, lakin daha çox “Marşall planı” kimi məşhurlaşmış proqram irəli sürüldü. Xarabazara çevrilmiş Avropaya xarici yardım göstərməyi nəzərdə tutan plan 1948-ci il aprelin 3-də qüvvəyə mindi.
Analitik təhlil:Şapiro və Puqlirin öz hesabatlarında Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Aİ ilə ABŞ arasında münasibətlərin daha sürətlə vassal münasibətlərinə çevrilməyə başladığını vurğulayır və bunun əsas səbəblərindən ikisinin önə çəkirlər. Birincisi, avropalıların xarici siyasət strategiyası ilə bağlı əsas məsələlərdə öz aralarında razılığa gələ bilməməsidir: “Onlar əvvəllər də buna nail ola bilmirdilər.
Nəticə: Nəticədə qeyd edə bilərik ki, Avropanın müstəqil siyasət yeritməsi üçün, Amerika rəhbərliyi ilə asılılıqlardan qurtulmalıdır. Avropa ölkələri bir birləri ilə olan soyuqluğa son qoymalı, siyasi kommunikasiyanı gücləndirməlidirlər.
Üzeyir Kərimov
Mənbə: Xalq qəzeti
15-02-2025, 07:44
Dostluq- inam, sədaqət və sevgi

Aysel Aslanova,
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin II kurs tələbəsi


Dostluq- inam, sədaqət və sevgi

Telefonu hələ də əlimdə tutmuşdum. Göndər düyməsini basandan sonra sanki zaman dayanmışdı. Cavab gələcəkdimi? Gözləmək çətin idi, amma başqa yolum da yox idi. Dostluq mənim üçün sadəcə bir söz deyildi. O, inam, sədaqət və sevgi demək idi. Mən səhv etmişdim, bəlkə də bilmədən incitmişdim. Amma bilirdim ki, dostluq qırılmazdı, əgər həqiqətən dəyərlidirsə, sınaqlardan keçib daha da möhkəmlənərdi. Əgər bu şeir onu hiss etdirməyə kifayət etməsəydi, yenə də səylə çalışacaqdım. Çünki mən bu dostluğu itirmək istəmirdim. Qürur, inciklik, keçmiş səhvlər – bunlar məni dayandıra bilməzdi. Mən dostumu sevirdim. Barışıb-barışmayacağımızı bilmirdim, amma bir şeyi dəqiq bilirdim: O, ehtiyacı olduğunu desəydi, tək çağırışı ilə yanında olardım. Və əgər o da bir gün bu dostluğun qiymətini hiss edərsə, mən hələ də buradayam…
Sevgi qarşılıq ummaz, gözlənti tanımaz. Həqiqi sevgi bəzən bir insanın xoşbəxtliyini öz xoşbəxtliyindən üstün tutmaqdır. Dostluqlar da belədir-bəzən kimsə uğur qazananda, biz ona təkcə dəstək olmaqla kifayətlənmirik sanki o uğurun bir parçası oluruq. O insanın yüksəlişi bizim də ruhumuzu ucaldır, özümüz qazanmışıq kimi sevinirik. Bu duyğudur saf, təmiz və təmənnasızdır.
Mən dostumun uğurunu elə öz uğurum bilirəm. Onun qələbəsi məni qürurlandırdı, sevincini hisslərimdə yaşatdı. Mən də ona ən dəyərli mənəvi hədiyyəmi – sözlərimi, misralarımı bəxş etmək istədim. Çünki bəzən sözlər ən gözəl hədiyyə olur.
Bu hisslərlə doğan misralar da bir dostun uğuruna olan sevginin səsi olsun...
Bəzən sözlər duyğularımızı tam ifadə edə bilmir, amma şeirlər qəlbimizin dərinliklərindən süzülən ən saf hisslərin aynası olur. Bu şeirlər də elə həmin hisslərin nəticəsidir—səmimi, dərin və içdən gələn. Onu mənim üçün çox dəyərli olan, qəlbimdə xüsusi yeri olan Şəfəq üçün yazmışam.
O, təkcə bir blogger deyil, mənim ailəmdən biri, ən doğmalarımdan biridir. Bu misralar onun üçün, onun gözəlliyinə, mehribanlığına və qəlbinin işığına həsr olunub.



Təmənnasız duyğum

Sənin gözlərin bir ulduzlu gecə,
Qara, parlaq, bir dünya öz içində.
Vardır hər baxışında bir bilməcə,
Qəlbim də, dünyam da sən, sən biçimdə.

Sənin gülüşlərin sanki mələkdən,
Dünyamı işıqlandırar bir səslə.
Səndən özgə nə istərəm fələkdən,
Nə zövqü, gülüm səndən ayrı kəslə.

Ürəyin səmimiyyətdən, saf, təmiz,
Hər jestin könüldə əmin, amanlıq.
O gözəl gözlərindi dərin dəniz,
Anlayışın içimdə min rahatlıq.

Sözünlə dünyamı bəzə istərəm,
Gülüşün qəlbimdə bir ümid olsun.
Gözlərimdə bir ömür qal istərəm,
Həyatımın hər küncü sənlə dolsun.

Sən həm incə, həm də güclü çiçəksən,
Ətrin məst edibdi dünya, cahanı.
Sən bu dünyaya ən gözəl bəzəksən,
Varmı səndən gözəl hardadı, hanı?

Varlığın könlümə gözəl hədiyyə,
Möhtəşəm səsindi ömrümə hüzur.
Hər uğurun mənə özəl hədiyyə,
Hamısı dünyama ən qəşəng qürur.

Hər sənə baxanda qəlbim açılır,
Dərdlər unudulur üzünü görcək.
Gülüşünlə sanki günəş oyanır,
Ən gözəl duyğuyla bürünür ürək.

Qəlbinlə gözəlsən, ruhunla dünya,
Sən mənim canımda bir ayrı cansan.
Özün tər bənövşə, varlığın röya,
Nə yaxşı ki, mənim ömrümdə varsan.

Bahar çiçəyi

Sənin gözəlliyin, bahar səhəri,
Könlümə işıq saçan günəş kimi,
Gözlərin dərin bir dəniz səfəri,
Baxışın sevgi yayan işıq kimi.

Ürəyin, mələkdən alınıb, sanki,
Cəm olub içində bütün gözəllik.
Dərdlər unudulur yanında bil ki,
Kimsədə varmı belə özəllik?

Şirinsən, həyatın ən dadlı yanı,
Xarakterin güc, inam sığınağı.
Varlığın həyatın ən qəşəng anı,
Səndədi ən gözəl güvən qaynağı.

Hər bahar çiçəyi səni xatırlar,
Hər ulduzun işığında sən varsan.
Sevgin günəştək içimdə doğular,
Hər sevgi dolu misrada sən varsan.

Sənə baxdıqda ürək dinclik tapır,
Sevincin içimdə bir ocaq qalar.
Gözəl sevgin qəlbimdə məskən salır,
Sözlərin ömrümdə bir işıq olar.

Bu şeirim sənə dinlə, gözəlim,
Hər biri sevgimdən doğulan saf söz.
Sən olmasan dünya yalqız, gözəlim,
Həyatımız sənsiz külə dönmüş köz.


Sən ömrümün tək cənnətisən

Ummadığım bir anda gəldin ömrümə,
İşıqtək nur saçdın kövrək qəlbimə,
Sevgi toxumların əkdin könlümə,
Sən mənim ömrümün tək cənnətisən.

Baxışın olub dərdimin dərmanı,
Hər dediyin söz eşqimin fərmanı,
Ürəyindir sevgimin tək ünvanı,
Sən mənim ömrümün tək cənnətisən.


Üzümdəki gülüşün sən səbəbi,
Parçalanmış könlümün tək məlhəmi,
Gülüşün dəli edibdi bil məni,
Sən mənim ömrümün tək cənnətisən.

Qəlbimin aynası gülən gözlərin,
Yarama dəvadır məlhəm sözlərin,
Mənçün ən gözəl qoxudu tellərin,
Sən mənim ömrümün tək cənnətisən.

Aşiqəm təpədən dırnağınadək,
Varmı Yer üzündə gözəl sənintək?
Kim deyər gözə görünməzdir cənnət?
Sən mənim gördüyüm ilk cənnətimsən.

Yağış

Ölsəm dizinə döyüb ağlama sən,
Məni bu hallara bil, özün saldın.
Mən üçün yalandan yas saxlama sən,
Quru canım vardı onu da aldın.

Göz yaşın boşuna gəl axıtma sən,
Sübhədək ağlasan yenə yetərsiz.
Mənə etdiklərinə nəzər sal sən,
Gör ömrün keçirmi qəmsiz, kədərsiz?

Bax, bulud da dözmür göz yaşlarıma,
Şimşəklə birlikdə yağış yağdırır.
Aciz baxırsan məzar daşıma,
Sözlərimi sənə şimşək çatdırır.

Hər şimşək çaxınca əllərin əsir,
Qorxudan bilmirsən nə eyləyəsən.
Soyuq bədənini şaxtatək kəsir,
Utancdan tutulub dilin deyəsən.

Yağan yağış deyil qarğışlarımdır,
Səndən heyfimi çıxacaq mənim.
Səni bu cür üzən baxışlarımdır?
O da qisasımı alacaq mənim.
12-01-2025, 18:52
Uçuruma sürükləyən çarəsizlik...


Müjgan ƏHMƏDOVA


BDU Jurnalistika fakultəsinin
III kurs tələbəsi


Uçuruma sürükləyən çarəsizlik...

Daşlaşmış qəlbimin altında o qədər kədər və hüzn yatır ki... Vecsizlik personajımın altında o qədər duyarlılıq var ki...Zamanında duyğularımı o qədər mərkəzə qoymuşam ki... İndi duyğuların yavaş-yavaş azaldığını hiss etmək o qədər əzab verir ki... Bu əzabın qarşısında hiss etdiyim çarəsizlik məni uçuruma sürükləyir. Amma uçurumdan məni atacaq qədər, məni əbədiyyətə, sonsuzluğa bəlkə də heçliyə qovuşduracaq qədər hökmlü deyil.
Xoşbəxt olmalı idim, yoxsa özümü şanslı hiss etməliydim? Nələrimi qurban vermək üçün hazır olmalı idim? Bəs, qurban vermək özü də bədbəxtliyimə düçar olmağıma səbəb olacaqsa? Elə əsl bədbəxtlik buradan başlayırdı...
Fədakarlıqlarım nəticəsində ağlımın məni qaranlıq aləm adlandırdığım zindanla üzləşdirməsinə necə, hazır idim? Doğru yolu necə tapmalı idim? Bunun üçün ilk növbədə doğrunun sənin üçün nə ifadə etdiyi, "doğruluq" aspektinin, "doğru" fəlsəfəsinin məğzini dərk etməli idim. Mənim doğrum sənin yanlışın, sənin yanlışın mənim doğrum ola bilərdi əslində. Bəs bu doğrunun ağlımda şübhə yaratması nə dərəcədə doğru idi?
Suallar "quyusuna" düşmək məni doğrudan qaçındırmağa səbəb olurdu. Bu səbəb isə, mənə susmağı öyrədirdi. Beləcə, həyat mənə susmağı bacarmağı, doğrunu hiss etməkdən daha yaxşı anladırdı. Həyat bundan ibarət olmalı deyildi. Susduqlarımız, susmağa məcbur edildiyimiz, susarkən qışqırdıqlarımızla kifayət olmamalı idi həyat. Layiq görülən bu olmalı idi? Bəs, layiqlik anlayışını yox etməyə dəyərdimi? Layiqlik, məsuliyyətin ən böyüyünü çiyinlərində hiss etmək idi. Hansı ki, bu məsuliyyət səni xoşbəxtlik anlayışından məhrum edir. Çünki, üzərindəki yük sənə vaxt məhdudiyyəti verir. Və bu məhdudiyyət içərisində iradəli olmaq məcburiyyətindəsən. Əks təqdirdə sənə cəmiyyət tərəfindən zəif xarakterli və qətiyyətsiz damğası vurulacaq.
Sənə bəxş edilən bu ömürdə nə zaman "sən" olduğun üçün sevildin? Hansı "sən"i insanlar özlərinə layiq bildilər? Hansı "sən"i özlərindən bir parça hiss etdikləri üçün səndən istifadə etdilər? Bəzən düşünürəm: nə yaxşı ki, bu təzadlar mövcuddur. Bəs, təzadlı, dustaq düşüncələrin qurbanı olmaqmı problem idi, yoxsa təzadlarla dolu həyata malik olmaqmı daha betər idi? Təzadlı ifratların arasında yaşamalı olduğumuz bütün illəri keçirməsək, zaman-zaman vərdişlərin sərhədlərini aşmasaq, yaşamaq necə yox olmaqdan çox yenilik ola bilərmi?..


15-12-2024, 08:42
“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”


“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”

Həmişə ki, kimi dərsdən çıxıb, evə getmək üçün avtobus dayanacağına yollandım, sərnişinlər çox olsa da oturmaq üçün yer tapdım. Yenicə əyləşmişdim ki, qarşımda yanaşı oturan xanımların maraqlı söhbətinə şahid oldum. İstərdim ki, sizlərlə bu eşitdiyim söhbəti müzakirə edim. Doğrudu, deyəcəksiz ki, başqasının söhbətini dinləmək heç də etik davranış deyil. Lakin əhalimiz ictimai nəqliyyatda yüksək səslə söhbətləşməyi “hobbi” halına gətiriblər. Əslində bunun özü də bir mövzudu, amma biz bu haqda gələn səfər danışarıq. Hər nə isə necə deyərlər “məndə xanımların söhbətinə qulaq misafiri oldum”.
Söhbət o qədər “qızğın gedirdi ki”, bir ara bazar qiymətlərindən danışan xanımlar “siyasətçi”oldular. Mən məəttəl qalarkən, onlar müharibəni həll edib, Amerikaya səyahət etdilər. Onlar səyahətdə ikən, mənim diqqətim yanaşı oturan xanımlardan birinin digərini gözucu seyr etdiyinə sataşdı. Artıq bəlli idi ki, növbəti sual hansıdır. Və təxmin etdiyim sual gəldi.
“Sənin üzündə estetik var?”. Digəri gərilmiş üzünü rəfiqəsi tərəfə çevirərək süni təbəssüm edib, dedi: “Hə, hiss olunur ki, bəyəm? ” Söhbətin gedişatında qiymətdən, həkimdən, həkimin bir-birinə oxşar sonsuz saylı “əkizlərindən” danışıldı. Öz-özümə düşündüm, keçmişdən gələcəyə gələn şair indiki gözəlləri görsə idi “Şair olardımı”?
Müasir dövrdə estetik gözəllik standartları həm cəmiyyətdə, həm də sosial mediada böyük təsir yaradır. Qüsursuz görünüş arzusu qadınlar arasında özünütənqid və narazılıq hallarını artırır. Bunun nəticəsi olaraq, bəzən sağlamlıq, mənəvi təsir və hətta həyat tərzini gözəllik uğrunda fəda edirlər.
Yuxarıda qeyd etdiyim kimi, sosial medianın təsiri ilə cəmiyyət ideal bədən, üz və stil standartları formalaşdırır. Bu standartlara uyğunlaşmaq istəyən bir çox qadın, öz görünüşlərindən narazı qalaraq estetik prosedurlara müraciət edir. Həkimlər bildirirlər ki, estetik prosedur edənlərin əksəriyyəti psixoloji təsirlər altında və tez-tez başqalarının düşüncələri ilə bu qərarı verir. Estetik cərrahiyyə və prosedurlar heç də həmişə uğurlu nəticə ilə bitmir. Silikon implantlar, liposaksiya, burun əməliyyatları və botoks kimi prosedurlar yanlış icra olunduqda ciddi fəsadlara səbəb ola bilər.
“Bəs bu fəsadlar hansılardır?” Gəlin bu haqda danışaq.
Beləki, qanaxmalar, infeksiyalar, allergik reaksiyalar, toxuma zədələnməsi və emosional olaraq depressiya, stress, aqressiya və digər problemlərə yol açır. Təəssüf ki, bəzi klinikalar və ya qeyri-peşəkar mütəxəssislər reklam vasitəsilə qadınlara yanlış məlumat verir və onların gözləntilərini manipulyasiya edirlər. Hətta yeri gəlmişkən bu günlər də, Səhiyyə naziri Teymur Musayev də bu mövzuda xanımlara müraciət edərək, saxtakarların “tələsinə” düşməməsini və ziyanlı prosedurlardan uzaq olmağı məsləhət görür. Yaxşı bəs nələr məsləhət görülür?
Düzgün qidanlanma, idmanla məşğul olmaq xanımların həyat tərzinə çevrilməli, eyni zamanda üz yoqası, psixoloji olaraq özünə inamı artırmaq üçün terapiya və mütəxəssis dəstəyi almaq və digər yolları məsləhət görmək olar.
Gözəllik, yalnız xarici görünüşdə deyil, daxili harmoniya və özünüdərkin gücündə gizlidir. Qadınlar gözəllik standartlarına uyğunlaşmağa çalışarkən sağlamlıqlarını psixoloji təsirlə təhlükə altına qoymamalıdırlar. Hər kəsin özünəməxsus gözəllik hekayəsi var və bu hekayə cəmiyyətin təzyiqi ilə deyil, insanın öz seçimləri və dəyərləri ilə yazılmalıdır.
Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi

11-12-2024, 21:36
“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Fatimə QULİYEVA yazır:

“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Uşaqlıqdan bəri yağışın yağmasını, yağışdan sonra yaranan torpaq qoxusunu sevmişəm. Düşünürdüm ki, göy belə dilə gələrək insanlara müraciət edir. O xoş diləkləri, problemsiz həyatı və gördüklərini su damlaları ilə nəql edir. Böyüdükcə fərqinə vardım ki, yağışın yağması hər kəsin baxdığı pəncərədən fərqli görünür. Kimisi sevir, kimisi dərd çəkir, kimilərisə düşünərək uzaqlara səyahət edir. Amma biz bədii səyahətimizi yarıda qoyaraq, paytaxtda və rayonlarımızda baş verən real hadisələrdən bəhs edək.
Yağışın yağması ilə nə ola bilər ki, deyə düşündükdə qarşıma çıxan xəbərlər məni təəccübləndirdi və hətta necə deyərlər “bişmiş toyuğun belə gülməyi gəldi”. Yeni tikilən tunellərdə yağış sularının yığılması, gölməçələrdə çarəsiz qalan insanların taleləri haqqında uzun-uzadı danışa bilərəm. Fəqət yenə sual yaranır. Niyə tuneldə yağış suyu yığılıb qalsın ki? Gəlin indi cavabı müzakirə edək.
Yağışların intensivliyi artdıqca şəhərlərdə kollektor sistemlərinin əhəmiyyəti daha çox hiss olunur. Bəs kollektor sistemləri nədir?
Kollektor- kanalizasiya sistemləri suyun və tullantıların toplanıb yönləndirilməsi üçün nəzərdə tutulan mühəndis qurğusudur. O əsasən yağış sularını, məişət tullantı sularını və ya sənaye sularını toplamaq və yönləndirmək üçün istifadə olunur. Lakin paytaxt və rayon kəndlərində bir çox kollektor sistemlərinin köhnəlməsi, düzgün işləməməsi ciddi problemlərə səbəb olur. Hansı problemlərdi bunlar: yağış suları yollarda yığılaraq nəqliyyata maneə yaradır, binaların və digər mühəndis qurğularının su altında qalmasına səbəb olur. Həmçinin yolların, körpülərin və digər təsisatların erkən zədələnməsinə gətirib çıxarır.
Təbii ki, problem varsa, deməli həlli yolu da var. Beləki, müasir texnologiyalar və materiallardan istifadə edərək kollektor sistemlərinin yenilənməsi, artan əhali sayına uyğun genişləndirilməsi, su keçirmə qabiliyyətinə malik asfaltlar və yağış bağcaları kimi həllər tətbiq oluna bilər. Bu sistemlərin yenilənməsi və inkişaf etdirilməsi yalnız yerli dövlət orqanları deyil, eləcə də vətəndaşlar üçün önəmli məsələ olmalıdır.
Son olaraq növbəti dəfə yağış yağanda təbiətin bizə bəxş etdiyi bu nemətin gərəkdiyi kimi vacib yerdə istifadə etsək daha yaxşı olar desəm, yanılmaram.

Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi
10-12-2024, 21:50
“Bəzən güclü qızlar da məğlub olur…”


“Bəzən güclü qızlar da məğlub olur…”

REKVİEM

Həsənli Təhminə Vəkil qızı 26 yaşında, ömrünün gənclik illərində bizimlə vidalaşdı. İxtisasca tərcüməçi olan Təhminə 620 balla qəbul olunduğu Qafqaz Universitetinin bakalavr pilləsini qırmızı diplomla bitirib. Aspiranturada təhsili üçün Moskvaya yollanır, amma gözlənilməz qan xərçəngi onun arzusunu yarımçıq qoyur. Maariflənmək həvəsi yolunu bu dəfə Bakı Slavyan Universitetində magistratura pilləsinə salır.
İlk dəfə 2021-ci ildə, hələ 23 yaşında yaşıdlarından seçilən, şən, savadlı, qayğıkeş Təhminəyə “kəskin leykoz xəstəliyi” diaqnozu qoyulur. Gənc qız bu xəbər qarşısında o qədər güclü dayanır ki, sadəcə özünü yox, bütün sevənlərini sağalacağına inandırır. Müalicələr alır, vəziyyəti nisbətən yaxşılaşanda sevib-seçdiyi ilə 2023-cü ildə ailə həyatı qurur. Həyatının növbəti xoşbəxt illərinin başlanğıcına hazırlaşdığı zamanda 2024-cü ilin may ayı Təhminə üçün yeni çətinliklər gətirir. Xəstəlik yenidən baş qaldırır, ailəsi onun üçün ümid qapısı taparaq Türkiyənin Ankara şəhərinə üz tutur.Təhminə ailənin ilk övladı və yeganə qızıdır. Böyük qardaşı Təbriz, daha sonra kiçik qardaşı Təhmasib sevimli bacıları üçün donor olurlar. Təhminə üçün xeyli mübarizə aparılır, müxtəlif müalicə üsullarına cəhd edilir. Onu həyatda tutmağı özünə borc bilən ailə mübarizədə tək deyildi, hamının sevimlisi olan Təhminənin qohumları, yoldaşları, onu yaxından tanımasa da öz köməyini, qayğısını əsirgəməyən Azərbaycan xalqı həm maddi, həm mənəvi dəstəyini əsirgəməyib. Amma bütün səylərə baxmayaraq, dekabrın altısında Təhminəmizin bədəni ağır müalicəyə tab gətirə bilmir, o bizimlə vidalaşır…
Ailəsi, onu tanıyanların hamısı Təhminəni çox mehriban, pozitiv, səmimi, hamının könlündə özünə əziz yer tapan biri kimi qiymətləndirir. Getdiyi hər yerdə, hər işdə seçilib. Həyat eşqi ilə yaşayan qız uşaq yaşlarından kitab sevgisi ilə tanınıb. O, maariflənməyi hamıya məsləhət görüb, öz bildiklərini, oxuduqlarını ətrafı, tələbələri ilə həvəslə paylaşıb, kitablarını dəfələrlə xeyriyyə cəmiyyətlərinə bağışlayıb, son gününə qədər özünü yaxşı hiss etdiyi hər an yenə yazıb, oxuyub. Bir an belə başının üstündən ayrılmayan valideynlərinə bildirib ki, həkimlərin dediklərinə baxmasınlar, o sağalacaq, yazdığı kitabı tamamlayacaq, qarşıda onu çox gözəl günlər gözləyir. Qalib olacağından tərəddüd etdiyi heç vaxt hiss olunmayıb. Ondan sevgisini əsirgəməyən ailəsinə, qohumlarına, yoldaşlarına həmişə minnətdar olub, çox şanslı olduğunu dilə gətirib. Sağalacağını, bütün xəstələrə motivasiya mənbəyi olacağını xəyal edib.
Qeyd edək ki, vaxtilə Təhminə rəfiqəsi Gülnurəyə eyni xəstəliklə mübarizədə dəstək olub, amansız xəstəlik o gənc qıza da qıyıb. Güclü mübarizəsində məğlub olan Təhminənin gedişi bütün sevənləri üçün sarsıdıcıdır. Gənc qızımız doğmaların, tanıyanların qəlbində həmişə yaşayacaq. Ailəsinə, sevənlərinə səbir diləyirik…

Aysu Həsənli,
BDU Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi,
Təhminənin doğmalarından biri
10-12-2024, 21:15
Azərbaycanlı tələbələr Romada toplanıblar


Azərbaycanlı tələbələr Romada toplanıblar

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı iləİtaliyanın paytaxtı Roma şəhərində azərbaycanlı tələbə vəməzunlarla ilk görüş keçirilib.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vəbu siyasətin ölkənin qlobal arenadakı mövqeyinin gücləndirilməsindəki müstəsna rolundan danışıb. Vurğulanıb ki, gənclərin sosial, sağlamlıq və təhsillə bağlı problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları dövlətin gənclərə olan qayğısının təcəssümüdür. Müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə gənclər sahəsinin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. O, həmçinin, Gənclər Fondu tərəfindən gənclər üçün yaradılan şərait, onların innovativ ideyalarının reallaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi və xaricdətəhsil alan gənclərin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.
Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı gənclərin həmrəyliyinin önəmini vurğulayaraq, ASAP-ın əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə bağlı görülən işlər vəİtaliyada nümayəndəliyin qurulması ilə bağlı təqdimat edib.

Tədbirin şəbəkələşmə hissəsində İtaliyada fəaliyyət göstərən təşkilatlar, universitetlər və qurumlarla əməkdaşlıq, Azərbaycanın İtaliyadakı səfirliyi ilə birgə azərbaycanlı gənclər arasında fəallığın və iştirakın artırılması, İtaliyada yaşayan azərbaycanlı gənclərin maraq və ehtiyaclarına uyğun sahələrin müəyyən edilməsi, gənclərin şəxsi, eləcə də karyera inkişafına yönələn tədbir və layihələr haqqında fikir mübadiləsi aparılaraq, bu istiqamətdə təkliflər dinlənilib.
9-12-2024, 20:50
Fədakar insanlardan biri...

Fədakar insanlardan biri

Hər bir azərbaycanlı yaşadığı ölkənin tarixdən günümüzə qədər hələ də öz sözləri ilə yaddaşlara həkk olan simaların tanımalıdır. Bu simaları tanıtmaqda çoxları böyük addımlar atıb. Məhz elə o fədakar insanlardan biri Bakı Dövlət Unversitetinin Mətbuat tarixi kafedrasının müəllimi, dosent Aygün Əzimovadır. O, gələcəyin jurnalistlərinə “Görkəmli Azərbaycan Publisistləri” fənnini tədris edir. Doğrusu, tədris etməklə qalmayıb, həm də o ulduz simaları tələbələrə sevdirərək beyinlərinin ən dərin yaddaşlarında həkk edir. Məhz elə o ulduz simalardan biri də “Molla Nəsrəddin” jurnalının baş redaktoru, minlərlə ölməz əsərlərin müəllifi Cəlil Məmmədquluzadədir.
Bu şəxsiyyətin öyrənilməsinin isə bizdə çox gözəl bir xatirəsi oldu.
Yenə universitetdəki həmişəki günlərdən biri idi. Artıq saat 15:30-u göstərirdi. Biz Aygün Əzimovanın tədris etdiyi Görkəmli Azərbaycan Publisistləri dərsinə girməyə hazırlaşırdıq. Zəng vuruldu və hər kəs dərsə daxil oldu. Nəhayət, Aygün xanım da gəldi. Aygün xanım otağa daxil olanda üzündə çox gözəl təbəssüm var idi. Bir qədər ortam sakitləşdikdən sonra o, gələn dərsimizdə məşhur qonağımızın olacağını bildirdi. Hər kəs təəccüblə bu məşhur qonağın kim olacağını fikirləşirdi. Uşaqlar Aygün xanımdan qonağımızın kim olacağını soruşanda Aygün xanım dilləndi: “Uşaqlar, bizim qonağımız Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını dərindən araşdıran, Filologiya üzrə Fəlsəfə doktoru Gülbəniz Babayeva olacaq”. Aygün xanım qonağımız haqqında o qədər gözəl sözlər dedi ki, insanın marağı daha da artırdı. Dərsin sonlarına yaxın mən Aygün xanıma yaxınlaşaraq baş tutacaq görüş haqqında reportaj yazmaq istədiyimi bildirdim və Aygün xanım bu istəyimi qəbul etdi. Nəhayət, həmin gün gəldi. Mən Universitetin dəhlizində Aygün xanımı gördüm və ondan qonağımızın bu günmü gələcəyini soruşdum. O, yenə gözəl təbəssümlə,-“ Bəli, Mayıl gəlib,- dedi və sonra Universitetimizin dekan müavini olan Samir müəllimin qonağımızı qarşılamağa getdiyini əlavə etdi”. Artıq zəng vuruldu biz görüşümüzün baş tutacağı 406 nömrəli auditoriyaya yığışdıq. Doğrusu, auditoriyada səs deyəni qulaq eşitmirdi, lakin bu səsli səhnə Aygün xanım və qonağımız Gülbəniz xanımın otağa daxil olduğu anna qədər davam etdi. Onlar otağa daxil olanda auditoriyanı gözəl bir səssizlik bürüdü. Bir-iki dəqiqə gözlədikdən sonra Aygün xanım danışmağa başladı: “Uşaqlar, Gülbəniz xanım demək olar ki, bütün ömrünü, tədqiqatçı fəaliyyətini Molla Nəsrəddin – Cəlil Məmmədquluzadəyə həsr edib. Sanki Türk dünyasında Molla Nəsrəddinin izi ilə addım-addım irəliləyib və o irsi tamamilə təqdiq edib”. Sonra Aygün xanım sözü Gülbəniz xanıma vermək istədiyini və özünün də uşaqların oturduğu parta arxasında tələbə kimi ona qulaq asmaq istədiyini bildirdi. Aygün xanımın bu ifadəsindən sonra biz Gülbəniz xanımın təvazökarlığını görmüş olduq və o, mülayim səsi ilə,- “Aygün xanım ,əstəğfürullah, niyə tələbə kimi, məhz elə müəllim kimi qulaq asın”-,dedi. Daha sonra Gülbəniz xanım bizimlə salamlaşaraq sözə başladı: “Mən əvvəlcə özüm haqqında uşağlara kiçik bir arayış verim. Uşaqlar, mən uzun müddət Azərbaycan Dillər Unversiteti (ADU) və Bakı Slavyan Unversistetində (BSU) müəllim kimi fəaliyyət göstərmişəm. Tələbə auditoriyasında həddindən artıq çox olmuşam. Bu gün belə bir auditoriyada iştirak etmək mənim üçün də xoşdur. Gənclər, siz bu millətin, bu dövlətin gələcəyisiniz “,-deyib görüşümüzün əsas səbəbkarı olan Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadədən söz açdı. Gülbəniz xanım Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, Molla Nəsrəddin jurnalında olan fəaliyyətindən, Azərbaycan mətbuatına vurduğu töhfəsindən danışdı. Bundan əlavə, baş tutan görüşdə Mətbuatımızın banisi olan Həsən bəy Zərdabidən də söz açdı. O, Həsən bəy Zərdabinin bizə miras qoyduğu mətbuatın önəmini aşıladı. Gülbəniz xanım 20-ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatında və mətbuatında baş verən yeniliyi, intibahı Cəlil Məmmədquluzadənin adı ilə bağlayırdı, çünki o, 1906-cı ilin 7 Aprelində Tiflisdə nəşrinə başlanılan Molla Nəsrəddin jurnalının yaradıcısı idi. Təbii ki, tək bu deyil. Gülbəniz xanım 90 dəqiqəlik bir seminarda Cəlil Məmmədquluzadəni bizə sevdirməyi bacardı. Sözsüz, bu da onun ustadlığından irəli gəlirdi. Birinci 45 dəqiqə tamam oldu, zəng vuruldu və hər kəs 5 dəqiqəlik çölə çıxdı. Yenə sinifdə səs deyəni qulaq eşitmirdi. Nəhayət, fasilə bitdi və seminarımızın ikinci hissəsi başladı. Dərsin ikinci hissəsində isə daha çox uşaqlar sual verməyə başladılar. Uşaqlardan biri Gülbəniz xanıma ömrünün böyük bir hissəsini məhz niyə Cəlil Məmmədquluzadəyə həsr etdiyini sual verdi. Gülbəniz xanımın cavabı isə çox lakonik və aydın oldu. O cavabında bildirdi: “Bu, vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bunları bilməlidir”. Bu sualdan sonra artıq yavaş-yavaş dərsi yekunlaşdırırdıq. Son dəqiqələrdə Gülbəniz xanımın bizə olan nəsihətləri isə bəlkə də, dünyanın ən bahalı əşyasından belə dəyərli idi. Onun bizə son cümləsi isə bu oldu: “Əziz tələbələr, sizin hər birinizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Hər nədən yazırsınız yazın, lakin qələminizi üç qəpiklik mürəkkəbə deyil, ürəyinə batıb onun qanı ilə yazın”. Beləliklə, sonda xatirə şəkli çəkdirib, auditoriyanı tərk etdik. Otaqda qalan yalnız Gülbəniz xanımın son sözlərində olan heyranlıq hissi idi.
Mayıl Soltanov
Bakı Dövlət Unversitetinin Jurnalsitka Fakültəsinin II Kurs tələbəsi

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!