TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-04-2026, 22:53
Söz səngərinin cəngavərləri

Söz səngərinin

cəngavərləri


Bir neçə il qabaq BDU Jurnalistika fakültəsinin tələbəsi kimi redaksiyamızda təcrübə keçən və maraqlı yazıları ilə çıxış edən Kənan Novruzov bu gün öz tələbələri ilə birlikdə Bütöv Azərbaycançılar ordusunun sıralarını genişləndirir. Biz də öz növbəmizdə qürur duyuruq ki, “Bütöv Azərbaycan” qəzetini sevən, onun səhifələrinə imza atmaqla fəxr edən tələbə-jurnalistlərimiz yetişir. Qəzetimizin 24 aprel 2026-cı il tarixli sayında BDU Jurnalistika fakültəsinin “Media iqtisadiyyatı” seçmə fənn qrupunun tələbələri Qəmər Qurbanova, Aysun Hüseynova, Fatima Aslanova, Aləmzər İbrahimova, Fatimə Məmmədli, Selcan Əhmədli, Çinarə Tarverdiyeva, İlhamə Nurəhmədova, Mehriban Yariyeva, Aytən Atakişiyeva, Səmayə Səftərova, Qənirə Şamxal, Sevinc Yarməmmədova və Azər Abuşov müxtəlif mövzularda maraqlı yazılarla çıxış ediblər. Gənc tələbə-jurnalistlərimizə yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, belə gənclərimiz peşələrinə sədaqətlə sarıldıqca, mətbuata soxulmuş yaramazlar tədricən meydanı tərk edəcəklər. Sizlərə sevgi və sayğılarla: Tamxil Ziyəddinoğlu
24-04-2026, 21:26
Əcnəbi tələbəl üçün hüquqi maarifləndirmə tədbiri keçirilib.

Əcnəbi tələbəl üçün hüquqi

maarifləndirmə tədbiri keçirilib.


DMX yanında İctimai Şurada təmsil olunan "Miqrasiya Könüllüsü" və "Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliklərinin Bakı Avrasiya Universiteti ilə birlikdə təşkil etdikləri tədbirdə, DMX yanında İctimai Şuranın sədri Sima Yaqubova, "Əcnəbi tələbələrin Azərbaycan Respublikasının atributlarına, milli və mədəni sərvətlərinə hörmətlə yanaşması, onların cəmiyyətimizə effektiv və faydalı inteqrasiyası"mövzusunda çıxış etdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunduğunu qeyd edən S.Yaqubova, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaraylar, məscid, məbəd və türbələrin milli memarlığın parlaq ənənələrini əks etdirdiyini və Azərbaycan şəhərsalma və memarlıq sənətinə aid bir çox əsərin dünya inciləri sırasında layiqli yer tutduğunu xüsusi ilə qeyd etdi.
İctimai Şuranın sədri, mədəni irsimiz olan, dövlət mühafizəsinə götürülmüş tarix və memarlıq abidələrinin qorunması və toxunulmazlığının qanunla qorunması və bu qanunvericiliyin pozulmasına görə məsuliyyət həddi müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və tədbirin təşkilində göstərdikləri dəstəyə görə Dövlət Miqrasiya Xidməti və Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkür etdi.

Tədbirin sonunda Azərbaycanın tarixi memarlıq abidələri barədə hazırlanmış videoçarx nümayiş etdirildi və əcnəbi tələbələrin sualları cavablandırıldı.
17-04-2026, 19:57
ŞİKAYƏTÇİLƏRİN NƏZƏRİNƏ

ŞİKAYƏTÇİLƏRİN

NƏZƏRİNƏ


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
DİM-dən verilən məlumata görə, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
24-01-2026, 08:20
VƏTƏNİMİZİN   İSTEDADLI GƏNCİ


VƏTƏNİMİZİN

İSTEDADLI GƏNCİ


Yunus Ələsgərli 5 Sentiyabr 2008- ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Elşən ehtiyatda olan yüksək rütbəli zabitdir.
Anası Nazimə xanım həkimdir. Bakı şəhər poliklinkalarından birində şöbə müdiri vəzifəsində çalışır. Elə Yunusla bağlı suallarımın cavabını da anası Nazimə xanım verir:
Yunusun bir yaşından fərqli bir uşaq olduğunu atası da mən də hiss etmişdik. Onun üç yaşı olanda bütün kiril və latın hərflərini bilirdi. Üç yaş yarımdan sonra bütün hərfləri çap formasında yazırdı. O, sözə baxan və çox məsuliyyətli idi. Dörd yaşından şahmat oynamağı sevdi. Eyni zamanda idmanın başqa növlərinə də maraq göstərdi. Üzgüçülük və karate ilə də məşğul oldu. On üç yaşından başlayaraq peşəkar basketbolla məşğuldur. Yunusun altı yaşı olanda qabiliyyətinə görə Yasamalda yerləşən 286 saylı məktəbin rus bölməsinə qəbul olundu. İbtidai sinifi əla qiymətlərlə bitirdikdən sonra 147 nömrəli Texniki Humanitar Liseydə təhsilini davam etdirdi. Orta təhsilini də bu məktəbdə tamamladı. Qəbul imtahanlarını uğurla verib Azərbaycan Dövlət İqtisad Univerditetinə qəbul olundu. Hazırda Beynəlxalq Münasibətlər fakultəsinin birinci kurs tələbəsidir.
On yeddi yaşlı istedadlı gənc ana dili olan Azərbaycan, rus, ingilis dillərində sərbəst danışır və yazıb oxuyur. Mütaliəni çox sevir. Vətən sevgisi nə olduğunu dərindən dərk edir. Yunus Elşən oğlu bir neçə ildir ki, şeir yazmağa başlayıb. Şairlərdən Zəlimxan Yaqubun poyezyasına çox müraciət edir. Anası Nazimə xanımın tövsiyəsiylə onun öz səsiylə şeirlərini dinləməkdən böyük zövq alır. Bundan başqa Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin və qəzəlxan Əliağa Vahidin də yaradıcılığı ilə maraqlanır. Baxmayaraq ki, rus bölməsində oxuyur, vaxt tapdıqca klassiklərimizi də mütaliə edir. Yunus aydın zəkasıyla valideynlərindən yaxşı nə varsa mənimsəmişdir. Nənələri də onunla qürur duyurlar.
Ümumiyyətlə bu ailədə incəsənətə və poyeziyaya yüksək dəyər verilir. Yunusdan kiçik qardaşı on üç yaşlı Yusif AMK nəzdində İncəsənət Gimnaziyasında Milli rəqs ansamblında fəaliyyət göstərir, eyni zamanda Basketbolla da məşğul olur. Qardaşlar çox savadlı və tərbiyəli olduqlarına görə oxuduqları təhsil ocaqlarından, qatıldıqları idman yarışlarından və mədəni tədbirlərdən hər zaman diplom, tərifnamə və mükafatlarla dönüblər.
Gəlim 17 yaşlı Yunusun, özündən xəbərsiz, mənim istəyimlə anası Nazimə həkimin təqdim etdiyi şeirlərindəki fikr və düşüncələrinə. Oun şerlərindəki ürəkdən gələn vətən sevgisindən doğan, dolğun və yeni ifadələr məni çox duyğulandırdı.
“Zəfərimiz” adlı poemasından sətirləri nəzərnizə çatdırıram:

Şəhidləri bir dəqiqəlik
sükutla anarkən,
o dəqiqə hər atılan mərminin
səsindən də möhkəmdir!
Yunus Elşən oğlu
Elə bu fikirin özü bir əsərdir. Yunus qələmə aldığı bu poemada səngərdəki əsgərin yerində özünü görür. Damarında axan qanın belə o əsgərin qanı olmasını hiss edir. Həmin obrazı yaşayır. Onun qələmə aldığı hər misrada məna var. Gələcəkdə böyük əsərlər ərsəyə gətirəcəyinə və cəmiyyətdə öz imzasıyla tanınacağına inanıram. Bu yaşda onun Vətən sevdası, öz dəst xətti olması insana qürür verir. Ona görə ki, bu gün qanlar bahasına çiçəklənən Azad Vətənimiz Can Azərbaycanın gələcəyi belə Vətənpərvər övladların əlindədir.

Bir oxucu və yazar kimi onu da qeyd edim ki, bu günkü gənclərin az mütaliə etməsi və ya heç etməməsi bir qrup ziyalılarmız kimi məni də çox narahat edir. Ancaq belə gənclərmizi gördükdə sevincimi gizlədə bilmirəm. Bu gün elə sevinclə də Yunus Elşənoğlunun kicik həcimli şeirlərini deyil. Onun “Zəfərimiz” adlı poemasını sizə təqim edirəm. Əziz oxucu 17 yaşlı bir gəncimizin istedadını az da olsa işıqlandırıb sizə çatırmağı özümə borc bilirəm.
Onuda qeyd edim ki, Yunusun cəmiyyətimiz üçün mükəmməl formalaşmasında ailəsi ilə bərabər təhsil aldığı ocaqlarda müəllimlərinin də zəhməti az deyil. O, qələmə aldığı bu əsərdə Vətən sevgisini, gənc nəsilin qəhrəmanlığını tərənnüm edir. Azərbaycanın Ali Baş Komandanının və İgidlərin xalqımıza yaşatdıqları sevinc hissini öz duyğularıyla geniş formada oxucuya və dinləyiciyə çatdırmaq üçün sinəsini qabağa verib. Təhsil aldığı Universitedə Zəfər gününə həsr olunmuş tədbirdə “Zəfərimiz” adlı poemasını əzbərdən söyləmiş və könülləri fəth edərək ödül alıb.
Vətən sevən xalqın qarşısında iki məqsəd olur. Vətən üçün savaşaram.
Ölləm Şəhid ollam,
Qallam qazi ollam.

Azərbaycanın igid oğulları illərdi ermənilər tərəfindən işğal olunmuş Torpaqlarmızı Azad edərək, belə gənclərə və gələcək nəsillərə örnək oldular. Buna misal olaraq Yunusun sevinclə sevgiylə qələmə aldığı “Zəfərimiz” poeması diqqətə layiqdir. Ona təhsilində və yardıcılıq yollarında böyük naliyyətlər və uğurlar diləyərək, deyirəm Dunyanın Poeziya dəryasına qələmindən yeni-yeni incilər səpələnsin gəncimiz və gələcəyimiz olan Yunus Elşənoğlu!

Sara GÖYÇƏLİ (Şərifova)
Şair -publist, “Qızıl Qələm” və “Xan qızı Natəvan” media mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Zəfərimiz

Bugün, məhz o gündür.
İllər öncə igidlərimiz,
İşğalçı düşmənlərə
diz çökdürdü.
Qaytardığımız torpaq,
aldığımız intiqamdır.
Haqq yolunda,
edə biləcəyimizin,
ən düzgünüdür.
Bayraqları bayraq edən,
igidlərin al qanıdı.
Torpaq uğrunda ölənlər,
Vətən üçün verdilər can.
Məhz buna görə,
sonsuzluğa qədər
Şəhidləri anacağıq,
Qaziləri, göz üstündə
tutacağıq.
- Bugün Zəfər Günüdür.
Bəs sizcə, bu zəfər günü nədir?!
Mənə görə qızıl üfüqdə doğan
parlaq günəşin mənasıdır,
Qəlbimizdəki vətənpərvərliyin,
ən ali zirvəsidir,
Zəhmətin nəticəsidir.
Cəbrayılı azad edən,
səngərdəki əsgərin
gözündəki sevinc yaşıdır.
Əsarətin səadətidir…
Zəfər günü budur demək.
Müasir dövrün əsl qəhrəmanları-
Azərbaycanın mərd oğullarıdır!
Zəfər gününün sədası,
yayıldı səngərlərə.
Sona qalan əsgər,
aldı rahat nəfəsin.
Müzəffər Ordumuz,
İnamını itirməyən,
Güclü Sərkərdəmiz,
qazandı Qələbəni.
Yazdı tarixə adın
Söylədi ürəkdən,
Şuşa, artıq sən azadsan !
Şuşaya ilk addım atdı
Azərbaycan əsgərin,
sevincindən ağlatdı.
Qəhrəmanlar 44 gün,
qorxu nədi bilmədi.
Ürəyində atəşli,
Vətənpərvərlik hissi
ilə vuruşudu.
Amma o vuruş,
səngərin pozulan
sükütu deyildir.
O, tarixin ən şiddətli atəşi idi.
O vuruş, yüz illərlə
yaşadılan matəmlərin qisasıdır.
Dəmir yumruğun gücüdür.
Bu vuruş düşmənin
törətdiklərinin cavabıydır.
Xəyallarımızda dastanlaşan,
inanılmaz qələbə idi.
Və bu vuruşda hər birimiz,
Şah İsmayıl Xətai, Babək idik.
Canımızla, qanımızla
torpağmıza fədayıq.
Hər atəş, hər səngər,
parlayan bir şəfəq.
Millətimin birliyini və
gücünu göstərdi!
Zəfər sözü ilə
qəlbim alovlanır,
Dəmir Yumruq tarix yazdı.
düşmən alçalıb uduzdu.
Yeri, göyü silkələdi,
Mərmilərin gurultusu!
Şəhidləri bir dəyqəlik
sükutla anarkən,
o dəqiqə, hər atılan mərminin
səsindən də möhkəmdir!
Hər bir qarışı müqəddəs olan,
Vətənə yeni bir həyat bəxş etdilər!
Qürur duyduğumuz igid oğullar.
O qan ki, bayrağımızı bayraq etdi!
O can ki, özünü vətənə fəda etdi!
Hər döyüşən əsgərin,
yerində özümü gördüm,
Damarımdan axan qan
O əsgərin qanıdır.
Yerdə qalmaz,
2723 Şəhidin qanı
Bizim qəhrəmanlığımız,
bizim igidliyimiz,
yalnız bu gün deyil!
Bu, əsrlərin ruhudur!
Bu, bizim şanlı tariximizdir!
Bu Xarı-Bülbülün xoş nəfəsidir.
Dünya tarixində qoyduğumuz,
müqəddəs, silinməz izdir.
Vətənimlə qürur duyur
Atalar, Analar bütun övladlar.
Və sanki Rəsul Rza,
Bəxtiyar Vahabzadə,
Sabir Rüstəmxanlı,
bizim səsimizlə qışqırır.
Qarabağ Şəhidlərinin,
adını daşıyan küçələrin,
divarda qalan bir güllə,
izinin tarixini əbədi yaşadırıq.
İgid qəhrəmanlarımız olmasaydı,
olmazdım nə mən, nə məktəbim,
nə də ki, bu gözəl Azadlığım!
Könlüm Qarabağ, canım Azərbaycanım!
Bəs “Ayrılarmı könül candan”?!
Azərbaycan! Azərbaycan!
30.10.2025.
Ələsgərli YUNUS Elşənoğlu

Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq əlaqələr fakultəsinin birinci kurs tələbəsi
29-10-2025, 14:24
Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb

Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparılıb

Dövlət Miqrasiya Xidmətinin dəstəyi və DMX yanında İctimai Şuranın təşkilatçılığı ilə Bakı Slavyan Universitetində “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Universitetin beynəlxalq təhsil proqramları şöbəsinin müdiri Nihat İsmayılzadə və həmin şöbənin baş mütəxəssisi Güllübəyim Cəfərova çıxış edərək tədbir iştirakçılarını rəhbərlik adından salamlayıb, universitetdə əcnəbi tələbələr üçün yaradılan şəraitdən, qeydiyyat prosesindən və tətbiq edilən yeniliklərdən danışıblar.

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğu vurğulanıb.
DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb və miqrasiya qaydalarına dair ətraflı izahat veriblər.

Çıxış edən DMX yanında İctimai Şuranın sədri Sima Yaqubova, tələbələrə miqrasiya mövzusunda bir sıra hüquqi məsələlər üzrə tövsiyyələrini verib.
"Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin sədri Vidadi Fətullayev və digər çıxışçılar ictimai təşkilatların əcnəbilərin cəmiyyətimizə inteqrasiyası yolunda fəaliyyətinin əhəmiyyətindən bəhs edib və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti və Bakı Slavyan Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
10-10-2025, 15:47
“YARADANIN SEVGİSİ İLƏ   HAQQ VƏ HƏQİQƏT AXTARIŞINDA


“YARADANIN SEVGİSİ İLƏ

HAQQ VƏ HƏQİQƏT

AXTARIŞINDA
”
-FOTOLAR

İnsan ruhunun təzahürü ədəbiyyatda öz əksini tapır. Şeir, qəzəl isə qəlbin gizli səsidir. Tarix boyu Azərbaycan torpağında Nizami, Füzuli, Nəsimi kimi xalqına, vətəninə, dininə bağlı şəxsiyyətlər yaşayıb yaratmışdır. Bütün bu xüsusiyyətlər onların qəzəllərində təcəssüm olunur. Milli kimlik, Allah sevgisi, haqq, doğruluq axtarışı böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığının ana xəttidir. Orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İ.Nəsimi anadilli fəlsəfi qəzəlin əsasını qoymuşdur. Dini və dünyəvi elmlərə dərindən yiyələndiyi üçün qəzəl, qəsidə, rübai, tuyuq, müstəzad janrlarında yazdığı şeirləri ilə dövrünün şairlərindən seçilirdi. Dininə sevgi ilə bağlanan Nəsimi “Seyyid” və “Hüseyni” təxəllüsləri ilə də şeirlər yazırdı. Əvvəl sufi idi. Bir müddət sonra hürufilik onu cəlb etdi. Çünki hürufilik ideyaları düşüncələrinə daha çox yaxın idi. Həyata baxışı, dünyagörüşü ilə fərqlənirdi. Nəsimi insanlara humanist yanaşmanın tərəfdarı idi. Allahın insanda təcəssüm olunduğunu düşünürdü. Müəyyən cahil kütlə Nəsiminin ideologiyasını birmənalı qarşılamır, ona düşmən kimi yanaşırdılar. Çünki şeirlərində fəlsəfi düşüncə əsas idi. Bu səbəbdən çoxları anlaya bilmirdi. Buna baxmayaraq, Nəsiminin fikirlərini alqışlayanlar da az deyildi. Yaradanın sevgisi ilə haqq və həqiqət axtarışında olan Nəsimi həbs olunaraq 1417-ci ildə edam olundu. Allahına aşiq şair heç vaxt düşmənlərə baş əymədi.

Nəsiminin qələmə aldığı mövzular, ideyalar çağdaş dövrümüzdə də aktualdır. 2018-ci ildə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İ.Nəsimi yaradıcılığına həsr olunmuş şeir, sənət və mənəviyyat festivalı təşkil olundu. Festivalda “Söz” ədəbi layihəsinin elan etdiyi şeir müsabiqəsində mən də iştirak etdim. Nəsimi poeziyasını uşaq dünyagörüşü çərçivəsində təqdim etdiyimə görə diplomla təltif olundum.

Yeddi il sonra Nəsimiyə olan eyni sevgi ilə yenidən Nəsimi festivalında oldum. Nəsimi-şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin yeni quruluşda təqdimatı oldu. Əsər simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə səhnələşdirildi. Tamaşa müddətində aktyorlarla bərabər, orkestr musiqiçiləri də iştirakçıya çevrildilər. Yeni təqdimatın əsas özəlliyi də məhz bu idi. Hüseyn Cavidin oxucuya çatdırmaq istədiyi fikir və ideyaları aktyorlar böyük məharətlə tamaşaçılara təqdim etdilər. Tamaşanın baş rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə idi. Baş rolun ifaçısı və dirijor isə Mustafa Mehmandarov idi.

Festivalın 3-cü günündə şair Nigar Həsənzadənin rəhbərliyi ilə “Söz” sənət mərkəzinin təqdimatında “SAVALAN” qrupunun ifası ilə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə keçirildi. Açıq səma altında Nəsiminin qəzəllərini dinləmək o qədər qəlb oxşayırdı ki, tədbirin yekunlaşmasını istəmirdim. Özümü sanki Nəsiminin yaşadığı illərdə hiss edirdim. Rəqs və musiqinin vəhdəti insanın ruhunu dincəldirdi. Çünki Nəsimi yaradıcılığı düşündürür, həyatı dərk etməyə sövq edir. Ən əsası da insanı Allaha yaxınlaşdırır.

İ.Nəsimi həm dövrünün, həm də bu günümüzün əbədi əyilməz dağ simvoludur. Onun poeziyası bu gün də aktualdır, illər, əsrlər keçsə də yaşayacaq, unudulmayacaq.





Aysel MÜBARİZQIZI,

BDU Jurnalistika fakultəsinin magistrantı
19-09-2025, 18:34
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür


20 Sentyabr - Dövlət Suverenliyi Günüdür

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.
Beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Dövlətimiz qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin etdi.
2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Antiterror əməliyyatı cəmi 23 saat 43 dəqiqə davam etdi. Yüksək peşəkarlıqla yerinə yetirilən əməliyyat nəticəsində erməni təcavüzkarları müzəffər Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi. Qəhrəman Azərbaycan oğullarının inamını, cəngavərliyini, qorxmazlığını görərək özləri, orduları haqqında mif uyduran vandallar silah-sursatı atıb qaçdılar. Beləcə, müharibənin əvvəlindən Ermənistan ordusunun 11 min əsgəri fərarilik edərək, qorxaqcasına silahını qoyub qaçmışdı.
Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bəli, Dövlət Suverenliyimiz bərpa olundu. Artıq hər il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edilib. “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Sahibə MUSAYEVA,
Şəhid Sahib Musayevin qızı,
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi

22-05-2025, 13:13
Gənc ruh, gənc istək və “Gənc işçi”


Gənc ruh, gənc istək və “Gənc işçi”

Biz onunla tanış olduq bir yaz səhəri
Gənc işçidə
Tez məhrəm oldu bir-birimizə könlümüzün
Gözü də, qəlbimizin içi də
Masamın yanına gəldi
Əlini uzatdı:- Mikayıl Müşfiq, - sonra əlavə etdi:
Qoçaqsan, qafiyə tapsan!
Dedim: - Ağır olar bu yük
Uğundu getdi bu qəribə, gözlənilməz
Qafiyəyə
Sonra yoldaşlarına qoşuldu, getdi
Dostluğumuz belə başladı

(Rəsul Rza “Qızılgül olmayaydı” poeması)

“Əgər Qızılgül olmayaydı poemasını Mikayıl Müşfiq oxusaydı, kövrələrdi, bəlkə də ağlayardı... Amma əgər Mikayıl Müşfiq yaşasaydı, mən bu poemanı yazmazdım” – bu sözlər Rəsul Rzanındır. O, təkcə bir şairin yox, bir dövrün, bir nəslin qırılan qanadlarını duyurdu bu cümləsində. Çünki Mikayıl Müşfiq yaşasaydı, yalnız söz deyil, zaman da dəyişərdi. Onun səsi susduruldu, amma onun qəlbindən doğan misralar hələ də danışır, yaşadır, düşündürür.
Mikayıl Müşfiq 1908-ci ildə Bakıda doğuldu. Həyatı qısa olsa da, irsi böyük oldu. Onun yaradıcılıq yolunun ilk addımları “Gənc İşçi” qəzetində atıldı. Bu qəzet təkcə onun üçün iş yeri yox, düşüncələrinin və duyğularının kağıza töküldüyü bir məktəb idi. Müşfiq “Gənc İşçi”nin səhifələrində təkcə yazmırdı, o danışırdı, oxuyurdu, yaşadırdı. O, xalqının gəncliyinin, ruhunun, arzularının içindən söz süzürdü. Hər misrasında bir inam, bir istək, bir gənclik təntənəsi vardı. Müşfiq yaradıcılığı istəklə, inamla, işıqla dolu idi. O, bir gənc kimi yalnız özünü yox, bütün bir nəslin səsini dilə gətirirdi:
“Mən gəncəm, bilirəm, istiqbalım var!
Hələ bədr olmamış bir hilalım var” deyirdi. Bu, sadəcə bir cümlə yox, bir nəsil inamının hayqırtısı idi. Onun qələmi boynubükük yox, üfüqlərə dik baxırdı. O, gələcəkdən qorxmurdu, gələcəyi sevirdi, ona inanırdı. Mikayıl Müşfiqin şeirlərində musiqi ilə söz arasında incə bir tellə bağ qurulmuşdu. O, xalqın ruhunu, dərdini, sevincini sazın, tarın səsi ilə hiss etdirirdi:
“Oxu tar, oxu tar, səni kim unudar ?”
Bu misralarda təkcə musiqiyə məhəbbət deyil, xalq ruhuna, mədəniyyətə, keçmişə bir bağ, bir hörmət hiss olunur. O, keçmişlə gələcəyin arasında körpü salır, bu körpüdən keçən insanlara səs verirdi.
Müşfiqin “Yenə o bağ olaydı” şeiri nostalji hisslər ilə doludur. Orada keçmişə, təmiz duyğulara qayıdış var. Bu gün şeirini oxuduqca görürük ki, bəlkə də bu, onun yalnız şəxsi xatirəsi yox, həm də bütöv bir xalqın itirilmiş sadəliyinə, təbiiliyinə, təmizliyinə həsrət idi...
“Yenə o bağ olaydı,
Yenə yığıșaraq siz
O bağa köçəydiniz ...”

Burada təbiətə, səmimiyyətə, azadlığa olan ehtiyac duyulur. Müşfiq sanki zamanın harasa sovurduğu bir təmizlik halını arzulayır. Onun poeziyası yalnız gələcəyə yönəlmir, keçmişi də öz ağuşuna alır.
Müşfiqin bir misrası var ki, onun bütün həyat fəlsəfəsini, dünyaya, həyata, yaşama olan sevgisini bir misrada cəmləyir:
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Bu misra, sanki bir vida deyil, bir dirənişdir. O, ölümdən qorxmurdu, amma yaşamı çox sevirdi. Sevgini, təbiəti, musiqini, gəncliyi, gələcəyi çox sevirdi. Elə bu sevgi onu əbədi yaşadan qüvvəyə çevrildi. O, getdi, amma onun misralarından süzülən işıq qaldı. Və o işıq bu gün də poeziyamızın yolunu işıqlandırır.
Mikayıl Müşfiq yaradıcılığı həm məzmun, həm forma baxımından Azərbaycan poeziyasında yeni bir mərhələ oldu. O, şeirə yalnız bədii gözəllik deyil, qürur, azadlıq və gənclik enerjisi gətirdi. Onun qələmi duyğularla deyil, dəyərlərlə dolu idi. O, yazmaqla qalmadı, yaşatdı. Səsi boğulmaq istəndi, amma o səs, əsrlərdən gələn sazın səsi ilə birləşdi, xalqın qəlbinə köçdü. Mikayıl Müşfiq təkcə istedadlı şair deyil, həm də bir simvoldur -əzab içində doğan ümidin, gənc yaşda susdurulan böyük ruhun, vətəni və insanı sevən qəlbin simvolu. Onun şeirləri zamanın tozuna boyun əymədi, çünki o misralar xalqın qəlbində yazılıb.
Əgər bir gün sükut danışsa, Mikayıl Müşfiqin səsini eşidəcəyik:
“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
Şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!”


Namiq İSlAMZADƏ,
Tələbə
11-04-2025, 08:18
"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru


"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə Dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru olan Samir Xalidoğlu daha sonra sözü "Yazarlar" jurnalının baş redaktoru, kitabın ərsəyə gəlməsində ən böyük zəhməti olan Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən "25 yarpaq" layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın "Debüt" adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində böyük zəhməti oldu.

Zaur Ustac Südabə Məmmədovaya "Debüt" kitabının nəşri münasibətilə "Ziyadar" mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, "Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:"Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!"

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz "Qansız davranışlı qanlı düşmən " adlı ilk yazısı ilə "Bütöv Azərbaycan" qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova "Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri" dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Təhmasib İSAYEV
FOTOLAR
30-03-2025, 16:54
Məscidi Cənnətə bənzədən mələk

Məscidi Cənnətə bənzədən mələk

Bibiheybət ziyarətində olarkən balaca qızın sevincək halda anasına "- Ana, bura Cənnətə oxşayır" dediyini eşitdim...

Məscidi Cənnətə bənzədən mələk
Burada insanlar qəlbin açıbdır...
Duayla isinən nə qədər ürək,
Allah hüzurunda əlin açıbdır...

Sənin gözlərində fərqlidir dünya
Təbiət donunda rəngli görülür..
Üzündə gülüşlə, işıqla, nurla,
Ümiddən özünə çələng hörülür...


Şirin arzularla, xoş dualarla
Cənnəti məscidə oxşadan mələk...
Nağıla boyanan sənin dünyanda,
Məscidin özü də Cənnətmiş demək...
2023
Aytac Mübarizqızı (Babayeva)
UNEC-in I kurs MBA magistr tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!