Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
23-05-2024, 12:46
Yaşıl rəngli ümid çələngi!



Yaşıl rəngli ümid çələngi!
23 May-Ekoloqlar günü
Təbiət öz çələngini dəyişən fəsillərə uyğun yeniləyir. Bu çələngin özəyini təşkil edən əsas rəng isə yaşıldır. Təbiət yaşıl rəngli ümid çələnginə büründüyü kimi təqvim də ekologiyaya bürünüb. Nəzər salsaq, hər ay, hər həftə mütləq təbiətin zərrəsi ilə bağlı gün var.
Yerdə həyatın olmasının əsas şərti ətrafında olan atmosferin tərkibində oksigenin miqdarının çox olmasıdır. Oksigen mənbəyi olan ağacların mövcudluğu bütün canlılara əvəzsizdir. ABŞ-ın Nebraska ştatının sakini Corc Morton bir günün ətraf ərazilərin yaşıllaşmasına həsr olunmasını təklif etmişdi. İlk olaraq onun özü və ailəsi ağac əkməyə başlayır. Tezliklə bu təşəbbüsə bir çox insanlar qoşularaq təqribən bir milyon ağac əkilir. İllər keçir və bu aksiya hələ də davam edir. Əsas məqsəd isə dünyanı yaşıl rəngə bürüməkdir.
Torpaq bəşəriyyətin ən qiymətli sərvətidir. Onun qorunması insanlar üçün həyati əhəmiyyət kəsb edir. Amma nəzərə almaq lazımdır ki, Yer kürəsində torpaq ehtiyatı o qədər də çox deyil. Xüsusilə əhalinin sürətlə artdığı dövrdə torpağa olan tələbat da artır və yararlı torpaq ehtiyatı isə azalır. Torpaq həm təbii amillərin, həm də insan fəaliyyətinin təsiri ilə çirklənir. Daha çox səbəb kimi insan faktoru danılmazdır. Su, külək, temperaturun dəyişməsi və s. təbii amillər torpaqların yuyulmasına və onun münbit qatının yararsız hala düşməsinə səbəb olur. Bunun nəticəsində torpağın məhsuldarlığı azalır. Lakin torpağa ən böyük ziyanı insanlar vurur. Bitki örtüyünü, xüsusilə meşələri məhv etməklə insanlar torpağın məhsuldarlığını azaldır, eroziyanı gücləndirir. Məhsuldarlığı aşağı düşmüş torpaqların bərpası məqsədi ilə meliorasiya tədbirləri həyata keçirilir. Torpaq bitkiləri qidalandıraraq onlara həyat verir. Bitkilər də öz növbəsində heyvanlar və insanlar üçün mühüm qida mənbəyidir. Torpağın əmələ gəlməsi uzun təbii prosesdir. Buna bir sıra təbii amillər təsir edir. Torpağı “təbiətin güzgüsü” adlandırırlar. Torpaqların müxtəlifliyi ilk növbədə ərazinin iqlim şəraitindən, bitki örtüyündən, relyefindən və s. asılıdır. Bütün sahələrdə olduğu kimi, təbiətin qorunması üçün zəruri olan tədbirlər, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu sıradadır. Təbiətin qorunması üçün zəruri olan tədbirlər kənd təsərrüfatında müasir üsulların tətbiqi, torpaqların mühafizəsi, qorunan ərazilərin yaradılması, qanunların qəbul edilməsi, texnoloji proseslərin yenidən qurulması, əhali arasında təbliğatın aparılması və meşələrin salınmasıdır.

Azərbaycan füsunkar təbiəti, zəngin təbii ehtiyatları ilə həmişə diqqəti cəlb etmişdir. Bu ehtiyatlar uzun illər ərzində coğrafiyaçı alimlər tərəfindən öyrənilmişdir. Vaxt keçdikcə təbii şərait və sərvətlərin öyrənilməsi prosesi davam edir və onların istifadəsi genişlənir. Azərbaycanın görkəmli alimi, filosof, astronom, tarixçi Nəsrəddin Tusi 1259-cu ildə Marağa şəhərində rəsədxana qurmuşdur. Burada o, məlum olan məntəqələrin koordinatlarını müəyyən etmiş, astronomik hesablamalar aparmışdır. Yerin fırlanmasını sübut etmişdir. Azərbaycanda təbiətin inkişafı üçün XIX əsrdə də xeyli işlər görülmüşdür. Bu sahədə fəaliyyət göstərmiş alimlərimiz sırasında ilk təbiətşünas alim Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlının böyük zəhməti olmuşdur. Tək 23 Mayda deyil, planetimizdə yaşadığımız hər gündə təbiətimizi qorumalıyıq.
Qarabağ torpağı öz zəngin ekologiyası-saf havası, gözəl yaylaqları, Cıdır düzü, dünyada məşhur olan Qarabağ atları, qoruq və yasaqlıqlardakı heyvan və bitkiləri, çayları, yeraltı və yerüstü sərvətləri, sərin bulaqları, meşələri ilə hər zaman dünyaya səs salmışdır. Azan səsi ilə oyanan Qarabağ torpaqlarımızda yetişən kənd təsərrüfatı məhsulları keyfiyyətinə görə yenidən dünyaya səs salacaq!

Aytac MÜBARİZQIZI, (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin Ekologiya ixtisasının tələbəs
i
16-05-2024, 12:04
Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj


Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj

Demək olar ki, artıq ali təhsil müəssisələrində yaz semestri başa çatmaq üzrədir. Semestr boyu müəllimlərimiz tərəfindən keçirilən dərslərin, verilən tapşırıqların öhdəsindən gəlməyə, etimadı doğrultmağa çalışırıq. Buna baxmayaraq tənəffüs müddəti yuxarı kurs tələbələrinin gərgin şəraitdə çalışması, müəllimlərimizin onlara əllərindən gələn köməyi göstərməsi diqqətimdən yayınmır. Sonra məlum olur ki, artıq əyani təhsil alan həmin bakalavrlar istehsalat təcrübəsindədirlər. Digər qiyabi təhsilalanlar isə təcrübə ilə yanaşı, həm də diplom müdafiəsi və dövlət imtahanına hazırlaşırlar. Məlumdur ki, 2020-ci ildə və ondan sonra bakalavr pilləsinə daxil olan tələbələrin diplom işi müdafiə etməsi və ya attestasiya imtahanı verməsi ləğv olunub. Bu mənada indiki qiyabi təhsilalanlar (2019-cu ildə qəbul olunanlar) demək olar ki, bakalavr pilləsində sonuncu diplom müdafiəçisidirlər.

Bu məsələ birinci kurs tələbəsi olaraq mənim də marağımı çəkdi. Bəlkə də buna səbəb auditoriyamızın qiyabi şöbə ilə yaxın məsafədə olmasıdır. Tələbələr mütamadi olaraq bu otağa gəlir, müəllimlərlə çox vaxt da Esmira Rövşənova ilə məsləhətləşirlər. Beləcə, gərgin keçən iş prosesinə yaxından bələd olmaq, işin gedişatını öyrənmək və izləmək üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin sonuncu kurs tələbəsi Əsgər İsmayılovla bir gün keçirmək qərarına gəldim. O, təklifimə məmnunluğunu gizlətmədi. Söhbət əsnasında aydın oldu ki, diplom müdafiəsi ilboyu öyrəndiklərini, nəzəri və təcrübi biliklərini sistemləşdirmək, möhkəmləndirmək, sonda analitik və yaradıcı düşüncəni birləşdirərək son nəticəyə gəlməkdir. Məlum oldu ki, buraxılış işi "Milli Mətbuat tarixi" kafedrasında olacaq. Üzərində işlədiyi mövzu isə "Erməni-müsəlman davası"dır. Mövzu olduqca tarixidir, dünən, bu gün, sabah üçün çox əhəmiyyətlidir. Gün ərzində Əsgərlə nəşriyyata, kitab mağazasına, arxivə baş çəkdik. "Azərbaycan" qəzetinin müxtəlif nüsxələrilə tanış olduq.





Tariximizin qaranlıq səhifələrinə işıq salan qəzetin hər nömrəsi bizdə kədər və sevinclə bərabər, həm də xüsusi maraq doğurdu. Azərbaycan Respublikasında keçirilən seçkilər və digər tarixi məqamlar diqqət çəkdi. Digər məqam ondan ibarətdir ki, tarixi vərəqləyərkən yazıların əksərən kiril və ya əski əlifbada olması idi.


Bir əsrdə dörd dəfə əlifbanın dəyişməsi nə qədər də ağrılı imiş, deyə öz-özümə təəssüfləndim. Zaman azlığına baxmayaraq müəyyən mənada çalışdım ki, bu əlifbada nələrisə öyrənim. Əsgər bildirdi ki, ADA Universitetinin təşəbbüsü ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı artıq transliterasiya olunmaq üzrədir. 20 cilddə nəzərdə tutulan toplunun demək olar, xeyli hissəsi işıq üzü görüb.



Sevindirici haldır ki, Azərbaycanın səhifələrində yaşayan müstəqillik və mübarək tariximiz bütün oxucular üçün əlçatan olacaq. Təbii ki, dünəninə bağlı olanlar üçün. Əsgərlə söhbətimiz əsnasında bildirdi ki, əvəzsiz tədqiqatçı, böyük azərbaycanlı rəhmətlik Şirməmməd Hüseynov vaxtilə gərgin zəhmət və çətinliklə Üzeyir Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yazılarını transliterasiya edərək qəzetlərdə dərcinə nail olmuş, həm də ayrıca kitablar halında nəşr etdirmişdir. Bununla da həm də "erməni-müsəlman davası"nın tarixi, bu məsələyə münasibətin kökləri görünmüşdür. Ümumən bu məsələyə fundamental yanaşan şəxsiyyətlərdən biri də Üzeyir bəy olmuşdu. Onun musiqisi, publisistikilası, geniş mənada bütün yaradıcılığında bunu görmək olar. Əsgərlə olan görüşümüzün sonlarına yaxınlaşarkən, Şirməmməd Hüseynov yaradıcılığına bir daha toxundu. Və Şirməmməd müəllimin Üzeyir bəydən həm jurnalistlər üçün, ümümən hamıya xitabən söylədiyi misalı xatırladı: "Vətən abadlığı, millət səlamətliyi, camaat tərəqqisi, dövlət intizamı, bir də istiqlaliyyət. Kim bu prinsiplərə əməl edərsə, bizim qəzetin səhifəsi bir ananın öz doğma övladına açdığı qucağı kimi ona açıqdır”. Dostluq şəraitində keçən görüşün sonuna gəldik və qarşı tərəfə minnətdarlıq etmişdim ki, birdən kitablar arasında rəngsiz, solğun şəkil diqqətimi çəkdi. Və şəklin tarixini soruşdum: - "Ayxan, rəsmdəki müəllimlər fakültəmizin sütunları olub və həmişə sevgiyə, sayğıya layiqdirlər. Mahmud müəllimə cansağlığı arzulayıram, şəkildəki digər müəllimlərimizin də ruhu şad olsun", deyə bildirdi. Digər müəllimlərin adlarını sadalamağı xahiş etdim. Əsgər ürəklə sağdan-sola saymağa başladı: Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov, Seyfulla Əliyev, Mahmud Mahmudov və Əliş Nəbili. Söz verdim ki, yazını hazırlayanda bu şəkil başlıq olacaq.



Beləcə, Əsgərlə fakültə dəhlizində başlayan görüşümüz masa arxasında fakültə dəyərlərini yada salmaqla yekunlaşmış oldu. Oxuculara isə xoş mütaliələr qaldı.




Ayxan İbişov
BDU Jurnalistika fakültəsinin tələbəsi
14-05-2024, 17:49
Ədəbi prosesdən əbədi zəfərə


Ədəbi prosesdən əbədi zəfərə


Qətiyyətlə deyə bilərik ki, İkinci Vətən savaşı həm də həmrəyliyin, milli-mənəvi birliyin qələbəsinə çevrildi. Həmin günlərdə Xudayarımız "Vətən yaxşıdır" ifası ilə dastanlaşdı. "İstiqlal marşı"nı şövqlə söyləyən bığıburma igidimizin hər misrası Dədəm Qorqud əlindəki qopuz uyarına, ahənginə çalındı... Dünyaya şücaətləri, qorxmazlıqları ilə səs salan ərənlərimiz, həm də kamera önündə gülərüzləri, səlis nitqləri, ədəbiyyata, incəsənətə bağlılıqları ilə seçildilər. Döyüş meydanında baş verən təbii və qeyri-adi hadisə əksər dünya mediasında yayımlandı. Bütün bunların özülündə, mayasında nələr dayanırdı, hansı amillər şərt idi? Bu suala cavab olaraq, yüzlərlə faktı misal göstərmək olar. Məsələn, müstəqilliyimizin ilk illərində Heydər Əliyevin bu gün öz təsdiqini tapan nitqində deyilir: "Məhəmməd Füzuli-500" tədbirləri xalqımızın mənəvi həyatını daha da zənginləşdirir, adamlarımızı ruhlandırır, onları Vətənə, torpağa sədaqət ruhunda tərbiyələndirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək üçün hamımızı səfərbər edir. Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə M.Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq".

Bütün bunlar rəhbərin tizfəhmli, müdrik, uzaqgörən olmasından qaynaqlanırdı. O, əlbəttə, irəlicədən görürdü ki, milli-mənəvi dəyərlərə bağlılıq, keçmişdə türkləri birləşdirən dəyərlərimizə sadiqlik, elm və ədəbiyyat adamlarımızı tanımaq, öyrənmək, əxz etmək xalqı hər sahədə birləşdirir. Bu mənada həm də Heydər Əliyev müstəqil Azərbaycanın təhlükəsizliyini qoruyan oğul və qızlara səslənərək deyirdi: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Yəni belə səviyyədə olmalıdır. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz". Əlbəttə, Heydər Əliyevin Vətənpərvərlik məktəbinin müdavimləri elə o soyuq illərdən, çətin sovet dövründən yetişməyə başlamışdı. Bu barədə Heydər Əliyevin xatirələri tarixidir: "...1953-cü ilin sonunda mən birdən-birə əks-kəşfiyyat şöbəsinə rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan - onların da əksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu..."

Çətinliklərə rəğmən kommunist ideologiyasının hökm sürdüyü sonrakı mərhələlərdə Heydər Əliyev bir çox stereotipləri dağıtdı. Quruluşun nöqsanlarını tənqid etdi, fikrin açıq şəkildə söylənilməsi cəsarətini göstərdi, mənəvi-əxlaqi qaydalardakı qüsurlardan danışdı. Onun çıxış etdiyi plenumlar hər zaman açıq, tənqidi təhlil şəraitində keçdi. Məruzələrinin dərc olunduğu qəzetlər əl-əl gəzdi. Biz bunları yaxın tariximizdən, oxuduqlarımızdan öyrənirik, bilirik...

"'Literaturnaya qazeta'da Heydər Əliyevlə müsahibə baş tutdu və onun məzmunundan, yeri gəlmişkən, Nizami Gəncəvinin misralarından götürülmüş "Qoy ədalət zəfər çalsın" sözlərindən ibarət başlıq yarandı. Həmin müsahibə ümumittifaq miqyaslı istənilən siyasi materialdan daha güclü bir ictimai rəy yaratdı" (Bax: H.Həsənov, "Parlaq, xarizmatik, şəxsiyyət haqqında xatirələr, səh.,16).

Demək ki, tarixin ortaya qoyduğu həqiqət doğru imiş: kökə bağlılıq olmadan dövlətçilikdən, zəfərdən danışmaq müşkülmüş.

Şuşada keçirilən tarixi "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Ali Baş Komandan İlham Əliyevin çıxışından bir hissə ilə yazını tamamlamaq istəyirəm: "... Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun”.

Ədəbi prosesdən və milli-mənəvi birlikdən başlayan əbədi zəfərimiz mübarək!


Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin tələbəsi
14-05-2024, 17:21
Vətənin vüqarlı oğlu- Fuad Qurbanlı



Vətənin vüqarlı oğlu - Fuad Qurbanlı

Tariximizin şanla və qanla "yazılmış" səhifələrini vərəqlədikcə qürur, həm də kədər hissi keçiririk. Görürük ki, odlar yurdu tarixi hadisələrin, müxtəlif mərasimlərin, döyüşlərin demək olar, mərkəzi olub. Bu ellərə dost da gəlib, yağı düşmən də şığıyıb. Gəlin, ən yaxın və ən qürurlu keçmişdən bir səhifəyə nəzər salaq:

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. 24 saat çəkən "antiterror əməliyyatları" Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb.

Bu qələbə Azərbaycan tarixinin ən vüqarlı, ən əzəmətli hadisəsidir. 200 illik tariximizin ən şanlı səhifəsidir... Bu səhifəni ərənlərimiz, bahadırlarımız Səməd Vurğun poeziyasındakı Vətən himninə çevrilən misraların qüdrətinə sığınaraq açmış və yazmış oldu:

Unudulmaz el yolunda canı qurban olanlar,
Vətən mülkü abad yaşar vəfadarı görəndə.

Bu gün həmin o vəfadarlardan, Vətən yolunda canından keçməyə hazır dayanan, tək amalı düşməni məhv etmək olan qazimizdən danışacağıq. Rəhmətlik Xəlil Rza demişkən, "...Vətən məfhumunun özəyindəki, Vətənin vüqarlı oğulları"ndan biri – Qurbanlı Fuad Mənsur oğlundan. Qazimiz 28 noyabr 2000-ci ildə Yevlax rayon Səmədabad kəndində anadan olub. 2007-ci ildə birinci sinifə gedən Fuad Qurbanlı 2018-ci ildə həmin məktəbin məzunu olub. Məzun olduqdan sonra, 2019-cu ildə hərbi xidmətə yollanan Fuad Qurbanlı müddətdan artıq hərbi xidmətdə qalmaq qərarına gəlir. Həmin ərəfədə tarixmizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan 44 günlük müharibədə minamyotçu olaraq iştirak edən Fuad Qurbanlı, şücaətlə vətənin keşiyində duran igidlərdən olub. O, böyük qürurla bildirir: "Gizirlik kursları keçib, komando bölmələrinə daxil olduqdan sonra 2022-ci il Kəlbəcər rayon əməliyyatlarında Cemrux istiqamətində döyüşlərdə olmuşuq”. Müsahibimin şücaətləri bunlarla da bitmir, o, 2023-cü il sentyabrın 19-da “Lokal antiterror əməliyyatlarında” da iştirak edib. Qazimiz “2023-cü il, sentyabr ayında lokal antiterror əməliyyatlarında iştirak edərkən, yaralanıb minaya düşdüm və nəticədə sağ ayağım dizdən aşağı amputasiya olunubdur”, deyə bildirib. "O vəziyyətdə hansı hissləri keçirdiniz?" sualına müsahibimin cavabı qarşısında qürur və fəxr hissi keçirdim.

“O hissləri sözlə çatdırmaq, dil ilə anlatmağa çalışmaq çox çətindir. Orada yaşananları ifadə etmək qeyri-mümkündür. Çünki, bilmirsən səni nə gözləyir, tək düşündüyümüz düşməni məhv etmək idi. O an tək düşündüyüm, ağlımın və qəlbimin səsi eyni idi: düşməni məhv etmək. Məndə qorxusuzluq hissi var idi. Fərqində idim ki, heç nə məni qorxutmur”.

Müsahibimin ağır müharibə şəraitində yaşadıqlarını qürurla nəql etməsi məni sadəcə heyrətə gətirirdi. Bu ifadələri onun dilindən eşidib və gözündən oxuyandan sonra onun timsalında minlərlə Vətən sevgisini təpədən-dırnağa qədər ruhunda, canında yaşadan oğullarımıza təşəkkür etdim. O, yaralandığı, Vətənə öz canından can, qan verdiyi xatirələri, silahdaşının həmdəmliyindən danışdı: “Yaralanıb minaya düşdükdən sonra, döyüş yoldaşlarımdan biri olan Tərtərdən Mirzəlizadə Orxan mənə çox köməklik etdi. İlk tibbi yardım göstərdi, iynə ağrıkəsicilərimi elə ilk o vurdu”.

Sözlərinə davam edən qazimiz digər əsgərlərin də ona necə kömək etdiyindən söz açdı və bildirdi ki, onu öz kürəyində ilk tibbi yardım maşınına aparan da elə cəbhə yoldaşlarından olub.
Qazimiz deyir ki, ayağı amputasiya olunduqdan sonra bir ay müddətində xəstəxanada olub. Xəstəxanadan çıxdıqdan sonra “ Cəsur döyüşçü” medalı ilə təltif olunan, həm 44 günlük Vətən müharibəsində, həm də “antiterror əməliyyatlarında “ iştirak edən qazimiz Fuad Qurbanlıya bütün Azərbaycan xalqı adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Allah bütün qazilərimizə can sağlığı versin, şəhidlərimizə də rəhmət eləsin. Allah dövlətimizə daim sülh və əmin amanlıq nəsib etsin.

Tehran Yusifli
BDU Jurnalistika fakültəsinin tələbəsi
10-05-2024, 18:27
Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ”


Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ”

Publisistika ədəbiyyatla jurnalistikanın tam mərkəzində dayanır. Məzahir Süleymanzadə publisistikası "Səhər" qəzeti ilə 20 Yanvar faciəsinin tən ortasında dayandı: həqiqəti dünyaya hayqırmaq üçün. Həqiqətən də "Səhər", "...əzilən bir sinfin hayqıran; haqq bağıran sədasından yarandı" (M.Müşfiq). O zamanlar Məzahir Süleymanzadə yazırdı: "Qanlı yanvardan dərhal sonra 'Səhər' qəzeti iki milyon (!) tirajla çıxdı və pulsuz paylanıldı". Maraqlı məqama diqqət çəkmək istəyirəm. Şəkildə – arxivimdə saxladığım qəzetlərin tən ortasında "Səhər" qəzetinin iki nüsxəsidir. 1998-ci ilin 18 mart və 28 may buraxılışı. 28 may günü qəzet yarı qiymətlə satışa çıxır (yəni, o zamanın qiyməti ilə 1000 manat deyil, 500 manata).



F.Sadıqlı dediyi kimi, "'Səhər' 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən möhtəşəm söz abidəsidir". Qəzetin söz abidəsi olduğu zaman jurnalist R.Rüstəmov "Səhər əllərdə gəzirdi" adlı məqalə ilə çıxış etdi. Başlıq milli sözə ehtiyacdan, inamdan doğdu. Fikirlərə əlavə edərək deyərdim: "'Səhər' həm də qəlblərdə gəzəcək, könüllərdə yaşayacaq, təsisçisi və baş redaktoru Məzahir Süleymanzadə ilə birlikdə... Çünki Məzahir müəllim "Səhər"lə xalqın Vətəndaşlıq mövqeyini ortaya qoymuşdu, azərbaycanlı - türk olmağımızdan doğan qüdrətimizi dünyaya göstərmişdi, xalqımızın başına gələn fəlakətin miqyasını dərk etməyimiz üçün gecə-gündüz çalışmışdı. Belə "Səhər"lər heç vaxt gecəyə təslim olmur. Hər zaman günəşlidir, nurludur. Yuxarıda qeyd etdiyimiz kimi, "Səhər" haqqın səsini günəş zərrələrində dünyaya çatdırdı: düşmən qaranlığına günəş odu səpdi. Bu mənada Məzahir müəllim Süleymanzadə xatirələrdə əbədiyaşardı.


Əsgər İsmayılov
BDU Jurnalistika fakültəsinin tələbəsi
8-05-2024, 21:54
Torpağın səsinə hay verdik


Torpağın səsinə hay verdik

Tarix 8 may 1992-ci il idi. Xocalının işğalının ağrı və acısını, unuda bilməyən yurdum bir zərbəni daha o gün aldı.
Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın nazlı qızı, neçə- neçə dahilərin ana yurdu -Şuşa işğal edildi. Şuşa şəhəri artıq bizim deyildi, qəlbləri həsrət alovu bürümüşdü. Yurd həsrətiğ, ev həsrəti bütün Azərbaycanlıların qəlbində dərin ağrı salmışdı. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini; mədəni-maarif və kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi olan bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün , musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
O gün gəldi, vaxt döndü.
Həsrətə dözməyən xalq torpağın səsinə hay verdi.
Şuşanı görməyən gənclər, görüb həsrətilə qovrulan igidlər və Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin şücaəti sayəsində Şuşaya Qovuşduq . 28 illik həsrət vüsala yetdi. Payız səhəri, 8 noyabr idi.
28 il sonra igidlərimiz Şuşaya ayaq basdı. Əlbəyaxa döyüşərək, qəhrəmanlıqla, yalnız vətəni, torpağı düşünən igidlər o gün azad etdilər Şuşanı. Noyabrın küləyi, mayın günəşindən isti gəlmişdi o gün bizə. Biz Şuşamıza qovuşmuşduq. Öz elindən ayrılan insanlar, qovuşdular ata- baba evlərinə. Unutmadıq, unutdurmayacağıq, qisasımızı da aldıq. Bu gün Şuşa bizimdi çox şükür. Ali Baş Komandanın dili ilə desək :” ƏZİZ ŞUŞA SƏN AZADSAN!” .

Barıt qoxulu o yollar, o yollarda şəhid olan igidlərimizi qaytarmayacaq. Lakin, o igid əsgərlər vətənin keşiyində alnı- açıq, üzüağ duraraq ən uca mərtəbəyə yetdilər. Haqqınızı halal edin, igid qardaşlarımız.
Ali Baş Komandanın əsl liderliyi, əsgərlərimizin igidliyi, vətənpərvərliyi sayəsində Şuşaya qovuşduq, getdik və nazlı qızımız Şuşanı gördük.

O müqddəs torpağa ilk ayaq basarkən, başımı qaldırıb səmada dalğalanan şanlı, 3 rəngli bayrağımıza baxdım. Qürurlandım, duyğulandım.
Duyğulandım ona görə ki, uşaqlıq arzumu yerinə yetirən igid qardaşlarımız, şəhidlərimizi andım. Duyğulandım ona görə ki, “ ƏZİZ ŞUŞA SƏN AZADSAN “ bu tarixə keçən sözləri deyərkən, Cənab Prezidentimiz o zamanda duyğulanmışdım.
Ali baş komandanın güclü, əzmli siyasəti, ordumuzun yenilməzliyi sayəsində o gün orada idim. Şükür etdim.
İsa bulağının suyundan içib, bayrağımıza baxıb bir daha qürurlandım. Bu gün 8 maydır, əvvəllər bu gün haqqında yazarkən, kədər və ümid dolu hislər keçirirdim. Bu gün isə, sadəcə qürur və fəxr hissi ilə yazıram. Cənab leytenantlar bizə hay verin, hay verdiyiniz o torpağın hər yerini qarış - qarış gəzib sizə dualar oxudum. Məkanınız cənnət olsun, qazilərimizdə Allah can sağlığı versin.
Qurdbaşlı bayrağın balası bayraq öz yurdunda , olması gərəkən yerdə şanla dalğalanır.
Qazilərə, şəhidlərə yar olan o yollar, o yollarda can verən, vətənpərvərlik hissi ilə yanıb tutuşan igidlərin sayəsində bu gün bayrağımız QARABAĞDADIR, ŞUŞADADIR.
Tanrı Türkə yar olsun.
8 noyabr, 8 mayın qisasıdır. Dinməz yaramıza sürülən məlhəmdir.

Tehran Yusifli
Bakı Dövlət Universiteti
Jurnalistika Fakültəsinin 2.kurs tələbəsi
5-05-2024, 13:26
Bu siyasi, hərbi uğurlarımızın nəticəsidir…

Son zamanlar Cənubi Qafqaz regionunda ciddi proseslər baş verir. Bu, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlarla müşaiyət olunur. Belə ki, tərəflər arasında birbaşa təmasların başlanması və uğurla davam etməsi mümkün sülh sazişi ilə bağlı ehtimalları gücləndirir.
BDU- nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi, politoloq Aytən Qurbanova bölgədə baş verən son proseslərlə bağlı suallarımızı cavablandırdı.
- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və həmkarı Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi ehtimalı ilə bağlı gözləntilər nələrdir?
- Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev İrəvana səfəri zamanı Qazaxıstanın hər zaman Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, sülh danışıqlarına töhfə verməyə hazır olduğunu bildirdi. Qazaxıstanın vasitəçiliyi ilə yeni bir platforma təklif edildi. Bu təklifin Ermənistan tərəfindən müsbət qarşılanması sülhə töhfə verən yanaşma ola bilər. Biz adətən Ermənistan tərəfinin rəsmi məlumatlarına istinad etməzdən öncə hər zaman bu məlumatların etibarlılığını yenidən nəzərdən keçiririk. Çünki Ermənistan tərəfinin bir tərəfdən verdiyi məlumatları digər tərəfdən təkzib etməsi halı bir çox mərhələlərdə müşahidə edilən reallıqdır. Amma Almata görüşünün keçirilməsi ilə bağlı Azərbaycan da kifayət qədər konstruktiv mövqeyə sahibdir. Nazirlər və ya dövlət başçıları səviyyəsində bu görüş alınsa, şübhəsiz ki, sülhə töhfə verə bilər.
- Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Azərbaycandan qaz ala biləcəyini istisna etmədiyini deyib. Necə düşünürsünüz, bu real məsələdir, ya blef?
- İlkin olaraq Simonyanın bunu xoşniyyət təcəssümü olaraq ifadə edib-etmədiyini araşdırmaq lazımdır. Çünki Azərbaycana qarşı qərəzsiz və xoşniyyət bəyanatlarını bu günə qədər müşahidə etməmişik. Digər tərəfdən, Ermənistanla Azədbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin bərpa olması, enerji təminatı və qaz ixracatı sahəsində əlaqələrin formalaşdırılması təbii ki, gələcək prespektivdə Cənubi Qafqazda sülh prosesinin əsas zəmanətinə çevrilə bilər. Bizim sülh prosesində qarşıya qoyduğumuz əsas istiqamət heç bir dövlətin, qlobal və ya regional gücün təsiri altına düşməyən müstəqil və suveren siyasi kursa sahib Ermənistanla tərəfdaşlığın formalaşdırılmasıdır. Çünki Ermənistan nə qədər qlobal güclərin alətinə çevrilib tərəfini dəyişəcəksə, götürdüyü öhdəliklərin icrası, həmçinin sülh məsələsi sual altında qalacaq. Biz bugün bu mərhələdən danışa bilmərik. Bugün bizim qarşıya qoyduğumuz əsas hədəf delimitasiya məsələsinin yekunlaşması və kommunikasiya xətlərinin bərpa olunması ilə bağlıdır. Sonrakı mərhələ isə sülh müqaviləsinin imzalanmasıdır.
- Bəs, sizcə, sülhün reallaşması üçün hansı addımlar atılmalıdır?
- Sülh sazişinin imzalanması asan proses deyil. Çünki bunun üçün Ermənistanın milli qanunvericiliyinə müəyyən dəyişikliklər edilməlidir, Ermənistan tərəfinin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi ilə bağlı hüquqi öhdəlik götürülməlidir. Bu Azərbaycanın təklif etdiyi 5 prinsipdən biridir. Bu 5 prinsip həyata keçdiyi halda imzalanacaq sülh müqaviləsi gələcəkdə münasibətlərin baza sənədi olacaq. Bunun əsasında da iqtisadi və digər istiqamətlərdə əlaqələr formalaşa bilər.
- Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Azırbaycan-Ermənistan münasibətlərinin normallaşmasına necə təsir göstərəcək?
- Azərbaycan ərazi bütövlüyü ilə əlaqədar nə Ermənistana, nə də Azərbaycana təyziq göstərməyə çalışan heç bir qlobal gücə güzəştə getməyib. Rəsmi Bakı ərazi iddiaları ilə bağlı səsləndirilən fikirlərə adekvat şəkildə cavab verib. Kəndlərin qaytarılması Ermənistanın xoşniyyət addımı deyil, bu Azərbaycanın bugünə qədər əldə etdiyi hərbi, diplomatik, siyasi uğurların nəticəsidir.
- Ermənistan sülhə doğru getmək üçün bu addımı atıb?
- İrəvan sadəcə olaraq buna məcburdur. Sülh yolu ilə həmin əraziləri geri qaytarmadığı halda, Azərbaycan hərbi yolla ərazi bütövlüyünü təmin edərək həmin əraziləri geri qaytaracağını Ermənistan tərəfi də, onu himayə edən siyasi mərkəzlər də çox yaxşı başa düşürlər.
- Necə oldu ki, Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxdı?
- Sülhmərəmlı kontingentin qarşısında dayanan ən əsas missiya Azərbaycan ərazisində olan seperatçıların təmizlənməsi ilə bağlı prosesin yekunlaşmasına nəzarət etmək və həmçinin iki icmanın birgəyaşayış qaydasına nəzarət funksiyasını həyata keçirməli idi. 2023- cü ilin 19 sentyabrında 23 saatlıq antiterror tədbirləri zamanı Azərbaycan bu prosesi təkbaşına həyata keçirdi. Mövcud şəraitdə Qarabağ ərazisində sülh və sabitlik hökm sürür. Xankəndində və ətraf bölgələrdə yaşayan dinc erməni əsilli sakinlərin vətəndaşlığa qəbul edilməsi prosesi isə uğurla davam etdirilir. Yəni orada yerləşən sülhmərəmlı kontingentin hər hansısa bir formada mövcudluğuna ehtiyac qalmırdı.
- Bu, Azərbaycan üçün nə deməkdir?
- Bu, Azərbaycanın nüfuzunun, əldə etdiyi qələbələrin diplomatik platformalarda, regional və qlobal sferalarda tanındığının əyani sübutudur. Rusiya artıq Azərbaycanın Cənubi Qafqazın, eləcə də Türk dünyasının önəmli aktoru olduğunu qəbul edir, Azərbaycanın yaratdığı yeni reallıqlarla barışır.
- Ermənistanla Azərbaycan arasında növbəti razılıq Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilərmi?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə qəbul etdikləri üçtərəfli bəyənatda təsbit olunub. Sadəcə Ermənistan götürdüyü öhdəlikləri icra etmir. Bu gün Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsindən imtina edərək “Zəngəzur yolu” ifadəsini gündəmə gətirir. Məsələ ilə bağlı Azərbaycanın kifayət qədər aydın bir mövqeyi var. Azərbaycan qarşılıqlılıq prinsipinə istinad edərək tələb edir ki, əgər, Zəngəzur yol statusu alacaqsa, o zaman Laçın da eyni statusa malik olacaq. Amma bu heç də Ermənistanın və himayədarlarının maraqlarına uyğun deyil.

Azər Abuşov

BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi.
5-05-2024, 13:20
Ölkənin aynası olan qəzetdə bir gün



Ölkənin aynası olan qəzetdə bir gün

"Print media" fənnini tədris edən müəllimimiz Kənan Novruzov bizə ilk dərs günündən, yəni təxminən ay yarım əvvəl demişdi ki, təkcə nəzəriyyə ilə kifayətlənməyəcək, həm də praktik fəaliyyətlə məşğul olacağıq. Həmçinin müxtəlif redaksiyalara gedəcək, iş prosesi ilə əyani tanış olacağıq. Elə bu vaxtdan bəri bu anı səbirsizliklə gözləyirdim. Nəhayət, o gün gəldi.
Dərsdən sonra bir neçə qrup yoldaşım və Kənan müəllimlə birlikdə "Azərbaycan" nəşriyyatının yolunu tutduq. Müəllim sürətlə gəzir, elə bil, harasa tələsirdi. Bu, deyəsən, mənim kimi digərləri üçün də maraqlı gəlirdi. Səbəbini soruşanda təbəssümlə bildirdi ki, jurnalistlər həmişə harasa tələsirlər. Yəqin ki, bu cür sürətlə gəzmək mənim üçün də haçansa adi hala çevriləcək...
Binaya girər-girməz mühafizə və polis əməkdaşlarını gördük. Müəllimimiz bizi "Şərq" qəzetinə gətirdiyini söylədi. Fikrimcə, bu cür obyektlərin mühafizəsinə xüsusi ehtiyac var. Gör, burda nə qədər insan çalışır. Allah eləməsin, terror, ya da ona bənzər bir hadisə olsa?..
Həm də bildiyimə görə burada xeyli qəzet və sayt, bir neçə televiziya redaksiyası yerləşir. Yəqin ki, tənqidlər, şikayətlər heç də az olmur. Deməli, günün istənilən saatında kiminsə, əlində bıçaqla, hətta odlu silahla içəri daxil olması mümkündür. Hər halda indiyə kimi jurnalistlərə qarşı hücumlar dəfələrlə olub.
Bir də ki, deyirlər, qəzet oxunmur. Amma bir gün hansısa səbəbdən qəzetlər fəaliyyətini dayandırsa, onda ciddi informasiya böhranını hiss edəcəyik...
Elə bu düşüncələrlə liftə sarı gedirəm. Liftin köhnə olduğunu nəzərə alıb üç - üç minir və yeddinci mərtəbəyə qalxırıq.
Görəsən, bu qədər işçisi olan binanın lifti niyə təmir olunmur ki? Məncə, aidiyyatı qurumlar bu məsələ ilə məşğul olmalıdır. Həm də nəzərə almaq lazımdır ki, burada çalışanların xeyli hissəsi yaşlı nəsil nümayəndələridir. Onların bir çoxu pilləkəndən istifadə etməyə çətinlik çəkə bilər. Hərçənd, gördüyüm qədəri ilə heç pilləkənlər də normal vəziyyətdə deyil. Budurmu, "Dördüncü hakimiyyət"ə qoyulan hörmət?
Redaksiyaya daxil olan kimi qəzet iyini hiss edirəm. İçəri səliqəli görünür. Kənan müəllim bizi baş redaktorun müavini Yusif Nəzərli ilə tanış edir. Sadə adama oxşayır. Elə bil, bütün dərdi - səri qəzetin sabahkı nömrəsinin yüksək keyfiyyətdə çıxmasıdır. Bildiyimə görə, uzun illərdir mətbuatdadır.
Ardınca baş redaktor, alim, Əməkdar jurnalist Akif Aşırlının otağına keçirik. O, bizi düşündüyümüzdən də səmimi qarşılayır. Akif müəllim bizi redaksiyada yaratdığı mətbuat muzeyi ilə tanış edir. Eksponatlar, sənədlər haqqında elə həvəslə danışır ki...
Söhbət əsnasında öyrənirəm ki, Akif müəllim görkəmli mətbuat tədqiqatçıdır. Onun kitablarından hətta bizim fakültədə də dərslik kimi istifadə olunur. Belə bir insanla tanış olmaq, həqiqətən, qürurvericidir.
Foyedəki tarixi fotolardan birində bizim Aynur xanımı görürəm - Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanı. Foto onun Ümumilli Lider Heydər Əliyevdən müsahibə aldığı vaxt çəkilib. Yəqin ki, təxminən 20 il əvvəl.
Daha sonra digər otaqlara gedir, iş şəraiti ilə tanış oluruq. Müxbirlər Məlahət Rzayeva, İsmayıl Qocayev, Şəymən Bayramova ilə söhbət edirik. Onlar suallarımızı səmimi cavablandırırlar. Digər otaqda isə fakültə yoldaşlarımızı görürəm. Akif müəllim onların elə indidən jurnalistika ilə məşğul olmaları üçün şərait yaradıb. Yeri gəlmişkən, Kənan müəllimin tez- tez vurğuladığı kimi, o, özü burada yetişib.
Foyedə fotolar çəkirik.
Təxminən 40 dəqiqədən sonra Akif müəllimlə və digərləri ilə sağollaşıb redaksiyanı tərk edirik. Akif Aşırlı deyir:
- Qapımız hər zaman üzünüzə açıqdır. Nə vaxt istəsəz gəlin!
...Elə liftdə ikən Akif müəllimin hədiyyə etdiyi kitablardan birini açıram. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məşhur sitatı gözümə sataşır: "Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun". Məncə, "Şərq" qəzeti bütün ölkənin aynası olmağı bacarır...

Aytac Kərimova

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbəsi
5-05-2024, 13:11
Vətənləşən oğul



Vətənləşən oğul

Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.
İkinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də Zaur Kamal oğlu Mədətovdur.
Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə gedib. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə orta təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb.
Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Peyğəmbərimiz (s.ə.s) şəhidlik haqqinda buyurmuşdu: “Cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayitmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər”. Şəhidlər Vətən, millət, dövlət yolunda ölümün üzərinə gözlərini belə qırpmadan yürüyə bilirlər”.
Vətənə sədaqət və sevgisini öz canından üstün tutan, bu yolda şəhid olan qəhrəman hərbçimizin məzarini ziyarət etdim. Sıralanmiş şəhid məzarlari… Müqəddəs torpağın müqəddəslik nişanələri. Əzəmətlə dalğalanan üçrəngli bayrağımızın kölgəsində şəhidlərin gülümsəyən məğrur şəkilləri…Hər baxışdan bir məna süzülür. Zaurun məzarina baxaraq dondum. Baxışındakı məna, cavan ömrünü, arzularını torpağa qurban verən Şəhidimin həyatı canlandı gözümün önündə…Vətən torpağının hər qarışını canından əziz bilən igid həmvətənlərimin müqəddəs ruhu qarşısında ehtiramla baş əyərək, qürur duydum.
Zaur Mədətov uşaqlıqdan cüdo idman növü ilə məşğul olub. Uşaqlıqdan Azərbaycan bayrağını dalğalandırmaq Şəhidimizin qürur mənbəyi olub.
Müharibəyə qədər bacarığı və əzmi ilə müxtəlif idman yarışlarında bayrağımızı ucalardan uca edib. Ən yüksək kürsülərdən qürurla bayrağımıza tamaşa edib. Himnimizi səsləndirib. Onun bir arzusu da Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq idi. Müharibəyə qatılan cüdoçu Zaur Mədətov burada rəqiblərin ən çox gözləniləni qəddar düşməni məğlub edənlərdən olub. Yenə ən yüksək kürsüyə qalxıb. Bu dəfə qalib vətənin şəhid oğlu kimi.
Zaur Mədətov hələ uşaq yaşlarından vətənə olan sevgisi ilə seçilib. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu olmayıb. Füzuli və Cəbrayılın azad olunmasında fəal iştirak edib. Atasi hər Zaurla danışanda “narahat olmayın, mən yaxşıyam”- deyirdi.
Anası danışır ki, Zaur çox mərd, vətənpər olduğundan, həmişə “ana nə vaxt müharibə başlayacaq, biz gedib qisas alacayıq” deyirdi."Zəhmətkeş, vətənpərvər, dağ vüqarlı qardaşımı itirdim, Vətən sağ olsun!"- deyir qardaşı. Döyüş yoldaşları Zaurun həmişə önə atılaraq döyüşə can atmağından danışırdı. Zaurun müharibədə bir sözu vard: “siz evin tək uşağısız, mən Şəhid olsam mənim evdə qardaşım var.”- deyirdi. Zaur kimi oğulların yoxluğu ürəyimizi ocaq tək yandırsa da, hər şeyə rəğmən onları tanımaq, soydaşı olmaq böyük fəxrdir.
Bir zamanlar bizim həmvətəniydin, indi Vətənləşibsən…

Xalqıma son sözüm budur, nəhayət,
Ailəm və torpağim sizə əmanət!
Tanrım şəhidinə veribdir qiymət,
Üzü ağ gedirəm mən hüzuruna,
Fəxr elə oğlunla, ağlama ana!

Mələk Məmmədova

Bakı Qızlar Universiteti, Sosial-pedaqoji fakültənin 4-cü kurs tələbəsi
5-05-2024, 13:06
Uşaqdan gəlin olmaz !



Uşaqdan gəlin olmaz..!
Son zamanların problemlərindən biri də erkən nigahdır. Erkən nigah fizioloji olaraq qadınların istismar edilməsi, onların hüquqlarının pozulmasıdır. UNİCEF-in məlumatına görə, Azərbaycanda il boyu təxminən 15 yaşına çatmamış beş minə qədər qız ailə qurur. Məhz Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nigah könullüyə əsasən bağlanılır, heç kəs zorla evləndirilə bilməz. Təəssüflər olsun ki, müxtəlif məqsədlər üçün bəzi valideynlər
yeniyetmələrin uşaqlıq həyatını əlindən alıb, erkən nigaha cəlb edirlər. Belələri övladlarını oxudub, bir peşə sahibi etmək əvəzinə, onların "xoşbəxtliyini" erkən nigahda görürlər. Sonra da, bunu "İslam dininin müqəddəs dəyərləri" kimi təqdim edərək, özlərinə haqq qazandırmağa çalışırlar. Əslində, bu düşüncə tərzi islam dininin müqəddəs dəyərləri ilə deyil, patriarxal cəmiyyətin, qızlara verdiyi ənənəvi qiymətlə bağlıdır.
Unutmayaq ki, yeniyetmələr fizioloji-psixoloji cəhətdən ailə qurmaq üçün tam olaraq formalaşmayıblar. Erkən nigah xüsusən də, qızların sağlamlığını təhlükə altına alır. Yəni, 18 yaşdan kiçik anaların 35-55 faizi, yarımçıq və ya normadan az çəkili uşaqlar dünyaya gətirir. Hətta doğularkən ölən uşaqların sayı 60 faizdən yüksəkdir. Belə nəticəyə gəlmək olar ki, erkən nigah təkcə ananın deyil, uşağın da sağlamlığı üçün təhlükədir. Hələ sağlam dünyaya gələn uşağın taleyi necə olacaq bəlli deyil.
Çox zaman erkən ailə quran qızların özləri uşaqlıq dövrünü yaşadığı üçün ana olan zaman uşaqlarına laqeyd yanaşırlar. Bəzən ailə quran azyaşlılar başqa bir mühitə öyrəşə bilmir. Bu kimi səbəblər ailədaxili münaqişələrə yol açır. Yeniyetmələrin də problemlərə yanaşma tərzi tam olaraq inkişaf etmədiyindən, bəzən çıxış yolunu intiharda görürlər. Erkən nigah azyaşlı oğlanlar üçün də çox ağır yükdür. Ümumiyyətlə, əlində işi olmayan, ailəsinin gücü hesabına dolanan uşaqdan ailə qurmağı gözləmək ağılasığmazdır. Bəzən "ər" rolunu oynayan bu yeniyetmə, ailə böyüdükcə maddi sıxıntılara tab gətirə bilmir, psixoloji travma alaraq ya boşanır, ya içkiyə, ya da narkotikə qurşanır.
Son zamanlar, sosial layihəli verilişlərdə, evdən qaçan azyaşlı övladlarını axtarmağa gələn valideynləri çox görürük. Bu zaman ağılda belə bir sual yaranır: "Axı, azyaşlı qızın evdən qaçmasına səbəb nədir?" Bəzən valideynlər, övladları arasında ayrı-seçkiliyə yol verir. Bu zaman, sevgi əskikliyi yaşayan qızlar, qayğını "çöldə" və ya "sosial mediada" tanış olduğu
"filankəsdə" axtarırlar. Buna görə də valideynlər övladlarına bərabər səviyyədə qayğı göstərməli və onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Əks halda bu problem daha da artacaq. Bu məqamda, sağlam gənclikdən danışmaq çətindir.
Tez-tez eşitdiyimiş faciələrdən biri də, valideynlərin azyaşlı övladlarını özlərindən neçə yaş böyük kişilərə ərə verməsidir. Bu nigahda, tərəflərin müxtəlif məqsədləri olur. Azyaşlı qızla evlənən kişi, onun saflığından istifadə edib, sərbəst hərəkət edərək həyatını yaşayacaq. Onun düşüncəsinə görə ailənin ağası özüdür, arvadının isə söz haqqı yoxdur. Nigahın maddi tərəfini düşünən valideynin ola bilsin ki, imkanı yaxşılaşacaq, lakin övladının loru dildə desək, "bədbəxt" olduğunu bilənə qədər...
Bəzən bu zülmlərə dözüb özlərini çürüdənlər də olur. Bəzən isə həmin azyaşlı qızların düşüncə tərzi formalaşır, haqqını tələb etməyə başlayır. Nəticədə, bu proses ya boşanma ilə, ya da "hegemon" ərin, "ona baş qaldıran" arvadının qatili olması ilə bitir. Əfsuslar olsun ki, minlərlə qadın bu cür cinayətlərin qurbanı olur. Hər bir valideyn bunları nəzərə alıb, yaşından asılı olmayaraq, övladlarını evliliyə tələsdirmədən öncə qarşı tərəfin kim olduğunu araşdırmalı, buna əsasən hərəkət etməlidir. Bununla yanaşı, valideynlər evlilik zamanı tərəflərin bir-birini tanımasına icazə verməlidir. Əks təqdirdə, evlilikdən sonra tərəflər arasında anlaşılmazlıq, ünsiyyət azlığı yaranır. Məhz ailədaxili münaqişənin səbəblərindən biri də, budur.
Övladlarını erkən evliliyə məcbur edən valideynlər bu cür dəhşət saçan problemləri nəzərə almalı, övladlarının xoşbəxtliyini evlilikdə deyil, təhsil və sağlam tərbiyə verməkdə görməlidir. Unutmayaq ki, təhsili olan hər bir vətəndaş, öz şəxsi hüquqlarını müdafiə etməyi bacaracaq. Erkən nigahda çox vaxt təqsirkar valideynlər olur. Lakin, öz istəyi ilə evliliyə həvəs edən azyaşlılar da var. Ailədən olan sevgi əskikliyi, yaşadığı mühitdən çıxıb, "yaxşı" həyata sahib olmaq düşüncəsi onları erkən nigaha cəlb edir. Bu ürəkbulandıran fikirləri onlara unutdurmaq üçün doğru istiqamətə yönləndirmək məqsədilə məktəblərdə kütləvi şəkildə təbliğat layihələri həyata keçirilməlidir. Hətta nəinki şagirdlər, valideynlər də bu layihələrə cəlb olunmalı, məktəbin psixoloqu isə bu cür düşüncədə olan şagirdlərlə ciddi məşğul olmalı, erkən nigahın şahidi olanlar isə yeniyetmənin gələcəyi üçün dövlət orqanlarına müraciət etməlidir. Unutmayaq ki, uşaqdan nə "gəlin" nə də "bəy" olar!..
Aybəniz SƏFƏROVA,

BDU jurnalistika fakültəsinin III kurs tələbəsi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!