TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 13-09-2024, 21:21
Milli yaddaşda: dərc və dərk edilmək


Milli yaddaşda: dərc və dərk edilmək


Bakı Dövlət Universiteti ən munis xatirələrin doğulduğu və əbədi ömür sürdüyü doğma məkan, müqəddəs ruhların qoruduğu qutsal yer, əsrdən artıq ömrün milli tarix kartotekasını yaşadan elm məbədidir. Bu əziz-xələflik içində həm də xalqın mənəviyyat bətnində doğulan “Füyuzat"ı vardır ki, təsəvvürümə görə, o, uzun vaxt kəsiyindən sonra, sanki yenidən təvəllüd tapmışdı. Jurnalın yaradıcısı və baş redaktoru Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Əhməd Kamal Akünal, Əhməd Raiq, nəhəng romantiklərdən Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlipaşa Hüseynzadə (Səbur), nakam taleli Səid Səlmasi, İsmayıl Qaspıralı, Krım yarımadasının Alupka qəsəbəsindən olan Həsən Səbri Ayvazov, Qarabağ ədəbi mühitinin yetirdiyi ziyalı İbrahim Tahir, jurnalın maddi-mənəvi dəstəkçisi Hacı Zeynalabdin Tağıyev və neçə-neçə millət fədailəri, Vətənpərvər-maarifpərvər ziyalılar "Füyuzat mərkəzi"ndə cəm olmuşdu. Bu o zaman idi ki, Bakı Dövlət Universiteti bir əsri tamamlayıb yeni eraya qədəm qoyur, Jurnalistika fakültəsi 50, klassik "Füyuzat" jurnalının banisi Əli bəy Hüseynzadənin 155 illiyi qeyd olunurdu. Həmin vaxt Bakı Dövlət Universitetinin tələbəsi adını yenicə qazanmışdım. Darısqal auditoriyalardan fərqli olaraq "Füyuzat mərkəzi" daha geniş və cazibəli, eyni anda tarixi özündə yaşadan ahənrüba kimi adamı özünə çəkirdi. Auditoriya qapısının düzbucaq və şəffaf pəncərəsindən içəri asanlıqla görünürdü. Ötəri baxış zamanı otağın ucsuz-bucaqsız səmanı xatırladan göy rəngli divarlarında yalnız kiçik çərçivəli rəsmlər gözə dəyirdi. Ancaq milli baxış bucağında dərəcə üç yüz altmışa dəyişirdi. İçəriyə Yasunari Kavabatanın "Şüşə"sindən baxanda milli iftixarlarımızı hekayədəki personajın dilindən söylənilən fikirlərlə xatırlayırdıq: "...Mənim yoldaşlarım arasında bu şüşə yükünü çiyinlərində daşımayan heç olmasa bir nəfər varmı? Qoy düşmən şüşəni qırsın! Əgər mən onun qırıqları altında qalıb öləcəyəmsə, qoy ölüm. Yox, əgər ölməsəm, ağır yükü çiyinlərimdən atdığımı hiss etsəm – bax onda rəqs etməyə başlayacağam və yenidən döyüşə atılacağam!” Beləcə, millət fədailərinin ömür talelərinə, alın yazılarına binədən cızılmış çətin yaşantıları, mənəvi və böyük iztirabları kiçik çərçivə içində şəkillərilə birlikdə görürdük.
Sehrafərin otağın yaradılması, sanki "Füyuzat"a yenidən həyat qazandırmışdı. Elə o zamankı klassik "Füyuzat" intişara başlamazdan öncə "Həyat" qəzetinin səhifəsi jurnala "doğum şəhadətnaməsi" verdiyi kimi. Bu jurnal qısa ömür sürsə də, fəqət ilbəil mənəvi böyüyürdü. Və məktəbdən ən əvvəl mərkəz idi. Sabahkı Azərbaycan Xalq Cümhuriyyətinin və indiki müasir Azərbaycan Respublikasının siyasi-ideoloji beyin və azərbaycançılıq mərkəzi. Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olunduğu mərkəz. Və hər dəfə otağın qapısını özümə tərəf dartanda, məni də görünməz bir qüvvə özünə sarı çəkirdi. Bu, yuxarıda qeyd etdiyimiz kimi, fikir babalarımızın divardan asılan rəsmlərinin qüdrəti idi. Onlar xoşbəxt və diri, fəqət susqun görünürdülər (çox keçməyəcəkdi ki, milli müqəddəslər müəllim qüdrətinin nəticəsi kimi, həm da "danışacaqdılar"). Xoşbəxtliyin səbəbi aydın idi; çün iyirminci əsrin birinci onilliyində Azərbaycanda dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini qurmaq eşqinə yaranan klassik "Füyuzat", bu gün çağdaş əsrimizin ikinci onilliyində müstəqil Azərbaycanın elm məbədində özünə müqəddəs və mübarək milli-mənəvi hücrə tapmışdı. Susqunluq da ona görə idi ki, söz, fikir nəhəngləri müasir gəncliyi dinləyir, müşahidələrini aparırdılar. Düşünürdülər ki, görəsən, nəticə, kötücə, nəbibə və nədidələri onları unutmayıblarmı, yaxud tanıyırlarmı? Təəssüf ki, suala qətiyyətlə "Yox, unutmayıblar", deyə cavab vermək doğru olmazdı. Və o da insafdan kənar olardı ki, bizə "Füyuzat Jurnalistikası"ndan dərs deyən Qərənfil Dünyaminqızının ismini və araşdırmaçı ziyalının bu yaxın aylarda ərsəyə gətirdiyi "Füyuzatçılar" kitabının adını çəkməyəsən!

Ən əvvəl mətbuat klassiklərinin müqəddəs ruhları bizdən inciyər. Füyuzatçılarla həmdərd olmaq qabiliyyətinə illər öncə Qərənfil Dünyaminqızının yazılarında bələd olmuşdum. Bəlkə də səbəb də bu idi ki, digər tələbələrdən fərqli olaraq "Füyuzat Jurnalistikası" fənninə daha çox qəlb bağlayırdım. Elə o zaman tələbələrin önündəcə ayağa qalxaraq Qərənfil Dünyaminqızından bir ricada bulundum. Təvəqqe etdim ki, müəllif və müəllimimizin vaxtilə qələmə aldığı — füyuzatçıların həmişə təəssübünü çəkən Mirzə Cəlilin bəxtsiz qızlarına həsr etdiyi "Talesiz bacılar" yazısı elə auditoriyadaca oxunsun. Çünki o məqalənin təsirindən illər ötsə də ayrıla bilməmişdim. Qərənfil müəllim sözümü yerə salmadı. İllərlə televiziyada reportyor işləyən, özünəxas səsi olan qrup yoldaşım İlahə Azakova bu məsuliyyəti üzərinə götürdü. Yazı oxunur, auditoriyaya sakitlik çökür. Yazı bitir, ancaq sükut hələ də davam edirdi.
Bir zamanlar Mirzə Cəlil “Poçt qutusu”nu oxuyur, Məhəmməd ağa Şahtaxtı içdən gülürdü. İndi tələbə yoldaşım İlahə böyük Mirzə Cəlilin talesiz ömrünə yazılan araşdırmanı oxuyur, bəlkə də elə böyük ədibin özü də, Şahtaxtının ruhu da auditoriyada olan müəllim-tələbə qarışıq dərdə, qəmə içdən kədərlənirdi?! Bu mənzərəni Qərənfil Dünyaminqızının qələm qüdrəti, müəllim ucalığı yaratdı.
Abdulla Şaiq kimi "müəllimliyimlə daha çox iftixar edirəm" deyən Qərənfil Dünyaminqızı füyuzatçıların timsalında intəhasız Kürreyi-ərzi kiçik auditoriyaya sığdırırdı. Fəqət özü dərs otağına sığmırdı. Tez-tez mühazirə söylərkən kövrəlir, seminarlarda tələbələrin milli ruha, klassik mətbuatın təməl isimlərinə olan doğma münasibətinə qəlbən sevinərdi. O qəlb füyuzatçıları öz dili ilə yaşatmaqla, ruhlarını auditoriyada əziz tutub müəllimlik etməklə soyumurdu. Gecə-gündüz iş masası arxasında çalışır, arxiv sənədlərilə işləyir, medianın əlçatanlığını nəzərə alaraq ərsəyə gətirdiyi elmi-publisistik araşdırmaların dərcinə çətinliklə nail olur, beləcə millət fədailərinin mənəvi ömrünü yaşadır, gələcək nəsillərə ötürür. Bu genetik məsələdir: sevgi damarlarda qaynayır, iş qəlbdə, beyində, ümumi bütöv bir bədəndə gedir. Axı Qərənfil Dünyaminqızı həm də o müəllimlərdən dərs almışdı ki, onlar da klassiklərimizin tələbələri olub, onları canlı-canlı görüblər. Və Qərənfil Dünyaminqızı hər dəfə klassik füyuzatçılarla birlikdə ruhuna ən əziz, ən doğma olan — Əziz Mirəhmədov, Qulam Məmmədli, Kamal Talıbzadə, Abbas Zamanov, Nazim Axundov, Şirməmməd Hüseynov və digər müəllimlərini böyük məhəbbətlə anır və yaşadır. Araşdırmaçının elmi-publisistik məqalələri o mürəkkəblə yazılır ki, o, xalq ruhunun mürəkkəbinə batırılır. Budur o zərgər qədirbilənliyində, zərrəb dəqiqliyində ərsəyə gələn yazıları silinməz və əbədi edən. Əşhədu əminliklə deyə bilərik ki, Qərənfil Dünyaminqızının qızmar yay günündə doğulan "Füyuzatçılar" kitabı (Bakı, "Mimta Yayımları" nəşriyyatı, 2024, 188; Mübariz Yunusun elmi redaktorluğu və məsləhətçiliyilə) bu sevgidən təşəkkül tapdı, çox keçmədi ki çoxsaylı oxucu təşəkkürünü də aldı. Bu o minnətdarlıq idi ki, Jurnalistika fakültəsilə yanaşı, digər fakültə tələbələri də mənə telefon açır, yaxud mesaj yazaraq kitaba xüsusi maraq göstərirdilər. Həm də bu o zaman idi ki, hələ kitabın "Mimta yayımları"nda "Tezliklə" başlığı altında afişası nümayiş olunurdu. Kitabın yay ayında ömür qazanması da səbəbsiz deyildir. Çünki füyuzatçılar xalqa, millətə qəlblərinin odunu, damarlarında axan qanın istisini verib. Nəfis tərtibatlı kitabın qırmızı rəngə süslənməsi: füyuzatçıların timsalında canını Vətən üçün fəda edənlərin Al qanının müqəddəsliyini, 44 günlük zəfərimizi xatırladan Al şəfəqlərin ucalığını və bir də əbədiyaşar Əhməd Cavadın ölməz misralarını yenidən və bir də yenidən xatırladır:
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!

Əsgər İsmayılov


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!