Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 26-07-2024, 10:02
Sözə və Sizə ehtiramla...


Sözə və Sizə ehtiramla...

Əziz Aytəkin müəllimə, tarix və yaddaş üçün deyim ki, bizim qrupun Universitetdə ilk və son dərs günü oktyabr ayına təsadüf etdi. İlk günü yaxşı xatırlayıram, həmçinin günün dünənini də. O dünən ki, hər ikimizin ortaq dəyəri və dəyərlisi olan əsilzadə xanım sizin barənizdə o qədər sevgilə, məhəbbətlə demişdir ki, "Fakültədə istiqanlı, mehriban Aytəkin var". Sonra da fikirlərinə əlavə etmişdi, "Sözü bütövdü!". Təsəvvür edin: ilk gündən barəsində xoş sözlər eşitdiyim Aytəkin Zeynalova son kursda bizim qrupa "Beynəlxalq jurnalistika media sistemində" fənnini tədris etdi.
Beləcə nə az, nə çox beş illik tədris ilinin son akkordları fakültə dəhlizində çalınan zəngin sədaları fonunda auditoriyaya "daxil" oldu. Çox maraqlıdır ki, tələbə yoldaşlarımdan heç biri saata baxmadı. Sanki saat tənəffüsü gözləyən tələbənin saniyələrinə, dərsə gecikən tələbənin dəqiqələrinə ayrılmırmış. Qəribədir. Deməli, zaman həm də insanları bir-birindən ayırırmış. Biz bu ayrılığı hər dəfə bütöv görmək üçün, sonda xatirə şəkli də çəkdirdik. Beş il zülmümüzü, əziyyətimizi çəkən bəzi müəllimlərimizlə: Xalidə Cavadova, Ləman İsmayılova, Esmira Rövşənova, Aytəkin Zeynalovayla. Vaxtilə Mirzə Cəlil 1885-ci ilin oktyabr ayında seminariya dostları Ə.Məmmədxanov və Ə.Sultanovla birlikdə şəkillərini çəkdirib, sevimli müəllimləri A.O.Çernyayevskiyə bağışlayır. Biz də son dərs günü çəkdirdiyimiz şəkli müəllimli, tələbəli tarixin yaddaşına bağışladıq. Qoy tarix bizi unutmasın. Sizin bizi unutmadığınız kimi.
Əziz Aytəkin Zeynalova, bugün tədris etdiyiniz fənnin imtahanı uğurlu keçdi. Eşitdim ki, tələbələrlə bir-bir maraqlanmısınız. Yenə də bizə dəstək olmusunuz. Bu xeyirxahlığı, dostluğu unutmarıq. Üzrlü sayın ki, bəzi səbəblərə görə, bu gün Sizinlə əlaqə saxlaya bilmədim. Gec də olsa səmimi fikirlərimi indi qələmə ala bildim. Bu düşüncələrimi Sizə sayğı, ehtiram və təşəkkür əlaməti olaraq çatdırır tələbəniz:
Əsgər İsmayılov
15 noyabr, 2023-cü il

Mən hardan bilərdim tələbəlik nədir?

Dörd-beş ilin söhbətidir. O zamanın ki, auditoriya və kafedraları dəyişik salırdım. Təbii, normal hal idi. Çünki insan bələd olmadığı yerdə kor kimidir. Fakültəmizə əvvəllər dəfələrlə gəlib-getsəm də, ancaq otaqlara heç vaxt fikir verməmişdim. Bu mənada uzun müddət auditoriyaları qarışıq saldığımdan tez-tez eyni qapını açır və üzrxahlığımı bildirdiyim anda otağın yuxarı başından səs eşidilirdi:- Ələsgər, nəysə bir çətinliyin yoxdur ki? Tez qapını örtür, sonra da düşünürdüm. Görəsən, bu Ələsgər kimdi ki, hər dəfə qapını açanda adı çəkilir?..
O zamanlar tələbə yoldaşlarımı da yaxından tanımırdım. Boş vaxtlarda korpusun önündəki əzəmətli çinarın altında oturur, özüm-özümlə həmsöhbət olurdum. Yarpaqlar arasından üzümə düşən günəşin zərrələri fonunda beynimdə dolaşan suallar həzin mehə çevrilirdi. Bu dolaşıq suallar xəyal qanadlarında bahar yağışından sonra gözəlləşən çəmənzarı xatırladan həmən o auditoriyaya pərvaz edir, cavab tapmağa çalışırdı. Ancaq fikirlər mütəhərrik kölgə kimi beynimdə var-gəl edir, heç bir nəticə hasil olmurdu. Hardan biləydim ki, fakültəmiz tələbə addımından öncə onun adını elmi laboratoriyaya rəhbərlik edən Aytəkin Zeynalova dilində tanıyacaq, sonradan xətir-hörmətlə qarşılayacaqdı. Əlbəttə, sayğı, ehtiram qarşılıqlı olacaqdı. Bu sevginin kökündə bizlərin həyat etüdünə çevrilən doğma Tahirə Abbasova ismi olacaqdı. Çox sonralar Tahirə Abbasova təsadüfən Aytəkin Zeynalovaya zəng edəcək, elə qrup yoldaşlarımın yanındaca sıradan bir tələbə barədə ən xoş sözlərini ona çatdıracaqdı. Və birdən laboratoriyada müəllim-tələbə qarışıq hər kəsin üzündə təbəssüm yaranacaqdır. Aytəkin Zeynalova ürəkli şəkildə -Tahirə müəllimə, bilirsiniz yanımda kim var? -Ələsgər, -deyəcək, telefonun o başından Tahirə Abbasovanın həlim səsi duyulacaqdı. -Ələsgər, yoxsa, Əsgər?
Gülüş səsləri söhbətə qısa pauza verdikdən sonra Aytəkin Zeynalovanın fikirləri tələbə yoldaşlarımın dilində əbədi möhürlənən cümləyə çevriləcəkdi- Tahirə müəllimə, bəs bu, Ələsgər deyilmiş? Sözsüz, ad insan üçün əhəmiyyətlidir. Ancaq bu məsələdə formallıq da var. Bu mənada addan çox adamlıq əsas meyardı. Cümlənin əsasında fikir dayandığı kimi, cümlə aləmin var olmasında da "bütöv adam"ların vacibliyi şərtdir. Nəsiminin Əmir Teymurla dialoqundakı kamil və cahil insan söhbəti kimi. Riyazi məntiqin bünövrə daşı Leybnisin substitusiya, yəni əvəz prinsipi kimi. Əgər birinə adı ilə birlikdə təxəllüs də qoyuruqsa, deməli, ad məsələsi də identikdir. Ancaq insan olmaq, ya olmamaq həqiqəti isə dəyişməzdir...
Amerikanın banilərindən olan Con Kvinsi Adams "xatirə gündəliyi"ndə geridə qoyduğu həyatının üçdə ikisi barədə yazırdı ki, "...ölkəmə və bəşəriyyətə faydalı olmaqda heç nə etməmişəm". Sonradan nəhəng pedaqoqlardan biri Semyuel Eliot Moriso yazacaqdı: “hər şeydən əvvəl Adams” olmaq gərək idi. Həqiqətən də "Adams olmaq", adam olmaq şərtdir. Klişe də olsa ataların bu günə qədər dəyərini, aktuallığını itirməyən misalını xatırlamaq yerinə düşər: "Alim olmaq asandır, adam olmaq çətin”. Düşündüyüm mənada ona görə çətin ki, bəzən şəyird üzərində illərlə əməyi olan, etibar bəslədiyi müəllimini danır, yaxud şəxsinə diqqətində, ehtiramında qızırğalanır...
Məğzdən gen düşməyək deyə, hələ uşaqkən Adamsın müəllimi bildiyi atasına yazdığı maraqlı məktubdan bir hissəyə nəzər yetirək: "...Daha yaxşı böyümə barədəki hazırkı qətiyyətlə, mən, əziz ser, sizin oğlunuzam". Adamsın "böyümə" deyibən nəzərdə tutduğu məsələ onun kamilləşməsi, mənəvi yetişməsi, müəlliminə olan ehtiramı ilə bağlıdır. Əziz Aytəkin Zeynalova, Siz bizim müəllimimiz, biz də Sizin tələbələrik. Bilirik ki, boş tərəzinin gözləri heç vaxt taraz gəlməz. Sizin sözə dəyər verdiyinizi də yaxşı anlayırıq. Bu mənada sözdə, əməldə tarazlığı qoruduğunuza da şahidik. O zaman "Ələsgər, 10 addımlıqda filan yer var" dediyinizdə, ürəyimdə "ünvanı belə verməzlər axı" fikirləşmişdim. Zənn etmişdim ki, bir işin rahat və tezliyini xalq dilində ehtiva edən "nə var ki, iki addımlıq yoldur" məsəlinə istinad edirsiniz. Ancaq Siz deyən yerə 10 addımla çatanda, məsələyə bədii deyil, riyazi dəqiqliklə yanaşdığınızın şahidi olmuşdum. Sonra çox keçmədi ki, auditoriyada müəllimim də oldunuz. Tərəddüdsüz qiymətimi "10" yazdınız. Kiçik yazılarıma böyük qiymətiniz tək mənim adıma deyil, bütün qrupa verilən qiymət, dəyər idi.
Əlbəttə, Viktor Yerofeyevin də dediyi kimi, üslub fasiləsiz yazmaq, yaxud fikri danışıq dilində verməkdən ibarət deyil, bunu gərək ki, kağız da götürə. Beləcə sadə tələbə yazılarını diplom müdafiəsində rəyçi olduğunuz və o zaman xoş günündə xeyir-dua verdiyiniz Aynurə Nəzəri və yazıçı Emin Abdullayev bir araya topladı. Adsız kitabın üz qabığının üstündə uğurlu dayandılar: Bakı Dövlət Universitetinin -105, Jurnalistika fakültəsinin -55 illiyinə... Həqiqətən də bu qutsal yerdə dünəndən bu günə bütün müəllimlərimizin əməyilə bərabər, onların yaşatdıqları ənənələr, yaratdıqları müasirlik var. Aytəkin Zeynalova yazıların kitab halına salınmasına çox sevindi. Bu, əlbəttə, qürurlu idi. Ən birinci ona görə ki, laboratoriya rəhbəri olaraq illərlə elmi dərs vəsaitlərinin, məqalələrin ərsəyə gəlməsində əməyi olan Aytəkin Zeynalova hələ tam hala salınmayan və qısa zamanda ərsəyə gələn kitaba çox böyük sevgi və diqqətlə yanaşdı. Əbəs yerə deyilməyib ki, zər qədrini zərgər bilər. Doğrudur, bu kitab hələ "zər" halında deyildi, amma qiymət verən bu işin peşəkarı idi.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ötən il “Jurnalistika” Elmi-Tədqiqat Laboratoriyasının müdiri dosent Aytəkin Zeynalova AAK-ın qeydiyyatında olan beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdən ERİH PLUS və INDEX COPERNICUS tərkibindəki “Uluslararası Yönetim Akademisi” və "Journal of Business and Communication Studies" elmi məcmuəsinin elm şurasının üzvü seçilib. Və elm şurasına üzv olduğu dövrdən fakültədən beş müəllimin məqaləsi ERİH PLUS tərkibində olan “Uluslararası Yönetim Akademisi”elmi jurnalında dərc edilib (mənbə: Jurnalistika fakültəsinin rəsmi səhifəsi).
"Hər kəlməsi sevgi dolu cam" olan Zəlimxan Yaqub “Mən hardan bilərdim şairlik nədir?” sualına elə eyniadlı şeirilə özü bəşəri cavab verir. Deyir ki, torpaqdan, toxumdan, dindən, qopuzdan, Qorquddan gəlməsəydim, göylərdən süzülən pıçıltıları könül duymasaydı, mən hardan bilərdim şairlik nədir?! Biz də hardan bilərdik tələbəlik nədir? Əgər Bakı Dövlət Universitetinin və Jurnalistika fakültəsinin tələbəsi olmasaydıq...

Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin məzunu
14 iyul 2024-cü il



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!