Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-12-2025, 19:20
7 Dekabr – Azərbaycan Parlamenti Günü və Dövlətçilik İrsimiz


7 Dekabr – Azərbaycan Parlamenti

Günü və Dövlətçilik İrsimiz


XX əsrin əvvəlləri dünya siyasi xəritəsində dərin dəyişikliklərin baş verdiyi, milli dövlətçilik ideyalarının gücləndiyi bir dövr idi. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və həmin dövlətin mühüm strukturlarından biri kimi parlamentin yaradılması demokratik idarəçilik baxımından xüsusi əhəmiyyət daşıdı.
7 dekabr 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Parlamenti Şərq aləmində ilk parlamentli respublika modelinin tətbiqi ilə tariximizin yeni və misilsiz bir mərhələsini açdı. Müsəlman Şərqində ən mütərəqqi və demokratik prinsiplər əsasında yaradılmış bu parlament çoxpartiyalı struktura malik idi və müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə plüralist müzakirə mühitini təmin edirdi. Cəmi 17 ay fəaliyyət göstərsə də, dövlətin hüquqi bazasının formalaşdırılması, idarəetmə sisteminin qurulması, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əsasların yaradılması kimi son dərəcə mühüm vəzifələri icra etdi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni yüksək qiymətləndirərək bildirirdi ki, “1918-ci ildə yaradılmış demokratik respublika bizim tariximizin böyük və parlaq bir mərhələsidir. Biz bu mərhələni layiqincə qiymətləndirməliyik”. O, eyni zamanda bu dövrün nailiyyətləri ilə yanaşı, çətinliklərinin də dərindən araşdırılmasının vacibliyini vurğulayaraq qeyd edirdi ki, “Tarixçilərin borcudur ki, demokratik respublikanın fəaliyyətinin qüsurlarını da bilməliyik ki, o səhvlər bir daha təkrarlanmasın”. Bu parlamentin yaratdığı ənənələr müasir milli dövlətçilik ideologiyasının təməl mənbələrindən birinə çevrilmişdir.

Azərbaycan parlamentarizminin müasir mərhələsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə - ölkə ağır siyasi böhran, parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin parlament sədri kimi tarixi missiyası Azərbaycanın dövlətçiliyinin real xilası ilə nəticələndi. O, dövlət hakimiyyəti daxilində legitimliyi bərpa etdi, separatizm və silahlı qarşıdurmaların qarşısını aldı, idarəetmə sisteminin sabitləşməsini təmin etdi və dövlətin hüquqi əsaslarını yenidən qurdu. Bu mərhələdə qəbul edilən qanunlar müasir Azərbaycan dövlətinin hüquqi memarlığının əsasını təşkil etdi. Parlament onun rəhbərliyi dövründə yalnız qanunverici orqan deyil, həm də strateji qərarların qəbul olunduğu, dövlətin gələcək inkişaf yolunun müəyyənləşdirildiyi siyasi mərkəzə çevrildi. Beləliklə, 1993-cü il parlament mərhələsi müstəqil dövlətçiliyin hüquqi, siyasi və institusional bünövrəsinin möhkəmləndirildiyi dönüş nöqtəsi oldu.
Sonrakı dövrdə isə Ümummilli Lider Heydər Əliyev dövlətçilik xəttinin ardıcıl şəkildə davam etdirilməsi müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdi və bu xəttin layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkədə qanunverici hakimiyyətin fəaliyyətinin daha səmərəli və dinamik şəkildə qurulmasına geniş imkanlar yaratdı. Dövlət başçısı kimi həyata keçirdiyi siyasi, institusional və iqtisadi islahatlar Milli Məclisin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı, parlamentin müasir dövlət idarəçiliyi sistemində rolunu daha da artırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Milli Məclis ölkəmizin sosial-iqtisadi inkişafının və hüquqi dövlət quruculuğunun təmin edilməsində mühüm rol oynayır”. Bu yanaşma onun qanunverici hakimiyyətin müstəqilliyini və funksional imkanlarını yüksək qiymətləndirdiyini, dövlət başçısı kimi həyata keçirdiyi islahatlarla parlamentin daha effektiv fəaliyyət göstərməsi üçün əlverişli siyasi-hüquqi mühit formalaşdırdığını göstərir. Məhz Prezidentin rəhbərliyi ilə aparılan sistemli islahatlar, yeni iqtisadi modelin tətbiqi, idarəetmənin şəffaflaşdırılması, modern hüquqi çərçivənin qurulması və dövlət prioritetlərinin müəyyənləşdirilməsi Milli Məclisin qəbul etdiyi qanunların mahiyyət etibarilə daha çevik, inkişaf yönümlü və ölkənin strateji hədəflərinə uyğun olmasını təmin etdi. Beləliklə, Prezidentin uzaqgörən siyasəti parlament fəaliyyətinin institusional güclənməsinə, qanunvericilik prosesinin keyfiyyətinin yüksəlməsinə və ümumilikdə Azərbaycan parlamentarizminin yeni mərhələyə qədəm qoymasına dolğun töhfə verdi.
Bildiyimiz kimi, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixində yalnız hərbi-siyasi qələbə olmadı, həm də ölkənin strateji inkişafında yeni mərhələnin başlanğıcı oldu. Qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, regionda yeni geosiyasi reallıq formalaşdı və milli dövlətçiliyin gələcək inkişafı üçün fundamental imkanlar yarandı. Bu tarixi dönüşdən sonra başlanan genişmiqyaslı bərpa-quruculuq, reinteqrasiya və sosial-iqtisadi yenidənqurma proseslərinin hüquqi təminatı Milli Məclisin əsas prioritetinə çevrilmişdir.
Parlament tərəfindən qəbul edilən qanunlar azad edilmiş ərazilərdə infrastrukturun bərpası, “Böyük Qayıdış” proqramının icrası, məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, mina təhlükəsizliyi, yeni iqtisadi rayonların yaradılması və Qarabağ-Şərqi Zəngəzur üçün xüsusi inkişaf planlarının hazırlanması kimi məsələlərin hüquqi çərçivəsini formalaşdırdı. Bu qərarlar Azərbaycanın post-müharibə dövründə siyasi sabitliyinin, sosial rifahının və strateji inkişafının hüquqi əsaslarını təmin edən mühüm mexanizmlərə çevrilmişdir.
Xüsusi qeyd etməliyik ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan və əsrlər boyunca azərbaycanlıların yaşayıb yaratdığı Qərbi Azərbaycana qayıdış arzusu da milli ideoloji düşüncənin mühüm tərkib hissəsidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və dövlətçilik fəlsəfəsi çərçivəsində bu arzu ərazi iddiası deyil, doğma yurdlarla mənəvi bağların qorunması, tarixi irsin yaşadılması və dinc şəkildə geri dönüşün hüquqi əsaslarının gələcəkdə formalaşdırılmasına yönəlmiş milli istəyin ifadəsidir. Bu ideya həm tarixi ədalətə inamı, həm də bölgədə uzunmüddətli sülh, qarşılıqlı anlaşma və insan hüquqlarına hörmət kimi prinsipləri təcəssüm etdirir. Qərbi Azərbaycana qayıdış arzusu xalqımızın yaddaşında yaşayan, lakin siyasi deyil, humanitar, mədəni və tarixi bağlılıq üzərində qurulan ümummilli bir idealdır və Azərbaycan cəmiyyətinin gələcək nəsillərə miras kimi ötürdüyü mənəvi dəyərdir.
Beləliklə, 7 dekabrdan başlayan parlamentçilik ənənəsi, dövlətçilik dayaqlarının möhkəmləndirilməsi və 44 günlük Zəfərdən sonra formalaşan yeni inkişaf mərhələsi Azərbaycan parlamentarizminin və milli dövlətçilik fəlsəfəsinin ardıcıl inkişaf dövrünü xarakterizə edir. Bu dövr tarixdən gələn zəngin irsi qoruyaraq, müasir çağırışlara cavab verən və gələcəyin ölkəsini daha güclü, sülhsevər və müstəqil qurmağa yönəlmiş strategiyaları reallaşdıran bir mərhələdir.
Tarixdən götürülən dərslərin və dövlətçilik ənənələrinin qorunması və davamlı şəkildə inkişaf etdirilməsi sayəsində gələcək nəsillərin bu yolu daha da irəli aparacağına və Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirəcəyinə inanıram.

Əziz həmvətənlər!
Sizin hər birinizi 7 Dekabr – Azərbaycan Parlamenti Günü münasibətilə ürəkdən təbrik edir, dövlətimizin inkişafı və xalqımızın rifahı yolunda uğurların davamlı olmasını arzulayıram.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!