17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
10-09-2022, 09:02
Vaqif SULTANLI yazır: "Kulikovo döyüşü"


Vaqif SULTANLI


Kulikovo döyüşü - Hekayə.

- Bura Kulikovo çölüdür, - bayaqdan bəri xaki rəngli yol çantasını alt-üst edərək uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu aşkar sezilən qadın dilləndi. Qadın sözünü bitirməmiş bələdçi səsgücləndirici ilə qatarın Tula vilayətindən, Kulikovo çölünün yaxınlığından keçdiyini bildirdi.
Gözlərini kitabdan ayırıb qatarın pəncərəsindən görünən boz çölləri süzərək bunca təsadüf ola bilməyəcəyini düşündü - oxuduğu Amerika aliminin Kulikovo döyüşü haqqında yeni yayınlanmış araşdırması idi. Nə zamandan bəri axtardığı kitabı vağzaldakı qəzet köşkündə görüncə almış, elə ilk cümlədən əsər onu tutmuşdu. Bir anlığa gözlərini yumub çöküşü Kulikovo çöllərindən başlayan Qızıl Ordanın əzəmətli tarixini, türk-tatar qövmlərinin sonrakı taleyini düşündü.
"Tarix bütün elmlərdən daha artıq siyasətə bulaşmışdır. Bəlkə bu səbəbdəndir ki, dünyanın gerçək tarixi indiyədək yazılmamış, bundan sonra da yazılacağına ümid bəslənilməsi sadəlövhlük olardı. Bəzən deyirlər ki, tarixə yansımış yalanlar o qədər böyükdür ki, həqiqəti görməyə qoymur. Ancaq tarix yalanlardan təmizlənərsə, orda həqiqət adına nə isə qalacaqmı? Bunu söyləmək çətindir...".
Kulikovo döyüşü - zaman-zaman haqqında düşündüyü, ancaq sonacan incələyib dərinliklərinə vara bilmədiyi, içini, ruhunu sızladan, tarixin sirli səhifələrindəndi. İllər öncə orta məktəbin yeddinci sinfində tarix dərsliyində ilk dəfə bu döyüş haqqında oxuyarkən yazılanlar onu duyğulandırmışdı. Sonralar isə, nə qədər qəribə olsa da, bu döyüş yuxularına gəlmiş, bütün oxuduqlarını, öyrəndiklərini kölgədə qoymuşdu.
"Elmi ədəbiyyatda "Kulikovo döyüşü" termininə ilk dəfə əslən tatar türklərindən olan Nikolay Karamzinin "Rusiya dövlətinin tarixi" əsərində rast gəlinir. Həmin araşdırmada Qızıl Ordanın döyüş qabiliyyətini yüksək qiymətləndirən özündən əvvəlki tarixçilər birtərəfli şəkildə qınanır və savaşın mahiyyəti bütünlüklə təhrif edilir".
- Üzr istəyirəm, iki-üç dəqiqəliyə kupedən çıxa bilərsiniz? - Qadın sordu və çöhrəsinə utancaqlıq qataraq əlavə etdi: - Əynimi dəyişmək istəyirəm.
- Əlbəttə, bu saat, - dedi və kitabı qatlayıb balaca masanın üstünə qoyaraq kupeni tərk etdi, kirli pəncərədən indi Rusiya sınırları ilə çevrələnən qıpçaq çöllərini seyr etməyə başladı. Qatarın pəncərəsindən görünən bu çöl tarixin ən böyük savaşlarından birinə şahidlik etmişdi. Bir anlığa zamanın təkəri geriyə fırlandı və xəyallar onu Kulikovo döyüşünün dərinliklərinə apardı. Atların kişnərtisini, qılıncların cingiltisini, əsgərlərin hayqırışını eşidir, özünü büsbütün qanlı savaşın içərisində hiss edir və gərilmiş düşüncələrinin toranlığında hər şeyin başqa şəkildə bitəcəyi ilə bağlı yalın ümidlər cücərirdi. Ancaq bir az öncə oxuduğu son cümlələr onu zamanın dərinliklərindən çəkib çıxardı.
"Apardığı çoxsaylı savaşlardan sonra Mamay xanda özünə güvən duyğusu güclənmişdi. Qələbə ilə bitən savaşların sonucunda Saray Berke şəhəri yenidən Qızıl Ordanın başkəndinə çevrilmiş, dövlətin sərhədləri Krımdan başlayaraq İdil çayının sağ sahillərinə qədər uzanmış, Dəşti-Qıpçaq ərazisinin böyük bir qismini içərisinə almışdı".
Qadın işvə ilə kupenin qapısını açaraq geyinib qurtardığını, onun içəri girə biləcəyini bildirdi. Sarışın saçları çiyinlərinə dağılmış, geydiyi yaxası açıq, bəyaz xallı köynək və nazik uzun ətək onu aşırı dərəcədə gözəlləşdirmiş, vücudunun gizli, sezilməz incəliklərini üzə çıxarmışdı. Keçib bayaqkı yerində oturdu və yenidən kitabı açaraq mətnin ardını oxumağa başladı.
"Mamay xan taxt-taca yiyələndikdən sonra əski türk xaqanları kimi tanrısal ruha sahib olduğunu düşünür, onu hansısa qüvvənin yenə biləcəyinə inanmırdı. Hakimiyyəti gücləndikcə ailəsi, sülaləsi, yaxınları varlanaraq mal-mülk sahibi olmuşdu. Qızıl Ordanın vassalına çevrilən rus knyazlıqlarından sel kimi axan xərac saray xəzinəsini doldurduqca böyük sərvətin yaratdığı zənginlik zehnini dumanlandırır, vaxtının çoxunu hərəmxanada, aralarında casusların yer aldığı slavyan cariyələrlə keçirirdi".
Ancaq hiss edirdi ki, qadın əynini dəyişəndən sonra gözləri kitabda olsa da, fikrini bir yerə yığa bilmir. İxtiyarsız olaraq baxışları onun boyun-boğazında, yaxasında, vücudunun məhrəm yerlərində gəzib-dolaşır, zehnini qarışdırırdı. Qadının bunu duymaması üçün özünü toparlamaq, duyğularını cilovlamaq istəsə də bacarmırdı.
Bələdçi qapını aralayıb bir şeyə ehtiyacları olub-olmadığını sordu, ani olaraq baxışları qarşılaşınca qadının üzünün cizgilərindən içini oxumuş kimi çay sifariş verdi. Hər hansı səbəbdən gecikmə olmasa iki gün boyunca yol gedəcək, bu sürə ərzində birgə olacaqlardı.
Qadın gözəl idi, ancaq bu gözəlliyin arxasında qarşısındakını itələyən, özündən uşaqlaşdıran, izaha gəlməyən nələrsə gizlənirdi və bu, saflıq, məsumluq duyğularını silib aparırdı.
Yenidən kitaba dönərək qaldığı yerdən oxumağa başladı.
"Ən acınacaqlısı isə uzun zamandan bəri səngimək bilməyən, ildən-ilə körüklənən iç savaşların Qızıl Orda dövlətini yeyib-bitirməsi idi. İndi ordunu yenidən düzənləyərkən bu savaşların acı fəsadlarını duyur, onun qarşısını almaq üçün zamanında qəti addımlar atmamaqla yanlışlığa yol verdiyini anlayırdı. İç savaşlarla bağlı verilən məsləhətləri sürəkli qulaqardına vurmuş, bunun nədənləri barədə heç zaman düşünüb beynini yormaq istəməmişdi".
Qatar bayaqdan bəri bir neçə dəfə qısa fasilələrlə düzün ortasında dayanmışdı. Burda stansiyaya bənzər tikili, yaxud hansısa yaşayış məntəqəsi olmadığından qatarın durmasının səbəbi bəlli deyildi. İndi təkrar dayanınca ona elə gəldi ki, qatar keçmişə, tarixə dönmək, Kulikovo döyüşünün dərinliklərinə varmaq üçün yollar arayır...
- Bu qatar da lap boğaza yığdı bizi, harda gəldi dayanır. Bir yandan da havanın istisi...
Yolçuların bəziləri deyinir, bəziləri isə bələdçiyə yaxınlaşıb qatarın dayanmasının səbəbini soruşurdu. Bələdçi isə illərin yuxusuzluğundanmı, yorğunluqdanmı, ya başqa səbəbdənmi hərəni bir yolla başından eləyirdi.
"Mamay xan uşaqlıq dostu və yaşıdı, Çingiz xan soyundan olan Berdibəyin qızı Tulunbəylə evlənməklə hakimyyətə gedən yolunun açılmasına görə xatununa borcluydu. Savaşdan iki gün öncə həyəcanın yeyib-bitirdiyi baş hərəmi ilə qarşılaşınca düyün gecəsini xatırlayaraq tutulan kimi oldu. Qadının baxışlarında sevinci, gileyi, əzabı, iztirabları ilə naxışlanmış bütöv bir ömrün yaşantıları yuvalanmışdı".
Nəhayət, qatar dartınaraq ağır-ağır yerindən tərpəndi və yavaş-yavaş sürət yığmağa başladı.
- Kim nə deyir desin, qatarla yolçuluğun ayrı bir zövqü var. Uçaqla səfərə çıxanda ürək-göbəyini yeyirsən. Axırıncı dəfə uçağa nə zaman mindiyimi xatırlamıram. Siz necə düşünürsünüz?
- Hə, doğrudur, - gözlərini vərəqdən çəkmədən qadının sözlərini təsdiqlədi.
- Qatarla yolçuluq həm də bir macəradır...
- Elədir, - dedi və ta gənclik illərindən başlayaraq qatarda yaşadığı macəraları bir-bir xəyalından keçirdi.
"Mamay hakimiyyətə yiyələnsə də, Çingiz xan soyundan olmadığına görə Şərqdən - monqol-tatar xanlarından dəstək ala bilmədi. Bu səbəbdən Mavəraünnəhrə deyil, Qərbə - Genuya, Böyük Litva Knyazlığı, Venesiya kimi dövlətlərə üz tutmaqla Qızıl Ordanın xarici siyasətini kökündən dəyişdi. Ancaq bu addımı ilə çətin məqamda ona arxa duracaq gerçək müttəfiqlərdən məhrum olduğunun fərqinə varmadı".
Bir dəfə qatarda tələbə yoldaşı ilə Moskvaya gedərkən öylə yeməyində özüylə götürdüyü konyakı çıxarıb masanın üstünə qoymuşdu. Hərəyə bir qədəh içmişdilər ki, yan kupedəki üç qadın - ikisi gənc, biri isə saçları ağarmış yaşlı qarı - ərklə gəlib onlara qoşulmuşdu. Qadınların cəsarəti xoşuna gəldiyindən konyakın ikinci şüşəsini də çıxarmışdı. İçib hallanandan sonra qəfildən qarı qalxıb musiqisiz-filansız havalı kimi oynamağa başlamışdı. Oynadıqca qızışır, coşur, mırıq dişlərinin eybəcərləşdirdiyi sir-sifəti tutulub açılır, yanaqlarında, boyun-boğazında illərin yağmaladığı ehtirasın şırımları sayrışırdı. Qarının oyununu izlədikdə bunun sərxoşluqdan deyil, qədərincə zövq ala bilmədiyi həyatın bitməsindən, bir daha dönüşülməyəcək gəncliyinin itirilməkliyindən yaranan ağrıdan, kədərdən, təəssüfdən doğduğunu duyurdu.
"Mamay xan qırx beş yaşın içərisindəydi, bu illər ərzində hakimiyyətin ən çətin və mürəkkəb sınaqlarından çıxmış, yetərincə savaş təcrübəsı yığmışdı. Çox cəsarətli və qətiyyətli idi, qorxu, yenilgi nə olduğunu bilmirdi. İslamı qəbul edəndən sonra Kiçik Məhəmməd adını da daşıyırdı. Lakin salnamələrdə Mamay xanın bərkə düşəndə yalnız islam müqəddəslərinə deyil, bütlərə də dua etdiyi qeyd olunur".
Bələdçi gecikdiyi üçün üzr diləyərək gümüşü altlıqlı stəkanlarda gətirdiyi çayları ehtiyatla masanın üstünə qoyub çıxdı. Çay içilərkən araya çökən səssizlikdə qadının gözlərinin altı ilə onu izlədiyini duyur, diqqəti kitabdan yayınsa da, bu izləyişin gətirdiyi gizli həzzin davam etməsini istədiyindən özünü məşğul kimi göstərməyə çalışırdı.
...Qadınların nə istədikləri, necə seçim etdikləri indiyəcən sirr olaraq qalır. Çünki qadın öz hisslərini açmır, aça bilmir, yaşadığı cəmiyyətin ehkamları, əsrlərin daşlaşdırdığı əxlaq normaları, yaxud daha nələrsə əl-qolunu bağlayır. Elə buna görə də qadın ona qəlbini açan ilk kişini taleyin qaçınılmaz töhfəsi kimi dəyərləndirir. Bu münasibətlərin yaranması bəzən qarşılıqlı sevgiyə dayansa da, ancaq əksər hallarda qadın kişinin duyğularına yenilir.
"Döyüş öncəsi Mamay xan ordunun sayca yetərli olmadığını anlayınca bu boşluğu doldurmaq üçün çeşidli yollar aramağa başladı. Yaxınları ona muzdlu dəstələr yaratmağı təklif etdilər. Qısa zaman kəsiyində genuyalı, çərkəz, osetin, abxaz, adıgey və başqa xalqlardan yığılan muzdluların hesabına ordudakı əsgərlərin sayı xeyli artırıldı. Mamay xan ilk dəfə olaraq döyüşə muzdluların dəstəyi ilə girəcəkdi".
Qadın üçün sevilmədiyini, bəyənilmədiyini duymaq dəhşətli dərəcədə ağırdır və daim diqqət mərkəzində olmağa can atmanın gətirdiyi alışqanlıqdan biganəliyi heç cür sinirə bilmir. Özü imtina etməyi, biganə olmasa belə özünü biganə kimi göstərməyi sevir, əks cinsin bunu yapmasıyla barışmaq istəmir. Qadınlar güclü kişilərə yenilməkdən qürur duyur, zəifləri, gücsüzləri isə həyatına buraxmır. Bir də adını xatırlamadığı hansısa yazıçının əsərində oxumuşdu ki, qadın kimi unutsa da, onu qadınlaşdıran kişini unuda bilmir.
"Knyaz Dmitri Donskoyun komandanlığı altında birləşən ruslar 8 sentyabr 1380-ci ildə təxminən yüz minlik ordu ilə Nepryadvanın Don çayına qovuşduğu yerə çatdı. Ruslar knyaz Yaqaylonun başçılığı ilə Odoyevə yaxınlaşan litvalıların hücumunu önləmək üçün Don çayını keçmək qərarına gəldilər. Rusların seçdiyi Kulikovo çölü nisbətən ensiz olduğuna görə tatar süvari dəstələri üçün əlverişsiz idi. Mamayın ordusu yaxınlaşarkən ruslar keşikçi alayının müdafiəsi altında Kulikovo çölündə döyüşə hazır qaydada düzüldülər".
Bir çox hallarda qadın ardınca düşənləri, çeşidli üsullarla onu ələ almaq istəyənləri deyil, qarşısında özünü təmkinli, soyuqqanlı aparanları, duyğularını sezdirməyənləri sevir.
Qadınlar danışmağı deyil, susmağı tərcih edər, sözlərlə deyil, gözlərlə danışarlar. Xatırlayırdı ki, dörd-beş il öncə Bağdad şəhərində qaldığı hotelin önündə başdan-ayağa qara çadraya bürünmüş, üzü rübəndlə örtülü dilənçi bir qadınla qarşılaşmışdı. Qara tül rübəndin arxasında qadının gözləri ehtirasdan alışıb yanırdı. Bütün vücudunun deyə biləcəkləri gözlərində cəmlənmişdi. O, ovsunlanmış kimi dayanıb durur, nə illah eləyirdisə baxışlarını qadının gözlərindən yayındıra bilmirdi.
"Dmitri Donskoy ərazinin özəlliyini nəzərə alaraq ilk dəfə rəqibin döyüş taktikasını seçmişdi - bu, qurd savaş üsulu idi. Hun türklərinə məxsus bu savaş üsulu ilə aypara şəklində düzülən ordunun mərkəzində böyük alay, sağ və sol cinah alayları tatar atlıları üçün çətin keçilən yerlərdə dayandılar. Əsas qüvvələrin qarşısında yer alan ön alay rəqib süvarilərin ilk zərbəsini qarşılamalı və geri çəkilməklə döyüşün nizamını pozmalıydı. Böyük alayın arxasında özəl süvari ehtiyat dəstəsi yerləşirdi. Bundan başqa, sərkərdə Dmitri Bobrokun və Serpuxov knyazı Vladimirin komandanlığı altında seçmə süvarilərdən oluşan pusqu alayı yaradılmışdı. Ehtiyat rolunu oynayan bu alay meşədə əsas qüvvələrin sol cinahı arxasında gizlənmişdi".
- Bayaqdan fikir verirəm, gözünüzü kitabdan ayıra bilmirsiniz, çox maraqlıdır, deyəsən. - Qadın baxışlarını Kulikovo çölündən yığaraq dillənir.
- Maraqlı deyəndə ki... Orta məktəb illərində bizə bu tarixi başqa cür öyrətmişdilər. İndi oxuduqlarımsa tamam fərqli həqiqətləri anladır.
- Oxuduqlarınızla tarixin düzəninin dəyişəcəyinimi düşünürsünüz?
- Yox, nə üçün soruşdunuz?
- Heç, sadəcə maraq xatirinə...
- Mən gələcəyə tarixin gözü ilə baxılmasını doğru hesab edirəm.
"Mamay xanın ordusu yüngül silahlanmış süvarilərdən oluşan ön alaydan, mərkəzdə yerləşən muzdlu genuyalı piyadalardan, ayrıca ehtiyat süvarilərin iki xətt boyu düzlənən sağ və sol cinahlardan ibarət idi. O, əvvəlki döyüşlərdə olduğu kimi, ciddi dirənişlə qarşılaşmadan süvarilərin qəfil həmləsi ilə rus ordusunu mühasirəyə alıb darmadağın etməyi düşünürdü.
Müəllifi bilinməyən, orijinalı qeyb olmuş XV yüzilə məxsus "Mamay qırğınının əfsanələri" əsərində qeyd edilir ki, savaş saat on ikidə rus rahib-döyüşçüsü Aleksandr Peresvetin tatar sərkərdəsi Teymur Mirzə-Çelubəy ilə təkbətək qarşılaşması ilə başladı. Hər iki döyüşçü aldığı yaralardan həlak oldu. Lakin bu faktın həqiqətə uyğunluğu bir çox elmi qaynaqlar tərəfindən tutarlı dəlillərlə şübhə altına alınır. Araşdırıcıların qənaətincə, təkbətək vuruş səhnəsi Kulikovo döyüşünə cəngavərlik ruhu qatmaq üçün uydurulmuşdur".
Qarşısındakını ələ almaq üçün bütün gücünü, qüvvəsini sərf etməkdə olan qadın gözlərilə onu yeyirdi. Açıq-aşkar bildirmək istəyirdi ki, onun kimi yaraşıqlı qadınla bir kupedə yolçuluğun fürsətlərini buraxıb da gözlərini kitabdan çəkməmək nə deməkdi? Qadının alışıb-yanan ehtiraslı baxışları qarşısında əriyib getdiyini hiss etsə də, nə qədər duruş gətirə biləcəyini sınayırmış kimi inadına qısılmışdı.
- Haralısınız? - qadın ötkəm səslə soruşdu.
Bu, bəyənmədiyi soru olsa da, yayınmaq üçün tutarlı dəlil tapa bilmədiyindən, ya bəlkə acıq vermək üçün əlilə pəncərədən görünən çölləri göstərərək:
- Buralıyam, - dedi, - Kulikovo mənim əcdadımın vətənidir.
- Belə deyin...
Araya gərgin bir sükut çökdü, handan-hana qadın dilləndi:
- Nə əcəb mənim haralı olduğumu sormadınız? Yoxsa, siz də bir çoxları kimi qadının vətəninin ərinin yatağı olduğunu düşünürsünüz?
- Yox, mən elə düşünmürəm, - Qadının atmacalı sualını cavabsız buraxmaq istəmədiyindən ağızucu söylədi.
Ancaq nə dediyinin fərqində deyildi - xəyalı keçmişlə indinin arasında yol ölçür, bu nəhənglikdə zamanın belə çevikliklə aşılıb keçilməsi onu heyrətləndirirdi.
- Tarix yalnız olmuş hadisələri araşdırır, ola biləcəklər barədə ehtimallar, fərziyyələr yürütmür.
- Elmin ölü, durğun olması, indiyə qədər tarixdən ibrət götürülməməsi də burdan mayalanır. - Söhbətin siyasi məcraya yönəlməsi onu açmasa da, fikirlərini yarımçıq qoymaq istəmədi. - İkinci Dünya savaşında rus-sovet boyunduruğu altında əzilən xalqların əl-ələ verərək imperiyanı qoruyub saxlamaq uğrunda canlarından keçməsini heç cür anlamaq olmur. Halbuki bu xalqların ən aşağı səviyyədə birliyi olsaydı...
- Siz beləmi düşünürsünüz? - qadın cavab gözləmədən baxışlarını pəncəyərə dikdi.
"Sonra tatar süvariləri rusların keşikçi və ön alaylarını darmadağın edərək üç saat ərzində onların mərkəzdə yerləşən qüvvələrini və sağ cinahını yarmağa cəhd etdilər. Mamay xan əsas zərbəni xeyli itki verən rusların sol cinahına yönəldərək onları sıxışdırmağa başlayandan sonra, xüsusi ehtiyat qüvvələri hərəkətə gəldi. Lakin tatarlar rusların sol cinahını yararaq onların arxasına keçə bildilər və artıq qələbə çaldıqlarını düşünərək arxayınlaşdılar. Elə bu məqamda rusların pusquda dayanmış alayının qəfil hücumu bütün döyüşün taleyini dəyişdi. Bu hücumu gözləməyən tatarlar sarsıldı və geri çəkilərək qaçmağa üz qoydular. Əlli verst məsafədə ruslar Mamay xanı təqib edərək onun qoşunlarını darmadağın etdilər".
Tarixin gerçəklərini bilsə də, bu sətirləri oxuyunca qəfildən içərisinə qatı qaranlıq çökdü və yaddaşında hər şey əriyib qarışdı. Handan-hana yenilmiş ordunu yenidən toparlar kimi zehnini toparladı.
- Özünüzü boş-boş fikirlərlə yormayın. Nə olur-olsun, zamanın çarxını geri fırlatmaq mümkün deyil. - Qadın həvəssiz əlavə etdi.
Siyasi mövzularda çəkişmələrdən bacardıqca yayınmağa çalışır, bunun qadın-kişi münasibətlərinə kölgə saldığını anlayırdı. Hətta gözəlliyinə heyran olunan bir qadının siyasi mövqe sərgiləməsinin ona qarşı baş qaldıran kişilik duyğusunu zədələdiyini bilirdi. Bəs nədən o zaman bayaqdan bəri söhbətin axarını dəyişə bilmirdi?
"Döyüşdə Mamay xan ağır yenilgiyə uğradı, demək olar ki, bütün ordusunu itirdi. Mamay xanın məğlub kimi qaçıb Krıma sığınmasından yararlanan Toxtamış Qızıl Ordanın hakimi oldu, bir qədər sonra Moskva şəhərini ələ keçirməklə tatarların qisasını aldı və yenidən ruslar ağır şərtlər altında xərac verməyə məcbur edildi. Ancaq Kulikovo döyüşündəki qələbə rus knyazlarına birliyin zəruriliyini anlatmış oldu. Tatarların vassalına çevrilmək rus knyazları arasında uzun illərdən bəri davam edən çəkişmələrin tədricən səngiməsinə gətirib çıxardı. Bunun sonucu olaraq ruslar ayrı-ayrı knyazlıqlar kimi girdikləri Qızıl Orda hakimiyyətindən yüz il sonra vahid dövlət kimi çıxdılar".
...Qadın yatağını hazırlamağa başlayınca kitabı götürüb kupedən çıxdı. Gecə yarını keçdiyindən dəhlizdə kimsə gözə dəymirdi. Hava əməlli-başlı soyumuşdu. Yarıaçıq pəncərənin önündə dayanıb gecənin dərinliyini, elektrik dirəklərinin axıb keçən kölgələrini, uzaqlarda sayrışan solğun işıqları süzdü. Kitabı açıb müəllif qeydi kimi verilmiş son sətirləri oxudu.
"Qlinskilər ailəsində gəzən əfsanəyə görə, Mamay xanın nəsli Böyük Litva Knyazlığına sığınmışdır. Litvada qaldırdığı üsyanda uğursuzluqla üzləşincə Moskvanın himayəsinə keçən Mixail Qlinski Mamay xanın oğlu Mənsur Kiyatın nəslindəndir. Onun qardaşı qızı Yelena Qlinskaya qəddarlığı ilə bütün dünyada ad çıxaran rus çarı IV İvan Qroznının anası olmuşdur. Tarixdə buna bənzər təzadlı məqamlara az-az hallarda rast gəlinir".
Bir azdan kupeyə dönüncə gözlərinə inanmadı: qadın çılpaq soyunub onun yatağında uzanmışdı. Ayaqları kilidləndiyindən yerindəcə quruyub qaldı və bir sürə nə edəcəyini bilmədi. Handan-hana özünə dönüncə içinin dərinliyində türk soyunun sonrakı məğlubiyyətlərinə yol açan Kulikovo döyüşü ilə qadının ehtiras yağan vücudu arasında gizli bir bağlılıq duyubmuş kimi diksindi və hər şey yaddaşının axarında çılpaqlaşaraq əslinə döndü. Sanki qadın onu özünə bağlayan hər şeyini - qürurunu, gözəlliyini, yaraşığını əyninin geyimi ilə birlikdə soyunub atmışdı. Kişilik duyğusunun söndüyünü, bədəninin sustaldığını hiss etdi və qaranlıqda ehtirasla ona sarı açılan qollardan sıyrılıb dəhlizə çıxdı.

Avqust-sentyabr, 2016
London-Oksford-Bakı

3-09-2022, 19:07
QHT yeni  layihənin icrasına başlayıb

QHT yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Türk dünyasının birliyində azərbaycançılıq ideyasının rolu” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, 2 ay müddətinə icra olunacaq layihə çərçivəsində azərbaycançılıq ideyasının bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olmaqla, xalqın milli ruhuna, ədəbiyyatına, dilinə, adət-ənənəsinə, vətənpərvərlik duyğularına təsirləri, Türk dünyasının birliyinə töhfələri araşdırılacaq. Layihənin əsas məqsədi Dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V qurultayında qaldırılan taleyüklü məsələlər timsalında azərbaycanlıların, ümumən türklərin ölkəmizdə və eləcə də dünyada milli birlik, mədəniyyət, vətənpərvərlik sahəsində fəaliyyətlərinə nəzərən Türk dünyası ədəbiyyatının, mədəniyyətinin təbliği, milli maraqlarımızın qorunması istiqamətində dövlətimizin apardığı davamlı və sistemli siyasətin həyata keçirilməsində ictimai birlik olaraq iştirak etməkdir. Layihə üzrə nəzərdə tutulan işlər Bakı şəhərində həyata keçiriləcəkdir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin aktulallığı və ictimai əhəmiyyəti barədə bildirib ki, azərbaycançılıq ideyasının həyatda gerçək nəticələri Dünya azərbaycanlılarının ilk qurultayından başlamış, 2022-ci ildə Şuşa şəhərində keçirilən Zəfər Qurultayında böyük çoşqu ilə qeyd edilmişdir. Azərbaycançılıq ideyasının daimi aktual olan tələbi ondan ibarətdir ki, hər bir azərbaycanlının ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən ədəbi-mədəni nümunələrimizin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə bu gün də ehtiyac vardır. Azərbaycan, istərsə də bütün Türk dünyasının birliyi istiqamətində görülən böyük miqyaslı işlərin, ədəbiyyata, mədəniyyətə qayğısının gənc nəslə, ümumən ictimaiyyətə çatdırılması daim aktual olan ictimai təlabatdır. Bu mənada, layihə Azərbaycan xalqının və Türk dünyasının birliyində, ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan Azərbaycançılıq ideyasının xalqımızın şüurunda, həmrəyliyində, ədəbi düşüncəsində möhkəm yer tutması, dövlət ideologiyasına çevrilməsi prosesinin öyrənilməsi, araşdırılması və ədəbiyyat vasitəsilə təbliği məsələlərinə həsr olunmuşdur.
Məlum olduğu kimi Türk dünyası ədəbiyyatında Azərbaycana, Qarabağa, eləcə də türkçülüyə, xalqlarımızın qardaşlığına, milli-mənəvi dəyərlərinə xeyli əsərlər yazılmışdır. Bu layihə çərçivəsində o əsərlərin də ortaq ədəbiyyatımızın nümunələri kimi toplayaraq “Türk Dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr etməyi və təqdimat mərasimi keçirməyi nəzərdə tutmuşuq. Antologiyanın təqdimatı vasitəsi ilə yazarlarla oxucular arasında faydalı tanıtım səpkili əməkdaşlıq qurulacaq, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələrinin təbliği işi sistemli xarakter almış olacaq. Nəticə olaraq müasir yazarlara, kitabxana və elmi dairələrə maarifləndirici təbliğat məqsədi ilə azərbaycançılıq, türkçülük, mlli həmrəylik mövzusunda 1 kitabda toplanmış baza xarakterli seçmə şeirlər təqdim ediləcək.

“Türk Dünyası İnfo” İB
30-08-2022, 07:01
Türkiyənin Zəfər Bayramı GÜNÜDÜR


Türkiyənin Zəfər Bayramı GÜNÜDÜR

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
26-08-2022, 19:56
Türkiyə XİN-dən Laçınla bağlı təbrik


Türkiyə XİN-dən Laçınla bağlı təbrik

Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnundur. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnunluq duyur. Qardaş Azərbaycanı təbrik edirik",- Türkiyə XİN-in paylaşımında deyilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
23-08-2022, 23:15
Müharibə ədalətli sülhlə başa çatmalıdır - Ərdoğan


Müharibə ədalətli sülhlə başa çatmalıdır - Ərdoğan

Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli sülhlə başa çatmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq üçün diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və “taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”, - deyə Türkiyə lideri vurğulayıb.
23-08-2022, 23:01
Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan


Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan

"Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bunun qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin iclasına ünvanlanmış videomesajında bildirib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin bu yanaşması təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir. Ərdoğan Krımın Ukraynaya qaytarılmasının zəruriliyini vurğulayıb. O deyib ki, Ukraynanın ayrılmaz hissəsi olan Krımın geri qaytarılması beynəlxalq hüququn tələbidir. Türkiyə lideri, həmçinin Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin ölkəsinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.
23-08-2022, 19:51
Çavuşoğlu ermənilərin Laçını yandırmasından danışdı


Çavuşoğlu ermənilərin Laçını yandırmasından danışdı

"Üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları gələndən sonra Ermənistan əsgərləri Qarabağdan çıxmalı idi. Amma iki il keçməsinə baxmayaraq, hələ də Qarabağda separatçı qüvvələr var". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Eyni zamanda orada (Qarabağda- red) sivil əhali də var. Amma onlar hər yeri dağıdırlar. Təəssüf ki, ətrafa zərər vuraraq çıxırlar, Laçını yandırırlar. Azərbaycanın buna qarşı haqlı etirazı oldu. Amma Ermənistan dərs çıxarmır. Bizimlə əlaqələrin normallaşmasını istəyirlərsə, Azərbaycanın istədiklərini etməlidirlər. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər Qarabağda yaşaya bilərlər. Bundan artıq Azərbaycan daha nə etsin?", - Türkiyə XİN başçısı vurğulayıb.
23-08-2022, 19:20
İsrailə göndəriləcək səfiri Ərdoğan özü seçəcək


İsrailə göndəriləcək səfiri Ərdoğan özü seçəcək

Önümüzdəki günlərdə İsrail ilə əlaqələrin normallaşmasını sürətləndirəcəyik. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Türkiyə tərəfdən İsrailə göndəriləcək səfir namizədlər artıq hazırdır. Yaxın günlərdə həmin siyahını cənab Ərdoğana təqdim edəcəyik. Deyə bilərik ki, yaxın günlərdə təsdiqlənən adlar bəlli olacaq. İsrailə uyğun olaraq həmin dostumuzu seçəcəyik. Fələstin də bizim İsrail ilə əlaqələrimizin normallşamasını istəyir", - XİN başçısı bildirib.
19-08-2022, 10:56
ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,  ÇİLƏSİ AĞIR OLUR

ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,
ÇİLƏSİ AĞIR OLUR


“Şeir şairin övladları kimidir. Kitab isə övladların ata-baba evində bayramda toplanmasıdır. Mən də hər kitabım çıxdıqca bayram sevinci yaşayıram”.
İhsan Nazik

Sadə, səmimi, istiqanlı bir insandı. Vəzifəsi şairlik, işi-gücü şeir yazmaqdır, yəni şeir-söz əhlidir. Sərhat Kabaklının təbirincə desək, illahdakı Eləzizdən (Elazığdan) olasan, şeirin, sözün ən uca məkanı Elazizdən. Elazığa bir dəfə ayaq basan adam o dəqiqə hiss edir ki, qədim ənənəsi olan mədəniyyət şəhərinə, ədəb-ərkanı olan, böyüyə-kiçiyə, qonağa-insanlığa dəyər verilən məkandasan. Haqqında bəhs edəcəyim şair İhsan Nazik bəyin dədə-baba yurdunu belə tanıdım.
Yay tətilində il boyu nəzərdə tutduğum, yəni ürəyimdən keçən, amma tədqiqat mövzumdan kənar bir neçə qeyd-məqalələr yazıram. Belə yazılardan biri də Türkiyənin Əziz-El yurdundan (Elazığ) şair İhsan Nazik bəy haqqındadır. 2013-cü ildən indiyə qədər ürəyimdə tutduğum bir qeyd-məqalə yazmağı heç fikrimdən çıxarmadım (tam 9 ildir!). Əslində növbəti görüşlərimizin birində onunla iri bir müsahibə götürüb şeirləri ilə birgə nəşr etmək fikrində idim. Nəhayət, məni tərk etməyən bir yazını başa çatdırmaq qərarına gəldim. Haqqında Gunerkan Aydoğmuşun şairin kitablarına yazdığı ön sözlər, internetdən xırda-para informasiyalar, Elazığdakı şeir şölənindən tanıdığım istedadlı gənc yazar, şair Muhəmməd Yalçın Azizoğlunun rastıma çıxan dolğun bir müsahibəsi və yadımdan qalan detallar. Beləliklə, kifayət qədər məlumatlandım. Ən sonda isə “Can Azərbaycan!” deyə Zəfərdən əvvəl Qarabağ dərdimizə hay verən yeddi bəndlik şeirini gördüm:
Dağlarında gəzərdi ceyran, cüyür,
Neftindən, qazından bərəkətin bol,
Şairin, aşığın hələ coşunca,
Bir başqa gözəlsən, Can Azərbaycan!


Bakının önündə Xəzər dənizi,
Oraya uzanır davamın izi,
Qısqanan qısqansın bu sevgimizi,
Bitsin bu sevdamız, Can Azərbaycan!

İnanıram ki, şair artıq Qələbə soraqlı şeirini də yazmışdır.
Əslən Elazığlı, amma İstanbul – Üsküdar doğumlu şair İhsan Naziki ilk dəfə Elazığda ənənəvi olaraq düzənlənən “Xəzər Şeir Axşamları”nda tanımışdım. 2013-ci ildə keçirilən növbəti “Yunus Əmrə və eşq” mövzulu “20.Beynəl¬xalq Xəzər Şeir Axşamları”na panelçi olaraq dəvət edilmişdim. Şairin “Aşıq Şenlik eşqinə” adlı ikinci şeir kitabı yeni nəşr olunmuşdu, çox sevinirdi. Bir-iki kəlməlik söhbətindən sonra özünü bütünlüklə şeir – poeziya aləminə təslim etdiyini dərk etdim. “Görəsən Azərbaycan oxucusu şeirlərimi bəyənəcəkmi?” – sualı ilə sanki şeirlərinin Azərbaycan mətbuatında dərc olunmasını arzulayırdı. Amma fikrindəkini təvazökarlıq edərək dilinə gətirməmişdi.
“Əslində kitab nəşr etdirməyim təsadüfi bir iş oldu. “Xəzər Şeir Axşamları”nın iştirakçısı olmaq, şeir oxumaq istədiyimi bildirdim. Amma “sənin heç kitabın belə çap olunmayıb, mümkün deyil”. Doğrudur, Elazığ – Harput ətrafında yayımlanan mətbuatda qəzet, dərgi və almanaxlarda dərc olunurdum. Sən demə, kitab işi başqa bir məsələ imiş. Qaydalara əməl etmək amacı ilə qarşıma məqsəd qoydum: doğma şəhərimdə keçirilən bu şeir bayramının – şeir şöləninin iştirakçısı olmalıyam. “Çemrə düşüncə” (2011) adlı ilk kitabımı nəşr etdim, sizə təqdim etdiyim “Aşıq Şenlik eşqinə” (2013) ikinci kitabımdır”.

Belə bir qətiyyətlə yola çıxan şair İhsan bəy sonralar iki şeir şöləninə – 9-cu və 18-ci Xəzər Şeir Axşamlarına rəsmi olaraq qatılaraq şeir oxumuşdur. Kiçik Xəzər qıyısında tək bircə şeir oxumaq bir ayrı zövq, bir ayrı ovqat, bir ayrı bayramdır.
O vaxtdan sonra iki dəfə yenə Xəzər Şeir Axşamlarına – “Yəhya Kamal Bayatlı” və “Əlişir Nəvai” mövzulu şeir şöləninə panelçi olaraq dəvət edildim. Şair İhsan Naziklə yenə görüşdük. Bu dəfə “Sirtimi dayadım koca kayaya” adlı yeni kitabını hədiyyə etdi.
İhsan Nazikin yaradıcılığında ana xətt nədir? – sualının cavabını aramağa ehtiyac olmur. Şeirlərindən görünür ki, şair Türkiyənin dörd bir yanını səyahət edərək ədəbi aləmlə tanış olmaq üstünlüyünü seçmişdi. Getdiyi hər şəhərdən bir boxca şeirlə qayıdıb. Ölkəsinin axarlı-baxarlı mənzərələrini, barlı-bərəkətli dağlarını-bağlarını, tarixin sirr-sehrilə dolu yaddaşını, övliyya türbə və məqbərələrinin ziyarətini, hər bölgədə formalaşan elmin-ədəbiyyatın zənginliklərini misralarına naxış edib. Gördüklərini qələmə almaqla onları həm yaddaşlarda təzələyib, həm də könül eşqini ovsunlayan duyğularına cilov edib.
“Cemre düşüncə” kitabında 32 şeirini toplamışdır. Müxtəlif illərin nümunələridir. Xalq ədəbiyyatına söykənərək “Vətən türküləri”, “Anadolu yollarında şair günlərim” başlıqlı şeir çələnglərində əslində şair tərcümeyi-halını, iç dünyasını, yaşam mücadiləsini, həyatına cızılan-yazılan yolları anladır. Ağır bir tale ilə üzbəüzük. Bu taleyi yaşamaq da çətin, o taleyin yükündən də xəbərdar olmaq, onu dinləmək də çətin. Sonralar, bu kitabın nəşrindən 11 il sonra Muhəmməd Azizoğlu bəylə müsahibəsində o yükün incə məqamına, orta xəttinə şahid oluruq, elə öz söyləməsində: “Okul hayatımda pek olmadı. İlkokulu bitirdim. Öksüz yetim bir cocukdum, ortaokulu dışarıdan qırk bir yaşımda bitirdim. Lakin okuma – yazma aşkım bir professörden daha fazla olmuşdur hayatımda”. “Anne” şeirindən iki bəndi oxuyaq:
Ninnilər, nağıllar söylədin mənə,
Körpəcə canımla bağlıydım sənə,
Bir anda itirdim hər şeyi, niyə?!
Bu ürək hüzünsüz döyünmür, Anne!
Babam vərəm oldu, sən isə dəli,
Bu körpə oğlunun tutuldu dili,
Artıq cəhənnəmdi İstanbul eli
Qədərə ta gücümüz yetmir, Anne!

Buradan o tərəfə olan taleyi yenə misralara səpələnib. Ağrı-acılı, dərəli-təpəli, uçurumlu-yarğanlı, bu qoca dünyada tək-tənha, ürkək baxışla çırpınan zəif ürək … bir insanın çəkə biləcəyindən də artıq hüzn, səksəkə.
Göznuru oğlu Umudu da görmüşdüm. Gözünün qabağında, yanı-başında olardı həmişə. Sanki öz uşaqlığının boş qalan yerlərini doldurmaq istəyirmiş kimi. Bütün valideynlər belə olur. Uşaqlıqda nəyə əli çatmayıbsa onu övladlarına doyunca verməyə cəhd edər.
Əslində çox gənc yaşlarından şeirə könül verən şair Elazığın ustad şairlərinin ədəbi mühitində formalaşaraq yaradıcılığında dönüş yarandığını özü də hiss edirdi. İhsan bəy özünə mənəvi dayaq bildiyi Günerkan Aydoğmuş bəyə, Hadi Önal bəyə və Manas çatısı altında olan bütün qələm əhlinə hər sözündə-söhbətində minnətdarlıq duyğusunu əsirgəmir. Şükürlü insandır. Kitablarının son səhifəsində ona dəstəkçi olan hər kəsə təşəkkür edir, o sırada ömrünü-gününü bəzəyən Gülpərisinə və həyatının Umuduna.

“Aşıq Şenlik eşqinə” – kitabına ön söz yazan Günerkan Aydoğmuş qeyd edir ki, “bu kitab məncə, sayın Nazikin ustalıq əsəridir. Oxuyunca bunları sizlər də anlayacaqsınız. Eyni zamanda bu şeir kitabı İhsan Nazikin oxucularına yurd havalarından süzülüb gələn bir dəstə çiçəkdir”. Aşıq Şenliyin vəfatının 100 illiyi günlərinə ithaf etdiyi bu kitabı ilə aşığın şəninə düzənlənən festivala qatılmış və festivalın mükafatını qazanmışdır. Bu kitabda Çıldırlı Aşıq Şenliklə (1850-1913) yanaşı, Pir Sultan Abdal (1480-1550), Qaracaoğlan (1606-1680), Aşıq Summani Baba (1862-1914), Posoflu Aşıq Zülali (1873-1956), Aşıq Veysəl (1894-1973), Mevlit İhsani (əsil adı Mevlit Şafak; 1928), Aşıq Yaşar Reyhani (1932-2006), Aşıq Səfil Səlimi (əsil adı: Əhməd Günbulud; 1933-2003), Aşıq Murad Çobanoğlu (1940-2005), Aşıq Ənvər Gürkani (1948), Ozan Erol Coşkunoğlu (1963), Ozan Hazani (1964) kimi xalq ədəbiyyatında tanınan, sevilən, ad-sanları dillərdən dillərə, ellərdən ellərə dolaşan ustadlara ithaf şeirləri, hətta “onlarla deyişmələri” uğurlu alınmışdır. Xalq ədəbiyyatına könül bağlaması İhsan bəyin yaradıcılığının ən böyük uğurudur. Şair bu ədəbiyyatın içində sanki özünüdərk mərhələsinə yetmişdi. Ihsan bəy ozan ədəbiyyatının adlarını qeyd etdiyim və etmədiyim klassik sənətkarları ilə “qarşılaşana qədər” onları dərindən öyrəndi, oxudu, əsərlərini incələdi, yaradıcılıq mayasına onlardan götürdüyü elm incilərini qatdı. Günerkan Aydoğmuş ustad gözəl yazmış: “onları oxuyarkən kopyalamadı, özünü tapdı, öz yazı tərzini tapdı”.
Yeri gəlmişkən, Türkiyənin Qars, Ərzurum bölgələrində Aşıq Şenlik və Aşıq Summani Babanın həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi simpoziumlara məruzəçi kimi dəvət olunmuşdum. Yanılmıramsa, 2013, 2014 –cü illər idi. Bəlkə də İhsan Nazik bəylə ilk dəfə o məclislərdə də qarşılaşmışam.
“Mənim sevdam” (2014) kitabı nəşrə hazırlarkən “düşüncələrim dərin, məsuliyyətim ondan da ağır oldu. Dualara sığındım. Dualar məqamında keçmişimizin ulularına – klsssik şəxsiyyətlər, övliyalar elminə üz söykədim. Ruhumu onların hikmətləri ilə yenilədim”.
“Kürəyimi söykədim qoca qayaya” (2015) kitabındakı şeirləri oxuduğunuz zaman bir şeyin fərqinə daha çox varacaqsınız: onun eyni zamanda Yunus Əmrə ürəkli bir şair olduğunu! Nə yaxşı ki, bu duyğularını şeirlərinə köçürə bilmiş (şairlik istedadı!). “Şeir onun hər zaman sükunətlərə bənd olmuş bir limandır” (Günerkan Aydoğmuş). 72 şeiri toplanmış “Kürəyimi söykədim qoca qayaya” kitabından:
Haqq dostu şairim bir badə içdim,
Sevdayla səsləndim sevincdən uçdum,
Pirim Aşıq Şenlik inancla seçdim,
Sirli aləm tapdım, kim tutar məni.
Şairin inanc yolu, şeir yolu, könül eşqi budur.

“Açılsın qapılar” (2017) kitabında Aşıq Mizani ilə dialoqlar üst qatda yer almışdır.

“Ey telli durnalar” (2018) adlı 6-cı kitabını oxucularına belə bir etirafla paylaşıb: “Mən şeirlərimi ilhamla deyil, elmlə yazıram”. Maraqlı və diqqətçəkən ifadə və ya təqdimat. Elmlə deyəndə yəqin ki, elmin, ədəbiyyatın dərin qatlarının incilərini misralara düzüb. Əslində bu fikrini sonrakı ifadələrində bir az da açıqlayıb: “Burada topluma, gənclərə örnək olaraq Türk ədəbiyyatı ənənəsi müstəvisində yazdığım şeirlərim var. Burada Divan da var, bənd (dördlük) də, qoşma da, səkkizlik də var”. Elazığ adı keçsin deyə bu kitabı yazıram. Elazığlı gənclər şeirlərimi bir yerdə paylaşdığı zaman mənim adımı yox, biz yazdıq desinlər. Mənim qayəm belədir. Mən Aşıq Şenlik məzarını ziyarət etmişəm, badəmi orada içmişəm. hər kəs şeiri başdan yazar, mən aşağıdan başlayıram, yəni tərsdən yazaram. Türkiyədə belə yazan bir tək mənəm, bir də şagirdim Vedat Yılmaz. Belə yazmağı yuxularımda mənə pirlər öyrətdi: “Elazığ mədəniyyətinə, türk mədəniyyətinə xeyirli olsun” – dedilər”. Şair o qədər şeir dünyasına vaqif olub ki, sanki fani dünyanı unudaraq, bütövlükdə şeirin dərinliklərinə, alt qatına keçib. Haqq dünyasının davasındadır. Müasir şeirimizdə belə düşüncələri könülə doldurub, sonra dilə – yazıya almaq cəsarət tələb edir. Çünki şairliyə röyanda badə içib gəlirsənsə, ağır çiləli olur,
“Gül üzlüm” (2018) adlı 7-ci kitabında 80 şeir var, “hamısını 45 gün ərzində yazdım”. İnsan elmli, bir az da şair təbin olunca, bildiklərin yağış kimi misralara tökülür. Burada eşq ünvanı da var, əxlaq elmi də, tərbiyə məktəbi də – yetər ki, dərkin aydın olsun. Hər şeirində poeziyanın dərinliklərinə enmək və onu dilə gətirmək – sözə düzmək cəsarət tələb edir. Özünəinam, özünəgüvən, özünüdərk mərtəbəsinin növbəti qatları bunlardır. Bu kitabında şairin mənəvi dəstəkçisi Enver Gurkaninin adını dilə gətirib.
Günerkan Aydoğmuş hocamız demişkən, o, artıq ustadlıq mərtəbəsini qazanıb. “Şagirdim Vədat Yılmazla dərs çalışmalarında özümü çox rahat hiss edirəm, belə ki, onu öyrədirkən özüm də sanki yenilənirəm”. Elazığ kimi şairlər diyarında bu haqqı qazanmaq elə də asan məsələ deyil: həm də hamının, yəni müasirdaşlarının gözü qabağında böyüyəsən, o mühitdə yazmağı-pozmağı öyrənib baxtını qələmə etibar edəsən, yaradıcılıq dəstxəttinin rəng uyumunu da Manasda formalaşdırasan. Bütün bu qeydlər İhsan Nazik bəyin şairlik ömrünə Azərbaycandan bir naxış olsun deyə yazdıq.

P.S. son bir informasiya rastıma çıxdı, oxudum üzüldüm: şairin ömür-gün yoldaşı – Gülpərisi fani dünyadan haqq dünyasına köçüb. Mərhumun toprağı yumşaq olsun. Şairə allahdan səbr diləyirik.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru
Bakı, avqust



16-08-2022, 21:41
Türkiyə ordusu şəhid verdi - 4 əsgər yaralandı


Türkiyə ordusu şəhid verdi - 4 əsgər yaralandı

Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsinə terrorçular tərəfindən hücum edilib. Hadisə bir əsgər şəhid olub, dörd hərbçi yaralanıb. Bu barədə Şanlıurfa valisi Salih Ayhan bildirib. Onun sözlərinə görə, hadisə Şanlıurfanın Birecik rayonunda baş verib. Vali yaralı əsgərlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib. Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, terrorçular tərəfindən türk əsgərlərinə qarşı minaatanla hücum olub. Bölgədə aşkarlanan hədəflər dəqiq atəşlə dərhal vurulub. İlkin məlumata görə, 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!