Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
22-06-2022, 05:54
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.


Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Özbəkistan dövlətinin başçısı bəyanatla çıxış edib.

Prezident Şavkat Mirziyoyevin
bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Özbəkistan torpağında bir daha səmimiyyətlə salamlamaq istəyirəm. Özbəkistana bir daha xoş gəlmisiniz.

Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi.

İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir.

Hörmətli jurnalistlər, məhdud tərkibdə və geniş formatda görüşlərdə biz ikitərəfli münasibətlərimizə aid məsələləri ətraflı müzakirə etdik. Sizə demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə çox səmimi, etimada əsaslanmaqla, çox diqqətlə, obrazlı desək əlimizə qələm götürərək münasibətlərimizi bundan sonra necə irəlilətməli olduğumuzu dedik ki, bu münasibətlər həqiqətən strateji səviyyəyə çatsın və İlham Heydər oğlunun Özbəkistana bugünkü tarixi səfərindən real nəticə əldə edilsin. Fikrimcə, geniş tərkibdə görüşdə də bizim nümayəndə heyətlərinin hər bir üzvünə nə istədiyimiz, necə işləyəcəyimiz barədə ətraflı məlumat verildi və biz razılığa gəldik ki, iki prezident hər ay işlərin gedişini yoxlayacaq. Ona görə ki, bizim hökumətlərarası komissiyaların sədrləri, həmsədrləri hər ay fikir mübadiləsi aparacaqlar. Biz hətta razılığa gəldik ki, başlanğıc mərhələdə həmsədrlər ayda bir dəfə görüşəcək, real nəticə olması üçün vəziyyəti yoxlayacaqlar. Biz bunu nə üçün edirik? Ona görə ki, biz həqiqətən münasibətlərimizi tamamilə yeni səviyyəyə qaldırırıq. Bunu nə üçün edirik? İstəyirik ki, real nəticə olsun, iki ölkənin xalqları bunu hiss etsin.

Fikrimcə, bizim ümumi səylərimiz və daha yaxınlaşma istəyimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq.

Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik. Bizim ən mühüm prioritetimiz ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə edirik.

Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və deyiriksə ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirəcəyik. Bir daha demək istəyirəm, biz qarşılıqlı fəaliyyətimizi əsaslı şəkildə fəallaşdırmaq barədə razılığa gəldik. Bundan ötrü bizim geniş imkanlarımız, hər şeydən əvvəl iqtisadiyyatlarımızın qarşılıqlı tamamlanması amili var. Bu ərəfədə keçirilmiş biznesforumun yekunlarına əsasən yarım milyard dollardan artıq məbləğdə sazişlər və kontraktlar imzalanıb. Əlbəttə, yarım milyard rəqəmi nəyəsə dəlalət edir, lakin o, bizim imkanlarımıza müvafiq deyil.

Kooperasiya layihələrinə xüsusi diqqət yetiriləcək. Bildiyiniz kimi, biz Hacıqabulda avtomobillərin birgə istehsalını uğurla nizamlamışıq. İpəkçilik sahəsində əməkdaşlığı inkişaf etdiririk. Avtomobilqayırma üzrə razılığa gəldik ki, yeni istiqamətlər üzrə buraxılışı genişləndirəcəyik, ona görə ki, bizim artıq təcrübəmiz, tam qarşılıqlı anlaşma və tam etimad var. Biz dedik ki, bu sahəni hər iki tərəfdən dəstəkləyəcəyik. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik. Bu məqsədlə artıq cari ildə birgə investisiya fondunu işə salmaq barədə razılığa gəldik. Biz, həmçinin hökumətlərarası birgə komissiyaya sənaye kooperasiyası proqramını qəbul etməyi tapşırdıq.

Digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. Bu gün, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır. Biz yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəldik. İqlimlə bağlı təhdidlərin və ərzaq təhlükəsizliyi problemlərinin artması fonunda biz kənd təsərrüfatı sahəsində daha sıx işləmək niyyətindəyik. Elmi və innovasiya araşdırmalarını fəal surətdə bölüşəcək, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti nizamlayacaq, investisiya layihələrini həyata keçirəcəyik. Kənd təsərrüfatında konkret olaraq hansı sahələrdə işləmək və hansı sahələrin daha tez nəticə verməsi, hansı istiqamətlərdə bir-birimizi tamamlamaq barədə də razılaşdıq. Azərbaycanda kənd təsərrüfatında rəqəmsallaşma çox inkişaf edib və biz dedik ki, kənd təsərrüfatında rəqəmsallaşmanın bu təcrübəsini öyrənmək bizim üçün çox faydalı olardı.

Danışıqlarda regionlararası əlaqələrin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Bu gün bizim şəhərlər və regionlar arasında birbaşa əlaqələr üçün geniş imkanlar yaradan saziş imzalanıb. Regionların birinci forumunu keçirməyi, ilk növbədə, ticarət, innovasiyalar, mədəniyyət, turizm sahələrində sıx əlaqələr yaratmağı planlaşdırırıq. Mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur. Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim məqamları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır. Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əsgər tərəfindən tərcümə edilmiş onlarca kitabı nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir. Bu günlərdə Daşkənddə Azərbaycanın Xalq yazıçısı Anarın yeni kitabının təqdimatı keçirilib. Hörmətli İlham Heydər oğlu ilə danışıqlar zamanı biz qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldik.

Biz, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi apardıq, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızdıq. Birləşmiş Millətlər Təşkilatı və Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində dialoqun konstruktiv xarakterini və qarşılıqlı dəstəyin vacibliyini qeyd etdik.

Əziz dostlar, Azərbaycan Prezidentinin tarixi dövlət səfərinin yekunları həqiqətən sıçrayış xarakteri daşıyır. Bu gün mən qardaşım İlham Heydər oğlu ilə birlikdə bütün şərtləri formalaşdırdıq ki, gələcəkdə real nəticə alınsın, dediyim kimi, Sizin tarixi səfəriniz həqiqətən bizim strateji tərəfdaşlığımıza uyğun olsun. Biz strateji tərəfdaşlığın dərinləşməsi haqqında danışırıq. Deyirik ki, bizim bütün komanda, bütün nazirliklərimiz işə tamam başqa cür yanaşsınlar. Səmimi demək istəyirəm ki, bugünkü danışıqlardan çox məmnunam. Biz məhdud və geniş tərkibdə görüşlərdə qaldırılan bütün məsələlər barədə çox ətraflı danışdıq. Qeyd etdik ki, həm beynəlxalq, həm də regionlararası siyasətdə ikitərəfli qarşılıqlı anlaşma və ümumi yanaşmalar mövcuddur. Biz ikitərəfli münasibətlərimizə xüsusilə böyük diqqət ayırdıq.

Beləliklə, bir daha demək istəyirəm, biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam. Diqqətinizə görə təşəkkür edirəm, indi isə sözü məmnuniyyətlə İlham Heydər oğluna verirəm.

Sonra Azərbaycan dövlətinin başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli Şavkat Miromonoviç, icazə verin, dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirim. Qardaş Özbəkistan torpağında olmaq, ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri Sizinlə müzakirə etmək fürsətinə malik olmaq mənə çox xoşdur.

Bu gün mənim səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Dünən biznesforum çərçivəsində xeyli sənəd imzalanıb. Bu gün belə sənədlərin ümumi sayı iyirmiyə yaxındır. Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Bu gün burada artıq bir neçə saat bir yerdə keçirdikdən sonra işləyəcəyimiz istiqamətləri daha da konkretləşdirdik. Tapşırıqlar verilib. Şavkat Miromonoviç artıq bu barədə ətraflı danışdı, mən həyat fəaliyyətinin müzakirə etdiyimiz istiqamətlərini təkrarlamaq istəmirəm. Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də, düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq.

Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var.

Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.

Çıxışımın sonunda qardaş özbək xalqını qazanılmış bütün nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. Lakin qısa müddətdə əldə edilənlər, əvvəla, Prezidentin iradəsindən xəbər verir, göstərir ki, özbək xalqı bu təşəbbüsləri dəstəkləyir və həmin təşəbbüslər nəticə verir. Bu, təkcə statistikada görünmür, əminəm ki, Daşkəndi ziyarət edən hər kəs bunu görür. Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Əlbəttə, Prezidenti təbrik etmək istərdim ki, onun nəzərdə tutduğu işlərin hamısı yerinə yetirilir və əminəm ki, tamamilə yerinə yetiriləcək. Bu nailiyyətlər münasibətilə qardaş özbək xalqını da təbrik edirəm. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq.

Hörmətli Şavkat Miromonoviç, belə xoş münasibətə, qonaqpərvərliyə görə bir daha sağ olun, qardaş özbək xalqına firavanlıq, bundan sonra da inkişaf arzu edirəm. Sağ olun.

x x x

Prezident Şavkat Mirziyoyev: İlham Heydər oğlu, bizim islahatları bu cür dəstəklədiyinizə görə bir daha çox sağ olun. Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər iki xalqın rifahı naminədir. Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan firavanlaşsın.

Bir daha demək istəyirəm, biz öz komandamıza bunu həqiqətən qəti şəkildə dedik ki, nəticələr çox ciddi olacaq. İlham Heydər oğlunun dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq. Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək görüşlərimizdə bu nəticə göz qabağında olacaq.

İlham Heydər oğlunu və bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən salamlamaq və uğurlar arzu etmək istəyirəm.
21-06-2022, 22:14
"Türkiyədə İranın bir neçə terror aktının qarşısını aldıq”

"Türkiyədə İranın bir neçə terror aktının qarşısını aldıq”

İsrailin baş naziri Naftali Bennet bildirib ki, onun ölkəsi və Türkiyə indiyədək İran İslam Respublikasının İsrail vətəndaşlarına qarşı bir neçə terror hücumunun qarşısını alıb. O, bu barədə bazar ertəsi açıqlama verib:
“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”.
Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib. O, israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.
Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslər həbs olunub.
Cavidan
21-06-2022, 15:47
Əliyev və Mirziyayev Daşkənddə açılış etdilər

Əliyev və Mirziyayev Daşkənddə açılış etdilər

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Onun adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslərin çıxışları oldu. Dövlət başçıları memorial kompleksin açılışını etdilər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Şövkət Mirziyayev memorial kompleksin önünə gül dəstələri qoydular.
21-06-2022, 14:09
Prezidentin Daşkənddə rəsmi qarşılanma mərasimi...

Prezidentin Daşkənddə rəsmi qarşılanma mərasimi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına səfərə gedib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Özbəkistan Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şövkət Mirziyayevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
19-06-2022, 21:14
Türkiyə strateji əhəmiyyətə malik NATO ölkəsidir

Türkiyə strateji əhəmiyyətə malik NATO ölkəsidir

Türkiyə Avropa, Rusiya, İraq və Suriya mövzularında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib. O, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin narahatlığını xatırladıb və heç bir NATO ölkəsinin Türkiyə qədər terrordan əziyyət çəkmədiyini vurğulayıb:
"Üzvlük müraciətləri üçün tarixi bir məqamdır. Finlandiya və İsveçin üzvlüyü təkcə bu ölkələrin özlərini deyil, hamımızı gücləndirəcək", - deyə Stoltenberq bildirib.
O xatırladıb ki, NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror təşkilatı kimi tanıyıb.

Akif İsmayılov
19-06-2022, 17:02
Mask rəvayətə eyham vurdu

İstanbulun fəthi: Mask rəvayətə eyham vurdu

İlon Maskın İstanbulun fəthiylə əlaqədar Tvitterdə paylaşımı böyük marağa səbəb olub. Mask bununla nə demək istəyib? Eyhamı Türkiyənin Milli Müdafiə Universitetinin rektoru, tarixçi Ərhan Afyonçu izah edib. O bildirib ki, Mask məşhur “Unudulub açıq qalan qapı” rəvayətinə istinad edib:
”Rəvayətə görə, guya Ədirnəqapı ilə Əyriqapı arasında piyadalar üçün ayrılmış Kerkoporta (Cambazxana) adlı kiçik qapılardan biri unutqanlıq səbəbindən açıq qalıb və şəhərin qala divarlarının dibində gəzən bir neçə türk əsgəri içəri girib, beləliklə də Konstantinopol fəth edilib.
“Böyük Osmanlı tarixi”nin yazarı Cozef fon Hammerdən roman yazarı, araşdırmaçı Stefan Sveyqə kimi müxtəlif Qərb tarixçi və ədibləri bu barədə yazıblar. Bu məlumat yalnız 15-ci əsrdə Bizansın son imperatoru IX Konstantinin hökmdarlığı zamanında fəaliyyət göstərmiş məşhur tarixçi Dukasın qeydlərində var. Bu rəvayəti dövrün heç bir mötəbər mənbəsi təsdiqləmir. Maskın da istinad etdiyi rəvayətdə səsləndirilən iddialar dövrün türk, eyni zamanda Venesiya taciri, səyyah və diplomatı İosafat Barbaro, fəth zamanı şəhərdə olan Zorzo Dolfinin qeydləri, latın və Bizans mənbələri ilə ziddiyyət təşkil edir. Sözügedən bölgə isə fəthdən sonra atılan lağımlara və top dağıntılarına görə “Top yıxan” məhəlləsi adlanıb. Bu fakt bir daha ordunun döyüşərək şəhərə girdiyini sübut edir”.
Ərhan Afyonçu qeyd edib ki, bu rəvayət sadəcə İstanbulun fəthinin miqyasını kiçiltməyə uğursuz cəhddir.
Qeyd edək ki, “Tesla”nın rəhbəri, məşhir milyarder İlon Mask yatağında uzanan Bizans əsgərinin "Did I lock the gate?” (Darvazanı bağladımmı?) dediyini əks etdirən karikatura paylaşıb. Karikaturanın altından isə “Konstantinopol 1453” şərhi yazılıb. Paylaşım qısa müddətdə gündəm olub.
Xatırladaq ki, Konstantinopol 1453-cü ildə, 6 apreldə başlayan və 53 gün davam edən şiddətli döyüşlərdən sonra, 29 mayda II Sultan Mehmetin rəhbərliyi altında qüdrətli türk ordusu tərəfindən fəth edilib.
29-05-2022, 07:32
Bakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.


Bakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.

Tədbir Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə yer alan Dədə Ələsgər Ocağı İctimai Birliyi, Türk dünyası mədəniyyətinin təbliğinə göstərdiyi yüksək xidmətlərə görə TÜRKSOY Genel Sekretar Yardımçısı Doç. Dr. Bilal Çakıcı (Türkiyə), Gumuliyev Avrasya Üniversitesi Türkoloji Bölümü Başkanı Prof. Dr. Şarip Amantay (Qazaxıstan), fəlsəfə elmləri doktoru, professor Nigina Şermuhamedova (Özbəkistan), akademik və tərcüməçi Kenan Çarboğa (Türkiyə) və tədbirin təşkilatçılarından Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri yazıçı, şair Xəyal Rza "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomlarla təltif olunublar.
Tədbirdə çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər təltif olunanları təbrik edərək, onlara bu müqəddəs işlərində uğurlar arzulayıb. Festivalda şair, publisist Güllü Eldar Tomarlı, şair Südabə İrəvanlı, aşıq Şaiq İncəli və aşıq Ramin Qarayev çıxış edərək tədbirdə Dədə Ələsgər Ocağı İctimai Birliyini təmsil ediblər.
28-05-2022, 09:32
TÜRK SƏNƏTÇİLƏRİ BİR ARAYA GƏTİRƏN FESTİVAL

TÜRK SƏNƏTÇİLƏRİ BİR ARAYA GƏTİRƏN FESTİVAL
Biz həmişə demişik ki, beynəlxalq əhəmiyyətli tədbirlər bir ölkənin dünyadakı yerini və rolunu təqdir edir. Açığı, 2022-ci ilin 13-14 və 15 may tarixlərində Kadirli Kaymakamlığı, Kadirli Bələdiyəsi və İl Kültür Müdürlüyü’nün dəstəyi ilə Kadirli Eğitim və Kültür Vakfı (KA-VAK) və Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu’nun (ASKEF-in) təşkilatçılığı sayəsində Türkiyənin Kadirli şəhərində, “UNESCO Yolunda Karatəpə” təması ilə düzənlədiyi KADİRLİ FESTİVALI (Kadirli Uluslararası Türk Dünyası Kültür ve Sanat Festivali) da bu səciyyəvi prosesi öz fəaliyytində geniş ehtiva etdi.
Festival Türk millətlərindən və dünyadan, daha dəqiqi, 7 ölkədən bir çox sənətçini, sənətsevər şəxsləri Kadirlidə bir araya gətirdi. Zəngin proqramı ilə diqqət çəkən Kadirli Festivalı 1-ci günü 4400 nəfər, 2-ci günündə hazırlanan kotejə isə 7.000 nəfər qatılmışdı. Onun 3800 nəfəri Kadirli xalqından izləyənlər idi.
İlk gün KA-VAK Adana Şöbə Yönətim Kurulu Başkanı Emine Varmış, Yönətim Kurulu ve Vakıf Üyələri, ASKEF Başkanı Savaş Ünal ilə 7 fərqli ölkədən Festivala qatılan sənətçilər Kadirli Kaymakamı Vehbi Bakır və Kadirli Bələdiyyə Başkanı Dr. Ömər Tarhan’ı ziyarət etdi. Onlar festivalın Kadirli əhalisinə xeyir və uğur gətirməsini dilədilər, təşkilati işlərə həmişə dəstək verəcəklərini dedilər.
Festivalda görkəmli sənətçilərin də əsərləri yer aldı. Təxminən 28 sənətçinin qatıldığı festivalda çıxış edənlər Azərbaycandan Sona İsmayılova, Kırgızıstandan Dr. Darika Adatovna Acar, Bolqarıstandan Doç. Dr. Nesrin Sipahi, Özbəkistandan Muazzam İbrohim ve Mircevat Ahıskalı açılış münasibətilə maraqlı çıxışlar etdilər və onların hər biri alqışlarla qarşılandı.
Festivalın ikinci günündə də çıxışlar oldu. Sənətsevərlər öz fəallıqları ilə tədbirə əlavə rəng qatdılar. Festival iştirakşıları böyük coşqu ilə şəhərin müxtəlif bölgələrindən avtobuslarla Karatəpəyə yollandılar. Burada da bir-birindən maraqlı anlar yaşandı, sənət adamları dəyərli fikirlər səsləndirməklə festivalın ovqatını bir az da artırdılar. İlker Okatanın piyaninoda ifa etdiyi klassik musiqilər iştirakşıları coşdurdu. Bu musiqilərin sədaları hər kəsə unudulmaz anlar yaşatdı. Bunun ardınca düzənlənən teatr tamaşaları, şagirdlərin verdikləri konsertlər də Kadirli’də xüsusi əhval yaratdı.
“Festivalin 3-cü günündə Devlet Bahçeli Kültür Mərkəzində ölkəmizdən qatılan 28 nəfər üçün Azərbaycan günü düzənləndi. Azərbaycandan gələn sənətçılər, şairlər, professorlar və katılımçılar çıxış etdilər.” Sənətsevərlərin iştirakı ilə bir konfrans da gerçəkləşdirildi. Konfransda Kadirli Eğitim ve Kültür Vakfı (KA-VAK) tərəfindən hazırlanan “Flaviapolis’tən Kadirli’yə” adlı sənədli filmin də nümayişi oldu.
Çıxış edənlər Türk sənət yüksəlişinin dünya sənətində əsaslı rol oynadığını dedilər və bu işdə dəstəyini əsirgəməyən ölkələrin sənətçilərinə minnətdarlıq ifadə etdilər. Ardınca fərqlənən şəxslərə mükafatlar təqdim olundu.
Festivalın üçüncü günündə KA-VAK Kız Öyrənci Yurdu’nun təməlatma mərasimi keçirildi, bu işin yeni nəsillər üçün çox böyük önəmi olacağı deyildi.
Əlbəttə, sənət dünyanın əsaslı yüksəlişidir və öz ictimai əhəmiyyəti ilə hər zaman önəm kəsb edir. Türkiyənin Qaratəpə vilayətində təşkil olunmuş, hər kəsdə xoş əhval-ruhiyyə yaratmış festival da sənət birgəliyi işidir və sənətsevər ölkələrin qardaşlıq, dostluq siyasəti kimi xarakterizə edir.
Qürur duydum ki, bu möhtəşəm festivalda Azərbaycan da təmsil olundu.
Sona ABBASƏLİQIZI
Yazıçı-jurnalist
ASKEF Azərbaycan və Asiya başkanı.
25-04-2022, 12:02
Ürəyin varsa, gəl müzakirə edək, soyqırım olub ya yox?

Ürəyin varsa, gəl müzakirə edək, soyqırım olub ya yox?
Hüquqşünas Səməd Vəkilov Erməni əsilli deputatın Türkiyədı çıxardığı hoqqalardan bəhs edən status paylaşıb. Butov.az həmin statusu oxucularına təqdim edir. Hər il 24 aprel "soyqırım" günü "məzlum" obrazından özünə siyasi "gerçəkliklər" düzəldən və özünü bu mifə inandıran erməni siyasiləri öz xislətlərini göstərirlər. Bu il də HDP-dən böyük Atatürkün qurduğu Qazi məclisə, Türkiyə Böyük Millət Məclisinə soxulmuş erməni deputat Paylan məclisə "soyqırım" layihəsi təqdim etmişdir.
Türkiyənin məhşur tarixçisi Yusif Hallacoğlundan HDP-li erməni deputat Paylana cağrış. Y.Hallacoğlu: ,,Soykırımı tanıma teklifi veren Mv. Paylan'a sesleniyorum.Yanına istediğin kişiyi al ve yüreğin yetiyorsa benimle bir televizyonda soykırım oldu mu olmadı mı? Veya Ermeni çetelerinin asıl Türklere kadın-çocuk ihtiyar ayırmaksızın 518.103 kişiyi katlederek nasıl yaptığını konuşalım.,,
Hər il 24 aprel "soyqırım" günü "məzlum" obrazından özünə siyasi "gerçəkliklər" düzəldən və özünü bu mifə inandıran erməni siyasiləri öz xislətlərini göstərirlər. Bu il də HDP-dən böyük Atatürkün qurduğu Qazi məclisə, Türkiyə Böyük Millət Məclisinə soxulmuş erməni deputat Paylan məclisə "soyqırım" layihəsi təqdim etmişdir.
Türkiyənin məşhur tarixçisi Yusif Hallacoğlundan erməni HDP-li millət vəkilinə çağırış E. Hallacoğlu: "Soyqırımı tanımağı təklif edən Mv. Paylana səslənirəm. İstədiyin insanı yanına apar və ürəyin bəs edirsə, mənimlə televiziyada müzakirə edək, soyqırım olub ya yox? Yaxud da qadın-uşaq yaşından asılı olmayaraq 518.103 nəfəri öldürməklə erməni dəstələrinin əsl türklərə necə zülm etdiklərindən danışaq."
23-04-2022, 20:15

Türk ordusu erməni terrorçuları məhv etdi
Türk ordusu erməni terrorçuları məhv etdi
"Pəncə-Qıfıl" əməliyyatında məhv edilən 42 terrorçunun 8-i erməni, 5-i fransız, 7-si amerikalı, 3-ü ingilis, 2-si almandır.
Bu məlumatı türk ekspert Abdullah Çiftçi özünün Tvitter səhifəsində paylaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!