27-01-2023, 16:07
Sabaha olan hava proqnozu Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
27-01-2023, 16:02
Bu ölkələrin idmançıları Avropa Oyunlarına buraxılmayacaqRusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına buraxılmayacaqlar. Bu barədə Avropa Olimpiya Komitələri (EOC) məlumat yayıb. Qeyd edək ki, III Avropa Oyunları 9-25 iyunda gerçəkləşəcək.
27-01-2023, 15:54
Səfirliyə hücum edən şəxsin kimliyi bəlli olduAzərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin kimliyi açıqlanıb. Hadisəni törədən şəxsin İran vətəndaşı, təxminən 50 yaşlı Yasin Hüseynzadə olduğu müəyyən edilib. İstintaqın ilkin məlumatına görə, cinayətkar 2 azyaşlı uşaqla birlikdə səfirliyə daxil olub. O, binanın girişində mühafizə xidmətinə atəş açıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
27-01-2023, 15:50
Türkiyə XİN İrandakı hadisəylə bağlı başsağlığı verdiTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib. Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. O, səfirliyə hücumu pisləyib. "Biz daim Azərbaycanın yanındayıq", - deyə türkiyəli nazir qeyd edib. Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb.
27-01-2023, 15:43
Azərbaycanın İrandakı səfirliyində insident yaşanıb
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə bu gün səhər saat 08.30 radələrində baş verib. İnsident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub. Məlumata görə, o, silahlı hücuma məruz qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində daha 2 nəfər yaralanıb. Hücum edən şəxsin saxlanıldığı deyilir. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır.
27-01-2023, 01:17
“Qarabağ” klubuna yeni futbolçu qoşuldu
Ağdamın "Qarabağ" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Komanda Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.
27-01-2023, 00:44
Azərbaycan tərəfinin əsas şərti Vardanyanın Qarabağı tərk etməsidirAzərbaycan tərəfinin Laçın yolundakı aksiyanın sonlandırılması üçün əsas şərtlərindən biri Ruben Vardanyanın Qarabağdan çıxıb getməsidir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti Qarabağ separatçılarına istinadən yazıb. “Bizə dedilər ki, Azərbaycandan çox sərt mesaj göndəriblər: Ruben Vardanyan Qarabağda olduğu müddətdə yol açılmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcəklər”, - deyə separatçılar qəzetə bildiriblər. “Hraparak” qeyd edir ki, artıq Xankəndidə Ruben Vardanyanın “vəzifədə” olmasına qarşı dalğa yüksəlir və hətta sabah, o biri gün milyarderin “dövlət naziri postu”ndan uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları da təşkil oluna bilər. “Amma Artsaxda Vardanyanın “vəzifə”dən çıxarılmasının əleyhinə olanlar var. “Artsax”ın keçmiş prezidenti Bako Saakyan və keçmiş “hakimiyyət”in bəzi nümayəndələri bunun qəti əleyhinədirlər. Rusiya tərəfinin münasibəti ilə maraqlandıq. Bizə dedilər ki, ruslar o qədər passivləşib, geri çəkiliblər ki, Ruben Vardanyanın “vəzifə” tutub-tutmamasının onlar üçün fərqi yoxdur. Əksinə, bir neçə dəfə “Axtsax prezidenti”nə mesajlar göndərilib ki, o, bu məsələdə azaddır, Yəni Arayik Arutyunyan bu gün də Vardanyanı “vəzifə”dən azad edə bilər”, - deyə nəşr yazır. Qəzet qeyd edir ki, Qarabağın dağlıq hissəsində faktiki olaraq çıxılmaz vəziyyət yaranıb: Azərbaycanın tələblərinə boyun əymək və Ruben Vardanyanı Qarabağdan çıxarmaq həm yeni güzəştlərə qapı açmaq, həm də gələcəkdə erməni əhalisinin azalması deməkdir; təslim olmamaq və bağlı yollarda - blokadada yaşamağa davam etmək isə və təhlükələri ilə doludur. “Son nəticədə vəziyyət belə davam edərsə, insanlar “Artsax”ı tərk etməyin yolunu tapacaqlar”, - deyə “Hraparak” yazıb.
27-01-2023, 00:36
“Neftçi” daha bir futbolçunu transfer etdi“Neftçi” klubu daha bir futbolçunu transfer edib. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Mateus Saldanyanın heyətə cəlb olunub. “Ağ-qaralar”la müqavilə imzalayan 24 yaşlı forvard son olaraq Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunda oynayıb. Qeyd edək ki, “Neftçi” bundan əvvəl qış fasiləsində Höccət Haqverdi və Kilan Lebo ilə heyətini gücləndirib.
26-01-2023, 13:17
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə çiskinli ehtimalı var. Gecə və səhər ara bir duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçirəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
26-01-2023, 13:14
Prezident yeni təyin olunan Fransa səfirini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğulayıb. Dövlət başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə edib. Səfir Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırladı, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirib. Söhbət zamanı regional məsələlərə də toxunulub. Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub. Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzuladı.

